İlk dəfə ingilis dilində “The Caspian Post“-da dərc edilib.

Kütləvi informasiya vasitələri sayəsində İrandan bəhs edərkən ağlımızda fərqli mənzərələr yaranır. Şübhəsiz, Azar Nafisinin “Tehranda Lolitanı Oxumaq” kitabı və 2012-ci il “Arqo” filmi kimi xatirələr Kanadada böyüdüyüm zaman ölkə barədə təsəvvürümə təsir etdi. Lakin sonra İran sərhəddindən şimalında, beş saatlıq məsafədə olan Bakıya, Azərbaycana köçdüm. O vaxtdan bəri İrana yeni prizmadan baxmağa başladım.

Keçən payız baş tutan İkinci Qarabağ müharibəsi zamanı mənə “Traktor” klubunun futbol oyunundan çəkilmiş qeyri-adi bir yutub videosu göndərildi. Video qol sevinci ilə bağlı deyildi. Videoda oyunçular görsənməsə də, kifayət qədər marağımı çəkdi. Görüntülərdə oyunçular əvəzinə Tehran stadionuna axın etmiş, “Traktor” klubunun formasındakı azarkeşlər öz əksini tapırdı. İfa etdikləri nəğmə futbol şüarı deyil, Üzeyir Mehdizadənin “Azərbaycan” mahnısı idi. Bu mahnını dəfələrlə eşitmişəm; taksilərdə və Bakı restoranlarında səsləndirilən populyar mahnılardan biridir. Bir əl ürəkdə, o biri havada, azarkeşlər kilsə mitinqindəki müjdəçilər kimi sıxılmış gözləri və var gücləri ilə nəğmə oxuyurdular. Nəğmənin tərcüməsi təxmini belədir:

 “Fəxr edirəm Vətənimlə,

Sən yaşa, Azərbaycan!

Gənclərin də səninlədir,

Sən yaşa, Azərbaycan!

Sən çağırsan, gələrəm mən,

Sən yaşa, Azərbaycan!

Eybi yox, sənin üçün ölərəm mən

Sən yaşa, Azərbaycan!”

Bu elə bir səhnədir ki, ilk baxışda belə fərz edə bilərik ki, onlar hansısa Bakı komandasını dəstəkləyirlər. Lakin “Traktor” İran komandasıdır. Düşünəndə, bəlkə də, bu qədər təəccüblənməməli idim. Axı Təbriz İranın əsasən azərbaycanlı-türk mənşəli insanlarının yaşadığı ən böyük şəhəridir. Bakıda çoxları buranı “Güney Azərbaycan” adlandırır. Bu futbol oyununda baş verənlər çox uzun bir hekayənin bir hissəsidir.

Dünyada Cənubi Azərbaycanın yeri nədir?

Azərbaycan Respublikasında hansı düşüncədə olmağınızdan asılı olmayaraq, İrandan bəhs edərkən eyni üçlü reaksiyanı eşidəcəksiniz.

“Fıstıq yarı qiymətə ucuzdur” – ucuz qiymətlər İranı alış-veriş üçün əla bir yerə çevirir.

“İcazə verin, həkimin vatsap nömrəsini verim!” – həm də tibbi turizm və plastik cərrahiyyə mərkəzidir.

Son olaraq, “İranda Azərbaycandan daha çox azərbaycanlı olduğunu bilirsiniz?”

Bakı sakinləri tez-tez İranın şimal-qərbindəki altı əyaləti “Güney Azərbaycan” adlandırırlar. Bəziləri bu sözü deyəndə gözlərini qırpır, bəziləri isə tam ciddi formada ifadə edir.

