Giriş

Əksər proqnozların əksinə olaraq nə fövqəlmilli idarəetmə formalarının yayılması, nə qlobal kapitalizmin sərbəst bazar prinsiplərinin üstünlüyü, nə də transmilli miqrasiyanın genişlənən axınları milli dövləti bu gün dünyada dominant siyasi təşkilatlanma forması olmaqdan kənarlaşdırıb. Keçmiş Yuqoslaviya və Sovet İttifaqında zorakı separatçı hərəkatlardan tutmuş Avropa və Şimali Amerikada immiqrasiya və multikulturalizmə qarşı artan etirazlara qədər millətçilik və onun ksenofobik təzahürləri dəyişən dünyada inkişaf etməyə və uyğunlaşmağa davam edir.

Millətçilik siyasi vahidi, yəni dövləti (və ya siyasi qurumu) mədəni vahidlə, yəni millətlə uyğunlaşdırmaq layihəsidir. Bu uyğunluğu təmin etmək cəhdləri müxtəlif makro-analitik perspektivlərdən öyrənilmişdir. Millətçilik hər bir dövlətin öz milləti və hər bir millətin öz dövləti olmasını iddia edən siyasi ideologiya kimi; dövlətlə milləti uyğunlaşdıran modernləşmə və sənayeləşmə iqtisadi qüvvələrinin tarixi nəticəsi kimi; institutlaşmış və diskursiv praktikalardan keçərək gerçəkləşən və legitimləşdirilən kollektiv mənsubiyyətin mədəni inşası kimi; həmçinin milli daxiletmə və xaricetmə anlayışlarının müəyyən edilməsi yolundakı maddi və simvolik mübarizə məkanı kimi tədqiq olunmuşdur.

Bu cəhdlərin hədəfi məhz insanların özləridir: milləti yaratmaq insanları milli etmək deməkdir. Standartlaşdırılmış dillərin təşviqi, milli (və millətçi) təhsil proqramları, hərbi xidmət və vergitutma – həmçinin müharibə, məcburi assimilyasiya, deportasiya və məhv etmə kimi daha zərərli vasitələr vasitəsilə millət, yəni xalq öz dövləti ilə birləşdirilir. Millətçilik dövlətin (və ya siyasi qurumun) sərhədləri daxilində mövcud olan müxtəlif xalqlar mozaikasını vahid və yekcins milli bütövlüyə çevirir; Oygen Veberin (1976) ifadəsi ilə desək, “kəndliləri fransızlara” çevirir. Lakin millətçiliyin kütləvi fenomen olduğu ilə bağlı razılıq mövcud olsa da, kütlələrin özləri çoxlu elmi tədqiqatlarda qəribə şəkildə yoxa çıxmışdır (Whitmeyer, 2002). Populyar millətçiliyin siyasi, iqtisadi və mədəni determinantlarına yönələn diqqət millətçiliyin populyarlığını sistemli şəkildə izah etməmişdir. Əksinə, millətlərin adından yaradılan xalqlar sadəcə olaraq özlərini milli məzmunlu mesajlarını çatdıran nümayəndələrinə uyğunlaşdırmış kimi qəbul edilir. Bu perspektivdən baxıldıqda millilik xalq arasında bərabər və dəyişməz şəkildə rezonans doğurur; millət artıq “bitmiş bir iş” (fait accompli) kimi təqdim olunur.

Lakin millət sadəcə olaraq makrostruktur qüvvələrin məhsulu deyil; o, eyni zamanda adi insanların gündəlik fəaliyyətlərdə iştirak etməsi ilə əldə olunan praktiki bir nailiyyətdir. Erik Hobsbaum (1991: 10) etiraf edir ki, millətçilik “əsasən yuxarıdan qurulur, lakin onu başa düşmək üçün eyni zamanda aşağıdan – yəni adi insanların mülahizələri, ümidləri, ehtiyacları, arzuları və maraqları prizmasından – təhlil olunmalıdır.” Bunlar mütləq şəkildə milli, daha da az dərəcədə isə millətçi olmaya bilər.” Son dövrlərdə milliliyin gündəlik həyatda necə müzakirə olunduğuna və yenidən istehsal edildiyinə, bəzən isə zəiflədildiyinə və alt-üst edildiyinə dair müzakirələrə (Herzfeld, 1997) maraq artmışdır (Billig, 1995; Edensor, 2002, 2006). Bu yanaşmalar milliliyin xalq arasında rezonansını inkar etmir. Əksinə, onlar millətlərin və insanların onlara bağlılığının necə öz-özünə aydın, şübhəsiz şəkildə mövcud reallığın bir hissəsinə çevrildiyini təsvir edirlər (Billig, 1995: 38; Edensor, 2002: 88).

Lakin milliliyin necə rezonans doğura biləcəyinə dair ümumi yollar onun əslində hansı konkret formalarda rezonans yaratdığını və əgər ümumiyyətlə yaradırsa, hansı dərəcədə yaratdığını izah etmir (Thompson, 2001: 28). Millətçiliyin gündəlik mənasını və əhəmiyyətini onun siyasi və mədəni imtiyazlı mövqeyindən çıxarmaq əvəzinə, bu məqalədəki məqsədimiz adi insanların gündəlik həyatlarının müxtəlif kontekstlərində millilik və millətçiliklə necə məşğul olduqlarını, onu necə həyata keçirdiklərini (və bəzən də necə görməzlikdən gəldiklərini və yayındırdıqlarını) araşdırmaq üçün bir tədqiqat gündəliyi formalaşdırmaqdır. Hobsbaumu izləyərək biz millətçiliyi “aşağıdan” tədqiq edirik.

Araşdırmamız milliliyin gündəlik həyatda necə qurulduğu və yenidən qurulduğu dörd formaya nəzər salır. Birincisi, millətin diskursiv konstruksiya kimi yalnız elitanın göstərişlərinə cavab olaraq deyil, həm də gündəlik həyatın təsadüfi şərtlərinə uyğun olaraq necə formalaşdığını və legitimləşdirildiyini araşdırırıq. Bu, “milləti ifadə etmək”dir: gündəlik ünsiyyətdə adi söhbətlər vasitəsilə millətin diskursiv quruluşu. İkincisi, milliliyin insanların verdiyi qərarlara necə istiqamət verdiyinə baxırıq. Bu, “milləti seçmək”dir: milliliyin adi insanların qərarlarında necə iştirak etməsi. Üçüncüsü, milli simvolların gündəlik mənalarını və onlara edilən istinadları öyrənirik. Bu, “milləti ifa etmək”dir: simvolların ritual icrası vasitəsilə milli həssaslıqların yaradılması. Dördüncüsü, adi insanların gündəlik zövqlərində və üstünlüklərində milli fərqliliyi tədqiq edirik. Bu, “milləti istehlak etmək”dir: gündəlik istehlak vərdişləri vasitəsilə milli fərqin formalaşması və ifadəsi.

Bu dörd gündəlik millətçilik forması üzrə apardığımız təhlil adi insanların millətin gündəlik istehsalında və yenidən istehsalında fəal iştirakçılar olmasının bəzi yollarını işıqlandırır. Lakin bu yanaşmalar bizə gündəlik millətçiliyin nə olduğunu daha yaxşı anlamağa imkan versə də, onun necə öyrənilməli olduğu barədə yekdil mövqe təqdim etmir. Məqalənin son hissəsində biz bu müxtəlif ənənələrdən istifadə edərək gündəlik həyatda millətin empirik əsaslı tədqiqi üçün öz metodoloji gündəliyimizi genişləndiririk. Məqsədimiz həm mikro-prosesləri, həm də makro-dinamikanı – milliliyin gündəlik təcrübəçiləri tərəfindən necə çağırıldığı və xatırladıldığı formaları – üzə çıxarmağa yönəlmiş bir tədqiqat strategiyasını tətbiq etməkdir.

Milləti ifadə etmək

Bəs millət gündəlik həyatda necə mənalı bir ifadəyə çevrilir? Əvvəla, insanlar onun haqqında danışırlar. Onlar millət uğrunda, millət haqqında və millət adından diskursiv iddialar irəli sürürlər. Kreyq Kalhunun (1997: 5) qeyd etdiyi kimi, “millətlər əsasən bu iddiaların özləri ilə, kollektiv kimliyi yaratmaq, insanları kollektiv layihələr üçün səfərbər etmək, xalqları və təcrübələri qiymətləndirmək məqsədilə bu cür iddialara söykənən danışma, düşünmə və davranma formaları ilə qurulur.” Bu baxışa görə, millət diskursiv bir konstruksiyadır. Millətçiliyin öyrənilməsinə diskurs-analitik yanaşmalar millilik anlayışlarının diskursiv aktlar vasitəsilə necə işə salındığını, formalaşdırıldığını və yayıldığını vurğulayır (Dijk, 1984; Wetherell və Potter, 1992; Wodak və b., 1999). Bu diskursiv aktlar sadəcə sosial reallığı təsvir etmir; onlar eyni zamanda həmin reallığı yaradır, adlandırdıqları anlayışları mövcudluğa gətirirlər.(Bourdieu, 1991: 223).

Əksər elmi araşdırmalar elitanın millət haqqında təsəvvürləri ifadə etməkdə və yaymaqda oynadığı mühüm rola yönəlmişdir. Bu təsəvvürlər həm xalq arasında rezonans doğurma, həm də millət haqqında ümumi qavrayışları formalaşdırma potensialına malikdir (Suny və Kennedy, 2001; Verdery, 1991). Lakin bu elita təsvirlərinin adi insanlar tərəfindən hansı dərəcədə mənimsənildiyi (və ümumiyyətlə mənimsənilib-mənimsənilmədiyi) daha az elmi diqqət qazanmışdır. Bununla paralel olaraq, millətin adi insanlar tərəfindən diskursiv şəkildə necə çağırıldığı və formalaşdırıldığı məsələsinə maraq artmaqdadır. Bu danışıq sadəcə olaraq elitanın üslublu diskurs konturlarını izləməkdən ibarət deyil; əksinə, onun yerləşdiyi gündəlik kontekstlərin məntiqinə, zərurətlərinə və narahatlıqlarına cavab verir. Bu istiqamətdəki tədqiqatlar elita diskursunu başlanğıc nöqtəsi kimi götürmür, əksinə, adi insanların millət haqqında və millətlə bağlı onlara əhəmiyyət kəsb edən şəkildə necə danışdıqlarını araşdırır.

