Abstrakt
Müstəmləkə dövründə xalqların sürətlə millətçi istiqamət seçməsində bir sıra amillər mühüm rol oynamışdır. Bu prosesə qarşı işğalçı güclər müxtəlif arqumentlər irəli sürmüş, onlardan biri də bəzi sosial qrupları “gəlmə” adlandırmaq olmuşdur. Belə yanaşma həmin qrupların siyasi legitimliyini zəiflətməklə yanaşı, sosial melanxoliya yaratmaq və ya onları yeni kimlik formaları altında təqdim etmək məqsədi daşıyırdı. Bu strategiya dünya təcrübəsində geniş tətbiq olunduğu kimi, XX əsrin Quzey və Güney Azərbaycanındakı milliyyətçi hərəkatlarına təsirlərində də öz əksini tapmışdır. Bu Məqalə antropoloji yanaşmalarla zənginləşdirilərək universal insan təbiətinin bənzər sosial problemlərə verdiyi reaksiyaların eyniliyini göstərməyi hədəfləyir və bununla da Azərbaycana xas detallar asanlıqla ortaya çıxacaqdır. Gündəlik kosmopolit həyatda, xalqlara bunun necə təsir etdiyini simvolik interaksionizm metodu əsasında izah ediləcəkdir. Mövzunun araşdırılmasında tarix elmi və müqayisəli yanaşma ilə yanaşı, etnoqrafik materialların istifadəsi labüddür. Beləliklə, sözügedən anlayışın milli kimliyin formalaşmasındakı alternativ aspektləri üzə çıxarılacaqdır. Daha sonra isə bu diskurs analizində post-kolonial yanaşma ilə birlikdə, müasir dünyamızdakı izləri göstəriləcək, kollektiv şüurda bunun yeri izah ediləcəkdir.
Giriş
19-20-ci əsrlərdə kəskin dəyişən dünya siyasi arenasındakı xalqlar alternativ baxış bucaqları yaratmaq məcburiyyətində idi. İşğalçıların yerli elitaya və yaxud titul xalqa “gəlmə” deyərək, onların siyasi legitimliyini bitirib, sosial-xalq dəstəyini azaltma təşəbbüsü, reaktiv tarixşünaslığın formalaşmasına – psevdotarixşünaslığın yaranmasına gətirib çıxardı. Tarixə bu cür yaxınlaşma Azərbaycanda kökləri güclü olan türk milliyyətçiliyini dilemma qarşısına qoyur. Eyni zamanda bölünmələrə gətirib çıxarır. Alternativ tarixlər dünya tarixşünaslığında reputasiyası olmamasına baxmayaraq irrasional insan təbiətinə daha dərindən xitab edir deyə öz mövqeyini qoruya bilir. Bu mövzunun araşdırılması üçün simvolik interksionizmə baş vurulmalıdır. Buna səbəb həmin metodun araşdırılan sosial strukturlardan daha çox insanların mənanı və öz cəmiyyəti arasındakı münasibətləri dil kimi simvollar, jestlər və obyektlər kimi vasitələrlə necə formalaşdırdığını öyrənir. Həmin bu işğalçı təsirdə fərd-fərd təsir etdiyinə görə elmi dəstəkli baxış bucaqlarına zidd gedir. Bu da həm milliyyətçilik ideolojisinin təməllərini, həm də tarixşünaslığı sarsır. Baş verən bu tendensiya yalnız Azərbaycana deyil, bütün dünyaya məxsusdur və universal xarakter daşıdığı üçün dünya tarixindən nümunələr vermək mümkündür.
Metodoloji yanaşma
Mövzu universal xarakter daşıdığına görə müqayisəli tarix yanaşmasından istifadə edilmişdir. Bəzi spesifik tarixi hadisələrin şişirdilib, işğalçı dövlətin ideoloji xəttinə dəstək edilməsi təcrübəsinə qarşı, həmin hadisənin elmdəki yeri və bütün dünya xalqlarındakı yansıması göstərilimişdir. Müqayisə, lokal hadisələri qlobal kontekstdə yerləşdirərək, oxucuya köçlərin “normal” bir tarixi mexanizm olduğunu göstərir. Bu metod, Çarlz Tilli və ya Teda Skokpol kimi tarixçilərin yanaşmasına bənzər sayaqdadır.
Həmin köçlərlə bağlı hissəni çoxsaylı tarixi, arxeoloji və elmi mənbələrə (məsələn, Djuvara 2014, Wickham 2016, David 2010, Bostoen 2018, Eggert 2016) istinad edir. Bu, faktları dəstəkləmək üçün biblioqrafik araşdırma və mənbə qiymətləndirməsini əks etdirir. Mənbələr arxeoloji tapıntılar, genetik tədqiqatlar (məsələn, Yapon genetikası) və tarixi sənədlərdən ibarətdir.
Kimlik formalaşması, assimilasiya, etnik qarışma və sosial prosesləri (məsələn, genetik determinizm vs. sosial kimlik) təhlil edir. Köçlərin bioloji və mədəni təsirlərini ayırır, milliyyətçiliyin sosial nəticələrini (radikal reaksiyalar) müzakirə edir.
