İlk olaraq ingilis dilində “The Caspian Post“-da dərc edilib.
Son günlər İran Azərbaycanında Məhəmməd Hüseyni tərəfindən çəkilən “Tərlan” filminin geniş onlayn yayımı başlamışdır. Bu film son illərdə işıq üzü görmüş müstəqil İran-Azərbaycan kinofilmləri sırasındadır. İranda Azərbaycan türklərinin sayının çox olduğunu nəzərə alsaq, bir çox sahələr kimi, ölkənin kino sektorunun da azərbaycanlılardan təsirləndiyi aydın görünür. Əslində azərbaycanlıların kino sahəsindəki fəaliyyətləri bir mübarizə yolu kimi dəyərləndirilir. Bunun səbəbi isə XX əsrin əksər zaman dilimində etnik rejissorlardan filmlərini fars dilində çəkmələrinin rəsmi olaraq tələb olunmasıdır. Əlavə olaraq İran filmlərində daha aşağı bir mövqedə olan insan rolunu göstərmək üçün fars dilini türkcə ləhcə ilə danışan insanlarla tez-tez rastlaşırdıq. Bu vəziyyət uzun müddət davam etsə də, son bir neçə ildə kino sahəsində yaxşılığa doğru dəyişikliklər başlamışdır.
İnqilabdan əvvəl İranda azərbaycanlıların teatrı və kinosu
Ölkənin ilk kinomotoqrafı gənclik illərini İranın Azərbaycan əyalətinin qubernatoru olaraq keçirmiş Müzəffərəddin şah Qacar tərəfindən 1900-cü ildə təqdim edilmişdir. 1925-ci ildən sonra Rza Şah Pəhləvi hakimiyyəti ələ keçirəndə İranda qeyri-fars dillər rəsmi olaraq qadağan edildi, buna görə də ilk Azərbaycan-İran filmləri fars dilində idi.
İranda həm Azərbaycan kinosu, həm də teatrı ilə bağlı əhəmiyyətli şəxsiyyətlərdən biri Səməd Sabahidir (1914-1978). Şimali Azərbaycan sərhəddinin Rusiya tərəfində, Gəncədə dünyaya göz açan və Bakıda teatr təhsili alan Səbahi 1932-ci ildə Təbrizə köçmüşdür. Təbrizdə və İran Azərbaycanının digər önəmli şəhərlərində teatrın inkişafında, xüsusən 1941-ci ildə “Od gəlini” pyesinin səhnəyə qoyulmasında əhəmiyyətli rol oynamışdır. 1941-ci ildə İngiltərə və Sovet İttifaqı İranı İkinci Dünya müharibəsi dövründə qeyri-rəsmi olaraq parçaladılar. Fars olmayan millətlər nisbi mədəni azadlıq əldə etdilər. Müharibə sona çatanda Qırmızı ordu İranın şimalında qaldı. SSRİ başqa bir dövlətə dəstək verməklə təsir gücünü bir qədər qorumağa çalışdı. Buna nümünə olaraq Seyid Cəfər Pişəvərinin Azərbaycan Demokratik Partiyası nəzdində muxtar bir “Xalq höküməti” yaratması idi. Bu qısa zaman kəsimində (1945-ci ilin noyabrından 1946-cı ilin dekabrına qədər) Səbahi bir neçə teatr truppası qurdu və Təbrizdə yazılan bir çox əsərlərini ana dilində səhnələşdirdi. Bu əsərlərə klassik “Üzeyir Hacıbəyli” operettası, “Arşın mal alan” və kəndli üsyanın lideri Qaçaq Kərəmə həsr olunmuş “Qacaq Kərəm” pyesi daxildir. O Qərbi Azərbaycanda baş vermiş qan davasından qaçdıqdan sonra 15 ilini qaçaq olaraq keçirmişdi.
1946-cı ildə Səmədə Sovet Azərbaycanında yaşayan qardaşı, görkəmli yazıçı Gəncəli Səbahi müvəqqəti olaraq Azərbaycan Milli Hökuməti zamanı qoşuldu. Gəncəli Səbahi Azərbaycan Demokratik Höküməti dövründə Güney Azərbaycana qayıtmaq şansı əldə etdi. Lakin həmin ilin sonunda Azərbaycan Milli Höküməti süqut etdi və Azərbaycan dilində tamaşa və verlişlərə qadağa qoyulmağa yenidən başlandı. Qanunsuz mühacir olmaqda günahlandırılan Gəncəli Sabahi Lurıstan bölgəsinin “məhrum bir kəndinə” iki illik sürgün edildi. Səməd Səbahi də Azərbaycan Milli Höküməti dövründəki bir illik fəaliyyətinə görə cəzalandırıldı. O üç il sənət fəaliyyətindən uzaqlaşdırıldı. Bundan sonra yenidən işləməyə icazə verildi, ancaq İranın Azərbaycan bölgəsini tərk etməsi şərtilə.
Tehranda yaşayan Səməd Səbahi 1953-cü ildə “Arşın mal alan”ın film versiyasını hazırladı və Hacıbəylinin 1910-cu ilində yazılmış əsərinə əsaslanan “Məşədi İbad” musiqili komediyasına rejissorluq etdi. Ancaq bütün sözlər və hətta şeirlər fars dilində səsləndirildi, buna görə də bu film həm Quzey, həm də Güney Azərbaycanla birbaşa əlaqəsi olan ilk film kimi dəyərləndirilir və ehtimal olunur ki, bu film 1956-cı ildə Bakıda hazırlanan versiyaya nisbətən daha az rəğbətlə qarşılandı.
İran İslam İnqilabından sonra
1979-cu il İran İslam İnqilabından sonra Azərbaycan kinosu İranda yeni bir dövrə qədəm qoydu. İranın Azərbaycan əyalətləri olan Urmiya və Təbriz şəhərlərində bir neçə film sənəti ilə bağlı şirkət quruldu, rejissorlar Rəsul Malakalipur, Yadullah Səmədi, Yadullah Navasari və Həsən Mohammadzadə idi. Ancaq mədəni bərabərsizlik və irqi ayrı-seçkilik davam etdiyindən uzun illər Azərbaycan dilinin istifadəsi hələ də mümkün deyildi.
Əvəzində Yadullah Səmədi (1952-2018) kimi rejissorlar Azərbaycan mədəniyyətinə, xüsusilə folklora diqqət yetirirdilər. Bu cür filmlər arasında Türk mifik dastanı “Dədə Qorqud” epizodlarına əsaslanan bir qəhrəmanlıq filmi “Domrul”(1993), quldur hücumlarına müqavimət göstərən “Savalan”(1989) və “Saray”(1997) filmləri var. Bu filmlərin hamısı əvvəlcə fars dilində çəkilmişdi, amma sonra “Saray” filmi Azərbaycan türkcəsinə tərcümə edildi. Bu isə İrandakı azərbaycanlı tamaşaçılar tərəfindən böyük məmnuniyyətlə qarşılandı.
İranda Azərbaycan türkcəsində filmlər
90-cı illərdə İranda azlıqlara qarşı dil və mədəni ayrı-seçkiliyə qarşı mübarizə getdikcə daha intensiv hal aldı. Bu əsnada Araz çayının şimal tərəfində Azərbaycan Respublikasının müstəqillik qazanması İrandakı azərbaycanlılar arasında mədəni maarifləndirmə işlərinin aparılmasına kömək etdi. Sonralar nəhayət İran Cənubi Azərbaycan vilayətinin şəhərləri Təbriz, Ərdəbil, Urmiya və Zəncandakı vilayət kanalları üçün Azərbaycan türkcəsində film istehsalına başladı və televiziya proqramları hazırladı.
Reza Siaminin “Vüsal günləri” filmi kinoteatrlarda ekrana çıxmasa da, İranın bölgə televiziyalarında yayımlandı. Bu birinci uzun metrajlı İran-Azərbaycan kinosu məhsulu idi. Daha sonra 1995-ci ildə İran Azərbaycanının Ərdəbil bölgəsinin bir kəndində çəkilən Rəhbər Qənbərinin “O” filmi nümayiş olundu. Bir çox milli və beynəlxalq festivallarda mükafat aldı. Bir il sonra Qənbəri Birinci Qarabağ müharibəsində didərgin düşmüş Azərbaycan Respublikası qaçqınları haqqında film çəkmək üçün Azərbaycan Respublikasına səfər etdi və bu mövzuda “Arzu” filmini çəkdi. Amma bu film İran və Azərbaycanda ekrana çıxmadı. Həsən Nəcəfi, Babək Şirin Sefət, Vahid Azər və daha sonra Əli Ebdalı kimi digər İran-Azərbaycan kinorejissorları Azərbaycan Respublikasında və Türkiyədə bədii filmlər çəkmişlər, lakin bu filmlərdən heç biri, Qənbərinin filmlərindən biri istisna olmaqla, İranda nümayiş etdilmədi.
Vəziyyət qısa müddət ərzində daha yaxşılaşdı. Qısametrajlı filmlər İranda inqilabdan sonrakı illərdə populyar oldu, çünki hökümət ölkədə islam birliyini kinoda başlada və əks etdirə biləcək gənc rejissorlar yetişdirmək istəyirdi. Bu vaxt bir çox azərbaycanlı türk gənc bu fürsətdən istifadə edərək kino sektoruna daxil oldular və ana dilində qısametrajlı filmlər çəkməyə başladılar.
Bunlardan Rza Camali, İsmayıl Monsef, Fərhad Eyvazi, Şahzad Qureyşi və Ərk qardaşlarının (Bəhmən və Bəhram) adlarını çəkmək olar. Ərk qardaşlarının “Heyvan” 15 dəqiqəlik qısametrajlı filmi bir adamın sərhəddi aşmaq üçün qoç dərisi geyinib qoç halına gəldiyini göstərən hekayəsi ilə insanlığın sərhədlərini araşdırır. 2017-ci ildə nüfuzlu Kann Film Festivalında ikinci yer də daxil olmaqla, bir neçə mükafat qazanmışdır.
Hələ də inkişafda ciddi maneələr qalsa da, İranda müstəqil Azərbaycan kinosu tərəqqi edir. İnvestor tapmaqda və müxtəlif bürokratik problemlərdə çətinliklər qalmaqdadır. Yenə də son illərdə Azərbaycan türkcəsində çəkilən filmlərin sayında və keyfiyyətində çox irəliləyiş var. Bu günlərdə inkişaf edən Azərbaycan kinosu eyni halda ana dilini və Azərbaycan mədəniyyətini qoruma funksiyyası da daşıyır. Rejissor Əsgər Yusifinejadın 2016-cı ildə çəkdiyi “Ev” adlı bədii filmi İran kino tənqidçilərinin də diqqətini çəkmişdi. Təbrizdə Azərbaycan türkcəsində farsca altyazı ilə istehsal edilən film ənənəvi bir ailədən bəhs edir. Filmin qəhrəmanları ölən atalarını dəfn etmək istəyirlər, lakin atalarının cəsədinin tibb elminə bağışlamaq vəsiyyətini öyrənirlər. Bunun isə atalarının öz qızı və kürəkəni tərəfindən öldürdüyü gərçəyini ortaya çıxardacağı üçün qızı və kürəkəni bu işə mane olmağa çalışırlar. “Ev” filmi “NETPAC” (Asiya Kino İnkişafı üçün Şəbəkə) mükafatı ilə birlikdə İranın 35-ci Fəcr Film Festivalında ən yaxşı ssenari və ən yaxşı film üçün “Simorgh Zarrin” və “Simin” mükafatlarını qazanmışdır.
Filmin uğuru müstəqil İran-Azərbaycan kinosunda böyük səs-küyə səbəb oldu. Sonra İsmayıl Monsefin yazıb rejisorluq etdiyi “Kömür” filmi yayımlanır. Bu filmdə oğlunun həbsxanadan qaçaraq Azərbaycan Respublikası sərhəddinə keçməsi atası üçün faciəli hadisələrə səbəb olur. Daha sonra Reza Camali, Tokio 2019 Film Festivalında “Yaşlı adamlar heç vaxt ölmür” filmi ilə “Asiya ruhu” mükafatını qazandı. Bu, əvvəllər cəllad olub ölümün ruhunu qorxutmuş və kəndin ağsaqqallarını ölməz edən bir adamın heyranedici, yavaş templi bir hekayəsidir. 2020-ci il Fəcr Film Festivalında Nikki Kəriminin “Atabəyi” filmi Azərbaycan türkcəsində uğur qazandı. Türk mifologiyası mövzusuna əsaslanan Ərk qardaşlarının “Dəri” filmi iki kateqoriyada: ən yaxşı film və ən yaxşı film musiqisi mükafatını qazandı. İran kinosu üçün çox qeyri-ənənəvi olan “Dəri” qorxu janrındadır.
2020-ci ildə onlayn olaraq yayımlanan ”Tərlan” İranın daim irəliləməkdə olan müstəqil Azərbaycan kinosunun ən son filmdir. Filmdə canavar sürüsünün təhdidini çobanlıq təcrübəsinə görə əvvəlcədən öngörmək kənd əhalisi üçün fövqəltəbii bir qabiliyyət kimi görünməyə başlayır. Kəndlilər bunun sadəcə təcrübə ilə qazanılan bir bacarıq olduğuna inanmırlar və Tərlanın qeyri-adi güclərə malik olduğuna əmindirlər. Ondan kəndlilərə də möcüzə yaratmasını istəyirlər. Filmin anonsu dünya azərbaycanlıları tərəfindən sosial mediada geniş şəkildə paylaşıldı və bu hadisə Araz çayının hər iki sahilində, həm müstəqil Azərbaycan Respublikasında, həm də İranın Azərbaycan bölgələrində və çox uzaqlarda əhəmiyyətli bir tamaşaçı toplayacağını göstərdi. Hal-hazırda bu filmi beynəlxalq izləyicilərin onlayn olaraq ingilisdilli bir portal vasitəsilə təxminən cəmi 40 ABŞ qəpiyi ödəyərək izləməsi mümkündür.