Giriş

Fevral ayının 20-dəki məşhur çıxışında Putin Ukraynanın heç bir zaman ayrı dövlət kimi mövcud olmadığını, modern Ukraynanın memarının Lenin olduğunu və buna görə də “Ukraynanı Vladimir İliç Lenin olaraq adlandıra bilərik”, – deyə çıxış etdi.[1] Yəqin ki, bu fikirlərdən Putinin Ukraynanın ümumiyyətlə ayrı dövlət kimi mövcud olmasının tarixi yanılma və ya Rusiyanın yolundan sapmasının nəticəsi olmasını deməyə çalışdığını düşünə bilərik.

Biz bu yazımızda Ukraynanın tarixi barədə qısa məlumat verib onun Rusiyadan ayrılıqda özünün dövlətçilik tarixinin olduğuna, Ukrayna dilinin Rusiya imperiyasına vassal kimi daxil olduğu müddətə qədər və daxil olduqdan sonra rəsmi yazışmalarda, rəsmi sənədləşdirmələrdə işlənilməsi və s. kimi məsələlərə səthi toxunub, əsasən, Birinci Dünya Müharibəsinin sonunda Ukraynanın modern dövlət kimi meydana çıxmasından bəhs edəcəyik və bununla sübut etməyə çalışacağıq ki, Ukrayna adlı ayrı bir dövlətin qurulmasında “Lenin və qardaşları” nəinki iştirak etməmiş, hətta bu dövlətin işğalı da elə onlar tərəfindən həyata keçirilmişdir.

Qısa tarixi arayış

Slavyanların ilk böyük dövlətləri olan Kiyev Rus Çarlığı şimaldan gəlmiş və rus adlandırılan varyaqlar tərəfindən qurulmuşdur.[2] Şərq slavyanlarının, yəni: belorusların, rusların və ukraynalıların sələfi hesab edilən bu dövlət XI əsrdə ənənəvi ticarət tərəfdaşı olan Bizansın iqtisadi geriləməsi ilə paraleldə parçalanma dövrünə qədəm qoydu və nəhayət, monqol hücumları nəticəsində tamamilə dağıldı. Onun parçalarının hər biri isə Qızıl Orda hakimiyyəti ilə razılaşmağa, ona ağır vergilər ödəməyə razı oldular. Lakin Qızıl Orda hakimiyyətindən kənarda qalan indiki Ukrayna ərazilərinin bir hissəsi Litva və Polşa hakimiyyətində qaldı (Litva və Polşa sonradan Reç-Pospolita adlı dövlətdə birləşib). Onu da qeyd edək ki, bir sıra Ukrayna torpaqları Krım xanlığının da tərkibində olmuşdur.[3]

Bu dövrdə nə Ukrayna, nə də Rusiya ayrıca çarlıq və ya dövlət kimi hələ formalaşmamışdı, hər biri ayrı-ayrı dövlətlərin ya vassallığında, ya da birbaşa hakimiyyəti altında idi. Amma bu uzun müddət davam edən ayrılıq onların gələcəkdə millət kimi formalaşmalarındakı fərqliliklərin əsasını təşkil edəcəkdi. Gələcəyin Ukraynası hələ yuxarıda bəhs etdiyim halda ikən, Qızıl Orda dövlətinin zəifləməsi və sonda parçalanması fonunda gələcəyin Rusiyasında vahid mərkəzləşdirilmiş dövlətin yaradılması prosesi sürətlə getməkdə idi. Nəhayət, IV İvan Qroznı 1547-ci ildə özünü “Bütün Rusların Çarı”[4] elan etdi.[5] Bu titul I Pyotr dövründə imperator titulu ilə əvəz edildi.

Ukraynanın indiki mərkəz və qərb torpaqları Reç-Pospolitanın tərkibində ikən ukraynalı identikliyin təkamülü prosesi daha da sürətləndi[6] və sonda, imperiya daxilində müəyyən muxtariyyətə malik kazakların üsyanı başladı. Krım xanından da hərbi dəstək alan kazak atamanı[7] Boqdan Xmelintski Zboriv də polyakları müqavilə imzalamağa məcbur etdi. Müqaviləyə görə, faktiki olaraq Kazak Atamanlığı və ya Zaporejiye Ordusu adlı dövlət yaradıldı. Bu atamanlığ şərq slavyanlarının ümumi dövləti olan və sözün bütün mənalarında mərkəzi Ukraynada yerləşən Kiyev knyazlığının parçalanmasından sonra öz dövlətçiliyini qurmaq üçün şərait əldə etdi. Tarixi ədəbiyyatlarda Ukrayna Kazak Dövləti adlandırılan bu qurum Boqdan Xmelintskinin başçılığı altında öz dövlətquruculuğna başladı, əsas elitləri kazaklar təşkil etməklə birlikdə, mülki işlərlə məşğul olan yeni elit təbəqə formalaşdırıldı. Sadə ukraynalıların danışdığı dil dövlət dili səviyyəsinə yüksəldildi və atamanlığın ləğvinə qədər rəsmi sənədləşdirmələrdə istifadə edildi.[8] 