Kolonializm, milliyyətçilik və imperiya siyasətlərini (məsələn, “böl və idarə et”, ruslaşdırma) tənqid edir. Köçərilik narrativinin “aşağılama aləti” kimi istifadəsini ifşa edir və radikal reaksiyaların (psevdo-tarix) səbəblərini izah edir. Bu elmi obyektivliyə təsir edəcək ideologiyalara tənqidi yanaşmadır və davamında müasir potensial problemlər də göstərilmişdir.
Qeyd edilməlidir ki, sosial media bu gün insanların birbaşa fikirini fərd-fərd bizə göstərir deyə, mənbə kimi kifayət qədər çıxış edə bilər. Buna görə də antropoloji dəlillər üçün yetərincə effektiv üsul olaraq istifadə edilmişdir. Xüsusilə də, müasir dövrümüzdəki insanların “bayağı tarix iddialarına” olan reaksiyasını biz sosial mediadan izləyə bilirik.
Köçərilik narrativinin dünya tarixşünaslığında yeri
Bəşər tarixi böyük ölçüdə köçlər və miqrasiyalardan ibarətdir. Bu tərz böyük köçlərin səbəbkarı böyük ölçüdə iqlim və sosial-siyasi proseslərdən qaynaqlanan qeyri-sabitlik kimi səbəblər olmuşdur. Buna görə də demək olar ki, müasir ölkələrin əksəriyyətinin titul xalqları tarixin hansısa bir dövründə həmin ölkəyə köç etmişdir.
Xüsusilə də, tarixin istənilən dövründə böyük krallıq və imperiyaların hakim sülalələrinin bir çoxu yerli xalqdan ya olmayıb, ya da yerli xalqa qarışaraq assimilasiya olub. Buna misallar kifayət qədər genişdir. Məsələn, Rumınya tarixindəki ilk dövlətlərdən biri olan Valaxiya knyazlığı, Posada savaşında (1330) Macar ordusunu məğlub edərək, yerli Vlax xalqını azadlığa çıxarmış Kuman, ya da Peçeneq əsilli türk olan I Bassarabdan gəlir(Djuvara, 2014). İlk şərq slavyanlarının dövləti olan Kiyev Rus dövlətini quran Rurik, slavyan yox skandinaviyalı (varanq-vikinq) idi (Wickham, 2016). Modern Fransanın təməl dövləti sayılan Frank krallığının əsasını latın dilli və ya kelt dilli yerlilər yox, german tayfalarından olan Frank elitası və ordusu qoyub. Qədim Roma elitası atalarının Troyadan, yəni Kiçik Asiyadan gəldiyini müdafiə edirdi. Beləliklə, daha güclü legitimlik qazanmaq istəyirdilər. Dunay çayı sahillərində formalaşan Slavyan siyasi qurumu olan Ant krallığının elitası slavyan olmayan köçərilər – Sarmat-Alan tayfaları idi (Magosci, 2010).
Ümumiyyətlə, bütün Avropanın bu gün titul xalqları Avropaya sonradan köç ediblər. Qədim Avropa xalqları paleolit dövründə, çoxluq yerləşən ovçu-yığıcılar, Anadoludan köç edən Neolit dövrü əkinçilər idi. Daha sonra Sibirdən gələn Hind-Avropalılar, İranı, Hindistanı, Əfqanıstanı, Orta Asiyanı, Qafqazın bir qismini, bütün Avrasiya çöllərinin qərbini və Avropanı zəbt edib, assimilasiya etdilər (David. 2010). Avropaya ikinci axın isə Türk-Ural xalqları oldu ki, onlardan da geriyə Fin, Eston, Macar, Qaqauz və.s kimi Asiya köklü etnoslar qalmışdır. Yerli Avropalı saydığımız öncəki xalqlardan geriyə isə yerli Qafqaz camaatları və Basqlar qalmışdır.
Coğrafiyanı dəyişib, Koreya və Yaponiyaya keçdiyimiz zaman mənzərənin dəyişmədiyini görürük. Müasir Koreya dilində danışan, yəni çağdaş koreyalıların birbaşa atası olan tayfaların e.ə IV-III əsrlərdə, indiki Koreya yarımadasının cənubuna miqrasiya etdiyi düşünülür. Öncələri isə yarımadanın şimalı və Mancuryanın cənubunda yaşayırdılar (Hanguk, 2008). Bu miqrasiya yarımadanın cənubunda yaşayan Yayoi tayfasının ya assimilasiya olmasına, ya da ki Yaponiya adasına köçərək, oradakı yerli xalq olan comonları yaponlaşdırmasına səbəb olmuşdur (Miyamoto, 2022). Yəni, həm koreyalılar həm də yaponlar Mancuriyadan köç edərək, yarımada və adalarında köklü mədəniyyətlər qurmuşdurlar. Hamısı da yerli xalqın genetik varisliyini almışdır. Bu gün belə Yaponiya xalqı qədim yayoilərin dilində danışsa da, comonlarla genetik olaraq eyni mirası paylaşırlar (Yamamoto, Namba, Sonehara. 2024). Yəni, morfoloji xarakter ilə bərabər digər bioloji keyfiyyət Yapon xalqına təsir etmiş, amma dil və mədəniyyət böyük ölçüdə, Mancuryadan sonradan gələn Yayoilərin qolu olan Yamamoto tayfasının mədəniyyətindən təsirlənmişdir. Bu da isbat edir ki, biologiya ilə sosiologiya fərqli çalarlara və yanaşmaya sahib olduğundan, təbiətmənşəli olmayan, insanın kimlik yaratma mexanizminin təməlində durmur. Cəmiyyət öz kimliyini tədricən formalaşdırarkən genetik mirasına baxmır, buna görə də müasir yanaşma olan xalqlara genetik deterministik yaxınlaşma, sosial prosesləri izah etməkdə gücsüz qalır.
