XXI əsrin ilk və ən kəskin maliyyə böhranından (2008-9) artıq 10 ildən çox vaxt keçib. Yaratdığı iqtisadi çətinliklərlə bərabər, bu illər ərzində siyasi sferada da nəzərəçarpacaq dəyişikliklər baş vermişdir. Onilliklər ərzində stabilliklərini qorumuş iki-partiyalı sistemlərin tədricən sıradan çıxması, uzun müddət hakim olmuş partiyaların səsvermədə təkrəqəmli səviyyələrə qədər düşməsi, ultra-sağçı partiyaların parlamentlərdə yer alması, eləcə də, liberal siyasətin etibarını itirməsi və ümumilikdə, millətçi hərəkatların genişlənməsi böhrandan sonrakı mənzərəni səciyyələndirən əsas cəhətlərdir. Hadisələrin kuliminasiyası kimi ABŞ-da Donald Trumpın prezident seçilməsi və Britaniyada Brexit-in baş verməsi qeyd olunur.

Yazıda keçən əsrdə baş verən böhranlar və onların siyasi təsirləri nəzərdən keçirilir. Daha sonra isə sonuncu maliyyə böhranı və onun, əsasən, Avropa siyasətinə təsiri araşdırılır.

 

Maliyyə böhranı əsas səbəb kimi

Ortaya çıxan əsas suallardan biri də budur ki, nə üçün maliyyə böhranları millətçi hərəkatların yaranmasına və uğur qazanmasına gətirib çıxarır. Başlıca izahlardan biri odur ki, maliyyə böhranı daxili tənzimləmə, siyasi müvəffəqiyyətsizlik və varlılar və hakimiyyətdəkilər arasında olan krounizm (yaxınları və qohumları hakim vəzifələrə təyin etmək) nəticəsində yaranmış bağışlanılmaz bir hadisə kimi qəbul edilir, və beləliklə, hökumətə və əsas siyasi xəttə inamın sarsılması ilə nəticələnir ki, bu da sağ partiyalara “xalq”ı “hakim sinf”ə qarşı qaldırmaq üçün qapı açmış olur. Burada kiçik bir haşiyəyə çıxara qeyd etmək yerinə düşər ki, əgər hakim sinif və ya elitanı təqsirləndirərək səs qazanmaqdan söhbət gedirsə, o zaman, solçular da sağçılar kimi siyasi uğur qazanmalıdır. Lakin bu baş vermir. Araşdırmalardan biri göstərir ki, solçuların səs nisbətləri böhrandan sonra eyni səviyyələrdə qalır.[i] Belə görünür ki, sosial qruplar öz sərvətlərinin azalması və itirilməsi qorxusundan onlara sabitlik və əmin-amanlıq vəd edən sağçı partiyalara istiqamətlənirlər. Buna misal olaraq 1930-larda orta sinfin (kiçik burjua – petit-bourgeois) Hitlerin hakimiyyətə qalxmasında rolunu, həmçinin, amerikan işçi və orta sinfinin Donald Trampın seçkilərdə qələbəsində əsas rolunu göstərmək olar.[ii] Eyni zamanda, sağçılar iqtisadi çətinliklərin əsas səbəbkarı kimi əcnəbiləri, eləcə də, qlobal elitanın maraqlarını öz vətəndaşlarının maraqlarından üstün tutan siyasətçiləri təqsirləndirmək kimi vasitələrdən daha çox istifadə edirlər. Məsələn, 2016-cı il Mühafizəkarlar Partiyasının Konfransında Tereza Mey deyirdi: “Əgər siz dünyanın vətəndaşı olduğunuza inanırsınızsa, siz heç yerin vətəndaşı deyilsiniz. Siz “vətəndaşlıq” sözünün əsl mənasını anlamırsınız”.[iii] Solçular isə, əksinə, həmişə olduğu kimi ənənəvi beynəlmiləlçi dünyagörüşünü əsas götürərək əcnəbilərə və azlıqlara qarşı sərt ritorika işlətməkdən çəkinirlər. Xalq günah keçisi axtarır, sağ isə bunu təmin edir: immiqrantlar, Çin, yaxud da Avropa birliyi. Adlar dəyişsə də, oyun qaydaları eyni qalır.