Lakin Reç-Pospolita ilə olan münasibətləri qaydasına salmaq mümkün olmadı.  Yenidən başlayan müharibədə Boqdan Xmelintski kömək üçün Rusiyaya müraciət etdi. İlk müraciət rədd edilsə də, sonradan fikrini dəyişdirən çarlıq ordu göndərdi. 1654-cü ildə Pereyaslav müqaviləsi imzalandı və bu müqavilə ilə atamanlıq muxtar hüquqlarla Rus çarlığı vassallığını qəbul etdi.[9] Bütün bu olanlar 1654-1667 Rus-Polyak müharibəsi ilə nəticələndi. Müharibə nəticəsində imzalanmış Andrussova müqaviləsi ilə Rus çarlığı sol-sahil Ukraynasını və Kiyevi ələ keçirdi. Sağ-sahil Ukraynası isə 1793-cü ildə Polşanın ikinci dəfə bölüşdürülməsi zamanı bu dəfə çarlıq yox, artıq imperiya olan  Rusiya tərəfindən ələ keçirildi.[10]

1654-ci ildə Rusiya vassallığını qəbul edən Ukrayna Kazak atamanlığında ukrayna dili rəsmi dil kimi istifadə olunmağa davam edirdi. Atamanlığın idarə olunmasında yerli məmurlar həlledici rol oynayan ukraynalılar öz bürokratiyasına sahib olmaqla mərkəz qarşısında geniş səlahiyyətlərə malik idilər.  Bu vassallıq münasibətləri II Yekaterinanın dövrünə qədər davam etdi və onnu dövründə atamanlığın ərazisi adi quberniyalara çevrildi.Məhz bu dövrdən, Putinin də indi etməyə çalışdığı ukraynalıların ayrıca millət kimi varlıqlarının qəbul edilməməsi, rus milləti içərisində assimiliyasiya siyasəti başladı. Hər ikisi şərq slavyanlarından olan bu iki millət yaxın dilə, kültürə sahib olsalar da, uzun müddətli ayrı yaşama, bu ayrı yaşama dövründə rusların güclü imperiya yaratmaları, ukraynalıların daha fərqli dövlət olan Polşa (və ya Reç-Pospolita)  tərkibində yaşamaları, ordular formasında icmalar təşkil edərək yarı-demokratik icmalar formalaşdırması, bu kazak icmalarının bütün ölkə boyunca həlledici amil olması aralarında aşılması çətin olan əngəllər də yaratmışdı. Güclü hərbi dəstələrə ehtiyac duyan Rusiya imperiyası bu ehtiyacını kazaklarla ortadan qaldırmaq qərarına gəldi. Rus imperiyası üçün döyüşmə qarşılığında onlara faktiki bəzi muxtariyyətlər və imtiyazlar verildi. Bu fərqli yanaşma ukraynalıların ruslar içərisində ərimələrinə mane olan faktorlardan biri oldu.[11]

Təhsil müəssisələrində tədris edilən ukrayn dili Rusiya imperiyasının qərarı ilə 1804-cü ildə qadağan edildi. Lakin o dövrdə Rusiya imperiyasına daxil olmayan Qərbi Ukraynada[12] isə bu dildə[13] tədrisin aparılması davam etdirilirdi. Ukraynalıları ruslaşdırmaq siyasətinin əks etdirildiyi sahələrdən biri də əhalinin siyahıya alınması prosesləridir. Belə ki, 1897-ci ildə imperiya siyahıyaalınmasında ukraynalılar kiçik ruslar[14] kimi qeydiyyata alınmışdı.[15]

