Avropa Şurası (“Council of Europe”) 5 oktyabr 1949ci ildə insan hüquqlarını qorumaq üçün yaradılmş regional təşkilatdır. Bir çox insan bu təşkilatı Avropa Birliyinin Şurası ilə səhv salır (“European Council”). Lakin yadda saxlamaq lazımdır ki, Avropa Şurası siyası kimliyə sahib olan Avropa Birliyindən ayrı müstəqil təşkilatdır və bu təşkilat tək Avropa Birliyi üçün deyil, həmçinin onun ətrafındakı ölkələrin də üzvlüyünə açıqdır. Təşkilatın əsas şüarı üzv olan ölkələrdə insan hüquqları, demokratiya və qanunin aliliyini qorumaqdır. Bu məqsəd üçün üzv olan ölkələrdən təşkilatın parçası olan beynəlxaq müqavilələri imzalamaq tələb olunur. Bu müqavilələrin ən önəmlisi isə Avropa İnsan Hüquqları Konvensiyasıdır. Müqaviləni imzalamış üzv dövlətlər öz vətandaşlarına qarşı bu konvensiyaya cavabdeh olur və öhdəliklərinə riayət etmədikdə isə, Starsburgda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında cavab verirlər. Qeyd edilməli önəmli nüans odur ki, bu məhkəmənin qərarı cavabdeh dövlətin yerli məhkəmələrinin qərarından üstündür: bir növ yerli məhkəmlərin (1-ci instinsiya, yerli apelasiya və ali məhkəmə) apelasiyası rolunu oynayır və AİHM-ə istisna hallar çıxmaq şərti ilə ancaq yerli məhkəmlərdən keçdikdən sonra getmək olar[1] . Təbii ki, Avropada yaşayan bütün dövlətlərin tarix və kültürləri heç eyni olmadığı üçün, bəzi dövlətlər bu Avropa İnsan Hüquqları Konvensiyasına qoşularkən bu müqavilədə uyğun görmədikləri maddələr barədə eyni konvensiyanın 57-ci maddəsinə uyğun olaraq qeyd-şərt (rezervasiya) tətbiq etmişdirlər. Bəs ümumiyətlə bu rezervasiya nə deməkdir və tarixçəsi nədir? Rezervasiya hüququ (“Reservation Law”) Müqavilələr haqqında Vyana Konvensiyasının 2(d)-ci maddəsi ilə ölkələrə verilən hüquqdur. Bu hüquqa görə ölkələr hansısa beynəxalq müqaviləni imzalanması, ratifikasiyası, qəbul edilməsi, təsdiq edilməsi və ya ona qoşulma zamanı, həmin dövlət tərəfindən birtərəfli olaraq müqavilənin müəyyən bir hissə və ya müddəalarını həmin dövlətə münasibətdə istisna edə və ya dəyişdirə bilərlər. Qeyd-şərtləri ölkələr o vaxt tətbiq edir ki, onlar beynəlxalq müqaviləni və ya bəyannamənin bir parçası olmaq istəyirlər lakin, bəzi maddələrlə razı olmurlar. Qeyd edilməli önəmli bir nüans odur ki, eyni konvensiyanin (Vyana) 19-cu maddəsinə əsasən bu qeyd-şərtlər açıq və aydın şəkildə qeyd edilməklə bərabər, imzalanan müqavilənin əsas prinsipi və mahiyyətinə qarşı olmamalıdır[2]. Həmçinin ölkələr beynəlxalq hüquqda “jus cogens” (soyqırım, işgəncə və s.) adlanan mütləq hüquqlara qarşı qeyd-şərt tətbiq edə bilməz, çünki onlar toxunulmazdır.
Azərbaycan Respublikası 1991-ci ildə 18 oktyabr bəyannaməsi ilə müstəqilliyini bərpa etdikdən sonra beynxəlxaq və regional təşkilatlara üzv olmaq üçün müraciətlər etməyə başlamışdı. 29 oktyabr 1991-ci ildə, Birləşmiş Millətlər Təşkilatına üzv olmaq üçün müraciət etdi və 1992-ci il martın 2-də BMT-nin 46-cı sessiyasında Azərbaycan Respublikasının üzvlüyü barədə qətnamə qəbul edildi. BMT beynəlxaq aləmdə ən nüfüzlü təşkilatlardan biri idi və həmin təşkilata üzv olduqdan sonra, ölkəmiz üçün növbəti məqsədlərdən biri regional səviyyədə ən sayılıb seçilən siyası təşkilatlarından biri olan Avropa Şurasına üzv olmaq idi. 24 yanvar 1992-ci ildə Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etdi. Avropa Şurası Parlament Assambleyası beləliklə 1996-cı ildə Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu verdi. Uzunmüddətli danışıqlardan sonra 17 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın təşkilata tam-hüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edib. Təşkilata üzv olduqdan sonra Azərbaycan dövləti bu təşkilatın özəyi, bir növ konstitusiyası olan sənədi, Avropa İnsan Hüquqları Konvensiyasını imzalayıb və ratifikasiya edib. Nəzərdə saxlamaq lazımdır ki, Azərbaycan qanunvericiliyinə görə digər beynəlxalq müqavilələr kimi bu bəyannamənin qüvvəsi də bütün yerli qanunvericilikdən üstündür və qanunda toqquşma baş verdikdə, beynəlxaq müqavilə hər zaman üstün tutulur. Azərbaycan Respublikası Avropa İnsan hüquqlar Konvensiyasını imzalayarkən bu bəyannəmənin bəzi maddələrin yerli mühitə uyğun gəlmədiyi üçün qeyd-şərt edərək, bu maddələrin yerli qanunvericlikdə tətbiqi barədə dəyişikliklər edib. Bu müddəalardan biri də şəxsi və ailə həyatına hörmət hüququ barədə olan 8-ci maddədədir. 8-ci maddənin hüquqi baxımdan tətbiqi, onun dövlətlər tərəfindən nə vaxt istisna edilə biləcəyi haqqında həm ingiliscə, həm də azərbaycanca məlumatı Avropa Şurasının rəsmi saytından tapmaq olar [3]. Bu məqalədə məhz həmin maddənin bir hissəsi olan “ailə həyatı”nın Konvensiya və Azərbaycanda olan fərqliliklərini və ölkəmizin bu mövzuya qeyd-şərt tətbiq etmə səbələrini dini, sosyal və hüquqi aspektlərdən gözdən keçirəcəyik.
İlk olaraq Bəyannamənin 8-ci maddəsinin izahını vermək lazımdır. 8-ci maddənin 1-ci bəndinə əsasən: “Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.” Eyni maddənin, 2-ci bəndinə nəzərən: “Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.” Ümumiyyətlə qeyd etmək lazımdır ki, 8-ci maddə interpretasiyaya çox açıq olduğundan, konvensiyanın ən çox qeyd-şərt tətbiq edilən maddəsidir. Bu maddə ilə qorunan hüquqlar dörd yerə bölünür: şəxsi həyatın toxunulmazlığı; ailə həyatının toxunulmazlığı; mənzil toxunulmazlığı; və yazışma sirrinin toxunulmazlığı[4]. Biz bu məqalədə bunlardan ikinci hüquqda qeyd edilen “ailə həyatı” konseptinə köklənəcəyik. Belə ki, konvensiyadakı ailə həyatı termini Respublikamızdakı termindən fərqlənir. Konvensiyanın qoruyan orqan olan Avropa İnsan Haqları Məhkəmsi X, Y və Z Birləşmiş Krallığa qarşı (X, Y and Z v. UK) işində qeyd edir ki, bəs 8-ci maddədə yer alan “ailə həyatı” anlayışı yalnız nikaha əsaslanan ailələrlə məhdudlaşmır və digər faktiki münasibətləri də əhatə edə bilər. “Münasibətlərin «ailə həyatı» təşkil edib-etmədiyi barədə qərar verilərkən bir sıra amillər, o cümlədən, cütlüyün birgə yaşayıb-yaşamaması, onların münasibətlərinin müddəti, birgə övlad dünyaya gətirməklə və ya başqa vasitələrlə bir-birinə bağlı olduqlarını təsdiq etmələri əhəmiyyət kəsb edir”[5]. Bundan əlavə eyni AİH Məhkəməsi Conston İrlandiyaya qarşı işdə (Johnston v. Ireland) izah etdi ki, bir-birləri və uşaqları ilə daimi və stabil olaraq birgə yaşayan nikahsız cütlüklərin münasibətləri ailə həyatı sayıla bilər, beləliklə, onların münasibətləri nikaha əsaslanan münasibətlərdən fərqləndirilmir.[6]
Azərbaycan Respublikasında isə bu hal bir qədər fərqlidir. Belə ki, Azərbaycan Respublikasının qanunvericliyinə əsasən dövlətin rəsmi nikahını bağlamamış, yəni iki nəfərin sadəcə birlikdə yaşamısı onların qanunun gözündə ailə olması anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.4-cü maddəsinə görə “Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.”. Bundan başqa Ailə Məcəlləsinin 9(4)-cü maddəsinə görə ər və arvadın hüquq və öhdəlikləri dövlət qeydiyyatı günündən yaranır.[7] İki insanın rəsmi dövlət nikahından sonra “ər-arvad” statusunu qazanması universal konseptdir, burda təəccüblənəsi bir şey yoxdur. Azərbaycandakı fərqlilik isə qadın kişi arasındakı bütün aillə həyatı və ailə hüquqları bu nikaha bağlıdır. Müqayisə üçün İrlandiya Respublikası qanunverciliyində ailə həyatının və hüquqlarının konsitutsiya tərəfindən hörmət edilməsi və qorunması nikahdan asılı olmayaraq təmin edilir (Professor/hüquqşünas Raymond Murphy ilə müsahibədən). Bundan başqa maraqlı bir fakt da yerli hüquqşunas Şəlala Həbibi ilə müsahibədən sonra əldə edildi ki, “Azərbaycanda nikahdan kənar doğulan uşaqlar üçün atanın soyadını götürmək və hətta mirasına namizəd olmaq çətindir hətta bir çox hallarda mümkünsüzdür.” Bütün bu hüquqi çətinliklərdən yayınmaq və nikahsız birlikdə yaşamanın çoxalmamasının qarşısını almaq üçün Azərbaycan Respublikası lap əvvəldən 8-ci maddəyə qeyd-şərt tətbiq edərək, ailəni rəsmi qeydiyyatdan keçən qadın və kişi arasında olmasını bildirib.
Azərbaycanın 8-ci maddəyə rezervasiya etmə səbəblərindən biri də yerli arenadakı mühitdir. Məqalə üçün müsahibə alına biləcək ən uyğun insanlardan biri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva idi. Aynur xanımın fikrinə görə, bu qeyd-şərt addımının arxasında sosial səbəblərin dayanması danılmaz bir faktdır. Müsahibə zamanı Aynur xanım qeyd edib ki, təəssüf ki, regionlardakı qızlar bəzən çox erkən yaşda ailə təzyiqi ilə evlənirlər və erkən evləndikləri üçün təhsilləri yarımçıq qalır. Belə ailələrdə başlayan ər-arvad problemləri tezliklə boşanmaya gətirib çıxarır. Boşanmadan sonra isə qadınlar işsiz, təhsilsiz və çox zaman yanında uşaqları ilə ortada qalırlar. Bu səbəbdən onların dünyaya gətirdiyi uşaqlar üçün isə bir növ maddi siğorta yaratmaq lazım gəlir. Ona görə də hökümət bu problemin həllini qadın və kişi arasında ailə həyatını qanuni baxımdan sanksiyalaşdıran rəsmi nikah ilə məcbur edir ki, yuxarıdakı boşanma hallarında ortada qalan qadınlar ən azından məhkəmə yolu ilə aliment və ya digər maddi dəstək ala bilsinlər. Yenə müqayisə üçün deyək ki, İrlandiya daxil bir çox Avropa ölkələrində ayrılıq zamanı əgər ata (fərqi yoxdur anaya daha öncə nikahla bağlı olub və ya yox) aliment vermək imkanı yoxdursa və ya bundan yayınırsa, dövlət anaya bu alimenti uşağı yetişdirmək üçün maddi yardım olaraq öz büdcəsindən təmin edir.
Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasının 7(I)-ci maddəsi deyir ki, Azərbaycan dünyəvi dövlətdir, hansı ki dövlət işlərinin dindən ayrı tutulur, ortada böyük bir fakt var ki, İslam dini Azərbaycan cəmiyyətində çox güclü təsiri vardır.[8] Azərbaycan Şəriə və İslam qaydaları ilə idarə olunan dövlət olmasa da İslami dəyərlərin ölkənin qanunvericiliyinə az da olsa təsiri olduğu danılmaz həqiqətdir. AİHK 8-ci maddəsinə tətbiq olunan qeyd-şərtdə İslami dəyərlərin təsirini Bakının məscidlərindən birinin axundu ilə etdiyim müsahibədən sonra daha da aydınlığa qovuşdu. Adının qeyd edilməməsinin istəmədiyi din adamının sözlərinə görə Azərbaycan cəmiyyəti 7-ci əsrdən İslami dəyərlərlə idarə olunub və tarix boyu cəmiyətimizdə qadın və kişi şəriə nikahı (“siğə”) ilə ər-arvad elan olunduqdan sonra birlikdə yaşamağa, ailə qurmağa başlayıblar. İslam dini qadnın və kişinin birlikdə yaşamadan öncə – hətta cinsi münasibətə girmədən öncə – dini qaydalara uyğun “qeydiyyat”ını tələb edir. Məhz buna görə də cəmiyətimizdə qadın və kişi birlikdə yaşamadan öncə bunu tarix boyu ictimayyətə dini kəbin ilə elan edib. Yəni bir növ ailə qurulması kağız-sənədlə deklarasiya etmək həmişə olub və əsrlər boyu qərb dünyasından fərqli olaraq kəbinsiz (dini qeydiyyatsız) ixtiyari qadın kişi istədiyi vaxt birlikdə yaşayıb ailə həyatı qurmayıblar. Bu cəmiyyətimiz üçün normaya, yazılmamış qanuna çevrilib. Hətta günümüzdə belə dövlət nikahından əlavə müsəlmən cütlüklər dini nikah da bağlayırlar. Bunun əksi isə həmişə cəmiyyət tərəfindən qınaq obyekti olub. Burdan başa düşmək olar ki, dövlətimiz də qeyd-şərt edərkən, ailə həyatının dövlət tərəfindən qeydiyyata salınmasını bir növ vacib bilib. Baxmayaraq ki, bugünkü dövlət tərəfindən dini nikahın heç bir hüquqi qüvvəsi yoxdur, cəmiyyətin dini keçmişinə baxanda başa düşmək olar ki, dövlətimiz AİHK-dəki 8-ci maddəyə tətbiq etdiyi qeyd-şərt arxasında tarix boyu gələn dini dəyərlər də öz sözünü deyir.
Son olaraq Avropa İnsan haqqları Məhkəməsi də Olsson İsveçə qarşı (Olsson v. Sweden) işində qeyd edir ki, ailə həyatı haqqındakı dövlətin öhdəlikləri prosessual xarakterli öhdəliklərdir; ailə üzvlərinin ayrılması, qəyyumluq barədə qərarların qəbulu, uşaqla görüşmək hüququnun həyata keçirilməsi prosesi ilə, habelə ayrılma baş verdikdən sonra ailənin yenidən qovuşmasına yardım edən tədbirlərlə əlaqədardır.[9] Bu işdən də göründüyü kimi Məhkəmə dövlətin ailədə ayrılıq zamanı öhdəliklərinin olduğunu qeyd edir. Lakin ailə konseptinin mütləq qeydiyyatdan keçən cütlüklər barəsində olduğu ilə bağlı heç bir qeyd yoxdur.
Ümumilikdə, bir tərəfdən Azərbaycan hökümətinin bu hüquqa qeyd-şərt etməsinin əsəsları çox anlaşılandır ki, hökümət bir növ cəmiyyətin əsrlər boyu gələn mənəvi dəyərlərini heçə saymammaq və ayrılıq hallarında hər iki tərəfin və həminçinin uşağın/uşaqların (əgər varsa) iqtisadi marağını qorumaq üçün cütlükləri dövlət nəzdində ailə kimi qeydiyyatdan keçməyə təşviş etməyə yönəlmiş addımlar atmışdır. Digər tərəfdən isə mən düşünürəm ki, ailə həyatı və ya birlikdə yaşamaq hüquqları sərbəst toplaşmaq, vicdan və ya fikir azadlığı kimi hüquqlarla ilə eyni statusdadır. Bu hüquqlar dövlətin neqativ öhdəliklərinə aid olmalıdır. Dövlət nə qədər az müdaxilə etsə bu hüquların təminatı daha yaxşı gerçəkləşəcəkdir. Qanunvericlik bu hüquqları təhrif etməməli, hansısa bir çərçivədə limitləməməlidir. Mahatma Qandinin də dediyi kimi “ailəni ailə edən sevgidir.” Fikrimcə ailənin müqəddəsliyi və var olmasını da təmin edən sevgidir: kağız üzərinə atılmış imzalar deyil. Və ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan höküməti də qloballaşan dünyada bu hüquqla bağlı qeyd-şərti ləğv edəcək.
İstinadlar
- [1] European Convention on Human Rights- Page 21, article 35(1) https://www.echr.coe.int/Documents/Convention_ENG.pdf
- [2] Vienna Convention on the law of treaties (1969) – Vienna Convention on the law of treaties (with annex). Concluded at Vienna on 23 May 1969 page 6-7 https://treaties.un.org/doc/Publication/UNTS/Volume%201155/volume-1155-I-18232-English.pdf
- [3] Ivana Roanya (2012) – “İnsan hüquqları haqqında Avropa Konvensiyasında təsbit olunmuş şəxsi və ailə həyatına hörmət hüququnun müdafiəsi” Avropa Şurası Strasburq, 2012-ci il. https://rm.coe.int/1680700a30
- [4] Ivana Roanya (2012) – “İnsan hüquqları haqqında Avropa Konvensiyasında təsbit olunmuş şəxsi və ailə həyatına hörmət hüququnun müdafiəsi” Avropa Şurası Strasburq, 2012-ci il. Səhifə 10-12 https://rm.coe.int/1680700a30
- [5] Ivana Roanya (2012) – “İnsan hüquqları haqqında Avropa Konvensiyasında təsbit olunmuş şəxsi və ailə həyatına hörmət hüququnun müdafiəsi” Avropa Şurası Strasburq, 2012-ci il. Səhifə 31 https://rm.coe.int/1680700a30
- [6] Ivana Roanya (2012) – “İnsan hüquqları haqqında Avropa Konvensiyasında təsbit olunmuş şəxsi və ailə həyatına hörmət hüququnun müdafiəsi” Avropa Şurası Strasburq, 2012-ci il. Səhifə 32-33 https://rm.coe.int/1680700a30
- [7] AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ http://www.e-qanun.az/code/10
- [8] AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI (1995). Səhifə 3 http://www.sehiyye.gov.az/files/pdf/konst.pdf
- [9] Ivana Roanya (2012) – “İnsan hüquqları haqqında Avropa Konvensiyasında təsbit olunmuş şəxsi və ailə həyatına hörmət hüququnun müdafiəsi” Avropa Şurası Strasburq, 2012-ci il. Səhifə 80 https://rm.coe.int/1680700a30