Milliyyətçilik 19-cu əsrin əvvəllərində Avropada kəşf olunmuş doktrinadır. O, dövlətin əhaliyə məxsusluğu, dövlətdə gücün qanuni tətbiqi və dövlətlərdə cəmiyyətlərinin düzgün qurulması üçün müvafiq kriteriyalar təklif edir.
Qısaca, doktrina deyir ki, insanlıq müəyyən xarakteristikalarına görə tanınması mümkün olan millət arasında bölünüb və buna görə də, yeganə qanuni hökumət növü milli özünü idarədir.
Bu doktrinanın heç də kiçik olmayan zəfəri bu cür təkliflərin sorğu-sualsız qəbul edilməsidir. 18-ci əsrin sonlarına qədər var olmaqdan çox uzaq olmasına baxmayaraq millət sözünə millətçilik tərəfindən məna bəxş edildi və hər yerə yayıldı.
Bu ideyalar sonradan bütün dünyaya yayılacaq olan Qərb siyasi ritorikasında olduqca möhkəmləndi və təbii hala çevrildi. Ancaq indi təbii görünənlər bir vaxtlar yad idi, arqumentə və bir çox dəlillə inandırılmağa ehtiyacı vardı; asan və aydın görülənlər qaranlıq və qurmadır, məsələnin nəticələri indi unudulub və məşğuliyyətlər artıq akademikdir, metafizik sistemlərin qalıqları isə bəzən yarımçıq və hətta təzadlıdır. Bu doktrinanı işıqlandırmaq üçün Avropanın fəlsəfi ənənəsində müəyyən ideyaların talehlərini və indiki dövrdəki görkəmlərinə necə gəldiklərini tədqiq etmək lazımdır.
İdeyaların talehləri bəzi insanlar kimi öz dəyər və xarakterləri qədər şanslarından da asılıdır və əgər millətçilik doktrinası 18-ci əsrin sonlarında görkəmli hala gəldisə, bu yalnız filosofların debatları sayəsində deyil, həmçinin hadisələrin birbaşa və açıq şəkildə fəlsəfi məsələlərə töhfə verməsi ilə də bağlıdır.
18-ci əsrdən Avropada yayılan maarifçilik fəlsəfəsi kainatın təbiətin var olan və birləşmiş qaydası ilə idarə olunduğunu iddia edirdi. İnsan bu qanunu məntiqlə kəşf edə və anlaya bilər və əgər cəmiyyət onun hökmlərinə tabe olsa, xoşbəxtliyə nail ola bilər. Qanun dünyəvi idi lakin bu insanlar arasında heç bir fərqin olmadığını deməkdən daha çox burada hər kəs üçün ortaq olan bir şeyin bütün fərqliliklərdən daha önəmli olduğu demək idi. Bütün insanların bərabər doğulduğu, yaşamaq, azadlıq və xoşbəxtlik haqqları olduğu deyilə bilər. Ya da əksinə, insan iki azad ustadın, Əzabın və Zövqün asılılığı altındadırsa, belə olduqda ən yaxşı ictimai tədbirlərin zövqü çoxaldıb ağrını azaldanlar olduğu deyilə bilər. Doktrina hansı yollarla ifadə edilirsə edilsin, bəzi nəticələr ordan çıxarıla bilər.
Fəlsəfi cəhətdən dövlət öz rifahını qorumaq üçün birlikdə yaşayan fərdlərin toplusudur və onun idarəçilərinin borcu öz ərazisində yaşayan sakinlərə ən yaxşı rifahı təmin etməkdir. Bu, insanları bir arada tutan müqavilədir hansı ki, idarəçilərlə idarə edilənlərin haqq və borclarını müəyyən edir. Dünyavi etibarlılıq üçün irəli sürülən bu fikir yalnızca “the philosophes”in (18ci əsr Fransasında ziyalı təbəqə) düşüncəsi deyil, həmçinin “Maariflənmiş Mütləqiyyət”in (Enlightened Absolutism) də doktrinasıdır.
Bu doktrinaya görə maariflənmiş hökmdar öz sakinlərinin iqtisadi fəaliyyətlərini tənzim edir, onları təhsillə təmin edir, sağlamlıq və sanitariyaya diqqət edir, vahid və sürətli ədaləti təmin edir və əsasən özünü düşünərək öz sakinlərinin rifahını düşünmüş olur çünki dövlətin böyüklüyü onu idarə edəninin şöhrətidir və dövlət yalnız öz əhalisi ilə onların firavanlığı eyni dərəcədə yüksək olduqda əzəmətli ola bilər. Bu mövqedən baxıldıqda Prussiyalı Böyük Fridrixin dediyi kimi kralın dövlətin ilk qulluqçusu olması başa düşülür.
Fridrixin Anapistemon və Philopatros arasındakı məktublar şəklində yazdığı “Ata yurdun sevgisiylə yazılmış məktublar” (1779) əsəri bu fikirləri təsvir edə bilər. Yazıçı burada ata yurda olan sevginin məntiqli bir düşüncə olduğunu göstərməyə çalışır və “bəzi ensiklopediyaçılar” tərəfindən irəli sürülən “dünya bizim hamımızın ortaq yaşayış məkanıdır və ağıllı insan dünya vətəndaşı olmalıdır” ideyasına irad tutur. Əlbəttə, Philapatros qəbul edir ki, insanlar qardaşdır və bir-birlərini sevməlidirlər ancaq geniş mənada bu xeyirxahlıq fərdlərin ictimai müqavilə ilə bağlı olduqları müəyyən bir cəmiyyət qarşısındakı öhdəliklərinin mövcudluğunu sual altına qoyur. Philopatros Anapistemona başa salır ki, cəmiyyətin yaxşılığı sizin üçündür. Bunu başa düşmədən siz ata yurda o qədər möhkəm bağlarla bağlanmısız ki, etdiyiniz səhvlərin nəticələrini hiss etmədən nə ondan təcrid oluna, nə də ayrıla bilirsiniz. Əgər dövlət xoşbəxt olsa, sizin də rifahınız yüksələcək, əgər dövlət ziyan çəksə, bu talehsizlik sizə də təsir edəcək. Eyni ilə vətəndaşlar sərvət qazanırsa, Suveren (dövlət) də rifahını yüksəldir və əgər vətəndaşlar yoxsulluq çəkirsə, Suveren də təəssüfləniləcək vəziyyətə düşür. Buna görə də ata yurda olan sevgi sırf idraki qavram deyil, o sadəcə olaraq mövcuddur.
Philopatros daha sonra belə davam edir: dövlətin bütün əyalətlərinin birliyi vətəndaşa birbaşa təsir edir. “Məgər görmürsüz ki, əgər dövlət bu əyalətləri itirsə daha zəif olacaq, onlardan qazandığı vəsaiti də itirəcək və lazım olduqda sizə kömək etmək üçün daha az şansı olacaq?”- deyə o soruşur.
Bu fikirə görə dövlətin birliyi və ona olan sədaqət onun fərdlərinin rifahını qorumağına görə dəyişir və ata yurda olan sevgi qazanılan xeyirin nəticəsi olur. Kralın arqumenti ilə yanaşı Höte də 1772-ci ildə Müqəddəs Roma İmperiyasında Habsburqlara sədaqəti vurğulayan “Ata yurda sevgiylə” adlı kitabı nəzərdən keçirərkən bunları demişdi: “Bizim ata yurdumuz var mı? Əgər biz öz mal, mülkümüzlə birlikdə dincələ biləcəyimiz bir torpaq, bizi doyuracaq bir tarla, başımızın üstündə bir ev tapsaq, biz orada ata yurdumuzda olmarıq mı?”
Fransız inqilabından öncə Avropadakı baxış bucağı bu yöndə idi. Bu hadisənin önəmini xatırlamaq vacibdir. Bu yalnız sivil iğtişaş deyildi, bir növ idarə edəni digər bir növ ilə əvəz edən bir coup d`état (hərbi çevriliş) idi. Bu Avropa üçün tanış idi və Fransız İnqilabı bir növ çaxnaşmanın və ya Maariflənmiş Mütləqiyyətin öz rəsmi proqramı etdiyi islahatları həyata reallaşdırmağın başlanğıcı olaraq başladı. Lakin getdikcə daha aydın oldu ki, Fransız inqilabı siyasi gücün işlənməsində yeni imkanlar yaratdı və idarəçilərin gücdən legitim şəkildə istifadələri üçün “sonluq”ları dəyişdirdi. İnqilab bu mənaya gəlirdi ki, əgər dövlətin vətəndaşları öz cəmiyyətləri üçün siyasi razılaşmaları dəstəkləməsə, onların bu razılaşmaları daha qaneediciləri ilə dəyişməyə haqqları və gücləri vardı. İnsan Hüquqları və Vətəndaş Bəyannaməsinin də dediyi kimi: “Suverenliyin prinsipi millətdə yaşayır; heç bir kəs, heç bir fərd açıq şəkildə ondan qaynaqlanmayan səlahiyyəti yerinə yetirə bilməz.”
Bu elə bir şərtdir ki, millətçilik kimi doktrinalar bu olmadan heç cür məntiqə uyğun ola bilməz. Belə bir doktrina cəmiyyətin öz siyasətini ən yaxşı halda necə idarə etməsi, lazım gələrsə, radikal dəyişikliklərlə hədəflərinə çatmasını araşdırır. Fransız inqilabı göstərdi ki, belə bir quruluş mümkündür. Burada Maarifçilik tərəfindən təbliğ edilən və guya Maarifənmiş Mütləqiyyət tərəfindən qəbul edilmiş islahatlarda gizli siyasi qərarsızlığa meyl böyük dərəcədə yüksəldi. Bu islahatlar plan üzrə edilmişdi və onlar cəmiyyətin hər bir parçası uyğunlaşdırılana qədər dayanmayacaqdı. Bununla da, onun lehinə belə bir fikir formalaşdı ki, dövlət dayanmadan inkişaf etmədikdə geridə qalır. Bu cür düşüncə tərzi milliyyətçilik kimi bir doktrinanın inkişafı və yayılması üçün vacib idi.
“Müstəqilliyin bütün prinsipləri mahiyyətcə Millətdə yaşayır”. Beləliklə, millət nə mənaya gəlir? Natio, sadə dildə doğum oxşarlığı ilə bir-birinə bağlı olan, ailədən böyük ancaq klan və ya xalqdan kiçik olan insan qrupuna deyilir. Termin xüsusilə də əcnəbilərin icmasına aid edilir. Çox yaxşı bilindiyi kimi, orta əsrlər universitetləri “millətlərə” bölünmüşdü: Paris universitetinin 4 milləti var idi: l’honorable nation de France, la fidele nation de Picardie, la venerable nation de Normandie və la constante nation de Germanie; universitet daxili işlənən bu fərqliliklər mənşələrin yerlərini bildirirdi lakin heç bir halda müasir coğrafi bölgü və ya indi başa düşülən “millət” mənaında işlədilmirdi. Nation de France italyan və ispan dilləri daxil olmaqla Roma dillilərə aid edilir, nation de Picardie Şimal-Şərqi Avropadan olan Normand dillilərə və Germanie də ingilis dillilərə və həmçinin almanlara deyilirdi.
Genişlənmə nəticəsində söz ümumi ismə çevrildi, əsasən də alçaldıcı mənada işlənməyə başlandı. Beləliklə, Makiavelli gibellin millətindən danışır və Monteskyö rahiblərə iki üzlü millət olaraq xitab edir. Ümumi isim kimi bu söz 18-ci əsrə qədər bu mənada qalır və biz Yumun “Millətin Xarakterləri” essesində bu cür dediyini görürük: “millət davamlı olaraq əlaqədən yaranan xüsusi özəlliklər qazanmış fərdlərin topluluğundan başqa heçnə deyildir”. Diderot və Dalamber isə “Ensiklopediya”da milləti müəyyən bir ölkədə yaşayan və eyni hökümətə tabe olan önəmli sayda insan toplusunu təsvir etmək üçün verilən bir isim kimi göstərir. Lakin söz həmçinin siyasi mənada da inkişaf etdi. Millət müəyyən bir konsulda, topluluqda və ya dövlətdə təmsil edilmək və ya təmsil edəni seçmək kimi haqqları olan insanlar toplusu mənasına gəlirdi. Kilsə Konsulu da millətlərə bölünmüşdü; Fransa Baş Ştatları 1484-cü ildəki görüşündə 6 millətdən ibarət idi; İmperiya gücləri və macarlar arasındakı müharibəni bitirən 1711-ci il Szatmar sülhündə qarşı tərəflər Habsburq sülaləsi və macar milləti idi. Bu kontekstdə “millət” dedikdə Macarıstan ərazisində yaşayan bütün millətlərin cəmi yox, “baronlar, kardinallar, Macarıstan zadəganları” və hüquqi cəhətdən illik vergi ödəyən və əhalinin əsasən kiçik hissəsini təşkil edən əhali idi. Bu Monteskyönün “Qanunların Ruhları”nda işlətdiyi termində də görünür: “ilk iki sülalənin (Fransada) hakimiyyəti altında olan zaman millət dedikdə adətən lordlar və rahiblər birlikdə nəzərdə tutulurdu”. Buna görə də, üsyançılar deyirdilər ki, “suverenliyin prinsipləri Millətdə yaşayır” və bununla onlar yəqin ki, Millətin Kraldan və Aristokratlardan üstün olduğunu iddia edirmiş kimi qəbul edilməlidirlər.
Bu Diderot və Dalamberdən gətirilən sitatda üstü örtülü şəkildə olan iddiadır ancaq daha sonra Sieyès tərəfindən açıq şəkildə bildirilir. “Millət nədir?” soruşur Sieyès. “ Eyni qaydalar çərçivəsində yaşayan və eyni qanunverici hakimiyyət tərəfindən təmsil edilən bir qrup həmvətən”.
Bu cür iddia həm sadə, həm də mürəkkəbdir. Millət hakimiyyətin qanunvericiliklə məsul olduğu insanlar qrupudur. Bir-biri ilə əlaqəli olan və öz dövlətini quran hər insan qrupu bir millət formalaşdırır və bu tərifə görə, əgər dünyanın bütün insanları bir dövlət qurmaq qərarına gəlsələr, onlar da bir millət formalaşdıracaqlar. Lakin bu nəticə doğru olsa da, sadəcə akademik nəzəriyyədir. Çıxarılan digər nəticədə isə təsirlər çox cüzi olacaqdır. Fərz edək ki, müəyyən bir dövlətdə yaşayan bir neçə fərd suveren olmaqlarına baxmayaraq, artıq bu dövlətə tabe olmaq istəmədiklərinə qərar verirlər, onlar indi yeni dövlət qura və öz millətlərini təşkil edə bilərlər. Belə bir prinsip 18-ci əsr Avropasında qarışıqlıq yaratdı. Onun dövlətləri arasındakı əlaqələr təsadüfün, müharibənin və ya sülalələr arası münasibətlərin nəticəsi idi və bu münasibətlər də güclər balansı yaradan konfliktlər və ittifaqlar, dostluqlar və ziddiyətlər tərəfindən idarə olunurdu. Ola bilər ki, bu cür balansın daxili olaraq nailiyyəti yoxuydu. Çünki o nə qaydalar prinsipi idi, nə də haqqları qoruyurdu. Əksinə, tez-tez sırf təcrübi kələklə qarşılaşır və ciddi şəkildə dağılırdı. Lakin belə bir balansın işləmə ehtimalı belə hər hansı bir dağılmanın qarşısını almaq və idarə etmək funksiyasını görürdü.
Bu ehtimal gücün haradan qazanılmasından asılı olmayaraq hökümətə idarə etmə rütbəsi verirdi. Buna görə də, Avropa ölkələrinin cəmiyyətləri hər cür respublikanı, irsi vəya seçkili monarxiyanı, konstitusiyalı və despot rejimləri qəbul edirdi. Lakin inqilabçıların iddia etdikləri prinsiplərin nəticəsində bütün hökümətlərin rütbələri sual altında qaldı və beləliklə, onlar öz suverenliklərini millətdən almadıqlarından onlar bağlılıq üçün heç bir müqaviləyə ehtiyacı olmayan qəsbkardırlar və heç kimin onlara sədaqət borcu yoxdur. Aydındır ki, belə bir doktrina beynəlxalq mübahisələri zəhərlədi və onları ənənəvi dövlət quruculuğu üçün ziyanlı etdi. Bu hadisə o dövrki beynəlxalq əlaqələri devirərək indiyə qədər bilinən beynəlxalq əlaqələri yaratdı.
Tezliklə bu problem genişləndi və dünyaya yeni doktrinann nəticələrini göstərdi. 17-ci əsrdə Elzas Fransa Krallığına birləşəndə bölgədəki zadəganların hüquqları beynəlxalq müqavilə əsasında təyin edildi. Həm Elzasdan, həm də Müqəddəs Roma İmperiyasından mülklərə sahib olan zadəganların bəziləri Elzasdakı mülklərinə görə Fransa kralına sədaqət andı içdilər və digər tərəfdən İmperiyadakı mülklərinə görə isə İmperiya konstitusiyası əsasında sahib olduqları haqqlardan yararlandılar. Üsyandan qısa müddət sonra Fransada bütün feodal imtiyazları ləğv edildi və Elzas zadəganlarının haqqları sual altında qaldı. Doğurdan da, onlar Fransa kralına sədaqət andı içmişdilər və buna görə də Fransız qanunlarına tabe idilər lakin bu sədaqət beynəlxalq müqavilə və onun imtiyazları tərəfindən yaradılmışdı. Bu imtiyazlar inqilab höküməti onları pozana qədər toxunula bilməzdi.
İnqilabçılar bir güzəşt edərək Elzas zadəganlarının ləğv edilmiş imtiyazlarını kompensasiya etmək üçün xüsusi müzakirələr apardılar. Lakin bu bir tərəfli hərəkət Elzas zadəganlarını qane etmədi: əgər onların imtiyazları təhrif edilirsə, ixtiyari fərmanın hökmünə buraxmaqdansa, bu məsələni düzgün yolla, yeni torpaqlar qarşılığında, Fransa höküməti həll etsin. Müzakirə daha da irəlilədi və burada Fransa tərəfindən deyilənlər xüsusi diqqətə layiqdir. Konstitusiya Məclisi problemi xüsusi komitəyə yönləndirdi və rapporteur (məruzəçi) öz raportuna bundan sonra Fransanın öz xarici siyasətini necə qurmalı olduğunun prinsiplərinin tərifini verərək başladı: “Fransız xalqının dürüst təmsilçiləri millətin müqəddəs və geri alına bilinməz hüquqlarını da göz önünə alaraq Ədalətdən başqa heç bir qaydanı tanımır. Buna görə də, kralın və nazirlərin etdikləri səhvlərin nəticəsi olan bundan əvvəlki müqavilələrin və konvensiyaların bundan sonra heç bir gücü yoxdur. Əvvəlki beynəlxalq hüquq başqa bir şey idi və yenisi isə tamam başqa bir şeydir. Əvvəlki prinsiplərə əsasən Elzas zadəganları təzminat tələb edə bilər, lakin yeni era tamamilə dəyişmişdir. Fransız milləti özünü suveren elan etmişdir və həmçinin Elzas xalqı da öz istəkləri ilə Fransaya birləşdiklərindən bu suverenliyi bölüşür. Fransa və Elzasın birləşməsi artıq yalnız müqavilə əsasında deyil, xalqların istəyi nəticəsində də qanunidir. Millətin istəyi belə bir şərt qoymadığından zadəganların təzminat istəmək haqqı yoxdur.” Robespyer müzakirədə soruşdu ki, bir millətin digəri ilə birləşməsiylə işğal eynidir mi? Eynilə, 1789-dan öncə müsadirə sayılan torpaqlar üzərində artıq qanuni sahiblik yarana bilərdimi? Bu möcüzələr yeni bölgü ilə mümkün edilmişdi.
Sonralar inqilabçılar təbii haqqın icrası üçün daha sülhsevər bir yol izlədilər və proses boyunca dünyaya (dediklərinə görə) sülhə aparacaq yeni beynəlxalq qanunlar təklif edirdilər. 1790 Konstitusiyasının 6-cı bəndi bildirir: “Fransız milləti bütün işğal müharibələrindən imtina edir və heç bir zaman öz gücünü digər millətlərin azadlıqlarının əleyhinə istifadə etməyəcəkdir”. Lakin prinsiplər azacıq elastik idi və Fransa xaricində ordunun istifadə edilməsinə haqq qazandırmaq mümkün idi. Kateqoriyalı qərarların qəbulundan yalnız iki il sonra Konvensiyanın fərmanı bildirdi ki, Fransız xalqı digər millətə qarşı müharibəyə girməyəcəyinə baxmayaraq, azad insanları kralın zülmündən qorumağı düzgün hesab edir və bunun adrınca isə fərman azadlıq qazanmaq uğrunda mübarizə aparan insanlara kömək üçün icraedici güc verdi. Buna görə də, yeni beynəlxalq hüquq mübahisələri və müharibələri aradan qaldıra bilmədi. Fransa hələ də öz şöhrətpərəstliyi və öz baxış bucağı ilə zəif dövlətlər üzərində güc istifadə edən həmin Fransa idi.
Yeni prinsiplərin nəticəsi iradə ifadəsinin müqavilələri aşdığı, rəhbərə sədaqəti əritdiyi və sırf bəyannamələrlə hər bir hərəkətin qanuni ola bildiyi yeni növ siyasətin tanıdılması oldu. Təbiətindən dolayı bu yeni tərz ifrata qaçdı. O, siyasəti mübahisələrdəki sonsuz iddiaların birləşməsi olaraq deyil, prinsiplər uğrunda savaş olaraq təqdim etdi. Lakin prinsiplər maraqları aradan qaldırmadığından məhvedici qarışıqlıqla nəticələndi. Dövlətlərin şöhrətpərəstliyi və ya fraksiyaların dizaynı prinsiplərin saflığına büründü, güzəşt xəyanət idi və təngə gətirən uyuşmazlıq rəqiblər arasında adi hala çevrildi. Doğruluğu idrak etmək əlavəsi heç vaxt dağıdıla bilinməmiş, lakin ancaq təsdiqlənmiş doğruluq yaratdı. Terrorizm saflıq əyarı oldu. Sen-Jyust bu sözlərlə ah çəkirdi: “Burada, fəziləti bu qədər böyük bir günah kimi göstərən başqa bir şey yoxdur.”
Buradan elə görünürdü ki, böyük günahlar ədaləti bərpa etməyin yeganə yoludur. Sen-Jyust belə davam edirdi: “Ata yurda olan müqəddəs sevgidə nəsə çox qorxunc bir şey var; O, o qədər xariqüladədir ki, insan rəhm etmədən, qorxu duymadan, insanlığa hörmət etmədən hərşeyini ictimai marağa qurban verə bilər…Ümumi mənfəəti yaradan şey hər zaman qorxuncdur.”
Bu tərz uğurlu bir inqilab tərəfindən yaradıldı və yayıldı. 1789-cu ildən sonra isə Avropada böyük rəğbət qazandı. Onun təsiri altında millətçilik kimi doktrinalar inkişaf etdirildi və mükəmməlləşdirildi.