Harun Yılmaz Routledge`də Mərkəzi Asiya Tədqiqat Forumunun redaktorudur. Oksford Universitetindən magistr və doktorluq dərəcələrinə sahibdir. Harvard Universiteti və Britaniya Akademiyasında tədqiqatçı olaraq fəaliyyət göstərmiş, eləcə də London Universitetində mühazirələr vermişdir. Tarix, siyasət, milli kimlik və siyasi təbliğat mövzularında regional mütəxəssisdir. Akademik yazıları Ukrayna, Qafqaz və Mərkəzi Asiyanı əhatə etməkdədir. Mərkəzi Asiya səyahəti və İran inqilabı ilə bağlı nəşrləri vardır. Son fəaliyyəti “Sovet tarixçiliyində Milli Kimliklər: Stalin altında millətlərin yüksəlişi” kitabıdır.

Azərbaycan milli tarix nəzəriyyəsi İranın adət edilmiş tarixşünaslığına meydan oxuyur. Azərbaycan milli tarix nəzəriyyəsi İranın adət edilmiş tarixşünaslığına meydan oxuyur. 1937-ci ildən etibarən, Bakıdakı Azərbaycan Sovet tarixçiləri ölkənin territorial tərifinə əsaslanan Azərbaycan milli tarixi və kimliyini formalaşdırmağa başladılar. Bu yanaşma İosif Stalin tərəfindən dəstəklənirdi. 1940-cı illərdə bu narrativ  Midiya kimi “iranlı” olaraq bilinən komponentlərlə də zənginləşdirildi. Bu dövrdə Sovet iranşünasları və şərqşünasları yüksək səviyyədə siyasi dəstəyə görə, azərbaycanlı tarixçilərin iddialarına qarşı çıxmamışdılar. Stalin 1953-cü ildə öldükdən sonra, onların siyasi mübahisələrə səbəb olan səsləri yüksəlməyə başladı. Bu məqalə orijinal mənbələrdən istifadə edərək öz milli tarixlərini quran Azərbaycan tarixçiləri ilə ənənəvi İran tarixinin tərəfdarı olan Sovet iranşünasları arasında olan mübahisələrin birinci mərhələsini işıqlandıracaqdır.  Bu məqalə həmçinin Kommunist Partiyasının tarixşünaslıq üzərindəki nəzarətini və çoxmillətli kommunist ölkəsində tarixin müxtəlif şərhlərinə yer vermənin çətinliklərini göstərməkdədir.

Etiraz edilən narrativlər

XX əsrin ilk onilliklərində Avropada meydana gələn “bağban dövlətlər” aktiv şəkildə öz cəmiyyətləri ətrafında  çəpər çəkmək istəyirdilər.(1)  Birinci Dünya müharibəsindən sonra Avropa və Orta Şərq xəritəsindəki dəyişikliklər sayəsində  “bağban dövlətlər”in təsiri və sayı kəskin şəkildə artdı. Avstriya-Macarıstan, Rusiya, Osmanlı, İran imperial sistemləri və kimlikləri müharibədən sonra çökdü. Keçmiş imperiyaların həm metropoliya, həm də periferiyaları  ulus-dövlət sisteminə keçməyə başladı. Türkiyə və İran da daxil olmaqla bir sıra yeni dövlət və rejimlər öz kimliklərini və kültürlərini homogenləşdirmək, harmonik cəmiyyət və vahid millət yaratmaq üçün güclü kampaniyalara başladılar. Homogenləşdirmənin təsirləri müasir anlamı və tərifi ilə limitləndirilməmişdi, o həmçinin keçmişə də uzanırdı. Kimliklər məzmun baxımından fərqləndirilsə də, onların hamısı  millətin primordial və irqi təriflərinə əsaslandırılmışdı. Hər halda, bugünün milli paradiqmaları bizə keçmişin şəklini tam aydınlığı ilə vermir. Tez-tez tayfa, regional, sülalə, imperial və ya dini fiqurlar (hadisələr) milli narrativlər arasında mübahisə obyektinə çevrilir. Ziddiyyətli görünə bilər, lakin iki millət zaman və məkan baxımından yaxın olduqlarında bu konflikt daha da dərinləşir. İmperial varlığın bir hissəsi milli varlığa çevrildiyi zaman yaxınlıq qaçılmaz olur.  Millətləşmə erasından əvvəl Araz çayının həm cənubu, həm də şimalı (Şirvan, Muğan, Qarabağ və Azərbaycan) İranın imperial strukturundakı Luristan və Xorasan vilayətlərinə bənzəyən vilayətlər idi.(2) XIX əsrdə Rusiyanın Cənubi Qafqazın türklər yaşayan bölgələrini tutmasından sonra Bakıda azsaylı ziyalı təbəqəsi  meydana çıxdı və azərbaycanlı kimliyinin müəyyən fərqli xarakterik xüsusiyyətlərini müzakirə etməyə başladı. Həmin elit təbəqə tərəfindən 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaradıldı.  Bu qısa təcrübə Qırmızı Ordunun 1920-1921-ci illərdə Cənubi Qafqazı işğal etməsi ilə dayandırıldı. Bundan sonra bolşeviklər dövlət mərkəzli, müasir millətquruculuq layihələrini Azərbaycanda, Ermənistanda və Gürcüstanda tətbiq etməyə başladılar.  Müasir azərbaycanlılar türkdillidirlər və onların milli tarixləri türk etno-linqivistik kimliyi ilə əsaslandırıla bilərdi. Buna rəğmən, başqa yerlərdə bəhs edilən səbəblərə görə bolşeviklər bu həll yolunu seçmədilər.(3) Azərbaycanlı milli kimliyi və tarixi narrativi 1937-ci ildən sonra yerli azərbaycanlı əhalinin təbiətini və territorial tərifini vurğulamaqla formalaşdırıldı.  Territorial yanaşma özünə ən yüksək səviyyədən – İosif Stalindən dəstək ala bildi. Azərbaycandakı bolşeviklər bölgədəki yeganə “bağbanlar” deyildilər. Onlardan təxminən 10 il əvvəl Rza şah Pəhləvi əks istiqamətdə modern İran milli kimliyinin inşasına başlamışdı. İran modeli tarix öncəsi ari irqi və fars dilinə istinad edən etno-linqivistik tərifə əsaslanırdı. Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən qazanmasından sonra bir sıra fiqurlar, hadisələr və bölgələr bu iki milli narrativin rəqabət meydanına çevrildilər. Bu da faktdır ki, ilk toqquşma Sovet dövründə yaşanmışdı. 1940-cı illərdən etibarən azərbaycanlı tarixçilər öz territorial kimlik narrativlərinə müxtəlif fiqurlar və cəhətlər qatmışdılar. Lakin Sovet İttifaqının digər ölkələrindəki tarixçilər heç vaxt azərbaycanlı tarixçilərin versiyası ilə razılaşmadı, bunun əvəzinə onlar İran versiyasına üstünlük verməyi seçirdilər.  Başqa sözlə, Sovet İttifaqındakı bir çox iranşünaslar özlərini İrandakı milli paradiqmanı müdafiə edərkən tapdılar. Bu diskussiya Xruşşovun nisbətən mülayim hakimiyyət illərində intensivləşdi. Bu münaqişə etnogenezin territorial və linqivistik şərhinin eyni keçmişin təqdimatını necə dəyişdirə biləcəyini və fərqli tarixlər inşa edə biləcəyini göstərir. Bu, imperiyanın bir zamanlar tərkibində olan keçmiş vilayətinin yenidənqurma dövründə bir millətin ata yurduna çevrilməsinin də konseptoloji bir örnəyidir. Əlavə olaraq, Sovet İttifaqında keçən əsr meydana gələn azərbaycanlı-iranlı mübahisəsi totalitar rejimlərdə tarix yazımı üzərində olan siyasi nəzarətə və çoxmillətli kommunist ölkəsində tarixin müxtəlif şərhlərinə yer vermənin çətinliklərini göstərməkdədir.

Qərb şərqşünasları və İran millətqurucuları : Keçmişin ilk işğalçıları

İran narrativinin qurucuları çox böyük bir üstünlüyə sahib idilər, çünki onların zamanlaması qərb dünyasında ari irqi nəzəriyyəsinə böyük marağın olduğu dövrlə üst-üstə düşmüşdü. Ari nəzəriyyəsi Ser Uilyam Cons ilə əlaqəlidir. O, 1796-cı ildə latın, yunan və sanskrit dillərinin bir-biriləri ilə əlaqələrinin olduğunu və onların hamısının tarix öncəsinə aid ümumi bir dildən gəldiyini bildirdi.(4)  Bəzi alimlər isə bu dil ailəsini daha da genişləndirdi və bura erməni, fars və hətta het dili də əlavə edildi. Tədricən ari dil ailəsi xüsusi irq və mədəniyyət ilə əlaqələndirilməyə başlandı. XIX əsrin ortalarında tarix öncəsində  ari dilində danışanlar barədə konsepsiyaya görə arilər Mərkəzi Asiyadan harasındansa Avropaya doğru köçməyə başlamış, dünyanın müxtəlif nöqtələrinə – Hindistana, Mesopotomiyaya (şumerlər), İrana, Misirə, Yunanıstana, Romaya sivilizasiya bəxş etmiş möhtəşəm mədəni irqin nümayəndələri, əla döyüşçü və rahiblərdir. Bu yanaşmanın əsas qarışıq elementi irqin və mədəniyyətin linqivistik sinifləndirilməsi idi. Belə ki, kim ki Hind-avropa dillərində danışırdı, o Ari irqindən hesab edilirdi.(5)  Qərbli alimlər midiyalıların və farsların əcdadlarının Qərbi Asiyanın erkən ari tayfaları olduqlarını bildirirdilər. Əslində, bunu ilk dəfə XVIII əsrdə Fransa şərqşünaslığının pioneri və Avestanın ilk naşiri olan Abraham Hiatsint Anketil-Düperron bildirmişdi. O, Herodotun və Diodorosun midiyalılar üçün işlətdiyi sözlə (yunanca: arioi), Avestadakı adlandırma və İran adı arasında əlaqə qurmuşdu.(6) Pəhləvi dilində olan Sasani yazıları və medalyonları üzrə ixtisaslaşmış digər şərqşünas Antuan İsaak Silvestr de Sasi sonda İranın arilərin torpağı olması qənaətinə gəlmişdi.(7) Midiyada Turan və ari elementlərini araşdıran şərqşünas Yulius Oppert sonda o qənaətə gəlmişdi ki, onlar qərbi İrana  arilərin Himalay dağlarından böyük köçü zamanı köçmüşdür.(8) Şərqşünaslıqla məşğul olan araşdırmaçılar bu tayfaların əhəmiyyətini şişirdərkən, hind-avropalı olmayan elementlərin əhəmiyyətini də görməzdən gəlirdilər. Onlar digər etnosların varlığını və əhəmiyyətini azaldır, bu torpaqlarda ari olmayanları müstəqil tarixi inkişafa uyğun olmayanlar kimi qəbul edirdilər. Ümumi şəkildə qəbul edilmiş fikrə görə, əvvəlki qruplar heç vaxt hər hansısa siyasi və mədəni səviyyəyə yüksələ bilməmiş və özlərindən sonrakı sistemə heç bir töhvə verməyiblər. İddia edilirdi ki, yeni gələn arilər yerliləri əlçatmaz dağlara və vadilərə doğru sıxışdırmış, şimal-qərbi İranda möhtəşəm mədəniyyət yaratmışdırlar.  Bu, sonradan Midiyada və Əhəmənilərin rəhbərliyi altında cənubda saf ari və ya Hind-avropa mədəniyyəti kimi çiçəklənmə dövrünü keçirmişdir. (9)

Rza şahın rəhbərlik etdiyi millətqurucular hakimiyyətə gəldikdən sonra, dövlət elitası iranlı milli kimliyi və kültürü qurmağa cəhd etdilər.  Onlar fars dilinin dominantlığı altında ortaq tarix anlayışı ilə coğrafi birliyə nail olmaq istəyirdilər. Bölgədə xeyli sayda fərqli etnoslar qarışıq şəkildə yaşasa da,  iranlı milləti tarixdən əvvəlki dövrlərdə burada məskunlaşmış ari və ya hind-avropalıların varisləri kimi təqdim edilirdi. 1924-cü ildən sonrakı dövrdə nəşr edilmiş tarix kitablarında  arilərin varisləri olan İslamdan əvvəlki dövr iranlılarının hərbi bacarıqları təsvir edilirdi. İrqi fərqliliklərə xüsusi önəm verilir və iranlıların arilərin və ya ağ irqin nümayəndələri arasında xüsusi yerə sahib olduqları vurğulanırdı.(10)

Milli formada yenidən canlandırılan midiyalılar və farslar XX əsrin İranında  yeni və vacib siyasi rola malik idilər. Firdovsinin Şahnaməsində və müqəddəs Avesta mətnlərində keçən əfsanəvi Pişdadilər və Keyanlar sülaləsindən fərqli olaraq, Ari irqi nəzəriyyəsi iranlı millətquruculara Avropanın “elmi həqiqəti”ni təqdim etmişdi. Müasirlərinin gözündə irq nəzəriyyəsi proqressiv Avropa araşdırmalarının məhsulu idi və İran tarixinin, kültürünün obyektiv şərhini təqdim etmişdi.(11) Arxeoloji qazıntılar nəticəsində midiyalılar və farslar  iranlı milli tarixinin ilk əllə tutula bilən “elmi” etno-linqivistik  epizodları hesab edilirdilər.(12)  Eyni zamanda, Pəhləvi rejimi ölkəni sekulyarlaşdırmaq və qərbliləşdirmək istəyirdi. Bu yolda onlar güclü dindar sinfinə qarşı mübarizə aparırdılar. Keçmişdən gələn legitimliyi təmin etmək üçün yeni narrativdə İslamdan əvvəlki İran ideallaşdırılırdı(13) və VII əsrdə ari və semit dünyaları arasındakı mübarizə xüsusi vurğulanırdı. İranın İslamdan əvvəlki irqi ibtidai və orta məktəb tarix proqramlarında xüsusi vurğulanırdı.(14) İslamdan əvvəlki dövrün möhtəşəmliyinin vurğulanması fonunda İslam İrana aşağı bir mədəniyyətin (tərc. semit mədəniyyəti nəzərdə tutulur) qəbul etdirdiyi yad inanc olaraq təqdim edilirdi. Həmçinin rejim qərb yaşam tərzini və ideyalarını mənimsəməyə istəkli idi və buna görə də ari köklərinə vurğu edərək iranlıları “Asiyanın avropalıları” adlandırırdı.  Beləcə, midiyalılar və farslar qərbliləşmə layihəsinə lazım olan tarixi legitimliyi təmin edirdi. Qədim arilər İranın qərb hissəsinin ən qədim dövrlərdən bəri homogen hind-avropalı əhalidən ibarət olmasını iddia etməsinə də şərait yaradırdı.(15) Qısası, İranın milli tarix yanaşması qərblilərin şərqşünaslıq konsepsiyasını idxal etmiş və zaman içində iranlı millətinin irqi və linqivistik davamlılıq baxımından etnogenezini izah etmişdir.

Azərbaycanlı milli tarix nəzəriyyəsi: Keçmişin son və gecikmiş sakinləri

Rza şah və komandası etno-linqivistik milli kimliyi qurmaqla məşğul ikən, Sovet Azərbaycanı 1937-ci ildə azərbaycanlı millətquruculuq layihəsini həyata keçirməyə başladı. Onlar baza kimi territoriallıqdan istifadə edərək əks istiqamətdə hərəkət edirdilər. Başqa sözlə, milli kimliyin lazımi komponenti olan milli tarix məkansal davamlılıq ilə təmin edilmişdir.  İlk qaralama layihə 1939-cu ildə milli tarixin qurulmasına cavabdeh olan partiya rəhbərlərinə, tarixçilərə və ideoloqlara təqdim edilməsi üçün 100 ədəd çap edildi. Bu layihədə azərbaycanlılar müəyyən məkanda yaşayan və sonradan türkləşmiş yerli etnik qrupların qarışığı kimi xarakterizə edilirdi. Bu territorial tərif o dövrün etno-linqivistik sinifləndirmələrini diqqətə almadan Midiya da daxil olmaqla müxtəlif dövlətləri və fiqurları özündə cəmləşdirmişdi.  İosif Stalin bu ideyanın alovlu tərəfdarı oldu və Azərbaycan millətini “böyük Midiya sivilizasiyasının varisləri” kimi identifikasiya etdi.(16) Midiya ilə “birləşmə”  millətin territorial tərifinə uyğun gəlirdi və Azərbaycan milli kimliyi və tarixi üçün primoridiallığı və “qızıl dövrü” təmin edirdi.(17) Bu, qərbli şərqşünaslar tərəfindən bir əsrə yaxın müddətdə yazılan elmi əsərlərə və Rza şah tərəfindən İranda tətbiq edilən  iranlı narrativinə açıq şəkildə meydan oxumaq idi. Buna rəğmən, Azərbaycan versiyası Stalinin tam dəstəyinə malik idi və bu, milli narrativin doktrinası oldu.(18)  Bakıdakı tarixçilər işlərini davam etdirdilər və 1941-ci ildə – almanların SSRİ-yə hücumundan 2 ay əvvəl – “Azərbaycan tarixi” kitabını nəşr etdirdilər.(19)  Bu kitab azərbaycanlı milli kimliyinin territorial əsaslarını “təmin edir” və azərbaycanlılar üçün primordiallıq iddiasını irəli sürürdü. Kitab ilk dəfə midiyalıları azərbaycanlı millətinin eradan əvvəl I minillikdəki əcdadı adlandırır və açıq şəkildə “elmi həqiqətin” mənbəsi olaraq Stalinə işarə edirdi.(20) Digər cildlərdə ilk güclü Azərbaycan dövlətinin qədim dövrdə qurulduğundan və Azərbaycan Midiya hökmdarlarının qəhrəmancasına mübarizələrindən bəhs edilirdi. “Midiyalıların farslara qarşı döyüşməsi” azərbaycanlı midiyalılarla farslar arasında erkən dövr toqquşması kimi təsvir edilir və azərbaycanlıların fars boyunduruğundan azad olmaq üçün əsrlərlə davam edən azadlıq mübarizəsinin ilk epizodu kimi dəyərləndirilirdi.(21) Araz çayının hər iki sahilini də əhatə etmək üçün kitabda azərbaycanlılar midiyalıların, albanların və kaspilərin qarışığı kimi təqdim edilirdi.(22) Bununla da territorial olaraq müəyyən edilmiş azərbaycanlı milli kimliyi 2500 il əvvələ qədər qədimləşdirildi. Məşhur azərbaycanlı şair və territorial kimliyin ən əvvəldən qatı tərəfdarı Səməd Vurğun 1937-ci ildə öz dostuna yazırdı: (23)

“Mən böyük “Azərbaycan” epopeyası yazmışam. Bu əsərdə mənim ata yurdumun (tərc. Azərbaycanın) iki min illik tarixi əks olunmuşdur.”

Səməd Vurğun bundan 3 il sonra Moskvadakı Hərbi-Siyasi Akademiyadakı Azərbaycanın qəhrəman tarixi barədə çıxışında özündən əmin şəkildə bildirmişdi: (24)

“Azərbaycan milləti 2 min ildən çox tarixə malikdir. Onun əcdadları qəhrəman midiyalılardır.”

Sonrakı illərdə midiyalılar azərbaycanlı kimliyinin daha böyük territorial tərifinə yerləşdirildi. Bu, İranda və Sovet Azərbaycanında hind-avropa tayfalarının gəlişindən əvvəlki tayfaları da (Midiya kimi)  əhatə edən territorial [konstruksiya idi. (25)

XX əsrin əvvəllərindəki B.A. Turayev və V.V Bartold kimi  rus iranşünasları iranlı-ari məsələsində öz qərbli həmkarları ilə eyni fikirdə idilər. Midiya dövləti və xalqı barədə yazarkən onun ari xalqı və dövləti olduğunu bildirirdilər.(26) Moskva və Peterburqdakı alimlər başlanğıcda bu xətti izlədilər, lakin tədricən öz şərqşünas anlayışlarından uzaqlaşdılar. V.V. Sturve 1934-cü ildə midiyalıların hind-avropalı olduqlarını bildirsə də, (27) 1941-ci ildə midiyalıları “arilərin İranın şimalını ələ keçirməsi zamanı yerli Yafəti qəbilələrlə qaynayıb-qarışmasının məhsulu” kimi təqdim etdi. (28) 1948-ci ildə digər rus-sovet şərqşünası Avdiyev özünün Qədim Şərq tarixi əsərində midiyalıların mənşəyini şərh etməkdən yayınmış və bu regiondakı yeganə hind-avropalı kimi farsları göstərmişdir.(29) Nasist Almaniyası ilə müharibədən sonra midiyalıları və hətta farsları ari və ya hind-avropalı olaraq identifikasiya etmək siyasi baxımdan çox çətin vəziyyət almışdı. Avdiyev əvvəlki mövqeyinin ziddinə gedərək 1953-cü ildə yazdığı kitabında farsları belə təqdim etmişdi: (30)

“Qədim zamanlardakı farslar həm etnik, həm də kültürəl-tarixi baxımdan tayfaların son dərəcə müxtəlif qarışığını təmsil edirdi.”

Sovet şərqşünasları Midiyanın rolunu qeyri-müəyyən saxlayaraq geri addım atırdılar. Bunun əksinə olaraq isə onların Bakıdakı həmkarları açıq şəkildə midiyalıları azərbaycanlıların əcdadları adlandırırdılar. Yalnız 1953-cü ildə Stalinin ölümündən sonra Sovet iranşünasları Midiya ilə bağlı öz əvvəlki hind-avropa mövqelərinə  geri döndülər.(31)

Stalindən sonra: Etno-linqivistik vs. Territorial kimlik

Stalinin 1953-cü ildəki ölümü Bakıda Azərbaycan milli tarixinin yazılma formasını dəyişdirmədi. Bir sonrakı il Azərbaycan Sovet Sosialist Respublikasının Elmlər Akademiyasının Tarix İnstitutu iki cildlik Azərbaycan tarixi kitabının qaralama versiyasını 500 nüsxə ilə çap etdirdi. Çap olunan nüsxələr respublikanın qabaqcıl alimlərinə (tarixçilər və arxeoloqlar daxil), yazıçılara, Moskva və Peterburqdakı şərqşünaslara və Azərbaycan Kommunist Partiyasının lider şəxslərinə paylanıldı.(32)  İnstitut həssas və mübahisəli mövzuları müzakirə etmək, qəti və son versiya hazırlamaq üçün rəylər tələb edirdi. Sonrakı aylarda xeyli sayda alim öz fikirlərini Bakıdakı İnstituta göndərdi. Azərbaycanlı tarixçilər öz millətlərini son 20 ildəki kimi territorial kimlikdə görürdülər. Qaralama böyük ölçüdə Azərbaycan milli kimliyi anlayışını territorial izahla əsaslandırırdı. Kitabda Azərbaycanın müasir ərazisindəki qədim cəmiyyətlərinin Neolit dövründəki tarixindən bəhs edərkən qeyd edilirdi ki, “heydanvarlıq bu dövrdə Azərbaycan tayfaları arasında inkişaf etmişdi”.(33) Növbəti bölüm isə belə adlanırdı: “Midiya – Qədim Azərbaycan dövləti”. (34)

Təxminən 1 il sonra – 1955-ci ilin yayında xeyli sayda alimin fikirləri ilə kitabın ilkin versiyasını müzakirə etmək və tənqidləri dəyərləndirmək üçün Bakıda konfransı təşkil edildi. 1955-ci ilin 20 iyununda baş tutmuş iclas həm  tarixçilər, arxeoloqlar və lindiqivstlərlə, həm də Azərbaycanın qədim dövr tarixi, Azərbaycan millətinin etnogenezinə olan tənqidlər və fikirlərlə bağlı idi.(35) İclas rəhbərinin bildirdiyinə görə, nəticədən razı qalmış xeyli öncül alim tərəfindən müsbət rəy verilmişdir. Belə alimlərə misal olaraq isə aparıcı Sovet iranşünası V.Avdiyevi, Moskva Universitetinin qafqazşünaslıq və abxazşünaslıq üzrə ixtisaslaşmış alimi A.V.Fadayevi göstrəmək olar.(36) Azərbaycanın orta əsrlər dövr tarixi üzrə görkəmli mütəxəssis olan şərqşünas professor İ.P.Petruşevski də milli narrativin “azərbaycanlı milləti tərəfindən məskunlaşdırılan bütün bölgəni (həm cənubi, həm də şimali Azərbaycanı)  əhatə etməsinə sevinmişdi”.(37)

İndi Sovet iranşünasları Stalinin qəzəbinə tuş gəlmə qorxusundan qurtulmuşdular və özlərinin müdafiə etdiyi millətin linqivistik tərifinə əsasən bu qaralamaya (təklif olunan Azərbaycan tarixi kitabına) güclü əks mövqe qoydular. Qaralama versiyada azərbaycanlı etnosunun formalaşması bölməsi tənqidçilər tərəfindən ən çox tənqid olunan bölmə idi. Etnogenezin formalaşması bölməsi iddia edirdi ki:

“Midiyalılar qədim azərbaycanlı etnosunun nüvəsini təşkil etmişdir. Qədim azərbaycanlı etnosunu yaradan tayfaların birləşməsi e.ə VIII əsrlə e.ə. VII əsrin əvvəllərində baş vermişdir. Ölkənin bütün əhalisi bu proses zamanı bir qanun altında birləşdirildi. Azərbaycanlı etnosunun yaranması zamanı onun dili yenidən kristallaşdı.  Bir qədər sonra qədim azərbaycanlı etnosunun yaranması prosesi alban tayfalarına və daha sonrakılara da ötürüldü.”(38)

Midiya-Atropatena dövlətinin yaradılması birləşmənin nəticəsi kimi görülürdü. Territorial kimlik yerli tayfalarla Midiya tayfalarının qarışığı kimi konstruksiya edilmişdi və sonradan eyni prinsip Qafqaz albanları və kaspilərə də tətbiq edildi. Beləcə onlar da azərbaycanlıların əcdadları siyahısına daxil oldular.(39) Qaralama mətni oxuyan Petruşevski və Sovet kürdoloqu O.L.Vilçevski kimi Sovet iranşünasları yuxarıdakı fikrə qarşı idilər. Çünki onların milli tarix konstruksiyası konsepsiyası linqivistik davamlılığa əsaslanırdı. Onlar  Azərbaycan xalqını hər şeydən öncə türk xalqı kimi görürdülər və ağıllarındakı azərbaycanlı milli etnogenezi türk etnik əsaslı idi. Onların fikrinə görə, “azərbaycanlı etnosu XI-XIII əsrlərdə oğuzların və qıpçaqların miqrasiyası nəticəsində albanların və azərilərin əksəriyyətinin assimiliyasiyası nəticəsində formalaşmışdı”.(40) Buna görə də Şərqşünaslıq İnistitutunun təcrübəli araşdırmaçılarından P.G. Arutyunyan bildirirdi ki, “Albanlar Azərbaycan xalqının əcdadı deyil. Onlar öz həyatlarını yaşamış və məhv olmuşdur”.(41) Petruşevski, Vilçevski və digər tənqidçilər razılaşırdılar ki, bəzi midiyalılar – Atropatena əhalisi – azərbaycanlı etnosunun bir hissəsi olmuşdur.(42)  Hər halda, onların sayı çox az idi və ya Sovet iranşünaslarının sözüylə desək, “onlar adlarını və dillərini  (qədim) azərbaycanlılara vermədən məhdud irqi alt təbəqə formalaşdırdılar”.(43) Onlara görə, müasir azərbaycanlı millətinin türk dilindən istifadə etməsi onların yüksək səviyyədə türkləşməsinin və millətin formalaşmasında türk etnik komponentinin əvvəlki yerli etnoslardan güclü olmasının sübutu idi.  Beləcə, iranşünaslar qəti şəkildə etnosun linqivistik anlayışına bağlı qaldılar. Bu qədim dövr və müasir dövr arasında linqivistik davamlılığı tələb edirdi və beləcə tarixçilər türk keçmişinə yönəlirdilər. Buna görədir ki, Azərbaycan SSR AMEA Tarix İnstitutunun sessiyalarında bu məsələdə azərbaycanlı iştirakçılar iranşünaslara və şərqşünaslara qarşı mövqe sərgilədilər. Onlar bildirirdilər ki, “Vilçevski və digərlərinin arqumentlərinin əsas hissəsi pantürkistlərin ideyalarından fərqlənmir.”(44)

Bu müzakirələr bizi bir digər mübahisəli məsələyə gətirir. Sovet iranşünasları midiyalıları ari və ya hind-avropalı kimi qəbul edirdi.  Millətin linqivistik tərifi qədim midiyalıları müasir millətin ataları olaraq təqdim etmək üçün aralarında linqivistik əlaqə qurulmasını gərəkdirir. Midiyalıların bir hissəsi azərbaycanlı etnosuna qarışaraq öz dillərini itirsə də, “bir digər hissəsi farsların və kürdlərin bir hissəsi olmuş və eyni zamanda da öz linqivistik davamlılığını qorumuşdur”.(45) Beləcə, Sovet iranşünasları midiyalılara iranlı və kürd millətqurucularının iddia edə biləcəyini bildirirdilər. Eyni məntiqə əsasən, onlar bu nəticəyə gəldilər ki, “qədim midiyalılar ilə qədim azərbaycanlı etnosunu əlaqələndirən bütün konstruksiyalar saxta və tarixi baxımdan səhvdir”. (46)  “Tarix və linqvistika midiyalıların qədim azərbaycanlılar olmasına aid heç bir əsas təmin etmir ”. (47)  Azərbaycanlılar isə cavablarında linqivistik alətlərdən istifadə edərək Midiyanın monolit görünüşünü dağıtmağı hədəfləmişdilər:

“O (midiyalı) tayfalardan biri (Herodotun siyahısında da adı keçən) – Paretakeninin adı İran etimologiyasına sahibdir və İsfahanın şimalında, şərqə doğru məskunlaşmışdır.  Belə görünür ki, Paretakeni digər midiyalılardan ayrı qalmış və onlar heç vaxt midiyalılara aid olaraq tanınmamışdır. Digər Midiya tayfalarından yalnız birinin adı (Arizanti) iranlı etimologiyasına – Arizanti – “Ari tayfası” –  sahibdir”. Buna görə də, açıq şəkildə demək olar ki, digər Midiya tayfaları ari tayfası və ya iranlı ola bilməz.(48)

Midiyalılar müxtəlif tayfaların qarışığı idilər və onların ari kimlikləri şübhəsiz ki, heç vaxt sübut edilmədi. Müzakirə iclasına rəhbərlik edən azərbaycanlı alimin sözüylə “Prof. İ. P. Petruşevski və Vilçevski əllərində hər hansısa məlumat (sübut) olmadan farsların midiyalıların linqivistik varisləri olması barədə köhnə nəzəriyyəsini dəyişdirərək  doqmatik formada müdafiə edirlər. Ancaq bu nəzəriyyə heç kim tərəfindən sübut edilməmişdir.”(49)

Linqvistik metod Sovet iranşünaslarına müxtəlif qədim etno-linqvistik kimlikləri Azərbaycan və ya azərbaycanlı etiketi altında birləşdirməyə də icazə vermirdi.  Cızma-qara mətni nəzərdən keçirənlər xüsusən həm albanların, həm də midiyalıların azərbaycanlı etnosu altında birləşdirilməsinə qarşı çıxmışdılar. Sovet iranşünasları başa düşürdülər ki, midiyalılar Qafqaz albanlarından fərqli olaraq  Hind-Avropalı idilər. Azərbaycanlı tarixçilər milli tarixlərini Qafqaz albanları ətrafında qura bilərdilər, lakin gərək o zaman onlar Midiya barədə olan iddialarını geri çəkəydilər, çünki:

“Albanların və midiyalıların paylaşdıqları heç bir ortaq xüsusiyyəti yox idi. Onların bölgələri, dilləri, dinləri, siyasi həyatları və siyasi tarixləri tamamilə ayrı idi. Tarixi mənbələr – yunan, erməni, assur və s. –  midiyalılar və albanların iki fərqli ünsür olduqlarını və heç vaxt birləşmədiklərini bildirirlər.”(50)

Linqvistik baxımdan iki fərqli qrup millətin etnosu olaraq necə göstərilə bilərdi ?

Azərbaycanlı tarixçilərin bu kimliklərə yönəlik territorial yanaşmaları daha yumşaq idi. Birincisi, iddia edilirdi ki, hind-avropalı köçkünlər yerli əhalini qovmamış və ortadan qaldırmamışdır. Midiya əhalisi aborigenlərlə ( hind-avropalı və ya semit olmayan) yeni gələn hind-avropalıların qarışığıdır. Bölgə durmadan yenilənirdi və aydın etno-linqvistik sərhəd yox idi. “Midiyalılarla elamlılar (müasir İranın cənub-qərbi) və urartulular (müasir Türkiyənin şərqi) arasında yaxın əlaqələr var idi.”  Buna görə də midiyalılarla şimaldakı yerli tayfaların bir-birilərinə təsirlərini göz ardı etmək düzgün olmazdı. Yerli tayfalar şimalda və şərqdə (Midiya Atropatenasında) dominant idilər. Azərbaycanlı tarixçilər davam edirdilər ki, bunu cənubda Böyük Midiya ilə Atropatena Midiyasının territorial fərqlilikləri də göstərirdi:

“Nəhayətində tarixi Midiya vilayəti iki yerə bölünürdü: vilayətin şimal-qərbi Atropatena adlanırdı. Atropatenanın müstəqil inkişaf yolu etnik və kültürəl baxımdan Albaniyanın inkişaf tarixi ilə yaxından əlaqəlidir. Midiyanın cənub və şərq hissələrinin əhalisi isə farslarla etnik və kültürəl baxımdan qaynayıb qarışmışdır.”(51)

Qədim tarixçilər cənubdakı farslaşmış midiyalılardan bəhs etmişdilər. Əlavə olaraq, Sovet iranşünasları ilə Azərbaycan tarixçiləri arasında antik Midiyanın sərhədləri barədə də fikir ayrılığı mövcud idi. Sovet iranşünaslarına görə,  Azərbaycanın tarixi torpaqlarının kiçik bir hissəsi midiyalılar tərəfindən məskunlaşdırılmışdı. Atropatena (Cənubi Azərbaycanın qədim adı) qədim Midiyanın kiçik bir hissəsi idi. Daha böyük hissə müasir İran və İran Kürdistanı ərazisində yerləşib. Əlavə olaraq, müasir Sovet Azərbaycanının ərazisi heç vaxt  Midiyanın bir hissəsi olmamış və midiyalılar tərəfindən məskunlaşdırılmamışdır. (52)

Azərbaycanlılar narrativin vurğusunu Midiya vilayətindən Kiçik Asiyadan Mərkəzi Asiyaya qədər uzanan imperial Midiyaya daşımaqla cavab verdilər. Azərbaycan tarixçisi olan sessiya rəhbəri bildirdi ki, “bizim fikrimizcə,  (yuxarıda deyilən) cəsarətli iddia reallıqla üst-üstə düşmür. Ayrı-ayrı mənbələr dolayı yolla da olsa bildirir ki, Midiya imperiyasının territorial və etnik sərhədləri Kür çayına, hətta ondan da şimala çatırdı.”(53)

Son nəticədə linqvistik yanaşma müasir Azərbaycan bölgəsinin retrospektiv olaraq Azərbaycan adlandırılmasını qəbul etmədi. İranşünaslar iddia edirdilər ki,  antik dövrdə Azərbaycan deyə ad yox idi. Qədim tarix yalnız Midiya və Qafqaz Albaniyasını tanıyır. Azərbaycan ifadəsi bu sözün ortaya çıxdığı dövrlərə görə referans kimi istifadə edilməlidir. Məsələn, Kiyev Rusu əvəzinə Rusiya demək düzgün olmazdı. (54)

İranşünasların həll təklifi ilkin mənbələrə geri dönmək idi:

“Ölkə o dövrün adlandırılmasına uyğun olaraq adlandırılmalıdır. İlkin mənbələr artıq Azərbaycan ifadəsini işlətməyə başlayanda ölkəni Azərbaycan adlandırmaq olar. Bu nöqtəyə qədər ölkənin ayrı-ayrı[ hissələrini o dövrdə işlənilən adlarla adlandırmaq lazımdır.”(55)

Buna görə də,  müasir Azərbaycanın müxtəlif hissələri qədim dövr tarixinin bölmələrində Manna, Qafqaz Albaniyası, Midiya Atropatenası, Aturpatakan və s.  deyə adlandırılmalıdır. Sonrakı bölmələrdə isə bu ayrı-ayrı regionlar birləşmiş Azərbaycan kimi adlandırılmalıdır. Azərbaycanlıların mövqeyindən baxdıqda, iranşünasların arqumenti fərqli coğrafiya reallığını Azərbaycan nümunəsinə tətbiq edirdi. Kiyev Rusu ona görə Rusiya adlandırıla bilməzdi ki, ona həmçinin Ukrayna millətqurucuları  da iddia edirdilər. Sovetlər rus-Ukrayna konfliktini rus və Ukrayna milli kimliyinin formalaşmasından əvvəlki dövrə aid “şərqi Slavyan milləti” ideyası ilə həll etməyə çalışırdılar. Sonradan rus kimliyi rus dili təməli üzərində formalaşdı — beləcə, rus kimliyi ruscanın Şərqi Slavyan dillərindən ayrılmasından sonra formalaşdı. Bu milli kimliyin müəyyən edilməsinə linqvistik yanaşma idi və iranşünaslar bundan özlərinin azərbaycanlıların linqvistik mərkəzli milli kimlik təriflərinin müdafiəsi üçün istifadə etdilər. Lakin Azərbaycan məsələsində milli kimlik artıq xüsusi bölgə üzərində inşa edilmişdi və azərbaycanlı millətqurucular Azərbaycan ifadəsini bölgənin tez-tez dəyişən etno-linqivistik kompozisiyasına istinad etmədən işlədirdilər.

Territorial yanaşma sonrakı illərdə daha da inkişaf etdirildi. Azərbaycan milli tarixinin son versiyası Manna (Urmiya gölü ətrafında mövcud olmuş tayfa ittifaqı) üzərində xüsusilə durdu və azərbaycanlı etnosu mannalıların, kaspilərin, kadusilərin və Midiyalıların şərqi Azərbaycanda yaşayan hissələrinin qarışığı kimi müəyyən edildi. (56)

Nəticə

Qərbli şərqşünaslar iranlı millətquruculara milləti irqi prizma və linqvistik davamlılıq kimi anlama mirasını qoydular. 1930-cu illərdə iranlı milli kimliyinin müasir konstruktorları bu iki komponentdən yararlanırdılar. Bu yanaşmaya görə, midiyalılar Qərbi Asiyadakı ilk hind-avropalı və ya arilər kimi qəbul edilirdi.  Azərbaycanın tarixi narrativi linqvistik və irqi yanaşmanı izləyə bilmədi. Linqvistik yanaşma Azərbaycan tarixində yaşanan linqvistik dəyişikliklərə görə alınmadı, çünki XIII əsrdə türkləşmə prosesi baş vermişdi. Azərbaycanlı millətqurucular İranın nəzəriyyəsini inkar edən yol izlədilər və territorial prinsipə əsaslanan tarixi davamlılıq yaratdılar. Azərbaycanlı nəzəriyyəsi coğrafi ifadəni etno-toponimə çevirməyi məqsəd qoyurdu. Bu halda ad tarix boyu həm regionu, həm də etnik qrupları identifikasiya edəcəkdi. Onlara görə, Azərbaycan milləti tarixin başlanğıcından etibarən bu bölgələrdə yaşayan bütün tayfaları və etnosları əridən qazan idi. Buna görə də “Azərbaycan” milli narrativdə məhdud istifadəyə sahib deyildi və orta əsrlər annallarında sadəcə coğrafi ifadə kimi qəbul edilmirdi. Onların fikrincə,  “Azərbaycan” sözünün qədim fiqurların və dövlətlərin adlarının yanına əlavə edilməsi təbii nəticə idi. Azərbaycanlı territorial yanaşması, demək olar ki, özünəməxsus idi. Bu, XIX əsr müasir britaniyalı territorial və milli kimliyinin, anqlo-sakson dilinə keçidin baş verməsinə baxmayaraq, ta Keltlərə söykənərək inşası prosesinə bənzəyirdi. İranlı tarixçilərin sübut etməyə və ya mübarizə aparmağa heç nələri yox idi. Onlar keçmişin ilk milliləşdirənləri/işğalçıları olmalarının rahatlığını yaşayırdılar və qərbli şərqşünaslar tərəfindən onsuz da inkişaf etdirilmiş alətlərə sahib idilər. Azərbaycanlı millətqurucular isə çətin vəziyyətdə idilər, çünki onların iranlı narrativi ilə konsolidasiya edilmiş eyni keçmişi yenidən “işğal etmək” kimi çətin tapşırıqları var idi. Bununla yanaşı, azərbaycanlı millətqurucular bölgədəki ana axına qarşı gəlmişdilər. Ermənilər, gürcülər, türklər (tərc. Türkiyə nəzərdə tutulur) və iranlılar öz müasir milli kimliklərini etno-linqivistik əsaslar üzərində qurarkən (və ya qurmuşkən), azərbaycanlılar bunu territorial prinsip üzərində quran yeganə millət idi. Sovet iranşünasları da daxil olmaqla, bir çoxları üçün öz alışılmış paradiqmaları içində bu uyuşmazlığı anlamaq çətin idi.  Dəmir Pərdənin (tərc. Soyuq müharibə nəzərdə tutulur) iranlı tarixçilərlə qaçılmaz olan çəkişməni yarım əsr gecikdirməsinə baxmayaraq, azərbaycanlılar ilk opponentlərini Sovet İttifaqında tapdılar. Sovet iranşünasları iranlı millətqurucuların qərb şərqşünaslığına etdikləri kimi, azərbaycanlı narrativinə onun hamisi Stalin öldükdən sonra ilk fürsətdəcə hücum çəkdilər.

Almaniya və Fransa, Macarıstan və Rumıniya kimi iki ayrı-ayrı dövlətdə, müstəqil formada qurulmuş milli narrativdə olan münaqişədə hər hansısa koordinasiyaya və ya uzlaşmaya ehtiyac yoxdur. Lakin oxşar çəkişmə Sovet İttifaqında siyasi diqqət tələb edirdi. Azərbaycanlı narrativinə əks olmaqla Sovet iranşünasları çoxmillətli Sovet sistemindəki respublikalardan birinin milli kimliyini təhlükəyə atırdılar. Bunun isə siyasi təsirləri var idi. Əlavə olaraq, eyni keçmişin çoxsaylı narrativi xoş qarşılanmırdı, çünki tarix siyasi məqsədli idi və o, ideoloji prinsiplərlə yazılırdı. Tarix Kommunist Partiyasının ideoloji çərçivəsində yazılmalı idi və bir ideoloji “həqiqət” çoxsaylı tarixi şərhlər meydana gətirə bilməzdi. Azərbaycan Kommunist Partiyasının MK-nin Baş Katibinə  və Bakıdakı digər partiya rəsmilərinə iki qrup arasındakı müzakirələr barədə məlumatlar verilirdi. Biz bunu bilirik, çünki bu kimi işlərdə adi təcrübə olduğu kimi, yuxarıda qeyd etdiyimiz akademik müzakirələrin və iclasların hamısının protokolları Azərbaycan Kommunist Partiyasinın I Katibinə göndərilirdi. Hər halda, AKP bu iki tərəfi barışdıra bilmədi, əvəzində, səssiz formada olsa da, azərbaycanlı tarixçiləri və onların mili narrativlərini Sovet iranşünaslarına qarşı müdafiə etdi. Nəticədə, azərbaycanlı tarixçilər Bakıda öz milli narrativlərinin konstruksiyasını davam etdirərkən, Sovet iranşünasları da keçmişi iranlı təfsirini yenidən istehsal etməyə başladılar. Bu həmçinin Kommunist Partiyasının tarixşünaslıq üzərindəki nəzarətinin limitlərini və çoxmillətli kommunist ölkəsində tarixin müxtəlif şərhlərinə yer vermənin çətinliklərini göstərir.

Qeydlər.

  1. Scott, Seeing Like a State; Weiner, Landscaping the Human Garden. For the Soviet Union: Kotkin, Magnetic Mountain
  2. Burada mən “iranlı” sözünü sülalə ifadəsini təqdim etmək üçün istifadə etmişəm və xüsusi etno-linqivistik kimliyi göstərmir.
  3. Yilmaz, “The Soviet Union.”; Yilmaz, National Identities in Soviet Historiography, 19–37.
  4. Jones, “Third Anniversary Discourse.”
  5. Rendall, The Cradle of the Aryans; Le Bon, The Crowd; Childe, The Aryans; Cox. The Mythology of the Aryan Nations; Gobineau, Selected Political Writings, 134–44; Biddiss, Father of Racist Ideology 112–51; Poliakov, The Aryan Myth; Arvidsson, Aryan Idols, 1–123. For a summary of further sources and counter-arguments: Vaziri, Iran as an Imagined Nation, 75–81.
  6. Arvidsson, Aryan Idols, 20.
  7. Vaziri, Iran as an Imagined Nation, 71.
  8. Oppert, Peuple et la Langue Des Mèdes.
  9. Delattre, L’Empire des Mèdes; Vaux, Ancient History from the Monuments, 15; Rawlinson, The Five Great Monarchies, 306–25; Winckler, Zur medischen und altpersischen Geschichte, 116–17, 122; Winckler, Auszug aus der vorderasiatischen Geschichte, 82–6; Prášek, Geschichte der Meder und Perser; Bury et al., The Cambridge Ancient History, 2,209; Berr, “Foreword”; Huart, Ancient Persia and Iranian Civilization, 26; Herzfeld, Iranische Denkmäler; Herzfeld, Archaeological History of Iran.
  10. Kashani-Sabet, Frontier Fictions, 186, 199–202, 206–7. Kashani-Sabet cites archival materials and the following school textbooks covering the race, history, and geography of Iran: Mirza Abu Talib Khan, Ilm al-Ashya (Tehran, 1343/1924); Zuka’ al-Mulk Furughi, Tarikh-i Mukhtasar-i Iran (Tehran, 1343/1924); Abbas Iqbal, Ashtiyani, Jughrafiya-yi Asiya va Iran (Tehran, 1345/1926). On Hasan Pirnia and other nation-building historians and bureaucrats of the time see: Grigor, “Recultivating ‘Good Taste,’” 17–45; Atabaki, “Agency and Subjectivity,” 74; Safamanesh, “Architectural Historiography 1921–42.”
  11. Kashani-Sabet, Frontier Fictions, 207.
  12. Abdi, “Nationalism, Politics.”
  13. Banani, The Modernization of Iran, 46; Cottam, Nationalism in Iran, 27, 148; Katouzian, “Nationalist Trends in Iran,” I:541–42.
  14. Menashri, Education and the Making of Modern Iran, 96–7.
  15. Bəzi qərb tarixçiləri iddia edir ki, Maqlar kahinlərin yerli tayfasıdır və həmçinin, Midiyanın qeyri-aryan əhalisinin də liderləridirlər.  Hər halda, bu arqumentlər etno-linqivistik Midiya ilə qarışmışdır.   
  16. For details see Yilmaz, National Identities in Soviet Historiography, 33.
  17. Dzhafarzade, Klimov, and Iampol’skii, Istoriia Azerbaidzhanskoi SSR, 15–17.
  18. Conquest, The Politics of Ideas, 8–9.
  19. Istoriia Azerbaidzhana kratkii ocherk.
  20. Ibid., 19.
  21. Ibid,, 21–31.
  22. Ibid., 31.
  23. Vurğun, “Azǝrbaycan Epopeyası,” 20–21.
  24. Vurğun, “Lenin Ordenli,” 42; also see the same emphasis in his article: Vurğun, “Azǝrbaycanin Elmi Tarixini Yaradaq,” 54.
  25. Istoriia Azerbaijana: chast’ 1, 27–8.
  26. Turaev, Istoriia drevniago vostoka: chast’II, 106–7. According to Turaev, the principality of Mannei was located in the west side of Lake Urmia and was also founded by the Aryans, 47. An identical narrative can be found in the Soviet edition: Turaev, Istoriia drevnego vostoka: tom II, 34, 77; Bartol’d, “Mesto Prikaspiiskikh Oblastei,” 656; Bartol’d, “Istoriko-geograficheskii obzor Irana,” 35, 135, 140, 152, 21.
  27. Struve, Istoriia devnego vostoka: kratkii kurs, 109.
  28. Struve, Istoriia drevnego vostoka, 366.
  29. Avdiev, Istoriia drevnego vostoka (1948), 449.
  30. Avdiev, Istoriia drevnego vostoka (1953), 558.
  31. Pigulevskaia et al, Istoriia Irana, 8.
  32. Istoriia Azerbaidzhana: Maket, Volume 1 and 2.
  33. Istoriia Azerbaidzhana: Maket, Volume 1, 12.
  34. Ibid., 17–29.
  35. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlet Arxivi [The Political Parties and Public Movements State Archive of the Executive Office of the President of the Republic of Azerbaijan] (hereafter ARPİİSPİHDA), (fond)1-(opis)41-(delo)486-(list)5, June 20, 1955.
  36. ARPİİSPİHDA, 1-41-486-6/7, June 20, 1955.
  37. ARPİİSPİHDA, 1-41-486-7, June 20, 1955.
  38. ARPİİSPİHDA, 1-41-486-20, June 20, 1955; Istoriia Azerbaidzhana: Maket, Volume 1, 32–3.
  39. Istoriia Azerbaidzhana: Maket, Volume 1, 33.
  40. ARPİİSPİHDA, 1-41-486-21, June 20, 1955.
  41. ARPİİSPİHDA, 1-41-486-19, June 20, 1955.
  42. ARPİİSPİHDA, 1-41-486-21, June 20, 1955.
  43. ARPİİSPİHDA, 1-41-486-21/22, June 20, 1955.
  44. ARPİİSPİHDA, 1-41-486-21, June 20, 1955.
  45. ARPİİSPİHDA, 1-41-486-22, June 20, 1955.
  46. ARPİİSPİHDA, 1-41-486-21, June 20, 1955.
  47. ARPİİSPİHDA, 1-41-486-21, June 20, 1955.
  48. ARPİİSPİHDA, 1-41-486-14/15, June 20, 1955. Herodotus records six tribes that constituted the Medians: “the Busae, the Paretaceni, the Struchates, the Arizanti, the Budii, the Magi” Herodotus, [Histories]. Vol. 1, 101.
  49. ARPİİSPİHDA, 1-41-486-22, June 20, 1955. D’iakonov’s account published in 1956 on the Medians somehow parallel to the Azerbaijani line. According to D’iakonov the language that was called “Median” by the ancient sources belonged to the Iranian group of languages (next to the Avestian, ancient Persian, Parthian, Sogdian, Scythian, and Khorezmian). However, this did not mean that all population in the province of Media was Indo-European. This was a language of a particular tribe or tribal federation while there were other tribes and this was not a homogenous territory. It would be hard to claim that one ethno-language dominated particularly in the Media Atropatene. Also, according to D’iakonov, the difference between the Median and ancient Persian was much bigger than the difference between the Median language and others. D’iakonov, Istoriia Midii, 67–70.
  50. ARPİİSPİHDA, 1-41-486-21, June 20, 1955. 51.
  51. ARPİİSPİHDA, 1-41-486-11, June 20, 1955. D’iakonov agreed with this argument: D’iakonov, Istoriia, 70. 52.
  52. ARPİİSPİHDA, 1-41-486-11, June 20, 1955. 53.
  53. ARPİİSPİHDA, 1-41-486-11, June 20, 1955. 54.
  54. ARPİİSPİHDA, 1-41-486-9, June 20, 1955. 55.
  55. ARPİİSPİHDA, 1-41-486-9, June 20, 1955. 56.
  56. Azǝrbaycan tarixi uç cilddǝ, 62.

Biblioqrafiya

  1. Abdi, K. “Nationalism, Politics, and the Development of Archaeology in Iran.” American Journal of Archaeology 105, no. 1 (2001): 51–76
  2. Arvidsson, S. Aryan Idols: Indo-European Mythology as Ideology and Science. Translated by Sonia Wichmann. Chicago, IL: University of Chicago Press, 2006
  3. Atabaki, T. “Agency and Subjectivity in Iranian National Historiography.” In Iran in the 20th Century Historiography and Political Culture, edited by T. Atabaki, 69–92. London: I. B. Tauris, 2009.
  4. Avdiev, V. I. Istoriia drevnego vostoka. Leningrad: OGIZ, 1948
  5. Avdiev, V. I. Istoriia drevnego vostoka. second edition. Leningrad: OGIZ, 1953
  6. Azǝrbaycan tarixi uç cilddǝ. Baku: Azǝrbaycan SSR ƏA Nǝşriyyatı, 1958.
  7. Banani, Amin. The Modernization of Iran 1921–1941. Stanford, CA: Stanford University Press, 1961.
  8. Bartol’d, V. V. “Istoriko-geograficheskii obzor Irana.” In Sochineniia. Vol. 7, 31–225. Moscow: Nauka, 1971.
  9. Bartol’d, V. V. “Mesto Prikaspiiskikh Oblastei v Istorii Musul’manskogo Mira.” In Sochineniia. Vol. 2(1), 651–774. Moscow: Nauka, 1963.
  10. Berr, H. “Foreword.” In C. Huart, Ancient Persia and Iranian Civilization, ix–xix. London: Kegan Paul, 1927.
  11. Biddiss, M. D. Father of Racist Ideology: The Social and Political Thought of Count Gobineau. London: Weidenfeld & Nicolson, 1970.
  12. Bury, J. B., S. A. Cook, and F. E Adcock. The Cambridge Ancient History. Vol. 4. Cambridge: Cambridge University Press, 1926.
  13. Childe, G. The Aryans: A Study of Indo-European Origins. London: Kegan Paul, 1926.
  14. Conquest, Robert, ed. The Politics of Ideas in the USSR. London: Bodley Head, 1967.
  15. Cottam, Richard W. Nationalism in Iran. Pittsburgh: University of Pittsburgh Press, 1979.
  16. Cox. G. W. The Mythology of the Aryan Nations. 2 vols. 1870. Reprint, Port Washington, NY: Kennikat Press, 1969.
  17. D’iakonov, I. M. Istoriia Midii: ot drevneishikh vremen do kontsa IV veka do n.e. Moscow: Izdatel’stvo AN SSSR, 1956.
  18. Delattre, A. L’Empire des Mèdes: Jusqu’a la fin du règne de Cyaxare. London: Trübner, 1885.
  19. Dzhafarzade, I., A. A. Klimov, and Z. I. Iampol’skii, eds. Istoriia Azerbaidzhanskoi SSR uchebnik dlia 8 i 9 klassov. Baku: Izdanie Azerbaidzhanskogo filiala AN SSSR, 1939.
  20. Gobineau, A. Selected Political Writings. Edited by M. Biddiss. London: J. Cape 1970.
  21. Grigor, T. “Recultivating ‘Good Taste’: The Early Pahlavi Modernists and their Society for National Heritage.” Iranian Studies 37, no. 1 (2004): 17–45
  22. Herodotus. [Histories] in Four Volumes. Translated by A. D. Godley. Vol. 1. London: William Heinemann, 1975
  23. Herzfeld, E. Archaeological History of Iran. London: Oxford University Press, 1935.
  24. Herzfeld, E. Iranische Denkmäler. Berlin: D. Reimer, 1932.
  25. Huart, C. Ancient Persia and Iranian Civilization. London: Kegan Paul, Alfred A. Knopf, 1927.
  26. Istoriia Azerbaidzhana kratkii ocherk. Baku: Izdatel’stvo AZFAN, 1941.
  27. Istoriia Azerbaidzhana: Maket. Vol. 2. Baku: Izdatel’stvo AN Azerbaidzhanskoi SSR, 1954.
  28. Istoriia Azerbaidzhana: Maket. Vol. 1. Baku: Izdatel‘stvo AN Azerbaidzhanskoi SSR, 1954.
  29. Istoriia Azerbaijana: chast’ 1: uchebnoe posobie dlia srednikh shkol. Baku: Izdatel’stvo AN AzSSR, 1946.
  30. Jones, Sir W. “Third Anniversary Discourse, on the Hindus, delivered to the Asiatic Society, 2 February 1786.” In Nations and Identities, edited by V. P. Pecora, 93–99. Oxford: Blackwell, 2001.
  31. Kashani-Sabet, F. Frontier Fictions, Shaping the Iranian Nation, 1804–1946. Princeton, NJ: Princeton University Press, 1999.
  32. Katouzian, H. “Nationalist Trends in Iran, 1921–1926.” International Journal of Middle East Studies 10, no. 4 (1979): 533–551.
  33. Kotkin, S. Magnetic Mountain: Stalinism as a Civilization. Berkeley: University of California Press, 1995.
  34. Le Bon, G. The Crowd: A Study of the Popular Mind. London: T. F. Unwin, 1896.
  35. Menashri, D. Education and the Making of Modern Iran. Ithaca, NY: Cornell University Press, 1992. Oppert, J. Peuple et la Langue Des Mèdes. Paris: Maisonneuve et Cie, Libraires-éditeurs, 1879.
  36. Pigulevskaia, N. V., A. Iu. Iakubovskii, I. P. Petrushevskii, L. V. Stroeva, and A. M. Velenitskii. Istoriia irana s drevneishikh vremen do kontsa XVII veka. Leningrad: Izdatel’stvo Leningradskogo Universiteta, 1958.
  37. Poliakov, L. The Aryan Myth: A History of Racist and Nationalist Ideas in Europe. New York: Basic Books, 1974.
  38. Prášek, J. V. Geschichte der Meder und Perser. Vol. 1. Gotha: Friedrich Andreas Perthies, 1906.
  39. Rawlinson, G. The Five Great Monarchies of the Ancient Eastern World; History, Geography, and Antiquities of Chaldea, Assyria, Babylon, Media, and Persia, Collected and Illustrated from Ancient and Modern Sources. 2nd ed. Vol. 2. New York: Scribner, Welford, 1871.
  40. Rendall, G. H. The Cradle of the Aryans. New York: Macmillan, 1899.
  41.  Safamanesh, Kamran. “Architectural Historiography 1921–42.” In Iran in the 20th Century Historiography and Political Culture, edited by T. Atabaki, 121–154. London: I. B. Tauris, 2009.
  42. Scott, J. C. Seeing Like a State: How Certain Schemes to Improve the Human Condition Have Failed. New Haven, CT: Yale University Press, 1998.
  43. Struve, V. V. Istoriia devnego vostoka: kratkii kurs. Moscow: OGIZ, 1934.
  44. Struve, V. V. Istoriia drevnego vostoka. Moscow: OGIZ, 1941.
  45. Turaev, B.A. Istoriia drevnego vostoka: tom II. Vol. 2, edited by V. V. Struve and I. L. Snegirev. Leningrad: OGIZ, 1935.
  46. Turaev, B. A. Istoriia drevniago vostoka: chast’II. Vol. 2. St. Petersburg: Tipografiia V. Bezobrazov i Ko., 1913.
  47. Vaux, W. S. W. Ancient History from the Monuments: Persia from the Earliest Period to the Arab Conquest. London: Society for Promoting Christian Knowledge, 1884.
  48. Vaziri, M. Iran as Imagined Nation: The Construction of National Identity. New York: Paragon House, 1993
  49. Vurğun, S. “Azǝrbaycan Epopeyası.” In Seçilmiş ǝsǝrlǝri Beş cilddǝ V cild. Vol. 5, 20–21. Baku: Şǝrq-Qǝrb, [1937] 2005.
  50. Vurğun, S. “Azǝrbaycanin Elmi Tarixini Yaradaq.” In Seçilmiş ǝsǝrlǝri Beş cilddǝ V cild. Vol. 5, 52–55. Baku: Şǝrq-Qǝrb, [1940] 2005.
  51. Vurğun, S. “Lenin Ordenli Hǝrbi-siyasi Akademiyada Keçirilmiş Gecǝdǝ Mǝruzǝ.” In Seçilmiş ǝsǝrlǝri Beş cilddǝ V cild. Vol. 5, 42–50. Baku: Şǝrq-Qǝrb, [1940] 2005.
  52. Weiner A., ed. Landscaping the Human Garden: Twentieth-Century Population Management in a Comparative Framework. Stanford, CA: Stanford University Press, 2003.
  53. Winckler, H. Auszug aus der vorderasiatischen Geschichte. Leipzig: J. C. Hinrisch’sche Buchhandlung, 1905).
  54. Winckler, H. Zur medischen und altpersischen Geschichte: In Untersuchungen zur altorientalischen Geschichte. Leipzig: Verlag von Eduard Pfeiffer, 1889.
  55. Yilmaz, H. “The Soviet Union and the Construction of Azerbaijani National Identity in the 1930s.” Iranian Studies 46, no. 4 (2013): 511–533.
  56. Yilmaz, H. National Identities in Soviet Historiography: The rise of nations under Stalin. London, New York: Routledge, 2015.

Qulamhüseyn Məmmədov

Bütün yazıları göstər