Fürsətin dəyərləndirilməsi – antıbolşevik Ukrayna Xalq Respublikası

Yuxarıda bəhs etdiyimiz Ukrayna dövlətlərindən başqa, müasir Ukrayna dövlətçiliyinin əsası isə bir çox digər dövlətlər kimi Birinci Dünya müharibəsinin nəticəsində çoxmillətli imperiyaların parçalanması zamanı qoyuldu. Bu zaman Ukraynanın qərbi Avstriya-Macarıstanın, digər hissələri isə Rusiya imperiyası tərkibində idi. 1917-ci ilin fevralında çarın devrilməsindən sonra Rusiya imperiyası tərkibindəki Ukrayna torpaqlarında Müvəqqəti Hökümətin[16] rəhbərliyi altında millətçilərin rəhbərlik etdiyi Ukrayna Milli Şurası[17] Ukraynanın muxtariyyətini etdi. Bir qədər sonra Ukrayna dili rəsmi dil elan edildi. Ukraynanın muxtariyyətini tanıyan Müvəqqəti Hökümətin Oktyabr inqilabı ilə devrilməsindən sonra Ukrayna 1918-ci ilin yanvarında öz müstəqilliyini elan etdi.[18] 

Müstəqilliyin elanı bolşeviklər tərəfindən aqressiya ilə qarşılandı. Ölkənin hər yerinə hakimiyyətini yaya bilməyən və hər tərəfdən düşmən bolşeviklərlə əhatələnən Ukrayna Xalq Respublikası Brest-Litovsk müqaviləsini Almaniya və Avstriya-Macarıstanla imzaladı. Bu müqavilədən sonra isə almanlar faktiki olaraq Ukraynanı protektoratlıqlarına aldılar və bolşevikləri, demək olar ki, tamamilə ölkə ərazisindən qovdular. 1918-ci ilin fevralında isə Kuban Xalq Respublikası ilə birləşmə barədə saziş imzalandı və Yekaterinadordan bolşeviklər qovuldu.  

Almaniyanın ərzaq qıtlığını Ukrayna ərazisindən təmin etmə cəhdləri və həmçinin sosialist təmayüllü[19]  islahatlardan duyulan narahatlıqlar nəticəsində 1918-ci ilin aprelində çevriliş baş verdi. Çevrilişdən bir qədər öncə isə Ukraynanın konstitutsiyası artıq qəbul edilmişdi.

Çevrilişlə bütün hakimiyyəti əlində toplayan keçmiş zabit Pavlo Skoropadski Ukrayna Atamanı titulunu qəbul edərək dövlətin adını Ukrayna Xalq Respublikasından Ukrayna Dövlətinə dəyişdirdi.[20] Özündən əvvəlki hökümət tərəfindən həyata keçirilən torpaqların kəndlilərə paylanılması siyasətindən imtina edilməsi, paylanılan torpaqların müsadirə olunaraq keçmiş sahibkarlarına qaytarılması kəndlilərin narazılığına səbəb oldu .[21] Pavlonun hakimiyyəti dövründə Ukrayna dilində milyonlarla dərsliklər nəşr etdirdi, ukrayn dilində tədris aparan məktəblər açıldı. Həmçinin 2 universitet və Ukrayna Milli Elmlər Akademiyası yaradıldı.  6 avqust tarixində Ukrayna kilsəsi özündən daha yuxarı kilsəyə hesabat verməkdən azad olmaq üçün avtokefallıq üçün müraciət etdi. Bu Ukrayna dini dairələrinin belə Rusiyadan ayrılmağa meyilli olduğunun göstəricisi hesab edilə bilər. 

Lakin çətin şərait fonunda Pavlonun hakimiyyəti də davamlı olmadı və il sonunda Direktoriya adlanan qurum tərəfindən əvəz edildi.

Bundan bir qədər öncə Avstriya-Macarıstan imperiyasının tərkbibində olan Qərbi Ukrayna 1918-ci ildə imperiyada monarxiyanın devrilməsindən sonra öz müstəqilliyini elan etmiş və Qərbi Ukrayna Xalq Respublikasının yaradılmişdi. Qərbi Ukrayna Xalq Respublikası 1919-cu ilin yanvarında rəsmən Zulki və ya Birləşmə Aktı adlanan razılaşma ilə Ukrayna Xalq Respublikasına birləşdi. Lakin bundan bir ay sonra Kiyev bolşeviklər tərəfindən ələ keçirildi.[22] 

Ukrayna ilə bir çox məqamda taleyi kəsişən Polşa bu məqamda məsələlərə daxil oldu. Pilsudski başçılığındakı II Polşa Respublikası əvvəlcə Ukrayna Xalq Respublikası ilə hərbi toqquşamlara girsə də, həm də Sovet Rusiyası ilə müharibə şəraitində olan Pilsudski Ukraynanın rəhbəri Petlyura ilə Sovet Rusiyasına qarşı 1920-ci ilin aprelində Varşava müqaviləsini imzaladı.[23] Pilsudski Ukraynanı özünə tabe etmək fikrindən onu Sovet Rusiası ilə öz arasında bufer zona etmək fikrinə yönəlmişdi, onun sözlərinə görə “müstəqil Ukrayna olmazdısa, müstəqil Polşa da ola bilməzdi”.

