Müəllif: Edvin E. Mois (ing. Edwin E. Moise)

Giriş

Bu ölkə haqqında olan yazılarda Vyetnam kommunizminin atası Ho Şi Minin fundamental olaraq bir milliyyətçi və ya kommunist olması sualına cavab tapmaq üçün xeyli mürəkkəb axıtmaq lazım gəlir.

Birləşmiş Ştatlarda Honun milliyyətçi statusu ilə bağlı şübhə, ilk növbədə, son onilliklərdə bu termin ilə bağlı möhkəmlənmiş dəyər mühakimələrdən yaranıb. Çağdaş Vyetnam haqqında yazanlar demək olar ki, həmişə milliyyətçiliyin “yaxşı” olduğunu iddia edirlər. Kiməsə milliyyətçi demək komplimentdir, milliyyətçiliyini inkar etmək isə təhqirdir. Bu emosional yük bəzi yazarları heç kəsi təhqir etməmək üçün obyektiv şəkildə bütün siyasi hərəkatları “milliyyətçi” kimi təsvir etməyə vadar edib. Bu isə bəzilərinin özlərinin bəyənmədikləri hərəkatlara bu etiketi verməməklərinə səbəb olur. Sonuncu münasibət, xüsusən də şeytanın təcəssümü hesab etdiklərinə “milliyyətçi” adını verməkdən imtina edən antikommunistlər üçün xarakterikdir. Elə antikommunistlər var ki, onlar “kommunist” və “milliyyətçi” sözlərinin antonim olduğuna əmindirlər. Onlar həmçinin inanırlar ki, Ho Şi Mini milliyyətçi adlandırmaq Honun kommunist olduğu inkar edilir.

Milliyyətçilik və vətənpərvərlik

Əgər biz Vyetnamın müasir tarixini rasional baxış bucağından müzakirə etmək istəyiriksə, onda gərək biz “milliyyətçilik” termininin bir neçə onilliklər əvvəl verdiyi mənasını bərpa etməliyik. Bu yazıda müəyyən edilən mənaya əsasən, “milliyyətçi”yə görə, onun öz yurdu milli dövlət (ing. nation state, türk. ulus devlet) olmalıdır. Bu o deməkdir ki, dil, mədəniyyət və adət-ənənə baxımından təbii vahid kimi görünən bir şey nəinki müstəqil olmalı, həm də effektiv bir mərkəzi hökümət altında birləşməlidir; əhalinin vətəndaş statusu olmalıdır; hakimiyyətlə xalq arasında qarşılıqlı məsuliyyət hissi yaranmalıdır. Milliyyətçilər milli dövlət yarandıqdan sonra onu müdafiə edir və adətən texnoloji tərəqqi, sənayeləşmə və bəzən də ekspansionist müharibələr kimi vasitələrlə onun gücünü genişləndirməyə çalışırlar.

Bu ilkin tərifə qayıtdığımız zaman aydın şəkildə görürük ki, “milliyyətçi” sözü “yaxşı” ilə sinonim deyil, amma real siyasi məsələlərin təhlilində çox faydalı bir terminə çevrilir. Hyin Kim Xanın (vyet. Huỳnh Kim Khánh) təklif etdiyi milliyyətçilik ilə vətənpərvərlik arasındakı fərqi (hansı ki, əslində terminlərin ənənəvi istifadəsinə uyğun gəlir) qəbul etmək bu təhlili daha da aydınlaşdıra bilər. Vətənpərvərlik insanın öz vətəninə emosional sədaqəti və ona yad qüvvələrin ağalıq etməsinə mane olmaq əzmidir. Bu gün Qərb sivilizasiyasının əsas cəmiyyətləri hamısı millətlərdən ibarətdir, ona görə də bu cəmiyyətlərdə vətənpərvərlik, ümumiyyətlə, milliyyətçilik şəklini alır. Hətta bir çox üçüncü dünya ölkələrində milliyyətçilik vətənpərvər hədəflərə çatmaq üçün olduqca güclü alət kimi görünür və bu səbəbdən də vətənpərvərlik özünü milliyyətçilik kimi ifadə etməyə meyillidir. Buna baxmayaraq, vətənpərvərlik və milliyyətçilik eyni şey deyil. Xarici qüvvənin hakimiyyətini istəməmək milli dövlətin arzuolunanlığını qəbul etməkdən çox fərqlidir.

Bu fərqi ABŞ tarixindən nümunələr ilə göstərək. 1776-cı ildə Kontinental Konqresin üzvlərinin əksəriyyəti vətənpərvər idi, lakin milliyyətçi deyildi. Onlar Britaniyadan müstəqil olmaq istəyirdilər, lakin özləri üçün güclü bir mərkəzi hökümət yaratmamaqda qərarlı idilər. Onlar Britaniya hökümətinə təkcə Atlantik okeanının o tayında yerləşdiyinə görə deyil, həm də Amerikadakı müstəmləkələrə effektiv bir mərkəzi hökümət tətbiq etməyə çalışdığına görə qarşı çıxırdılar. Zaman keçdikcə Birləşmiş Ştatların aparıcı rəhbərləri getdikcə daha milliyyətçi oldular. Məsələn, Abraham Linkoln, şübhəsiz ki, milliyyətçi idi.