Çindəki Tabğaç, Yuan, Qinq kimi sülalələri çinli yox, quzeylərindəki savaşçı xalqlardan gəlirdilər.
Misalları genişləndirmək olar, amma elitanın xarici olmadığı, yerli olduğu kifayət qədər də örnəklər vardır. Misal olaraq, Efiopiyanı, Çinin müəyyən dövrlərini, Dravid sülalələrini və.s göstərmək olar, fəqət onların varlığı elita və tayfa köçlərinin önəmini azaltmır.
Yuxarıdakı faktlardan da çıxış edərək demək olar ki, köçlər bütün dünya tarixinin ən əsas mexanizmlərindən biri olmuşdur. Bu gerçəklərə olan münasibət tarixboyunca dəyişmişdir. Həmin dəyişimlərdən biri də, Avropanın siyasi yüksəlişi ilə başladı.
Problem əsaslı olaraq milliyyətçiliyin XVIII sonu, XIX əsrdəki yüksəlişi ilə ortaya çıxdı. Əksər kolonial güclər işğal etdikləri regionlardakı titul xalqın köçəri keçmişini bildirib, onların regiondakı legitimliklərini bitirməyə çalışırdılar. Həmçinin, xalqların köçərək yerləşməsi faktını bildirib, öz köçlərinə də haqq qazandırırdılar. Beləliklə, “terra nullius” – “kimsəsiz torpaq” və ya “heç kimin torpağı” damğasını yapışdırıb, bütün regionu işğal etmək üçün hüquqi əsas qazanırdılar. Bu termin qədim Roma hüququnda olan “res nullius”dan gəlir, yəni “kimsəsiz əşya” sözünün Avropanın sonrakı dövrləri üçün doktrinləşdirilmiş yeni versiyasıdır (Benton. 2010).
Niderlandlılar Güney Afrikaya yerləşərkən, bölgədə Bantu və daha az sayı olan Saan xalqları yaşayırdı. Bantu xalqları Saxara cənubundakı Afrikanın qərbindən(müasir Nigeriya/Kamerun) köç etmişdir. Bu köçlər davamlı olaraq e.ə V minillikdən bizim eranın 1000-ci illərinə qədər olmuşdur (Bostoen, 2018). Yavaş Bantu köçləri demək olar ki, bütün Afrikanın Qərbi ilə Cənubunu əhatə etmişdir. Qərbi Afrika bir növ Asiyanın Sibir və Monqolustan coğrafiyası kimi bir çox köçün başladığı yerə bənzəyir. Necə ki, həm Hind-Avropa xalqları həm də sonrakı Ural-Altay xalqları həmin coğrafiyadan tədricən gələrək, demək olar ki, Avrasiyanın əksər nöqtələrinə hakim olmuşdularsa, eyni vəzifəni bir növ, kobud səslənsə də Qərbi Afrika öz üzərinə götürmüşdür. Bunu da qeyd etmək gərəkdir ki, həmin Bantu xalqlarının köçü isə xarakterik olaraq daha çox Avropaya Hind-Avropa xalqlarından öncə köç edən Anadolu əkinçilərinin miqrasiyasına bənzəyir.
Bu köçlər nəticəsində Bantular yerli Saan və Nilo-Saxar xalqları ilə qarışmış və ortaq mədəni irs yaratmışdır (Eggert, səh 85-90, 2016). Bununla da, bölgənin sosial sferası dəyişmişdir. Bu hadisələrdən ən azı 600-700 il sonra gəlmiş Holland kolonialistlər üçün istifadə edilən siyasi və hüquqi instrumentə çevrildi. Boer liderləri işğal edilən torpaqlarda yaşayan Xosaları görməzdən gələrək “torpaq heç kimin deyil” iddiasını irəli sürdü (Noel, səh 533, 1992). Bu “boş torpaq” iddiası ilə öz sərhədlərini Cənubdan Şimala doğru genişləndirən hollandlar dirənişlə qarşılaşmağa başladılar. Həmin Xosa xalqı o regiona sonradan yerləşdiyi üçün də, Britaniya mətbuatı həmin toplumu “işğalçı” kimi tanıtmağa çalışırdı. (Noel, səh 465-468, 1992). “Xosalar orijinal yerli deyil, onlar quzeydən gələn işğalçılar olduğu kimi biz də dənizdən gələn işğalçılarıq” – fikri Holland boerlərlə britaniyalılar arasında keçmişdir (Noel, səh 558, 1992). Beləliklə, afrikalılar savaşa başladı. Təbii ki, texnoloji üstünlük Avropa qüvvələri tərəfində olduğu üçün qaçınılmaz son özünü göstərdi. Yenilən afrikalılar öz torpaqları üzərində hakimiyyəti de-fakto itirdilər. Bu “boş torpaq” mifi 1913-cü ildə rəsmiləşdirildi və daha sonrakı dövrlərdə “aparteid siyasəti” üçün açar faktorlardan biri oldu.
Bir növ hüquqi əsas qazanıb, yerliləri yendilər, həmçinin tayfaların bəzilərinə işğalçı deyib, aralarını vuraraq, məşhur “böl və idarə et” prinsipini həyata keçirdilər. Tayfa liderlərini dolayı yolla bir-biri ilə savaşdırır ya da hər cəmiyyətdə fərqli idarəçilik üsulu qururdu və onların birləşməyinin qarşısını alırdılar (Mahmood, səh 62-65, 1996) (Noel, 678-682, 1992). Bununla da, regiondakı digər xalqlarda həmin güclü tayfalara qarşı nifrət yaratdılar. Bu bir növ həmin Avropalı işğalçılar üçün daha asan regionu ələ keçirmə üsulu idi. Kolonialistlərin iddiasını gücləndirən faktlardan biri də, bantu tayfalarından bəzilərinin “fil dişi” ticarəti üçün cənuba köç edərək, arxeoloji tapıntılara əsasən 100 min ildir orada yaşayan və avtoxton sayılan saan xalqlarını bölgədən qovmasıdır. Bu dövlətlərdən biri də Mapunqbuqve krallığıdır(Telou, səh 5-8, 2002), bantulardan olan Kalanqa tayfası tərəfindən əsası atılıb. Bantular tərəfindən qurulan ən qədim dövlət sayılan Mapunqbuqve, aparteid siyasətinin nəticəsində radikallaşmış C.Afrika milliyyətçilərinin regiondakı dövlətçilik ənənəsinin qədim olduğunu göstərir.
Burada söylənməli olan məsələ budur ki, Avropa kolonialistləri bantu xalqına köçəri deyərək regionu boş adlandırsa da, bölgənin ən qədim əhalisi olan Saan xalqlarını görməzdən gəlir. Bu “boş torpaq” iddiasını rasionallaşdıran isə Avropa filosoflarıdır. Xüsusilə, Con Lokkun “kultivasiya olunmamış, əkilməmiş torpaq sahibsizdir” iddiası işğalçı Avropa qüvvələrinin siyasi-hərbi aktivliyinin rasionallaşdırılması aspektindən çox yararlı oldu. Con Lokka görə təbii durumlarında olan yerli Amerikalılar torpağı kultivasiya edə bilmədiklərinə görə torpaq onlara sahib idi, onlar torpağa yox. Avropalılar torpağı inkişaf etdirə bildiklərinə görə onların olmalı idi (Murray, səh 5-6, 2022). Holland hüquqşünas Hüqo Xrotis üçün isə dənizlər “heç kimin” deyildi. Burada da həmin mütəfəkkirin öz dənizçi dövlətinin xeyirinə fikir irəli yürütdüyünü görürük. Beləliklə, Quzey Amerikanın avropalılar tərəfindən məskənləşdirilməsi üçün rasional baza formalaşmışdı ki, bu sonradan Afrikaya yayılan eyniadlı qüvvələr üçün də hüquqi təminat rolunu oynadı.
Bu tərz yerlilərin hüququnun əlindən alınması və onların gəlmə adlandırılması əks reaksiyalar doğurdu. Elmi olaraq bantu xalqlarının gəlmə olması təsdiqlənsə də, bu fakta qarşı çıxan bantu milliyyətçi ideologiyalar ortaya çıxdı. Belə ki, özlərini Güney Afrikanın ən qədim sakinləri kimi görən marjinal anlayışlar, “köçəri” damğasından qurtulmaq üçün idi. Təbii ki, obyektiv tarixi yanaşmalar da oldu və köçün bütün dünya xalqlarının tarixində olduğunu bildirib, bunun xalqın legitimliyini əlindən almayacağını bildirən yanaşmalar ortaya çıxdı.
