Yazı ilk olaraq “Çapar” dərgisində yayımlanıb.

Bu gün istifadə etdiyimiz anlayışlar [concept] (fəlsəfədə, sənətdə, ədəbiyyatda) modern dövrün məhsuludur və insan/fərd bu qavramların mərkəzindədir. Bu baxımdan, insanın [fərd, millət] modern bir qurğu olaraq ortaya çıxdığını söyləmək mümkündür. Misal üçün, millət [nation] termini etimoloji cəhətdən qədim latın dilində (natio) ortaya çıxmış bir sözdür. Lakin bu gün istifadə etdiyimiz anlamda millət anlayışı modern dövrdə meydana gəlib. Millətçiliyin zühuru ilə terminin mahiyyəti dəyişib.

Qaynaq: Liah Greenfeld, (2017). Milliyetçilik. Çev. Abdullah Yılmaz. İstanbul: Alfa. s. 28. 

Bu anlayışların ortaya çıxması Qərb düşüncəsində bir çevrilmənin [transformation] baş verməsi ilə mümkün olub. Bu çevrilmə nəticəsində insan ibadət edən bir varlıq olmaqdan sıyrılaraq, birbaşa varlığın subyekti ola bilib. Sxolastik varlığın təməli olan latıncanın müqəddəsliyinin sarsılması bu prosesdə həlledici rol oynayıb (Benedict Anderson, 1983). Nəticə etibarilə Qərb düşüncəsində bir çevrilmə yaşanıb və bu çevrilmə nəticəsində insan ilk dəfə “şübhə” etmək (Dekart) imkanı qazanıb. Ağılsızlıq durumundan xilas olmaq bunun məntiqi nəticəsidir (Kant, 1784).

Latın dilinin müqəddəsliyinin sarsılması və kapitalizmin xalq dillərində müqəddəs kitabın nəşrinə başlaması isə din və dünyəvilik (ağıl) arasındakı mübarizənin siyasi xarakter almasına səbəb olub. İnsan ilk dəfə özü üçün uyğun olan siyasi nizamı (Fuko, 1984) müəyyən etmək iradəsi göstərib. Nəticədə, Qərb siyasi düşüncəsində radikal dəyişikliklərə səbəb olan inqilablar ortaya çıxıb.

İnqilablar uzun din müharibələrindən sonra bir nizamın formalaşdırılmasına xidmət edib. Bu mənada, suverenliyin qaynağı Tanrıdan alınıb və millət suverenliyin qaynağı olub. Bu proses millətçi ideologiyanın ortaya çıxması ilə mümkün olub. Millətçilik milləti, milli dövləti yaradıb.

Azərbaycanda (coğrafiya) siyasətin (dövlət) ortaya çıxma prosesi bir çevrilmə ilə baş verib. Lakin bu proses bilvasitə gerçəkləşib. Çünki maarifçiliyin modern anlayışlarından təsirlənən Mirzə Fətəli Axundzadə (1812-1878) Rus Çarının bir məmuru olub. Yəni Axundzadə düşüncəsində Azərbaycanı bir vətən olaraq mərkəzə qoymayıb. Ancaq müsəlmanların modernləşməsi, maariflənməsi üçün çalışıb. Bu mənada, Axundzadə ilə başlayan prosesin siyasi nəticəsi/uğuru olan Cümhuriyyətdə bir özünəməxsusluq, yenilik axtarmaq təşəbbüsü, əslində, Cümhuriyyətin təməlində olan İSTİQLAL qavramının anlaşılmasına əngəldir. İstiqlal isə dövlətin idarə edilməsində xalqın/millətin legitimləşdirici ünsür olaraq uydurulmasından qaynaqlanır.

Çünki 1918-ci ildə elan edilən Birinci Azərbaycan Cümhuriyyəti Qərb siyasi düşüncəsində ortaya çıxmış yeni bir metoddan yararlanıb. Bu, modern milli-dövlət metodudur. Cümhuriyyəti siyasi olaraq var edən İstiqlaliyyət Bəyannaməsinin (28.05.1918) hər hansı bir yeniliyi olmayıb. Cümhuriyyət dövrün bir milliyyət, milli-dövlət çağı olduğunu dərk edib. Bu mənada, Bəyannamədə hakimiyyətin bir millətə aid olduğu vurğulanıb və siyasəti modern dövlətin varlığını təmin edən hüquqa əsaslanıb. Rəsulzadə “yoxdan var etmək” ifadəsində Cümhuriyyəti yox, İSTİQLALı nəzərdə tutub. Daha doğrusu millətə əsaslanan bir dövlət formu (cümhuriyyət) qurulmasına diqqət çəkib.

Cümhuriyyət Bəyannamədə irəli sürülən maddələri gerçəkləşdirmək üçün ictimai müqaviləsini (konstitusiya) imzalaya bilməyib. Çünki modern dövlətlər – istisnalar var – siyasi varlıqlarını bir konsitutusiyaya əsaslandırmaqdadırlar. Bu çərçivədə Cümhuriyyət öz millətini – yekcinsliyə əsaslanan (homegenious) – yarada bilməyib. Millətlərin ortaya çıxma prosesi var olanın dəyişdirilməsi ilə mümkün olub. Xülasə, vətən yaradılıb, ancaq tanınması mümkün olmayıb.

Dövlətlərin millətini yaratması sancılı bir prosesdir. Mövcud anlayışın (bizim problemdə ümmət anlayışı) dirənişi görülə bilər. Misal üçün, Atatürk Cümhuriyyəti qurmasına, rejimi elan etməsinə baxmayaraq, milləti vətəndaşlıq (1928), hərf (1928) və universitet (1933) inqilabları nəticəsində formalaşdırmağa nail olub. Hətta 1933-cü il universitet inqilabı ilə Türkçülər arasında Türkün kaşifi olan Əli bəy Hüseynzadə (1864-1940) “İttihad və Tərəqqi”dəki keçmişinə görə universitetdəki vəzifəsindən azad edilib. Bu mənada, Ernst Renan (1823-1892) millətin ortaya çıxma prosesində millətin yaradılmasına müqavimətlərin qarşısının kəskin şəkildə alındığını söyləyib. Ona görə də millət ola bilmək iradəsi pisin unudulması sayəsində mümkün olur (Renan, 1882). Bu çərçivədə Cümhuriyyət öz sarsıntısını yaşaya bilməyib və Cümhuriyyətə yönəlik siyasi, tarixi yanaşma “xatırlama” çərçivəsində cərəyan etməkdədir. Çünki millətini yarada bilməyən Cümhuriyyətdən İSTİQLAL mirasını alaraq, bu gün millət olmağa çalışırıq. Ancaq bütünlükdə bu məsələ üzərinə tədqiqat aparan tarixçilər cümhuriyyət qavrayışlarını (qənaət) inşa edərkən üç tarixi-1918 (vətənin yaranması); 1995 (vətənin qanun çərçivəsində təsdiqi) və 2020 (milli zəfər)- hadisəni bütöv halda nəzərə almalıdırlar. Nəticədə tarix keçmişə dair çoxluğun (xalqın) qavrayışının formalaşmasında əsas instrumentdir.

Son söz əvəzi

Üç il əvvəl Birinci Azərbaycan Cümhuriyyətinin yüz illiyi qeyd edildi. Bununla əlaqədar həm Azərbaycanda, həm də azərbaycanlıların sıx yaşadığı Türkiyədə kitab və jurnallar nəşr olundu. Lakin nəşr olunan mətnlər (əskəriyyəti) problemi anlayışlar çərçivəsində ələ ala bilmədi. Adətən, nəşr olunan mətnlər form [Cümhuriyyət] və şəxslərə (Rəsulzadə və b.) fokslanmaqdan o tərəfə getmədi. Belə olduğu halda, yüz illik şərəfinə nəşr olunmuş mətnlərin intellektual dəyərinin olmadığını söyləmək mübaliğə olmaz.

Cümhuriyyət və cümhuriyyətçiləri anlayışlar çərçivəsində ələ ala bilməyən və bir dogma (dəyişməyən) kimi “mühafizə” edənlərə toxunmamaq gərəkdir. Onları öz “dindarlıqları” (Fuko, 1984) ilə başbaşa buraxmaq lazımdır. Çünki bu qəbildən olan yazarlar Cümhuriyyəti dogmalaşdırmaqla Cümhuriyyətin əsas qiyməti olan İSTİQLAL anlayışını anlamağa maneə təşkil etməkdədirlər.

Cümhuriyyət Osmanlı Dövlətinin dəstəyi ilə elan edildi, tanındı. Lakin İSTİQLAL (milli) birbaşa azərbaycanlıların mübarizəsinin, iradəsinin nəticəsi olaraq qazanıldı. Bu çərvidə Cümhuriyyətin nə olduğu sualının cavabı İSTİQLAL olmalıdır.

Qeydlər:

Cümhuriyyət anlayışının Azərbaycan siyasi tarixindəki yeri haqqında ətraflı məlumat üçün Əkbər Nəcəfin “Quyu” jurnalının Xüsusi İstiqlal (2018) sayındakı “Cümhuriyyət ağlı” məqaləsinə baxıla bilər.

Liah Greenfeldə görə, millətçilik VIII Henrinin 1532-ci ildə Kilsənin başı elan olunması ilə başlayıb. Ətraflı məlumat üçün baxın, Liah Greenfeld, (1992). Nationalism. Giriş Bölməsi.

Mirzə Fətəli Axundzadə millətçi olmayıb. Çünki bir intellektualın düşüncəsinin nə olub-olmadığı mətnlər vasitəsilə təhlil oluna bilər. Bu mənada, Axundzadənin mətnlərində millətçilik əlamətləri görülməməkdədir. Onun millətçi olduğunu iddia edən mətnlər bir zorlamadır. Halbuki Axundzadə modernist bir intellektual kimi Çağdaş Azərbaycan kimliyinin başlanğıcı olaraq təhlilə cəlb olunsa, proses daha aydın qavranıla bilər.

Orxan Vəliyev

Dr. Politologiya və Beynəlxalq Münasibətlər, Qərbi Kaspi Universiteti. orxan.veliyev@wcu.edu.az

Bütün yazıları göstər