Əvvəlcə “qəbilə”, “sülalə” və “tayfa” anlayışları ilə “millət – nation” anlayışı arasındakı fərqlərə işarə edərək, içində yaşadığımız yüzilliyin anlayış tərzinə görə birincilərin şüursuz, iddiasız, etdiyini bilməz, istənilən yönə doğru yönəldilə bilən insan sürülərini ifadə etdiklərini, ikincisinin isə məfkurə sahibi, getdiyi yolu, etdiyi işi bilən, şüurlu iradəyə malik, mənən və maddi olaraq özü özünü idarə edən bir cəmiyyət mənasını özündə əks etdirdiyini qeyd etmişdik və bu təsnifatın çağdaş camaatlar arasında müəyyən və yetərincə hüquqi qiymətləri olduğunu da əlavə etmişdik. Həqiqətən bu gün felən qalib olaraq anlayış tərzini bütün bəşəriyyətə qəbul etdirən mədəniyyət zümrəsinə mənsub olan sərbəst düşüncəyə sahib mütəfəkkirlərdən başlayaraq ən qatı mühafizəkarlara qədər hamının “Millət” adını verdikləri camaatlara bütün hüquqi beynəlmiləlliyi tanıdıqları halda, “sülalə”, “qəbilə” və “tayfa” deyə adlandırılanları bu hüquqdan bir çoxları əsirgəyirlər. Bu fərqin nə qədər əməli və feli bir qiyməti olduğu xüsusən son böyük müharibədən sonra özünü göstərdi.* Hər millətin öz müqəddəratını təyin etmə hüququna sahib olduğu əsasını qəti və ümumi bir sürətdə qəbul edən və bu əsası məşhur 14 maddələrin əvvəlinə keçirən keçmiş ABŞ prezidenti professor Vilson, digər tərəfdən “Millət” əsaslarını hələ formalaşdırmayan bütün camaatlar üçün “Mandat” yəni başqası tərəfindən idarə edilmə üsulunu ortaya atmışdır. Bu anlayış tərzi Versal konfransı və onu izləyən bütün digər konfranslar və sülh müqavilələri üzərində hakim mövqeyə sahibdi. Belə ki, Avropa və Amerikada bütün millətlərə, qalib və məğlub olmasına baxmayaraq, əsasən eyni hüquq və eyni öz müqəddəratını təyin etmə üsulu tətbiq edildiyi halda, Afrika və Asiyada qəbilə, sülalə və tayfa olaraq qəbul olunan bütün camaatlara mandat üsulu tətbiq edildi. Cenevrə konfransına Yaponiya hökümətinin dəvət edildiyi halda, digər Asiya dövlətlərinin dəvət olunmamasının səbəbi də bu idi. Lloyd Corc bu haqda verilən suala cavab olaraq “Yaponlar bir millətdir” deyə qısa bir cavab vermiş və tərəf müqabilinin vicdanını bununla tətmin etmişdir.

Millətləri ayıran xüsusiyyətlərə gəldikdə isə, yuxarıda qısaca işarə etdiyimiz şəkildə, bu xüsusiyyətlər hər camaatın həyatının iki başlıca məcrası olan xarici və daxili məsələlər şəklində özünü göstərir. Xaricə qarşı varlığını, istiqlal və milli azadlığını həssas və mətin şəkildə daima qorumağa hazır olan, xaricin göstərişlərinə əməl etməyən, dostunu düşməndən ayıran, müstəqil və milli bir siyasətə sahib olan bir camaat “Millət” anlayışının bir hissəsini yerinə yetirmiş hesab oluna bilər.

Buna baxmayaraq, belə bir camaat hələ tam mənası ilə bir millət sayılmaz. Çünki bu bir camaatın başına keçərək xaricə qarşı o camaatın mənafeyini layiqli şəkildə qoruyan və xaricin təcavüz və dəyişikliklərinə qarşı da camaatı arxasınca apararaq dövlətin istiqlalı uğrunda çoxlu iş və köməklər edənlər məhdud bir zümrə ola bilər. Həqiqətən belə bir zümrənin hər hansı bir camaat içində ortaya çıxması öz özlüyündə o camaatın “Millət” halına gəlmək ərəfəsində olduğuna sübutdur. Buna baxmayaraq tam mənası ilə “Millət” olduğunu sübut etmək üçün bir də daxili həyatındakı “istiqlalını” hər günkü həyatı və aktiv işləri ilə göstərmiş olmalıdır.