Böhran, həmçinin, normal iqtisadi durğunluqlar zamanı rast gəlinməyən kreditor-borclu münaqişələrinin tətiklənməsinə və gəlir və sərvət bərabərsizliyinin artımına səbəb olur.[iv] Bundan başqa, böhran zamanı vergi ödəyicilərinin vəsaitləri hesabına böyük sayda banklar xilas edilir ki, bu da təbii olaraq cəmiyyətdə çox mübahisəli və rəğbət görməyən haldır. Məsələn, 2008-ci il böhranında Federal Ehtiyat Sisteminin (FED) etdiyi yardımın ən azı yarısı baş ofisi ABŞ-da yox, mütləq əksəriyyəti Avropada yerləşən banklara ayrılmışdı.[v] Belə bir inamsızlıq, qeyri-müəyyənlik və narazılıq mühitində sağçılar mürəkkəb problemlərə zahirən çox sadə həll yolları təklif edərək və, əsasən, təqsiri azlıqlara və əcnəbilərə yönəltməklə səs qazana bilirlər.

 

Bir az tarix

Tarixi nəzərdən keçirdikdə maliyyə böhranlarından sonra oxşar tendensiyaların yaranmasını görmək olur. 1929-cu ildə Amerikada başlamış və 10 ilə yaxın müddətdə davam edərək digər Avropa ölkələrinə də yayılmış Böyük Depressiyadan (the Great Depression) sonrakı dövr buna misal ola bilər. Bu Böhran dünyada 50 milyon insanın işsiz qalmasına, dünyadakı ümumi istehsalın 42%, dünya ticarətinin isə 65% azalmasına səbəb olmuşdu.[vi]

1

Böyük Depressiya vaxtında Amerika Ticarət Palatasının elanı: İşsizlər belə də davam edin, biz heç öz qeydimizə qala bilmirik”

 

Belə ki, iki dünya müharibəsi arasında olan bu dövrdəki əsas nəzərəçarpan hadisələr İtaliyada və Almaniyada baş verir. Mussolinin faşist birliyi 1920-ci illərin əvvəlində İtaliyadakı bank böhranı və I Dünya Müharibəsindən sonrakı qlobal iqtisadi geriləmədən yararlanaraq 1921-ci il seçkilərində 19.1%, 1925-ci il seçkilərində isə 65% səs qazanır. Böyük Depressiyanın Mərkəzi Avropada çox güclü təsiri olduğu vaxtda isə Almaniyada Nasistlər 1930-cu il seçkilərində 18.3%, 1932-ci il seçkilərində 30%-dən çox, 1933-cü il Mart seçkilərində isə 40%-dən çox səs qazanırlar.

23

 

Bundan başqa ultra-sağçıların seçkilərdəki uğurları həmçinin Belçikada (the Rexists and the Flemiş Milli Birliyi), Danimarkada (Nasional Sosialsit İşçi Partiyası), Finlandiyada (Vətənpərvər Xalq Hərəkatı), İspaniyada (Falange) və İsveçrədə (Xalq Cəbhəsi) artır.[vii]

Ötən əsrdə baş vermiş digər maraqlı hadisələrdən biri də Skandinaviya ölkələri, İtaliya və İsveçrədə 1980-lərin sonu və 1990-ların əvvəlində baş vermiş maliyyə böhranları və ondan sonrakı siyasi dəyişikliklərdir. Funke və Trebeş tərəfindən aparılmış araşdırma adıçəkilən ölkələrdə böhrandan əvvəl keçirilmiş sonuncu və böhrandan sonrakı seçkilərin nəticələrini müqayisə edir.[viii]

Belə ki, Norveçdə Proqress Partiyası son on ildə (1970-lər) 5% və ondan aşağı səs qazana bilirdi. Lakin 1988-ci il böhranından sonrakı 1989-cu il seçkilərində Partiya 1985-ci ildəki 3.7%-dən 3 qat çox səs alaraq 13% səs toplamış və Norveçin ən böyük üçüncü partiyası olmuşdu. Bu gün də Partiya Norveçdə əsas siyasi üstün qüvvələrdən biridir və 2013-cü il parlament seçkilərində Mühafizəkarlar Partiyası ilə birlikdə Solberqin kabineti adlanan höküməti təşkil etmişdir.[ix]

4

Norveç Proqress Partiyası

Danimarkada isə Danimarka Proqress Partiyası 1970-80-lərin sonunda yetəri qədər səs toplaya bilmirdi. Lakin böhrandan sonrakı 1988-ci il seçkilərində Partiya 1984-cü il seçkilərindəki 3.6%-dan iki dəfədən çox – 9% səs qazanmışdı. Növbəti iki seçkidə isə Partiyanın səs faizləri böhrandan əvvəlki səviyyəyə qayıtmış, 1990-ların sonunda isə Partiya dağılmışdı. Buna baxmayaraq Proqress Partiyasının keçmiş liderləri 1995-ci ildə Danimarka Xalq Partiyasını yaratmışdılar ki, onları Proqress Partiyasının de-fakto sələfi kimi qiymətləndirmək olar. Danimarka Xalq Partiyası 2014-cü il Avropa Parlamentinə seçkilərdə 24% səs toplayaraq Birləşmiş Krallığın Mühafizəkarlar və Polşanın Hüquq və Ədalət Partiyası ilə birgə Avropa Konservativlər və Reformistlər qrupuna qoşulmuşdu. 2015-ci il seçkilərində isə 21% səslə (2011-ci ildə 12.3%) Danimarkada ikinci ən böyük Partiyaya çevrilmişdir.[x]