İrandakı rəsmi demoqrafik statistika, ümumiyyətlə, özü-özünü elan edən (self-declared) etnik kimliyi ehtiva etmir. Bu səbəbdən İranın azərbaycanlı əhalisinin kəmiyyət hesablamaları müxtəlif formadadır: 18 milyondan 40 milyona qədər. Nisbətən həqiqətə daha yaxın araşdırmalara görə, Azərbaycan türkləri bütün İran əhalisinin təxminən 23%-ni təşkil edir və ən çox altı şimal-qərb əyalətində məskunlaşır. Bu ərazi XVIII əsrin ortalarında İran imperiyasından ayrılaraq müstəqilliyini qazanmış, indiki Azərbaycan Respublikası ilə birlikdə bir zamanlar yarı müstəqil olan müsəlman-türk xanlıqları kimi idarə olunurdu. Sonradan bu ərazilər Qacar və Rusiya İmperiyası arasında müharibə meydanına çevrildi. Uzun sözün qısası, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrində Araz çayının cənubundakı torpaqların farslara (indiki İran), Arazın şimalındakı ərazilərin isə Rusiyaya verildiyi müşahidə edilir.

Xüsusən bir neçə tarixi dönüşdən, yəni Rusiya İmperiyasının nisbətən daha qapalı sistemə malik olan SSRİ-yə çevrilməsindən sonra bu müqavilələrlə ailələr bölündü, uzun müddətdir davam edən əlaqələr kəsildi. Nəticədə, ortaq bir mədəniyyətə və dilə xarici qüvvələr hər iki tərəfdən fərqli şəkildə təsir etməyə başladı. Bu günlərdə İrandakı Azərbaycan türkləri nə türk, nə də iranlıdır. Buna baxmayaraq onlar şimaldakı azərbaycanlı qardaşları ilə də eyni deyillər. Onlar, bəlkə də, hər üçünün fərqli bir mədəniyyət və tarixə malik birləşməsidir.

Dil hüquqları

Çox az sosial-linqvistik məsələ var ki, ana dili təhsili qədər ürəkdən istənilsin. Məlumdur ki, bir uşaq ibtidai məktəbdə evdə danışmadığı bir dildə təhsil almağa başladığı zaman əsas biliklərin təməllərini öyrənə bilmir və təhsil müddətində bu dil problemini kifayət qədər ciddi şəkildə yaşayır. YUNESKO milli dilə keçməzdən əvvəl ibtidai məktəb illərində ana dilli təhsili təşviq edir, bu da uşaqların eyni zamanda yeni bir dil öyrənmək üçün əlavə stress olmadan ən vacib anlayışları mənimsəmələrini təmin edir. Pakistanın “Cutting Edge” qəzetində yazdığı məqalədə, Rəşid Əli yazır: “… bilik bacarıqları ana dilinin sayəsində inkişaf edir ki, şagird tənqidi qiymətləndirə, vizual olaraq təsəvvür edə və hesablaya bilsin. Eynilə, elmi anlayışlar da ana dilində öyrədiləndə daha yaxşı qurulur”.

Beləliklə, sosial-dilçilik təhsili alan biri olaraq İranda azərbaycanlıların dil hüquqlarının vəziyyətini öyrənmək istəyirdim. Ailələrin övladları üçün ana dilində təhsil almaq imkanı varmı? Bəlkə də ikidilli təhsil? Proqramlaşdırma üçün dövlət tərəfindən vəsait ayrılırmı? Hökumət ümumiyyətlə millətləri tanıyırmı? Görüşlər, şənliklər və ya mərasimləri öz dillərində keçirməyə icazə varmı? İranın ali lideri Ayətullah Əli Xamaneinin ata tərəfdən İran azərbaycanlısı olmasına baxmayaraq, bütün bu sualların cavabı bir qədər qəribə bir şəkildə “yox” oldu. İran Təhsil Nazirliyindən verilən məlumata görə, ləhcəyə belə sahib olmaq sizi müəllim olmaqdan məhrum edir.

Göl, Qala və Xalq

Bu yanaşma İrandakı Azərbaycan türklərinin bir şəkildə sıxışdırıldığı anlamına gəlirmi? Sual həm mürəkkəb, həm də mübahisəlidir. Cavab çox güman ki, kimdən və nə zaman soruşacağınıza bağlıdır.

Su qıtlığı məsələsini götürək. Bu yaxınlarda 2021-ci ilin iyul ayında Kərxə çayının yenidən istiqamətləndirilməsi ilə bağlı Əhvazi etirazlarından gördüyümüz kimi təbii sərvətlərin düzgün idarə edilməməsi azlıq xalqları ilə milli hökumət arasında dərin inamsızlığın mənbəyi ola bilər. İranın şimal-qərbində son bir neçə onillikdə səthinin sahəsi 90% azalmış Urmiya gölünün YUNESKO-ya daxil edilmiş biosfer qoruğu “Azərbaycan türklərinin Kərxə çayı” adlandırılmışdır. Dünyada bir çox böyük duzlu su sahələri sürətli şəkildə quruyur, lakin İrandakı bəzi Azərbaycan türkləri bu bəlanın sürətli irəliləməsində hökuməti günahlandırır və gölə laqeyd yanaşmanın onu əhatə edən və istifadə edən etnik mənsubiyyətdən qaynaqlandığını israrla qeyd edirlər.

Şəkil: Wikimedia Commons vasitəsilə Public Doman

Turizm məkanından daha ali simvol olmaqla Babək Qalası İrandakı bir çox Azərbaycan türkünün kimliyinin göstəricisidir.

İranın şimalının ən dramatik turistik yerlərindən biri olan Babək qalası ətrafında mübahisə birbaşa şəkildə etnosiyasət ilə bağlı idi. Uçurumun üstündəki xarabalıqlar 815-ci ildə Ərəb xilafətinə qarşı 22 illik qiyama başlayan IX əsr Azərbaycan qəhrəmanı Babək Xürrəmi ilə ayrılmaz şəkildə əlaqəlidir. Təxminən 1999-cu ildən bəri İranın şimal-qərbində yaşayan minlərlə Azərbaycan türkü qəhrəmanın doğum gününü qeyd etmək üçün Kəleybərdən Babək qalasına qədər 14 km məsafəni qət edirdi. Lakin 2005-ci ildə çox sayda insanın gəzinti zamanı tutulduğu və ən az 21 nəfərin bir ilə qədər həbs cəzasına məhkum edildiyi bildirildi. 2006-cı ildə Azərbaycan türkləri ilə İran hakimiyyəti arasındakı gərginlik son həddə çatdıqdan sonra bu bayramın qeyd olunması tamamilə dayandırıldı.

Bir dövlət qəzetinin uşaq bölməsində təxribatçı və təhqiramiz bir karikatura nəşr etdirməsi iki tərəf arasında qığılcımı yaradan hadisə oldu. Farsdilli insanlar Azərbaycan dilini təhsilə uyğun olmayan formada (uneducated) səsləndiyini ifadə etdi. Lakin bu narazılıq daha da inkişaf getdi və karikaturaların birində Azərbaycan dilində danışanların böcək kimi təsvir edilməsi ilə qarşıdurma pik həddə çatdı. Bu təhqiramiz epizodun cavabında karikaturaçının həbsə atılmasına və qəzetin bağlanmasına baxmayaraq, bu reaksiya İran azərbaycanlıları arasında küçə nümayişləri dalğası ilə özünü göstərdi. Etirazlar yatırıldı. “Amnesty International” minlərlə adamın saxlanıldığını, yüzlərlə adamın həbs edildiyini və 27 nəfərin öldürüldüyünü bildirdi. Səlahiyyətlilər ölənlərin olduğunu, lakin rəqəmlərin mübahisəli olduğunu qəbul etdilər.

O dövrdə bu, Qərbdə İranın azlıqlara qarşı dözümsüzlüyünün nümunəsi kimi qiymətləndirildi. Ancaq  nəticəyə gəlməzdən əvvəl tarixi xatırlatmağa dəyər: May 2006. Əfqanıstanı işğal edən və Səddam Hüseynin İraqını devirən Corc Buşun ABŞ rejimi getdikcə İrana qarşı münasibətini neqativ formada inkişaf etdirir, onu “şeytanın müttəfiqi” adlandırırdı. 2006-cı ilin aprelində ABŞ-ın İranla müharibə etmə ehtimalı qlobal xəbər mediasında geniş müzakirə olunurdu. Bu kontekstdə ölkənin manipulyasiyaya açıq ola biləcək etnolinqvistik nümayişlərə nəzarəti əlində tutması bir az da təəccüblü görünür. “Amnesty International” “karikatura nümayişləri” hesabatında səlahiyyətlilərin narahatlıqların “ABŞ və digər xarici qüvvələr” tərəfindən qızışdırıldığını iddia etdiklərini qeyd edir.