Millət haqqında danışmaq

Son illərdə alimlər adi insanlara millətin onlar üçün nə ifadə etdiyini soruşmağa başlamışlar (Miller-Idriss, 2006; Thompson və Day, 1999; Wodak və b., 1999). Keyfiyyət müsahibə üsullarından istifadə edən tədqiqatçılar adi insanların indiyədək qeydə alınmamış millət, milli kimlik və milli mənsubiyyətlə bağlı ifadələrini öyrənməyə başlayıblar. Nəticələr göstərir ki, bu insanların millət təsvirləri sadəcə olaraq elita diskursunda təqdim edilən variantları təkrarlamır, əksinə, daha çox gündəlik narahatlıqlarının və problemlərinin axınları və ritmləri ilə səsləşir. Miller İdrissin peşə məktəblərində təhsil alan gənc alman fəhlə sinfinin nümayəndələri ilə apardığı müsahibələr onların milli qürurla bağlı diskursiv iddialarının rəsmi şəkildə alman milli hisslərinin ifadəsinə qarşı qoyulan qadağalardan necə uzaqlaşdığını və bəzən açıq şəkildə onlara meydan oxuduğunu göstərmişdir. Endrü Tompson və Qraham Dey (1999) Uelsdə adi insanlarla müsahibə apararaq onların uelsliyə dair təsəvvürlərinə necə diskursiv məzmun qazandırdıqlarını gündəlik, adi yollarla ortaya qoymuşlar. Avstriyada isə Rut Vodak və həmkarları (1999) fokus qruplar toplayaraq və dərinləşdirilmiş müsahibələr apararaq adi avstriyalıların immiqrasiya məsələləri, Avstriyanın nasist keçmişi və Avropa İttifaqı kontekstində öz milli anlayışlarını necə qurduqlarını göstərmişlər.

Maykl Billiq (1995) müşahidə etmişdir ki, millilik çox vaxt şüursuz meyllər səviyyəsində fəaliyyət göstərir (Edensorun (2002: Fəsil 3) Bordoya əsaslanaraq adlandırdığı kimi, “milli habitus”). Bunun əksinə olaraq, millətçiliyin öyrənilməsinə diskurs-analitik yanaşmalar milliliyin adi insanlar tərəfindən yaradıcı və şüurlu şəkildə necə istifadə oluna və manipulyasiya edilə biləcəyinə diqqəti yönəldir. Bu baxışa görə, millilik sadəcə olaraq şüurun gizli qıvrımlarında gizlənən, söhbət mövzusu olmadan söhbəti gizlicə yönləndirən bir şey deyil; o, eyni zamanda adi insanların millət anlayışlarına konkret ifadə verdikləri praktik bir nailiyyətdir. Millilik yalnız onların danışığını müəyyənləşdirmir; o, həm də onların danışığı ilə müəyyənləşdirilir.

Bu yollarla adi insanlar millət haqqında adətən öz-özünə aydın qəbul etdikləri anlayışlara diskursiv forma və məzmun verirlər. Gizli millilik müsahibələr və fokus qruplar vasitəsilə açıq şəkildə ifadə olunur və milliliyin diskursiv şəkildə necə qurulduğu proseslərini işıqlandırır. Sağlam düşüncənin dumanı ilə örtülmüş və ya tarixin travmaları ilə gizlədilmiş millət anlayışları bacarıqlı tədqiqatçılar tərəfindən üzə çıxarılır. Bu tədqiqatlar analitik diqqətin adi insanlara – milli diskursun sadəcə passiv istehlakçıları deyil, həm də fəal istehsalçıları kimi – yönəldilməsinin vacibliyini göstərir.

Millət ilə danışmaq

Lakin milli mövzuda danışmaq bacarığı təkbaşına insanların gündəlik həyatlarında bu cür danışığın necə spontan şəkildə baş verdiyini (və əgər ümumiyyətlə baş verirsə, hansı dərəcədə) izah etmir. İnsanlardan soruşulduqda adi insanlar millətin onlar üçün nə ifadə etdiyinə dair az-çox qəbul edilmiş mülahizələrini ifadə edə bilirlər. Amma nə vaxt onlardan soruşulur? İnsanların millət haqqında danışa bilməsi o demək deyil ki, onlar həqiqətən də danışırlar. Diskurs analitik yanaşmalar millətin gündəlik məzmununu anlamaq üçün faydalı olsa da, onun gündəlik kontekstlərini müəyyənləşdirmək məsələsində daha az izah gücünə malikdir.

Milli fəlakətlər, müharibələr və ən azı (aşağıda göstərildiyi kimi) beynəlxalq idman tədbirləri millətin gündəlik ifadəsi üçün mühüm kontekstlər yaradır. Adi insanlar aktual məsələləri açıq şəkildə milli terminlərlə dərk edir, şərh edir və onlarla özlərini eyniləşdirirlər. Lakin əksər hallarda millət adi insanların haqqında danışdığı bir şey deyil. Əksinə, danışmaq üçün istifadə etdikləri bir şeydir. Bu, millətin söhbətin obyekti deyil, əksinə, bəzən söhbətə təsir edən, milli nizam haqqında şüursuz meyl kimi mövcud olmasıdır. Bu mənada millət dünyanı ayrı-ayrı etno-mədəni vahidlərə problemsiz və təbii şəkildə bölən bir görmə, etmə, danışma və olma formasıdır (Brubaker, 2004). O, yalnız söhbət mövzusu deyil, həm də digər söhbət mövzularını anlamaq, çətinlikləri izah etmək və sosial fərqliliyi nizamlamaq üçün diskursiv şəkildə istifadə oluna bilən mədəni sxemadır (Gamson, 1992). Milli çərçivələr diskursiv şəkildə işə salındıqda, sosial aktorlar milli aktorlara çevrilir, müxtəlif hadisələr milli hadisələrə çevrilir və gündəlik hekayələr milli hekayələrə çevrilir.

Millət zaman və məkan boyunca eyni şəkildə rezonans doğurmur; o, müəyyən insanlar üçün yalnız müəyyən dövrlərdə və xüsusi formalarda əhəmiyyət kəsb edir. Beləliklə, sual “millət nədir?”dən “millət nə vaxtdır?”a çevrilir. Yəni, hansı situasiyalarda millət kateqoriyası adi söhbət və qarşılıqlı əlaqə üçün əhəmiyyətli çərçivəyə çevrilir? Cavab isə göründüyü qədər tez-tez deyil. Əksər hallarda millilik insanların özlərini, qarşılıqlı münasibətlərini və ya çətinliklərini anlama çərçivəsi olmur. Məsələn, Rumıniyanın Kluj şəhərində, macar azlığın yaşadığı bölgədə təhsil alan rumın universitet tələbəsi Kornel misal ola bilər. Kornel danışır ki, dostu “Şoni”nin macar olduğunu anlaması üçün bir il vaxt lazım olub. O belə izah edir: “Ümumiyyətlə aksenti yox idi. Onu tanıdığım ilk il ərzində macar olduğunu bilmirdim. Bilirdim ki, adı ‘Şoni’dir, ona görə də dedim: ‘Şoni, sən macar dilində danışırsanmı?’ – ‘hə, danışıram’… Amma onun yalnız rumın dostları vardı. Bir il keçəndən sonra başa düşdüm ki, o, macardır.” Qardaşı isə onu ələ salaraq deyib: “Bir ildən sonra gəlib deyir ki, ‘bəlkə o, macar imiş?’” Şoni [macarca ‘Şanyi’] vurğusuz rumınca danışaraq, milliyyət baxımından neytral sosiallaşaraq və açıq şəkildə macarlığını qabartmayaraq Kornel üçün etnomilli baxımdan görünməz qalmışdır. Məsələ onda deyildi ki, Şoni macar deyildi – o, macar idi. Sadəcə olaraq, onun macarlığı Kornellə münasibətlərində təcrübə baxımından diqqətəçarpan xüsusiyyətə çevrilməmişdi (Fox, 2004b: 115–61; bax: Riçard Cenksin (1997: 56) “nominal” və “virtual” kimliklər arasında fərqləndirməsi).

Millilik insanların bütün qarşılıqlı münasibətlərini hər zaman müəyyənləşdirmədiyi üçün adi insanlar tərəfindən diskursiv şəkildə çağırıldığı gündəlik kontekstlərin müəyyənləşdirilməsi zəruridir. Brübeyker və başqalarının (2006) Rumıniyanın Kluj şəhərində apardığı etnoqrafik tədqiqat dostlar, qonşular, sinif yoldaşları və həmkarlar arasındakı münasibətlərin necə ani olaraq etnik və ya etniklərarası münasibətlərə çevrildiyini izləyib. Gerd Baumanın (1996) Londonun fəhlə sinfi məhəlləsindəki immiqrantlarla bağlı etnoqrafiyası da eyni şəkildə göstərir ki, icma ilə bağlı yerli anlayışlar gündəlik həyatın məntiqi və ritmlərinə uyğun olaraq formalaşır. Macarıstanda isə əmək miqrasiyası Rumıniyadan gələn etnik macar miqrant işçilərə eyni ada sahib ev sahiblərindən milli baxımdan fərqləndikləri yeni mənsubiyyət formalarını ifadə etmək və genişləndirmək imkanı yaratmışdır (Fox, 2007). Bu kimi tədqiqatlar milliliyin diskursiv şəkildə həyata keçirilməsi və qurulmasını gündəlik həyatın adi kontekstlərinə yerləşdirmişdir.

