2006-cı ildən bu yana azərbaycanlılar tərəfindən təşkil edilən etirazlar

İctimai hərəkatların dinamikasını öyrənən nəzəriyyəçilər tez-tez bir sosial hərəkatda fərdi iştirak və dəstəyi izah etməyə çalışırlar. Bəzi nəzəriyyəçilər çərçivəyə uyğunlaşma müddətini ictimai hərəkatda iştirak üçün zəruri şərt kimi görürlər (1). Snou və tərəfdaşlarına görə, çərçivə birliyi, fərdlərin maraqlarını və məqsədlərini ictimai hərəkatların maraqları ilə əlaqələndirmə prosesidir. Başqa sözlə, bu “insanların bir mövzunun konkret konseptualizasiyasını inkişaf etdirməsi və ya bir mövzuya dair düşüncələrini yönləndirməsi prosesidir” (2). Bu mənada “çərçivələr bir ictimai hərəkat təşkilatının fəaliyyətini ruhlandırmaq və qanuniləşdirmək üçün tətbiq olunan fəaliyyət yönümlü inanclar və mənalar toplusudur” (3).

Ümumiyyətlə, insanlar hər hansı bir məsələ və ya problem üçün fərqli və tez-tez rəqabətli çərçivələrə məruz qalırlar (2). Fərdin müəyyən bir çərçivəni seçmək üçün etdiyi seçimlər, onların istiqamətini və ictimai hərəkatda iştirakını formalaşdıra bilər. Bu məqalədə rəqabətçi çərçivələrin mövcudluğu və çərçivələrin fərdlərinin İrandakı etirazlarda iştirakına təsirləri araşdırılır. Bundan əlavə, bu məqalə çərçivə uyğunluğunun fəalların Güney Azərbaycan Milli Hərəkatı tərəfindən təşkil olunan etiraz aksiyalarına insanları səfərbər etmək qabiliyyətinə təsirini araşdırır. Bu səbəblə çərçivələr və siyasi imkanların qarşılıqlı əlaqəsini nəzərə alaraq kontekstual baxış bucağı seçilmişdir (4).  Tədqiqat üç əsas hissədən ibarətdir. İlkin olaraq əsasən gözlənilməz və təhdid edici və ya riskli hadisəni, hansı ki vəziyyət tamamilə gözlənilməz və kütləni təhdid edən problemlər olaraq xarakterizə edilən etirazlar və ya etirazların nizamı araşdırılacaqdır. Daha sonra Güney Azərbaycan Milli Hərəkatının və İran dövlətinin rəqabətçi çərçivələrinin müxtəlif yollarla səfərbərliyi azaltdığı və ya artırdığı göstəriləcəkdir.

Nəhayət, çərçivə təhlili siyasi imkanları nəzərə alaraq azərbaycanlı etirazçıların qəbul etdiyi şəkildə tamamlanacaqdır. İran rejiminin avtokratik xüsusiyyətlərini nəzərə alındığında “qəbul edilən” siyasi fürsət termininə üstünlük verirəm.  Bu araşdırma 2006-cı ildən bəri İrandakı etirazların dinamikasına dair dərslərin xülasəsi ilə başa çatacaqdır

İranda azərbaycanlıların şikayət və etirazları

Arxa plan

Həm Azərbaycan Respublikasında, həm də İranda yaşayan azərbaycanlılar etnik mənşəyinə görə əsasən türklərdir. Azərbaycan Respublikasında 9,8 milyon azərbaycanlı yaşayır, azərbaycanlıların əksəriyyəti İranın şimal-qərbində və İranın Tehran və Qum kimi mərkəzi şəhərlərində yaşayır. İranda etnik türk əhalisinin sayını göstərən rəsmi siyahıyaalma olmasa da, təxminlər 20 ilə 40 milyon arasında dəyişir. İrandakı türklərin sayının yeganə rəsmi qiymətləndirməsini İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi etdi. Onun qiymətləndirməsinə görə iranlıların 40%-i (təxminən 32 milyon nəfər) türk dilində danışır. İrandakı etnik quruluşa azərbaycanlı, azəri, türk və ya Azərbaycan türkü kimi müxtəlif adlar verilmişdir. Azərbaycanlı adı etnik mənşəyi türk olan çox sayda insanın yaşadığı ərazinin adından yaranmışdır.

Sovet İttifaqı və İran dövləti qrup şəxsiyyətlərin yenidən qurulması üçün fərqli siyasət yürütdükləri üçün bu insanları fərqli adlarla çağırdılar. Məsələn, Stalin Azərbaycan terminini etnik kimlik kimi müəyyənləşdirsə də, eyni termin xalq üçün regional və milli kimlik mənasını verirdi. Bu araşdırmada “azərbaycanlı” termini, İranın şimal-qərb əyalətlərində yaşayan, Azərbaycan olaraq bilinən türk etnik mənşəli şəxslərə aid ediləcəkdir. Bu bölgəni (keçmiş Sovet) Azərbaycan Respublikasından ayırmaq üçün Güney Azərbaycan terminindən istifadə ediləcəkdir.

Güney Azərbaycan termini, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan və Qəzvin kimi İranda əsasən türk əhalisi olan şəhərlərə istinad etmək üçün istifadə olunan ümumi bir termindir. 1979-cu ildə İranda baş verən İslam İnqilabından bəri Güney Azərbaycanda Azərbaycan Milli Hərəkatı adlı hərəkat inkişaf etmişdir. Bu xüsusi ictimai hərəkat təşkilatının (THO) əsas məqsədi Cənubi azərbaycanlılar üçün mütənasib təmsilçilik, sosial-mədəni hüquqlar və öz müqəddəratını təyinetmə hüququnu əldə etməkdir.

Şikayət və etirazlar

Struktur və təsadüfi şikayətlər arasındakı fərqin ayırd edilməsi İrandakı azərbaycanlı etirazlarının quruluşuna aydınlıq gətirir. Struktur şikayətləri bir qrupun sosial bir quruluşda əlverişsiz mövqeyindən qaynaqlansa da, təsadüfi şikayətlər qrupları risk altına alan tamamilə gözlənilməz bir vəziyyətdən irəli gəlir. Struktur şikayətlərdən fərqli olaraq, təsadüfi olanlar bir qrupun birgə hərəkət etmək imkanlarını artırır (5). Təsadüfi şikayətlər kortəbii səfərbərliyin başlamasında mühüm rol oynaya bilər. Xüsusən İran kimi avtokratiyada, ictimai hərəkatların əhəmiyyətli maliyyə və siyasi qaynaqları və ya ortaq bir hərəkətə imkan verən media azadlığı olmadığı yerlərdə bu belədir. 