Kolonial “köçəri narrativi”-nin Azərbaycan tarixşünaslığına təsiri
Qafqazı tutan Rusiya imperiyası və daha sonra onun yerini alan Sovet imperiyası da bu tərz siyasət yeridərək, yerli xalqı və xüsusilə də türk xanları gəlmə adlandıraraq onları “köçəri”, yəni “sivilizasiyadan kənar” göstərməyə çalışırdı. Bununla da, regiondakı ağalığı üçün motiv tapırdı. Həmçinin dünyada gedən millətçilik tendensiyası XIX əsrin sonlarında Azərbaycanda özünü göstərməyə başlamışdı (Tadeusz, 1995). Etnik aşağılama Rusiya imperiyası dövründə də var idi, amma “Xarici torpaq sakini” mənasını verirdi və əsasən Rusiyanın şərq xalqları kimi qəbul etdiyi, lakin birbaşa imperiyaya tabe olmayan insanlar üçün işlədilirdi. Bu, müəyyən muxtariyyətə sahib olanları nəzərdə tuturdu. “İnorodets” termini, yəni, hərfi tərcüməsi “başqa nəsildən olan”, “başqa xalqdan olan” və ya “soydaş olmayan” deməkdir ki, tədricən hüquqi mənasını itirərək, geniş mənada aşağılayıcı bir ləğz kimi işlədilməyə başladı. Bu söz “mədəniyyətsiz”, “vəhşi”, “aşağı”, “ikinci dərəcəli insan” mənasını daşıyırdı. İstənilən qeyri-rus, xüsusən də şərq xalqlarına münasibətdə ümumi aşağılayıcı ifadə kimi işlənirdi. Bu termin, imperiyanın “inorodtsı” öz mədəniyyətinə assimilyasiya etmək (ruslaşdırmaq) siyasətini əsaslandırmaq üçün istifadə olunurdu (Audrey, 1992). Onları “aşağı” kimi təqdim etməklə, rus mədəniyyətini onlara “yüksək mədəniyyət” kimi yeritməyi “haqlı” görürdü. Buna görə də, tabe olan şəxs onun dinini qəbul edib, monarxına tabe olarsa, qəbul edilə bilərdi. Dövrün imperiyaları üçün din və monarxiya əsas olduğuna görə provaslavlıq və rus monarxiyasına tabe olmaq kifayət idi, amma 19-cu əsrdə yüksələn milliyyətçi və sosialist ideyalar etnik anlayışı daha aktual etdi. Bu ən çox özünü Sovet imperiyası dövründə göstərirdi. Öncəki dövrlərdə xalqı bir arada tutan dini inanclar idisə, müasir dövrdə legitimlik Tanrıdan yox, birbaşa xalqın özündən gəlməyə başlamışdı. Dini kimlik etnik kimlikdən daha geniş bir anlayış olmasına baxmayaraq, spesifik regionlarda identifikasiyanı tam bərqərar edə bilmədiyinə görə Azərbaycanda başlayan yeni kimlik arayışına ən dəqiq cavab böyük ölçüdə dildən və kültürdən gəlirdi. Dil türk dili idi, kültür isə böyük ölçüdə Türk, Qafqaz və İran kültürü idi. Bu təbii gedən bir prosesin məhsulu idi. 11-ci əsrdən regionun dominant gücü olan Oğuz Türkləri, şiə və daha sonra gələn Çingiz yasası altında yerli xalqlarla bərabər yaşamış və onlarla kifayət qədər qarışmışdı (Golden, 1992). Bu onların morfoloji görüntüsündən, mədəni detallarına qədər dəyişdirmişdi. 19-cu əsrdən ortaya çıxan əsassız “təmiz qan” anlayışı, bu təbii çulğalaşma-qarışma prosesini türklüyü itirmə kimi nümayiş etdirdiyinə görə 20-ci əsrdə yüksələn türk milliyyətçiliyində “dəyişdirilməyə çalışılan” bir detal kimi özünü göstərməyə başladı.
Bu tərz kimlik tənzimləmələri bir növ Sovet siyasəti üçün manipulyasiya şəraiti yaradırdı. Türklərin köçəri savaşçı bir xalq olaraq, Səlcuq imperiyası ilə bura gəlib, İslam Xəlifəsindən hüquqi dəstəyi alaraq, İslam dünyasının ən aparıcı gücə çevrilməsi faktı, həmin dövlət tərəfindən manipulyasiya edilərək, türklərin bu regionu “assimilyasiya etməsi” kimi göstərilirdi ki, daha lokal və kiçik etnik-identikliklər formalaşdırılsın. Bu məşhur “parçala və hökm et” siyasətinin bir parçası idi (Hasanli, 2018). Türklər işğalçı kimi göstərilərək, yerli xalqların gözündə “şeytanlaşdırıldı”. Gürcü və erməni kimi Qafqaz xalqlarından fərqli olaraq onlara köçəri və gəlmə deyilməsi, gələcəkdə həmin dövlətlərin bir-birlərinə xüsusilə, Azərbaycana olacaq torpaq iddiası üçün ideoloji əsas rolunu oynayırdı. Bu bir növ “kimsəsiz torpaq” yanaşmasının əksinə bənzəyir. Yəni, o torpaqlar “kimsəsiz deyildi” sahibləri siz idiniz və oranı işğal edən Türk tayfaları, sizin haqqınızı aldı”. Halbuki, tarixdə Türk orduları sırf islam dünyasının yardımı ilə regionda dominantlıq qurmuş və Qafqazdakı müsəlmanları Roma imperiyasına(Bizans) qarşı müdafiə etmiş, eyni zamanda İslam dünyasındakı parçalanmanın qarşısını almağa çalışılmışdı. Bu sıradan bir soyğunçu işğal yox, xəlifə və digər avtoritarlar tərəfindən dəstəklənən konsolidasiya prosesi idi (Faruk, 1999). Təbii olaraq bu proses həm türk tayfalarından bəzilərinin öz etnik mənsubiyyətini itirməsinə həm də bəzi xalqların türkləşməsinə səbəbiyyət verdi. Sovetlərin başqa bir təsiri isə tarixə mərhələli yanaşdıqlarından, ilk “milləti” yaradıb, sonra orada sosial bərabərlik qurub, daha sonra isə kommunizmi həyata keçirə biləcəklərinə olan inanclarından ortaya çıxdı. Belə ki, əslində Azərbaycanda millətçilik Sovet dövründə güclənir və daha çox lokal mahiyyət daşıyır. Bununla da, millətçilik mərhələsini keçməyi ya düşünürlər, ya da bu kortəbii surətdə həyata keçirirlər. Bu da tarixin saxtalaşdırılması ilə nəticələnir.
Tarixdə çox rastlanan bu hadisələr isə 1925-ci ildə İranda türklərdən hakimiyyəti Böyük Britaniya dəstəyi ilə alan Pəhləvilər tərəfindən də, Sovet imperiyası tərəfindən də istifadə edildi. Onların etnik “türk” mənsubiyyəti limitləndi və yeni adlar qoyulmağa çalışıldı (Suny, 1993). 1000 il öncə baş vermiş fəth prosesi yeni güc əldə etmiş qüvvələrin və işğalçı Rusiya imperiyasının istifadə etdiyi “siyasi alətinə” çevrildi (Həsənli, Azərbaycan Xalq cümhuriyyəti, 2018).
Türklərə söylənən “köçəri” sözü bir növ aşağılamaq üçün istifadə edildiyindən, GüneyAfrikadakı kimi Azərbaycanda da radikal “qeyri-elmi” tarixşünaslığın ortaya çıxmasına səbəb oldu. Radikal reaksiyanın simvolik inikası olan bir çox iddia ortaya atıldı(Sergei, 2013). Tək Azərbaycanda yox Türkiyədə də yeni formalaşan millətçilik dövrdə gərəkli olan ideoloji bazanı formalaşdırmaq üçün tarixi iddialar ortaya atıldı. Bunlara misal olaraq “Urmi nəzəriyyəsini”, Günəş Dil nəzəriyyəsini, şumerlərin ilk türklər olması iddiasını, etrüsklərin türk olması iddiasını, yerli amerikalıların türk olması iddiasını, 1930-cu il Türk Tarix tezisini, iskitlərin türk olması iddiasını göstərmək olar. Bu da bir növ türk millətçiliyini psevdo-tarixi faktlarla çevrələnməsinə gətirib çıxarmışdır. İnsan təbiətinin “ən”-lər arayışı da buna şərait yaratmışdır. Yəni, “sonradan gəlmə” adlandırılan türk xalqı, özünü hamıdan qədim adlandırmağa meylləndi və ya köçəri adlandırıldı deyə, “Urmiya nəzəriyyəsi” ilə Yaxın Şərqdə ortaya çıxdığını iddia etdi.
Problemli qisim türklərin köçəri olması deyil. Hər xalq köçəri kimi başlayıb. Məsələn, bunu iddia edən farsların ataları, Ural dağlarının cənubundan – Sintaşta mədəniyyətindən köçərək gəliblər(Kristiansen, 2023). Fəqət onların köçü ilə türklərin köçü arasında dövr fərqi vardır. E.ə II minilliyin sonları köç etdiklərinə görə onların köçü aktuallığını qorumamışdır, həmçinin millətçilik ideologiyası kimi ideologiyaların yüksəlişi o köçdən 3 min il sonra ortaya çıxmışdır. Fəqət həmin ssenarini Türk köçünə aid etmək olmaz. 1000 il öncə əsaslı köç edən türk ordaları, sadəcə bu miqrasiydan 700-800 il sonra ortaya çıxan, yeni ideoloji baxışın bir parçası olan dövlətlərin “etnik mənşəyinə fokuslanma” ənənəsinə tuş gəlmişdir. Belə demək olar ki, türk köçü qismən daha qədim dövrdə olsa idi siyasi instrument kimi tam istifadə edilməyə bilərdi.
Əsas problemli qisim, köçəriliyin yanlış görünməsidir. Köçəriliyin qeyri-legitim olması iddiası, türk millətçiliyin daxilində formalaşan tarix araşdırmalarının radikallaşmasına və obyektivliyini itirməsinə səbəb olmuşdur. Həmin tendensiyanın davamını bu gün Güney Azərbaycanda görürük. Belə ki, Azərbaycan türkləri birbaşa “fars adlı millətin olmadığını” iddia edəcək qədər radikal çıxışlar edirlər. Xüsusilə, bunu sosial mediada təqib etmək olur. Aralarından bəziləri isə özünə türkləşmiş iranlı deyərək, Pəhləvilərin farslaşdırma siyasətinin nəticəsi kimi çıxış edir. Bu tərz radikal çıxışlar, həmin xalqların dünya elmşünaslığı qarşısında reputasiyasını aşağı salır. Bununla birlikdə, obyektiv tarixşünaslığı müdafiə edən nümayəndələrə “xain”, “düşmənin oyuncağı” kimi görünməyinə gətirib çıxarır.
Digər problem isə Azərbaycan və Ermənistan respublikaları arasındakı konfliktin nəticəsi olaraq bölgənin tarixinin ideoloji standartlara uyğunlaşdırılması cəhdləri olmuşdur. Müasir siyasi gedişatda öz legitimliklərini göstərmək üçün 1000-2000 il öncəki tarixi hadisələrə istinad verən hər iki tərəfin də siyasətçiləri, psevdo-tarixi yanaşmaların ortaya çıxmasına bilavasitə təsir etmişlər.
Nəticə
Köçərilik və miqrasiya insan tarixinin ən fundamental hərəkətverici qüvvələrindən biri olmuşdur. Bəşəriyyətin yayılması, imperiyaların qurulması, dillərin və mədəniyyətlərin formalaşması demək olar ki, həmişə köç dalğaları üzərində baş vermişdir. Bu gün “titul xalq” adlandırdığımız demək olar ki, bütün etnoslar hansısa tarixi dövrdə “gəlmə” statusunda olmuş, yerli əhali ilə qarışaraq yeni sintez yaratmışdır. Franklardan koreyalılara, bantulardan oğuz türklərinə qədər bu qayda istisnasız işləmişdir.
Lakin XVIII–XIX əsrlərdə millətçilik ideologiyasının yüksəlişi və Avropa mərkəzli kolonial ekspansiya bu universal tarixi fakti siyasi silah halına gətirdi. “Köçəri = işğalçı = legitim olmayan” narrativi “terra nullius” doktrinası ilə birləşərək yerli xalqların torpaq hüquqlarını əllərindən almaq, kolonial işğalları haqq çıxarmaq üçün istifadə olundu. Bu narrativ Cənubi Afrikada “boş torpaq” mifi, Şimali Amerikada “kultivasiya edilməmiş torpaq sahibsizdir” prinsipi, Qafqazda isə “türk köçəriləri işğalçıdır” tezisində özünü göstərdi.
Rusiya və Sovet imperiyaları bu Avropa mənşəli narrativi regional şəraitə uyğunlaşdıraraq Qafqazda türk xalqlarını “gəlmə”, “köçəri”, “sivilizasiyadan kənar” kimi təqdim etdi. Bu təqdimat həm imperiya mərkəzinin hakimiyyətini leqallaşdırmaq, həm də regionda “parçala və hökm et” siyasətini həyata keçirmək üçün əvəzedilməz alətə çevrildi. Nəticədə Azərbaycan türkləri öz tarixi keçmişlərini müdafiə edərkən iki ekstremal yola məcbur qaldı:
- Köçəri keçmişi tamamilə inkar edərək qondarma “avtoxtonluq” iddiaları irəli sürmək (Urmi nəzəriyyəsi, Günəş Dil Teorisi, Şumer-Etrüsk iddiaları və s.);
- Köçəriliyi qəbul etsə də, bunu “bütün xalqlar köçəri idi” arqumenti ilə neytrallaşdırmağa çalışmaq. Özü-özlüyün də bu da yanlış anlayışdır çünki, köçəri keçmiş etnogenez öncəsi də var idi və bəzi xalqlar müəyyən regionlara avtoxton sayılacaq qədər gec dövrdə yerləşmişdir. Buna görə də, köçərilik insitutundan demək olar ki, heç bir detal qalmamışdır.
Hər iki yanaşma da obyektiv elmi tarixşünaslığa zərər vurmuşdur. Birinci halda psevdo-elmi miflər, ikinci halda isə reaktiv müdafiə psixologiyası ortaya çıxmışdır. Bu gün də sosial mediada “fars milləti yoxdur”, “ermənilər gəlmədir, biz 10 min ildir buradayıq” kimi radikal çıxışlar həmin köçəri narrativinin uzunmüddətli psixoloji travmasının nəticəsidir.
Əsl həll isə sadədir: köçəriliyi “leqitimsizlik” deyil, insan tarixinin normal və universal mexanizmi kimi qəbul etmək. Köçəri keçmiş heç bir xalqın bu günə olan hüququnu azaltmır, əksinə, mədəni sintezlərin, sivilizasiyaların əsasını təşkil edir. Azərbaycan türkləri də daxil olmaqla heç bir xalq “təmiz qan” və ya “ilk gələn” iddiasına ehtiyac duymadan, öz tarixi varisliyini qürurla daşıya bilər – çünki o varislik min illik köç, qarışma və sintez nəticəsində yaranmış zəngin bir mozaikadır.
Köçəri narrativinin yaratdığı travmanı aradan qaldırmağın yeganə yolu bu universal tarixi həqiqəti sakitcə qəbul etmək və “kim ilk gəlib” yarışından imtina etməkdir. Çünki tarixdə “ilk” yoxdur – yalnız müxtəlif dalğalarda gəlib birləşərək yeni reallıq yaradanlar var. Azərbaycan xalqı da bu birləşmənin ən parlaq nümunələrindən biridir.
