Ümumiyyətlə, hüquqi proseslərin mahiyyətinin dərk olunması üçün onların tarixi təkamülünün tədqiqi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə Kamal Gözlərin “İngiltərədə Parlament nə zaman və necə formalaşdı?” məqaləsindən tərcüməni sizlərə təqdim edirik. Yazıda İngiltərədə parlamentin hansı tarixi zəmində yaranması və inkişaf istiqamətləri təhlil olunmuşdur.

Murad Alızadə

Müasir dövrdə parlamentlərin ilkin səlahiyyəti “qanunvericilik”, yəni “qanunyaratma” səlahiyyətidir. Məhz bu səbəbə görə də, parlamentlər “qanunverici orqan” adlandırılır.  Buna rəğmən, parlamentlərin tarixi aspektdən ilk səlahiyyəti, qanunyaratma deyil, vergi yığılmasına razılığın verilməsi və büdcəni qəbul etmək səlahiyyəti olmuşdur. Yəni parlamentlərin maliyyə məsələləri ilə bağlı olan səlahiyyətləri “qanun vermə” və ya “hökümətə nəzarət” səlahiyyətlərindən daha qədimdir. Hətta İngiltərənin konstitusiya tarixinə baxsaq, parlamentlərin qanunverici orqan olaraq deyil, bir maliyyə qurumu olaraq yaranıb-formalaşdıqlarını, qanunvericilik təşəbbüsü hüququnu isə daha sonra ələ keçirdiklərini görə bilərik.

Bu yazıda örnək ölkə olaraq İngiltərəni seçirik; çünki parlament adlandırılan orqan ilk dəfə İngiltərədə yaradılmış ve orada formalaşmış, daha sonra isə başqa ölkələrə keçmişdir. Dolayı yolla, bütün digər ölkələrdəki parlamentlərə, istər formalaşması, istər vəzifə və  səlahiyyətləri  baxımından İngiltərə Parlamenti bu və ya digər formada öz təsirini göstərmişdir.

1065-cı ildə baş verən Normand işğalından öncə adada Anqlo-Sakson Krallığı mövcud idi. Anqlo-Saksonlar adət və ənənələrinə bağlı xalq olmuşdur. Bu dövrdə İngiltərədə kral hüququn mənbəyi olaraq görülmürdü, əksinə hüququn adət və ənənələrdən qaynaqlandığı qəbul edilirdi. Kralın qayda müəyyən edə bilməsi üçün, krallığın  Witan [1] adlandırılan müdrik şəxslərindən formalaşan Witenagemot adlı məclisin razılığını alması vacib hesab olunurdu.[2]

Normandlar, 1066-cı ildə İngiltərəni işğal etdi və Anqlo-Sakson Krallığına son qoyuldu. Normandların Kralı Vilhelm (William the Conqueror) Anqlo-Saksonların adət və ənənələrinə sayğı  göstərdi. Xüsusilə, onların kralın witan’larla məsləhətləşməsi ilə bağlı ənənələrinə uydu və həmin məclisi dağıtmadı hətta, əlavə olaraq, onun krallığı bu məclisdə elan edildi.[3] Normandların vaxtında Witenagemot məclisi feodallar, əsilzadələr və din adamlarından ibarət olan bir məclis halını aldı və bu məclis Magnum Concilium adlanmağa başladı.[4]  Konsulun [5] vəzifə və səlahiyyətləri tamamilə məsləhət xarakteri daşıyırdı.[6] Bununla bərabər kral önəmli bir fərman verəcəyi zaman və ya xüsusi bir mübahisə ilə bağlı hökm çıxaracağı təqdirdə konsul ilə məsləhətləşmənin məcburi olduğu qəbul edilirdi.[7]

Vilhelminın ölümündən sonra konsulun önəmi daha da artdı. Kralın övladları arasındakı taxt çəkişmələri səbəbindən baronlar və bunun məntiqi nəticəsi kimi konsul önəmli bir rol oynamaya başladı.

1199-1216-cı illərdə İngiltərəni Kral Torpaqsız Con (John Lackland)  idarə etdi. Baronlar krala qarşı üsyan etdilər. Nəticədə kral razılığa getməyə məcbur oldu və onların istədikləri Magna Carta Libertatum adlanan sənədi 15 İyun 1215-ci il tarixində imzaladı.