1919 dekabrından 1920-ci ilin mayına qədər davam edən birinci polyak-ukraynalı hücumunda Kiyev ələ keçirilsə də, sonradan sovetlər onu geri ala bildilər. Bunun ardınca Polşa Riqa müqaviləsini[24] imzalayaraq müharibədən ayrıldı. 1921-ci ilin sonlarında İkinci Qış yürüşünü təkbaşına həyata keçirən Ukrayna yenə məğlub oldu və müharibənin taleyi həll olundu.[25] Müharibə Polşanın qələbəsi ilə nəticələnsə də, Ukrayna Xalq Respublikası istəklərinə nail ola bilmədi.

Polşa ilə alınan razılaşmaya görə, ukraynalıların yaşadığı Qərbi Ukrayna Polşa ərazisinə daxil edildi, yerdə qalan Ukrayna torpaqları isə sovetləşdirildi.[26] İkinci Dünya müharibəsindən sonra isə Qərbi Ukrayna Ukrayna SSR-ə birləşdirildi.

1930-cu illərdə isə bütün ittifaq respublikalarında aparılan millətquruculuq prosesi həmçinin Ukraynada da həyata keçirildi. Və bu proses mahiyyəti etibarilə ortadakı fərqlərin Moskvadakı hakimiyyət tərəfindən qəbul edilməsi və bu fərqliliklərə bu və ya digər dərəcədə yön verilməsi idi.

Nəticə

Göründüyü kimi, Putinin Ukraynanın ayrıca dövlət kimi mövcudiyyətinə dırnaqarası yanaşması, onu rusların bir altqrupu kimi görməsinin tarixi əsasları yoxdur. Ukrayna Rusiyadan fərqli olaraq ilk slavyan böyük dövlətinin meydana çıxmasına ərazi baxımdan ev sahibliyi etməklə qalmamış, bu dövlətin parçalanmasından sonra da çoxsaylı feodal dövlətlər yaratmışdır ki, biz bunlardan çox az qismini qeyd etdik.

Kiyev dövlətinin dağılmasından sonra davam edən ayrılıq müddətində rus dilindən fərqli Ukrayna dili, tarixi formalaşdı. Şübhəsiz ki, bu ayrılıq kültür və məişətə də təsir etmədən ötüşmədi.

Maraqlısı budur ki, uzun müddət ayrı-ayrı dövlətlərin tərkibində yaşamış və ya ayrı-ayrı dövlətlər qurmuş ukraynalıların ruslarla yolları yenidən kəsişdirmə istəyi onlar tərəfindən təklif edilmişdir. XVII əsrin ortalarında Boqdan Xmelintkinin Rusiya çarlığının vassallığını qəbul etməsi[27] bu iki milləti yenidən bir araya gətirmişdir. Ukraynalıların atamanlığının ləğvindən sonra onun dilinin də tədris işlərində işlədilməsi qadağan edilmiş, beləliklə ukraynalıların ruslar arasında əridilməsi üçün  münbit şərait yaradılmışdır. Lakin görünən odur ki, bunu etməkdə imperiya uğurlu olmağı bacarmamışdır. Belə ki, 1917-ci ildə imperiyanın ilk silkələnməyə başlaması ilə birlikdə Ukraynada artmaqda olan milli şüurun təmsilçiləri Ukraynanın muxtariyyətini elan etmiş, ardınca, bu muxtariyyət müstəqilliklə əvəz edilmişdir.

Burada Putinin səsləndirdiyi və sensasiya yaradan çıxışına bir daha xatırlamaqda fayda var.  Çünki Putinin bildirdiyinin əksinə olaraq, rus dövlətçiliyinə rəğmən quran ukraynalılar onu yaşatmaq üçün də yenə bolşevik Rusiyasına qarşı döyüşmüşdürlər. Maraqlısı isə odur ki, bu bolşevik Rusiyasının ideoloji rəhbəri və qurucusu elə “Ukraynanın memarı Vladimir İliç Lenin”dir.