Struktur şikayətləri

İrandakı azərbaycanlıların vəziyyətini və ictimai hərəkatın irəli sürdüyü diskussiyaları nəzərə alaraq, azərbaycanlıların struktur şikayətlərinin sosial-mədəni məhrumiyyətlərə, iqtisadi ayrıseçkiliyə və ekoloji böhrana söykəndiyini söyləmək olar. Fars dili İranın yeganə rəsmi dilidir və azərbaycanlılar məktəblərdə ana dilini öyrənməkdən məhrumdurlar. Onların mədəni irsini qorumaq üçün heç bir rəsmi dəstəyin olmaması 1925-ci ildə bir millət dövləti qurulandan bəri Pəhləvi sülaləsinin həyata keçirdiyi məcburi assimilyasiya siyasətinə əsaslanır. Bu sosial-mədəni məhrumiyyət Azərbaycanda narazılıq və şikayətləri artırır.

Digər bir struktur şikayət əyalətlər arasında rifah bərabərsizliyinə aiddir. Azərbaycanlı fəallar hökumətin qeyri-mütənasib miqdarda büdcə və sənaye istehsalını farslar məskunlaşan əyalətlərinə ayırdıqlarını, azərbaycanlıların isə farsların məskunlaşdığı bölgələrdə iş tapmaq üçün öz torpaqlarını tərk etməyə məcbur qaldıqlarını bildirirlər. Dövlət məlumatlarına görə, Şərqi Azərbaycan ölkədə immiqrasiya nisbətinin ən yüksək olduğu, köçənlərin isə əsasən farslar yaşayan vilayətlərə köçdüyü əyalətdir. Azərbaycanlı fəallar Azərbaycandan daxili miqrasiyanın iqtisadi ayrıseçkiliyin nəticəsi olduğunu iddia edirlər.

Digər bir böyük problem ekoloji böhrandır. Urmiya gölü Qərbi Azərbaycan əyalətində yerləşən göldür. Bu göl vaxtilə dünyanın altıncı ən böyük duzlu su gölü və Orta Şərqdəki ən böyük göl idi. Göl onilliklər boyu su idarəçiliyi, aqressiv kənd təsərrüfatı siyasəti və quraqlıq səbəbindən, demək olar ki, tamamilə qurudur. Duz fırtınaları bu gün əhali üçün böyük riskdir. Külək duz hissəciklərini böyük məsafələrə yaya bilər və əsasən türklərin məskunlaşdığı şəhər və bölgələrdə 14 milyona qədər canlıya birbaşa təsir edə bilər. Azərbaycanlı fəallar hökuməti bölgədəki türk xalqlarına qarşı etnik ayrıseçkilik əsasında qəsdən edilmiş hərəkət olduğunu iddia edirlər.

Təsadüfi şikayət-etiraz quruluşu

Bu ciddi struktur şikayətlərinə baxmayaraq, azərbaycanlıların etirazları həmişə təsadüfi şikayətləri izləmişdir. Prezident Mahmud Əhmədinejad və Həsən Ruhaninin prezidentlik dövründə İranın Güney Azərbaycan şəhərlərində dörd etiraz aksiyası keçirildi, bunların hamısı gözlənilməz hadisədən sonra baş verdi. İlk etiraz 2006-cı ilin mayında Əhmədinejadın hakimiyyəti zamanı baş tutdu. 12 may 2006-cı ildə İran İslam Respublikasının rəsmi mətbuat orqanı olan İran qəzetində türkləri “insan dili bilməyən” və buna görə də “məhv  edilməli olan hamamböcəyi” kimi təsvir olunduğu karikatura nəşr edilmişdir. Bu nəşrdən sonra bir neçə gün ərzində 35 şəhərdə minlərlə azərbaycanlı küçələrə çıxaraq irqçilik və ayrıseçkiliyə qarşı etiraz etdi. Nekedə, Təbriz, Urmiya, Meşkinşəhr və digər şəhərlərdə 17 etirazçı öldürüldü və yüzlərlə etirazçı həbs edildi. Azərbaycanlı fəallar İrandakı irqçilikdən şikayət etsələr də, yalnız karikatura dərc olunduqdan sonra (təsadüfi problem) etirazlara başladılar.

İkinci etiraz aksiyası 2011-ci il avqustun sonlarında Əhmədinejadın ikinci prezidentliyi dövründə baş verdi. Avqustun 27-dən etibarən azərbaycanlı fəallar və etirazçılar hökumətin Urmiya gölünü xilas etmək istəmədiyini iddia edərək Təbriz, Urmiya, Ərdəbil və digər bölgələrdə toplaşdılar. Bəziləri çevik qüvvət polisləri ilə toqquşan minlərlə etirazçı avqustun 27-də Urmiyadakı geniş mitinqdə iştirak etdi. Səlahiyyətlilər yalnız Urmiyada 300-ə yaxın etirazçını həbs etdi. Sentyabrın 3-də Təbriz, Urmiya və bir sıra digər şəhərlərdə onlarla insan yerli aksiya çağırışına görə tutuldu.

Urmiya gölünün ətrafında uzun müddətdir davam edən bir struktur şikayətə baxmayaraq, 17 avqust 2011-ci ildə Məclis Araz çayından nəql ediləcək su ilə Urmiya gölünün suyun səviyyəsini qaldırmaq üçün təcili qanun layihəsini rədd edənə qədər kütləvi etiraz olmadı. Bu səsvermə bir çox azərbaycanlı fəalların 27 avqust nümayişində iştirak etmək çağırışına səbəb oldu.

Üçüncü etiraz, Ruhani dövründə yayımlanan məşhur uşaq poqramı olan Fitilehha proqramında 6 noyabr 2015-ci il tarixində nümayiş olunan bir azərbaycanlı uşağın dişlərini tualet fırçası ilə fırçaladığını göstərən seriyadan sonra oldu. Bu mübahisəli seriyada azərbaycanlı ləhcəsi ilə farsca danışan ata və oğlu qaldıqları hotelin “pis qoxulu” olmasından təəssüfləndiklərini bildirirlər. Ən vacib məqam ata və oğulun dişlərini təmizləmək üçün səhvən tualet fırçası istifadə etdiklərini göstərmələri idi. Bu proqramın yayımlanmasından sonra azərbaycanlılar 9 noyabrda irqçi hadisələrə etiraz olaraq Təbriz, Urmiya, Zəncan, Ərdəbil, Meşkinşəhr, Qum və Xoy şəhərlərində geniş küçə nümayişləri təşkil etdilər. Aksiyalarda yüzlərlə etirazçı və fəal həbs edildi və onlara işgəncə verildi.

