Dünyada az millətlərin həyatında millətçilik bu qədər əhəmiyyətli rol oynayıb. Millətçiliyin özünəməxsusluğu ondadır ki, onun hər dövrə və hər şəraitə görə öz tələbləri olur və o, eyni zamanda hər dövrə və hər şəraitə durmadan dəyişib adaptasiya olmağı bacarır. 

XIX əsrdə Azərbaycanda millətçiliyin demək olar ki, siyasi tələbi yox idi – yalnız savadlanma, maariflənmə və cəhalətə qarşı mübarizə. 

XX əsrin əvvəllərində nisbətən yetkinləşən, qonşu dövlətlərdə və metropoliyada baş verən inqilablar bu millətçi-ziyalı təbəqənin siyasi planlarının, istəklərinin formalaşmasına gətirib çıxardı. Beləliklə, onlar ilk mərhələdə müxtəlif dərəcəli muxtariyyət, sonda isə müstəqillik tələb etməyə başladılar. 

Sovet dövründəki gizli millətçilik isə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılmasını, milli kadrların irəli çəkilməsini və s. bu kimi tələbləri özündə ehtiva edirdi. Sonda isə şərait yetişdiyi zaman bu qədər məhəlli tələbləri olan və həm beyinlərdə, həm də küçələrdə kölgələrdə gizlənən millətçilik birdən-birə sürətlə böyüdü – o artıq ən böyük şeyi – müstəqilliyi tələb edirdi. 

1991-ci ildə müstəqillik əldə edildikdən sonra Azərbaycandakı millətçiliyin əsas motivataru müharibədəki məğlubiyyət və torpaqlarımızın bir hissəsinin erməni işğalı altında olması idi. Bunda həmçinin, demək olar ki, 30 ildir ölkəni idarə edən partiyanın, ümumiyyətlə, son illərdə ölkənin siyasi sferasında ideoloji mübarizənin getməməsi də mühüm rol oynamışdı. Hakim partiyanı digərlərindən fərqləndirən ideologiya yox idi. Bu ideologiya boşluğunu doldurmaq üçün hakim siyasi elita Qarabağ məsələsindən geniş ölçüdə istifadə edirdi. Ölkənin, hakim siyasi elitanın bir “qızıl alması”, gediləsi uzun yolu var idi – Qarabağı qaytarmaq, ərazi bütövlüyünü bərpa etmək. O bu prosesdə vətəndaşlarının vətənpərvərlik və millətçilik hisslərindən istifadə edirdi. 

Əgər son müharibə nəticəsində bu problemin böyük miqyasda həll edildiyini hesab edərsək, bəs o zaman bundan sonra ölkədəki millətçiliyin əsas motivatoru nə olacaq? 30 ildir ki, heç bir təşkilat və ya partiya, heç bir struktur olmadan ölkədə millətçilik düşüncəsinin, ideologiyasının ayaqda qalmasına və digər bütün ideologiyalardan güclü olmasına (dini qruplaşmalar siyasi ideologiya kimi nəzərdə tutulmur) səbəb olan revanşizm hissinin artıq ortadan qalxdığını nəzərə alsaq, onu bundan sonra nə ayaqda saxlayacaq? Millətçi ziyalılar cəmiyyətə yeni “qızıl alma”lar vəd edə biləcəkmi? 

Azərbaycanın siyasi və ictimai düşüncə tarixində Bütöv Azərbaycan fikrinin kökləri keçmişə gedib çıxır. Yuxarıda haqqında bəhs etdiyimiz millətçi-ziyalı təbəqənin dövründən Bütöv Azərbaycan fikri mühüm yer tutmuşdur. Bu məsələdə AXC dövrü xüsusi fərqləndirilməlidir. Düzdür, 23 aylıq mövcudiyyəti dövründə Bütöv Azərbaycan fikirlərinin AXC siyasi mühitində daha qabarıq və ya daha geri planda olduğu dövrlər olmuşdur. 

Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra da bu fikir öz mövcudiyyətini qoruyub saxlaya bildi. Kommunizm kosmopolit ideyaları özündə əks etdirsə də, SSRİ ucqarlardakı periferiyalarından ona qonşu dövlətlərə təsir vasitəsi kimi istifadə edirdi. Buna misal olaraq Ukraynanı, Moldovanı, Ermənistanı, Gürcüstanı və ən nəhayət, Azərbaycanı göstərə bilərik. SSRİ hakimiyyəti ədatən hər cür millətçiliyi beşiyindəcə boğmağa çalışsa da, Azərbaycan kimi yerlərdə zərərli olmayacaq formada millətçilik hissinin yüksəlməsinə göz yumurdu. Bu millətçilik həm bu muxtar Sovet respublikası və təbii ki, SSRİ ilə həmsərhəd olan ölkələrə təsir vasitəsi kimi qəbul edilirdi. Xüsusilə, İkinci Dünya müharibəsinin sonunda Cənubi Azəbaycanı İrandan qoparmaq mümkün olmadıqdan sonra Arazın şimalındakı Azərbaycanın siyasi, tarixi və ədəbi həyatında Cənubi Azərbaycan mövzusu görünməmiş səviyyədə yüksəldi. Tarix aspektində Cənubi Azərbaycan məsələsi hələ 1930-cu illərdə şimalla cənubun tarix nəzəriyyələrinni birgə götürülməsi ilə böyük ölçüdə həll edilmişdisə, müharibədən sonra ədəbiyyat sahəsində Cənubi Azərbaycan məsələsi əsas mövzulardan biri oldu. Bir vətənin ikiyə parçalanması ilə bağlı xalq düşüncəsində yaşayan bayatılar qeydə alındı, şairlər bu barədə poemalar, şeirlər yazdılar, kinomatoqraflar filmlər çəkdilər. Bu dövrdə yaradılmış “Cənubi Azərbaycan hekayəsi” və “Bütöv Azərbaycan arzusu” hələ də Azərbaycan Respublikası vətəndaşlarının düşüncəsində mühüm yer tutmaqdadır. Bu hekayə Azərbaycanı müstəqil edən milli hərəkatın da əsas “hekayələrindən” biri idi. 

Əksər azərbaycanlının lüğətində Bütöv Azərbaycan termini ilə Azərbaycanın ərazi bütövlüyü fərqli anlamlarda işlənilir. Birincisi irredentist anlamda səsləndirilir, ikincisi isə beynəlxalq hüquqa əsaslanaraq Qarabağın geri qaytarılması üçün. Qarabağ müharibəsində məğlubiyyətdən və torpaqların ermənilər tərəfindən ələ keçirilməsindən sonra irredentist iddialar yaranmış şəraitlə əlaqədar olaraq geri plana atıldı, bu iddianı səsləndirənlər rasional düşünə bilmə qabiliyyətindən məhrum insan kimi qələmə verildilər – “öz hüquqi ərazilərini geri qaytara bilməyən dövlət hansısa tarixi əsaslarla qonşu dövlətin ərazilərinə iddia edə bilərdimi?”. Bunda həmçinin, Azərbaycan hakimiyyətinin qonşu dövlətlərlə (xüsusilə, həmin dövlət böyük dövlətdirsə) maksimum normal münasibətlər saxlama siyasətinin də böyük rolu olmuşdur. 

Artıq Qarabağ planı böyük ölçüdə həll edilmişdir. Deməli, millətçilər özlərinə yeni “gediləsi uzun yollar” tapmalı, hakimiyyət isə “Qarabağı geri qaytarmaq məqsədi”ndən izafə məqsəd tapmalıdır. Bu millətçiliyin tam legitimliyini, hakimiyyətin isə müəyyən mənada legitimliyini (azad seçki inistitutunun olmadığını nəzərə alsaq) təmin edəcək. Hakimiyyətin bu dövrə qədərki xarici siyasət kursunu nəzərə alsaq, beynəlxalq münasibətlər üzə ekspert olmasaq da, iddia edə bilərik ki, danışdığımız sahədə fövqəladə dəyişikliklər olmayacaqdır. Yaranmış ideoloji boşluğun isə Qarabağda qələbə propaqandası ilə dolduralacağını düşünmək olar. Bəs millətçilər və millətçilik? 

Bütün bu yazdıqlarımızı ümumiləşdirsək, deyə bilərik ki, bu dövrə qədərki millətçilik revanşist idi və 1990-cı illərdə milli alçaldılmanın revanşını almağı məqsədləyirdi. 2020-ci ildən sonrakı millətçiliyin isə irredentist motivli olacağı və əsasən, Cənubi Azərbaycan məsələsinə köklənməli olacağını proqnozlaşdırmaq mümkündür. 

Qulamhüseyn Məmmədov

Bütün yazıları göstər