Başa düşdüyümüz qədərilə, Putin bu çıxışında Leninin “milli məsələyə” yanaşma doktrinini və Oktyabr inqilabının baş verməsindən qısa müddət sonra elan ediyi xalqların öz müqəddəratını təyin etmə prinsipini nəzərdə tutur. Bu qeyd etdiyim doktrin və prinsip dörd bir tərəfi düşmənlə əhatələnmiş və iqtisadi böhran içərisində olan bolşevik Rusiyasını xilas etmək üçün müraciət olunmuş yol idi. Stalin Sovetlərin qurultayında onları dövləti parçalamaqda və xalqlara muxtariyyət, müstəqillik paylamaqda ittiham edən digər sosialist qruplara cavab verərkən də bizim dediyimizi  təsdiqləmiş və bolşevik Rusiyasının bütün düşmənlərin hamısı ilə: Çar tərəfdarı generallar, Antanta və yeni yaranmış liberal-millətçi dövlətlər  və s. ilə birlikdə mübarizə aparmağa gücü çatmazdı deyərək onların qələbə qazanmasında birinci dərəcəli amilin adi insanların məhz onlara muxtariyyət və ya müstəqilliyi “səmimi” şəkildə vəd etməklə tərəflərinə çəkməyi bacarmaq olduğunu qeyd etmişdir.

Lakin ilkin başladğımız yerə qayıtsaq, sonuncu abzasda yazdıqlarımız yanlış olsaydı belə, gələcəyimiz nəticənin – Putinin tarixi yaxşı “bilməməsi” və ya Ukraynanı Leninin yaratması məsələsi – dəyişməyəcəyini düşünürük.  Çünki Ukraynanın[28] ən əvvəldən fərqli dövlətlərə malik olmaqla yanaşı, modern dövlət olaraq yaranmasının əsas addımı Leninin bolşevik inqilabından aylar öncə atılmış və Leninin hakimiyyətə gəlməsinə cavab olaraq  özünün qəti müstəqilliyini elan etmişdir. Bu müstəqillik elə Leninin Rusiyasına qarşı müharibə nəticəsində itirilmiş və Ukrayna Xalq Respublikası işğal edilmişdir.[29] 


[1] BBC Türkcə, Rusya – Ukrayna: Putin, ayrılıkçı Luhansk ve Donetsk bölgelerinin bağımsızlığını tanıdı

Link: https://www.bbc.com/turkce/haberler-dunya-60452304

[2] Britannica Ensiklopediyası, Kievan Rus maddəs, link: https://www.britannica.com/topic/Kyivan-Rus

[3] Britannica Ensiklopediyası, Ukraine maddəsi, link: https://www.britannica.com/place/Ukraine

[4] Latıncadan olan Sezar sözündən törəmiş Çar sözü şərq və cənub slavyanları arasında istifadə edilmişdir. Bu titulu qəbul edən ilk slavyan hökmdarı Bulqar hökmdarı I Simeon (893-927) olmuşdur. Şərq slavyanlarından isə bu titulu ilk və sonuncu dəfə Müdrik Yaroslavl (987-1010) qəbul etmişdir. Bunda əsas motivasiyası Bizansla münasibətlərinin fonunda özünü onunla eyni səviyyədə hökmdar kimi təqdim etmək istəyi idi.  

[5] Britannica Ensiklopediyası, Tsar maddəsi, link: https://www.britannica.com/topic/tsar

[6] Məsələn, bu kazaklar Livoniya müharibəsində Rus Çarlığına qarşı döyüşən əsas hərbi birləşmələrdən biri olmuşdur. 

[7] Kazaklar tərəfindən “Qetman kimi istifadə ilən söz polyakcaya almancadan keçmiş “Hauptman” sözünün bir qədər dəyişilmiş versiyasıdır. “Hauptman” sözü isə, çox güman ki, türkcə söz olan “Ataman”dan törəmişdir. Hər bir halda, bu barədə qəti fikir yoxdur.

[8] Kazak üsyanı, Boqdan Xmelintskinin fəaliyyəti, Polşa ilə müharibə, Rusiya ilə razılaşma və s. məsələlər barədə daha ətraflı məlumat üçün bax: Serhy Yekelchyk (2007), Ukraine: Birth of a Modern Nation,  Oxford University Press 

[9] Denys Krasnikov, “Honest History 10: How one treaty made Ukraine vassal of Russia for 337 years”, Kyiv Post, 22 iyun 2018

[10] Robert Frost, The Northern Wars. War, State and Society in Northeastern Europe 1558–1721, s. 186

[11] Ruslaşdırma siyasəti barədə ətraflı məlumat üçün baxın:

[12] Polşanın bölüşdürülməsi zamanı Qərbi Ukrayna Avstriya imperiyasının tərkibinə verilmişdi.

