Yukio Misima (1925-1970) yapon yazıçı, dramaturq, aktyor, rejissor və şair idi. Bütün dünyada tanınan Misima Yaponiyanın 20ci əsrdəki ən önəmli yazıçılarından hesab edilir. Onun yaradıcılığı 1 film, 1 libretto, 18 tamaşa, 20 esse kitabı, 20 kiçik həcmli hekayə kitabı və 40 romandan ibarətdir. Misimanın yazıları müasir ədəbi stillə yapon ənənəvi elementlərini birləşdirir. O, yazılarında həmçinin seksuallıq və ölüm mövzularını da işləmişdir. Misima Şinço mükafatına, dram üzrə Kişida mükafatına, ən yaxşı roman üzrə Yomiuri mükafatına və ən yaxşı dram əsərinə görə Yomiuri mükafatına layiq görülüb. Mishima 1968-ci ildə Nobel mükafatına da namizəd olaraq göstərilsə də, mükafatı qazana bilmir. Bəziləri, bunun səbəbini onun qatı milliyyətçi düşüncələri olaraq göstərir.
1960-cı illərə qədər yapon siyasətinə elə də maraq göstərməyən Misimanın 1960-cı ildə yazdığı “Patriotizm” adlı qısa hekayəsində artıq milli düşüncələrinin ciddi şəkildə formalaşdığı görülür. Misima burada yapon milli dəyərlərinin getdikcə itirilməsinə qarşı üsyan edirdi. BBC-ə verdiyi müsahibədə hökümətin yaponları sakit və sülhsevər bir millət kimi göstərməyə çalışmasının yanlış olduğunu müdafiə edir. Misima deyirdiki, yapon mədəniyyətinin yalnız gül festivalları ilə təmsil olunmasını sevmirəm, biz öz milli dəyərlərimizlə təmsil olunmalıyıq.
Misimaya görə yapon millətinin zəriflik və qəddarlıq olaraq iki əks xarakteri mövcudddur. Qəddarlıq yaponların emosional olması ilə əlaqədardır və faşist ideya kimi heç zaman sistemləşdirilməmişdir deyən Misima, yapon milliyyətçiliyinin faşizmdən fərqli olduğunu göstərməyə çalışır. Qəddarlıq yaponların feminin tərəfinin təzahürüdür və bəzən bunu açığa vurmaq onları yenidən azad bir fərdə çevirir. Müsahibələrinin birində Misima deyirdi: “Məsələn müharibədən sonra bizim qəddar tərəfimiz tamamilə gizlənib və ümid edirəmki, o yalnız gizlənib. Düşünürəmki, bizim hələ də, düşüncəmizdə də olsa, güclü döyüşçülərimiz var”.
Misima Yaponiyadakı iqtisadi rifahın yüksəlməsini yapon gəncləri üçün təhlükəli hesab edirdi və getdikcə yüksələn qloballaşmanı isə yapon millətinə təhlükə hesab edirdi. Misima qloballaşma əleyhinə samuray mədəniyyətini müdafiə edirdi: “Bizim qədim samuray mədəniyyətimiz var. Onlar ancaq şərəfləri üçün yaşayıblar və pul kimi dəyərlərə hər zaman yuxarıdan aşağı baxıblar. Mən samuray ruhuyla yaşamaq istəyirəm. Harakirinin özünü yaşamaq istəmirəm ancaq harakirinin yüksək üfüqləri ilə gənc nəsilə stimul vermək istəyirəm. Bu stimulla mən şərəf duyğusunu, böyük məsuliyyət duyğusunu və şərəflə ölmək kimi ənənələri yaşatmaq istəyirəm. Mənim hədəfim budur.”
Misimaya görə harakiri çox pozitiv və şərəfli bir ölüm növüdür. Mishima harakirinin qərb üsulu intihardan fərqli olduğunu vurğulayırdı. Mishimaya görə qərb konsepti intihar çox vaxt özünü məğlub edir, lakin harakiri isə bəzən sizə qələbə qazandırır.
Misima öz siyasi görüşlərində radikal yol izləyirdi. Solçular onun samuray qaydalarının açıqlaması olan buşidoya bağlılığına nifrət edirdilər. Sağçılar isə Misimanın İmperator Hirohitonun taxtdan endirilməsi haqqında fikirlərini bəyənmirdilər. Misima özü isə yapon milliyyətçiliyini dəstəkləməsinə baxmayaraq İmperator Hirohitonun imperiyanın ilahiliyi düşüncəsindən imtina etməsinə qarşı öfkəli idi. 1968ci ildə Misima öz şöhrətindən və hərbi təlimindən istifadə edərək Tatenokai və ya “Qalxan Cəmiyyətini”ni qurur. Bu yarı-hərbi təşkilat Qəhrəman Ölümün Səsləri adlı mücərrəd dü.üncəyə sadiq olacaqlarına dair and içirdilər. Misima təşkilatına kimləri üzv olaraq götürdüyünü belə ifadə edir: “Tatenokaini qurmaq üçün tələbələr arasında konfliktlər olan universitetlərə gedirdim və orada solçu hərəkata qoşulmaq istəməyən tələbələrin təcrid edildiyini görürdüm. Onlar yapon milliyyətçiliyinin gücünə və özlərinin yapon ruhuna inanırdı amma onların düşüncələri solçu tələbələr tərəfindən tamamilə rədd edilirdi”.
1970-ci ildə Yukio Misima 4 Tatenokai üzvü ilə Yaponiya Özünümüdafiə Dəstələrinin İçiqaya Düşərgəsinə daxil olur. Bu düşərgə Tokioda yerləşir. Misima öz adamlarını düşərgə komandiri ilə görüşdürmək adı ilə düşərgəyə daxil ola bilir. Düşərgə komandirini öz stuluna bağlayan 5 nəfər üzərində tələbləri olan bayrağı da balkondan asırlar. Bundan əlavə, Misima onların siyasi düşüncələrini aydınlaşdıran bəyannamə də hazırlayır. Misima əsgərləri üsyana qaldırmaq və höküməti devirmək istəyirdi. Lakin, o Özünümüdafiə Dəstələrini öz tərəfinə çəkə bilmir, çıxışını bitirdikdən sonra isə əsgərlər tərəfindən fitə basılır.
Misima komandirin otağına qayıdır və harakiri edir (öz qılıncını qarnının sol tərəfinə saplayır və soldan sağa doğru çəkərək qarnını yırtır). Onun çəkdiyi ağrını azaltmaq üçün adamları kaishakunin (harakiri etdikdən sonra həmin adamın başını kəsməklə öhdəlikli assistent) rolu oynamalı idi . Təəssüf ki, onlar bunu edənə qədər bir neçə uğursuz cəhdə imza atırlar. Misimanın 1 il ərzində qurduğu plana baxmayaraq intihar çox uğursuz baş tutur. Misima ilə gələn dəstə üzvləri isə öz sədaqətlərinə görə seçilmişdi və Misima onların hüquqi müdafiəsi üçün lazım olacaq pulu çevriliş cəhdlərindən əvvəl təmin etmişdi. Bəzi kritiklər isə hələ də hərbi çevrilişə təhrikin sadəcə yazıçının intiharı üçün bəhanə olduğunu deyir. Kritikləri bu cür düşündürən isə yəqin ki, Misimanın bu sözləridir: insan yalnızca özü üçün yaşayıb və öləcək qədər güclü deyil. İnsanlar müəyyən bir ideal üçün yaşamağı sevirlər və bir nöqtədə onlar özləri üçün yaşamaqdan bezirlər. Buna görə də sonda nə üçünsə ölmək ehtiyacı yaranır.