Xaricin təzyiq və müdaxiləsinə tab gətirməyərək sırf öz varlığının, öz şəxsiyyətinin, öz iradəsinin hakimiyyətini arzu edən bir camaat eyni zamanda da daxili təzyiq və müdaxiləyə, milli iradənin xaricində hər hası bir qüvvənin ortaya çıxmasına tab gətirmədiyini hər günkü əhval və işləri ilə sübut etməlidir ki, özünün şüurlu və şərəfli bir millət olduğunu göstərmiş olsun!

Yoxsa bu gün birinin arxasına, sabahı gün digərinin, bu gün birinin, sabah digərinin göstərişi ilə hərəkət edən camaatlar belə bir şərəfə nail olmuş kimi qəbul oluna bilməzlər. Misir kahinlərinin sehrləri və fironların dəyənəyi ilə Ramzeslərin arxasınca İran sərhədlərinə qədər yeriyərək zəfərlər, qələbələr qazanan, lakin daxildə yenə eyni kahinlərlə, eyni fironların qorxusu ilə fironlara qulluq edən, fironların kefləri üçün ehramlar tikən yazıqlar həmişə sürüdürlər. Bunun kimi Babil kahinlərinin sehrbazlıqları ilə Buhtunnasirlərə** ilah kimi səcdə edən və onların kefi üçün Fələstinə qədər gedən və yenə eyni kef üçün Babil qüllələrini hazırlayan biçarələr də sürüdürlər. Başqa bir şey qəbul oluna bilməz.

Şüurlu bir millət olmaq iddiası ilə çıxış etmək üçün milli iradə daxilində belə qeyd şərtsiz sərbəst vicdanın təzahürünü qəbul edən, qanundan başqa bir şey olmayan bu təzahürə tabe olmaqla birlikdə, ondan başqa heç bir qüvvənin təzyiqlərinə tab gətirməyən, sərbəst düşüncəli, sərbəst fikirli, sərbəst duyğulu, sərbəst hərəkətli, ümumi heyətin hara doğru getdiyini bilən fərdləri  mövcud olmalıdır. Bir camaatın fərdləri bu hala gəldiyi zaman ona artıq milli vicdanını tapmış “Millət” deyilir və əks halda hökümət  forması nə olur olsun, konstitutsiyada milli hakimiyyətdən istədiyimiz qədər parlaq və möhtəşəm cümlələr ilə bəhs olunsa da, o ya sürüdür, ya da yarı sürüdür.

“Millət” haqqındakı bu qısa izahdan sonra indi öz ölkəmizə baxaq və nəzəriyyəmizin əsaslarını öz mühitimizə tətbiq edək. Mütarəkənin sonrasında bu millət özünü bu vəziyyətdə gördü:

Bir tərəfdə keçmişdən bəri ənənəvi hörmət etdiyi, müqəddəs olaraq qəbul etdiyi məqamla, bu məqamın yanaşdığı, əcnəbi təzyiqlə müdaxilə və bu təzyiqlə müdaxiləni təmin edən rahatlıq!

Digər tərəfdə özünü istiqlala, şərəfə dəvət edən bir neçə rəhbər və bu dəvətin qəbul edildiyi halda tab gətirilməyəcək saysız-hesabsız əzablar və işgəncələr!

Millət tərəddüd etmədən şərəflə istiqlalı və bunların tələb etdikləri çətinlik və fəlakətlərə, maddi rahatlıq vəd edən əcnəbi təzyiq və müdaxilə qarşısında üstünlük verdi və bu yolda bütün ənənələri dağıtmaqda qətiyyən tərəddüd göstərmədi.

Başlanğıcda dəlilik olaraq görülən bu möhtəşəm qərarın səhifələri inkişaf etdikcə və millətin ülviyyət və əzəməti tədricən özünü göstərdikcə, bütün bəşəriyyətin vicdanı tərəfindən təqdir olundu və bu nəzər nöqtəsindən bir “Millət” və həm də ən əzəmətli və şüurlu millət olduğumuzu sübut etdik. İndidən sonra belə bir həqiqət fani kağız parçaları üzərində deyil, əbədi olaraq bəşər vicdanı üzərində həkk olunmuşdur.

Qalır məsələnin ikinci tərəfi: daxilən müstəqil olaraq yaşadığımızı, yaşamağa çalışdığımızı sübut etmək!

Yuxarıda da izah etdiyimiz şəkildə daxili istiqlalın dəlil və sübutu, milli iradənin xaricində heç bir qüvvət tanımamaq və qanundan başqa bir şey olmayan və mahiyyəti etibarilə mütləq və sərhədsiz olan bu iradənin ortaya çıxmasını sevə-sevə izləməklə birlikdə, qanun dairəsində sərbəst düşünməyə, sərbəst hərəkət etməyə, sərbəst hiss etməyə çalışan şüurlu və şərəfli bir ictimai heyət halını göstərməkdən ibarətdir! Şərəfli insan nəfsi, başqası tərəfindən idarə olunmağı qəbul etməyərək, öz şərəfini idarə etməkdə və bu üç sərbəstliyə əməl etmək və etdirməkdə borcludur. Çünki sərbəst düşünmək əsasından məhrum olan bir millətdə elm və fənlər inkişaf etməz, sərbəst hiss etməkdən məhrum olan heyətlərdə sənaye inkişaf etməz və sərbəst hərəkət etmək haqqında məhrum olanlarda xoşbəxtlik ehtimalı olmaz.

İnsan həyatının maddi və mənəvi səadətləri bu üç sərbəstlikdə öz əksini tapır. Onlarsız insan mahiyyətini itirər və həyatda zövq qalmaz. Həqiqətən onlardan məhrum olan mühitlər cansız, ölü yığından ibarətdirlər. Çünki yaradılışda bu üç sərbəstlik insan nəfsinin əsası olaraq qalmışdır.

Bu səbəbdən insanlıq mahiyyətini mühafizə etmək istəyən hər hansı bir mühit, nə özü özünü idarə etmək haqqını və nə də üç sərbəstliyə əməl etdirmək vəzifəsini itirər və ya başqasına verər.

Onları ortadan qaldırmaq və başqasına vermək düzgün deyildir. Hər hansı bir mülahizə və yanaşma onların yanında heçdir. Şərəf və izzət insanı ifadə edən bu haqla vəzifələrini hər hansı bir səbəbdən yaddan çıxarmış və ya itirmiş olan mühitlər hər dəqiqə, hər an onların canlandırılması və geri qaytarılmasına borcludurlar. Qarşılarında şərəfli, izzət sahibi olan həmvətənləri deyil, insanlıq mahiyyətini itirmiş olan kölələr və əsirlər görmək istəyən mühitlər heç vaxt nə şərəf, nə də səadət taparlar.

Bu səbəbdən daxildə qarşımızda duran məsələ budur: Görəsən biz bu dəfə də məsləhətləşərək sağa, sola, önə, arxaya baxacaq, yerimizdən tərpənməyərək, yüzilliklərlə çiyinlərimizə yüklənmiş olan və xarici təzyiqdən başqa bizi, varlığımızı, düşüncəmizi, qəlbimizi, vicdanımızı əzən müdhiş bir keçmişin çürümüş ağırlığı altında qərarsız qalacağıq və ya yeddi dövlətə şərəf və istiqlalı üçün meydan oxuyaraq nizəsi ilə təyyarələrə, dəvəsi ilə tanklara qarşı çıxan əzəmətli bir millətin rəhbərlərinə layiq bir igidlik və qətiyyətlə hərəkət edib, o misraları üzərimizdən atacaq və bu millətə həqiqi səadət yolunu göstərəcəkmiyik?

Budur məsələ!

Əhməd bəy Ağaoğlu

Mənbə:

  1. İxtilalmı, İnqilabmı. 1942. (Hakimiyyəti Milliyyə. 15 avqust 1922).

*Birinci Dünya müharibəsi

** II Nebukadnezar

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər