Qonşu dövlətlərdə yaşayan etnik azərbaycanlılar üçün iki kimlik mövcuddur: yaşadıqları ölkənin ümumi üst kimliyi və özlərinin azərbaycanlı alt kimliyi. Azərbaycan Respublikası hər zaman qonşu dövlətlərdə yaşayan azərbaycanlılar üçün mənəvi bir ev, mənəvi mərkəz rolunu oynayıb və bunun əsas səbəbi onların azərbaycanlı alt kimlikləridir. Bu dövlətlərdəki sistematik siyasi dəyişikliklərdən asılı olaraq, bu fikirdə də müəyyən bir dəyişiklik ola biləcəyini, Azərbaycanın cazibədarlığının yaşadıqları ölkənin yaratdığı yeni şanslar qarşısında azaldığını müşahidə etmək olur. İranda baş verən etirazların ümumi bir sistem dəyişikliyinə qədər gedib-getməyəcəyini demək üçün fikrimcə hələ çox tezdir və böyük ehtimal bu dəyişikliyin hazırki etirazların nəticəsində baş tutmayacağını indidən iddia etsək, heç də yanlış olmaz. Lakin bu gedişat bizim qarşımıza bir sual qoyur: İranda indiki dini rejim yerini demokratik bir rejimə buraxsa, orada yaşayan azərbaycanlıların azərbaycanlı alt kimliyi necə bir dəyişiklik göstərəcək? Bu yazıda Şotlandiya, Türkiyə və Gürcüstan kontekstində etnik azlıqların demokratik təmsil edilməsinə və bunun nəticələrinə baxılacaq, sonda İrandakı demokratikləşmənin də necə bir nəticə doğuracağı ilə bağlı bir təxmin yürüdüləcək. Yürüdüləcək təxmin Yunqun yatmış kimliklər nəzəriyyəsi üzərindən ediləcək və buna görə də bir tərəfli və sadəcə kimlik üzərindən edilən təxmin kimi qəbul edilməlidir. Onu da nəzərə almaq lazımdır ki, daha geniş və reallıqla tam uyuşacaq təxmin yürütmək üçün kimliyə təsir edən digər faktorları və proqnozlaşdırmaq mümkün olmayan digər dəyişkənləri də hesaba qatmaq lazımdır.

            Yatmış kimliklər

            Yatmış kimliklər bir qrupun eyni anda iki kimliklə özünü identifikasiya etməsinə deyilir[1]. Yunq və həmkarları iddia edir ki, yatmış kimliklər kontekstində bir səviyyədə yaranan kimlik qeyri-müəyyənliyi digər səviyyədə kompensasiya edilir. Alt qrup kimliyindəki qeyri-müəyyənlik, əsasən üst qrup kimliyinin güclənməsinə və alt qrup kimliyinin zəifləməsinə səbəb olur. Digər tərəfdən, üst qrup kimliyindəki qeyri-müəyyənlik üst qrup kimliyinin zəifləməsinə yol açsa da alt qrup kimliyinin güclənməsinə gətirib çıxartmır[2]. Beləliklə, etnik qrupların yaşadığı ölkələrdə ümumi üst kimliklə yanaşı bir də alt kimlik olan etnik kimlik də mövcud olur. Alt kimliyin zəif olduğu etniklərdə özünü üst kimliklə identifikasiya etməyə yönümlülük daha yüksək olur. Hər hansı bir proses nəticəsində alt kimlik qeyri-müəyyənliyi yarandıqda etnik qrupun özünü ölkənin ümumi üst kimliyi ilə identifikasiya etmək meyli çoxalır. Lakin hər hansı bir proses nəticəsində ölkədə üst kimlik qeyri-müəyyənliyi yarandıqda etnik qrup sadəcə özünü üst kimliklə ifadə etmə meylini azaldır, ancaq etnik qrupun alt kimliyinin güclənməsi müşahidə edilmir.

            Şotlandiya

           Yunq öz iddiasını Şotlandiya misalında test edir və bu dəyişikliyin siyasi nəticələrini ölçməyə çalışır. Araşdırma 2014-cü ildə Şotlandiyanın Böyük Britaniyadan ayrılması ilə bağlı referendumdan öncə aparılıb. Şotland kimliyi alt kimlik kimi britaniyalı üst kimliyinin daxilində yatmış kimlikdir. Araşdırmada şotland alt kimliyində qeyri-müəyyənlik yaşayan fərdlərdə şotland alt kimliyinin zəiflədiyi və britaniyalı üst kimliyinin gücləndiyi nəzərə çarpmışdır. Əksi istiqamətdə, britaniyalı üst kimliyində qeyri-müəyyənlik yaşayan fərdlərdə britaniyalı üst kimliyinin zəiflədiyi nəzərə çarpsa da bu, şotland alt kimliyində güclənmə ilə nəticələnməmişdir. Yunqun müşahidəsində özünü britaniyalı hiss edən fərdlər də referendumda əsasən Şotlandiyanın Britaniya tərkibində qalması lehinə səs vermişdir, özünü şotland hiss edənlər isə referendumda əsasən Şotlandiyanın Böyük Britaniyadan ayrılması lehinə səs vermişdir.

            Türkiyə

            Türkiyə artıq uzun illərdir ki, PKK terroristləri ilə mübarizə aparır və tam həll yolunu tapa bilmir. Kürd partiyasının qurulması elə bir fikir yaratmışdı ki, artıq kürdlər partiyalaşmadan sonra azadlıq istəklərini tam leqal şəkildə siyasi sferada apara biləcəklər. Ancaq ümumi gedişata baxdıqda siyasiləşmənin prosesləri daha fərqli məcraya apardığı görülür. 1984-2013 illəri arasında ümumi 40 mindən çox insan bu münaqişə nəticəsində həyatını itirib, Türkiyə Böyük Millət Məclisinin İnsan Haqqlarını Araşdırma Komitəsinin yaydığı raporta görə isə bu dövr ərzində 5557 sivil həyatını itirib[3]. Son statistikalarda isə PKK-nın fəaliyyətinin daha da aşağı düşdüyünü müşahidə etmək olur. Münaqişənin ümumi gedişatından müəyyən zaman aralıqlarında tələfatların azalıb daha sonra çoxaldığı tendensiyalarını görmək olur, ancaq 2015-ci ildən sonra ümumilikdə gözəçarpan bir azalma müşahidə edilir. 2015-ci ilin fevral ayında PKK və Türkiyə dövləti arasındakı münaqişədə ölənlərin sayı 260 nəfər idisə, 2019-cu ilin oktyabr ayında bu rəqəm artıq 19-a düşüb[4].Burada əlbəttə, Suriyadakı müharibədə YPG-yə qoşulan terroristlərin də təsiri vardır. Ancaq HDP-nin apardığı siyasətdə kürd alt kimliyinə daha çox vurğu edildiyini və bunun radikallaşdığını, bəzi hallarda partiyanın PKK ilə əlaqələndirildiyini görürük. Bu isə öz növbəsində kürdlər arasında HDP-ni bu istiqamətddə başa düşən müəyyən bir təbəqədə alt kimlik qeyri-müəyyənliyi yaradır. Bu alt kimlik qeyri-müəyyənliyi səbəbindən üst türk kimliyi bu təbəqədə daha da yüksəlir və alt kürd kimliyini sıradan çıxarır. Yunqun iddiası ilə izah etsək, Türkiyədə türk üst kimliyi altında alt kimlik olan kürd kimliyi haqqında kürd əhali arasında yaranmış qeyri-müəyyənlik onları üst kimlik olan türk kimliyinə daha da yaxınlaşdırır.

            Gürcüstan

            Yarandığı ilk dövrdə Qamsaxurdiyanın “Gürcüstan gürcülərindir” fikrindən sonra böyük etnik problemlər yaşayan Gürcüstanda Saakaşvilinin gəlişindən sonra müəyyən bir irəliləyiş var. Gürcüstan sərhəd bölgələrində yaşayan erməniləri və azərbaycanlıları ilk olaraq əsas mərkəzlə bağlamağa, daha sonra isə gürcü dilini ortaq dil halına gətirməyə çalışır[5]. Azərbaycanlılar Gürcüstanda gürcü dilini bilən digər etniklər arasında faiz nisbətində ən aşağı pillədə durur[6].Əsasən, bu kommunikasiya çətinliklərindən yaranan dövlətlə bağların qurula bilməməsi Gürcüstan azərbaycanlıları arasında gürcü üst kimliyini yarada bilmirdi. Digər tərəfdən, üst kimlik qeyri-müəyyənliyi olmasına baxmayaraq, yenə Yunqun iddia etdiyi kimi bu alt kimliyin güclənməsinə təsir etmirdi. Son dövrlər bir hissəsi Gürcüstanın Aİ-yə  inteqrasiya cəhdlərinin, bir hissəsi Gürcüstan azərbaycanlılarının ölkə siyasətində biraz daha aktiv iştirak etməsinin, digər hissəsi isə Gürcüstan vətəndaşı olmağın gətirdiyi üstünlüklərdən (Avropaya vizasız gediş-gəliş kimi) qaynaqlanaraq gürcü üst kimliyi biraz daha cazibədar olmağa başlayır. Nəticə olaraq, üst kimlik güc qazanmağa başladıqca alt kimlik yavaş-yavaş sıradan çıxacaq.

            İran

            İrandakı rejimin əhatəetmə gücü ümumilikdə şiə kimliyi üzərində qurulub və əgər rejim dəyişikliyi olub bu kimlik ortadan qalxarsa, ortada bir kimlik boşluğu yaranacaq. Ölkədə üst kimlik olan qeyri-müəyyənlik yaranarsa, Yunqa görə bu alt kimlik olan türk kimliyinin güclənməsi ilə bağlı heç bir rol oynamayacaq. Burada yeni qurulacaq dövlətin strukturu önəmli rol oynayacaq. Birinci ehtimalda hakimiyyət yalnız bir etnik qrupun əlinə keçir ki, bu vəziyyətdə bu qrupun farslar olması daha inandırıcıdır, ancaq bu qrupun türklər olacağı ehtimalında da oxşar vəziyyət yaranacaqdır. İkinci ehtimalda isə, hakimiyyət digər etniklərlə birlikdə bölüşdürülür. Bu bölüşdürülmə hal-hazırda İranda var olan formal bölünmə (məsələn orduda əsasən Türklər, siyasətdə əsasən farslar və s.) şəklində yox, bütün etnik qrupların qrup bölüşdürülməsi olmadan bir çox səviyyədə hakimiyyətdə təmsil olunması kimi edilməlidir. Hər iki ehtimalda birləşdirici üst kimlik boşluğunun var olduğunu qəbul etməliyik. Birinci ehtimalda ölkədə var olan problemlər həll edilmədiyi halda  böyük struktural şikayətlər[7] fonunda parçalanma ehtimalı yaranacaq. İkinci ehtimalda hakimiyyət bütün etniklər arasında bölündükdə və ya bütün etniklər hakimiyyətdə təmsil olunduqda yəqin ki, İran azərbaycanlıları Türkiyə misalını yaşayacaq. Ölkədə etnik bazada yeni bir üst kimlik yaranacaq (məs. İranlı) və alt kimlik onun qarşısında zəifləyəcək. Bu prosesin fonunda İran azərbaycanlıları İran dövləti sərhədləri daxilində öz haqqları üçün çalışacaqlar.

            Nəticə

            Türkiyə misalında kürdlərin Türkiyə siyasətində partiyalaşması, məclisdə təmsil edilməsi və siyasətin bir parçası olmağı ölkədəki ümumi türk kimliyini onlar üçün gücləndirdi və alt kürd kimliyinə rəğbəti azaltdı deyə bilərik. Oxşar vəziyyət eynilə Gürcüstanda da dilin öyrənilməsi, inteqrasiya və Gürcüstan azərbaycanlılarının siyasi sferada aktivləşməsi onların da üst gürcü kimliyini artıraraq alt azərbaycanlı kimliyini zəiflədir. Oxşar senaridə İranda da yeni demokratik bir rejim qurulsa və İran azərbaycanlıları orada aktiv siyasi fəaliyyət göstərə bilsə, yəqin ki onlar da İslam rejimindən sonra yaranacaq şiə üst kimlik boşluğunu yeni kimliklə doldurub alt kimliklərini tədricən  itirmə qorxusu ilə üzləşəcəklər. Qonşu dövlətlərdəki soydaşlarımız azərbaycanlı alt kimliklərini yaşadıqları ölkələrin üst kimlikləri qarşısında itirdikləri zaman da bizim mənəvi bağlarımız yavaş-yavaş zəifləyəcək. Deyəsən, içimizdəki Kürşadı demokratikləşmə öldürəcək.


[1] Scopacasa, R. (2014). Building Communities in Ancient Samnium: Cult, Ethnicity and Nested Identities. Oxford Journal of Archaeology, 33(1), 69–87. https://doi.org/10.1111/ojoa.12027

[2] Jung, J., Hogg, M. A., & Lewis, G. J. (2018). Identity uncertainty and UK–Scottish relations: Different dynamics depending on relative identity centrality. Group Processes & Intergroup Relations, 21(6), 861–873. https://doi.org/10.1177/1368430216678329

[3] O, C. F., & Baser, B. (2018). Communal violence and ethnic polarization before and after the 2015 elections in Turkey: attacks against the HDP and the Kurdish population. Journal of Southeast European & Black Sea Studies, 18(1), 53–72. https://doi.org/10.1080/14683857.2018.1451035

[4] Turkey’s Pkk Conflict: A Visual Explainer

https://www.crisisgroup.org/content/turkeys-pkk-conflict-visual-explainer

[5] Berglund, C. (2018). Weber’s secret admirer in the Caucasus: Saakashvili and the nationalisation of Georgia’s Armenian and Azeri borderlands. Nations & Nationalism, 24(4), 1185–1206. https://doi.org/10.1111/nana.12369

[6] Azeris. https://minorityrights.org/minorities/azeris/

[7] İran’da Etnik Protestoların Dinamikleri: 2006’ten Bu Yana Azerbaycanlılar Tarafından Düzenlenen Protestolar

Ramin JABBARLI – http://ayrintidergi.com.tr/iranda-etnik-protestolarin-dinamikleri-2006ten-bu-yana-azerbaycanlilar-tarafindan-duzenlenen-protestolar/?fbclid=IwAR1tMsGCMXr6wJMS8B2XFe1UhT2f1SnLQE5Dfv7JNRKXoVsPilwcJE1MZpE

Tərlan Əliyev

Bütün yazıları göstər