Ruhaninin hakimiyyəti dövründə azərbaycanlıların son etirazları 25 və 26 iyul 2016-cı il tarixlərində baş verdi. Bu etirazlar təsadüfi problemlərin ictimai hərəkat təşkilatını səfərbər etməkdə təsirli olduğunu göstərdi. Son etiraz, etirazlardan 5 gün əvvəl “Tarh-e No” qəzetində dərc olunan seksist və irqçi məzmuna reaksiya idi. Yayımlanmış məzmunda, etnik türk olan insanların “pozğun irqi və mənsubiyyəti” və türklərin kişilik fenomeninin “sən kişi deyilsən” ifadələri ilə daha da aşılması görülür. Azərbaycanlılar Təbriz, Urmiya, Ərdəbil, Zəncan və Şirazda (Qaşqay Türkləri) kiçik miqyaslı etirazlar təşkil etdilər və bir neçə etirazçı həbs edildi.

Etirazların zamanı təhlili edildikdə, bu etirazların həmişə təsadüfi bir şikayətdən sonra gəldiyi müşahidə olunur. Bununla birlikdə, təsadüfi şikayətlər və etirazlar arasındakı əlaqə ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Məsələn, etirazların hamısı qəfil narazılıq nəticəsində baş verməsə də, yaşanan çətinliklərin (mediada baş verən digər irqi hadisələr də daxil olmaqla) heç biri etiraz üçün əsas yaratmadı. Urmiya gölünün fövqəladə vəziyyətlə bağlı yeni xəbərləri və ya siyasətçilərin gölün bərpa ediləcəyi ilə bağlı verdikləri vədlərə əməl etməmələri həmişə etirazlara səbəb olmamışdır.

Bu, İrandakı etirazlar üçün zəruri olsa da, təsadüfi şikayətlərin kifayət qədər şərt yaratmadığını göstərir. Bununla birlikdə, aksiyalara qatılan etirazçıların intensivliyi də dəyişir. Son etirazlarda iştirak edən fəalların sayı əvvəlkilərlə müqayisədə olduqca az idi. Gözlənilmədən, Prezident Ruhaninin ikinci prezidentliyi dövründə ortaya çıxan problemlər xalqın baş qaldırmasına səbəb olmadı. Məsələn, Milli Təhsil Nazirliyi “kobud ləhcəsi” olan müəllimlərin işə qəbulunu qadağan edən yeni qaydalar qəbul etdi. Bu qaydalarda Azərbaycan türkcəsində və ərəbcə danışan insanların farsca danışanlardan fərqli tələffüzlərinin olduğu və müraciət edənlərin “düzgün” şəkildə tələffüz etməli olduğu xüsusi hərflərin siyahısı verilmişdir. Azərbaycanlı fəallar sosial media vasitəsi ilə irqi ayrıseçkilik qaydalarını tənqid etsələr də, reaksiyalar internetlə məhdudlaşdı. Hətta fəallar arasında ictimaiyyəti etiraz etməyə təşviq edən çıxışlar da olmayıb.

Futbolun siyasi bir idman növünə çevrildiyi İrandakı bənzər bir iğtişaş Persepolis və Traktorsazi komandaları arasındakı rəqabətdən sonra 2017-ci ilin avqustunda meydana gəldi. Traktorsazi azərbaycanlıların idman simvolu, Təbrizdə yerləşən bir klub, Persepolis isə Tehranda yerləşən və əsasən fars azarkeşlərinin kimliyini əks etdirən bir futbol komandasıdır. Təbriz Şərqi Azərbaycanın paytaxtıdır. Bu səbəbdən, klubun oyunlar ümumiyyətlə ana dilində təhsil də daxil olmaqla azərbaycanlıların etiraz tələblərini irəli sürən tərəfdarları var. Bu iki futbol komandası arasındakı oyundan sonra fars qəzeti “Gladiator-e Sorkh” “Vəhşi Təbrizdə” başlığından istifadə edərək azərbaycanlıları təhqir etdi. Ancaq bu təhqir sosial mediada belə güclü reaksiyalara səbəb olmadı.

Azərbaycanlıların bu cür narahatlığa verdiyi dəyişkən reaksiyaları, baş verən şikayətlər və etirazlar arasındakı əlaqənin araşdırılmasını problemə çevirir. Bu məqalədə Cənubi Azərbaycanda etirazların stimullaşdırılması və ya qarşısını ala biləcək digər şərtlər də nəzərə alınmışdır.

Rəsmi çərçivələr və sosial hərəkat təşkilatlarının əməkdaşlığının zəifliyi

Güney Azərbaycan Milli Hərəkatının çərçivələri

Şübhəsiz ki, insanlara mənfi istiqamətdə təsir göstərən siyasətlər, hadisələr və şərtlər müxtəlif yollarla şərh edilə bilər və “fərdlər, ictimai hərəkat təşkilatları və zaman kimi amillərin təfsiri fərqli nöqteyi-nəzərdən reaksiya verilib verilməyəcəyini və əgər reaksiya veriləcəksə, hansı istiqamətdə olacağına təsir göstərirlər” (3). Məsələn, gender bərabərsizliyi iki fərqli cəmiyyətdə problem ola bilər, ancaq birində yalnız bir ictimai hərəkata səbəb ola bilər. Snou və həmkarları problemlərin mövcudluğunun “problemlərin təfsiri və bu şərhlərin yayılma yolu kimi vacib olmadığını” iddia edirlər.

Snou (1986) kimi bəzi nəzəriyyəçilər, çərçivə birliyini və ya fərdlərin birləşməsini və ictimai hərəkat təşkilatlarının (THO) şərh çərçivələrini ictimai hərəkatlarda iştirak üçün zəruri şərt kimi şərh edirlər. Bir tərəfdən Güney Azərbaycan Milli Hərəkatının çərçivəyə uyğunlaşma prosesini araşdırmaq və bir tərəfdən dövlət rəhbərliyi bu cür ictimai hərəkat təşkilatlarının (THO) kütlələri səfərbər etmək qabiliyyəti haqqında vacib məlumatlar verir. Bu təhlil ictimai hərəkat təşkilatının Urmiya gölü ilə bağlı son xəbərlər və anti-azərbaycanlı irqçi təxribatları, habelə etirazçıların sayının azalması kimi təsadüfi şikayətlər qarşısında azərbaycanlıları səfərbər etməkdə qeyri-adekvatlığını izah etməyə kömək edə bilər.