 

5

Danimarka Proqress Partiyası

İsveçrədə İsveçrə Xalq Partiyası 1987-ci il seçkiləri də daxil olmaqla 1970-80-ci illərdə təxminən 10%-ə qədər səs yığırdı. Lakin 1991-ci il İsveçrə maliyyə böhranından sonra böhrandan sonrakı ilk seçkilərdə (1995) Partiyanın aldığı səs 4% artmış, növbəti seçkilərdə isə (1999, 2003) 30%-ə qədər qalxmışdı. O vaxtdan bəri Partiyanın qazandığı səslər tədricən artır və İsveçrə Milli Şurasında (Parlament) 1999-cu ildən bəri ən böyük fraksiyanı təşkil edir. 2015-ci il seçkilərində Partiya 29.4% səs qazanaraq Parlamentdə yerlərinin sayını 11-ə qədər artırmaqla 65-ə çatdırmış və yenidən say üstünlüyünü saxlamışdır.[xi]

 

6

İsveçrə Xalq Partiyası

İtaliyada Lega Nord partiyasının kökləri 1980-ci illərə gedib çıxır. 1987-ci il seçkilərində Partiya (o zaman Lombardiya Liqası adlanırdı) yalnız 0.5% səs qazanmışdı. Lakin böhrandan sonrakı ilk seçkilərdə (1992) səs faizi 8.7%-ədək artaraq Partiyaya Parlamentdə 55 yer qazandırmışdı. Partiya 1994-cü il seçkilərində də oxşar nəticəylə uğur qazanmış və sağçı Alleanza Nazionale və Silvio Berluskoninin mühafizəkar Forza İtalia-sı ilə qısa-ömürlü koalisiyon hökuməti formalaşdırmışdı. 2001-2005 və 2008-2011-ci il seçkilərində də Berluskoninin koalisiyasının tərkibində hökumətdə yer almışdı.

7

 

2008-ci il böhranından sonrakı siyasi dəyişikliklər

Maraqlıdır ki, yuxarıda nəzərdən keçirdiyimiz 1980-90-cı illərin siyasi tendensiyaları özünü 2008-ci il böhranından sonra da göstərməyə başladı. Məsələn, Avstriya Azadlıq Partiyası (FPÖ) 2013-cü il seçkilərində 20.5% səs toplayır (2006-cı ildə 11%). 2017-ci il növbədənkənar Parlament seçkilərində isə 26% səslə koalision hökumətin tərkibində yer alır.[xii]

Şərqi Avropada da oxşar tendensiyalar müşahidə olunur – Macarıstanda Fidesch Partiyası 2007-ci il seçkilərindəki 53.7% səs üstünlüyünü 2010-cu ildə daha da artıraraq Parlamentdə 386 yerdən 268-i götürə bilir və bu üstünlük ona hökuməti təkbaşına formalaşdırmağa imkan verir.[xiii] Yeni Konstitusiyanın qəbulundan sonra keçirilən 2018-ci il seçkilərində isə Fidesch-KDNP alyansı üçdə-iki çoxluğu təmin edərək Parlamentdə 199 yerdən 133-ü götürür.[xiv]

Həmçinin, Polşanın Hüquq və Ədalət Partiyası 2007-ci il seçkilərindəki 32.1%-lik nəticəyə nisbətdə 2015-ci ildə 37.6% səs toplayaraq Polşa Seymindəki ən böyük partiya olur.[xv]

Hollandiyada isə Azadlıq Partiyası (Party for Freedom) 2006-cı ildəki 5.9% səsi 2010-cu ildəki seçkilərdə 15.5%-ədək artıraraq Parlamentdə üçüncü ən böyük partiyaya çevrilmişdi. 2017-ci il seçkilərində 20 yer qazanaraq Parlamentdə ikinci ən çox yeri olan partiya olur.[xvi]

Fransada Xalq Cəbhəsi (Front National) Partiyası 2007-ci ildəki 4.3%-lik nəticədən 2011-ci ildə 13.6%-dək yüksələ bilir.[xvii]