Magna Kartada bir çox hökmlə bərabər, maliyyə hüququ baxımından bizi burada maraqlandıran məsələ də fərmanın 12-ci maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə, üç qədim feodal vergi forması [8] istisna olmaqla, kral konsulun razılığı olmadan vergi və yardım toplaya bilməzdi.[9] Yəni bu maddəyə əsasən “vergiyə razılıq” (consent to taxation [10])” və ya “nümayəndəsiz vergi olmaz (no taxation without representation)” prinsipi qəbul edilmiş olurdu.

Magnum Concilium ilk dəfə 1230-cu ildən etibarən “parlament” kimi  adlandırılmağa başlamışdır. Əvvəllər “parlament” ifadəsi konsulun yığıncaq etməsi anlamına gəlirdi.[11]

1216-cı ildə III Henri hakimiyyətə gəldi. Simon  Monfort 1264-cü ildə III Henrini taxtdan salaraq onu həbs etdirdi və 1265-ci ildə Magnum Concilium-da iştirak məqsədilə hər şəhərdən  iki cəngavər və iki nümayəndə göndərilməsini tələb etdi.[12] Beləliklə, parlamentdə baronlar, hersoqlar ve ruhanilərdən başqa, cəngavərlər və şəhərlilər, yəni xalq da təmsil olunmağa başladı.[13]

III Henrinin yerinə taxta çıxarılan I Edvard  (1272-1307) yuxarıdakı qaydalara tabe oldu və 1273-cü ildə baronlar, hersoqlar və ruhani sinifi xaricində, şəhərlər və qəzalardan seçilən təmsilçilərin də iştirak etdiyi bir məclis (Magnum Concilium) toplandı.[14]  I Edvard 1295-ci ildə daha geniş nümayəndəliyə əsaslanan bir parlamenti iclasa çağırdı. Bu daha da genişləndirilmiş Magnum Concilium-a “Model Parlament” (Model Parliament) adı verilmişdir. Həmin Parlamentdə 49 lord ve 292 nümayəndə təmsil olunurdu. Yeni olan bu Model Parlamentin quruluşu İngiltərə Parlamentin tam olaraq yaranış tarixi kimi qəbul edilə bilər.[15] Bu tarixdən etibarən  İngiltərədə parlament günümüzə qədər davamlı varlığını sürdürür.

1295-ci ildən sonra parlament demək olar ki, hər il toplanmağa başladı. I Edvard, bir tərəfdən Fransa ilə, digər tərəfdən İsveç ilə müharibə apardığı üçün hər zaman pula ehtiyac duyurdu. Maddiyyatı təmin etmək  üçün isə vergi yığmaq; vergi yığmaq üçün isə Parlamenti çağırmaq ve onun rəyini almaq lazım idi.[16]

Parlamentin çağrılmasında məqsəd vergi yığımını təmin etmək olduğu üçün, ruhani sinifi Parlamentə qatılmaq yerinə vergini özlərinə sərf edən formada təyin edərək krala ödəməyi qərarlaşdırdılar və buna görə 1300-cü illərin əvvəllərindən etibarən parlament yığıncaqlarında iştirak etməməyə başladılar.[17]

Geriyə qalan baronlar isə özləri kimi yüksək ünvana sahib olmayan şəhər və qəsəbə nümayəndələri ilə eyni salonda oturmaq istəmədilər və ayrı bir zalda toplanmağa başladılar. Beləliklə, Parlament, “üst məclis” (upper chamber) və “alt məclis (lower chamber) olaraq iki hissəyə ayrıldı. Bunlardan birincisi “Lordlar Palatası” (House of Lords), ikincisi isə “Nümayəndələr Palatası” (House of Commons) adlandırılırdı. Beləliklə, başlanğıcda təkməclisli olan İngiltərə Parlamenti sonralar iki məclisli bir parlament halına gəlmişdir.

      Konsula kral rəhbərlik etdiyi üçün Lordlar Palatasına da rəhbərlik etməyə davam etdi. Nümayəndələr Palatası yığıncaqlarında isə  Kral iştirak etmirdi. Nümayəndələr Palatasında alınan qərarlar, “spiker” (speaker) adlandırılan bir şəxs vasitəsilə krala bildirilirdi.

İlk spiker 1377-ci ildə  seçilmişdi. O, Nümayəndələr Palatasının hər yığıncağında yenidən seçilir və yığıncağı idarə edirdi. Beləliklə, zamanla spikerNümayəndələr Palatasının rəhbəri halına gəldi.[18]

1400-cü illərə qədər, İngiltərədə parlamentin qanun vermə səlahiyyəti, yəni qanunverici funksiyası yox idi. Parlament sadəcə vergi yığılmasına razılıq vermək səlahiyyətinə malik idi. Deməli, Parlament başlanğıcda qanunverici bir orqan deyildi.  “Qanun vermə” səlahiyyəti yalnız krala məxsus olduğundan, Lordlar Palatası və Nümayəndələr Palatası üzvlərinin isə qanun təklif etmə haqları belə yox idi.[19] Parlament qanun təklif etmə səlahiyyətini vergi yığımına razılıq vermə haqqı əsasında əldə etmişdir.[20] Nümayəndələr və Lordlar Palatasının ilk zamanlardan etibarən krala ərizə təqdim etmək səlahiyyəti mövcud olmuşdur. Hazırlanmasını istədikləri qanun və ya fərmanla bağlı hər iki palatanın üzvləri  ərizə ilə krala müraciət edib, kraldan o qanunu və ya fərmanı qəbul etməsini xahiş edirdilər.[21] Kral palataların biri tərəfindən  göndərilən ərizəni, digər palataya nəzərdən keçirilməsi üçün təqdim edir, ondan sonra müvafiq qərar qəbul edirdi.[22] Palatalar təklif etdikləri qanunun qəbuluna nail olmaq üçün vergiyə razılıq barədə əllərində olan silahdan məharətlə istifadə edirdi. Əgər kral onların tələb etdiyi qanunu çıxarmasa, onlar da kralın vergilər barədə müraciətlərinə razılıq verməyəcəklərini ve ancaq öz istəklərinin qəbul edilməsi təqdirində vergi yığılmasına razılığın mümkün ola biləcəyini bildirirdilər. Davamlı olaraq maliyyəyə ehtiyac duyan olan kral gec-tez istənilən qanunu qəbul edirdi.[23]

1400-cü illərdə istənilən qanun üçün krala petisiya təqdim etmə üsulu getdikcə fərqli bir formaya keçid aldı. Lordlar Palatası və ya Nümayəndlər Palatası Kraldan bir qanunun hazırlanması ilə bağlı ərizə ilə müraciət əvəzinə, qəbul edilməsini istədikləri qanun layihəsini şəxsən hazırlamağa və bu layihəni bir ərizə formasında  krala təqdim etməyə başladılar. Kral bu formada ona gələn qanun layihəsini digər məclisə təqdim edir və bu qanun layihəsi digər məclis tərəfindən rədd edilərsə, kral tərəfindən də qəbul olunmurdu. Ancaq layihə digər məclis tərəfındən qəbul edilsə, kral təsdiq etmək məcburiyyətində qalırdı. Nəticədə, kralın rəyindən (royal assent) sonra, qanun layihəsi qanuna  çevrilir və icra olunurdu.

I Karl dövründə (1625-1649) parlament kralın maliyyə tələblərini rədd etdi. Kral parlamenti bir neçə dəfə buraxdı. Amma hər dəfəsində yeni seçilən parlament krala qarşı gəlməyə davam etdi. Nəticədə, Kral I Karl razılaşmaq və parlamentin istəklərini qəbul etmək məcburiyyətində qaldı, nəticədə 1628-ci ildə Hüquqlar haqqında petisiya  (Petition of Rights) imzaladı.[24] Hüquqlar haqqında petisiya heç kimin parlamentin qərarı olmadıqca vergi ödəmək məcburiyyətində olmadığı prinsipini bir daha təsdiq edirdi.[25]

Karl, bundan sonra 1629-cu ildə parlamenti buraxdı və 11 il yığıncağa çağırmadı. Bu dövr İngiltərə tarixində “on bir tiranlıq ili” olaraq adlandırılır. Kral maddi ehtiyaclar səbəbi ilə  1640-cı ilin aprelində yenidən parlamenti  çağırmaq məcburiyyətində qaldı. Ancaq bir ay sonra, 1640-cı ilin mayında parlamenti  buraxdı. Qısa müddət sonra I Karl İsveçlə müharibəni uduzdu və isveçlilər İngiltərənin şimalını işğal etməyə başladılar. Kral parlamenti 1640-cı ilin oktyabrında təkrarən çağırdı. Bu formada  çağırılan parlament, 13 il müddətində, 1653-cü ilə qədər fasiləsiz olaraq fəaliyyətinə davam etdi. Bu səbəbdən, tarixdə həmin parlamentə uzunmüddətli parlament deyilir. Uzunmüddətli parlament bu vəziyyətdən istifadə edərək kralın iki nazirini edam etdirdi. Parlamentin rəyi olmadan müəyyən olunan vergiləri ləğv etdi, xəzinənin və ordunun idarəsini əlinə aldı. Kral və tərəfdarları buna razı olmaq istəmədi və parlamentin öncül simalarını həbs etdirmək istədi. Bunun nəticəsində isə ölkədə vətəndaş müharibəsi başlandı. Müharibə 1648-ci ildə başa çatdı, Kral I Karl məğlub oldu. Parlament qarşısında qurulan bir məhkəmədə mühakimə olunaraq edama məhkum edildi ve 30 Yanvar 1649-cu ildə edam cəzası icra olundu.

İngiltərədə 13 Fevral 1688-ci ildə Şəhzadə Mari və həyat yoldaşı Oranlı Vilhelm (William of Orange [26]) taxta çıxdılar. Əcnəbi bir şəhzadənin taxta çıxmasını bəhanə edən parlament kralın hansı şərtlər dairəsində hökmranlıq edəcəyini 1689-cu il tarixli Hüquqlar haqqında bill  (Bill of Rights) ilə müəyyən etdi.

1689-cu il tarixli Hüquqlar haqqında billə əsasən qanunsuz vergi yığılmasının qeyri-mümkünlüyü  bir daha yenidən təsdiqləndi və parlament verdiyi icazələri sadəcə bir illik müddətə malik olduğunu qərara aldı.[27]

Göründüyü kimi İngiltərədə parlament çox uzun bir mərhələ sonunda, zamanla yaranıb, inkişaf etmişdir. XV əsrə qədər parlamentin qanunvericilik səlahiyyətinə malik deyildi. Yeganə səlahiyyət isə vergilərin yığılmasına razılıq barədə qərarın verilməsindən ibarət idi. Parlament XV əsrdən etibarən qanun yaratma səlahiyyətini də yavaş-yavaş əlinə keçirmişdir.

Nəticə

Yuxarıda, yazı boyunca qeyd olunduğu kimi, bütün dünyada parlamentlərin atası olaraq qəbul edilən İngiltərə parlamentinin maliyyə xarakterli səlahiyyətləri, “qanun vermək” səlahiyyətindən daha öncə ortaya çıxmışdır. Həmçinin, yuxarıda açıqlandığı kimi, İngiltərə parlamenti, vergiyə razılıq vermə səlahiyyəti sayəsində qanun vermək səlahiyyətini  də ələ keçirmiş, yəni xalq və xalqın təmsilçiləri krallardan qanun vermə səlahiyyətini qoparmadan öncə, vergiləri müəyyən etmə imkanını əlində cəmləmişdir.

Tarixən, müasir parlamentlərin ilk nümayəndələri öncə qanunların yaradılmasında iştirakı deyil, öz razılıqları olmadan vergilərin müəyyən oluna bilinməməsini müəyyənləşdirmişdir. Yəni onlar krallar qarşısında özlərini öncəliklə iqtisadi asılılıqdan qorumağa çalışmışdır. Bütün bu səylər parlamentlərin formalaşmasına yol açmışdır. Maliyyə məsələləri ilə bağlı səlahiyyətlər  əldə edildikdən sonra, bunlar siyasi alət kimi istifadə olunmaqla, zamanla qanun yaratma, yəni qanunverici səlahiyyətlər də ələ keçirilmişdir.

Öncə 1215-ci il tarixli Magna Karta Libertatum ilə parlamentin razılığı olmadan kralın vergi toplaya bilməyəcəyi, yəni ümumi adı ilə vergiyə razılıq (consent to taxation or no taxation without representation)” prinsipi qəbul edilmişdir. Bu səbəblə İngiltərədə 1215- ci ildən etibarən krallar, vergi almaq istədikləri zaman parlamenti çağırmaq və onun razılığını almaq məcburiyyətində qalmışdır. 1628-ci il tarixli Hüquqlar haqqında petisiya heç kimin parlamentin qərarı olmadıqca vergi ödəmək məcburiyyətində olmadığı prinsipini bir  daha elan etmişdir. 1689-cu il tarixli Hüquqlar haqqında bill isə  qanunsuz vergi  yığıla bilməyəcəyi prinsipini təkrarən özündə təsbit etmişdir.[28]

Mənbələr:

1. Adhémar Esmein, Eléments de droit constitutionnel français et comparé, Paris, Sirey, 8th edition, 1928, c.I, s.90, dn 14

2. André Mathiot, Le régime politique britannique, Paris, Librairie Armand Colin, 1955, s.535

3. Bernard Chantebout, Droit constitutionnel et science politique, Paris, Armand Colin, 2005, s.90.

4. Bülent Nuri Esen, Anayasa Hukuku: Genel Esaslar, Ankara, Ayyıldız Metbaası, 1970, s.494.

5. Chadwick, H. M. (1905). Studies on Anglo-Saxon Institutions. Cambridge: Cambridge University Press

6. Dominique Turpin, Droit constitutionnel, Paris, P.U.F., İkinci Nəşr, 1994, s.534-535. 

7.  Esmein, op. cit., c.I, s.91-92; Monica Charlot, Le système politique britannique, Paris, Armand

8. Joseph Barthélemy ve Paul Duez, Traité de droit constitutionnel, Paris, Dalloz, 1933, s.192.

9. İlhan Arsel, Anayasa Hukuku: Demokrasi, Ankara, Doğuş Matbaacılık, 1964, s.91-92

10. R. M. Punnet, British Government and Politics, Cambridge, Gower, fourth edition, 1985, s.297

11. http://www.constitution.org/eng/petright.htm

12. https://www.newworldencyclopedia.org/entry/William_III_of_England


[1]Chadwick, H. M. (1905). Studies on Anglo-Saxon Institutions. Cambridge: Cambridge University Press

[2] S. B. Chrimes, English Constitutional History, Oxford, Oxford University Press, 1953, s.73.  

[3] İlhan Arsel, Anayasa Hukuku: Demokrasi, Ankara, Doğuş Matbaacılık, 1964, s.91-92.

[4] Ibid., s.93.

[5] Magnum Concilium

[6] Bernard Chantebout, Droit constitutionnel et science politique, Paris, Armand Colin, 2005,s.90.

[7] Ibid., s.95.

[8] Bu üç klassik feodal vergi forması: bir senyorun qızının evlənməsi, oğlunun silah qurşanması (adoubement) və əsir düşdüyündə ödənən məbləğdir. Dominique Turpin, Droit constitutionnel, Paris, P.U.F., İkinci Nəşr, 1994, s.534-535. 

[9] Adhémar Esmein, Eléments de droit constitutionnel français et comparé, Paris, Sirey, 8th edition, 1928, c.I, s.90, dn 14

[10] R. M. Punnet, British Government and Politics, Cambridge, Gower, fourth edition, 1985, s.297.

[11] Bülent Nuri Esen, Anayasa Hukuku: Genel Esaslar, Ankara, Ayyıldız Metbaası, 1970, s.494.

[12] Esmein, op. cit., c.I, s.91-92; Monica Charlot, Le système politique britannique, Paris, Armand Colin, 1976, s.17

[13] Arsel, op. cit., s.95

[14] Arsel, op. cit., s.95

[15] Arsel, op. cit., s.96

[16] André Mathiot, Le régime politique britannique, Paris, Librairie Armand Colin, 1955, s.204

[17] Mathiot, op. cit., s.204; Turpin, op. cit., s.535.  

[18] Arsel, op. cit., s.97; Turpin, op. cit., s.535.

[19] . Esmein, op. cit., c.I, s.92.  

[20] Ibid.  

[21] Arsel, op. cit., s.97; Esmein, op. cit., c.I., s.94.  

[22] Arsel, op. cit., s.97; Esmein, op. cit., c.I, s.94.  

[23] Esmein, op. cit., c.I, s.94.  

[24] http://www.constitution. org/eng/petright.htm

[25] Ibid. “No person should be compelled to make any loans to the king against his will, because such loans were against reason and the franchise of the land; and by other laws of this realm it is provided, that none should be charged by any charge or imposition called a benevolence, nor by such like charge; by which statutes before mentioned, and other the good laws and statutes of this realm, your subjects have inherited this freedom, that they should not be compelled to contribute to any tax, tallage, aid, or other like charge not set by common consent, in parliament”(http://www.constitution.org/eng/petright.htm).

[26] Niderland əsilli olduğu üçün belə adlandırılırdı. Əlavə məlumat üçün: https://www.newworldencyclopedia.org/entry/William_III_of_England

[27] Chantebout, op. cit., s.103

[28] Arsel, op. cit., s.100

Murad Alızadə

Bütün yazıları göstər