Səbəb nə olursa olsun, nəticədə Babək qalasına illik gediş o qədər nəzarət altına alındı ki, cazibəsini itirdi. Etnolinqvistik kimliyi “ortaya çıxarmaq” və ortaq tarixin həmrəyliyini qeyd etmək üçün ən görkəmli çıxış yolu indi əlçatmaz oldu.

Milli Kimlik İdeyası

Bu nöqtədə əsas məsələ etnolinqvistik milli kimlik anlayışının müasir mənada əslində XIX əsrdə Avropada inkişaf etmiş bir anlayış olduğunu xatırlatmaqdır. Daha sonra Xəzər bölgəsi ətrafında yer alan üç imperiya – Rusiya, Qacar və Osmanlı Birinci Dünya müharibəsinə qədər böyük müxtəlifxalqlı (multi-cultural melting pots) mərkəzlər olaraq qalırdı. Lakin Böyük müharibənin tamamilə yekunlaşmasından sonra hər biri milli dövlətlərin yeni dünya nizamına çox fərqli yanaşdı. Osmanlı İmperiyası bir çox kiçik ölkələrə parçalandı, özlüyündə isə respublikaçı Türkiyə nisbətən homogen bir türk kimliyi yaratmağa yarı müvəffəqiyyətlə yönəldi. Rusiya İmperiyası 1920-ci illərdə hər biri öz etnolinqvistik kimliyinə malik, lakin rəsmi olaraq rusiyapərəst, sosialist doktrinanı etnik mənsubiyyətdən üstün tutan, nominal olaraq ayrı-ayrı sovet respublikalarının birliyi olaraq bir araya gələrək fərqli bir yanaşma qəbul etdi. Türkiyə kimi XIX əsrdə qonşularına itkilər verərək əhalisi əhəmiyyətli dərəcədə azalmış olan Fars İmperiyası da Birinci Dünya müharibəsindən sonra tamamilə qəddarlaşdı. Neytral olsa da, imperiyanın böyük hissəsi rəqabət aparan dövlətlər arasında mübarizə meydanına çevrildi və 1917-1919-cu illər aralığında əhalinin dörddə biri öldü.

İmperiyanın xarabalıqları İran milli dövləti olaraq yenidən meydana çıxdı. Qəzaya uğramış ölkəni birləşdirmək üçün yeni Rza Pəhləvi rejimi bütün idarəetmənin, təhsilin və nəşrin fars dilində aparılmasını tələb edən bir dil siyasəti qəbul etdi. Nəticə, kürdlər, lurlar, əhvazi ərəbləri, bəluclar, türkmənlər və xüsusən Azərbaycan türkləri də daxil olmaqla əhalinin yarıdan çoxu üçün ana dilli ədəbiyyat və məktəblərə möhür vuruldu. Bununla birlikdə, fars dili siyasəti respublikaçı Türkiyədəki bənzər hərəkatlardan daha az amansız idi və bu günlərdə bir çox azlıqların dilləri gündəlik olaraq çox geniş şəkildə danışılırdı. Bu şəkildə İran bir çox digər ölkələrdən fərqli olaraq Birinci Dünya müharibəsindən əvvəlki Yaxın Şərqin çoxmillətli xüsusiyyətlərini özündə daha çox saxladı.

Qəribədir ki, müasir Qərbin post-modern multikulturalizmə çağırışlarına baxmayaraq, İranın daha dərin köklərə malik, daha zəif əsaslı, geniş yayılmış etnik qarışıq modeli kimlik siyasətinin hökm sürdüyü XXI əsrin dünyasına uyğun gəlmir.

1930-cu illərdən bəri İran əlavə olaraq qeyri-fars dil hüquqları tələb etmək cəhdlərini separatizmə doğru addımlarla eyniləşdirdi. Həqiqətən də xarici qüvvələr vaxtaşırı Tehranı sarsıtmaq üçün bir vasitə olaraq etnik gərginliyi gücləndirməyə və hətta yaratmağa çalışdılar. Ən dəhşətli nümunə İkinci Dünya müharibəsindən sonra oldu. Müharibə vaxtı İran bir daha bölündü (Britaniya və Rusiya qüvvələri arasında). Müharibədən sonra Stalin cənub sərhədlərində möhkəmlənmək istədi. Sovetlərin İranın şimal-qərbindəki işğalını möhkəmləndirmək üçün iki kukla dövləti – xüsusilə Kürd Məhabad Respublikası və Təbrizdə yerləşən Azərbaycan Xalq Hökuməti yaradıldı. Əslində dövlətlərin hər ikisi təmsil etdikləri xalqlarının dil hüquqları tapdalandığı üçün haqlı idi. Dil hüquqları həqiqətən bir mübahisə mövzusu olsa da, etnik azadlıq bayrağının SSRİ-nin ərazi genişlənməsi üçün imkan yaratdığına və əslində Təbriz hökumətinin əsasən Sovet rejimi tərəfindən Bakı vasitəsilə idarə edildiyinə şübhə yoxdur. Bu qısa müddətli təcrübənin xatirələri Qərbdə çoxdan unudulmuşdur. Bununla birlikdə, bu tarix İranda hər dil hüquqları çağırışları yüksəldiyi anda xatırlanır. Çünki bu xarici müdaxiləçilər üçün əlavə vasitə ola bilər.

İslam Respublikası müxalifətin nümayişlərinə dözümlü olan bir ölkə deyil və 2006-cı ildə “karikatura nümayişçilərinə” qarşı etdiyi basqılar həqiqətən qorxunc bir reaksiya idi. Ancaq bir neçə il sonra Obamanın Ağ Evdə olması və beynəlxalq gərginliyin bir qədər azalması ilə Azad Avropa Radiosunun 2010-cu il hesabatına görə, o zaman Azərbaycan türklərinin yalnız az bir qismi İranda dil təminatının vəziyyəti ilə bağlı narahatlıq keçirirdi. Həqiqətən də, bir çoxları uşaqlarının əsasən Azərbaycan dilində təhsil alsalar, bunun fars dilində danışmağın ön şərt olduğu bir cəmiyyətdə gələcəkdə uğur qazanma şanslarını aşağı sala biləcəyindən narahatdırlar.

Trampın İranla nüvə anlaşmasını birtərəfli qaydada ləğv etməsi və sərt beynəlxalq sanksiyalar tətbiq etməsindən sonra Amerikanın rəsmi Tehranla və İranın öz daxilində gərginlik yenidən artdı.

Traktor Futbol Klubu barədə

Dr. Brenda Şafferin 2020-ci il monoqrafiyasında yazdığı kimi, İran “etnik əsaslı açıq siyasi təşkilatlara, partiyalara və ya fəaliyyətlərə icazə vermədiyindən İran Persiyadan daha çoxudur … idman və ekoloji fəaliyyət kimi siyasi olmayan sahələr surroqat rolunu oynayır. “

Bu, bizim diqqətimizi “Traktor” futbol klubuna çevirir. Futbol klubu 1970-ci ildə Təbrizdəki traktor zavodunda qurulub. Hal-hazırda İranın ən yüksək futbol liqasında oynayan komanda son illərdə AFC Çempionlar Liqasının qrup mərhələlərinə çıxaraq və 2018-ci ildə “Uels” və “Liverpul”un 1970-ci illərində qəhrəmanı Con Toşak tərəfindən qısa müddətdə çalışdırılaraq beynəlxalq diqqəti cəlb etmişdir.