Amma kontekstlər yalnız gündəlik fəaliyyət sahələri kimi başa düşülmür; onlar həm də bu fəaliyyətlər zamanı vaxtaşırı baş verən ötəri mikro-qarşılıqlı əlaqə və diskursiv anları da əhatə edir. Son dövrlərdə artan sayda tədqiqat göstərir ki, dil və digər eşidilən və vizual işarələr gündəlik qarşılıqlı münasibətlərdə kateqoriya mənsubiyyətinin dərk olunmasına səbəb olur. Əvvəllər Kornel qeyd etmişdi ki, Şoninin “ümumiyyətlə aksenti yox idi.” Əgər onun aksenti olsaydı (və ya ilk başdan macar dilində danışsaydı), çox güman ki, Kornel üçün Şoni daha aşkar şəkildə macar görünərdi. Dilin etnomilliliyin meyarı kimi qəbul edildiyi kontekstlərdə vurğu, intonasiya və sintaksis kimi dil qaydaları etnomilli mənsubiyyətin siqnalları ola bilər (Giles, 1979: 255–9; Gumperz, 1982: 32–3). Texniki Universitetdə təhsil alan digər macar tələbə Qabor isə zəif rumınca biliklərinin onun rumın həmyaşıdları tərəfindən macar kimi tanınmasına səbəb olduğunu bildirmişdir. O, israrla deyirdi: “Onlar bilirdilər, hamı bilirdi ki, mən macaram, macar olduğumu bilməmək mümkün deyildi. Mənim rumınca pis danışmağımdan dərhal başa düşürdülər… elə bil qaradərili idim. ‘O, macardır…’ – bu, hamı üçün tamamilə aydın idi.” Beləliklə, Şoni/Şanyi-nin qüsursuz rumın dili onun macarlığını gizlətdiyi halda, Qaborun vurğulu rumın dili onun macarlığını aşkar etmişdi.

Əlbəttə ki, əksər hallarda dil milliyyət xaricində informasiya ötürür. Lakin müəyyən kontekstlərdə danışılan dilin seçimi və ya onun danışılma tərzi etnomilli icmaya mənsubiyyəti ifadə edir. Kataloniyada Ketrin Vulard (1989) göstərmişdir ki, ispan və katalan dilləri arasında gündəlik keçidlər etnik mənsubiyyətləri müvəqqəti olaraq aşkar edir. Oxşar şəkildə, Monika Hellerin (1999) Kvebekdən apardığı tədqiqat göstərmişdir ki, danışılan fransız dili həm istifadə olunur, həm də fransızlığı formalaşdıran element kimi qəbul edilir. Katerin Cons (2001) isə ABŞ-də yaşayan ingilislərin ingilis vurğularını şüurlu şəkildə necə istifadə edərək ingilisliklərini başqalarına qorumaq və nümayiş etdirmək strategiyalarını araşdırmışdır. Bu diskursiv strategiyalar və dil qaydaları gündəlik danışıq və qarşılıqlı əlaqədə milliliyi müvəqqəti olaraq önəmli edir. Onlar nominal olaraq etniklərarası olan qarşılıqlı əlaqələri təcrübə baxımından etniklərarası münasibətlərə çevirir.

Bu, milliliyin gündəlik həyatın rutin kontekstlərində mənalı şəkildə təcəssüm etdiyi, ifadə olunduğu və bəzən ifa edildiyi formasıdır. Millət diskursiv bir konstruksiya olaraq yalnız birbaşa diskursiv iştirak vasitəsilə deyil, həm də söhbət və qarşılıqlı əlaqələr vasitəsilə dolayı olaraq da yenidən istehsal olunur. Bu, adi insanların özləri və ətrafları haqqında danışaraq dünyaya milli baxışı əks etdirən və yenidən istehsal edən praktiki nailiyyətidir (Fox, 2004a). Bunlar gündəlik həyatda milliliyin çağırılması və təkrar yaradılması üçün mikro-parametrlərdir.

Milləti seçmək

Millilik həmçinin insanların verdiyi qərarlarda da iştirak edir. İnsanlar seçim imkanları milli terminlərlə müəyyənləşdirildikdə milləti “seçirlər”. Millətçi qəzet oxumaq və ya uşağını azlıq dili məktəbinə göndərmək bu baxımdan milli seçimlər kimi təsvir edilə və təcrübə edilə bilər. Millilik həmçinin digər (qeyri-milli) seçimlərin təsadüfi nəticəsi ola bilər. Beləliklə, evlilik partnyorunu seçmək (və ya təsdiqləmək) və ya dostlarla ünsiyyət qurmaq mütləq açıq şəkildə milli olmasa da, gələcək seçimlərin trayektoriyasını milliliyi aidiyyətin diqqətəçarpan ifadəsi kimi gücləndirəcək şəkildə strukturlaşdıra bilər.

Milli seçimlər etmək 

Tədqiqatlar getdikcə artır ki, institutlar və onların təşkilatı məntiqi təcrübəni necə formalaşdırır (Brinton və Nee, 1998; Powell və DiMaggio, 1991). Milli məntiqə uyğun təşkil olunmuş institutlar dünyaya milli baxışı legitimləşdirir və yayırlar (Brubaker, 1996). Uels və Kvebekdə milli standartlarla müəyyən edilmiş məktəblərdən tutmuş Kataloniya və Cənubi Tirolda özünüidarəyə qədər təhsil, media, dövlət, mədəni, dini və digər institutlar milli məntiqə uyğun olaraq rəsmi və ya qeyri-rəsmi şəkildə təşkil edilə bilər. Bu institutlar onlarla qarşılaşan insanlara milli olaraq müəyyən edilmiş seçimlər menyusu təqdim edir. Məsələn, Transilvaniyada macar azlıq məktəbləri və (de fakto) kilsələr rumın əksəriyyətinə məxsus olanlarla yanaşı fəaliyyət göstərir. Uşağını macar məktəbinə göndərmək və ya Rumın Pravoslav kilsəsində evlənmək barədə qərarlar valideynlər və həyat yoldaşlarını müvəqqəti olaraq (bəzi hallarda davamlı olmasa da) rumın və macar olmaq imkanları ilə üzləşdirir. Milli mənsubiyyət insanların institutlar vasitəsilə qəbul etdiyi seçimlərdə iştirak edir – və bəzən açıq şəkildə nəzərdən keçirilir, müzakirə olunur və debat edilir (Brubaker və b., 2006: 272–3, 297).

Bir tərəfdən, milli əsaslarla müəyyən edilmiş institutlar iştirakçılarına simvolik mükafatlar təqdim edə bilər: milli olmaq (və ya milli hala gəlmək) imkanı. Bəzi hallarda, uşağını milli azlığa məxsus məktəbə göndərmək assimilyasiyaya qarşı bir növ sığorta kimi qəbul edilə bilər. Digər tərəfdən, institutlar iştirakçılarına maddi mükafatlar da təqdim edə bilər: milli olmaq (və ya milli hala gəlmək) stimulu. Dünyanın bir çox yerlərində milliyyət və etniklik institutlar tərəfindən qəbul edilmiş, işlək hala gətirilmiş və iddia irəli sürməyin üstün dili kimi legitimləşdirilmişdir (Koopmans və Statham, 1999; Olzak və Nagel, 1996). ABŞ-də pozitiv diskriminasiya proqramları, Kanadada multikulturalizm və Niderlandda pillələşmə (pillarization) sosial mühiti etnomədəni bir landşaft kimi yenidən adlandırmış və bölmüşdür. Bu kontekstlərdə “kimin nə əldə etdiyi” sualı etnonasional baxımdan “kimin nə olduğu” ilə müəyyən edilə (və ya belə qəbul edilə) bilər (bax: Banton, 1983).

Adi insanların bu institutlarla qarşılaşmasında milli və etnik bağlılıqlar birdən-birə dəyər qazanır. Milli və ya etnik meyarlara görə maddi üstünlüklər təqdim edən institusional quruluşlar iştirakçıları milliyyəti və ya etnikliyi bu üstünlüklərə çıxış əldə etmək üçün strateji şəkildə istifadə edilə bilən (və ya gizlədilə, manipulyasiya oluna bilən) bir resurs kimi görməyə təşviq edir. Beləliklə, ABŞ-də 1960–1970-ci illərdə siyasi imkan strukturlarının etno-irqi meyarlara uyğun şəkildə yenidən formalaşdırılması “yerli amerikalı” anlayışını maddi və sonda simvolik baxımdan yaşana bilən bir aidiyyat kateqoriyası kimi təşviq etmiş, hətta yenidən icad etmişdir (Nagel, 1996). Sovet İttifaqının dağılmasından sonra Baltikyanı ölkələrdə dilin vətəndaşlıq üçün əsas meyar kimi qəbul edilməsi etnik azlıq olan rusları yaşadıqları ölkələrin titular dillərini öyrənməyin faydalarını yenidən hesablamağa məcbur etmişdir (Laitin, 1998). Rumıniyada isə “multikultural” Babeș-Bolyai Universitetində etnik azlıq tələbələri üçün qəbul kvotaları abituriyentləri qəbul şanslarını artırmaq üçün azlıq statusunu nəzərdən keçirməyə və iddia etməyə sövq etmişdir (Fox, 2004b). İnsanlar həqiqi və ya simvolik olaraq qutuları işarələməklə etnonasional kimliyi “seçir”, onu müvəqqəti şəkildə çağırır və maddi baxımdan önəmli edir. Beləliklə, əvvəllər az simvolik əhəmiyyətə malik aidiyyət kateqoriyaları yenidən bölüşdürmə siyasəti ilə əlaqələndirildikdə maddi nəticələr doğura bilər.

Lakin bu, milli çalarlarla işarələnmiş institutların həmişə milliliyi təcrübə baxımından ön plana çıxardığı demək deyil. Həmişə belə olmur. Bir çox hallarda insanların qarşılaşdığı institutlar maddi (və ya simvolik) mükafatlara açılan qapılar kimi deyil, sadəcə çeşidləmə mexanizmləri kimi qəbul edilir. Məsələn, Rumıniyada universitetin macar bölməsində təhsil alan transilvaniyalı macar tarix tələbəsi Kriştina heç vaxt rumın bölməsinə yazılmağı düşünmədiyini izah edirdi. O, təəccüblə “Niyə rumınca oxumaq istəyim ki?” deyirdi. Onun üçün Transilvaniya “Macar bölgəsidir, macar mənim ana dilimdir, mən macar dilini rumıncadan daha yaxşı bilirəm, bəs onda niyə?” Bütün həyatını yalnız macar azlıq məktəblərində oxuyaraq keçirən Kriştina universitetdə təhsilini macarca davam etdirməyi xüsusi bir seçim kimi etməmişdi. O, sadəcə tarix oxumağı seçmişdi. Belə bir seçimin institusional olaraq müəyyən edilmiş macar mühitində edilməsi isə onun üçün öz-özlüyündə aydın idi (Fox, 2004b: 87–8; həmçinin bax Brubaker və b., 2006: 272–73).

