Baskın Oranın müəllifi olduğu “Az inkişaf etmiş ölkə millətçiliyi” əsəri millətçilyin inkişaf yolları baxımından Qərbi Avropa və digər coğrafiyalardakı, xüsusən inkişaf baxımından geridə qalmış cəmiyyətlərdəki xüsusiyyətləri müqayisə edərək fərqli bir perspektiv ortaya qoymağa çalışır. Bu yazıda həmin kitabdan üçüncü bölmənin tərcüməsi paylaşılır. Onu da qeyd edək ki, kitabın digər bölmələrindən ibarət parçalar daha öncə də paylaşılıb.
Məqalənin birinci hissəsini bu keçiddən istifadə edərək oxuya bilərsiniz.
Üçüncü bölmə
Qara Afrika Millətçiliyinin İdeologiyası
I – Ümumi Nəzəri Çərçivə
Protest hərəkatları əsasən nizamı dəyişdirməyə yönəlməyən hərəkatlar oldu. Bunlar nizamın dəyişə biləcəyini kütləyə başa salmaqla kifayətləndilər. Xalq arasında ortaya çıxan millətçi duyğu ilə toplumun hakim sinif və ya qrupunun, yəni burjuaziyanın yoxluğunda əsas təbəqə olan afrikalı ziyalının ideologiyasının kəsişdiyi nöqtədə Afrika millətçilik hərəkatı meydana gəlmişdir.
Xatırlamaq lazımdır ki, hər cəmiyyətdə əsas ideologiya başlıca iki ictimai funksiyaya malik olmalıdır: Birincisi, cəmiyyətin ehtiyaclarına cavab verərək onun dayağını qorumaq, ikincisi də cəmiyyəti əsas sinfin və ya qrupun dəyərləri çərçivəsində təşkilatlandırmaq və bu dayaqlara dəyərlərin bələdçilik etdiyi üsullarla çatmaq.
Afrika millətçilik hərəkatı ideologiyasının Afrika toplumu mövqeyindən birinci mənbəsi bu toplumun pozulan strukturundan meydana gələn ehtiyacları idisə, ikinci mənbəsi də toplumu sosial-iqtisadi strukturundan meydana gələn maddi (fəlsəfi mənada) ehtiyacları olmuşdur. … Nə ortaq dil, nə ortaq din, nə də ortaq hər hansı bir şey vardır. Bu, təbii bir vəziyyətdir. Çünki müstəmləkəçilikdən əvvəlki qapalı iqtisadiyyat bir toplumda ən önəmli birləşdirici element olan bazar birliyinin meydana gəlməsinə maneə olmuşdur. … Yalnız bir tək element vardır ki, Afrika toplumlarında birlik hissinin yerini tuta biləcək bir hiss yaratmışdır. Bu “mənfi” element də daha əvvəl söz açdığımız “müstəmləkə toplumunun əziyyətini birlikdə çəkmək” vəziyyətidir. Bu “müstəmləkə” elementi Afrika toplumlarının rəng ünsürü ilə birlikdə tək ortaq məxrəcidir.
Təxmin edildiyi kimi mənfi olmasından ötəri, belə birlik ünsürü Afrika toplumları üçün ancaq ortaq düşmənin varlığı boyunca birləşdirici olacaq, xüsusilə bu toplumsal “yapışqan”ın ortadan qalxmasından sonra toplumun etnik baxımdan parça-parça olma durumu su üzünə çıxacaqdır.
Dinə xidmətindən yararlanmaq üçün yoxdan yaradılan, müəyyən bir qrup xüsusiyyətlər yeridilən, lakin bu xüsusiyyətləri müstəmləkə əleyhinə istifadə etməsi istənilən ziyalı müstəmləkəçiyə təbii olaraq qarşı çıxdı və daha da vacibi, bütün toplumu öz ardınca təşkilatlandıraraq bu qarşı çıxışı bir toplumsal hərəkat, inqilabçı nəticələr doğuran bir millətçilik hərəkatı halına gətirdi.
