Giriş

            ASALA 20-ci əsrin son 25 illiyində dünyada bir çox terror törətmiş, çoxlu sayda insan tələfatı ilə nəticələnən terror hücumlarının icraçısıdır. Əsas hədəfləri Türkiyə dövləti və onun təmsilçiləri olan bu terror qrupunun yaranmasına gətirən yol təxminən 10 illik bir sosial və siyasi proseslər zəncirini əhatə edir. Aktiv olduğu müddət ərzində regionda var olan maraqlardan istifadə edərək maddi, logistik və siyasi dəstək almağı bacararaq öz varlıqlarını davam etdirə bilmişdir. Lakin ASALA-nın varlığında maraqları olan digər siyasi proses oyunçuları da onların terror fəaliyyətindən əziyyət çəkməyə başladıqları zaman artıq var olan dəstəklərini itirmişdilər. Eyni zamanda Türkiyə dövlətinin də həyata keçirdiyi aktiv əməliyyatlar ASALA-nın varlığına son qoymuşdur. İndi isə bütün bu proseslərə daha ətraflı nəzər salaq.

Münbit şəraitin yaranması 

            “Erməni məsələsi” üç əsas hadisə ətrafında yaranmağa və sonda ASALA-nın qurulmasına gətirib çıxardı. Bunlardan ilki erməni intellektual təbəqəsi və erməni dövlət xadimlərinin birgə fəaliyyəti nəticəsində yarandı. Yakov Zarobyan 1960-cı ildə Ermənistan Kommunist Partiyasının I katibi təyin olunur. 1964-cü ilin 16 iyulunda tarixçilər Marksizm-Leninizm İnstitutunun Ermənistan filialının direktoru Tsatur Ağayan, sonradan Ermənistan SSRİ-nin Xarici İşlər naziri olmuş və həmin dövrdə KP-nin Mərkəzi Komitəsinin ideologiya şöbəsi müdirinin müavini olan Con Kirakosyan və Elmlər Akademiyasının şərqşünaslıq bölməsinin müdiri Hovhannes İncikyan Ermənistan Kommunist Partiyasının Rəyasət Heyətinə çox gizli olan bir məktub göndərirlər. Məktubda onlar 1915 hadisələrinin 50-ci ildönümünü yad etmək üçün bir neçə təklif irəli sürürlər. O təkliflərdən biri də “Erməni soyqırımı abidəsi”nin tikintisi olur. 44 metrlik stela erməni xalqının dirçəlişini, mərkəzə doğru qoyulmuş 12 piltə isə Türkiyəyə “uduzulmuş” 12 vilayəti simvolizə edir. Zarobyanın SSRİ KP MK-nı razı salmasından sonra Sovet Ermənistanının Nazirlər Kabineti 16 mart 1965-ci ildə bu təkliflərin qəbulu ilə bağlı qətnaməni qəbul edir. (Doydoyan & Stepanyan, 2012)

            24 Aprel 1965-ci ildə Beyrutda, Livanda və İrəvanda 1915 hadisələrinin 50-ci ildönümü qeyd edilir. Livandakı hadisələr 24 aprelin ildönümü tarixi kimi formalaşmağına gətirib çıxarmışdısa, İrəvandakı hadisələr isə Sovet hökümətinin mitinqi dağıtması, lakin sonradan 24 Apreli ildönümü kimi qeyd etməyə və abidənin tikintisinə icazə verilməsi ilə nəticələnir. (Bobelian, Children of Armenia, s. 5) Erməni cəmiyyətində 1915 hadisələri ilə bağlı aqressiya formalaşıb müəyyən nəticə əldə edə bildikdən sonra bu vəziyyət artıq daha radikal olan təbəqəni qane etməməyə və necə hərəkətə keçməklə bağlı fikirlərə yönəltdi. Bu işdə Qurgen Yanıkyanın törətdiyi sui-qəsd əməlinin ASALA üçün əsas motivasiyalardan olduğu iddia edilir.

            78 yaşlı Qurgen Yanıkyan 1973-cü ildə Türkiyənin Los-Ancelesdəki Baş Konsulu Mehmet Baydarı və Konsulu Bahadır Demiri Osmanlı sultanının sarayından oğurlanan rəsm əsərini geri qaytarmaq bəhanəsi ilə aldadaraq Santa-Barbara Otelinə çağırır. Özünü ilkin olaraq iranlı kimi göstərir və yemək zamanı iranlı deyil, erməni olduğunu deyir. Bundan sonra aralarında yaranan mübahisə zamanı Yanıkyan kitabın içini oyaraq ora yerləşdirdiyi silahını götürərək hər iki türk diplomatını güllələyir. Diplomatların ölmədiyini görəndə isə siyirmədə saxladığı digər silahını çıxararaq hər ikisini başından vuraraq oradaca öldürür. Yanıkyan türk diplomatlarla görüşə getməmişdən əvvəl ermənidilli bir qəzetə məktub yazaraq “erməniləri türk diplomatlara qarşı müharibəyə səsləyir.” (West 1973) Gunn yazır ki, Yanıkyanın öz məhkəməsini Türkiyə hökümətini 1915 hadisələrinə görə ittiham etmə məkanına çevirməyə etdiyi cəhd uğursuz olsa da, proses özü sadəcə Kaliforniya erməniləri arasında deyil, bütün diasporada şiddətəmeyilli millətçiliyi stimullaşdırır. Araşdırma nəticəsində məhkəmə Yanıkyanın bu əməli özbaşına törətdiyi qənaətinə gəlsə də, onun bu əməli Türkiyə diplomatlarına qarşı sui-qəsdlər üçün bir model və ilham mənbəyi oldu. (2015, s. 140)

            Daxildə ümumi birlik və həyata keçirilməsi düşünülən aktlar üçün münbit şərait yarandıqdan sonra, ən son üçüncü hadisə ilə xarici mühit də əlverişli hala çevrildi. 1973 və 1975-ci illər arasında sui-qəsd hadisəsi baş verməməyinə baxmayaraq 1974-cü il mühüm siyasi hadisələrin baş verdiyi və əsasən Amerika ermənilərinin çox aktiv olduğu bir il olur. Gunn yazır ki, 1974-cü ilin ortalarında Türkiyənin yerli xaşxaş istehsalına qoyulan qadağanı ləğv etməsi və 1974-cü ilin iyul alında Kiprə müdaxilə etməsi ilə ABŞ-Türkiyə münasibətləri çox ciddi zərər görür və ermənilər öz antitürk ritorikasını dəstəkləyəcək konqresmen tapmaqda çətinlik çəkmirlər. (2015, s. 144) Bu səbəblədir ki, bir çox ölkələr Türkiyə ilə münasibətlərin pisləşməsinin nəticəsi olaraq, Türkiyəyə qarşı təşkil edilən və ona ziyan verə biləcək bütün məsələlərdə ən azından qarışmamaq yolunu seçərək ASALA üçün münbit siyasi şərait yaradırlar. Erməni diasporasının öz antitürk lobbi fəaliyyətiylə fərqlənən yunan lobbisi ilə ittifaqının başlanğıcı da Kiprə edilən müdaxilə dövrünə təsadüf edir. Bu ittifaq erməni diasporasının Vaşinqtondakı siyasi gücünü və təsirini yüksək dərəcədə artırır. Artıq bütün sosial və siyasi mühit istənilən səviyyəyə gəldikdən sonra 1975-ci ildə ASALA qurulur.

ASALA-nın qurulması və dəstək verən dövlətlər

            ASALA (Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu) bu şərtlər altında 1975-ci ildə Haqop Haqopyan, Ceyms Karnusyan, Haqop Darkcıyan və Kevork Acemyan tərəfindən quruldu. Haqop Haqopyan haqqında bir maraqlı fakt da ondan ibarətdir ki, onun əsl adı Haarutyun Takoşyandır və Haqop Haqopyan onun “nom de guerre”i, yəni savaş adıdır. O bu adı “Nemesis” əməliyyatının icraçısı Şahan Natali kod adlı digər terroristin əsl adından götürmüşdür.

ASALA qurularkən 3 siyasi hədəfini açıqlayır: “a) 1915 hadisələrinin beynəlxalq şəkildə erməni cəmiyyətinə qarşı törədilmiş soyqırım kimi tanınması, b) Türkiyənin təzminat ödəməsi, c) Türkiyənin şərqinin Ermənistana birləşdirilməsi”. (Kürkçü, 2021, s. 263) Bu hədəflərinə çatmaq üçün təşkilat ilk öncə türk diplomatlarına, onların ailələrinə və xaricdə Türkiyəni təmsil edən şəxslərə qarşı sui-qəsdlər təşkil edir. ASALA haqqında terror qruplaşması olaraq danışmaqdan öncə terrorizmə tərif verək. Şmid terrorizmə “siyasi hədəflərə çatmaq üçün qorxu və təzyiq istifadə edərək ictimai nizama qarşı sistematik şəkildə törədilən zorakı aktlar” deyə tərif verir. (2011) ASALA-nın siyasi hədəfləri olduğunu, bu hədəflərə çatmaq üçün zorakı aktlar törətdiyini, bu aktları törətmək üçün sistematik işlər görüldüyünü, bu aktların əsas hədəfinin xalq arasında qorxu yaradaraq xalqı bezdirməyə və hökümətə qarşı çevirmək hədəfini qoyduğunu nəzərə alsaq ASALA-nın terror təşkilatı tərifinə tam şəkildə uyduğu aydın olur.

            Aktiv olduğu illər ərzində bu terror təşkilatına digər dövlətlərin dəstəkləri ilə bağlı çox saylı məlumat vardır, bu məlumatlara ümumi nəzər yetirək. İdeoloji oxşarlığa görə ASALA-nın əsas dəstəkçiləri arasında SSRİ-nin adı çəkilir. Birbaşa köməkliyin olduğunu dəstəkləyən sübutlar ortada olmasa da Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) terror təşkilatının aktiv olduğu dövrlərdə gizli olan, lakin sonradan hər kəsə açılmış raportlarında SSRİ-nin dolayı yollarla ASALA-ya dəstək verdiyi deyilir. Bu dəstək əsasən Fələstində olan qruplaşmalar vasitəsilə edilir və bunlara Fəttah və Fələstin Xalq Qurtuluş Cəbhəsi daxildir.[1] Kürkçü MKİ raportuna əsasən yazır ki, 1981-də Moskvadakı ABŞ səfirliyinə göndərilən bir teleqramda deyilir ki, SSRİ-nin ASALA-ya dəstəyi əsasən üçüncü ölkələr üzərindən logistik dəstəklə limitlənir və bura silah, geyim və maliyyə daxildir, lakin terror aktlarının törədilməsində kəşfiyyat məlumatlarının ötürülməsi halı ilə rastlaşılmayıb. Daha etibarlı bir mənbənin sözlərinə görə isə SSRİ Fəttah qrupunun vasitəçiliyi ilə ASALA-ya silah, təchizat, maliyyə yardımı və təlimlərin keçirilməsini təşkil etmişdir. (2021, s. 269) “Executive Intelligence Review”nun 1985-ci ildə MKİ-yə göndərdiyi “1988 üçün Rus İmperial Müharibə Planı” adlı xüsusi raportunda da maraqlı bir fakt yer alır. Raportda deyilir: “Xüsusi təyinatlı qrupları Sovetlərin peşəkar sabotaj və sui-qəsd qruplarıdır. Lokal terroristmeyilli çevrələr əməliyyat detalları ilə bağlı, əsasən, qaranlıqda saxlanılır. . . Bildiyimiz qədəriylə İRA, ASALA və Bask ETA daxilində də aktiv olan xüsusi təyinatlı “hücrələri” var.”[2]

            MKİ raportlarında Suriyanın da adı ASALA-ya dolayı yollarla dəstək verən ölkələr arasında çəkilir. Raportun 15-ci səhifəsində Suriyada yüksəkvəzifəli hərbi və sivil şəxslərin narkotik qaçaqmalçılığından gəlirlər əldə etdiyini, regiondakı qeyri-stabillikdən və Suriyanın narkoticarətdə daha aktiv yer tutmağından istifadə edərək bu ticarətə şərait yaradır. Narkoticarətə qarışan terror qrupları da olduğu və bunların arasında icazə verilən və ya ən azından göz yumulan terror təşkilatları arasında ASALA-nın da olduğu qeyd edilir.[3]

İranla əlaqədə inqilaba qədər bir qədər fərqli münasibət olsa da, inqilabdan sonra İranın da ASALA-ya dəstək verdiyi bir neçə mənbədə qarşımıza çıxır. Hyland özünün Erməni terrorizmi kitabında yazır ki, ASALA rəhbərlərindən biri Parisdə Xomeyni əleyhdarı biri ilə müzakirəsi zamanı ona deyir ki, “Xomeyni sizin üçün Yəhuda ola bilər ancaq o bizim üçün Müqəddəs Ruh kimidir, çünki bizə pul və silah verir”. (s. 33)

Liviya ilə əlaqəli raportda isə Liviyanın ehtiyatlı və gizli dəstək verməyə çalışdığı bildirilir. Lakin bununla belə Liviyanın ASALA-ya pul və silah olaraq dəstək verdiyi, Beyrutda terroristlər üçün pasportların verilməsini təşkil etdiyi və terroristlərə Liviya kamplarında təlim keçdiyi MKİ raportlarında öz əksini tapır. [4]

Yazının birinci bölümündə ASALA-nın yaradılmasına gətirən yollara nəzər saldıq, yaranmasında və terror əməliyyatlarını həyata keçirməsində aldığı dövlət dəstəklərindən söz açdıq. Yazının ikinci hissəsində ASALA-nın həyata keçirdiyi terror əməliyyatlarından və onların nəticələrindən danışılacaq, Orli terroru və sonrasında ASALA-ya qarşı münasibətindən dəyişməyindən və terror təşkilatının çöküşünə qədər başlayacaq prosesi təhlil edəcəyik.

Mənbələr:

Alex P. Schmid, “The Definition of Terrorism,” in Alex P. Schmid (ed.), The Routledge Handbook of Terrorism Research, (London and New York: Routledge, 2011), pp. 39-158.

Doydoyan, L., Stepanyan, V. (2012, April 16). Ծիծեռնակաբերդ. եղեռնի հուշահամալիր (մաս I). PanARMENIAN.Net. Retrieved from http://www.panarmenian.net/arm/details/103218

Global Terrorism Database, retrieved from https://www.start.umd.edu/gtd/search/Results.aspx?-search=&sa.x=54&sa.y=3

Gunn, C. (2015). The Rise and Fall of ASALA and Armenian Revolutionary Federation Terrorism. In Review of Armenian Studies (Vol. 31, pp. 133–153). Retrieved from https://1915.gov.tr/documents/Review-of-Armenian-Studies-31.pdf

Francis P Hyland, Armenian Terrorism, The Past, The Present, The Prospects, 1991.

KÜRKÇÜ, B. (2021). The Question of State-Sponsored Terrorism: Investigation of ASALA and JCAG in the Light of Available CIA Documents. Insight Turkey, 23(2), 259–282. https://www.jstor.org/stable/27028549

West, Richard. “Armenian Held in 2 Slayings Urged ‘War’ on Turk Envoys.” Los Angeles Times. January 30, 1973.


[1] https://www.cia.gov/readingroom/docs/CIA-RDP90T00155R000200010009-2.pdf

[2] https://www.cia.gov/readingroom/docs/CIA-RDP90-00845R000100310004-9.pdf

[3] https://www.cia.gov/readingroom/docs/CIA-RDP87T00495R000100030004-3.pdf

[4] CIA Doc-No: CIA-RDP82-00850R000500070017-1

Tərlan Əliyev

Bütün yazıları göstər