Azlıq məktəbini seçmək, bir mənada, tualet seçmək kimidir: qapılardakı işarələr insanlara hara getməli olduqlarını göstərir. Bu mənada “seçim” demək olar ki, “seçim” deyil: bu, düşünülməmiş, avtomatik bir prosesdir. Millilik şüursuz bir meyl kimi fəaliyyət göstərir: o, insanların seçimlərinin əsasını təşkil edir, amma bu seçimlərin şüurlu həlledici amilinə çevrilmir (Bourdieu, 1977: 166; Bourdieu və Passeron, 1977: 54–67; həmçinin bax Foucault, 1995[1977]: 177–84, “normallaşma” anlayışı). Lakin milliliyin bu cür gizlədilməsi onun zəifləməsi demək deyil. Əksinə, institutlar milliliyi sosial dünyanın təbii və dəyişməz bir elementi kimi yenidən istehsal etməklə öz milli məntiqini güclü şəkildə möhkəmləndirirlər (Billig, 1995: 37–42). Millilik insanların seçimlərinin məzmununu yox, parametrlərini müəyyən edir.

Seçimləri milli etmək

İnstitutlar yalnız giriş anındakı seçimləri strukturlaşdırmır; onlar həmçinin öz hüdudları daxilində və xaricində baş verən sonrakı seçimləri də vasitəçiliklə formalaşdırır. Dostluq və partnyor seçimi insanların daxil olduqları institutların məntiqinə görə dərin şəkildə qurula bilər. Milli cəhətdən sərhədləri müəyyənləşdirilmiş institutlar sosial münasibətlərin formalaşması və təkrar istehsalı üçün milli məntiqlərə uyğun bir şablon təqdim etməklə milliliyi güclü, lakin əsasən görünməz bir parametrə çevirir (Brubaker və b., 2006: 273–5). Onlar sosial münasibətləri qarşılıqlı əlaqənin sərhədlərini və qaydalarını müəyyən etməklə formalaşdırır (Bourdieu və Passeron, 1977; həmçinin bax: Bourdieu, 1977: 164–7; Foucault, 1995[1977]: 177–84).

Milli çərçivələrlə məhdudlaşdırılmış mühitlərdə seçimlər adətən qeyri-milli meyarlara əsasən edilir. Yuxarıda adı çəkilən Kriştinanın sinif yoldaşı Emese universitetdə digər macarlarla ünsiyyət qurmağı onlar macar olduqları üçün seçmirdi. O, sadəcə olaraq, onlar orada olduqlarına görə seçirdi. Dostluq seçimləri başqa meyarlara əsaslanırdı: “ilk növbədə oğlanlar və qızlar,” – deyə o izah edirdi, – “sonra isə ortaq maraqlar, məsələn, mənim yaxşı yola getdiyim bir qız var, çünki biz eyni filmləri sevirik, eyni mühazirələrə gedirik, bir çox ortaq cəhətlərimiz var.” Milli cəhətdən müəyyənləşdirilmiş institutlarda insanlar dostlarını milli yaxınlığa görə seçmək məcburiyyətində deyillər, çünki institutlar, əslində, bunu onlar üçün edir (Fox, 2004b: 113–16). Millilik dostluq seçimlərini təcrübəvi şəkildə çərçivəyə almır; əksinə, bu, milli institutlar tərəfindən vasitəçilik edilən şüursuz seçimlərin təsadüfi nəticəsi kimi ortaya çıxır (bax: Tilly, 1998: 79–83).

Beləliklə, insanların seçimləri milli duyğuların həyata keçirilməsi və təkrar istehsalı üçün mühüm anlara çevrilə bilər. Adi insanlar milli seçim menyusu təqdim edən institutlarla qarşılaşdıqda millilik onların qərarlarında təcrübəvi baxımdan əhəmiyyətli bir çərçivəyə çevrilə bilər. Eyni zamanda, həmin insanlar artıq milli çərçivələrlə məhdudlaşdırılmış institutların içində olduqda millilik onların sonrakı seçimlərinin məntiqini səssizcə qurur. Bu, milliliyin yalnız insanların milli mülahizələrinin praktik nəticəsi kimi deyil, həm də digər institutlar vasitəsilə yönləndirilmiş seçimlərin təsadüfi (amma davamlı) nəticəsi kimi formalaşdığını göstərir. Millilik həm insanların seçimlərini formalaşdırır, həm də onların seçimlərindən formalaşır.

Milləti göstərmək

Millilik gündəlik (və qeyri-gündəlik) həyatın ritual ifalarında da simvolik məna qazanır. Simvollar mənaların hadisələrə yükləndiyi və insanlar ilə obyektlər arasında bağlılıqların qurulduğu mədəni şifrələrdir (Geertz, 1973: 216). Milli simvollar – bayraqlar, himnlər, heykəllər və abidələr – millətin səliqə ilə paketlənmiş ifadələridir: onlar insanları millətə bağlayan əsas dayaqlardır (Cerulo, 1995; Smith, 1986). Rituallar isə bu simvolik bağlılıqların vizual və eşidilən şəkildə reallaşması üçün imkan yaradır. Milli simvolların xareoqrafik nümayişi və kollektiv icrası vasitəsilə iştirak edənlər bir anlıq güclənmiş milli birliyin fərqindəliyində birləşirlər. Kütlənin yaratdığı enerji fərdi müvəqqəti olaraq kollektiv içində əridir və bu zaman “kollektiv coşqu” təcrübəsi formalaşır (Durkheim, 1995[1912]: 217–18; həmçinin bax: Turner, 1969: 132–6, 153 – “spontan kommunitas” anlayışı). Bu cür coşqu dolu təcrübələr nadir və qısamüddətli olsa da, onlarda iştirak edən adi insanların milli duyğularına daha qalıcı təsir göstərə bilir.

Bu, gündəlik həyatın bayağılığı ilə deyil, onu yaşayan adi insanlarla xarakterizə olunan bir təcrübədir. Əslində, bu hadisələr gündəlik sahəyə aid deyil; tərifcə, onlar qeyri-adi hadisələrdir. Onlar nadir hallarda baş verir və həyatın monotonluğunu müəyyən, sabit aralıqlarla pozaraq milli şüurun bərkiməsi üçün süni olaraq yaradılmış fürsətlər rolunu oynayır (Mosse, 1975). Milli simvollarla – bayraqlar, plakatlar, mahnılar və çıxışlarla – bəzədilmiş ictimai məkanlar milli həmrəyliyin təşkilinə və yaşanmasına şərait yaradan açıq şəkildə milli çərçivələr təqdim edir (simvolların və ritualların inteqrativ funksiyası üçün bax: Turner, 1967, s. 22, 48–50). Birlikdə oxunan mahnılar, səslənən şüarlar, açılan plakatlar və dalğalanan bayraqlar bir anlığa insanları bir-birinə bağlayan telləri həm görünən, həm də eşidilən edir (Cerulo, 1995). Dürkheym (1995[1912]: 231–2) bunu belə izah edir:


“Cəmiyyətin sosial birliyini aşkar ifadə etmək bu birliyi hər kəs üçün daha da hiss edilən edir… Emblem yalnız cəmiyyətin özünü dərkini aydınlaşdırmaq üçün əlverişli vasitə deyil, o, həm də bu özünüdərki yaradır və onun qurucu elementidir… Eyni qışqırığı qışqırmaq, eyni sözləri demək, eyni hərəkəti eyni obyektə yönəltməklə insanlar razılığa gəlir və onu yaşayırlar.”

Beləliklə, milli bağlar yalnız ritual icrası vasitəsilə şəffaflaşmır; onlar məhz kollektiv ifa aktı ilə qurulur.

İstər Nürnberqdə nasistlərin təşkil etdiyi müqəddəs liturji mərasimlər (Mosse, 1975), istər Romada italyan faşistlərinin qurduğu təmtəraqlı səhnələr (Berezin, 1997), istərsə də Sovet İttifaqında Qırmızı Meydanda nüvə raketləri və bayraqdarların paradı ilə müşayiət olunan təmtəraqlı nümayişlər (Petrone, 2000), yaxud sadəcə ABŞ-də 4 İyul münasibətilə keçirilən atəşfəşanlıq və həyətdə təşkil olunan barbekülər (Spillman, 1997) olsun, milli bayramların qeyd olunması milli bağların təsdiqi və yenidən təsdiqi üçün əsas məkan rolunu oynayır.

Qarışıq mesajlar

Lakin bu ictimai tədbirlərin açıq-aşkar milli məzmun daşıyan quruluşu özü-özlüyündə milli həmrəyliyin yaranmasını təmin etmir. Milli simvollar və onları təqdim edən rituallar haqqında araşdırmaların əksəriyyəti onların elita tərəfindən hazırlanmasına diqqət yetirib. Halbuki həmin simvolların mənalarının tədbirdə iştirak edənlər tərəfindən necə qəbul edildiyi, şərh olunduğu, müzakirə edildiyi və formalaşdırıldığı heç də hər zaman elitanın niyyətlərinə uyğun gəlmir. Simvolların ötürdüyü milli mesajlar qarışıq olur. Bəzən isə, ümumiyyətlə, nəzərə alınmır (Kolstø, 2006). Bu qarışıqlıq onların təbiətən çoxsəslilik və çoxmənalılığından irəli gəlir: müxtəlif insanlara müxtəlif vaxtlarda müxtəlif məna ifadə edirlər. Dövlət və ya siyasi qurum simvollara milli məna yükləməkdə üstün mövqeyə malik olsa da, onların mənaları və təsirləri həmişə auditoriya tərəfindən danışıqlara və yenidən yozumlara açıq qalır. İnsanlar yalnız milli mənaların istehlakçıları deyil, eyni zamanda onların şərti istehsalçılarıdır.

