Erməni diasporası – Azərbaycandan baxıldıqda daha güclü olduğu müzakirə edilən, ermənilərin ölkə xaricində belə bir-birinin tərəflərini və haqlarını daha yaxşı qoruduğu və hər zaman bizdə olmadığı ilə bağlı heyifsilənilən bir mövzudur. Ermənistan hətta Diaspora Nazirliyi də qurmaq ehtiyacını özündə hiss etmiş bir dövlətdir və bu fakt özü belə diasporanın Ermənistan Respublikası üçün önəmini göstərir. Azərbaycanda dövləti olan bir millətin diasporası sonradan qurulduğundan bizim diaspora qurumları daha çox dövlətə bağlıdır. Ermənilərdə isə diaspora dövlətdən daha öncələrdən var olduğundan hələ də dövləti olmayan diasporaların xüsusiyyətlərini özündə cəmləşdirir və erməni kimliyini diasporada itirməmək üçün çalışır. Erməni diasporası haqqında danışmamışdan əvvəl erməni kimliyini təşkil edən ünsürləri bilməli və bunun diasporada necə təzahür etdiyini anlamaq lazımdır. Sonra isə başa düşmək lazımdır ki, bizdən fərqli olaraq ermənilərdə bir azərbaycanlı kimi yox, Ermənistan ermənisi və diaspora ermənisi kimliyi kimi iki fərqli erməni kimliyi vardır.
Yevart Tomasyan Türkiyədəki erməniləri də diaspora və Ermənistan ermənilərindən daha fərqli görür və səbəb olaraq onların nəsillər boyu orada yaşadıqlarını göstərir (2015). Onun sözlərinə görə Türkiyədə erməni kimliyini formalaşdıran iki əsas faktor kilsə və məktəbdir ki, hər ikisində də ermənilər öz kimliklərini istədikləri kimi yaşayır və bunu gizlətməkdən çəkinmir. Ümumilikdə, erməni kimliyini içərisində olduqları digər cəmiyyətlərdə də qoruyan erməni kilsəsi və erməni məktəblərinin varlığıdır. Tomasyan müsahibəsində deyir ki, ermənilər bir yerə köç etdikdə məktəbdən əvvəl birinci erməni kilsəsini inşa etdirirlər, çünki hər bir erməninin dini və topluluq ehtiyacları vardır.
Köçlər və tarixi hadisələr erməni kimliyinə böyük təsir göstərib. R. Panossian erməni kimliyini 3 əsas faktora əsasən bölür: ilk xristian dövlətinin sahibi kimi ermənilər, post-xristianlıq dövründə millətçi ermənilər və 1915-ci il “erməni soyqırımından” sonra sürgündə olan ermənilər (2002). Bu kimlik fərqləri ermənilərin diaspora fəaliyyətlərində də özünü biruzə verir və müəyyən zaman kəsimlərində bu kimliklərdən hər hansısa birinin daha aktiv rol oynadığını görə bilirik. Yəqin ki, başlıca olaraq birlik duyğusunun yaranmasının və bunun davam etdirilməsi ehtiyacından doğan səbəblərdən diaspora fəaliyyəti formalaşıb. Ermənilərin əsasən müsəlmanlar arasında yaşamış olması və onların xristian olaraq yaşadıqları cəmiyyətdə azlıq olmaqlarından gələn səbəblər başlıca olaraq bu birlik duyğusunun formalaşmasına təsir etmişdir. Bu dövr ərzində müəyyən erməni diaspora qrupları yaranmış və hər biri müəyyən sahələrdə ermənilərin ehtiyaclarını ödəməyə çalışmışdır. Daha sonrakı sürgün kimliyi isə əsasən 1960-1980-ci illərdə daha da qabarıqlaşmış və xristian kimliyi ilə birləşərək daha da güclənmişdir. Bu dövrdə daha aqressiv diaspora xətti seçilmiş və hətta Türkiyə diplomatlarına qarşı ASALA terrorist qruplaşmasının çox saylı hücumları olmuşdur. Türklərin erməni soyqırımı etməsinə olan inam və bu inamın yaratdığı hərəkətverici qüvvə sayəsində həm siyasət, həm də terror vasitəsilə Türkiyəyə qarşı təzyiqlər artmışdır. Son mərhələ olan erməni millətçiliyi və Böyük Ermənistan idealı isə hazırda erməni diasporasındakı aparıcı qüvvədir, deyə bilərik. Bu faktor SSRİ-nin dağılması və yaranan boşluqdan istifadə imkanlarının ortaya çıxması ilə güclənmişdir. Əlbəttə, bəzi diasporaların siyasi gündəliyində hələ də digər iki faktor da mühüm rol oynayır, ancaq bütün diasporaların fəaliyyətində erməni millətçiliyi daha qabarıqdır. Əsasən Azərbaycana və Türkiyəyə qarşı yönəlmiş bu diaspora fəaliyyəti Dağlıq Qarabağ və ətrafyanı bölgələrə olan iddialar qismində, həmçinin qondarma Dağlıq Qarabağ Respublikasının dünya dövlətləri tərəfindən tanınmasına edilən cəhdlərdə və erməni soyqırımın tanınması üçün aparılan işlərdə özünü göstərir.
Azərbaycanda Fransanın ermənipərəst olduğu və erməniləri sevib hər zaman dəstəklədiyi fikri dominantdır. Lakin, bu dəstəyin real siyasət arenasında müəyyən səbəbləri vardır. Əsas və digər səbəblərin də qaynağı olan səbəb Fransada qeyri-rəsmi mənbələrə görə 600.000-dən çox erməninin yaşamasıdır. Tarixi şəraitin doğurduğu Osmanlı imperiyasının dağılması, SSRİ-nin qurulub Ermənistan Respublikasının varlığına son qoyması kimi səbəblərdən minlərlə erməni Fransaya axın edib. Təkcə 1920-1930-cu illər arasında 50.000-60.000 arası erməni Fransada qaçqın statusu alıb (Revolvy). Fransanın köç mərkəzi olmasının digər bir səbəbi isə Osmanlının fransız mədəniyyətindən çox təsirlənməsi və ermənilərin də əsasən Osmanlı hakimiyyəti altında yaşaması da göstərilə bilər. Həmçinin, ABŞ-a immiqrasiya edənlərin də əsasən Fransadan yola düşdüyünü nəzərə alsaq, bəzilərinin burada qaldıqları faktını da gözardı etməmək lazımdır. Bu proseslər erməni kimliyinin formalaşmasına, bu kimliklərin isə ermənilərə diaspora təşkilatları yaratmasına və son olaraq var olduqları ölkələrdə təsir imkanlarına sahib olmasına gətirib çıxarmışdır.
Calouste Gulbenkian Vəqfi Erməni İcmaları Departamentinin direktoru Razmik Panossian erməni diasporasının öz tarixi etibarı ilə daha çox mərkəzləşməmiş bir qurum olduğunu vurğulayır. Sovetlər dövründə diasporanı idarə etmək və sovetlərə qarşı olmaması üçün aparılan yumşaq təbliğat nəticəsində diasporada da 1970-ci illərdən sonra Sovet Ermənistanının bütün ermənilərin ortaq mərkəzi olduğu fikri formalaşmışdır. 1920 və 1930-cu illərdə Sovet Ermənistanına ən kəskin mövqedə duran Daşnak Partiyası belə 1980-ci illərdən Sovet Ermənistanını ermənilərin ortaq vətəni olaraq qəbul etmiş və 1990-cı illərdən bu vətənin əsas təmsilçiləri kimi ortaya çıxmağa cəhd etmişdirlər. Laurence Ritter də öz məqaləsində diasporanın 1970-ci illərdən sonra təkamül edərək 1915 soyqırımı üzərində daha çox durmağa başladığını yazır. İsrailin II. Dünya Müharibəsində yəhudilərə qarşı olan soyqırımını dünya dövlətlərinə qəbul etdirməyə çalışması əsasən gerilla savaşlarının sıxlıqla görüldüyü Livandakı ermənilər arasında da 1915 soyqırımını “qlobal əlaqələrdən yararlanan siyasi bir tələbin silahı halına gətirməyə çalışan” bir tendensiya yaratdı. (2014). Değirmenciyan Ermənistanda hər il keçirilən və diasporada yaşayan ermənilərin uşaqlarının Ermənistana gələrək öz vətənlərini tanımasını hədəfləyən “Ari Tun” proqramından danışır (2017). Əsas məsələ isə Ermənistan ermənilərinin sovetdən miras qalmış ənənəyə sadiq qalaraq diaspora ermənilərini dövləti öz vətənləri olaraq görməyə məcbur etməsi, diaspora ermənilərinin isə Ermənistanı bir ev kimi deyil, sadəcə babalarının doğulduğu torpaqlar kimi qəbul etməsidir. Əsas gətirilən arqument isə Ermənistanın sovetlər içərisində qalması və artıq diasporada yaşayan ermənilərlə arasında çox az ortaq nöqtəsinin qalmasıdır. Hayk Demoyan Ermənistan və diaspora əlaqələrinin böyük bir kriz yaşadığını iddia edir (2017). Əsas iddia hökümətin diasporanı marjinallaşdırdığı, onları ana vətənə maqnit kimi geri çəkə bilmədiyi və diasporanın isə ölkənin iqtisadi, siyasi, ictimai həyatına qarışmaq əvəzinə ondan uzaq durmağı üstün tutduğu üzərindədir. 2009-cu ildə imzalanan və sonradan ləğv edilən Ermənistan-Türkiyə protokolları dövründə də diaspora və hökümətin bir-birinə qarşı mövqedə durması əsas ayrılma nöqtələrindən biridir. Ermənistan Diaspora Nazirliyi isə sovet modeli medal paylama və tədbirlər təşkil etməkdən başqa bir iş görmür.
Diaspora fəaliyyətinin əsas məqsədləri və effektivliyi “America and İsrael lobby” məqaləsində bu cür göstərilir: “İsrailin etdiyi hər bir hərəkətə mənfi reaksiya verən bürokratlar güclü yəhudi reaksiyası ilə qarşı-qarşıya qalırlar”. Daha sonra məqalədə İsrail diasporasının gücünün “Amerika Birləşmiş Ştatlarında yaşayan hər bir yəhudinin əliaçıqlıqla istənilən məsələyə vəsait ayırması” olduğu kimi göstərilir. Digər tərəfdən isə yəhudi diasporasının gördüyü əsas iş “Yaxın Şərqi ABŞ-a və ABŞ vətəndaşlarına İsrailin gözləri ilə göstərmək” kimi ifadə edilir (2006). Ermənistan diasporası isə öz növbəsində var olduqları ölkələrdə yerli əhalinin və siyasi qərarverici vəzifələrdəki şəxslərin ermənilərin problemlərinə ermənilərin özləri kimi baxmağını təmin etməyə çalışır. ABŞ-da fəaliyyət göstərən ANCA təşkilatı və Armenian Caucus da bu istiqamətdə fəaliyyət göstərir.
Ermənilərin sıx yaşadığı və effektiv olduğu ölkələrin sırasında olan Fransada 600.000 erməni əhali həm seçkilərdəki səs sayına, həm də var olan diaspora qrupları ilə Fransa siyasətinə müəyyən qədər yön verir və ya yön verməyə çalışır. Fransada yerləşən təşkilatlardan Ramkavar, Daşnaksütyun, Hınçak, Fransa Ermənilərinin Göy Xaçı, Fransa Erməni Fondları, Torpaq və Mədəniyyət Assosiasiyasını misal göstərmək olar (Diaspora en France). Bu təşkilatların hər biri müəyyən bir sahə üzrə ixtisaslaşaraq diaspora fəaliyyətini davam etdirir. Bu fəaliyyət sırf var olduqları ölkə siyasətinə təsir etmək yönündə deyil, həm də Ermənistana ya da ermənilərə kömək funksiyasını da yerinə yetirir. Məsələn, Ramkavar liberal burjua erməniləri özündə birləşdirir, 22.000-dən çox üzvə sahibdir və 150 milyona yaxın büdcəyə malikdir. Əsasən, elm və təhsil sahələrində işlər görməyə çalışır. Digər tərəfdən, Fransa Ermənilərinin Göy Xaçı əsasən qadınlardan ibarətdir və Fransanın müxtəlif bölgələrində yaşlılara kömək edir, dil kursları keçir və bu kimi fəaliyyətlərdə iştirak edir. Fransa Erməni Fondları isə Ermənistanda sosial iqtisadi vəziyyəti yaxşılaşdırmağa çalışır.
Bu var olan və müxtəlif sahələrdə Ermənistanın siyasi maraqlarını Fransada təmin etməyə çalışan və həmçinin bundan əlavə ermənilərin digər fərdi və milli ehtiyaclarını təmin etməyə çalışan təşkilatlardan əlavə onların effektivliyini artıracaq koordinasiya şurası da fəaliyyət göstərir. 44 erməni diaspora təşkilatını birləşdirən Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) diaspora qruplarının təşkilati fəaliyyətlərini və bir-biri ilə olan əlaqələri birləşdirərək onların daha effektiv olmasına və siyasi proseslərə daha güclü təsir imkanlarına sahib olmasına şərait yaradır. Buna misal olaraq 2001-ci ildə aşağı partiyada “1915-ci il soyqırımı”nın tanınmasına nail olmuşdurlar. Daha sonra isə soyqırımını inkara görə cinayət məsuliyyətini 2006-cı ildə aşağı partiyada, 2012-ci ildə isə Senatda qəbul etdirmişdilər, yalnız Konstitusiya Məhkəməsi bunu konstitusiyaya uyğun olmadığı üçün qəbul etmədiyinə görə dövlət səviyyəsində qəbul edilməmişdir (France Diplomatie). Bundan əlavə isə Fransa prezidenti Fransua Olland Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının 2017-ci ildə olan ənənəvi şam yeməyinə qatılmışdır.
Jurnalist Tigrane Yegavian “Yaddaşın əsiri ermənilər” başlıqlı yazısında isə dövlətin assimilyasiya edici siyasəti nəticəsində Fransadakı ermənilərin “Fransa erməniləri” olmaqdan daha çox “erməni əsilli fransızlar”a çevrildiklərini yazır və əsas səbəblər olaraq CCAF-da baş verən boşluqlar, erməni kilsəsinin öz birləşdirici rolunu yerinə yetirə bilməməsi və erməni ədəbiyyatının Chahan Chahnour, Nigoghos Sarafian, Zaré Vorpuni, Vasguen Chouchanian kimi əsas simalarını üzə çıxardan “Haraç” günlük qəzetinin bağlanmasını göstərir (2014).
Nəticə olaraq, erməni kimliyi Ermənistan erməniləri və diaspora erməniləri olaraq iki hissəyə bölünür. Diaspora kimliyini yaradan əsas amillərdən erməni kilsəsi və erməni məktəbləri ilə yanaşı, ana vətənə qarşı olan həsrət hissi də vardır. Effektiv işləmək məsələsinə gəldikdə isə diaspora və dövlətin arasında heç də hər şeyin sinxron olmadığını və onların özlərinə məxsus fərqli öncəliklərinin olduğunu görə bilirik.
Mənbələr:
- America and the ‘Israel Lobby’ (2006). Economic and Political Weekly, 41(34), 3651-3653. Retrieved from http://0-www.jstor.org.library.ada.edu.az/stable/4418609
- ASSOCIATION CULTURELLE ARMENIENNE DE MARNE-LA-VALLE (FRANCE). Diaspora en France – Les Associations. Retrieved from http://www.acam-france.org/contacts/index_associations_culturelles_documents.htm
- France Diplomatie, Presentation. Retrieved from http://www.diplomatie.gouv.fr/en/country-files/armenia/france-and-armenia/presentation/
- H. Demoyan (2017, October 5). Armenia-Diaspora: A period of Deep Crisis in the Armenian World. Retrieved from https://repairfuture.net/index.php/en/identity-standpoint-of-armenia/armenia-diaspora-a-period-of-deep-crisis-in-the-armenian-world
- L. Ritter. (2014, June 10). Armenian Identity in the Diaspora : Between Modernity and Preservation.
- L`Organisation du Conseil, Membres du CCAF http://www.ccaf.info/item.php?r=1&id=364
- R., Panossian. The “Drunkenness” of Statehood. Etudes Arméniennes Contemporaines.
- R. Panossian. The Past as Nation: Three Dimensions of Armenian Identity. (2002). Geopolitics, 7(2), 121–146. https://doi.org/10.1080/714000931
- Revolvy, L. “Armenians in France” on Revolvy.com. Retrieved from https://www.revolvy.com/topic/Armenians%20in%20France&item_type=topic
- S. Değirmenciyan. (2017, September 15). Ermenistan-Diaspora ilişkileri: Ari kim ? Retrieved from https://repairfuture.net/index.php/tr/kimligi-tuerkiye-den-bak-s/ermenistan-diaspora-iliskileri-ari-kim
- T. Yegavian. (2014, June 17). L’identité arménienne en France, otage du tout-mémoriel.
- Türkiye’de bugün Ermeni olmak [Interview by Y. Tomasyan]. (2015, March 16). Retrieved from https://repairfuture.net/index.php/tr/kimligi-tuerkiye-den-bak-s/turkiye-de-bugun-ermeni-olmak
Veb-saytlar:
Ermənistan Respublikasının Diaspora Nazirliyi – http://www.mindiaspora.am/en/index
Amerikanın Erməni Milli Cəmiyyəti (ANCA – Armenian National Community of America) – https://anca.org/
Fransanın Erməni Təşkilatlarının Koordinasiyası Konsulluğu (CCAF – Conseil de Coordination des organisations Arméniennes de France) – http://www.ccaf.info/index.php?r=0 , http://www.ccaf.info/liens.php