GİRİŞ

Məlum olduğu kimi 2020-ci ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra “AİHM”) “Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı” işi barədə yekun qərar qəbul etmiş, məhkəmə qərarına əsasən, Azərbaycan hökümətinin Avropa İnsan Hüquqları Konvensiyasının qarşı tərəfin iddia etdiyi maddələrinin pozulmasında təqsirkar bilindiyi üçün cərimə ödəməsi qət olunmuşdur.[1] Məqalə çərçivəsində AİHM-ə edilən şikayətin, o cümlədən məhkəmə işinin məzmunu, əsasları, mühakimə prosesi və nəticələri və yekun qərar təhlil olunacaq, Ramil Səfərovun ekstradisiyası, o cümlədən ekstradisiyadan sonra Azərbaycan höküməti tərəfindən atılmış addımların hüquqi tərəflərinə AİHM qərarı işığında nəzər salınacaqdır.

  1. Şikayətin mahiyyəti və faktiki hallar

1.1. Şikayətin ümumi məzmunu

Təhlil olunan iş üzrə Ermənistan Respublikası vətəndaşları, ərizəçilər Makuçyan və Minasyan Azərbaycan və Macarıstan hökümətləri tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra “Konvensiya”) 2-ci (yaşamaq hüququ) və 38-ci (məhkəmə işinin araşdırılması) maddələrinin, həmçinin Azərbaycan höküməti tərəfindən 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddəsinin pozulduğunu bildirmişdirlər. Belə ki, erməni ərizəçilərin şikayətlərinə əsasən, 2004-cü ilin yanvar ayında NATO proqramları çərçivəsində Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən ingilis dili kurslarına ezam olunan zaman azərbaycanlı zabit Ramil Səfərov erməni zabitlərinə hücum edərək onlardan birini öldürmüş, digərini isə öldürməyə cəhd etmişdir. Hadisədən sonra Macarıstan höküməti tərəfindən həbs edilən Ramil Səfərova ömürlük həbs cəzası verilmişdir. Lakin səkkiz il sonra Azərbaycan höküməti öz zabitinin ekstradisiyasına nail olmuş və Ramil Səfərovu öz ölkəsinə qaytarmışdır. Məsələ bununla da bitməmiş, Ramil Səfərov Azərbaycan höküməti tərəfindən əfv olunmuşdur. Ərizəçilər öz şikayətlərində bildirmişdirlər ki, Macarıstan höküməti Ramil Səfərovun öz ölkəsində cəzasını çəkməyə davam edəcəyinə dair hər hansı zəmanət almadan onu sərbəst buraxmışdır. Bu səbəblərdən də hər iki ölkənin höküməti tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının qeyd olunan maddələri pozulmuşdur.

            1.2. Məhkəmə işinin əsaslandığı faktiki hallar

2004-cü ilin yanvarında NATO-nun maliyyələşdirdiyi “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Budapeştdə Postsovet Respublikalarının hər birindən iki iştirakçının, o cümlədən iki azərbaycanlı və erməni zabitinin daxil olduğu  üç aylıq ingilis dili kursu  təşkil edilmiş, kurs davam etdiyi dövrdə, 19 fevral 2004-cü il tarixində səhər saat 5 radələrində Azərbaycan ordusunun zabiti Ramil Səfərov yuxuda olarkən ən azı on iki balta zərbəsi ilə kursun digər iştirakçısı erməni zabit Qurgen Markaryanın başını kəsərək qətlə yetirmişdir. O, hazırkı iş üzrə ərizəçilərdən biri olan başqa bir erməni zabitinin otağına balta ilə girmək istəyərkən  hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Hadisədən sonra azərbaycanlı zabit polis tərəfindən 4 dəfə dindirilmiş, o, Dağlıq Qarabağ münaqişəsi zamanı öz yaxınlarını itirdiyi üçün erməniləri qətiyyən bəyənmədiyini, həmçinin dil kursunda erməni zabitlərin bir neçə dəfə Azərbaycan bayrağı ilə ona qarşı təxribat törətdiyini və ələ saldığını bildirmişdir. Məhz bu səbəblərdən Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin başlanmasının ildönümündə balta alıb erməni zabitləri öldürmək qərarına gəlmişdir.

Həmçinin istintaq zamanı Ramil Səfərov 4 ekspert psixiatr müayinəsinə də məruz qalmış, həmin müayinələrdən ikisinin rəyi ilə Ramil Səfərovun öz hərəkətlərinin ictimai təhlükəli olmasını və nəticələrini dərk edə bilməsi müəyyən edilmişdir. Ekspertlərin rəylərində Ramil Səfərov həmin dövrdə patoloji ruhi vəziyyətdən əziyyət çəkməməsi, sağlam sayıla bilən, lakin vəziyyətin ağırlığını əks etdirən bir ruh halında olması, posttravmatik stress pozğunluğundan əziyyət çəkməsi qeyd olunmuşdur.