Hərəkatda iştirak etmək üçün izahlı çərçivənin aydınlaşdırılması və canlandırılması vacibdir. Sosial hərəkatlar sosial dəyərləri artırmaqla şərh çərçivələrini aydınlaşdıra və canlandıra bilər. Güney Azərbaycan ictimai hərəkatının çıxışları və şüarları nəzərdən keçirildikdə aydın olur ki, bu ictimai hərəkat ədalət, bərabərlik və insan ləyaqətinə istinad edərək öz çərçivəsini möhkəmləndirir. Mədəni irsin və şəxsiyyətlərin rədd edilməsi, məcburi assimilyasiya siyasəti, rifah bölgüsündə etnik-irqi bərabərsizlik və Güney Azərbaycanın ekoloji problemlərini həll etmək istəməməsi Güney Azərbaycan Milli Hərəkatı (GAMH) tərəfindən qaldırılan dəyərlərə təhdid hesab olunur. Əslində, azərbaycanlıların təşkil etdiyi etiraz aksiyaları Güney Azərbaycan Milli Hərəkatının dəyərlərini təhdid edən hadisələrə cavab idi.

Benford və Snou (3) çərçivələmə prosesini aşağıdakı kimi dəqiq şəkildə yekunlaşdırır: ”Kütləvi hərəkat çərçivələri hissə-hissə hərəkəti dəstəkləyənlər, dəyişikliyin zəruri olduğu problemli bir vəziyyət və ya vəziyyət haqqında ortaq bir fikri müzakirə etmək, kimin və nəyin pisləndiyini şərh etmək, bir sıra fərqli tənzimləmələr səsləndirmək və dəyişiklik yaratmaq üçün birlikdə hərəkət etmək kimi amillərdən ibarətdir”.

Snou və Benford bu proseslərin vəzifələrini diaqnostik, proqnostik və motivasiya çərçivəsi olaraq təyin etmişdir. Bu çərçivəni Güney Azərbaycan Milli Hərəkatının mövcud çərçivələri formalaşdırmaq və həll etmək səylərinə tətbiq etmək etirazların dəyişikliklərinə işıq sala bilər.

Çərçivə uyğunlaşdırılmasının ilk əsas vəzifəsi olan diaqnostik çərçivə, problemlərin və xüsusiyyətlərin müəyyənləşdirilməsi ilə bağlıdır. Bəzi problemli vəziyyətləri düzəltmək və ya dəyişdirmək üçün keyfiyyət baxımından problemə nəyin və kimin cavabdeh olduğuna diqqət yetirilir. Sözügedən dövrdə Güney Azərbaycan davasının təhlili Güney Azərbaycan Milli Hərəkatının problemlərin müəyyənləşdirilməsi səylərini ortaya qoyur və bu problemlərin farslaşmış dövlət və dominant etnosla əlaqəli olduğunu göstərir. Həm mövcud mənbələr, həm də Güney Azərbaycan Milli Hərəkatı orqanlarının onlayn məzmunu göstərir ki, fəallar iqtisadi ayrıseçkiliyin, Urmiya gölünün problemini, türk dilinin qadağan edilməsini və uşaqların fars dilini öyrənməyə məcbur edilməsini müzakirə edərək şikayətlərin ciddiliyini izah etməyə çalışırlar (6).  Güney Azərbaycan Milli Hərəkatının fəalları hökumətin dominant fars mədəniyyətini və etnik mənşəli xalqı təmsil etdiyini və buna görə də azərbaycanlıların ayrıseçkilik siyasətinə məruz qaldıqlarını və bu problemlərin səbəbkarı olaraq hökumət və dominant etnik olduğunu qeyd edirlər. Fikirlərini əsasən “farslar azərbaycanlılara qarşı ayrıseçkilik edir” və ya “fars irqçiliyinə son verin” kimi şüarlarla ifadə etməyə çalışırlar.

Çərçivə nizamlanmasının ikinci vəzifəsi olan proqnostik çərçivə, “problemin təklif olunan həlli və ya heç olmasa bir hücum planı və onu aktivləşdirmək strategiyaları” elementlərini özündə ehtiva edir. Azərbaycanlı fəalların problemləri, demək olar ki, həmişə həll yolları ilə müşayiət olunurdu. Məsələn, 2006-cı ilin mayındakı etirazlar zamanı Azərbaycan Akademiklər Birliyi Azərbaycan hərəkatının əsas tələblərini aşağıdakı kimi ümumiləşdirmişdi:” Ölkədə bu dildə danışanların sayını nəzərə alsaq, Azərbaycan türkcəsi bütün İran boyu rəsmi dil olmalıdır. Azərbaycan türkcəsi, digər türk əhalisi bölgələrində olduğu kimi, Azərbaycanda da təhsil və təlim dilinə çevrilməlidir. İran hökuməti Azərbaycanda türk dilində yayımlanan televiziya və radio stansiyaları, ölkə daxilində media və qəzetlər yaratmalıdır” (6).

Eynilə, 3 mart 2015-ci ildə 1811 tələbə Ruhaninin İran konstitusiyasının 15 və 19-cu maddələrinə tam əməl etməsini tələb edən bir ərizə verdi. 15-ci maddəyə əsasən İranın rəsmi dili fars dilidir. Bununla yanaşı, mediada etnik dillərdən istifadə etmək və ya məktəblərdə fars ədəbiyyatına aid olmayan əsərlər öyrətmək də azaddır (7).  Fars dilinin rəsmi statusuna dair konstitusiya maddəsinin yalnız birinci hissəsi tətbiq edilmişdir. Ayrı-seçkiliyə bir həll təklif etmək üçün tələbələr Konstitusiyanın 19-cu maddəsinə də istinad etdilər: “Hansı etnik qrupa və qəbiləyə aid olmasından asılı olmayaraq, bütün İran xalqı bərabər hüquqlara sahibdir və rəngə, irqə, dilə və bənzərinə görə heç bir şəxsə imtiyaz tanımır. Eyni şəkildə, azərbaycanlı fəallar Urmiya gölü probleminin həllində yenidən qurulmanın vacibliyini vurğulamışdılar.