Finlandiyada isə Finns partiyası böhrandan sonrakı seçkilərdə (2011) 19.1% səs toplayaraq 2007-ci ildəki 4.1%-lik nəticəni 5 dəfəyədək artırır.[xviii]

İtaliyada yuxarıda qeyd etdiyimiz Lega Nord Partiyası 2018-ci il seçkilərində Beş Ulduz Hərəkatı (Five Star Movement) və Demokrat Partiyasından (PD) sonra üçüncü ən böyük partiya kimi Parlamentdə yer alır.[xix]

Almaniyada yeni yaranmış (2013) Almaniya üçün Alternativ (Alternative for Germany) 2014-cü ildə Avropa Parlamentinə seçkilərdə 7 yer qazanır. 2017-ci il seçkilərindən AfD 88 yer qazanaraq Bundestaqda ən böyük üçüncü siyasi qüvvə və ən böyük müxalifət partiyası ola bilir.[xx]

Şübhəsizdir ki, ən böyük təəccübə səbəb olan siyasi dəyişiklik Birləşmiş Krallığın Avropa Birliyindən çıxması ilə bağlı referendum və ondan sonrakı hadisələrdir.

 

Maliyyə böhranı – yeganə səbəb?

Bəs maliyyə böhranları sağçıların üstünlük qazanmasının yeganə səbəbidir mi? Təbii ki, yox. Mənzərəni daha aydın görmək üçün digər potensial səbəblərə də göz gəzdirilməlidir. Bunlara “kültürəl qarşıdurmalar”, iqtisadi qloballaşmanın təsirləri, artan iqtisadi bərabərsizliklər və xüsusilə də, 2015-ci ildən Avropaya axışan qaçqınlar və bunun nəticəsində yaranan qaçqın böhranı faktorlarını göstərmək lazımdır.

Qərb cəmiyyətlərində uzun müddətdir davam edən kütürəl dəyişikliklər ənənəvi dəyərləri sarsıtdığından son dövrlər bu dəyişikliklərə qarşıdurmalar kəskin artıb. Məsələn, ətraf mühitin mühafizəsi, cinsi və irqi bərabərlik, LGBT cəmiyyətlərinə bərabər hüquqların tanınması kimi məsələlər fərqli həyat tərzinə, dinlərə və kültürlərə qarşı dözümlülüyü, multikulturalizm, beynəlxalq əməkdaşlıq, fundamental insan hüquq və azadlıqlarının qorunması ideyalarının təşviqini genişləndirib. Qeyd edilən dəyərləri əks etdirən sosial hərəkatlar iqtisadi nemətlərin ədalətli bölüşdürülməsi kimi klassik dəyərlərdən diqqəti yayındırmaqla ətraf mühitin mühafizəsi, eynicinsli nikahlar, cinsi bərabərlik kimi dəyərləri ictimai həyatdan siyasi gündəliyə daşıya bilib. Lakin belə dəyərlərin yayılması bu dəyərlərin inkişafından təhlükə duyanlar tərəfindən kültürəl qarşıdurmaya da təkan verib.[xxi] Eləcə də, xüsusilə az gəlirli ölkələrdən immiqrant axını inkişaf etmiş sənaye cəmiyyətlərindəki etnik tərkibi dəyişib. Yerli əhalidən fərqli dildə danışan, fərqli dini inancları və həyat tərzləri olan yenigəlmələr ənənəvi normaların və dəyərlərin sürətlə yoxa çıxması təəssüratını daha da gücləndirib. İnqlehart və Norris tərəfindən aparılmış araşdırma bu nəticəyə gəlib ki, sağçı partiyaların yüksəlişi geniş sayda sürətli kütürəl dəyişikliklərin Qərbdəki əsas dəyərlərin və adətlərin yoxa çıxmasına qarşı reaksiyasını əks etdirir.[xxii]

Digər faktor iqtisadi qloballaşmadır. İqtisadi qloballaşmanın on beş Avropa ölkəsindəki sağ partiyalara təsirini araşdıran müəlliflər Çindən idxal şoku yaşayan bu ölkələrdə həm ərazi, həm də individual səviyyədə sağ partiyalara səsvermənin artması tendensiyasını müşahidə etmişlər.[xxiii] Bu ölkələrdə sağa meyil nəinki işsizlər və manufaktura işçiləri arasında, həmçinin, prinsipcə yerli istehsalda xarici rəqabətin birbaşa təsirindən kənarda qalan xidmət və dövlət sektorunun işçiləri arasında da müşahidə olunub.[xxiv] Görünür mənfi təsirə məruz qalmış ərazilərdə seçicilər problemə təkcə özlərinin maddi vəziyyətlərinə görə deyil, ümumilikdə, xalqın rifahına görə narahatlıqlarından (sosiotropik səsvermə tendensiyası) belə cavab veriblər.