Ramil Səfərov 2006-cı il aprelin 13-də Budapeşt Şəhər Məhkəməsi tərəfindən Qurqen Markaryanı xüsusi amansızlıqla qəsdən qətlə yetirməkdə, digər erməni zabitin isə qətlinə hazırlaşmaqda təqsirli bilinərək 30 ildən sonra şərti azadlığa buraxılma ehtimalı ilə ömürlük həbs cəzasına məhkum edilmişdir. Məhkəmə cinayətlərin qəddar motivlərlə və yalnız qurbanların erməni milliyyətinə görə törədildiyi qənaətinə gəlmişdir. Qərardan sonra Ramil Səfərov tərəfindən birinci instansiyanın hökmündən apellyasiya şikayəti verilmiş, rus dilini zəif bildiyini, psixiatrik müayinələrin düzgün aparılmadığını və erməni iştirakçıları öldürmək üçün baltanı almadığını, bunun sadəcə özünümüdafiə məqsədi daşıdığını bildirmişdir. Lakin birinci instansiyanın hökmü 22 fevral 2007-ci ildə Budapeşt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmış və Ramil Səfərov cəzasını Macarıstan həbsxanasına çəkmək üçün göndərilmişdir.

2006 və 2008-ci illərdə Azərbaycan höküməti Ramil Səfərovun cəzasını çəkməsi üçün onun ölkəsinə ekstradisiyası üçün müraciət etmiş, lakin hər iki müraciət Macarıstan tərəfindən rədd edilmişdir. 2012-ci ildə Azərbaycan höküməti yenidən Ekstradisiya haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə, öz vətəndaşının ekstradisiyası hüququna[2] əsaslanaraq yeni sorğu ilə çıxış etmişdir. 15 avqust 2012-ci ildə Azərbaycanın Ədliyyə Nazirliyi Macarıstan hömumətinə ünvanladığı müraciətində bildirmişdir ki, orada məhkum edilmiş Azərbaycan Respublikası vətəndaşının ekstradisiyası halında, hökmün icrası Azərbaycanda hökmün heç bir “çevrilmə”si olmadan davam etdiriləcəkdir. Bundan əlavə, məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs cəzasının ən azı iyirmi beş ilini çəkdikdən sonra şərti olaraq azadlığa buraxıla bilər.[3] Danışıqların nəticəsində 17 avqust 2012-ci ildə Ramil Səfərov Macarıstan Ədliyyə Nazirliyi tərəfindən cəzasının qalan hissəsini orada çəkməsi şərti ilə razılaşmış və Ramil Səfərov 31 avqust 2012-ci ildə Azərbaycana gətirilmişdir. O, elə həmin gün prezidentin əfv fərmanı əsasında azadlığa buraxılmış, 2012-ci il sentyabrın 1-də təntənəli mərasim ilə Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən “mayor” rütbəsi ilə təltif olunmuşdur. 6 dekabr 2012-ci il tarixində dövlət mənzil fonduna məxsus mənzil onun istifadəsinə verilmiş və ona Macarıstanda olduğu bütün dövr ərzindəki itirdiyi əmək haqqı ödənilmişdir. 2 sentyabr 2012-ci il tarixli press-relizdə Macarıstan höküməti bütün beynəlxalq qaydalara uyğun hərəkət etdiyini vurğulayaraq Ramil Səfərovun əfv edilməsinin yolverilməz olduğu və bunun nəticəsində beynəlxalq hüququn normalarının pozulması ilə bağlı açıqlama vermişdir.[4]

  • Tərəflərin izahatları və məhkəmənin əsaslandığı hallar

Tərəflərin təqdimatları zamanı Azərbaycan Höküməti bildirmişdir ki, ərizəçilər tərəfindən daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra və müvafiq sonuncu məhkəmə qərar qəbul edildikdən sonra AİHM-ə müraciət edilə bilərdi, lakin ərizəçilər bu qaydaya əməl etməmişdirlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 13-cü maddəsinə görə xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikası vətəndaşı məhz istinad olunan məcəlləyə əsasən məsuliyyətə cəlb olunur. Eyni şəkildə, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mühakimədən, cinayət məsuliyyətinə cəlb olunma və Ramil Səfərovun işinə münasibətdə əfv olunmadan söhbət gedirsə, zərərçəkmiş (burada ərizəçilər) tərəfindən ilk öncə Azərbaycan Respublikası daxilindəki hüquqi müdafiə vasitələrindən istifadə olunmalı idi. Yalnız yekun məhkəmə qərarından sonra AİHM-ə müraciət oluna  bilərdi. Azərbaycan tərəfinin mövqeyinə görə ərizəçilər Konvensiyanın 35-ci maddəsinə, qəbul edilmə şərtlərinə əməl etməmişdilər. Ərizəçilər isə öz növbəsində bildirmişdirlər ki, onların effektiv daxili müdafiə vasitələrini tətbiq etmək imkanları olmamışdır. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin ümumi fonunda Ermənistan və Azərbaycan Respublikaları arasında dövlət münasibətləri olmadığı üçün onlar üçün belə bir imkan mövcud deyildi. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, fiziki şəxs yalnız “icra hakimiyyəti orqanlarının hüquqi və normativ xarakterli aktları” ilə bağlı birbaşa olaraq Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik idi. Prezidentin Ramil Səfərov baradə əfv sərəncamı isə normativ akt deyildi, ona görə də onların Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ yox idi. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası qanununa görə normativ hüquqi aktlar qeyri-müəyyən subyektlər dairəsi üçün dəfələrlə tətbiqi  nəzərdə tutulmuş aktdır. Prezidentin əfv sərəncamı isə yenə həmin qanuna görə konkret təşkilati, nəzarət və ya sərəncamverici tədbirin həyata keçirilməsi məqsədi ilə qəbul edilən, birdəfəlik tətbiq halı üçün nəzərdə tutulan qeyri-normativ xarakterli aktdır.[5]

Məhkəmənin ərizəçilərin Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına cəhd edə biləcəklərini iddia etməkdən başqa, Hökümət bu cür hüquqi müdafiə vasitəsindən istifadənin uğurlu olduğu yerli qərara dair bir nümunə də təqdim etməməsi səbəbindən Azərbaycan hökümətin etirazını rədd etmişdir.

Azərbaycan Hökuməti bildirmişdir ki, ərizəçilər heç bir əhəmiyyətli zərərə məruz qalmamışdır. Ramil Səfərov səkkiz ildən artıq həbsxanada qalmışdı, ərizəçilər isə əfv sərəncamının verilməsinə görə mənfi təsirə məruz qalmamış və hər hansı itki və ya xəsarət almamışlar. Hazırkı işdə insan hüquqları ilə bağlı heç bir əsas problem yaranmamışdır. Ramil Səfərov həbs edilmiş, mühakimə olunmuş, məhkum edilmiş və cəzalandırılmışdır. Azərbaycan prezidentinin onu əfv etməsi isə onun siyasi baxımdan müdrik olub-olmaması ilə əlaqəli deyildi. Bu, Azərbaycan Respublikası qanunvericiliyinə görə legitim idi, humanitar səbəblərə görə verilmişdi və Ekstradisiya haqqında Avropa Konvensiyasına zidd deyildi. Ərizəçilər isə Ramil Səfərovun əfv olunması nəticəsində əhəmiyyətli dərəcədə daha az cəza çəkdiyini və onun ekstradisiyasından sonra Azərbaycanda qəhrəman kimi tərənnüm və qəbul edildiyini iddia etmişdir. İki cavabdeh dövlətin 2-ci maddəyə (yaşamaq hüququ) əsasən, müsbət öhdəlikləri var idi – xüsusən də Ramil Səfərovun adam öldürmə və adam öldürməyə cəhdə görə hökmünün icrasını təmin etmək. Lakin onların hər ikisi öz öhdəliklərini pozmuşdu, Ərizəçilər “insan hüquqlarına hörmət” nöqteyi-nəzərindən işin ağırlığını, qaldırılan yeni hüquqi məsələləri və bəzi məsələlərin hələ də açıq qalmasını nəzərə alaraq, onun mahiyyəti üzrə araşdırılmasını tələb etmişdir.

Azərbaycan höküməti məhkəmə icraatı zamanı Konvensiyanın sözügedən maddəsinin pozulmadığını qeyd edərək bildirmişdi ki, yaşamaq hüququnun pozulması ilə bağlı müddəa yalnız ərizəçilərdən birinə şamil edilə bilərdi. Digər ərizəçi isə hadisə zamanı heç bir xəsarət almamışdı. Azərbaycan hökümətinin mövqeyinə görə hadisələr öz yurisdiksiyasından kənarda baş vermiş və həyata keçirilə biləcək istənilən effektiv nəzarət məhdudlaşdırılmışdır. Azərbaycan törədilmiş cinayətə icazə verməmiş, ona göz yummamış və ya haqq qazandırmamışdı, Ramil Səfərov normal və gözlənilən vəzifələrindən kənara çıxmışdır. Sözügedən hadisələr zamanı Ramil Səfərov emosional olaraq narahat olmuş və erməni zabitləri tərəfindən zorakılığa məruz qalmışdır. O, başverənlərə qarşı Azərbaycanın qabaqcadan görə bilmədiyi şəkildə bir reaksiya vermişdir.

Bu məsələ ilə bağlı məhkəmə öz qiymətləndirməsində əvvəlki presedentlərə istinad edərək vurğulamışdır ki, Konvensiyanın 2-ci maddəsi hətta yaşamaq hüququ pozulmuş şəxs ölməmiş olsa belə, tətbiq edilə bilər.[6] Belə ki, Macarıstan məhkəmələri tərəfindən müəyyən edilmiş faktlara əsasən, “cinayətin hazırlanmasına görə” təqsirləndirərək bildirmişdir ki, heç bir faktiki xəsarət olmasa da, həmin zabitin həyatı üçün real təhlükə yaranmışdır. Ramil Səfərov birinci qurbanın başını kəsdikdən sonra digər zabitin otağının qapısını hədə-qorxu gələrək balta ilə sındırmağa çalışmış, bu vaxt yataqxanada olan digər şəxslər polisə zəng vurmuş, polis sonda Ramil Səfərovu saxlamışdır.

Həmçinin, ərizəçilər Azərbaycanın qətlə və qəsdən adam öldürməyə cəhdə görə birbaşa məsuliyyət daşıdığını, hər iki cinayətin Azərbaycan hərbi qulluqçusu tərəfindən törədildiyini, ikincisi, Azərbaycan tərəfinin və bu davranışı özününkü kimi qəbul etdiyini, bununla da 2-ci maddə üzrə maddi və prosessual öhdəlikləri pozduğunu iddia edirdilər. Belə ki, Azərbaycan hökümətinin təqdimatına görə Ramil Səfərov “həssas vəziyyətdə və emosional olaraq narahat” olmuşdur. Lakin, Azərbaycan höküməti Ramil Səfərovun sağlamlıq vəziyyətinin heç bir formada qiymətləndirilməsini həyata keçirməmiş, onun işə qəbul olunmağa, Azərbaycan silahlı qüvvələrinin üzvü kimi xidmət etməyə və ya NATO-nun maliyyələşdirdiyi təlim kurslarında iştirak etməyə davam etməyə hazır olmasını yoxlamamışdır. Həmçinin Azərbaycanın silahlı qüvvələrinin üzvlərinin xidmətə yararlı olub-olmaması ilə bağlı heç bir sübut təqdim etməmişdir. O, erməni zabitlərinin də iştirak edəcəyi üç aylıq təlim kursuna göndərilmişdi. Bəyanatlarda cinayətlərin dəstəklənməsi və təsdiqlənməsi təkzib edilsə də, Ramil Səfərov təkcə Azərbaycan ictimaiyyəti deyil, Azərbaycan hakimiyyəti tərəfindən də qəhrəman kimi qiymətləndirilmişdir. Fakt bu idi ki, Ramil Səfərov Azərbaycanda qəhrəman kimi qarşılanmış və mükafatlandırılmışdır.

Azərbaycan höküməti bildirmişdir ki, Ramil Səfərov Budapeştdə olarkən erməni zabitləri tərəfindən şifahi təhqirlərə məruz qalmışdır, bu da onun “keçmişdəki çətin təcrübələrindən qaynaqlanan ruhi vəziyyətə” məruz qoymuşdur. Ramil Səfərov hadisə zamanı rəsmi vəzifələrini yerinə yetirərkən Budapeştdə olmuşdur və belə ağır cinayəti Azərbaycana aid etmək mümkün deyildir. Hökümət Ramil Səfərov hərəkətlərinin rəsmi səviyyədə bəyənildiyini və ya əsaslandırıldığını, şöhrətləndirilyini, qəhrəman sayıldığını  təkzib etmişdir.

Məhkəmənin qiymətləndirməsinə görə, Azərbaycan höküməti Ramil Səfərovu qabaqcadan planlanmış bir əməliyyat üçün deyil, ingilis dili kurslarında iştirak üçün göndərmişdir. Sözügedən qətlin törədilməsi isə məhz erməni tərəfinin onu təhrik və təhqir etməsi nəticəsində Ramil Səfərovun öz şəxsi qərarı əsasında həyata keçirilmişdir. Prezidentin öz diskresion səlahiyyətinə əsaslanaraq Ramil Səfərovu əfv etməsi, Azərbaycanın beynəlxalq hüquqla müəyyən edilmiş öhdəliyin, o cümələdən yaşamaq hüququnun pozuntusu kimi qiymətləndirilə bilməz.

Ərizəçilərin mövqeyinə görə Azərbaycan tərəfi Dağlıq-Qarabağ münaqişəsi fonunda ikili münasibətlərdən qaynaqlanaraq Ramil Səfərovu əfv etmişdir. Bununla da Macarıstan məhkəmələri tərəfindən verilmiş məhkəmə qərarları ica olunmadan qalmış, ekstradisiya haqqında beynəlxalq qanunvericiliyi həm də, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi pozulmuşdur. Azərbaycan tərəfi isə prezidentin sərəncamının Ramil Səfərovun Macarıstandakı mühakiməsi zamanı onun hadisə zamanı mövcud olmuş psixoloji vəziyyətinin nəzərə alınmaması, ona rus dilini bilməməsinə baxmayaraq, rusdilli tərcüməçinin verilməsi, həmçinin ilkin dindirmə zamanı vəkillə təmin olunmaması kimi məsələləri nəzərə alaraq humanitar narahatlıq fonunda verildiyini bildirmişdir.

Məhkəmənin mövqeyinə görə Azərbaycan tərəfinin ekstradisiyanın həyata keçirilməsindən sonra hökmün icrası ilə bağlı bütün müvafiq qərarları qəbul etmək səlahiyyəti olsa da, iki ölkə arasında son dərəcə gərgin siyasi vəziyyəti və hazırkı işdə cinayətlərin qurbanlarının erməni əsilli olduğunu nəzərə alaraq hakimiyyət daha ehtiyatlı olmalı idi. Burada məhkəmə Avropa Şurası Parlament Assambleyasının 2001-ci ildə Əfvlər və Ekstradisiya Konvensiyasına əsasən məhbusların dərhal azad edilməsi üçün istifadə edilməsinə mənfi münasibət bildirməmişdir. Həqiqətən də, həmin Konvensiyanın preambulasına uyğun olaraq, onun əsas məqsədləri ədalət mühakiməsinə və məhkumların sosial reabilitasiyasına kömək etməkdir. Məhkəmə Ramil Səfərovun əfvinin hüquqi əsası olsa belə, əfv edildikdən sonra ona verilmiş hərbi xidmətə çağırışla bağlı qüvvədə olan qaydalara istinad etməkdən başqa onun mükafatlandırılması ilə bağlı hüquqi əsaslar göstərməmişdir. Nəhayət, Azərbaycanın qüvvədə olan aktları erməni qurbanlarına qarşı törədilən cinayətin cəzasız qoymaqla Azərbaycan höküməti Konvensiyanın 2-ci maddəsini onun prosessual hissəsi üzrə pozmuşdur.

Həmçinin, ərizəçilər macar hökümətinin Avropa Şurasının üzvü olan dövlət kimi Azərbaycanın öz beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcəyinə inanmasının əsasının olması ilə bağlı arqumentini rədd edərək iddia etmişdirlər ki, Macarıstan Ramil Səfərovu onun Azərbaycanda həbs cəzasını tamamlamasının tələb olunacağına dair adekvat məcburi təminatlar əldə edilmədən köçürülməsini həyata keçirmişdir. Macarıstan höküməti isə Konvensiyanın 2-ci maddəsi üzrə üzərinə götürdüyü müsbət öhdəliklərdən hər hansı birini pozmadığını, Ramil Səfərovun Azərbaycana təhvil verilməsinin müvafiq beynəlxalq hüquqi müddəalara və Macarıstan qanunlarına tam uyğun olaraq həyata keçirildiyini qeyd etmişdir. Macarıstanın Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcəyinə inanmaq üçün bütün əsasları var idi. Azərbaycan Avropa Şurasının və Ekstradisiya haqqında Konvensiyasına üzv dövlət idi. Məhkəmənin qiymətləndirməsinə əsasən, macar hökümətinin arqumentləri fərziyyədən başqa bir şey deyildi.

Ərizəçilər Azərbaycanın  İnsan hüquqları konvensiyasının 14-cü maddəsini pozduğunu bildirdilər. Həmin maddəyə görə, hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır”.

Macarıstan məhkəməsi Ramil Səfərovu mühakimə edərkən iki qurbanına qarşı milli mənsubiyyətinə və etnik mənşəyinə görə cinayətləri açıq şəkildə törətdiyi nəticəsinə gələrək bunu ağırlaşdırıcı hal kimi qiymətləndirilmişdir. Ərizəçilər həmçinin qeyd etmişdilər ki, Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirilən müxtəlif tədbirlər, o cümlədən, əfv sərəncamı məhz Ramil Səfərovun erməni hərbi zabitini qətlə yetirməsi səbəbindən həyata keçirilib. Məhkəmənin Macarıstan məhkəmələri tərəfindən müəyyən edilmiş faktlar əsasında Ramil Səfərovun fövqəladə amansız qətl törətmək və başqa bir qətlə hazırlaşmadakı yeganə səbəbinin onun qurbanlarının erməni vətəndaşı olması qənaətinə gəlmişdir.

Digər tərəfdən Məhkəmə Ramil Səfərovun əfvindən sonra bir sıra Azərbaycan rəsmiləri tərəfindən verilən bəyanatların böyük əksəriyyəti  cinayətlərin erməni əsgərlərinə qarşı yönəldiyi faktını xüsusi dəstəklədiyini ifadə etdiyini onu hərəkətlərinə görə təbrik etdiyini və onu vətənpərvər, nümunəvi və qəhrəman adlandırığını vurğulamışdır. Məhkəmənin fikrincə, Ramil Səfərovun cəzasız qalmasına səbəb olan müxtəlif tədbirlər və onun son dərəcə qəddar nifrətinin təriflənməsinin cinayət qurbanlarının erməni etnik mənsubiyyəti ilə səbəb-nəticə əlaqəsi var idi. Bu halların işığında Məhkəmə hesab etmişdir ki, Azərbaycan höküməti ərizəçilərin mübahisəli ayrı-seçkilik iddiasını təkzib edə bilməyib və Azərbaycan tərəfindən Konvensiyanın 2-ci maddəsinin prosessual hissəsi ilə birlikdə 14-cü maddəsi də pozulub.

Nəhayət, ərizəçilər 38-ci maddəsinin Azərbaycan və Macarıstan hökümətləri tərəfindən pozulması ilə bağlı şikayət etmişdilər. Belə ki, həmin maddəyə görə AİHM şikayəti icraata qəbul etdikdən sonra iştirak edən tərəflər işin hallarının təhqiqinin səmərəli aparılması üçün maraqlı dövlətlər bütün zəruri şəraiti yaradırlar. Lakin ərizəçilər hər iki Hökümətə 11 iyul 2016-cı il tarixli məktub ilə Ramil Səfərov ilə bağlı və prezidentin keçirdiyi müşavirələrin protokolları bu barədə verdiyi tapşırıqları özündə əks etdirən sənədlərin verilməsi ilə bağlı müraciət etsələr də, həmin sənədlər ərizəçilərə verilməmişdir. Məhkəmə şikayətin bu hissəsinə münasibətdə qeyd edilən sənədlərin cavabdeh hökümətlərdən Məhkəmə vasitəsi ilə deyil, ərizəçilərin öz vəkilləri ilə tələb edildiyini, həmçinin məhkəmənin əlavə məlumat tələbindən sonra hər iki cavabdeh Hökümətin tələb olunan sənədləri təqdim etdiyini məhkəmə qeyd edərək hazırkı işdə Azərbaycan və ya Macarıstan tərəfindən Konvensiyanın 38-ci maddəsinə əməl edilməməsi halı olmadığı qənaətinə gəlmişdir.

            Ərizəçilər yekunda məhkəmədən restitutio in integrum prinsipinin tətbiqini xahiş etmişdilər. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, haqsız tərəf öz fakitki hərəkətlərindən irəli gələn itkiləri bərpa etməli və zərərçəkmiş tərəfi əgər bu hərəkətlər törədilməsəydi, olacağı vəziyyətə qaytarmalıdır.[7] Onlar Ramil səfərovun daxili hüquq normaları əsasında Azərbaycanda yenidən mühakimə olunmasını, əfv sərəncamının ləğvini nəzərə alaraq və məhkəmə qarşısında çəkilmiş xərclər və məsrəflər üçün 15143,33 funt sterlinq (GBP) tələb etmişdilər.

Məhkəmə yekun qərarında Azərbaycan tərəfindən Konvensiyanın 2-ci maddəsinin prosessual hissəsinin, həmçinin 14-cü maddənin pozulması, Macarıstan tərəfindən Konvensiyanın 2-ci maddəsinin prosessual hissəsində pozulmaması, həmçinin onların heç biri tərəfindən Konvensiyanın 38-ci maddəsinə əməl edilməməsi hissəsində pozuntu törədilməməsi barədə qərar vermişdir. Həmçinin Məhkəmə yekunda Azərbaycan hökümətinə ərizəçilərin tələb etdiyi pul məbləğini ödəmək öhdəliyi müəyyən etmişdir.

  • Yekun dəyərləndirmə və nəticələr

            Avropa Məhkəməsinin qərarına əsasən Ramil Səfərovun Azərbaycana ekstradisiyası və sonrasında hökümət tərəfindən atılan addımların hüquqi tərəfləri Məhkəmə tərəfindən qiymətləndirilmiş və yekunda Azərbaycan höküməti tərəfindən Konvensiyanın əvvəldə istinad olunan maddələrinin pozulmuş olması qənaətinə gəlinmişdir. Qərarın məzmunundan da aydın olur ki, Azərbaycan höküməti tərəfindən ekstradisiya sonrasında edilən hərəkətlər Avropa Məhkəməsi tərəfindən hüquqi hesab edilməmişdir. Həmin hərəkətlər ilk növbədə məhz hadisələr baş verən zaman həyata keçirilmiş və nəticəsində Ramil Səfərovun ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi cinayət mühakiməsi və azərbaycanlı zabitə təyin edilən hökmlə əlaqəlidir. Bu səbəbdən də həmin cinayət mühakiməsinin və hökmün hüquqi baxımdan, həmçinin mühakimə olunan şəxs vətəndaşı olduğundan Azərbaycan dövlətinin məhkəmə təcrübələri aspektindən də dəyərləndirməsi gərəklidir. Ümumilikdə hüquqi nəzəriyyədə hər cinayət əməlinin müəyyən həyəcan halında törədildiyi və bu səbəbdən də həyəcan vəziyyətinin təyin edilən cəzanın ağırlığına təsir etmədiyi düşünülür. Bu mövqeyə görə həyəcanın yüngülləşdirici hal olması üçün o, pataloji əsasa söykənməlidir. Digər halda həyəcan iradəyə təsir etmir və törədilən əməlin qəsd olduğu hesab edilir.[8] Lakin, burada əsas məsələ həyəcan halının şəxsin ictimai təhlükəli əməli törətməyə yönələn iradəsinə təsiridir. Bu həyəcan şəxsin vəziyyətini yaxşılaşdıran hal hesab edilməsə də, ağırlaşdıran hal da hesab edilməməlidir. Nəzəriyyədə intiqam, nifrət kimi daxildən gələn və şəxsin hərəkətlərinə təsir edən faktorlar cəzanı yüngülləşdirən hallar kimi qəbul edilir. Bu halların tətbiqi üçün əməli törədən şəxsdə şiddətli nifrətin yaranması səbəbləri və bu cür halların təkcə həmin şəxsdə deyil normal hər hansı fərddə də eyni hislərə səbəb olub-olmaması araşdırılmalıdır.[9] Burada xüsusi olaraq həmin şəxsdə qəzəbə və nifrətə səbəb ola biləcək hallar da dəyərləndirilməli, bu hisslərin zərərçəkmiş tərəfin qəsdən edilmiş hərəkətlərinə söykənməsi araşdırılmalıdır. Məsələn, xəyanətə məruz qalmış şəxsə əl ilə buynuzun göstərilməsi və s. digər bu cür xoşagəlməz hərəkətlərin edilməsi şəxsdə xüsusi hiddətə səbəb ola bilər. Yəni, təkcə ittiham olunan şəxsin ictimai təhlükəli əməli yalnız hansı psixoloji vəziyyətdə törətməsinə deyil, həm də zərərçəkmiş tərəflə ittiham olunan tərəfin arasındaki sosial münasibətlərə baxılmalıdır. Zərərçəkmiş tərəfin hərəkətlərinin digər tərəfi üzərində gözləniləndan daha təsirli olması nəzərə alınmalıdır. Viktimologiyada[10] “provokator” adlandırılan qurbanın bu vəziyyəti, başqa sözlə cinayəti törədənlə qurban arasındakı bu münasibət zərərçəkmişin də məsuliyyət daşıması deməkdir.[11] 

            Qeyd olunanlara əsasən, istinad olunan hadisələr zamanı ölmüş erməni zabit Gurgen Margaryanın, həmçinin digər zərərçəkmişin Ramil Səfərovla arasında mövcud olmuş münasibətlər, azərbaycanlı zabitə yönəlmiş provokasiya, təhqir və s. bənzər xoşagəlməz hərəkətlər mühakimə, o cümlədən cəza təyini zamanı xüsusi əhəmiyyət kəsb etməli idi. Hansı ki tərəflərin mənsub olduğu dövlətlər və xalqlar arasındaki münasibətlər o zaman üçün də məlum vəziyyətdə idi. Diqqət çəkilməli olan məsələlərdən biri Gurgen Margaryanın ölümündən bir il sonra Ermənistan prezidenti tərəfindən cəsarətə görə medalı (Medal for Courage of Armenia) ilə təltif edilməsidir.[12] Hansı ki ərizəçilər məhz azərbaycan tərəfinin öz zabitini əfv və təltif etməsini, irqçi və insan hüquqları ilə bağlı beynəlxalq hüquq normalarını pozan davranışlar kimi qiymətləndirmişdir.  Lakin Ramil Səfərovun hər hansı qətl törətmək niyyəti ilə Macarıstana getmədiyini Avropa Məhkəməsi də qərarında vurğulamışdır. Bununla yanaşı azərbaycanlı zabitin öz xalqı qarşısındaki xidmətlərini və hadisə başverən zaman orada yenə məhz öz vəzifə borcunu yerinə yetirdiyi üçün olması kimi faktorları sonradan öz ölkəsinə ekstradisiya olunub əfv və təltif edilməsi ilə birlikdə dəyərləndirmək lazımdır.

Həmçinin Azərbaycan Respublikasında cinayət mühakimə icraatının həyata keçirilməsi ilə əlaqədar məhkəmə təcrübələri ilə bağlı bir sıra ümumiləşdirmələr mövcuddur. Hansı ki mühakimə zamanı hadisənin baş verməsinə səbəb olmuş faktorlarla yanaşı cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən bütün cəhətlər[13], onun sosial mahiyyətini, onu xarakterizə edən əlamətlər, xüsusiyyətlər, əlaqələr və münasibətlərin mürəkkəb kompleksi, bu və ya digər formada cinayətin törədilməsinə təsir göstərən onun sosial və fərdi həyat şəraiti,  bunlarla qarşılıqlı əlaqədə olan və inkişaf edən mənəvi-əxlaqi aləmi nəzərə alınmalıdır. Təqsirli bilinən şəxsə törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmayan cəzaların təyin olunmasına yol verilməməlidir.[14] Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsi olduqca əhəmiyyətlidir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir və cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli bilinən şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir.[15]

Bütün bunlara nəzərən məhkəmə işinin təhlili zamanı Ramil Səfərovun Macarıstanda ilkin mühakiməsinin həyata keçirilərkən ona qarşı yönəlmiş təhrik və provokasiya məsələlərinin nəzərə alınıb-alınmaması, həmçinin onun şəxsiyyəti və ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın təyin ediıməsinin onun şəxsiyyətinə adekvat olub-olmaması barədə məsələlər xüsusi olaraq vurğulanmalıdır. Qeyd olunan hüquqi məsələlər fonunda dövlət tərəfindən öz vətəndaşının ekstradisiyası və əfvi həm də onun barəsindəki keçmiş mühakimənin və cəzanın ədalətliliyi baxımdan da dəyərləndirilməlidir. Son nəticədə cəzanın və ekstradisiyanın əsas məqsədi fərdin reabilitasiyası və cəmiyyətə yenidən qazandırılmasıdır. Hazırkı işə münasibətdə isə qeyd olunan məqsədlərə kifayət qədər nail olunduğunu görmək mümkündür.


[1] qərarın tam mətni üçün: Case of Makuchyan and Minasyan v. Azerbaijan and Hungary, https://hudoc.echr.coe.int/eng?i=001-202524.

[2] Council of Europe Convention on the Transfer of Sentenced Persons, https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=uriserv:OJ.C_.2019.403.01.0002.01.ENG&toc=OJ:C:2019:403:TOC;  (05.01.2022)

[3] Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, 57.3-cü maddə, http://e-qanun.az/framework/46947 (05.01.2022)

[4] Macarıstan hökumətinin sözügedən açıqlamaları ilə əlaqəli başlıqlar və xəbərlər: Azeri killer Ramil Safarov: Concern over Armenian anger,  https://www.bbc.com/news/world-europe-19463968, 05.01.2022; Hungary handed over Azeri killer aware of backlash risks: PM, https://www.reuters.com/article/us-hungary-azerbaijan-idUSBRE88A10020120911, 05.01.2022; Azerbaijani extradition – Hungary condemns amnesty in diplomatic note, https://2010-2014.kormany.hu/en/ministry-of-foreign-affairs/news/azerbaijani-extradition-hungary-condemns-amnesty-in-diplomatic-note, 05.01.2022;

Azerbaijani extradition – Foreign ministry says Azerbaijan’s action unacceptable

https://2010-2014.kormany.hu/en/ministry-of-foreign-affairs/news/azerbaijani-extradition-foreign-ministry-says-azerbaijan-s-action-unacceptable, 05.01.2022.

[5] “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası qanunu, 1.0.4-cü maddə, http://www.e-qanun.az/framework/21300, 10.01.2022,

[6] Budayeva and Others v. Russia, § 146, https://hudoc.echr.coe.int/fre#{%22itemid%22:[%22003-2294127-2474035%22]},  Kolyadenko and others v. Russia, https://hudoc.echr.coe.int/fre#{%22itemid%22:[%22001-109283%22]}, § 153-156.

[7] Elizabeth Adjin Tettey, Discriminatory Impact of Application of Restitutio in Integrum in Personal Injury Claims,  Annual Conference , 2019, s. 126. https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=2006550, 12.01.2022

[8] Kemalettin Erel, Haksız Tahrik Altında İşlenen Suçlara Heyecan Durumlarının Etkisi,

Adalet Dergisi, Ocak, 2001, S.6, s.169

[9] Dönmezer Sulhi Erman, Sahir, Nazari ve Tatbiki Ceza Hukuku,  İstanbul,  1994,Cilt:2

s. 357

[10]“Viktimologiya” anlayışı üçün daha ətrafl: Victimology: Definition, Theory & History, https://study.com/academy/lesson/victimology-definition-theory-history.html, 11.02.2022.

[11] Behiye Eker Kazancı, “Mağdurun davranışları ve heyecan halinin ceza sorumluluğuna etkisi – Haksız tahrik”, Dokuz Eylül Universitesi Hukuk Fakultesi dergisi, 2013, Cilt: 15, s. 1310-1320.

[12] “Gurgen Margarian awarded posthumously medal of bravery”, https://hyetert.org/2005/02/22/gurgen-margarian-awarded-posthumously-medal-of-bravery/, 12.02.2022.

[13] Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı, http://www.constcourt.gov.az/az/decision/1184, 12.02.2022.

[14] Azərbaycan Respublikası Ali Məhkəməsinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsindən” ümumiləşdirilməsi, http://supremecourt.gov.az/static/view/187, 22.02.2022.

[15] Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiq edilmə təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarı, http://supremecourt.gov.az/static/view/125, 22.02.2022.

Günay Məmmədova

Bütün yazıları göstər