[13] Bu dil bəzən Ruteniya dili də adlandırılır. Ukraynanın tarixi vilayətlərindən olan Ruteniya Kiyev dövlətinin parçalanmasından sonra ukraynalıların yaratdığı dövlətlərdən birinin də adı olmuşdur.

[14] Rusiya imperiyasında ruslaşdırma ilə bağlı məlumatlar üçün baxın: Plokhy, Serhii Plokhy (2018). Lost kingdom : a history of Russian nationalism from Ivan the Great to Vladimir Putin.

[15] Bu dövrdə onların sayı 22.4 milyon nəfərdən bir qədər az idi.

[16] Fevral inqilabından Oktyab inqilabına qədər keçmiş Rusiya imperiyasını idarə edən qurum.

[17] 1917-ci ilin aprelində Petroqradda Ukrayna Milli Şurasının yaradılmasının elanı münaibətilə 100 mindən çox ukraynalının iştirakı ilə Kiyevdə dəstək nümayişi həyata keçirilmişdi. Uzun müddət “rus” kimi qəbul edilən toplumun ruslardan ayrılmağa doğru atdığı addıma bu qədər sevinməsi Müvəqqəti Höküməti belə təəccübləndirmişdi.    

[18] Serhy Yekelchyk, s. 72

[19] Bolşeviklərin qəbul etməyi və düşmən olduğu sosialist təmayüllər nəzərdə tutulur.

[20] “СКОРОПАДСКИЙ, ПАВЕЛ ПЕТРОВИЧ – Энциклопедия Кругосвет, link: https://www.krugosvet.ru/enc/istoriya/SKOROPADSKI_PAVEL_PETROVICH.html

[21] Bu sahibkarların hamısı böyük torpaq mülkiyyətlərinə sahib olmaqla birlikdə, çevrilişi əsas dəstəkləyənlər qüvvələri təşkil etməkdə idilər.

[22] Orest Subtelny (2000). Ukraine: A History,  TorontoUniversity of Toronto Press, s. 365

[23] Encyclopedia of Ukraine, Treaty of Warsaw, Link: http://www.encyclopediaofukraine.com/display.asp?linkpath=pages%5CW%5CA%5CWarsawTreatyof.htm

[24] Bu müqavilə ilə Polşa ilə Ukrayna Xalq Respublikası arasında imzalanmış Varşava müqaviləsi ləğv edilmişdir.

[25] Encyclopedia of Ukraine, Ukrainian-Soviet War, 1917–21, link: http://www.encyclopediaofukraine.com/display.asp?linkPath=pages\U\K\Ukrainian6SovietWar1917hD721.htm

[26] Michael Palij (1995). The Ukrainian-Polish defensive alliance, 1919–1921: an aspect of the Ukrainian revolution. CIUS Press. ss. 165–168.

[27] Bu hadisənin 300 illiyi münasibətilə 1954-cü ildə SSRİ Krımı Ukraynaya “hədiyyə” etmişdir.

[28] Ad olaraq Ukrayna 1918-ci ilə qədər də istifadə olunmuşdur. Reç-Pospolita hakimiyyəti altında Kiyev voyevodoluğunun böyük bir hissəsi Ukrayna adlanırdı. Həmçinin Zaporejye kazakları da vətənlərinə Ukrayna deyə adlandırmaqda idilər.

[29] Bu müharibəyə yanaşmada Ukrayna və əsas Qərb tarixçiləri  “Ukrayna İstiqlal Müharibəsi” ifadəsindən istifadə etsələr də, Sovet tarixçiləri Ukraynanın burjua-istismarçılardan bolşeviklər tərəfindən azad edilməsi kimi bəhs edirdilər. Bu yanlış və tarixə yanaşma konsepsiyası olaraq köhnəlmiş mövqe ilk dəfə 1930-larda Sovet tarixçiləri tərəfindən Ukrayna, AXC və s. bu kimi dövlətlərin bolşeviklər tərəfindən işğalını legitimləşdirmək üçün istifadə edilmişdir. Günümüzdə də təməl tarix təhsili almayan şəxslərin problemə belə yanaşdığını təəssüflə qeyd etməliyik.

Qulamhüseyn Məmmədov

Bütün yazıları göstər