 

Ümumilikdə, “sağın yüksəlişi” nin maliyyə böhranlarının təsiri baxımından nəzərdən keçirilməsi ümumi mənzərənin tam olaraq anlaşılmasına möhkəm əsas yaradır. Belə nəticəyə gəlmək olur ki, maliyyə böhranları siyasi qütbləşmə və, əsasən, sağ partiyaların uğur qazanması ilə  nəticələnir. Bundan başqa, Avropada və dünyada 2008-ci il böhranından sonrakı siyasi proseslər “sağın yüksəlişi” kimi xarakterizə olunsa da, hadisələrin katalizatoru kimi digər faktorlar da nəzərə alınmalıdır.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

[i] Manuel Funke, Moritz Schularick and Christoph Trebesch, “Going to Extremes: Politics after Financial Crisis, 1870-2014” CESifo Working Paper No.5553, səh 2.

[ii] Manuel Funke, Moritz Schularick and Christoph Trebesch, “The Financial Crisis is still empowering far-right populists” Foreign Affairs, September 13, 2018 https://www.foreignaffairs.com/articles/2018-09-13/financial-crisis-still-empowering-far-right-populists

[iii] The Telegraph, “Theresa May’s conference speech in full” October 5, 2016 https://www.telegraph.co.uk/news/2016/10/05/theresa-mays-conference-speech-in-full/

[iv] Mian, A., A. Sufi and F. Trebbi (2014), “Resolving Debt Overhang: Political Constraints in the Aftermath of Financial Crises”, American Economic Journal: Macroeconomics 6(2), 1-28.

[v] Adam Tooze, How a Decade of Financial Crisis Changed the World (Allen Lane 2018), səh 13.

[vi] Ali Çimen, Tarihi değiştiren olaylar (Timaş Yayınları 2012) səh. 95

[vii] Funke et al., (n 1) səh 13-14.

[viii] Manuel Funke and Christoph Trebesch, “Financial Crisis and the Populist Right” ifo DICE Report15(4), 6-9.

[ix] elə orada, səh 6-7.

[x] BBC, Denmark Election: Anti-EU Danish People’s Party gets big boost

https://www.bbc.com/news/world-europe-33199488

[xi] Daniel Bochsler, Marlene Gerber and David Zumbach, “The 2015 Swiss elections: A landslide win for the right, despite limited changes in vote shares” LSE Blog, October 2015,

http://bit.ly/1GwPOHv

[xii] BBC, “Austria far right: Freedom Party wins key posts in new government” 16 Dekabr 2017,

https://www.bbc.com/news/world-europe-42379985

[xiii] CNN, “Centre-right Fideszch party sweeps to victory in Hungary” 26 April 2010, http://edition.cnn.com/2010/WORLD/europe/04/26/hungary.election.results/index.html

[xiv] The Guardian, Hungary election Victor Orban declares victory – as it happened, 9 April 2018, https://www.theguardian.com/world/live/2018/apr/08/hungary-election-victor-orban-expected-to-win-third-term-live-updates

[xv] Funke and Trebesch (n 4), səh 8.

[xvi] BBC, “Dutch election: European relief as mainstream triumphs” 16 Mart 2017, https://www.bbc.com/news/world-europe-39297355

[xvii] Bochsler et al. (n 7), səh 14.

[xviii] elə orada.

[xix] The Guardian, “Italian elections 2018 – full results” 5 Mart 2018, https://www.theguardian.com/world/ng-interactive/2018/mar/05/italian-elections-2018-full-results-renzi-berlusconi

[xx] https://www.usatoday.com/story/news/world/2017/09/24/germany-afd-gains-seats-national-parliament/698039001/

[xxi] Ronald F. Inglehart and Pippa Norris, “Trump, Brexit, and the Rise of Populism: Economic Have-Nots and Cultural Backlash” Harvard JFK School of Government Faculty Working Papers Series, səh 29.

[xxii] elə orada.

[xxiii] Italo Colantone and Piero Stanig, “The Trade Origins of Economic Nationalism: Import Competition and Voting Behaviour in Western Europe” January 21, 2017, https://www.bancaditalia.it/pubblicazioni/altri-atti-seminari/2016/14_novembre_Colantone_Stanig.pdf

[xxiv] elə orada, səh 35.

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər