Cari ilin ilin əvvəlində Nə üçün Azərbaycan millətçiliyi? başlıqlı bir esse yazmışdım. Həmin essedə Azərbaycanda millətçiliyin sifətinin etnos deyil coğrafiya əsaslı olmalı olduğuna dair mülahizələrim yer almışdı. Millətçiliyin uzun müddətdir qlobal xarakter aldığı düşünüldüyündə millətçiliyin nə üçün dövlətlər üçün zərurət olaraq qalmağa davam etdiyinə dair bir esse yazmalı olduğumu düşündüm. Belə ki, ideoloji mübarizənin liberalizmin lehində bitdiyini iddia edən Francis Fukuyama yaxın vaxtlarda liberalizmin öz millətinə ehtiyacı olduğuna dair bir məqalə yazdı. Hərçənd Fukuyamanın həm tarixin sonu gəldiyini iddia etdiyində həm də liberalizmin millətçiliyə məğlub olduğuna dair tezisində səhv etdiyini düşünürəm. Çünkü hazırda millətçilik yüksəlməklə bərabər siyasətdəki qlobal dəyişikliyi liberal ənənədən gələn Anglo-Sakson dövlətlər qurğulamaqdadır. Misal üçün liberal ənənədən gəlməyən Rusiya məğlub olduğu kimi Fransa, Türkiyə kimi ölkələr də millətçiləşmiş liberalların qurduqları oyunda özlərinə yer/status axtarışındadırlar. Xülasə liberalizm məğlub/yox  olmur. Əlavə olaraq Qərb akademiyasında milli kimliyi əvəzləyəcəyi düşünülən multikulturalizmin millətçilin yeni formu olduğuna dair tədqiqatlar nəşr edildi. Bu hadisələr fonunda İsrailli Prof. Yael Tamir Why Nationalism kitabı millətçiliyi dəfn etdiyini düşünən Qərb/Avropa akademiyasında müzakirəyə səbəb oldu. Qısası, millətçilik ötən əsrin əvvəli və sonunda olduğu kimi təkrardan həlledici aktor olaraq qarşımızdadır.

Millətçiliyi tədqiqatçılar müxtəlif çərçivədən açıqlayırlır. Hətta millətlərin modern olub olmadığına dair fərqli mühakimələr də akademik ədəbiyyatda özünə yer tapıb.[1] Lakin belə bir ümumiləşdirmə etmək olar ki, millətçilik azadlıq və bərabərliyin geniş insan kütlələrinə (millətə) şamil edilməyinin nəticəsində ortaya çıxıb. Bu mənada millətlərin modern dövrün məhsulu olduğunu əsaslandırmaq mümkündür ki, etno-simbolist nəzəriyyənin qurucusu olaraq da qəbul edilən Athony D. Smith də millətlərin modern dövrün məhsulu olduğunu qəbul edir.

Digər tərəfdən millətçiliyin modern dövrün dini olub olmadığına dair tədqiqatlar da var.[2] Məlum olduğu kimi millətlər modern siyasi sistemlərdə hakimiyyətin legitimləşdirici mənbəyi kimi qəbul edilir. Modern milli-dövlətlərin “müqəddəs kitabı” funksiyasını icra edən konstitusiyalarda bu məqam hüquqi dəyərini də tapır. Qənaətim belədir ki, millətçiliyin modern dövrün sekulyar dini olaraq qəbul etmək mümkündür. Çünki din siyasi sistemin işləyişi üçün lazım olan legitimliyi (Tanrının yerdəki təmsilçisi olan Krallar/Sultanlar/Şahlar) təmin edirdi. Millətçilik də bu mənada modern siyasi sistemin işləyişi üçün legitimliyi milləttən yola çıxaraq təmin edir. Yəni modern cəmiyyətlərdə millətin nümayəndələri öz millətlərinin qədimliyinə, şöhrətinə, şanlı keçmişinə və.s inanıb siyasi sistemə bağlılıqlarını (orduya yazılmaq, milli bayramlarda bayraqlara küçələrə axışmaq və.s) bildirirlərsə modern dövrün sekulyar dini olan millətçilik sayəsindədir. Bu mərhələdə belə bir sual doğur millətçilik nə üçün və necə doğuldu?

Millətçiliyin ortaya çıxmasının ilkin başlanğıcını intibah dövrünün təmsilçilərinin antiq dövrdən iqtibas etdikləri insan formunda axtarmaq lazımdır. Bu mənada intabahda sənət çərçivəsində başlayan yenilik coğrafi kəşflərlə elmi inqilabla davam etdi. Ardınca modern dövrün başlanğıc filosofu olaraq da qəbul edilən Dekart hər şeydən şübhə etməyin mümkünlüyündən/zəruriliyindən bəhs edərək dini düşüncənin fəlsəfi sorğulamasını ortaya qoydu.[3] Əlbəttə bu müddət ərzində dövlətin modernləşdirilməsi (bürokratikləşmə və mərkəziləşmə) prosesi davam etdirildi. Nəhayət Kilisənin siyasət üzərindəki hakimiyyətini sarsıdan inqilablar əsri olan 18-ci əsr gəlib çatdı. Bu səbəblə fəlsəfə tarixçiləri on səkkizinci əsri ağıl çağı olaraq qəbul edirlər.[4] Buraya qədərki sənət, elm və fəlsəfə çərçivəsində baş verən dəyişikliklər Kantın yazdığı kimi sapare aude deyə bilən insanı şərtləndirdi. Dini doktrina (kilisə) məğlub edildi və boşluq yarandı. Boşluğu isə Benedict Andersonun ifadə etdiyi kimi kapitalizmin instrumentləri olan qəzet və roman vasitəsilə xəyal edilən millətlər doldurdu. O səbəblə Fransız İnqilabı modern siyasi tarix nəzində bu qədər şanlı bir etibara sahibdir. Xülasə artıq aydınlanmış insanın yaratdığı modern siyasi sistem yəni milli-dövlətlər səhnəyə çıxmışdır. Qısası millətçilik/millətlər sənətdə, elmdə, fəlsəfədə və siyasətdə insan anlayışının hakim olması nəticəsinə xəyal edildi.

Bu dəyərləndirmədən millətçiliyin bir hərəkatın nəticəsində ortaya çıxdığı ifadə edilə bilər. Hərəkatın bitmədiyi düşünüldüyündə bir sonrakı mərhələdə (tarixi bəlli deyil) modern sekulyar din olan millətçiliyin də əvəzlənəcəyini iddia etmək mümkündür. Ancaq hələlik millətlərin, millətçiliyin hakim olduğu bir dövrü yaşamağa davam edirik. 21-ci əsrdə millətçiliyin qlobal xarakter almağında əsas etibarilə miqrasiya məsələsi dayanır. Ona görə müxtəlif ölkələrdə ultra-sağçı partiyaların seçicilər nəzdində populyarlığı artmağa davam edir. Ümumiyyətlə millətçi diskursun beynəlxalq siyasətin dilinə hakim olması iqtisadi olaraq 2008-ci ildə ABŞ finans böhranı ilə başladı. Siyasi olaraq isə 2016-cı ildə Britaniyanın Avropa Birliyindən ayrılması ilə (Brexit) başlamışdır. Ancaq təcrübə ultra-sağçı partiyaların seçkilərdə sandıqdan qalib çıxa bilmədiklərini də göstərir. Ən son Fransada keçirilən prezident seçkilərində radikal sağçı Marine Le Pen Emmanuel Macrona məğlub oldu. Oxşar tendensiya Əfqanıstan və Pakistan da daxil olmaqla birçox müsəlman ölkələrdən ciddi köç almağa davam edən Türkiyədə davam edir. Bununla belə Fransada olduğu kimi sağçı partiyalar təkbaşına siyasi yarışın qalibi ola bilmirlər/bilməyəcəklər. Bəs radikal sağçı partiyaların “ani” yüksəlişlərinin səbəbini və millətçi diskurslarının əhəmiyyətini necə izah etmək mümkündür?

20-ci əsrin sonundan etibarən miqrasiya qlobal xarakter almağa başladı. 21-ci əsrlə bərabər davam edən münaqişlər, iqtisadi böhran və son olaraq iqlim dəyişikliyi ilə miqrasiya artıq beynəlxalq siyasətin gündəliyində “daimi” məsələ olaraq qalmağa davam edir. Miqrasiyanın artması miqrasiyaya məruz qalan ölkələrdə siyasi sistemin elitalarının (soyluların/aristokların) statuslarını təhdid etməyə başladı. Fransa bu problemə ən bariz nümunədir. Müstəmləkələrdən axınla gələn və adətən müsəlman olan qaçqınlar Fransız futbol milli komandasında hakimiyyətlərini təsis etdilər. Bu isə ultra-sağçı partiyaları narahat etməyə başladı. Eyni zamanda köç Volter və digər maarifçi mütəfəkkirlərin əsasını qoyduğu sekulyar sistemi də “təhdid” etməyə başladı. İctimai məkanda (universitetlərdə, çimərlikdə və.s) başı bağlı müsəlman qadınlarının “peyda” olması sekulyar Fransız elitasını narahat etdi. Nəticədə xalqı (milləti) unutmuş Fransız elitası ultra-sağçı partiyalarla millətçiliyi təkrar alovlandırdı.  Oxşar tendensiya milyonlarla qaçqını qonaq edən Türkiyədə də müşahidə olunmağa başladı. Atatürk tərəfindən təsis edilən və bu günə qədər bir təhər davam etdirilən sekulyar milli sistemin yeni gələn qaçqınlar tərəfindən təhdidə məruz qaldığı düşünülür. Onsuz da ötən əsrin sonlarından etibarən mühafizəkar anlayışın türk siyasətində hakimiyyət qazanması nəticəsində sekulyar atatürk millətçiləri (bəyaz türklər) sistem içindəki üstünlüklərini/toxunulmazlıqlarını itirmişdilər. İndi isə türk dilində danışmayan və Türkiyəyə görə “geri” cəmiyyətlərdən gələn milyonlar həmin elitanın onsuz da zəifləmiş statuslarını tamamilə təhdid edirlər. Belə olduğu təqdirdə ultra-sağçı partiyaların ortaya çıxması Türkiyə cümhuriyyətinin sekulyar və millətçi/atatürkçü elitasının refleksi olaraq qiymətləndirilməlidir. Ultra sağçı partiyaların əsas müvəffəqiyyəti siyasətin millətçi prinsipləri/tələbləri nəzərə almasına nail olmaqlarıdır. Yəni sistem içərisində statuslarını xalqa/millətə söykənərək qorumağa çalışırlar. Bununla bərabər milli-dövlətlər 21-ci əsrə uyğun olaraq yenidən dizayn olacaq. Misal üçün köçlə gələn qaçqınların ciddi bir qismi gəldikləri ölkələrdə qalacaqlar. Bu isə Almaniyanın 1913-cü ildə qəbul etdiyi irqçi vətəndaşlıq qanununda dəyişikliyə səbəb olduğu kimi qaçqınları qəbul edən ölkələrdə ciddi dəyişikliklərə səbəb olacaq. Bununla bərabər Fransa və Türkiyə nümunəsindən də göründüyü kimi “qurucu” anlayış sistemdə olan varlığını davam etdirəcək. Xülasə, millətçilik modern dövrdə dövlətlərin siyasi sitemi davam etdirməkləri üçün bir zərurət olmağa davam edir.


[1] Ernest Gellner. Uluslar ve Ulusçuluk. Tərc. Hil Yayınları. G. G. Özdoğan və B. E. Beher. 2008; Anthony D. Smith. Ulusların Etnik Kökeni. Tərc. H. Kendir. Dost Kitabevi. 2002; Anthony D. Smith. Milli Kimlik. Tərc. B. S. Şener. İletişim Yayınları. 1994.

[2] Carlton J. Hayes. Milliyetçilik: Bir Din. Tərc. İz Yayıncılık. M. Çiftkaya. 2011; Şener Aktürk. “Nationalism and Religion in Comparative Perspevtive: A New Typology of National-Religious Configurations”, Nationalities Papers (2022), 50: 2, 205–218

[3] Rene Descartes. Felsefenin İlkeleri. Tərc. M. Akın. Say Yayınları. 2020. s. 47-101.

[4] Jacqueline Russ vd. Aklın Zaferi. Tərc. İ. Yerguz. İletişim Yayınları. 2012.

Orxan Vəliyev

Dr. Politologiya və Beynəlxalq Münasibətlər, Qərbi Kaspi Universiteti. orxan.veliyev@wcu.edu.az

Bütün yazıları göstər