Həvəsləndirici çərçivə, çərçivə uyğunlaşmasının üçüncü əsas vəzifəsi, nümayəndələrə aiddir və birgə fəaliyyət və davam etməyə çağırır. Kollektiv fəaliyyətin səmərəliliyi və effektivliyi və “müqavimət irsinin” zəruriliyi və uyğunluğu barədə fikirlər bu çərçivə uyğunlaşdırma işi ilə əlaqədardır. Çərçivə uyğunlaşdırılmasının bu vəzifəsi, sosial fəaliyyətin gözlənilən nəticələrdən asılı olduğunu bildirən gözləmə-dəyər nəzəriyyəsi ilə də əlaqəlidir. Buna görə ayrı-ayrı şəxslər kollektiv fəaliyyətin müsbət nəticə verəcəyinə inansalar, bu aksiyada iştirak edəcəklər.

Beləliklə, Güney Azərbaycandakı etirazlar dünya miqyasında davam edən ictimai hərəkatlar tərəfindən qismən yönəldilmişdir. Digər ictimai hərəkatların uğuru azərbaycanlıları bu hərəkata qoşulmağa sövq etmişdir. Buna görə Urmiya gölü kimi problemlərdən sonra təşkil olunan etiraz aksiyaları zəruri və rasional bir seçim olaraq görülə bilər, çünki gölün yoxa çıxması bölgə sakinləri üçün dəhşətli nəticələrə səbəb olacaqdır.

Toqquşan və rəqabətli çərçivələr

Hər cəmiyyətdə insanlar fərqli çərçivələrə məruz qalırlar. Bu gün hələ də mövcud olan və bəzən rəqabət şəraitində mövcud olan bu strukturlar çərçivələrin təsirinin şiddətini dəyişdirə bilər. Bir problemlə əlaqədar yaranan yeni fikirlər kollektiv fəaliyyət çərçivələrində mövcud inanclara təsir edərək təsir dairələrini zəiflədə və ya gücləndirə bilər. İranın son iki prezidentinin dövründə Güney Azərbaycan Sosial Hərəkatının bəyanatlarına alternativ çərçivələrin mövcudluğu təsir etdi. Əhmədinejad və Ruhani dövrlərindəki azlıqlarla bağlı aparılan siyasət İran hökumətindən problemi həll etmək üçün iki fərqli çıxış hazırlamağı tələb edirdi. Əslində, sistemin avtokratik xüsusiyyətinə görə, azlıqlara dair siyasətlə bağlı qərarlar yalnız prezident və ya onun kabineti tərəfindən qəbul edilə bilməzdi. Dini liderin və dövlətin bütün qurumlarının rəhbərliyi altında qurulan qurumların rolu uyğun olmalıdır.

Əhmədinejad dövründə (2005-2013) iki mütəşəkkil aksiya baş verdi. Birinci səbəb prezidentliyin onuncu ayında dövlət qəzetində dərc olunan irqçi karikatura idi. Əhmədinejad prezident olduğu dövrdə azərbaycanlıların şikayət və tələblərinə, o cümlədən əsasən türk əhalinin yaşadığı 35 şəhərdə etiraz aksiyalarına cavab vermədi. Onun sükutu ictimai hərəkatın diaqnostik çərçivəsini gücləndirdi. Fövqəladə fars millətçisi İsfəndiyar Rəhim Maşayinin vitse-prezident və sonra baş qərargah rəisi təyin edilməsi hökumətin farsları və onların maraqlarını təmsil etdiklərinə və azərbaycanlıların qarşılaşdıqları problemlərə görə cavabdeh olduğuna inamını artırdı. Bu, xalqı etiraz aksiyalarında iştirak etməyə səfərbər edən ictimai hərəkatın təsir effektini artırdı.

Urmiya gölündəki güclü böhrandan əvvəl Güney Azərbaycan Milli Hərəkatının birgə fəaliyyət çərçivəsində ana dilində təhsil, bərabər siyasi imkanlar və ayrıseçkiliyə son qoyulması kimi ictimai-siyasi tələblərə diqqət yetirdilər. Urmiya gölünün vəziyyəti pisləşdikdən və yerli xalq üçün təhlükə yaratdıqdan sonra Güney Azərbaycan Milli Hərəkatı ekoloji böhranı əhatə etmək üçün çərçivəsini genişləndirdi. Bəzi İran millət vəkilləri Urmiya gölünü xilas etmək üçün təklif olunan qanun layihəsinə qarşı çıxması ekoloji böhranı siyasiləşdirdi. Müxalifətçi deputatlardan biri “Fars” mənasını verən Farsan şəhərindən idi. Bu amillər farsların azərbaycanlılara qarşı ayrıseçkilik etmələrinin də xatırlanmasına səbəb oldu. Avqustun 17-də Əhmədinejad Urmiya gölündə suyun səviyyəsini Araz çayından gətirilən su ilə qaldırmaq üçün təcili təklif layihəsini təqdim etdi, lakin bəzi fəallar bu qeyri-real təklifin parlament tərəfindən rədd edilməsi üçün qəsdən təqdim edildiyini iddia etdilər. Əslində, Əhmədinejad ilə İran İslam Şurası Məclisinin sədri Laricani arasında bəzi fikir ayrılıqları var idi. Əhmədinejad ittihamların əsas hissəsini qanunları icra etmədən qanunverici orqana yönəltməyə çalışdı. Bununla birlikdə, şikayətləri susdurmaq və açıqlamaları zamanı problemi normallaşdırmaq cəhdi gölə həyat vermək qərarlarında ciddi olmadığını göstərdi. Məsələn, Ərdəbil şəhərində etdiyi açıqlamada “hər 500 ildən bir Urmiya gölü bu vəziyyətdə olur” dedi.

Ümumiyyətlə, hökumətin açıqlamaları və Əhmədinejad dövründə laqeydlik və kənarlaşdırma siyasəti Güney Azərbaycan Milli Hərəkatının birgə fəaliyyət çərçivəsini gücləndirdi. Güney Azərbaycan Milli Hərəkatının etiqadını və çərçivəsini qəbul edən azərbaycanlılar aktivistlərin etiraz çağırışlarına qulaq asma ehtimalını artıran ictimai hərəkat təşkilatının iddialarını doğrulduran sübutlara sahibdir.

Ruhani ilə Güney Azərbaycan Milli Hərəkatının qarşılaşdığı çətinliklər və zəif cəhətlər

Göründüyü kimi, Yaxın Şərqdə artan etnik və məzhəb gərginliyindən sonra İran siyasətçiləri İranda hər hansı bir oxşar qarşıdurma ehtimalını minimuma endirəcək bir siyasət yürütməyə qərar verdilər. Həsən Ruhaninin prezidentliyi bu siyasətin bariz nümunəsidir. Hətta prezidentlik kampaniyası dövründə də demək olar ki, bütün şikayətlərə baxdı və problemləri həll edəcəyinə söz verdi. Prezidentliyin ilk dövrü üçün etdiyi kampaniya çərçivəsində Urmiyada üç əsas məsələyə söz verdi. Bu sözlər Urmiya gölünün canlanması, Azərbaycan Türk Dili Akademiyasının yaradılması və tələbələr üçün ana dilinin tədrisi idi. 2013-cü ilin iyun ayında Həsən Ruhani, İranda etnik ana dilinin tədrisi ilə əlaqədar bir açıqlama verərək, məktəblərdə və universitetlərdə ana dilinin tədris edilməsini nəzərdə tutan konstitusiyanın 15-ci maddəsini tam şəkildə həyata keçirmək niyyətini ortaya qoydu. 2013-cü ildə Ruhani, başqa bir açıqlamasında, prezident seçildiyi ilk gündə Urmiya gölünün canlandırılması məsələsini qaldıracağını söylədi: “prezident seçildiyim ilk gündən Urmiya gölünü xilas etmək üçün işə başlamağa söz verirəm”. Seçkilərdən sonra da problemlərdən danışmağa davam etdi. Məsələn, bu il Urmiya gölünün canlandırılmasının zəruriliyindən danışdı və davam etdi:  “Urmiya gölü qursaydı, 14 ildə duz fırtınası olardı. İnsanlar o zaman hansı fəlakətlərlə üzləşərdilər?” (8).

Ruhaninin çıxışları və çərçivəsi ictimai hərəkat təşkilatının diaqnostik çərçivəsinə iki şəkildə təsir etdi. Birincisi problemləri qəbul edərək bu problemlərin dövlət tərəfindən həll edilməli olduğunu təsdiqlədi və beləliklə, Güney Azərbaycan Milli Hərəkatının çərçivələrini baltaladı. İkincisində, diaqnostik çərçivənin keyfiyyət komponentini pozdu. Azərbaycanlılar həmişə hakimiyyəti və dominant etnik qrupun elitasını üzləşdikləri problemlərə görə günahlandırırdılar, amma indi problemləri həll etmək niyyətlərini ifadə edən siyasətçilərlə qarşılaşdılar. Ən azı xeyli sayda fəal üçün hökumətin vədlərindən və daxilolma mesajlarından sonra onlar artıq ittiham obyekti deyildilər. Bu, ictimai hərəkatın hökuməti düşmən kimi qəbul etməsini çətinləşdirdi. Diaqnostik çərçivə ilə yanaşı, Ruhaninin şikayət və problemlərini irəli sürdüyü həll yolları ilə çərçivə uyğunlaşmasının proqnostik və həvəsləndirici vəzifələrinə yeni hökumət təsir etdi. Əslində ana dilində təhsil və Azərbaycan Türk Dili Akademiyasının yaradılması kimi təkliflər əvvəlki illərdə ictimai hərəkatın təklif etdiyi həll yolları idi. Digər tərəfdən, prezident Ruhaninin çərçivəsi ictimaiyyəti seçkidə ona dəstək olmağa təşviq etdi. Hətta hərəkatın bəzi mühüm şəxsləri onu seçkidə dəstəklədilər, bəzilərinin ciddiliyi və niyyəti barədə şübhə ilə baxanlar yeni siyasi atmosfer barədə fikirlərini bildirdilər. Fəallardan biri olan Aydın, verdiyi müsahibədə: “İlk dəfə prezident problemlərin həll olunacağına söz verdi. Bunun hədəflərimizə çatmaq üçün bir fürsət olduğunu düşündük” dedi. Bu vəziyyət ictimai hərəkatın təsirinə zərbə vurmuş və ictimai hərəkatın insanları səfərbər etmək qabiliyyətini zəiflətmişdir. Buna görə, ilk dövrdə şikayətlərin etiraz və ya bahalı kollektiv hərəkət olmadan həll olunacağına dair geniş inam və ümid var idi. Həsən Ruhani, seçkidən sonra Urmiya gölünün xilas edilməsi ilə bağlı işçi qrupu qursa da, ilk səlahiyyət müddətinin sonunda, dörd ildən sonra Urmiya gölünün vəziyyətində nəzərəçarpacaq bir dəyişiklik olmadı və indi 2017-ci ildə Urmiya gölündə suyun səviyyəsi indiyədək ən aşağı həddə olub. Buna baxmayaraq, gölün vəziyyətinin pisləşməsi ilə bağlı yeni məlumatlar, həmçinin prezidentin gölün canlanması ilə bağlı narahatlığının olmaması və etibarsızlığı heç vaxt böyük etiraza səbəb olmamışdır.

Əslində, seçkidən sonra prezident Ruhaninin çərçivəsi müəyyən vədlərin və siyasi fürsətlərin manipulyasiyası ilə müşayiət olundu. Görülən siyasi imkanlar bu məqalənin sonrakı hissələrində araşdırılacaqdır. Ruhaninin Azərbaycan Türk Akademiyasını yaratmaq və məktəblərdə etnik dillər öyrətmək barədə verdiyi vədlərin heç biri yerinə yetirilməyib. Manipulyasiyalardan sonra İranın Şərqi Azərbaycan əyalətinin valisi İsmayıl Cabbarzadə Təbrizdə Azərbaycan Türk Dili və Ədəbiyyatına dəstək veriləcəyi vədinə əsaslanaraq Azərbaycan Mədəniyyəti, İncəsənəti və Ədəbiyyatı Vəqfinin yaradıldığını elan etdi.  Ancaq azərbaycanlı fəallar vəqfin yeni bir qurum olmadığını, yalnız naməlum köhnə bir vəqfin yeni qurulmuş kimi göstərildiyini və vəqfin öz dilləri üçün qurulmadığını iddia etdilər. Eyni şəkildə, Azərbaycan məktəblərində ana dilinin tədrisi vədi yerinə yetirilmədi. Bunun əvəzinə, seçkilərdən üç il sonra Təbriz Universitetində bakalavr dərəcəsi təklif edən Azərbaycan Türkcəsi və Ədəbiyyatı Bölməsi quruldu və 2016-2017 tədris ili üçün 30 tələbə qəbul edildi (9). 2017-ci ildə Ruhani ikinci dəfə prezident seçilmək üçün keçirilən seçki kampaniyası dövründə baş verən debatda Həsən Ruhaninin birinci prezident köməkçisi olan İshaq Cahangiri hökumətin Azərbaycana ana dilini öyrətmək vədini yerinə yetirdiyini iddia etdi.

Şüarlar, bəyanatların məzmunu və ictimai hərəkat təşkilatının tələbləri araşdırıldıqda, Ruhani dövrdə verilən tələblərdən sonra milliyyətçiliyin irqçi şüarlara çevrilən bir çərçivə olduğu müşahidə olunur. Son iki etirazdan çəkilən foto və videolarda da problemin həlli üçün fərdlərin struktur irqçiliyinə diqqət çəkəcəyi aydın olur. Lakin Ruhaninin ikinci dövr üçün seçki kampaniyasında iştirak edən azərbaycanlı fəallar Azərbaycan xalqının diqqətini verilmiş və yerinə yetirilməmiş vədlərə yönəltməyə çalışsalar da, xalqı səfərbər edə bilmədilər. Bu uğursuzluq qismən çərçivələri dəstəkləmək üçün lazım olan mənbələrin olmaması ilə əlaqələndirilə bilər. İran avtoritar bir dövlət quruluşuna sahibdir və hökumət İran daxilindəki media, qəzet və hətta mətbəələrə ciddi nəzarət edir. Facebook, Twitter və sosial hərəkat saytları kimi sosial mediaya girişi əngəlləmək tərəfdarlar, seçicilər və ya tamaşaçılar arasında yeni fəaliyyət yönümlü fikirlərin güclənməsinə maneələr yaradır. Bu kimi hallar ictimai hərəkatı etiraz və etirazçıların azalma dövrünə aparan amillərdir. Təhsil Nazirliyi, fars olmayan təlimçiləri işdən azad edən yeni və gözlənilməz bir qaydada qərar verdikdən sonra da, ictimai hərəkatlar bir qayda olaraq, reqlamentin kütlələrin hərəkətə keçməsinə imkan verən dəyərləri təhdid etdiyinə dair fikirlərinə qayıda bilmədi.

Siyasi imkanlar

İrandakı etirazın məzmunu ictimai hərəkat təşkilatının insanları səfərbər etmək qabiliyyəti ilə qəbul edilmiş siyasi imkanlar arasında bir əlaqənin olduğunu göstərir. Bəzi şəxslər ictimai hərəkatın uğur və ya uğursuzluğunun siyasi imkanlardan asılı olduğunu iddia edirlər. Avtoritar dövlətdə siyasi imkanların rolu mürəkkəb məsələdir. Bəzi hallarda, McAdamın mədəni konstruktivist yanaşması, siyasi hisləri insanların fürsət qavrayışlarından ayırd etməsi, İranda qurulmuş yarı siyasi fürsətləri anlamaqda təsirli ola bilər. Xüsusilə, Ruhaninin hakimiyyəti ilə nəzəriyyəni uzlaşdırsaq, prezidentin çərçivə və ictimai hərəkat təşkilatlarının təsirsiz bir səfərbərlik quruluşu ilə əlaqəli qəbul edilən siyasi imkanların ictimai hərəkata maneə ola biləcəyi aydın olur.

Əhmədinejad administrasiyası dövründə olan siyasi imkanlar

Əhmədinejadın hakimiyyəti dövründə baş verən iki etirazın təhlili, müvəqqəti təsirli olan müttəfiqlər və parçalanmış elita iki növ siyasi fürsət olduğunu göstərdi. 2006-cı ilin mayında ilk etirazlar zamanı parlamentdəki azərbaycanlı deputatlar karikaturaya etiraz edərək həyəcanlı tonda danışdılar. Bəziləri etirazçılara dəstək verdi və etirazların qanuni olduğunu bildirdi, bəziləri isə həbs olunan etirazçıların sərbəst buraxılmasını istədi. Fərdlər müttəfiqlərə sahib olduqda etiraz etmək üçün dəstək tapırlar.

İkinci etiraz aksiyası, avqustun 17-də Urmiya gölündə suyun səviyyəsini qaldırmaq üçün səsə qoyulan təcili qanun layihəsini parlament rədd etdikdə başladı. Əslində, Əhmədinejad ilə İslam Şurası Məclisinin sədri Əli Laricani arasındakı əvvəlki fikir ayrılıqları mühüm rol oynadı. Parlament seçkilərindən bir neçə ay əvvəl Əhmədinejad real olmayan bir qanun layihəsi təklif etdi. Əslində, məqsədi növbəti parlament seçkilərində xalqın öz namizəd siyahısını dəstəkləməkdə Laricaniyə qarşı ictimai rəy yaratmaq üçün qanun layihəsinin rədd edilməsindən istifadə etmək idi. Qanun layihəsi parlament tərəfindən rədd edildi və şikayətçilər ilə elita arasındakı fərq Azərbaycanda etirazlara səbəb oldu.

Ruhani dövrdəki siyasi imkanlar

Ruhaninin ilk dövrü qəbul edilmiş siyasi imkanlar üçün mühüm bir dönüş nöqtəsi idi. Bununla birlikdə, Ruhani və yaradılan təşkilatların təsiri ilə birlikdə qəbul edilən imkanlar ictimai hərəkatın qarşısını aldı. Seçkilərdən dərhal sonra bir ilk meydana gəldi və bir İran prezidenti yeni bir vəzifə yaratdı və Ali Younesini Prezidentin Etnik və Dini Azlıqlar üzrə Baş Müşaviri təyin etdi. Əli Younesinin keçmişi Həsən Ruhaninin azlıq siyasətinə dair suallar doğurdu. İslam inqilabından sonra Younesi, Tehran İslam İnqilab Məhkəməsinin prezidenti, daha sonra İslam İnqilabı Keşikçiləri Siyasi-ideoloji bürosunun prezidenti olmuşdu. Məhəmməd Hatəminin prezidentliyi dövründə kəşfiyyat naziri və Ali Milli Təhlükəsizlik Şurasının üzvü idi. Yeni vəzifəsinə əlavə olaraq, Həsən Ruhaninin siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini də icra edir. Hətta bu vəziyyətdə bir çoxları yeni səlahiyyətləri Ruhaninin azlıqların hüquq və tələbləri ilə maraqlandığı hesab etdilər. Bunu azərbaycanlı fəal Əkbər Azad müsahibə zamanı deyib: ”Azərbaycan Mədəniyyət QHT Assosiasiyasının prezidenti kimi dəfələrlə Prezidentin xüsusi köməkçisinə rəsmi məktublar vasitəsilə müraciətlərimi çatdırmışam. Ancaq bizi danışıqlar üçün qəbul etmədilər və tələblərimizdən sonra təzyiq artdı” (10).