Ziyalıları millətçilik ideologiyasını ortaya atmağa yönəldən ikinci səbəb onların Qərb universitetlərində oxumaqdan qayıdandan sonra öz toplumuna yad qalmaları olmuşdur. Ziyalı, Kautskinin deyimi ilə, “müasirləşmə öz ölkəsinə çatmadan müasirləşmənin məhsulu olan” bir toplumsal elementdir.
Ziyalı üçün ən mümkün şey toplumu Qərb sivilizasiyası olaraq qeyd etdiyi bir hədəfə doğru aparmaq, yəni “müasirləşdirmək”dədir. Ziyalıların ehtiyacları bucağından millətçiliyə öndərlik etmələrinin üçüncü səbəbini təhsil, dünyagörüşü, geyim kimi bir çox mövzularda ağdərili avropalıyla bərabər olduğu halda sırf rəngi səbəbindən alçaldılmış olmasında axtarmaq lazımdır.
Bu üç ehtiyac və mənafe Afrika millətçiliyi ideologiyasının üç funksiyalı nəticəsini doğurmuşdur.
II – Afrika Millətçiliyinin Funksiyaları
XVIII yüzillik burjuaziyanın yardımı ilə kral tərəfindən meydana gətirilən mütləqiyyətçi dövlət sayəsində toplum içində iqtisadi baxımdan əsas duruma keçmiş, toplumun siyasi idarəsini əlinə keçirmədən əvvəl bunun mübarizəsini davam etdirməyə mümkünlük verəcək şərtlərin gətirilməsini istəmişdir. Afrikalı ziyalı da müstəmləkəçi tərəfindən yaradılan şərtlər nəticəsində yerli toplumun əsas elementi vəziyyətinə gəlmişdir. Lakin müstəmləkəçinin əlindən siyasi idarəni ala bilmək üçün əvvəl onunla mübarizə etməyi mümkün edəcək şərtlərin yaradılması lazımdır.
Müstəmləkəçi ölkələrin müstəqilliyinin qarşısını alacaq gücsüzlükləri bir yandan, ABŞ və Birləşmiş Millətlərdən gördükləri təzyiqlər digər yandan Qara Afrikanın müstəqillik mübarizələrinin çox böyük bir hissəsinin qısa çəkməsinə və qansız olmasına səbəb olmuşdur. Qaldı ki, bu çarəsizliklərindən əlavə avropalı müstəmləkəçilər əllərindən gəldiyi qədər gecikdirməyə çalışdıqları müstəqilliyə bir az da iqtisadi nüfuzları nə olsa da davam edəcəyi üçün çox dirənmədən razı olmuşdular. Belə bir ortamda Afrika millətçiliyinin sərt və məcburedici üsullar və silahlar istifadə etməsi gərəkməmişdir. Müstəqilliyə liberal bir yanaşma izlənilməsinin bir səbəbi də budur.
XIX əsrin sonunun Amerika və Avropada olduğu kimi XX əsrin ortasının Afrikasında da kütlələrin səs verməyə başlamaları xalqın istəklərini qarşılamaq üçün müasir partiyaların ortaya çıxmasına səbəb oldu.
Qara Afrikada millətçiliyin ilk funksiyasını, yəni müstəmləkəçilikdən qurtulmağı gerçəkləşdirməsi digər bəzi funksiyaların (Milli Birlik və İqtisadi Müasirləşmə kimi) gerçəkləşdirmə faizini çox azaltmışdır. İpmerialist ölkələrin də qatqısı ilə müstəqillikdən sonra qəbiləçilik və qəbilə münaqişələri birdən-birə artmışdır.
Qara Afrikadakı zəif inkişaf etmiş ölkə millətçiliyi Avropa millətçiliyinin əksinə “millət” deyilən bir anlayışa obyektiv (fiziki) olaraq söykənməyən bir millətçilik növüdür. “Millət” anlayışının söykəndiyi ən önəmli element olan milli bazar birliyi elementinə və beləliklə, daha bir çoxuna sahib olmayan Arikada “təbii topluluq” iki önəmli elementə söykənməkdədir: Qəbilə və qara irq.
Toplumsal və tarixi çətinliklər ziyalı tərəfindən ortaya atılan ideologiyanın çətinliyə söykənən yanaşma və üsullar mənimsəməsinə yol açmışdır. … Milli birlik məqsədinin gerçəkləşdirilməsi son dərəcə çətin bir problem yaratması, kütlələrin milli şüurdan yoxsun olmaları ziyalını liberal deyil, anti-plüralist, demokrat deyil “yuxarından inqilabçı” bir yanaşmaya yönəlməsinə məcbur etmişdir.
Hodgkinin də xatırlatdığı kimi anti-plüralist və yuxarıdan inqilabçı olan proletariya demokratiyası anlayışı parlamentar demokratiya anlayışı qədər Qərb düşüncəsinin məhsuludur.
Tək partiyanın əksi kimi görünən çox partiyalı sistemin keçərli olduğu ölkələrin strukturu Afrikanın gənc ölkələrinin strukturundan çox fərqlidir. Qərb ölkələrində partiyalar bu ölkələrdəki siniflərin bir əlamətidir. Burada partiyalar müxtəlif siniflərin mənafelərini təmsil etdikləri üçün sistemdə müəyyən bir funksiya sahibi olan quruluşlardır.
Afrikalı ideoloqlar öz toplumları içindəki etnik bölünmələrin sinif bölünmələrindən daha vacib və ciddi olduğunu xatırlatmaqdadırlar. Qərbdə siniflərin nümayəndəsi olan siyasi partiyalar sinifsiz Afrika toplumlarında həmən dəqiqə qəbilələrin təşkilatı olacaqdır, bu qəbilələr milli birliyi daha rahat parçalamaq imkanını əllərinə alacaqlar. Qısa bir formulla izah etsək, çox partiyalı rejim müxalifət partiyası, müxalifət partiyası da qəbilə partiyası olacaqdır.
Millətçi təşkilat olan tək partiya ölkəni müstəqilliyə qovuşdurmuşdur və bu səbəblə xalqa müstəqilliyin meyvələrini bəxş etmək üçün xalqdan səlahiyyəti aldığı təxmin edilməkdədir. Bu vəziyyətdə tək partiyalı ölkə ilə paralel vəziyyətə gəlməkdə və ona müxalifət olan partiyalar bir cür ölkənin birbaşa özünə qarşı çıxmış olurlar.
Zəif səviyyədə bir istehsal nizamının və müstəmləkə iqtisadiyyatının pis mirasını daşıyaraq qurulan gənc Afrika dövlətləri hələ iç nizamı qurmağa girişmədən özlərini bir də geri qalmışlıq problemi içində tapırlar. … Afrikanın ən az 80 faiz əhalisi kənd təsərrüfatı ilə məşğul olurdu, amma zəif inkişaf etmişlikdən qurtulmaq üçün lazım olan sərmayə təcrübəsi kənd təsərrüfatdan əldə olunan məhsulların çoxunun iç istehlaka getməsi səbəbindən gerçəkləşdirilə bilinmirdi. … Afrika istehsal etdiyinin yarısını tükətdiyi üçün hökümətlər vətəndaşların qidalandırılması səviyyəsinə laqeydliklə yanaşmaq bahasına ixrac ediləcək məhsul yetişdirmək kimi bir seçim qarşısında qaldılar.
Yetişmiş insan gücü bəlkə də ən çox ehtiyac olan istehsal elementi idi. Afrika ölkələri iqtisadi inkişaf üçün lazım olan sərmayədən də yoxsun idilər.
Avropada ziyalılar toplumun ideologiyasını (liberalizm) yaratmaq baxımından önəmli bir rol oynamış, fəqət sənayeləşmə ziyalılar tərəfindən deyil, kapitalizm tərəfindən müvəffəqiyyətlə aparılmışdı. Afrikada, daha doğrusu zəif inkişaf etmiş ölkələrdə ziyalı bu iki işi birdən üzərinə götürmüş olaraq qarşımıza çıxmaqdadır.
Afrika ölkələrinin müstəqilliyi Türkiyə kimi ölkələrə nisbətən daha gec qazanmış olmaları bu ölkələrə böyük bir üstünlük təmin etmişdir deyə bilərik. Çünki 1923 Türkiyəsinin önündəki inkişaf modellərinin hamısı kapitalist ölkələri idi. Bunun tək istisnası olan Sovet Birliyi də hələ problemlərinin ən sıx dönəmindən çıxa bilməyib. … Yeni Afrika dövlətləri önlərində uğurlu inkişaf nümunəsi olaraq sadəcə kapitalist ölkələrini yox, Sovetlər Birliyi kimi sosialist ölkələrin bənzər çətin şərtlərdə bacardıqları inkişaf nümunələrindən və bu nümunələrə təməl olan Marksist fikirlərdən yararlanmaq imkanı tapmışdılar. SSRİ-dən başqa, Çin modeli də təsiredici olmuşdur. Çünki həm kommunizmin çoxmərkəzli bir vəziyyətə gəlməsi afrikalıların qorxusunu aparmış, həm kömək alacaq yer çoxalmış, həm də Çinin strukturu və inqilab strategiyası kəndli toplumu olan Afrika ölkələri üçün SSRİ-dən daha yaxşı bir model ola bilmişdir.
Afrikanın millətçilik öndərləri kapitalizmi necə rədd edirsə, digər iki səbəbdən ötrü marksizmi də “olduğu kimi” qəbul etməyi rədd etməkdədirlər. Bu səbəblərdən birincisi, marksizmin özündə yatan sinif mübarizəsi anlayışının Afrika millətçiliyi ideologiyasına tərs düşməsidir. … Ziyalının ortaya atdığı ideologiya onsuz da Afrika toplumlarının obyektiv bir şərti olan sinifsiz (daha doğrusu sinif mübarizəsi zəif olan) strukturu davam etdirməyə yönəlmişdir. Marksizm yalnız bir toplumun deyil, tarixin motorunun sinif mübarizəsi olduğu anlayışına söykənməkdədir. … Marksizm bir işçi sinfi ideologiyasıdır, Afrika isə bir kəndli toplumudur.
Nkrumaha görə, kommunalist olan Afrika toplumunda siniflərin ortaya çıxması indiyə qədər mümkünsüz olmuşdur; indi də bu formalaşmanın və sinif mübarizəsinin qarşısını almaq mümkündür. İrəli dərəcədə sənayeləşmiş ölkələrdə Marksın təxminləri çıxmamışdır. Kapitalizm əksinə daha da güclənmişdir. Bu nəticə, Nkrumaha görə, metropoldakı proletariyanın burjualaşdırılması, digər bir deyimlə, içdəki sinif mübarizəsinin beynəlxalq meydana ixrac edilməsi ilə əldə edilə bilmişdir. Beləcə inkişaf etmiş və inkişaf etməmiş millətlər arasındakı toqquşma zəif inkişaf etmiş ölkələrdəki sinif toqquşmasının yerinə keçmiş olmaqdadır.
Qara Afrikada ən radikal Afrika Sosializmi icrasına səhnə olan Tanzaniyanın öndəri Julius Nyererenin bu rejimə 1962-ci ildən bəri verdiyi ad “Ujamaa”dır. Nyerereyə görə, Ujamaa insanın insan tərəfindən sömürülməsi təməli üzərinə xoşbəxt bir toplum qurmağa çalışan kapitalizmə də, bu xoşbəxt toplumu insanlar arasındakı qaçınılmaz mübarizə təməlinə otuzdurmağa çalışan nəzəri sosializmə də qarşıdır. Şərqi Afrikada əsasən danışılan və “sahil” sözündən qaynaqlanan Swahili dilində “ailə ruhu” və ya “camaat” anlamına gələn bu kəlmənin seçimi mənalıdır. … Nyererenin anladığı sosializm həm kolonializmə qarşı müharibə, həm də ənənəyə dönüş deməkdir. Senghor, Dakar Kolokyumunda sosializmlərinin yüz il əvvəl Marks və Engels sosializminə oxşamadığını, rusların belə nəzəriyyəni özlərinə görə dəyərləndirdiklərini, afrikalıların Marksist teoriyasını mənimsədikdən sonra Qərbin ən təsiredici və modern görünümlərindən Afrika gerçəklərinə uyanlarını alacaqlarını deməkdədirlər. Çünki Marks və Engels anti-kolonialist deyildilər. Biri tarix adına Hindistanın müstəmləkələşdirilməsini, digəri antik müstəmləkəçiliyi müdafiə etmişdir.
Afrika sosializmi afrikalının beynində və dilində bir tabudur. … Necə ki, Türkiyədə hər kəsin Atatürkçü olması Atatürkçülüyü anlaşılmaz bir hala salaraq hər əmələ uyğun bir vasitə vəziyyətinə gətiribsə, Afrikada da Afrika sosializmi bu tabu funksiyası səbəbilə əksərən birmənalı olmayan mənfəətlər tərəfindən istifadə edilən bir örtü ifadə olmuşdur. Tanzaniyada 1967 Arusha Bildirisindən sonra bütün bankları və sığorta şirkətlərini dövlətləşdirib istehsala dövlət nəzarəti qoyan Nyerere də Afrika sosialistidir, açıq şəkildə kapitalizmi müdafiə edən Kenyatta da Afrika sosialistidir.
Nkrumaha görə, sosializmin tək ölkədə qurulması mümkünsüzdür. Afrikanı iqtisadi baxımdan ancaq 100 milyon əhalisi olan bir “Optimum İnkişaf Ərazisi” xilas edə biləcəkdir. Bazar kiçik olduğu üçün orta müddətdə rentabelli sənaye qurula bilmir. İstehlakçıya səslənəcək sahələrarası münasibətlərin və böyük istehlak sənayesinin olmaması sənayeyə mane olur … Əslində, Afrika bir qitə olaraq çox zəngindir. Dünya əhalisinin sadəcə 8 faizinə sahib olan bu qitə dünya qızılının 54, xromun 46, manqanezinin 60 faizini təşkil etməkdədir, 1954-cü ildə təkcə Belçika Konqosu dünyada çıxan almazın 60 faizini tək başına istehsal etmişdir.
Afrikanın Afrikaya satacağı çox az şey vardır. Alıb satılan da tək-tək ölkələrin xarici ticarətində dəyər baxımından məhdud bir yer tutan kənd təsərrüfatı məhsullarıdır.
Avropalılar özlərinin gəlişindən əvvəl zəncilərin tam bir vəhşət halında yaşadıqlarını (homo homini lupus), ancaq Avropa mədəniyyəti sayəsində insana bənzədiklərini o qədər təkrarlamışdılar ki, zəncilər də Avropa öncəsi dövrünün mükəmməl və mədəni bir “təbii vəziyyət” olduğu yalanlaması ilə qarşı çıxmaq gərəyini duymuşdular.
Panafrikanizm bu qədər səbəb olmasına baxmayaraq anti-ağ olmamışdır. Sadəcə pro-Afrikan olmuşdur.
Afrikanın gənc ölkələri Avropanın zəiflədiyi, zəif inkişaf etmiş ölkə millətçiliklərinin inkişaf etdiyi, müstəmləkəçilik anlayışının həddən artıq tənqid olunduğu və kommunist ölkələrin nüfuzunun əvvəlki zamana nisbətən çox artdığı, Soyuq Müharibənin zəiflədiyi, buna qarşılıq iki qütblü bir dünya siyasətinin təməl olaraq davam etdiyi bir ortamda meydana gəlmişdilər.
İmperializm anlayışı Afrika ölkələrinin müstəqilliyinə qovuşmaları ilə ortadan qalxmış sayılırdı. Lakin imperializmin iqtisadi ortamı davam edirdi. Məsələn, Afrika ölkələri yenə çox satırlar, qarşılığında isə az alırdılar. Bu vəziyyətdə yeni bir anlayış ortaya atıldı: Yeni Müstəmləkəçilik. … Əvvəl sadəcə köhnə müstəmləkə metropol münasibətləri üçün istifadə edilərəkən sonra inkişaf etmiş – az inkişaf etmiş ölkə münasibətləri üçün istifadə edilməyə başlandı.