10 təşrini-sani (noyabr) yekşənbə (bazar günü) gününün axşamı Bakı şəhər əhalisi tərəfindən qəhrəman ordumuzun şanlı komandanı Nuru Paşa həzrətləri şərəfinə yay klubunun zalında ( indiki Azərbaycan Dövlət Akademik Filarmoniyası) böyük və təntənəli bir ziyafət verildi.

Klubun içi və dəhlizləri gözəl və qiymətli xalılarla döşənmiş, divanları da ay-ulduzlu al bayraqlarla bəzənmiş idi: yuxarıda böyük musiqi orkestri, aşağıda da həm Osmanlı və həm Azərbaycan türklərinə məxsus milli sazəndə və xanəndələr tərənnüm etməkdə idilər.

Hökumət əhlindən ümum nazirlərimiz baş nazirlə bərabər, şəhərimizin bütün böyük məmurları, ümumi zabitan əfəndilər, İran konsulu cənabları, ziyalılarımız, böyük tacirlərimiz və sair əyan və əşrəf ziyafətdə hazır idilər.

Nuru Paşa həzrətlərinin salona vürudu əsnasında musiqi orkestri tərənnümə başlayaraq, məclis əhli ehtiramla Paşa həzrətlərini səmimiyyətlə salamladılar: hər kəs badə əlində miz başında özünəməxsus olan yerini tutub, ziyafət başlandı.

Yemək əsnasında baş nazirimiz Fətəli xan Xoyski həzrətləri birinci olaraq bəlağətli bir nitq söyləyərək Azərbaycan türklərinin əsarət bəndindən xilası səadətinə nail olması yolunda tökülən Osmanlı türk qanına işarə ilə “Bu qan və bu qan tökülən mübarək yerlər heç bir vaxt unudulmaz və xatirdən çıxmaz” buyurdu, Azərbaycan türklərinin təşəkkürlərini Paşa həzrətlərinə bildirib qədəh qaldırdı. O halda bütün həzərat ayağa duraraq müzəffər və şanlı komandanımız Paşa həzrətlərinin şərəfinə şərbətnuş olub, sürətli alqışlarla izhari-məsərrət və şadyanlıq etdilər.

Həqiqət, bu böyük məclisdə hamının, xüsusilə Bakı əhlinin olmazın həqarətlərə düçar olduqları ağarmış saç-saqqallarından, solğun çöhrələrindən, məhzun gözlərindən bəlli olan üzlərində bu axşam o qədər bəxtiyarlıq və bundan irəli gələrək o dərəcədə şükr və səna əlaməti peyda idi ki, keçmiş qara günlərin fəna təsirləri bu gün nail olduğumuz ağ günlərin müqavilində unudulmaq üzrə olduğu aydın və aşkar idi”

Yox! Fəna (pis) təsirləri unudulur, fəqət o təsirləri buraxan qara günlər unudulmaz: onları unutmaq üçün ya filosof olmalıdır, ya laübalı!..(etinasız, laqeyd)

Nə qərib təsadüf.

Təqribən bir il bundan əvvəl, bu gün ay-ulduzlu Türk bayrağı ilə bəzədilmiş bu salonda bolşevik Suxarçev, Nikolay Romanova məxsus bir zalım hakim vəziyyətini alaraq, hüquq siyasəti və insaniyyətləri xüsusunda ağız açmağa “cürət” edən Bakı müsəlmanlarını təhdid yolu ilə “Bakıda daşı daş üstə qoymaram!” – deyə meydan açırdı.

Buna qarşı olaraq Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadə yoldaşımız: “Əlbəttə! Biz azadlıq yolunda mübarizə edirik, nəticədə bizə ya istiqlaliyyətimiz qalar, ya uçurulmuş daşlar! Fəqət əmin olun, müvəqqəti qələbə sizin üzərinizdə olsa da, daimi zəfər bizimdir!” – deyə gələcəkdən xəbər vermişdi. Bu axşam Rəsulzadə cənabları öz səlis nitqində bu fəqərəni yada salıb qanlı və həqşəkən (haqqı sındıran) Suxarçevlərin mühazirə oxuduğu bu meydanda bu gün daimi və əzmli bir Türk zəfərinin bayram edilməsinə işarə ilə haqq sözün haqq yerinə düşməyindən ötrü razılıq etdi.

Yox! Əgər Suxarçev bu axşam klub salonuna bədnəzər yetirib bu al bayraqları, bu şanlı komandanları, bu qəhrəman zabitləri, bu cəsur əsgərləri, bu bəxtiyar çöhrələri görsə idi, hədəsinin nə qədər gülünc və əbəs olduğunu özü də etirafa məcbur olardı.

Rəsulzadə nitqinə davam edərək, – siyasi üfüqdə qara buludlar görünən kimidir, lakin bu qara buludlara qarşı Nurularımızın zülmətqovan nuru var, – dedikdə bütün məclis əhli ayağa qalxıb Paşa həzrətlərini xüsusi bir təzimlə alqışlamağa başladılar.

Bir ildən bəri əziz qonağımız və keçirdiyimiz qara günlərə bizimlə bərabər şərik olan Rövşəni bəy həzrətlərinin bəliğ nitqi o qədər yanıqlı və o qədər atəşli idi ki, həzəratın üzərində böyük bir təsir buraxdı: əqidə amalımıza yetmək, azad edilmiş hüdudumuzu son qüvvəmizlə saxlamaq və bu yolda hər bir fədakarlığa hazır olmaq üçün bu gecənin şərəfinə həmin lüzumundan bəhslə məclis əhlinin ruhunu yüksəldirdi.

Həzərat aramızda oturan bir nəfərin nitqinə müntəzir görünürdü: bu cənabın illərdən bəri eşitmədiyi səsini eşitmək, fikrini bilmək, nəzəriyyəsindən xəbərdar olmaq istəyirdi. O möhtərəm cənab sevgili ustadımız Əhməd bəy Ağayev idi ki, nitq söyləmək üçün yerindən qalxarkən salonda dərin bir sükunət əmələ gəlib, hər kəs bütün diqqətini ona tərəf yönəltdi.

Əhməd bəyin nitqində bəzilərinin gözlədiyi atəş yox idi, amma həqiqi bir səmimiyyət vardı: “Mən Bakını İstanbulda və İstanbulu Bakıda görüb, özümü o qədər bəxtiyar görürəm ki, daha ölsəm o qədər də qəmim yoxdur, dünyadan kam almış kimiyəm” – kimi sözləri o, səmimi bir hisslə söyləyirdi ki, eşidənlər də özünün Əhməd bəy kimi bəxtəvər və bəxtiyar hiss edirdilər.

Biz Əhməd bəyin nitqini icmala cəsarət etməyib, tamamilə qəzetimizdə dərc üçün lütfən bizə göndərilməsi ümidilə oxucularımızı səbrə dəvət edirik.

Bu qədər nitq və alqışlara cavab olaraq Nuru Paşa həzrətləri gözəl İstanbul şivəsilə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi bir çox əndişələrdən təmiz etməklə bəlağətli və səlis nitqilə məclis əhlini şərəfyab və minnətdar etdi.

Bu nitqin təsiri ilə idi ki, hər kəsdə gələcəyə artıq əndişəsiz bir nəzər əmələ gəlib özündə böyük bir ümid, yüksək bir hiss edərək, xoşbəxt və xoşvaxt bir hal ilə bir-birini təbrik edib məclisə xitam verdilər.


                                                                          Azərbaycan” qəzeti, 1918, №37

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər