I Hissə – Rus işğalı və demoqrafik dəyişikliklər (1826-1897)

İkinci Qarabağ müharibəsinin bitməsi ilə birlikdə Azərbaycanın rəsmi ritorikasında Qərbi Azərbaycan ifadəsi yeni anlam kəsb etməyə başlamışdır.  Prezident İlham Əliyev həm müharibə sonlarından, həm də müharibədən sonrakı çıxışlarında dəfələrlə Qərbi Azərbaycanın tarixi Azərbaycan torpağı olduğunu vurğulamış, azərbaycanlıların oradan məcburi yolla köçürüldüyünü, ermənilərin oraya cəmi iki əsr əvvəl gətirildiyini, gələcəkdə deportasiya edilənlərin vətənlərinə dönəcəklərinə inandığını bildirmiş, hətta kontekstdən yararlanaraq AXC rəhbərliyini İrəvanı güşəztə getməkdə ittiham etmişdir.  1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olaraq 2022-ci ilin avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilməsi, həmçinin vaxtilə Qarabağdan olan məcburi köçkünlər üçün nəzərdə tutulmuş inzibati binanın Qərbi Azərbaycan İcmaası üçün ayrılması bu məsələnin ən azından hələ bir müddət Azərbaycan siyasətində mühüm rol oynayacağına işarə kimi dəyərləndirilə bilər (Əliyev, 24 dekabr 2022; APA, 24 dekabr 2022; BBC Azərbaycanca, 14 iyul 2021). Bu siyasi ritorika kontekstində hal-hazırda Ermənistan Respublikasının ərazisində yaşamış Azərbaycan türklərinin tarixi statistikası və hadisələr nəticəsində o bölgədən tamamilə yoxa çıxarılması maraq kəsb edə bilər. Biz bu məqaləmizdə XIX əsrdən etibarən indiki Ermənistan ərazisində yaşayan Azərbaycan türklərinin və ermənilərin statistik göstəricilərini, ermənilərin bölgəyə köçürülməsini, XIX əsr və XX əsr boyunca davam etmiş xaricdən olan və dövlət tərəfindən (sırası ilə həm Rusiya imperiyası, həm də Sovet İttifaqı) erməni köçlərinin bölgədəki demoqrafik göstəricilərə təsirini araşdırmağa çalışacağıq. 

1.     Rusiya hakimiyyətinin ilk illəri və demoqrafik göstəricilər

Rusiya imperiyası Cənubi Qafqazın işğalını 1828-ci ildə ikinci dəfə Qacar imperiyası üzərində qələbə qazanaraq tamamladı. Bu qələbədən sonra bölgəyə qalıcı olaraq gəldiyi qəti şəkildə bəlli olan Rusiya imperiyası özü üçün yeni inzibati vahidlər yaratmaqla birlikdə,  həm dini, həm də etnik bağlar əsasında ruslara ənənəvi düşmən olan  qonşu imperiyalar ilə – Osmanlı və Qacar – güclü əlaqəyə sahib yerli əhali arasında “demoqrafik mühəndisliyə” başladı.  Ümumiyyətlə, Rusiya imperiyası müsəlman dünyası ilə sərhəddə xristianların məskunlaşdırılmasını özü üçün daha təhlükəsiz hesab edirdi  (Gachechiladze, 1995: 28). Bu siyasət özünü doğrultmuş, təxminən Cənubi Qafqazın işğal edilməsindən keçən 80 illik müddətdən sonra çar II Nikolaya yazdığı məruzədə Qafqaz canişini Knyaz Vorontsov-Daşkov bildirirdi: (Swietochowski, 1985: 43)

“Zati-aliləri xəbərdardır ki, Qafqaz bölgəsində Türkiyə ilə münasibətlərimizin tarixi boyunca, [hələ] Böyük Pyotrun dövründən  rus siyasəti bizə müharibələr zamanı öz yardımları ilə cavab vermiş ermənilərə  iltifata əsaslanmışdır.” 

             XIX əsrin əvvəllərinə qədər bölgəni idarə etmiş Səfəvi imperiyasının  (daha sonra da Qacar imperiyası) keçirdiyi siyahıyaalmalar günümüzə qədər gəlib çatmamışdır.  Qacarlar imzalanmış Türkmənçay müqaviləsinə görə əllərində olan vergi sənədlərini ruslara verməyə məcbur olsalar da, Rusiya bölgə barədə daha ətraflı məlumat əldə etmək ehtiyyacı hiss edirdi. Bunun üçün  vəzifələndirilmiş İvan Şopen 1829-cu ildə statistika komandası ilə birlikdə bölgəyə gəlmiş və bölgədəki statistik göstəriciləri qeydə almışdır. Şopenin hazırladığı hesabat bölgənin[1] rus işğalından əvvəlki və sonrakı göstəriciləri barədə sahib olduğumuz yeganə etibarlı qaynaqdır (Bournoutian, 1981: 2). Şopenin apardığı hesablamalara görə bölgənin ruslar tərəfindən ələ keçirilməsinə qədər orada yaşayan müsəlmanların ümumilikdə sayı  117.849 min olmuş, lakin rus hakimiyyətinin gəlməsi ilə onların sayında 35 min azalma olmuşdur. Bu azalmanın səbəbi ənənəvi hakimiyyət dəyişdiyi üçün bölgəni tərk edən hərbi və mülki administrasiya ilə birlikdə  döyüşdə öldürülənlərdir (Bournoutian, 1981: 3-4).

 Rusiya hakimiyyətindən əvvəlki anda bölgədə yaşayan ermənilərin sayı isə 1826-cı ilin göstəricilərinə görə, İrəvan xanlığı ərazisində cəmi 20.073, Naxçıvan xanlığı ərazisində cəmi 2.690, Ordubad ərazisində isə 2.388 nəfər təşkil etməkdə idi. Beləliklə, rus işğalına qədər gələcəkdə Erməni oblastı təşkil ediləcək bölgədə ümumilikdə 143 min insan yaşamaqda idi və onlardan yalnız 25.151 nəfəri, yəni  təxminən əhalinin cəmi 21 faizi erməni idi (Bournoutian, 1981: 12). 

Qacarlarla müharibə zamanı özlərini müsəlman hakimiyyətindən qurtarmağa və rus hakimiyyəti altına keçirməyə çalışan erməni dəstələri  rus ordusu tərəfindən döyüşlərdə iştirak etmişdi (Bournoutian, 2018: 20). Görünür həm ermənilərin belə xidmət etməyə həvəsli olmalarından, həm də bölgədə gələcəkdə Osmanlı və ya Qacar imperiyaları ilə yeni müharibənin meydana çıxma təhlükəsindən ehtiyyatlanan ruslar demoqrafik mühəndislikdən yararlanmaq qərarına gəlirlər. Nəticədə, Qacarlarla imzalanmış Türkmənçay müqaviləsinin XV maddəsi ilə Qacar imperiyasında yaşayan ermənilərin Arazın şimalına keçmələri, öz daşınmaz əmlaklarını satmalarına icazə verilməsi təmin edilir.[2] Bu müqavilə imzalanan zaman Rusiya bölgədəki ənənəvi güclərdən bir digəri olan Osmanlı müharibəsi ilə müharibə vəziyyətində idi. 1829-cu ildə bu müharibə də Rusiya imperiyasının qələbəsi ilə başa çatdı və Ədirnə müqaviləsi imzalandı.[3] Osmanlı imperiyası Rusiyanın faktiki olaraq Türkmənçay müqaviləsinin şərtlərini qəbul etdi (Tucker, 2010: 1154) Osmanlı imperiyasının məğlub olması ilə də bölgəyə ikinci bir erməni köçü dalğasının əsası qoyuldu. Beləliklə, 1832-ci ilə gəlindiyi zaman bölgədəki ermənilərin ümumilikdə sayı dəfələrlə çoxalmış və 82.377 nəfərə çatmışdır. Müsəlmanların sayı isə 1826-ci il ilə müqayisədə dramatik şəkildə azalaraq 82.073 nəfər olmuşdur. Corc Bournoutian müharibələrdən sonra bölgəyə Qacar imperiyasından  35.560, Osmanlı imperiyasından  isə 21.666 nəfərin gəldiyini yazır (Bournoutian, 1981: 12), bir digər erməni müəllif Aram Arkun müharibələrdən sonra  Qacar imperiyasından 45.000 nəfərin, Osmanlı imperiyasından isə 100.000 erməninin Rusiya hakimiyyəti altına köç etdiyini yazmaqdadır (Arkun, 2005: 66). İvan Şopenin təqdim etdiyi Erməni oblastının statistik göstəriciləri ilə bu uyğun gəlmədiyi üçün belə hesab edə bilərik ki, köç edən ermənilər Erməni oblastı ilə yanaşı, Cənubi Qafqazın digər yerlərində də məskunlaşmışdırlar. Beləliklə, bizim qənaətimizcə, Bournoutianın göstərdiyi rəqəmlər yalnız Erməni oblastına gələnlərin, Aram Arukanın göstərdikləri isə ümumilikdə Qafqaza və ya imperiyanın digər ərazilərinə gələnləri əsk etdirir. Gümanki Qafqazın və ümumiyyətlə, imperiyanın bir çox şəhərlərindəki erməni icmalarının kökünü bu yolla izah etmək mümkündür.  

1826-1832-ci illəri ümumiləşdirmək üçün deyə bilərik ki, 1826-cı ildə bölgə əhalisinin təxminən 80 fazini təşkil edən müsəlmanlar müharibədə öldürülmə, köçə məcbur edilmə və ya könüllü şəkildə köç etmə nəticəsində azalaraq 49.91 %-ə (Bournoutian, 2018: 20) düşərkən, qonşu imperiyalardan erməni köçünün Rusiya imperiyası tərəfindən təşviq edilməsi nəticəsində ermənilər təxminən 21 %-dən 50.09 %-ə (Bournoutian, 2018: 20) yüksəlməyi bacarmışdır.  

2.     Davam edən erməni köçləri və 1897-ci il siyahıyaalması 

Beləliklə, ermənilər 1826-cı ildə İrəvan xanlığının 15 mahalından yalnəz 3-də, Naxçıvan xanlığının 10 mahalından isə yalnız 1-də çoxluğa sahib olsalar da (Bournoutian,2018: 19-20), Rusiya imperiyasının XIX əsr boyunca Osmanlı imperiyası ilə başladığı hər müharibədən sonra Qafqaz regionuna olan erməni köçlərinin sayının durmadan artması nəticəsində bu nisbət onların xeyrinə dəyişməyə davam etmişdir. Xüsusən Krım müharibəsi (1854-1856), 1877-1878-ci illər Rusiya-Osmanlı müharibələrindən sonra Anadolu bölgəsində yaşayan ermənilərin çoxsaylı köçü  yaşanmışdı (Bournoutian, 2018: 13, Arkun, 2005: 66). XIX əsrin II yarısında Anadoludakı varlı erməni gənclərinin Avropa ilə tanış olması o dönəmdə Avropada geniş yayılmış millətçiliyin bu icma daxilində intişar tapmasına yol açdı (Kazemzadeh, 1951: 8). Yayılan bu millətçilik hissi Anadoluda erməni üsyanlarına səbəb oldu və üsyanlar da öz növbəsində Qafqaza doğru yeni erməni köçlərinə rəvac verdi. Bu üsyanlar Osmanlı ordusu tərəfindən yatırıldıqdan sonra  üsyançı ermənilərin bir çoxu öz havadarları olan Rusiya imperiyasının ərazisinə köçmüş, (İpek, 1995: 261; Özkan, 2020: 283), eyni zamanda da bu prosesi Qafqazdakı müsəlman əhalinin Anadoluya köçü izləmişdir.[4] Azərbaycandan köç edən müsəlman əhali içərisində xüsusən sünnilər üstünlük təşkil edirdi. Osmanlı imperiyasının sünniliyin əsas mərkəzi hesab edilməsi, Xəlifə dövləti və Rusiyanın bölgədəki əsas düşməni olmasına görə, bölgədəki sünnilərin daha artıq təzyiq altında olduğunu görürük.  Məsələn, natamam şəkildə olsa da, 1830-cu illərdə aparılmış hesablamaya görə Arazın şimalındakı müsəlmanlar yaşayan torpaqlarda sünnilərlə şiələrin sayı bərabər, hətta sünnilər bir qədər çox olsa da, 1848-1860-cı illərdə bölgədən güclü sünni köçü yaşanmış, nəticədə 2:1 nisbətinə şiələrin xeyrinə vəziyyət formalaşmışdır. Şimali Qafqazın Rusiya tərəfindən işğalının sonlanmasına yaxın ərəfədə, yəni 1863-1864-cü illərdə Şimali və Cənubi Qafqazdan 220.000 insan köçmüşdür (Swietochowski, 1985: 8, 199). Köç edən yüz minlərlə insanın sırasına Naxçıvan, İrəvan bölgəsindən olan sünnilərdən də daxil olduğunu güman edə bilərik.   

Bütün bu proseslər nəticəsində ermənilər əsrin sonlarında bir sıra yerlərdə çoxluğu təşkil etməyə başladılar. Biz bunu Rusiya imperiyasında keçirilən ilk mərkəzləşdirilmiş siyahıyaalma olan 1897-ci il siyahıyaalmasından görürük.  Siyahıyaalmanın nəticəsi belə idi (Altstadt, 1992: 30) 

İrəvan quberniyası[5]

                                             Azərbaycan türkləri       Ermənilər            Ruslar

 İrəvan qəzası                    77.491                               58.148               3.713

Aleksandr qəzası               7.832                                  141.522             6.836

Naxçıvan qəzası                 64.151                                34.672                1.014

Yeni Bəyazid  qəzası          34.726                                81.285                2.716

Sürməli qəzası                     41.417                               27.075               1.361

Şərur-Dərələyəz qəzası      51.560                               20.726                0.122

Üçmüədzin qəzası               35.999                               77.572                0.175

Ümumi: 

Azərbaycan türkləri – 313.176     

Ermənilər – 441.000

Ruslar – 15.937 

Göründüyü kimi rus işğalından qısa müddət əvvəl bölgədə yaşayan ermənilərin müsəlmanlara nisbəti cəmi 21 faiz ikən bir neçə il ərzində baş verən köçlər, yerli müsəlman əhalinin qonşu imperiyalara miqrasiyası nəticəsində dramatik şəkildə dəyişmiş və 1832-ci ildə 50.09 faizə yüksəlmişdir. Maraqlısı budur ki, ermənilərin belə sürətli şəkildə artımı XIX əsrdə demək olar ki, heç durmadan davam etmiş, Rus-Osmanlı müharibələri, ardınca da Anadoludakı erməni üsyanları nəticəsində daha da sürətlənmişdir. Beləki, 1897-ci ildə aparılmış ilk ümumrusiya mərkəzləşdirilmiş siyahıyaalmasına görə, bölgədəki erməni sayı təxminən 70 illik müddət ərzində aşağı-yuxarı 18 dəfədən çox artaraq 25.151 nəfərdən 441.000 nəfərə çatmışdır. Bu qeyri-təbii şəkildə artım nəticəsində İrəvan quberniyasının 7 qəzasının 3-də çoxluğu təşkil edə bilmiş, hətta Aleksandropol qəzasında erməni sayı türk sayının təxminən 8 qatı, Üçmüədzin qəzasında isə iki qatı olmuşdur. 

Qısa şəkildə ümumiləşdirməyə çalışsaq qeyd edə bilərik ki, təxminən 70 illik rus hakimiyyəti nəticəsində  keçmiş İrəvan və Naxçıvan xanlıqları bölgələrində yaşayan  müsəlmanların faiz göstəriciləri təxminən 80 faizdən 37 faizə qədər geriləmişdir. Lakin proses hələ davam edirdi və gələcəkdə bu yoxolmanın daha sürətlənəcəyi dövrlər olacaqdı.

Qaynaqlar:

BBC Azərbaycanca. İlham Əliyev: “Ermənistanla sülh müqaviləsi imzalamağa hazırıq, …Zəngəzur, Göyçə, İrəvan bizim torpağımızdır”.  14 iyul 2021. Link: https://www.bbc.com/azeri/azerbaijan-57803998

APA. Prezident İlham Əliyev: Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. 24 dekabr 2022. Link: https://apa.az/az/resmi-xeber/prezident-ilham-eliyev-qerbi-azerbaycan-bizim-tarixi-torpagimizdir-739215

President.az.  İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub. 24 dekabr 2022 Link: https://president.az/az/articles/view/58330

Tucker, Spencer. (2010). A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East. ABC-CLIO.

Gachechiladze, R. (1995). The New Georgia; Space, Society, Politics. UCL Press.

Bournoutian, G. (2018). Armenia and Imperial Decline: The Yerevan Province, 1900-1914. Routledge.

Bournoutian, G. (1981). The Population of Persian Armenia Prior To and Immediately Following Its Annexation to the Russian Empire: 1826-1832. Conference on “Nationalism and Social Change in Transcaucasia”. 

Nedim, İ. (1995). Anadolu’dan Amerika’ya Ermeni Göçü.  Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi, 6(6), ss. 257-280.

Nedim, İ. (1991). Kafkaslar’dan Anadolu’ya Göçler (1877-1900). Ondokuz Mayıs Üniversitesi Eğitim Fakültesi Dergisi, 6(1), ss. 101-138.

Özkan, S. H. (2020). Reasons for Migration of Armenians in the Ottoman Empire before 1915. African and Asian Studies, 20(1),  ss. 282-305.

Arkun, A. (2005). Into the modern age, 1800-1913. (Red. Herzig, E. və Kurkchiyan, M.) “The Armenians: Past and Present in the Making of National Identity” içində.  Routledge.

Масальский, В. И. (1894). Зангезурский уездЭнциклопедический словарь Брокгауза и Ефрона

Ciachir, N. (2017). Adrianople Treaty (1829) and Its European Implications. “European Politics 1815–1848”  içində. Routledge. 

О мире между Россией и Персией. Полное собрание законов Российской империи, собрание второе. (1830). Типография II отделения Собственной Его Императорского Величества канцелярии.

Swietochowski, T. (1985).  Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press. 

Altstadt, A. (1992). The Azerbaijani Turks: Power and Identity under Russian Rule.Hoover Institution Pess.

Kazemzadeh, F. (1951). The Struggle for Transcaucasia (1917-1921). Philosophical Library.


[1] Bölgə dedikdə İrəvan, Naxçıvan xanlıqlarının əraziləri ilə birlikdə İğdır da nəzərdə tutulur. Bu üç bölgə 1828-ci ildə Erməni oblastı adı ilə təşkil edilmiş və 1840-cı ilə qədər fəaliyyət göstərmişdir. 

[2] Müqavilənin tam mətni üçün bax: (Полное собрание законов Российской империи, C: III, 1830: 125-130); sözügedən XV maddə üçün baxın: (Полное собрание законов Российской империи, C:III, 1830: 130)

[3] Müqavilə barədə daha çox məlumat üçün baxın: (Ciachir, 2017) 

[4] Bu məsələ ilə bağlı daha ətraflı məlumat üçün baxın: (İpek, 1991)

[5] İrəvan quberniyasına daxil olmayan Zəngəzur qəzası bu siyahıya daxil deyildir. Qeyd edək ki, ermənilərin intensiv şəkildə köçürüldüyü Zəngəzur bölgəsi 1747-ci ildən Qarabağ xanlığının ərazisi olmuş, Qarabağ xanlığı ləğv edildikdən sonra Şamaxı (daha sonra Bakı) quberniyasının ərazisinə daxil edilmişdir. 1868-ci ildə Yelizavetpol quberniyasının təşkil edilməsi ilə birlikdə Zəngəzur qəzası da təşkil edilmiş və bu quberniyanın tabeliyinə verilmişdir (Масальский, 1894:222-223).   

Qulamhüseyn Məmmədov

Bütün yazıları göstər