Milli bayramların mənası və insanların onlardan necə istifadə etməsi, bu tədbirlərin təşkilatçılarının niyyətlərindən sadəcə çıxarıla bilməz (Kligman, 1983). Məsələn, ABŞ-də 4 iyul bayramı Dürkheymin təsvir etdiyi kimi “kollektiv coşqu” yaradırmı? Bastiliya gününü qeyd edən fransız vətəndaşları həqiqətən də “liberté, égalité və fraternité” prinsiplərini yaşayır və formalaşdırırlarmı? Milli bayramlar hər zaman kütlələrdə milli ehtirasları alovlandırmır. Əksinə, bu tədbirlər çox vaxt ailəvi gəzintilər və ya istehlak xərcləri üçün fürsətə çevrilir, milli qürurun ictimai təsdiqi olmur. Bu cür bayramlarda istifadə olunan milli simvollar bir çox insanlar tərəfindən rəsmi şəkildə yüklənmiş, milli dəyərlərini itirmiş, kommersiyalaşdırılmış aksesuarlar kimi görülür. Dünyanın başqa yerlərində isə rəsmi bayram tədbirləri etiraz və mübarizə məkanına çevrilir. Bayraqlar yellənmək əvəzinə yandırılır, milli simvollar isə inqilab etmək istəyənlər tərəfindən subvertasiya olunur. Bu gözlənilməz hallar milli simvolların milli sədaqəti aydın şəkildə yaratmaq qabiliyyətini zəiflədir (Fox, 2006: 221–22).

Bu, milli həmrəyliyin artıq ictimai şəkildə nümayiş etdirilmədiyini göstərmir. Sadəcə məkan dəyişib. Milli bağlılıqlar çox vaxt rəsmi bayram tədbirlərində deyil, beynəlxalq idman yarışlarının meydanlarında formalaşır. Həqiqətən də bir çox ölkədə milli təxəyyülü cəlb edən və kütlələrin milli ehtiraslarını alovlandıran bayramlar deyil, idmandır. Analitik diqqəti milli simvolların istehsalçılarından gündəlik istehlakçılarına yönəltmək bu simvolların adi insanlar tərəfindən istifadə edildiyi və dəyişdirildiyi məkanları araşdırmağı da tələb edir.

Dünya Kuboku, Olimpiya Oyunları və digər beynəlxalq idman yarışlarının qlobal profilləri kollektiv mənsubiyyətin təşkili və yaşanması üçün açıq şəkildə milli çərçivələr təqdim edir. Azarkeşlər öz komandalarına sadiqliklərini ölkələrinin simvolik atributlarını – bayraqları, himnləri, rəngləri, hətta mifləri – istifadə edərək göstərirlər. Adətən milli bağlılığa böyük maraq göstərməyən insanlar belə idman yarışlarında ehtirasla bu bağlılıqlarını nümayiş etdirə bilirlər. Olimpiya medal mərasimlərində bayraqların qaldırılması və himnlərin oxunması azarkeşlərin göz yaşlarına səbəb ola bilir. 11 sentyabrdan sonra bəzi beysbol oyunlarının fasilələrində “God Bless America” mahnısının oxunması da eyni emosional reaksiyaları doğurmuşdu. Dünya Kuboku oyunlarında azarkeşlərin sevinci isə demək olar ki, misilsizdir. Bu hallarda azarkeşlər bir anlıq millətin fiziki təcəssümünə çevrilirlər. Eyni mahnıları oxuyaraq, eyni şüarları səsləndirərək və oyunların ritmlərinə ahəngdar şəkildə cavab verərək – üzlərini boyayaraq, çiyinlərinə bayraq salaraq, milli rənglərdə şərflər, köynəklər və jaketlər geyərək – onlar milli bağlılıqları həm fiziki şəkildə ifadə edir, həm də nümayiş etdirirlər.

İdmanın milli bayramların edə bilmədiyini bacarmasının səbəblərindən biri yarışın özündə mövcud olan dramadır (Elias və Dunning, 1986: 40–8). Bu drama tamaşaçıları baş verən hadisələrə diqqət kəsilməyə vadar edir və onlara kollektiv iştirak üçün ortaq bir fokus (milli rənglərlə bəzədilmiş) təqdim edir. Erik Hobsbaumun (1991: 143) qeyd etdiyi kimi: “Milyonlarla insanın təsəvvür edilən icması on bir nəfərlik komanda şəklində daha real görünür; futbol komandası milləti təcəssüm etdirir və konkretləşdirir” (bax: Eriksen, 1993: 10–11). Televiziya vasitəsilə isə bu təsəvvür edilən icmanın sərhədləri stadionların divarlarını aşır. Dünyanın hər yerində barlarda və evlərdə ekran qarşısında oturan azarkeşlər eyni anda həyəcan, gərginlik, ümid və məyusluğu yaşayırlar. Bu ortaq təcrübələr onları məkan baxımından pərakəndə, lakin televiziya vasitəsilə virtual olaraq birləşmiş və yarışın davametmə müddəti ilə məhdudlaşan bir icmaya çevirir (Moores, 1993: 86–8). Bu isə kütlələri cəlb edən millətçilikdir.

İtirilmiş mesajlar

Amma nə idman yarışları, nə də bayram mərasimləri iştirak etməyən və ya onları izləməyənlərin sadiqliyinə iddia edə bilməz. Milli bayram mərasimləri daha çox xalqın iştirakı ilə deyil, elmi araşdırmalarla diqqət çəkir. İdman isə millətin açıq-aşkar kişi mərkəzli bir versiyasını yaradır və təkrar istehsal edir. Bu tədbirlərdə nümayiş olunan milli simvolların mənaları onların potensial auditoriyasının böyük bir hissəsi tərəfindən sadəcə olaraq nəzərdən qaçırılır. Nə qədər incə şəkildə təşkil edilsə və ya yaradıcı formada yönləndirilsə də, milli bayramlar və idman tədbirləri yalnız fiziki və ya virtual olaraq orada iştirak edənlər üçün həmrəylik yarada bilər.

Ən təsirli simvollar belə heykəllərdə, abidələrdə və görməli yerlərdə əbədiləşdirilsə də,  diqqət cəlb etmə gücünə görə fərqlənirlər (Brubaker və b., 2006: 145–6). Yeni olduqda belə simvollar ictimai təxəyyülü ovsunlaya, insanlarda milli qürur hissi oyada bilər. 11 sentyabrdan (9/11) sonra ABŞ-də bayraqların (və vətənpərvərlik coşğusunun) sayı partlayış kimi artdı. Onsuz da Amerika milli mənzərəsinin əsas atributlarından olan bayraqlar misilsiz şəkildə çoxaldı: eyvanlardan asıldı, maşın pəncərələrinə bərkidildi, reklam lövhələrinə yapışdırıldı, paltarlara tikildi. Bir müddət bu qırmızı, ağ və mavi partlayışını görməmək qeyri-mümkün idi. Amma yalnız bir müddət. Zaman keçdikcə qeyri-adi adi ilə qarışaraq yeni bir “bayraq daşıma standartı” kimi Amerikanın şüuruna hopdu. Rəngləri soldu, kənarları cırıldı, vaxtilə milli bağlılıq doğuran simvollar tanış mühitin fonunda kamuflyaj oldu. Zaman keçdikcə bayraqlar mühitin adi, diqqət tələb etməyən bir hissəsinə çevrildi. Bir vaxtlar görməməzlikdən gəlmək mümkünsüz idisə, indi görmək mümkünsüz oldu. Bu cür simvollar hədəfə çatmır. Görülməyən, eşidilməyən və hiss edilməyən simvollar milli bağlılıq yaratmır və yarada da bilməz. Lakin bu, onların tamamilə təsirsiz olması demək deyil. Əslində, bayraqların coşqu ilə yelləndirildiyi, abidələrin ehtiramla yad edildiyi, milli himnlərin qürurla oxunduğu anlar çox nadirdir. Çox vaxt simvollar gücünü başqa, daha görünməz (bəzən də xoşagəlməz) yollardan alır. Binalardan süst şəkildə asılan, ağac və ya fənər dirəkləri qədər gözəgörünməz olan bayraqlar təsirli olurlar. Ona görə yox ki, diqqət çəkirlər, əksinə, ona görə ki, diqqət çəkmirlər. Bu simvollar gizlicə millətlərin dünyasını qurur və qanuniləşdirir, lakin tənqidi yanaşma tələb etmir. Mixael Billixin (1995: 38) izah etdiyi kimi:


“Milli kimlik möhkəmlənmiş dövlətlərdə ona görə xatırlanır ki, o, gündəlik həyatın rutinlərinə hopub, daim onu xatırladır və ya milliliyi ‘bayraqlayır’… Bu xatırlatmalar o qədər çoxdur və ictimai mühitin o qədər tanış bir hissəsinə çevrilib ki, onlar düşünülmüş şəkildə deyil, mexaniki olaraq işləyirlər. Yəni xatırlama xatırlama kimi yaşanmadığına görə, əslində, unudulmuş olur.”

Beləliklə, bayraqlar milli sehrini göstərməsi üçün mütləq salamlanmalı və ya yellənməli deyil. Milliliyin demək olar ki, tamamilə adi həyatın sahəsinə hopması nadir və möhtəşəm çağırışlarından daha çox onun gündəlik gücünün sübutudur.

Bəzi rituallar da bu “adi həyat” sahəsinə aiddir. Məsələn, bayraq mərasimləri və ya məktəb tədbirləri milli mənsubiyyətin yüksəlmiş şəkildə yaşanması üçün yox, milli duyğuların gizli şəkildə yenidən istehsalı üçün keçirilir (Kolstø, 2006: 677–8). ABŞ-dəkı siniflərdə dərs gününün başlanğıcında səsləndirilən andiçmə mərasimi atəşfəşanlığa və ya nümayişkarlığa deyil, millətin düşünülməmiş və sualsız şəkildə icra edilən performansına əsaslanır (Rippberger və Staudt, 2003). Bu ritual xarakterli milli mətinin hər gün təkrar edilməsi kollektiv coşqu təcrübəsi yaratmır. Əksinə, cansıxıcı, mexaniki və soyuq şəkildə yerinə yetirilən bu təkrar millət qarşısında edilən bir “səcdə”dir; şagirdlərdə millət anlayışına qarşı sorğusuz-sualsız sadiqlik formalaşdırır. Onun təsirliliyi anlarla deyil, ömürlərlə ölçülür.

Milli simvolların sadə insanların həyatına toxunduğu çoxlu yollar mövcuddur: qeyri-adidən adiyə, açıq-aşkardan diqqətdən yayınana, dərin mənalıdan gündəlik və sadə olana qədər. Lakin milli simvollar və onların ritual platformaları ilə bağlı tədqiqatların böyük hissəsi ya onların formal xüsusiyyətlərinə, ya da elita tərəfindən yaradılmasına yönəlmişdir. Simvolların xalq arasında daşıdığı mənanı və təsir gücünü anlamaq üçün baxış bucağı onların gündəlik həyatında bu simvollarla qarşılaşan, onları izah edən və eyni zamanda görməzlikdən gələn və uzaqlaşdıran sadə insanlara yönəldilməlidir (Fox, 2006; Zubrzycki, 2006).