Şəkil: Arezamm/Wikimedia Commons

Təbrizdəki Səhənd stadionunda oturacaqlar “Traktor” tərəfdarlarının qırmızı formaları ilə doludur.

“Traktor”un oyunları təxminən 60.000 azarkeşin davamlı iştirakını cəlb edir. Bir araya gələrkən o azarkeşlər çox vaxt cəsarət tapırlar, əks halda susduqları fikirləri və narazılıqlarını qarşılıqlı həmrəylik hissi ilə bölüşürlər.

Oyundakı azarkeşlərin yutub videosu məqalənin əvvəlində təsvir edildiyi kimi tez-tez Azərbaycan-Türk birliyinin təzahürləri kimi görünür. Şüarlar müxtəlifdir və çox vaxt yaradıcıdır. Aşkar siyasi nümunələrə aşağıdakılar daxildir:

“Təbriz, Bakı, Ankara, biz hara farslar hara”

“Azərbaycan bizimdir, Əfqanıstan sizindir”

“Hər kəsin öz dilində təhsil almaq hüququ var.”

“Fars faşizminə son qoyun.”

“Yaşasın azad Azərbaycan”

“Bizi sevməyənlərlə cəhənnəmə” və

“Türk olduğumuz üçün qürur duyuruq.”

Bəli, onların oyunları dövlət televiziyasında yayımlanır. Baxmayaraq ki, 2017-ci ilin noyabrında bir matçda rejim əleyhdarları “Xamaneiyə ölüm” şüarını səsləndirməyə başlayanda televiziya provayderinin xəbəri kəsdiyi bildirilirdi.

“Traktor” azarkeşləri dinc etiraz və nümayiş keçirmək üçün futbol oyunlarının təhlükəsiz mühitindən istifadə edirlər. Şəkil: azev.se

Azarkeşlərin favoritləri qadın hüquqları ilə əlaqəli olan şüarlardır. Brenda Şafferin hesabatına görə, klubun pərəstişkarları bu cür bəstə oxuyurdu:

“Ah anam, bacım və həyat yoldaşım.

Siz xanımlarsınız! Kişi və qadın bərabərdir.

Cəmiyyətdə iştirak etmək təbii hüququnuzdur.

Azərbaycan türk xanımları, qalxın və haqqınızı əldə edin!”

“Mançester Yunayted” azarkeşlərinin belə bir addım atmasını görmək çətindir, lakin Traxtor azarkeşləri bunu ediblər. Bu arada, bəzi şəxslər bir çox qadının kişi kimi geyinərək matçlara (rəsmi olaraq yalnız kişilərə aid olan sahələr) getdiyini bildirir. Maraqlıdır ki, onlar bu şüarı eşidəndə necə hiss edir: “Azərbaycanın qızları göyün ulduzlarıdır!”

İş mahnı oxumaq və pankartlarla da bitmir. İnstaqramda 677.000 və tviterdə 72.000 izləyicisi olan “Traktor”un sosial mediası nümayişləri və aktivliyi səfərbər etmək potensialına malikdir. Bu platformalarda Azərbaycan türkcəsində yazılan yazılar Azərbaycan türklərinin qeyri-rəsmi bir təşkilatı olaraq qəbul edilir və hesablar etnonasionalizmlə doludur. Bununla birlikdə, səlahiyyətlilər, nəhayət, insanların fikirlərini bölüşməsinə icazə verməyin daha yaxşı olduğunu öyrənmiş ola bilərlər.

Klubun nəhəng Səhənd Stadionu, Təbrizin cənub hissəsinin kənarında, düz bir dağ vadisinin ağzında yerləşir. Şaffer Şərqi Azərbaycan əyalətində təhlükəsizlik rəisinin müavininin “Traktor”un qızğın pərəstişkarları haqqında dediklərini qeyd edir: “Qoy istədikləri hər şeyi şəhərin kənarındakı stadionda səsləndirsinlər və sakit qayıtsınlar.”

Stefani Lazerte

Bütün yazıları göstər