İran Məclisində qurulan başqa bir qrupa Türk Əhali Bölgələri Fraksiyası deyilir. Mətbuat katibi Zəhra Sai, bölgədəki problemləri həll etmək üçün türklərin məskunlaşdığı bölgələrdən 100 deputatın fraksiya qurduğunu dedi. Bu yeni inkişaf cəmiyyətə daxilolma mesajı versə də, siyasi proses azərbaycanlı fəalların səfərbərliyinin azalmasına səbəb oldu. Yeni vəziyyət azərbaycanlıların hökumət siyasətini qiymətləndirməsi ilə bağlı mübahisələrə səbəb oldu. Azərbaycanlıların müttəfiqləri qəbul etməsi ictimai hərəkat təşkilatının muxtariyyətini bir qədər azaltdı və sabitliyinə mane oldu. Yarandıqdan qısa müddət sonra fraksiya, xüsusən dominant etnik qrup və assimilyasiyaçıların sərt və mənfi reaksiyaları ilə üzləşdi. Bu müxalif səslər azərbaycanlı fəallar arasında fraksiyanın legitimliyini artırdı, lakin fraksiya yaranandan bəri üzvlər heç bir şikayət ünvanlamadılar. Bununla birlikdə, 14 iyul 2017-ci ildə aktivistlər hökumətin “gölü qoruma məsələsində laqeydliyinə” etiraz etmək üçün Urmiya gölü ətrafında insan zənciri yaratmaq üçün azərbaycanlıları aksiyaya çağırmış, lakin fraksiyanın məşhur üzvü Nadir Qazipur azərbaycanlıları birgə hərəkətlərdə iştirak etməməyə çağırdı. Siyasi imkanların sosial səfərbərliyi artıracağına ümid edilsə də, gözləntilərin əksinə olaraq, imkanlar səfərbərliyin qarşısını aldı. Əslində, ictimai hərəkatın zəifləmiş sosial-təşkilati və mədəni amilləri bu dövrdə hərəkətliliyin azalmasına səbəb oldu. Ruhani dövründə qəbul edilən imkanlar göstərir ki, icra və qanunverici proseslər insanlar arasında inklüzivlik hissi yaratmaq məqsədi ilə işləyir və bu müddətdə fəallara yer yoxdur. Digər tərəfdən, hökumətin idarəetmə orqanı azərbaycanlılara, icra hakimiyyətinin azərbaycanlıların şikayətlərini həll edəcəyi mesajını verdi. Bu mesaj, fərdlərin avtoritar rejimdə kollektiv hərəkətlər etməsinin potensial nəticələrə səbəb olma ehtimalını azaldır, çünki gözləntilər hökumət tərəfindən kompensasiya edilə biləcəyi təqdirdə kollektiv fəaliyyətin gətirə biləcəyi zərəri ödəməyə ehtiyac qalmayacaqdır. Digər tərəfdən, yeni quruluş, xüsusən fraksiya şəklində, azərbaycanlıların tələblərini elan etməyə çalışdıqlarını iddia edərək, ictimai hərəkat təşkilatlarında kollektiv fəaliyyətə başlaya biləcək kritik kütləni və ya qrupu hədəf aldı. Bu yanaşma tərəfdarları, seçiciləri və ya tamaşaçıları aparıcı fəallar tərəfindən razı salmaqda çətinlik çəkdi və hərəkatın qeyri-rəsmi strukturlarını zəiflətdi. Urmiya millət vəkili və fraksiyasının üzvü Qazipurun etirazçıların etiraz çağırışına müdaxiləsi vacib kütlə və ictimai hərəkat liderlərini hədəf almasına nümunədir. Ruhani qayda, hakimiyyət institutlarının avtoritar bir dövlətdə mümkün olmayan bir razılaşmada ictimai bir hərəkat təşkilatını zərərsizləşdirməsi üçün zəmin hazırlaya biləcəyinin bariz nümunəsidir.

Nəticə

İrandakı azərbaycanlıların etirazları həmişə gözlənilməz və ya təsadüfən şikayət nəticəsində baş verib, ancaq təsadüfi şikayətlərin hamısı etirazlara səbəb olmayıb. Bu, etirazların siyasi fürsətlər, uyğunlaşdırılmış çərçivə və hərəkatın resursları səfərbər etmək qabiliyyəti kimi digər amillərlə qarşılıqlı əlaqədə olan gözlənilməz şikayətlərinin nəticəsidir. Bu araşdırma gözlənilməz və ya təsadüfi şikayətlərin lazım olmadığını, lakin etiraz üçün kifayət olduğunu göstərir. Bundan əlavə, digər amillər də nəzərə alınmalıdır, çünki əlaqəli bir çərçivənin olmaması və qəbul edilən siyasi imkanın olmaması etirazlara səbəb ola bilməz. Ruhaninin idarəetmə dövründəki dinamika və siyasi proseslər avtoritar bir dövlətdə bir hakimiyyətin bütün qollarının ictimai hərəkatın etiraz aksiyalarında iştirak etmək üçün fərdləri səfərbər etməsinin qarşısını almaq üçün necə əməkdaşlıq edə biləcəyini göstərir. Ruhani Əhmədinejadla müqayisədə daha az repressiv siyasət aparsa da, azərbaycanlıların problemlərini həll etməkdə müvəffəq olmadı. Əslində, Ruhani hökumətin qəbul edilən siyasi imkanları və çərçivə çevrilməsinin ictimai hərəkat təşkilatlarının səfərbərlik müvəffəqiyyətinə maneə törətdiyini söyləmək olar.  Bundan əlavə, dövlətin çap evləri və veb saytlar kimi çərçivəni dəstəkləmək üçün lazım olan mənbələrə çıxışına nəzarət etməsi səbəbindən ictimai hərəkat təşkilatları azərbaycanlılar üzərində öz çərçivələrini həyata keçirə bilmədilər. Siyasi fürsət yoxdursa və çərçivə dövlət tərəfindən müəyyən edilirsə, təsadüfi şikayətlərdən sonra insanların etiraz aksiyalarında iştirak etmələrini təmin etmək mümkün olmaya bilər.

Tərcüməçi: Kamran Ramazanlı

İstinadlar

  1. Snow və Benford 1986:464
  2. Chong və Druckman 2007:104
  3. Snow və Benford 2000:614
  4. McAdam 1994, Tarrow 1988
  5. Turner ve Killian 1972; Useem 1998; Walsh 1981
  6. Şems-i Tebrîzî Haber Kanalı, 2006
  7. İran İslam Respublikasının Konstitusiyası 1979
  8. Financial Times 2017
  9. İran Tələbə Xəbər Agentliyi (ISNA) 2016
  10. VOA 2016

Ramin Cabbarlı

Bütün yazıları göstər