Milləti istehlak etmək

Millətlər nə təbii, nə də daimi verilmiş həqiqətlərdir; onlar siyasi mübahisələrin və tarixi şərtlərin məhsulu olan sosial konstruksiyalardır. Onlar müxtəlif standartlaşdırma, universallaşdırma, bürokratlaşdırma və mədəni indoktrinasya proseslərinin dövlətlər və onların nümayəndələri tərəfindən az və ya çox dərəcədə koordinasiya olunmuş nəticəsi (bəzi hallarda isə gözlənilməz nəticəsi) kimi meydana çıxır. Gördüyümüz kimi milli bayramlar milli həmrəylik yaratmaq və onu təkrar istehsal etmək üçün hazırlanır və icra olunur. Muzeylər isə milləti daha statik şəkildə təqdim edir, xalqı, məkanları və hadisələri vahid milli narrativə toplayaraq baxılması, öyrənilməsi, xatırlanması və ehtiram göstərilməsi üçün sərgiləyir (Anderson, 1991; Zubrzycki, 2006). Dövlətə məxsus media da milli ideologiyaların yaradılmasında və milli ideyaların yayılmasında mühüm rol oynayır (Moores, 1997). Məktəblər isə, bəlkə də, millətin məzmununun və sərhədlərinin formalaşdırıldığı və ötürüldüyü ən vacib məkandır (Bourdieu və Passeron, 1977; Weber, 1976). Onların rəsmi şəkildə təsdiqlənmiş tədris proqramları, dərsliklərdə toplu şəkildə təqdim olunan materiallar, milli simvollarda əks olunan mənalar və ritual praktikalarında icra edilən davranışlar şagirdlərə millətin dəyərlərini, miflərini və normalarını aşılayır (Hahn, 1998; Soysal və Schissler, 2005). Birlikdə götürüldükdə, dövlətin bu az və ya çox dərəcədə koordinasiya olunmuş səyləri millətə narrativ quruluş, daxili bütövlük və emosional güc verir.

Millətçilik bu mənada bir istehsal aktıdır. Bəs onda onun istehlakçıları kimlərdir? Tarix boyu millətçilər xalqı milli dəyərlərin əsas daşıyıcısı və milli ənənələrin qoruyucusu kimi görsələr də, xalq özünü həmişə bu şəkildə qəbul etməyib. Sadə insanlar sadəcə olaraq millətin tənqidsiz istehlakçıları deyillər, onlar gündəlik istehlak aktları vasitəsilə eyni zamanda onun yaradıcı istehsalçılarıdır (Billig, 1995; Edensor, 2002; Foster, 2002; Palmer, 1998). Lakin dövlət tərəfindən dəstəklənən milli istehsal və təbliğat yaxşı sənədləşdirilsə də, bu milli məhsulların və layihələrin hədəf kütləsi olan insanlar tərəfindən dəqiq şəkildə necə qəbul olunması və istehlak edilməsinə daha az diqqət yetirilmişdir.

İstehlak sosial üzvlüyü formalaşdırır, möhkəmləndirir və ötürür. O, “mədəniyyətin kateqoriyalarını görünən və sabit” edir (Douglas və Isherwood, 1996[1976]: 38; ümumilikdə bax: 36–52). Müxtəlif tədqiqatlarda göstərilmişdir ki, sinif (Bourdieu, 1984[1979]), cinsiyyət (Ang, 1985), irq (Lamont və Molnár, 2001) və milli mənsubiyyət (Foster, 2002; Edensor, 2002) kimi sosial fərqləndirmə oxları gündəlik həyatın adi istehlak praktikaları vasitəsilə qurulur və möhkəmlənir. Bu, ritual icrası ilə üzə çıxan kollektiv coşqu deyil, əksinə, istehlak vasitəsilə təcəssüm olunan, ortaq meyllərin qeyri-müəyyən, lakin paylaşılmış bir özünüdərkindən ibarət gündəlik bənzərlik təcrübəsidir (bax: Edensor, 2002: Fəsil 3). Burada diqqətimizi məsələni istehlak tərəfinə yönəldirik.

Milli məhsullar istehlak etmək

Bəzi məhsullar az və ya çox dərəcədə milli məhsullar kimi düşünülür, hazırlanır və yayılır. Bayraq sadəcə millətin simvolu deyil, o, həm də alınıb-satıla bilən, kopyalana bilən və paylana bilən bir əşyadır. O, bayraq dirəklərindən və ya pəncərələrdən asıla, çiyinlərə və ya tabutların üstünə örtülə, gödəkçələrə və ya beysbol papaqlarına tikilə, maşınların arxa hissəsinə və ya zərflərə yapışdırıla bilər. Bu, millətin əmtəələşməsidir: milli (və millətçi) ədəbiyyat, media, musiqi, geyimlər və yeməklər insanların milli istehlak ehtiyaclarını ödəmək üçün onlara milli işarələrlə yüklənmiş (və ya yüklənə bilən) məhsullar təqdim edir. Post-sovet kontekstində Melisa Kolduell (2002) göstərmişdir ki, sadə insanlar “rus yeməyi” kimi qəbul olunan məhsulları istehlak edərək öz “rusluqlarını” yenidən mənimsəmiş və ifadə etmişlər. Onların istehlak üstünlükləri və praktikaları qlobal kapitalizmin hücumuna qarşı rus millətçiliyinin sosialist dəyərlərini qorumaq və müəyyənləşdirmək üçün gündəlik məkana çevrilir (Caldwell, 2002: 305–13). İstehlakçılar sadəcə milli mallar almırlar, onlar milli duyğular formalaşdırır, milli qüruru təcəssüm etdirir, milli mənaları müzakirə edirlər və bununla da milliliyi gündəlik həyatlarının əsas xüsusiyyətinə çevirirlər.

İstehlak yalnız kassa aparatının yanında baş vermir. Milli (və bəzən millətçi) mənaların, miflərin və xatirələrin əsas daşıyıcısı olan məktəb proqramları da sinif otaqlarında şagirdlər tərəfindən istehlak edilir və mənimsənilir (bəzən də rədd edilir və ya alt-üst olunur). Şagirdlər sadəcə millətçi mesajların passiv daşıyıcıları deyillər, müəllimlər də onların sorğusuz-sualsız ötürücüləri deyillər (Aronowitz və Giroux, 1993). Əksinə, Miller İdrissin Almaniya nümunəsi üzərində göstərdiyi kimi həm şagirdlər, həm də müəllimlər rəsmi proqramlarda təqdim edilənlərlə az oxşarlığı olan millət anlayışlarının yaradıcı şəkildə izahı və formalaşdırılmasında fəal iştirakçılardır.

Miqyası, məzmunu və/və ya formatı üzrə milli xarakter daşıyan media da milli həssaslıqların aktivləşdirilməsinə və möhkəmləndirilməsinə töhfə verə bilər. Millətçi qəzetlərin oxucuları və mədəni proqramların izləyiciləri yalnız özlərini ehtimal olunan millətləri ilə eyniləşdirmirlər, həm də bu eyniləşmələrin mənasını fəal şəkildə izah edir və ifadə edirlər. Milli işarələrlə qeyd olunan və bəzədilən məkanlar – ictimai meydanlar, milli abidələr və bütöv bölgələr (Löfgren, 1989; Molnár, 2005) – eyni şəkildə milli bağlılıqları vurğulayan və üstün tutan formalarda görülə, qiymətləndirilə və beləliklə, istehlak edilə bilər. Coşua Haqen  (2004) göstərmişdir ki, orta əsr Almaniya şəhəri Rotenburq 1930-cu illərdə “almana xaslığın” zirvəsi kimi transformasiya edilmiş və qurulmuşdur. Yerli sakinlər özləri də fəal şəkildə öz təmtəraqlı təmizkarlıq, nizam-intizam və gözəllik dəyərlərinin istehsalında və istehlakında iştirak etmişlər (Hagen, 2004: 214–18).

Millətin əmtəələşdirilməsi sadə insanlara az və ya çox milli işarələrlə yüklənmiş məhsullar təqdim edir ki, onların istehlakı milli dünyagörüşünü yarada və möhkəmləndirə bilər (Edensor, 2002: 108–9). Alış-veriş və turizm, məktəb dərsləri və televiziya izləmələri vasitəsilə sadə insanlar həm özləri, həm də potensial olaraq ətrafdakılar üçün milli bir dünyanı görünən edirlər. Bu milli artefaktların istehlakı istehlakçının milli meyllərini müəyyənləşdirir, nümayiş etdirir və təsdiqləyir. O, həm məhsulları, həm də onları istehlak edən insanları milli şəkildə işarələyir.

Məhsulları milli olaraq istehlak etmək

Milli məzmun və parametrlərə açıq şəkildə malik olan məhsulların istehlakı milliliyi gündəlik həyatın mənalı bir xüsusiyyətinə çevirə bilər. Lakin “mahiyyət etibarilə” milli olan məhsullar həmişə açıq şəkildə milli duyğular yaratmır. Öz həmvətənləri tərəfindən milli sərvət kimi dəyərləndirilən ədəbi fiqurlar eyni zamanda beynəlxalq dairələrdə kosmopolit reputasiyadan da zövq ala bilərlər. Bəzi xalqların milli irsini canlandırdığı üçün təmtəraqlı şəkildə qeyd edilən musiqilər “amazon.com” alıcıları üçün sadəcə “dünya musiqisi” kimi cəlbedici ola bilər (Haynes, 2005). Bəzi xalqlar üçün sevimli milli yemək olan qida digərləri üçün sadəcə nahar ola bilər. Əslində, milli düşüncəli istehlakçılar “öz milli” artefaktlarını istehlak edib nümayiş etdirərək milli duyğularını ifadə etdikləri halda başqaları eyni artefaktları “dünya mədəniyyəti” adı altında istehlak edir, görünən kosmopolitizmlərini nümayiş etdirmək və icra etmək üçün istifadə edirlər.

Bu məhsulların daxili xüsusiyyətləri deyil, onlara mənanın hansı dəyişkən formalarda bağlanması milli istehlakı digər istehlak formalarından fərqləndirir. Görünən milli keyfiyyətlərə malik mədəni artefaktların istehlakına yönələn ədəbiyyat istehlakın eyni zamanda bir istehsal aktı olmasını çox vaxt nəzərdən qaçırır. “Qeyri-milli” məhsulların milli cəhətdən fərqli formalarda istehlakı da, beləliklə, milli fərqliliklər yarada bilər.

Həqiqətən də ən qlobal məhsullar belə yerli şəraitdə müxtəlif, bəzən isə milli formalarda mənimsənilə bilər. Məsələn, Daniel Miller (1998) göstərmişdir ki, qloballaşmanın simvolu hesab olunan “Coca-Cola®”nın istehlakı Afrika və Hindistan mənşəli trinidadlılar tərəfindən yerli etnik və irqi fərqlilikləri qurmaq və qorumaq üçün mənimsənilmişdir. Skandinaviya nümunəsində Anders Linde-Laursen (1993) göstərmişdir ki, adi qab yumaq prosesi danimarkalılar və isveçlilər üçün milli fərqlilikləri icra və istehsal etmək üçün gündəlik bir məkan rolunu oynayır. Dafni Berdal (1999) isə araşdırmışdır ki, şərqi almanlar post-kommunist istehlak modellərini mənimsəyib təqlid etməklə mərhələli şəkildə “almanlığı” (onun qərb variantında) satın alırlar.

İctimai məkanlar da yalnız memarlarının niyyətləri ilə deyil, həm də gündəlik istifadəçilərinin yozumları vasitəsilə milli məna qazana bilər. Restoranlar, barlar və kafelər dizayndan çox praktikadan asılı olaraq milli toplaşma yerlərinə çevrilir. Meydanlar, parklar, binalar və məhəllələr də eyni şəkildə onlarla qarşılaşan insanlar üçün milliliyi ön plana çıxaran formalarda işarələnir. Çoxmillətli Rumıniyada bəzi məkanlar önlərindəki lövhələrə görə deyil, macar müştərilərinin gündəlik istehlak praktikaları vasitəsilə “macar məkanları” kimi görünür və belə də işarələnir (Brubaker və b., 2006: 296). Almaniyada yenidən birləşmədən illər sonra isə Berlin polis bölmələrinin daxili tərtibatı və təşkilatlanması onları orada işləyən zabitlərin gözündə açıq şəkildə “şərq” və ya “qərb” kimi göstərir (Glaeser, 1999). Məkan istehlakının üstünlükləri və praktikaları gündəlik həyat məkanlarını milli baxımdan əhəmiyyətli formalarda işarələyir və formalaşdırır.

Media da miqyası, məzmunu və ya formatı milli olmasa belə, milli şəkildə istehlak oluna bilər. Milli cəhətdən fərqləndirilmiş auditoriyaların qeyri-milli mediaya dair istehlak üstünlükləri ortaq milli mənsubiyyət təcrübəsini yarada və möhkəmləndirə bilər (Moores, 1997, 1993). Eyni verilişləri izləyən tamaşaçılar və ya eyni qəzetləri vərəqləyən oxucular ortaq “mədəni səriştələr” qazanırlar (Moores, 1997: 230) ki, onların sərhədləri həmin izləyici və oxucu ictimaiyyətinin sərhədləri ilə üst-üstə düşür. Murun (1993: 87) izah etdiyi kimi, “qəzetin səhifələrini açmaq” və əlavə edə bilərik ki, “hər axşam eyni vaxtda xəbərləri açmaq… – bunlar bizi eyni anonim, eyni vaxtda həyata keçirilən fəaliyyətə şərik olan sosial bir kollektivin üzvü kimi təsəvvür etməyə imkan verən ritual praktikalarıdır” (bax həmçinin Anderson, 1991: 34–6). Bu, insanları milli edir, lakin mütləq millətçi etmir. Məsələn, Transilvaniyada bir çox macar yerli macar qəzetini millətçi şərhlərə görə deyil, özlərinin mənsub olduqlarını gördükləri (və beləliklə, özlərini də bu mənsubiyyət içində formalaşdırdıqları) macar icmasının ölüm elanları və televiziya proqramları üçün oxuyurlar (Brubaker və b., 2006: 293–4). Milli cəhətdən sərhədlənmiş media öz auditoriyasının tamamilə qeyri-milli məzmununu milli xətlər boyunca təşkil edə bilər (Storey, 1999: 113–19).

Bu və digər formalarda milli icmaların (istehlakçıların) meydana çıxmasına töhfə verən istehlak olunan məhsulların daxili milli xüsusiyyətləri deyil, qeyri-milli məhsulların milli cəhətdən fərqlənə bilən formalarda istehlakıdır. Paylaşılan milli şüur eyni milli (və ya millətçi) rəsmi qəbul olunmuş əsərlər və dəyərlər toplusunu praktik mənimsəməyə əsaslana bilməz; o, həmçinin açıq şəkildə milli kimi müəyyən edilmiş parametrlər daxilində də formalaşa bilər.  Beləliklə, gündəlik istehlak praktikaları milli duyğuların formalaşması üçün mühüm vasitələrə çevrilir. Onlar insanlara milli fərqliliyi qurmaq, qorumaq və təkrar istehsal etmək üçün fürsətlər təqdim edir. Bu isə elit planlardan deyil, gündəlik həyatlarının təsadüfi şərtlərindən irəli gəlir.

NƏTİCƏ

Milliçiliyin öyrənilməsinə makro-analitik yanaşmaların üstünlük verdiyi ümumi çərçivə gündəlik həyatın rutin praktikalarında möhkəmlənmiş millətin daha incə təbəqələrini bulanıqlaşdırır və bəzən də gizlədir. Biz milliliyin gündəlik həyatda dəyişən mənasını və əhəmiyyətini yalnız dövlət tərəfindən dəstəklənən quruluşunu, müasir sənaye kontekstini və ya elitanın manipulyasiyasını öyrənməklə tam şəkildə dərk edə bilmərik. Bu, gündəlik milliliyin bu fenomenlərdən müstəqil şəkildə araşdırılması lazım olduğunu göstərmir. Sadəcə bizim tədqiqatımız burada başlayır, amma burada bitmir. Millətlər yalnız struktur qüvvələrin məhsulu deyillər. Onlar eyni zamanda adi insanların gündəlik həyatlarında rutin fəaliyyətlərlə məşğul olmasının praktik nəticəsidir.

Biz milliliyin tədqiqi üçün gündəlik həyatı ayrıca bir sahə kimi diqqət mərkəzinə gətirməyə çalışdıq. Bu, millətin gündəlik həyatı hərtərəfli əhatə etməyi demək deyil (bax: Billig, 1995), əksər hallarda belə olmur. Hətta barışmaz və parçalayacı millətçi siyasətlə xarakterizə olunan dünyanın bölgələrində belə adi insanlar tez-tez onların adından irəli sürülən milli (və ya millətçi) iddialara biganə yanaşırlar (Brubaker və digərləri, 2006; Fenton, 2007; Fox, 2004a). Siyasətçilərin təbliğ etdiyi daha bəzəkli ritorikaya olan bu ümumi biganəlik bir tərəfdən millətçi siyasətlə, digər tərəfdən isə adi insanların özlərini və öz vəziyyətlərini milli terminlərlə anlama və təsvir etmə üsulları arasında uyğunsuzluq olduğunu göstərir (Brubaker və digərləri, 2006; Fox, 2004b; Herzfeld, 1997). Millətçilik gündəlik həyatda nə mütənasib, nə də güclü şəkildə əks-səda doğurur.

Deməli, millətin adi insanlar üçün əhəmiyyət kəsb etmə üsullarını onun siyasi gücündən çıxarmaq olmaz. Buradakı məqsədimiz milliliyin gündəlik həyatda adi iştirakçıları tərəfindən hansı praktikalar və proseslər vasitəsilə yenidən istehsal olunduğunu dəqiq göstərməkdir. Biz Hobsbaumun milliliyi “aşağıdan” öyrənmək çağırışını ciddi qəbul edərək insanların gündəlik həyatlarının müxtəlif kontekstlərində millət anlayışını necə həyata keçirdiklərini, formalaşdırdıqlarını, qanuniləşdirdiklərini və bəzən də zəiflədib sual altına aldıqlarını izah etməyə çalışırıq.

Bir mənada bizim yanaşmamız sosial konstruktivizmi ciddi qəbul etməyə çağırışdır. Millət və onun törəmələri sadəcə elita diskursunda mübadilə olunan və ya dövlət tərəfindən qurulan ayrı-ayrı obyektlər deyil. Onlar həm də gündəlik proseslərdir: milli dünyagörüşünü təsdiq edən, həyata keçirən, qanuniləşdirən və qoruyan görmə, danışma, davranma və yaşama üsullarıdır (Brubaker, 2004). Lakin hamı millətlərin sosial konstrukt olduğunu qəbul etsə də, çox az adam adi insanların bu milli konstruksiyada iştirak yollarını sistemli şəkildə üzə çıxarmaq üçün empirik əsaslı metodoloji proqramlar işləyib hazırlamışdır. Buna görə də biz əvvəlki bölmələrdə təqdim olunmuş yanaşmalara əsaslanaraq millətin gündəlik quruluşunu özlüyündə araşdıran metodoloji gündəmi inkişaf etdirir və təklif edirik.

Qalan hissədə biz gündəlik həyatda milliliyi öyrənmək və dəyərləndirmək üçün səmərəli şəkildə tətbiq oluna biləcək müxtəlif metodlara qısa şəkildə nəzər salacağıq. Bu metodoloji gündəm iki bir-biri ilə bağlı tədqiqat sahəsi tərəfindən istiqamətləndirilir. Əvvəla, biz soruşuruq: gündəlik həyatda millət nədir? Bu, millətin gündəlik mənası və məzmunudur. Daha sonra isə belə soruşuruq: gündəlik həyatda millət nə vaxt mövcuddur? Bu isə millətin gündəlik əhəmiyyəti və kontekstləridir. Biz hər bir sual toplusunu araşdırmaq üçün uyğun metodları nəzərdən keçiririk.

Millət nədir?

Bəs millət adi insanlar üçün nə deməkdir? Biz belə bir metodologiya təklif edirik ki, o, millətin gündəlik mənalarını anlamaq üçün əvvəlcə siyasi çıxışlara, qəzet məqalələrinə və ya tarix dərsliklərinə yox, əksinə, həmin çıxışların dinləyicilərinə, qəzetlərin oxucularına, tarix öyrənən şagirdlərə və həm də çıxışlara qulaq asmayan, qəzet oxumayan və tarix dərslərini etməyənlərə müraciət etsin.

Sorğu tədqiqatı bu baxımdan xüsusilə faydalı ola bilər. Siyasi və mədəni münasibətlər, daxili qrup və xarici qrup stereotipləri, sosial məsafə miqyasları haqqında suallar adi insanların özlərini və ətrafdakı dünyanı milli anlayışlar çərçivəsində necə dərk etdiklərinin müxtəlifliyinə işıq salır. Sorğular əhalinin nisbətən böyük seqmentlərinin milli həssaslıqları barədə ümumi baxış əldə etmək üçün səmərəli alətlərdir.

Lakin sorğular gündəlik millətçiliyin incəliklərindəki və məzmunundakı dəyişkənliyi tam əks etdirmək üçün daha az yararlıdır. Bunun üçün müsahibə və fokus qrupları kimi daha keyfiyyət yönümlü araşdırma üsulları faydalıdır. Bu metodlar sorğu metodları ilə birlikdə istifadə edildikdə millətin gündəlik mənalarının miqyası, dərinliyi və məzmunu haqqında daha zəngin və balanslı təsvir təqdim edə bilər. Müsahibələr və fokus qrupları tədqiqatçılara adi insanların millətçiliklə bağlı diskursiv təsəvvürlərini müsahibəni aparanın yox, müsahibənin özünün seçdiyi ifadələr vasitəsilə araşdırmaq imkanı verir. Onlar həm də sorğu metodları ilə nəzərə alınmayan gündəlik millətçiliyin qeyri-şifahi təzahürlərini qeydə alır. Millət yalnız diskursiv şəkildə ifadə olunmur. O, həm də qeyri-diskursiv formalarda təcəssüm olunur – çiyin silkələmələrdə, qaşqabaqlarda, gülüşlərdə, üzüntü və ya istehzalı səslərdə. Cədvəllərdə əks olunmayan bu bədən jestləri səmimiyyəti kinayəyə, bağlılığı uzaqlaşmaya, öhdəliyi isə laqeydliyə çevirə bilər. Adi insanların danışığı və bədən dili onların millət haqqında anlayışlarını diskursiv və qeyri-diskursiv, onlar üçün mənalı formalarda ifadə etmək və həmin anlayışlarla özlərini uyğunlaşdırmaq bacarığını üzə çıxarır.

Nə zaman millət?

Amma insanların bu tədqiqat mühitlərində milli şəkildə danışa bilməsi onların gündəlik həyatlarının digər kontekstlərində də milli şəkildə danışmaqları anlamına gəlmir. Adi insanların millətçilik ifadə tərzinə dair praktiki ustalığı – sosial elmi araşdırmalarda, özlərinin seçdiyi şəraitdə nümayiş etdirdikləri bu bacarıq – təkbaşına bu ifadələrin gündəlik həyatda niyə əhəmiyyətli olduğunu izah etmir. Əksinə, bu, millətçiliyin məzmunu və çərçivələri ilə əsas tanışlığı əks etdirir ki, bu da soruşulduqda az-çox səriştəli şəkildə ifadə oluna bilər. Amma o nə vaxt soruşulur? Millətçilik tədqiqatçıları əllərində milli suallardan ibarət çantaları ilə adi insanların qapılarını döydükləri o nadir hallardan başqa, adi insanlar milləti və onun məzmununu nə vaxt, əgər ümumiyyətlə edirlərsə, müzakirə edirlər?

Milli danışığı kontekstə yerləşdirmək üçün digər məlumat toplama metodlarına ehtiyac var. Sorğular və istiqamətləndirilmiş müsahibə sualları adi insanlar üçün millətin nə demək olduğunu anlamağa kömək edə bilər, lakin bunlar təkbaşına millətin onlar üçün nə vaxt əhəmiyyət kəsb etdiyini izah edə bilmir. Lakin millətin gündəlik məzmunu onun çağırıldığı və yada salındığı gündəlik kontekstdən ayrılaraq düzgün qiymətləndirilə bilməz (Glaeser, 1999: 10, 21–22; həmçinin bax: Wimmer, 2004). Müxtəlif kontekstlər mikro qarşılıqlı münasibətlərdən makro struktur səviyyələrinə qədər eyni insanlardan müxtəlif danışıq tipləri və hətta mahiyyətcə fərqli baxışlar yaradır (Verkuyten və b., 1995: 262–264). İstiqamətləndirilmiş müsahibə və sorğu sualları insanlara milli danışıq üçün bir sıra kontekstlər təqdim edir. Lakin belə danışıq eyni zamanda yalnız tədqiqat mühitlərinin bir məhsulu kimi tanınmalıdır. Milli çərçivədə verilən suallar adətən milli çərçivədə cavablar doğurur. Milləti əvvəlcədən şərh çərçivəsi kimi müəyyənləşdirən strategiyalar millətin gündəlik həyatda spontan şəkildə ortaya çıxdığı daha geniş kontekstlərə daha az həssasdır. İnsanlar sərbəst buraxıldıqda gündəlik ehtiyac və istəklərinə daha uyğun olan digər kateqoriyaları üstün tutaraq milli kateqoriyaları sadəcə görməməzlikdən gələ və ya kənara ata bilərlər.

Buna görə də biz insanları öz hallarına buraxmağa əsaslanan bir tədqiqat proqramı təklif edirik. Müsahibə iştirakçılarını daim öz milli kateqoriyalarımızla təmin etməkdənsə, biz həm də gündəlik həyatın diskursiv və qarşılıqlı əlaqə kontekstlərində millətçiliyin necə və nə vaxt ortaya çıxdığını görmək üçün “gözlə və dinlə” yanaşmasını qəbul edirik. Bu cür araşdırma üçün ən uyğun metod iştirakçı müşahidəsidir. İştirakçı müşahidə hər hansı digər üsuldan daha çox kontekstə həssasdır — burada kontekst tədqiqatçı tərəfindən deyil, adi insanların gündəlik həyatlarının şərtlərinə görə formalaşır. İştirakçı müşahidə gündəlik həyatda milləti müşahidə etmək üçün bir pəncərə təqdim edir. Bu, millətin dialektlərdə və kod dəyişmələrində, geyimdə və davranışda əks olunması, səslər və mənzərələrlə çağırılması, xəbər buraxılışlarında və tarix dərslərində cavablandırılması şəklində görünür. Həm də bu, eyni və digər kontekstlərdə yönləndirilən, görməməzlikdən gələn və ya alt-üst edilən millətdir. Millətçiliyin gündəlik dalğalanmaları müsahibələrdə asanlıqla gözdən qaça bilər və ya sorğular tərəfindən təhrif edilə bilər. Gündəlik həyatda millətçiliyin əhəmiyyətinə maraq göstərən tədqiqatçılar buna görə gündəlik həyatın içində bir müddət vaxt keçirməlidirlər. Bu, “gözlə və dinlə” yanaşmasını tələb edir, çünki gündəlik həyatın çox hissəsi milli vurğudan məhrumdur. Amma gündəlik millətçiliyin öyrənilməsi belədir. Məlum olur ki, millətçilik nə zamana, nə də məkana görə daim aktual deyil. Onun adi insanlar üçün əhəmiyyət kəsb etdiyi kontekstlər dəqiq göstərilməlidir.

Müsahibə və fokus qrup mühitlərində dolayı suallar vermək də millətin gündəlik həyatda əhəmiyyətini qiymətləndirmək üçün faydalı ola bilər. Lakin yalnız millətin adi insanlar üçün nə demək olduğunu soruşmaq əvəzinə millətin onlar üçün nə vaxt əhəmiyyət kəsb etdiyini öyrənməyə yönəlmiş strategiyalar formalaşdırılmalıdır. Millətçilik özünü yalnız söhbət mövzusu kimi deyil, həm də digər söhbət mövzularını anlamaq üçün interpretativ çərçivə kimi də göstərə bilər. Buna görə tədqiqatçılar elə mövzulara dair sualları nəzərə almalıdırlar ki, müsahibələrdə iştirak edənlər cavablarını milli çərçivədə formalaşdırmaq imkanı əldə etsinlər, amma buna məcbur edilməsinlər. Bu cür metodlar millətin fərqləri nizamlamada, çətinlikləri izah etməkdə və sosial hadisələri şərh etməkdə mənalı çərçivəyə çevrildiyi zaman, məkan və diskursiv kontekstləri anlamaq üçün faydalıdır. İştirakçı müşahidədə olduğu kimi bu strategiyalar da “gözlə və dinlə” yanaşmasını tələb edir, çünki danışığın böyük bir hissəsi sadəcə qeyri-millidir.

Nəticə etibarilə, millətin məzmunu və kontekstləri ən yaxşı birlikdə öyrənildikdə dərk olunur. Millətin yalnız məzmununa diqqət yetirmək həmin məzmunun yerləşdiyi gündəlik kontekstləri nəzərə almır. Digər tərəfdən, millətin kontekstlərinə həddən artıq diqqət yetirmək isə insanların şifahi şəkildə ifadə olunmayan milli ifadə tərzinə dair ustalıqlarının gündəlik danışıq və qarşılıqlı münasibətləri görünməz şəkildə dəstəkləməsini gözdən qaçırır. Buna görə biz gündəlik həyatda millətin dəyişkən mənasına və kontekstual əhəmiyyətinə həssas olan qarışıq metodlara əsaslanan bir yanaşma təklif edirik (Brubaker və b., 2006: 380–385; Fox, 2004b: 24–29).

Biz gündəlik millətçiliyin empirik araşdırılmasının necə aparıla biləcəyinə dair yalnız bəzi yolları nəzərdən keçirdik. Ümumilikdə, əvvəlki bölmələrdə izah olunan müxtəlif yanaşmalar millətçiliyin gündəlik mənaları, istifadələri və əhəmiyyəti üzrə genişlənən elmi ədəbiyyata töhfə verir. Buradakı məqsədimiz bu töhfələri “gündəlik millətçilik” adı altında birləşdirmək və fenomenin sistemli şəkildə öyrənilməsi üçün bir tədqiqat proqramı inkişaf etdirmək olmuşdur. Bu, millətçiliyin aşağıdan baxışıdır.