Bu məqalənin üslubu həm də müasir problemlərdən biri olan “tarixə determinsit genetik” baxışın da mifik təbiətini göstərməyə çalışır. Belə ki, müasir tendensiya göstərir ki, genetika ilə “millət tapma” üsulu insanlara sürətlə satılır. Buna erkən cavab budur ki, bioloji əsas sosioloji aspektlərini tam əhatə etmir və tarixi elmi metodologiyada sosial adlandırmalar peformativ və dəyişkən olduğundan, həmin terminlərlə onu əhatə etmək demək olar ki, qeyri-elmidir. Xalqların adları və özadlandırmaları bioloji məsələ yox, sosioloji məsələdir. Buna görə də, individual olaraq köçləri izləmək genetika elminin bacardığı ən müstəsna bacarıq olsa da, xalqları kökdən adlandırmaq genetikanın qaldıra biləcəyi bir şey deyil. Genetika digər elmlərlə birlikdə bunu ifadə edə bilər və genetik mənşə xalqın kimliyinin adlandırılmasında dil və kültürdən qat-qat zəif bir göstəricidir.
Ədəbiyyat
- Anthony, David W. (2010). The Horse, the Wheel, and Language: How Bronze-Age Riders from the Eurasian Steppes Shaped the Modern World. Princeton; Oxford: Princeton University Press.
- Altstadt, Audrey L. (1992). The Azerbaijani Turks: Power and Identity under Russian Rule. Stanford: Hoover Institution Press.
- Benton, Lauren; Straumann, Benjamin (2010). “Acquiring Empire by Law: From Roman Doctrine to Early Modern European Practice”. Law and History Review, 28(1), 1–38.
- Bostoen, Koen (2018). “The Bantu Expansion”. Oxford Research Encyclopedia of African History. Oxford: Oxford University Press. https://doi.org/10.1093/acrefore/9780190277734.013.199
- Djuvara, Neagu (2014). A Brief Illustrated History of Romanians. București: Humanitas.
- Eggert, Manfred K. H. (2016). “Genetizing Bantu: Historical Insight or Historical Trilemma?”. Medieval Worlds, 4, 79–97.
- Golden, Peter B. (1992). An Introduction to the History of the Turkic Peoples: Ethnogenesis and State-Formation in Medieval and Early Modern Eurasia and the Middle East. Wiesbaden: Harrassowitz Verlag.
- Han’guk Kyowŏn Taehakkyo (2008). Atlas of Korean History. Cheongju: Department of History Education, Korea National University of Education; Singapore: Stallion Press.
- Hasanli, Jamil (2018). The Sovietization of Azerbaijan: The South Caucasus in the Triangle of Russia, Turkey, and Iran, 1920–1922. Salt Lake City: University of Utah Press.
- Həsənli, Cəmil (2018). Azərbaycan Xalq Cümhuriyyəti və Milli Kimlik. Bakı: Qanun.
- Kristiansen, Kristian et al. (2023). “The Indo-European Puzzle Revisited: Integrating Archaeology, Genetics, and Linguistics”. Science, 380(6648), 913–920. https://doi.org/10.1126/science.abj4175
- Mahmood, Mamdani (1996). Citizen and Subject: Contemporary Africa and the Legacy of Late Colonialism. Princeton: Princeton University Press.
- Miyamoto, Kazuo (2022). “The Emergence of ‘Transeurasian’ Language Families in Northeast Asia as Viewed from Archaeological Evidence”. Journal of Island and Coastal Archaeology, 17(1), 1–27.
- Mostert, Noël (1992). Frontiers: The Epic of South Africa’s Creation and the Tragedy of the Xhosa People. London: Jonathan Cape.
- Murray, Calum (2022). “John Locke’s Theory of Property, and the Dispossession of Indigenous Peoples in the Settler-Colony”. American Indian Law Journal, 10(1), Article 4.
- Steumu, Telou (2002). The Kingdom of Mapungubwe: A Historical Perspective. Limpopo Provincial Government Policy Research Paper. http://policyresearch.limpopo.gov.za/bitstream/handle/123456789/535/the%20kindom%20of%20mapungubwe.pdf?sequence=1
- Sümer, Faruk (1999). Oğuzlar (Türkmenler): Tarihleri, Boy Teşkilatı, Destanları. 5-ci nəşr. İstanbul: Türk Dünyası Araştırmaları Vakfı.
- Suny, Ronald Grigor (1993). The Revenge of the Past: Nationalism, Revolution, and the Collapse of the Soviet Union. Stanford: Stanford University Press.
- Swietochowski, Tadeusz (1995). Russia and Azerbaijan: A Borderland in Transition. New York: Columbia University Press.
- Wickham, Chris (2016). Medieval Europe. New Haven; London: Yale University Press.
- Yamamoto, Kenichi; Namba, Shinichi; Sonehara, Kyuto et al. (2024). “Genetic Legacy of Ancient Hunter-Gatherer Jōmon in Japanese Populations”. Nature Communications, 15(1), Article 872. https://doi.org/10.1038/s41467-024-45228-9
- Rumyantsev, Sergei (2013). “Nationalism and History Education in Azerbaijan: Challenges and Prospects”. Nationalities Papers, 41(6), 1034–1052.


Şərh yaz