Vətənpərvərlik asanlıqla qeyri-rəsmi bir şey, bir və ya bir neçə insanın zehnindəki münasibət ola bilər. Milliyyətçilik demək olar ki, həmişə bir növ mütəşəkkil qrupla əlaqələndirilir, çünki ölkənin effektiv mərkəzi hökümətə malik olması prinsipinə inam, bu rol üçün xüsusi bir təşkilat – ya mövcud hakimiyyət, ya da hakimiyyəti ələ keçirməyə çalışan siyasi hərəkat nəzərdə tutulmasa, o qədər də əhəmiyyət kəsb etməyəcək.

Vətənpərvərlik daha kiçik bir əraziyə də aid edilə bilər. Əsas emosional bağlılığı müəyyən bir vilayət və ya hətta müəyyən bir kəndlə əlaqəli olan şəxs vətənpərvər ola bilər, amma milliyyətçi ola bilməz.

Milliyyətçilik və kommunizm

Milliyyətçilik üçün yuxarıda verilmiş tərifi qəbul etsək, Vyetnam kommunizminin milliyyətçi bir qüvvə olduğunu inkar etmək çətindir. Kommunistlər əvvəlcə Fransa müstəmləkəçiliyindən qurtulmaq üçün uzun və çox gərgin mübarizə apardılar, sonra isə Vyetnamı vahid hökümət altında birləşdirmək üçün daha uzun bir mübarizə başladı. Əslində, kommunistlər XX əsr Vyetnamında milli müstəqillik və ya milli birlik uğrunda həqiqətən güclü mübarizə aparan yeganə mütəşəkkil qrup idi. Bu faktları nəzərə alsaq, “milliyyətçilik” ilə “kommunizm”ə bir-birlərinin antonimi kimi yanaşmaq cəhdi, Ho Şi Minin fundamental olaraq bir kommunist, yoxsa miliyyətçi olduğuna qərar vermək son dərəcə cəfəng görünür. Buna baxmayaraq, onların arasındakı münasibətlər stabil deyildi. Kommunist Partiyası Vyetnamın yaxın tarixinin bəzi dövrlərində bir milliyyətçi təşkilat kimi effektiv fəaliyyət göstərib, lakin bütün vaxtlarda vəziyyət belə deyildi.

Milliyyətçi–kommunist sintezinin mövcud olduğunu qəbul edənlər ümumiyyətlə Vyetnam kimi ölkələrdə bu sintezin kommunistlərin uğur əldə etməsi üçün kritik olduğu ilə razılaşırlar. Ən qabaqcıl sənaye cəmiyyətlərindəki proletar inqilabının erkən marksist nəzəriyyəsi ilə kommunist inqilabının reallığı arasındakı fərq artıq klişeyə çevrilib. Hətta böyük proletariatın olduğu kommunist ölkələrində də (məsələn, SSRİ və ADR) proletariat heç vaxt cəmiyyətin idarə olunmasında hakim qüvvə olmayıb. Proletariatın hətta əhəmiyyətli ikinci dərəcəli qüvvə olması nadir haldır.

Bu gün kommunist ölkələrində mövcud olan kommunizm proletar yox, milliyyətçi bir hərəkatdır. Hakimiyyətdə olan tipik kommunist partiyasının hədəflərinin əksəriyyəti milli dövləti gücləndirməyə yönəlib. Onlar bunu həm cəmiyyətin mərkəzləşdirilmiş rəhbərliyini gücləndirməklə, həm də sənayeləşmə, təhsil, texnoloji tərəqqi və s. yollarla bütövlükdə cəmiyyəti gücləndirməklə edirlər. Kommunist hədəflər üçün əsas olaraq qalan yeganə bariz marksist element sosializmdir ki, bu da kommunistlərin digər milliyyətçilərlə bölüşdüyü məqsədlərə zidd göründüyü zaman dəfələrlə güzəştə gedilmişdir.

Sintezin qurulması

Bir çox marksistin niyə milliyyətçi olması sualına gəldikdə, iki sadə, məntiqli izahatdan kənara çıxmaq çətindir. Birincisi, proletariatın iqtisadi rolunun bu sinfin milli dövlətə lazımi dərəcədə sədaqət və ya maraq hiss etməsinə mane olacağını irəli sürən erkən marksist ideyanın yanlış olduğu ortaya çıxdı. Özü də proletar olmayan Karl Marks yanlış olaraq zənn edirdi ki, proletarlar onun qeyri-milliyyətçi hisslərini bölüşəcəklər.

Müasir sənaye cəmiyyətindəki yaşayış şəraiti (vətəndaşların öz dövlətləri ilə tez-tez əlaqə saxladıqları, göstərilən bir çox xidmət üçün dövlətə arxalandıqları və onlara təkcə bütövlükdə ölkədəki vəziyyət haqqında məlumat verməyən, eləcə də məzmununda milli sədaqət lehinə təbliğat da olan təhsil və kommunikasiya kanallarına çıxış əldə etdikləri bir yaşayış) əhəmiyyətli ölçüdə milli sədaqət yaratmağa meyillidir. Proletariatın statusunun bu sədaqəti azaltmağa heç bir nəzərə çarpan meyli yoxdur.

Bu, Birinci Dünya müharibəsi ərəfəsində, Avropa sosialist hərəkatının adi fəhlələrdən tutmuş ali rəhbərlərə qədər əksər hissəsi “proletar beynəlmiləlçiliyi”ndən milliyyətçiliyin xeyrinə əl çəkəndə öz təsdiqini tapdı. Bundan əvvəlki illərdə onlar and içirdilər ki, dünya zəhmətkeşləri heç vaxt bir-birini öldürməyəcək və onlar qardaşdırlar. Buna baxmayaraq, onlar böhran gələn zaman müxtəlif kapitalist dövlətlərin çağırışlarına qulaq asdılar və tarixin ən dəhşətli müharibə səylərindən birinə dəstək çıxdıılar. Sadə dillə desək, marksizmin ideoloji imperativləri bir marksistin həyatının digər şərtləri milliyyətçiliyə təkan yaratdığı halda onun bir milliyyətçiyə çevrilməsinə mane olması qəliz məsələdir.

İkincisi, hakimiyyətə gələn, bir hökümətə rəhbərlik etməyə başlayan marksistlərin şəxsi maraqları təbii olaraq onları hökümətlərini mümkün qədər güclü və effektiv etməyə sövq edir, yəni onlar öz hökümətlərini milli dövlətə çevirməyə çalışırlar.

Bolşevik Partiyası 1917-ci ildə hakimiyyətə gələndə milliyyətçi deyildi. Bolşeviklər, həqiqətən də, Avropanın Birinci Dünya müharibəsi başlayanda ölkələrinin hərbi səylərinə vətənpərvərcəsinə dəstək vermək impulsuna müqavimət göstərən azsaylı marksistləri arasında idilər. Buna baxmayaraq, bolşeviklərin hakimiyyətə gəlişi elə bir vəziyyət yaratdı ki, milliyyətçi hədəflərə nail olmaq bolşeviklərin hakimiyyətini gücləndirəcəkdi. Təəccüblü deyil ki, onlar sonra milliyyətçi oldular.

Kommunizm ilə milliyyətçilik arasındakı ziddiyətlər

Bu baxımdan kommunistlərin əhəmiyyətli bir hissəsinin milliyyətçi olması çox da təəccüblü hesab edilməməlidir. Təəccüblü və ciddi şəkildə izahatsız olan odur ki, onlar bu qədər effektiv milliyyətçi olublar. Biz artıq milliyyətçiliyin təkcə Karl Marksın deyil, həm də marksizmin leninçi variantında da mühüm əhəmiyyət kəsb edən proletar beynəlmiləlçiliyi ideyası ilə tam formada uyğunsuz olduğunu qeyd etmişik. Bundan əlavə, kommunizmin Vyetnamda bir milliyyətçi hərəkat kimi zəif olması və ya ümumiyyətlə fəaliyyət göstərə bilməməsini gözləmək üçün bir neçə başqa səbəb var.

1) Vyetnam kimi ölkələrdə fəaliyyət göstərən kommunist partiyalar üçün beynəlxalq kommunist hərəkatı ilə bağ, sözsüz ki, qüsursuz bir nemət idi. Düzdür, SSRİ gənc kommunist partiyalarına müəyyən yardımlar edirdi. Ho Şi Min özü bir Komintern agenti idi. O, 1925-ci ildə Vyetnam Kommunist Partiyasının əsasını qoymağa başlayanda Komintern tərəfindən maliyyə dəstəyi alırdı. Ho Şi Minin qeydlərində yazılır ki, onu ilk növbədə kommunizmə cəlb edən onun doktrinaları yox (o həmin vaxt bu doktrinaları başa düşmürdü heç), kommunistlərin Vyetnam kimi ölkələrin müstəqilliyini dəstəklədikləri faktı idi: “Əvvəlcə, məni Üçüncü İnternasionalda Leninə güvənməyə vadar edən kommunizm yox, vətənpərvərlik hissi idi”.

Bununla belə, Komintern yardımı qarşılığında qurban verilən bir şey var idi. Nəhayət 1930-cu ildə Hind-Çin Kommunist Partiyası qurulanda Komintern həm onun siyasətinə, həm də rəhbərliyinin tərkibinə əhəmiyyətli dərəcədə nəzarət edirdi. Stalin SSRİ Kommunist Partiyasını milliyyətçi bir təşkilata çevirdi, lakin onun maraqları çərçivəsində digər kommunist partiyalarında milliyyətçiliyin inkişafını məhdudlaşdırmaq dayanırdı. O, əcnəbi kommunistlərin əsas sədaqətinin beynəlxalq kommunist hərəkatına bağlı olmasını, bu yolla onları sovet xarici siyasətinin maraqlarına xidmət etmələri üçün manipulyasiya etməyi daha üstün tuturdu.

1930-cu illərin əvvəllərində Ho yaratdığı partiyadakı vəzifəsindən kənarlaşdırıldı. Honun yerinə gələnlər onu milliyyətçiliyə meyil etməkdə günahlandırdılar və çox güman ki, onun partiya rəhbəri kimi yararsız hesab edilməsinin əsas səbəbi, həqiqətən də, bu idi. 1930-cu illərin ortalarında, Stalin Vyetnamdakı kommunist cərəyanın maraqlarındansa, Fransada solçu hökümətin gücləndirilməsini daha önəmli hesab etdiyi vaxtlarda partiya Fransa müstəmləkəçiliyinə qarşı müqavimətinin böyük hissəsini açıq şəkildə inkar etmək məcburiyyətində qaldı.

2) Vyetnam kommunistlərinin beynəlxalq kommunist hərəkatından aldıqları kifayət qədər təvazökar yardım müqabilində verdiyi başqa bir qurban nəticədə düşmənlərinə daha çox yardımın verilməsi idi. Bu yardımın böyük bir hissəsi beynəlxalq antikommunizmin öndəri olan ABŞ-dan gəlirdi.

3) Kommunizmin xarakterik siyasi forması amansız diktaturadır. Bu, siyasi dəstək qazanmağa çalışan bir hərəkata maneə olmalıdır, çünki bir çox insan belə bir sistem altında yaşamamağı seçir. Həmçinin, öz siyasi hakimiyyət inhisarlarını qoruyub saxlamağa böyük önəm verən kommunistlər hətta onları həqiqətən dəstəkləməyə hazır olan insanlardan belə çox vaxt şübhələnirlər.

4) Yaxşı maliyyə imkanları olanların maraqlarına hücum etməyə çağırış edən kommunist sinfi mübarizə doktrinaları müəyyən problemlər yaratmışdır. Vyetnamda Kommunist Partiyası yarandığı dövrdə milliyyətçi atmosfer əsasən ziyalılar arasında idi. Milliyyətçi hərəkat bu ideyanı daşıya biləcək ziyalıların cəlb edilməsi ilə kütləyə çata bilərdi. Savadlı əhalinin əksər qismi kifayət qədər yaxşı imkanlara malik ailələrdən gəlirdi və onlar bu səbəbdən kommunistlərin rəhbərlik etmədiyi bir milliyyətçi hərəkata üstünlük verirdilər.

Bu istiqamətdə problemlər Kommunist Partiyası hakimiyyətə gəldikdən sonra da davam etdi. Orta və yuxarı siniflər milliyyətçi hədəflərə çatmaq üçün mütləq vacib olan savad və bacarıqlara malik idilər, lakin Kommunist Partiyasının bu təbəqələrə bu cür münasibət bəsləməsi çox vaxt onların savad və bacarıqlarından səmərəli istifadə etməyə mane olurdu. Onların bir çoxunun 1975-ci ildən bəri ölkədən qaçması buna bariz nümunədir.

İlk baxışdan belə görünə bilər ki, yuxarıdakı dörd amil Kommunist Partiyasının milliyyətçi bir hərəkat kimi əhəmiyyətli irəliləyiş əldə etməsinə mane törətməli, milliyyətçiliyə meyilli vyetnamlılar əməkdaşlıq etmək üçün başqa bir təşkilat seçməsinə gətirib çıxarmalı idi. Əslində, Kommunist Partiyası Vyetnamda yüksək dərəcədə effektivliyə nail olan yeganə milliyyətçi təşkilat idi.

Kommunizmin üstünlükləri

Veriləcək izahatın çox hissəsi elita ilə kütlə arasındakı münasibətdədir. Milliyyətçiliyin mərkəzi tələbi ondan ibarətdir ki, ölkənin elitası və kütləvi əhalisi ümumi məqsədlərə çatmaq üçün birgə fəaliyyət göstərə bilməlidirlər. Müəyyən dərəcədə toqquşma baş verməsi qaçılmazdır, lakin elita ilə kütlə qəbul etməlidir ki, kütlələr vətəndaşdırlar. Bu, başqa şeylərlə yanaşı, o deməkdir ki, hökümətə elita dominantlıq etsə belə (adətən reallıqda belədir), elita və kütlə hökümətin kütlələr qarşısında müəyyən öhdəliklərinin olduğunu, nəyinsə onların mənafeyini nəzərə aldığını hiss etməlidir, çünki bu, siyasi cəhətdən qənaətcil və mənəvi cəhətdən zəruridir.

Münasibətlər mükəmməl, hətta mükəmmələ yaxın olmaq məcburiyyətində deyil. Bu, onsuz da heç vaxt belə olmayıb. Buna baxmayaraq, bir növ əməkdaşlığın baş tutması üçün həm elitanın, həm də kütlənin ən azı əhəmiyyətli elementləri arasında kifayət qədər ümumi milli kimlik hissi olmalıdır. Kommunist hərəkatı səhnəyə çıxdığı ilk vaxtlarda Vyetnamda elita ilə kütlə arasında olan uçurumun böyüklüyü bu cür əməkdaşlığa mane olurdu. Təbii ki, insanlar arasında fikir ayrılıqları var idi, lakin Vyetnam elitasının əksəriyyəti adi vətəndaşlara hörmət, rəğbət və mərhəmət göstərmirdi. Fransa müstəmləkəçiliyi elitaya Qərb mədəniyyətinə (bir çox hallarda bu, kəndlilər üzərində təkəbbürlü üstünlük hissinə səbəb olurdu) və müstəmləkə polisinin xidmətlərinə çıxış imkanı vermişdi (bu, elitaya kəndliləri fransız ağalığından əvvəl mümkün olduğundan daha amansız şəkildə istismar etməyə imkan verdi).

Kommunistlər elita ilə kütlə arasında tamamilə fərqli münasibətlərin qurulmasını təklif edirdilər. Həqiqətən də, onların doktrinası Kommunist Partiyasının sadəcə Vyetnam fəhlə siniflərinin — proletariat və kəndlilər siyasi nümayəndəsi olduğunu bəyan edirdi. Bu təlimi haqlı olaraq mif adlandırmaq olar. Bu, həqiqətə hətta kor-koranə də yaxınlaşmır. Vyetnamda, başqa yerlərdə olduğu kimi, kommunist sistemini idarə edən insanlar əksər hallarda proletariat və ya kəndlilər sıralarından gəlmirdi, proletariat və ya kəndlilər tərəfindən seçilmirdi və siyasi qərarlar qəbul edərkən bu siniflərin fikirlərinə hörmətlə yanaşmağa borclu deyildilər.

Bunun bir mif, xüsusilə də milliyyətçi olmayan bir mif olmasına baxmayaraq (Kommunist Partiyasının cəmiyyətdə hamının, hətta milliyyətçi məqsədlər uğrunda mübarizədə iştirakının uğur üçün vacib ola biləcəyi şəxsləri yox, yalnız bəzi sinifləri təmsil etdiyindən bunu qeyd etmək lazımdır), bu mif bir milliyyətçi hərəkat olaraq Kommunist Partiyası üçün son dərəcə dəyərli idi. Bu, Kommunist Partiyasına Vyetnam kütlələri ilə və ya kütlələrin əhəmiyyətli bir hissəsi ilə ittifaq qurmaqda kömək etmişdi.

Mifdən kütlələrə təbliğat xarakterli müraciətlərdə istifadə oluna bilməsi vəziyyətin ən az əhəmiyyət kəsb edən tərəfi ola bilər. Düzü, kütlə bu cür təbliğatın təsirinə düşəcək qədər hər şeyə tez inanandır. Kommunist Partiyasının bu mifi öz üzvlərinə necə aşılaması daha çox önəmlidir.

Bəzi cəmiyyətlərdə elita üzvləri təbii olaraq aşağı təbəqədən siyasi dəstək qazanmağı düşünürlər. Almaniya imperiyasında sinfi münasibətlərin mahiyyəti və psixologiyası sinfi sərhədləri aşan ittifaqlar üçün kifayət qədər əlverişli idi. Burada hətta Bismark kimi mürtəce aristokratlar da onların mənafeyinə uyğun iri dövlət proqramlarını həyata keçirməklə sənaye işçilərinin dəstəyini qazanmağı zəruri hesab edirdi.

Bununla belə, inqilabdan əvvəlki Vyetnamda elita ilə kütlə arasında psixoloji uçurum Bismark və bir essenli poladəridən arasındakından daha böyük idi. Bu uçurum o qədər böyük idi ki, belə bir ittifaqı ciddi şəkildə bağlamağa çalışmaq fikri elitanın ağlına təbiətən gəlmədi. Vyetnam müharibəsinin sonunu işıqlandıran bir jurnalist qeyd edirdi ki, 1975-ci ildə, Sayqon hökümətinin süqutunun son mərhələsində bu hökümət heç vaxt xalqa müraciət etməmişdi (qan, ərzaq və s. payları üçün). Elita ilə kütlə arasında belə uçurumlar Üçüncü Dünya ölkələrində tez-tez rast gəlinir, lakin Cənubi Vyetnamı idarə edən generallar ekstremal bir nümunə idi. Ən azından Cənub-Şərqi Asiyanın heç bir ölkəsində məmurlar idarə etdikləri xalqla eynilik duyğusunu bu qədər az hiss etməmişdilər.

Kommunist Partiyasının kütlələrin siyasi nümayəndəsi olması doktrinasından Vyetnamda partiya üzvlərini öz fəaliyyətlərinin mərkəzinə xalqa xidmət etməyi qoymağına gətirib çıxaran çox güclü bir indoktrinasiya üçün təməl kimi istifadə edilmişdir. Ən yaxşı halda, bu indoktrinasiya yuxarıda təsvir edilən elitadan cəlb edilən bəzi personalı adi vətəndaşlara xidmət etməyin onların mənəvi borcu olduğuna inandırıb. Bu onlara ən azından insanlara xidmət etməyin onların karyera qurmağa çalışdıqları təşkilata siyasi cəhətdən faydalı ola biləcəyi, insanlara xidmətin bu təşkilatda yüksəliş əldə etmək üçün yaxşı bir yol ola biləcəyi fikrini çatdıra bilmişdi. Bu indoktrinasiyaya məruz qalan məmurlar çox vaxt təkcə təbliğatla heç vaxt əldə edilə bilməyəcək dərəcədə böyük dəstək qazanırdılar.

Tarixi inkişaf

İndi Vyetnam ədəbiyyatında millətçi kimi qələmə verilən bəzi qrupları sadalamaq və onlar haqqında şərh etmək yerinə düşər.

1) Adətən deyilənin əksinə, kəndlilər milliyyətçiliyə daha az meyilli idilər. Vyetnam kəndliləri çox vətənpərvər idilər, onlar əcnəbilərin ağalığına nifrət edirdilər, lakin milliyyətçilik şəhərlərdə, ziyalılar arasında yaranmışdı. Milliyyətçilərin qələbəsi nəticəsində şəhərə əsaslanmış hökümətin şəhərətrafı ərazilərdə güclü nəzarət qurduğu bir vəziyyət ortaya çıxacaqdı. Kəndliləri bu mənzərəni həvəslə dəstəkləməyə inandırmaq asan deyildi.

Bu məqamı başa düşmək çox vacibdir, çünki kəndlilər özləri milliyyətçi olsaydı, kəndlilərin dəstəyini almağa çalışan, şəhərə əsaslanmış milliyyətçi hərəkatların işi daha asan olardı.

2) Heç olmasa məqsəd və ideyalarına görə milliyyətçi və 1975-ci ilə qədər Sayqondakı antikommunist hökümətlərlə əlaqəli olan bir neçə siyasi qrup var idi. Bunlardan ən əhəmiyyətli olan 1955-ci ildən 1963-cü ildə Sayqonda hakimiyyətdə olan Nqo Din Zyemlə sıx bağı olan, əksəriyyəti katoliklərdən ibarət olan bir qrup və Vyetnam müharibəsinin sonrakı mərhələlərində Vyetnam Respublikasının Prezidenti vəzifəsini icra etmiş Nquyen Van Theu ilə əlaqələri olan, olduqca məxfi Dayviet Partiyası idi. Hər iki qrup elitizmdən əziyyət çəkirdi, bu da onlara kütləvi dəstək bazası yaratmağa imkan vermirdi. Bu səbəbdən də onlar xarici dəstəyə çox bel bağlamağa məcbur oldular və bu fakt onların milliyyətçiliyinə olan inamı ciddi şəkildə sarsıtdı. Bu, öz növbəsində, hətta onların nəzarəti altında olan təşkilatların yüksək rütbəli üzvləri arasında da dərin loyallığın formalaşmasını çətinləşdirirdi. Məsələ təkcə onların kəndlilərin sədaqətinə arxalana bilməmələri deyildi. Onlar öz ordularının zabitlərinin sədaqətinə belə arxalana bilmirdilər.

3) Kaoday və Hoahao dini sektalarının kütlələr arasında çox möhkəm bir təməli var idi, lakin bu dəstək əsasən Mekonq deltasında yerləşən bir neçə ərazi ilə məhdudlaşmışdı. Təbiətcə dindar olmaları səbəbindən onların rəhbərləri anlamışdı ki, hərəkata adi kəndlilərin inanmaları lazımdır və buna görə də onların adi kəndlilərə loyallıq barədə olan müraciətləri uğurlu olmuşdu. Kəndlilərin sədaqəti uğrunda kommunistlərlə ciddi rəqabət apara bilən hərəkatlar yalnız bunlar idi. Onlar vətənpərvər idilər, lakin Vyetnamın cənub guşələrində bir neçə vilayətdə cəmləşmiş dini azlıq qrupları arasında yaradılmaları onları doğrudan da milliyyətçi olmalarına mane olmuşdu. Əslində, onlar böyük dərəcədə antimilliyyətçi idilər. Onlar çox kiçik bir azlığı təşkil edirdilər və onların hansısa bir milli hökümətdə dominantlıq əldə etmələrinə heç bir real ümid bəsləmək olmazdı. Buna görə də güclü mərkəzi hökümət ideyası onların ərazilərinə inanclarının deyil, xalqın üstünlük təşkil etdiyi bir hökümət tərəfindən nəzarəti nəzərdə tuturdu. Onlar təbii olaraq zəif bir hökümətin varlığını daha üstün tuturdular, çünki bununla onlar hansısa bir de-fakto muxtariyyət əldə edə bilərdilər.

4) Nəhayət, Kommunist Partiyası. Onun milliyyətçilik anlayışına verdiyi tərif bir qədər qeyri-müəyyən idi. “Chu nghia” Vyetnam dilində “-izm/-çilik” mənasında istifadə olunur. Bundan sözün əvvəlində və ya bəzən sözün axırında şəkilçi kimi istifadə olunur. Tərcümə etdikdə, düzgün şəkildə “milliyyətçilik” və ya “vətənpərvərlik” mənalar vermək üçün istifadə edilə bilən dörd termin var. Bunlar:

* chu nghia guoc gia. millətə siyasi vahid kimi xitab edən “milliyyətçilik”.

* chu nghia dan toe. millətə xalq kimi xitab edən “milliyyətçilik”.

* chu nghia ai quoc. “vətənpərvərlik” mənasında istifadə olunan formal termin. Bunun kökü olan “ai quoc” əsrlər əvvəl Çin dilindəki “ai quo” sözündən alınmışdır.

* chu nghia yeu nuoc. “vətənpərvərlik” mənasında danışıq dilində istifadə olunan termin.

Bu ifadələrin köklərinə baxdıqda, “ai quoc” birinin öz ölkəsinə siyasi vahid kimi sevgisini, “yeu nuoc” isə birinin öz yurduna olan sevgisini bildirir. Müasir istifadədə bu terminlərin hər biri hər iki mənanı əhatə edir.

Bu dörd terminin hamısı  “milli”, “milliyyətçi”, “vətənpərvər” və s. kimi sözlərdə olduğu kimi “-izm/-çilik” şəkilçisi olmayan sözlərlə müvafiq şəkildə tərcümə olunduğu kontekstlərdə daha çox “chu nghia” təyini olmadan istifadə olunur. Bu dörd termin arasında yazıdakı “milliyyətçilik” ilə eyni mənanı daşıyan yeganə termin “chu nghia quoc gia”dır. Sayqondakı antikommunist milliyyətçilər özlərini təsvir etmək üçün adətən bu termindən istifadə edirdi. Bununla belə, Vyetnam kommunistləri özlərini “quoc gia” ifadəsindən istifadə edərək milliyyətçi adlandırmırdılar. Onlar Vyetnam millətini azad etmək uğrunda apardıqları mübarizədən danışarkən “quoc gia” əvəzinə “dan toe“dan (ən çox yayılmış ifadə “giai phong dan toe“dur. Mənası – “milli qurtuluş”) istifadə edirlər. Onlar öz hərəkatlarının individual üzvlərinin münasibətlərindən bəhs edərkən, adətən, “yeu nuoc”dan istifadə edərək onları vətənpərvər adlandırırdılar.

Ho Şi Minin yazılarında ara-sıra “quoc gia” milliyyətçiliyini açıq şəkildə inkar etdiyi hissələr var. O, 1922-ci ildə fransızca yazdığı bir məqalədə Vyetnam kimi ölkələrdə kütlələrin milliyyətçiliyə yönələ bilməsi haqqında yazmış və bunun təhlükəli olduğu barədə xəbərdarlıq vermişdi. Məqalə sonradan Vyetnam dilində nəşr olunanda “milliyyətçilik” sözü “chu nghia quoc gia” kimi tərcümə edilmişdi. Min 1920-ci illərdə yazdığı başqa bir məqalədə “vətənpərvərlik hərəkatı”nı (phong trao yeu nuoc) müzakirə edir. O, özünü bu hərəkatın bir hissəsi hesab edirdi. Həmçinin, Min müəyyən şəxsləri hərəkatın daxilindəki “milliyyətçi fraksiya”nın (phai quoc gia) üzvləri kimi sadalanmışdı. O, özünü bu fraksiyanın bir hissəsi hesab etmirdi.

Çox güman ki, kommunistlərin özlərini “quoc gia” milliyyətçiləri adlandırmamasının əsas səbəbi bunun marksist doktrinaya həddən artıq böyük bir təhqir olma ehtimalıdır. Bundan asılı olmayaraq, kommunistlərin istifadə etdiyi terminlər Vyetnam daxili siyasəti üçün çox yaxşı idi: vətənpərvərlik Vyetnam əhalisində milliyyətçilikdən çox dərin kök salmışdır və kəndlilərə müraciət milliyyətçilik əvəzinə vətənpərvərliklə ifadə olunduğu halda, çox güman ki, daha yaxşı qarşılanacaqdı.

İkinci Dünya müharibəsi zamanı Vyetnamda baş tutan milliyyətçi mübarizə yenidən SSRİ-nin xarici siyasət ehtiyaclarına uyğun gəlmişdi və Ho Şi Min yenidən Vyetnamdakı kommunist hərəkatın rəhbəri olmuşdu. Ho Şi Min bir neçə il əvvəl bu hərəkatı milliyyətçi bir hərəkata çevirməkdə ittiham olunmuşdu və hər halda, bu, milliyyətçi bir hərəkata çevrilmişdi. Honun partiya daxilindəki düşmənləri daha əvvəl onu haqlı olaraq bu istiqamətdə hərəkət etməkdə günahlandırmışdır.

İkinci Dünya müharibəsi Vyetnamda kolonial nəzarət strukturunu pozmuş və kommunistlərə ölkənin əksər hissəsində kütləvi bir təşkilat yaratmağa imkan yaratmışdı. Kommunistlər belə təşkilati təməl yaradan yeganə milliyyətçi qrup idilər, çünki onlar buna ciddi şəkildə cəhd edən yeganə milliyyətçi qrup idilər.

1946–1954-cü illərdə kommunistlər Fransaya qarşı milliyyətçi mübarizə apardılar. Kəndlilərin vətənpərvərliyi onları bu mübarizəni böyük dərəcədə dəstəkləməyə sövq etmişdi, lakin kommunistlər kəndli vətənpərvərləri kəndli milliyyətçilərə çevirməkdə məhdud uğur əldə edə bilmişdi. Müharibə heyranedici səviyyədə uğurlu olmuş və görünürdü ki, kommunizm ilə milliyyətçiliyin sintezi möhkəmcəsinə qurulmuşdu.

1954-cü il Cenevrə Konfransı Vyetnamı ikiyə bölmüşdü, kommunistlər ölkənin şimalında qüvvədə qalmışdı. Vyetnam kommunizminin milliyyətçi xarakteri demək olar ki, dərhal ciddi şəkildə şübhə altına qoyuldu. Partiya rəhbərliyindəki marksist ideoloqlar belə qərara gəldilər ki, partiya milli istiqlaliyyət uğrunda mübarizə apararkən marksizmin əsas məqsədini – yoxsullara zənginlərə qarşı apardıqları mübarizədə başçılıq etməyi unutmuşdu. 1955-ci ilə qədər onlar nüfuzu sinfi mübarizəyə əsaslananları önə çəkmək üçün kütləvi kampaniya aparırdı. Bu, hakimiyyət iddiaları fransızlara qarşı aparılan mübarizədə başçılıq etmək olan kommunistlərin hesabına edilmişdi.

Onlar müstəqillik mübarizəsini açıq şəkildə inkar etmirdilər. Onların standart taktikası müstəqillik uğrunda mübarizədə uğur rekordunun heç bir əhəmiyyət kəsb etmədiyini söyləmək deyil, qurbanlarının həqiqətən də bu mübarizədə çox şey etmədiyini iddia etmək idi. 1956-cı ilin ortalarında ideoloqların vətənpərvər qəhrəmanlara qarşı irəli sürdükləri ittihamların saxta olduğu və ideoloqların əslində anti-millətçi üslubda hərəkət etdiyi aydınlaşmağa başladı. Onların təbliğat-təşviqat kampaniyası dayandırıldı və intizam cəzası verildi.

By mid-1956 it was becoming obvious that the charges the ideologues were making against patriotic heroes were false, and that the ideologues had in fact been acting in an antinationalist fashion. Their campaign was brought to a halt and they were disciplined.

1960–1975-ci illər müharibəsi kommunistlər tərəfindən milli qurtuluş (giai phong dan toe) mübarizəsi kimi təsvir edilmişdi və bu, qətiyyətlə milliyyətçi bir xarakter daşıyırdı. Bu mübarizənin hədəfləri arasında, demək olar, əcnəbilər tərəfindən yaradılmış Cənubi Vyetnam hökümətini məhv etmək, bu höküməti dəstəkləyən xarici hərbi qüvvələri ölkədən qovmaq və milləti yenidən birləşdirmək var idi.

Bütün bu məqsədlərə nail olunub. Buna baxmayaraq, 1975-ci ildən bəri milliyyətçi xarakter daşıyan nailiyyətlər fəlakətli dərəcədə az olmuşdur. Vyetnamın ən böyük ehtiyacları (dağıdılmış iqtisadiyyatın yenidən qurulması və davamlı iqtisadi artımın başlanması) əsasən qarşılanmamış halda qalır. Kommunist Partiyasının kadrları bu problemləri həll etmək bacarığına malik deyildilər. Müharibə bitdikdən sonrakı on il ərzində hakimiyyətin kommunist inhisarına alınması bacarıqlı olanların bu bacarıqlardan istifadə etməsini çətinləşdirdi. Bu gün Vyetnam dünyanın ən kasıb ölkələrindən biridir.

Uğursuzluğa aparan yol

Vyetnam kommunizm ilə milliyyətçiliyin sintezinin bir neçə il ərzində möhkəm qurulduğu və yaxşı fəaliyyət göstərdiyi, lakin sonra çox ciddi şəkildə axsamağa başladığı yeganə ölkə deyil. Çin Kommunist Partiyasının 1937–1957-ci illərdə əldə etdiyi milli nailiyyətlər inanılmaz idi. Partiyanın 1970-ci illərin əvvəllərində milliyyətçi bir təşkilat kimi effektivliyinin çox hissəsini itirməsi eyni dərəcədə inanılmaz görünür.

Hazırda bunun səbəbləri ilə bağlı yalnız ilkin fərziyyələr irəli sürmək olar.

Marksist sinfi mübarizə doktrinası təklif edir ki, yoxsullar ortaq hədəflərə çatmaq üçün onlarla daha varlı ünsürlərlə (bu ünsürlər praktikada cəmiyyətin bir çox savadlı elementlərini əhatə edir) əməkdaşlıq etməkdənsə, onlarla mübarizə aparmağa təşviq edilməlidir. Bu doktrina bəzi hallarda, o cümlədən 1955–1956-cı illərdə Şimali Vyetnamda və 1966–1976-cı illərdə Çində əsas amil olmuşdur.

Siyasi və iqtisadi hakimiyyəti inhisara almaq arzusunun müəyyən dərəcədə rolu açıq-aydın görünür.

Bundan əlavə, milliyyətçi–kommunist sintezinin qismən bir mifə əsaslanması (Kommunist Partiyasının fəhlə siniflərinin siyasi nümayəndəsi olması fikri) bu sintezdə zəiflik yaratmış ola bilər. Partiyanın mifik hesabatlılığı, onun geniş sosial təbəqələri təmsil etməsi nəzəriyyəsi onu real hesabatlılıqdan müəyyən dərəcədə uzaqlaşdırmış ola bilər. Bu, partiyanın heç kimin qarşısında hesabat verməli olmadığı fikri ilə açıq şəkildə üz-üzə qaldıqları təqdirdə narahatlıq hissi yaşayacaq kadrların vicdanını sakitləşdirməklə edilmişdi. Bu mifi qəbul etmək həm də kommunist partiyasının hakimiyyət üzərində inhisarına haqq qazandırır, çünki hakimiyyətin istənilən formada yayılması hakimiyyətin adi xalqın nümayəndəsi olan partiyanın əlindən alınması və bununla da adi insanların cəmiyyət üzərində nəzarətini sarsıtmaq kimi səciyyələndirilə bilər.

Dövrümüzdə ən fövqəladə hadisələrin çoxu eyni zamanda həm kommunist, həm də milliyyətçi xarakter daşıyan hərəkatlardan formalaşmışdır. Buradakı əlaqə çox vaxt güman ediləndən daha mürəkkəb və dəyişkəndir. Eyni zamanda daha geniş araşdırılmağa layiqdir.

Moise, Edwin E. “NATIONALISM AND COMMUNISM IN VIETNAM.” Journal of Third World Studies, vol. 5, no. 2, University Press of Florida, 1988, pp. 6–22, http://www.jstor.org/stable/45193059.

Ayxan Zayıdzadə

Bütün yazıları göstər