Rus dövlət cilovunun devrilib süni hüdudundan təbii hüdudu dairəsinə sıxışdığı əsnada həyati-milliyyəmizə qəsd etmiş olan Romanov sülaləsinin qurduğu tələlər və əsrlərdən bəri gördüyü tədbirlər və yürütdüyü siyasət nəticəsində bu kimi təhlükəli dəqiqlərdə öz həyat və namusunu təmin və mühafizəyə yeganə mədar olacaq hər cür vəsait və tərbiyə alətindən Rusiyada yaşayan 30 milyona yaxın türklərdən başqa heç bir millət yox idi. Və bu 30 milyon arasında ən ağır vəziyyətdə olanlardan biri də heç şübhə yoxdur ki, biz Azərbaycan türkləri idik. Bununla bərabər bu gün Rusiyada sakin türk və islamların ən məsud və ən kamranı yenə biz Azəri türkləriyik. Səbəbi meydanda: son sistem silahlarla müsəlləh düşmənlə hər tərəfdən əhatə olunduğumuz əsnada türk dünyasının yeganə hamisi və türk-islam birliyinin ən böyük nikahbanı olaraq öz qardaşlarının xilası uğrunda ən bərgüzidə övladının fədayi amadə olduğunu bilfel isbat edən ən cəsur əsgəri, fatehlərin, yavuzların əhfadi olan türk qəhrəmanları, türk əsgəri sərdarlığına behəqqi-layiq nəcib Nuru Paşa və müavinləri başda olaraq qardaşlıq əllərini bizə uzatdılar və sevgili vətənimizi xain və zalım düşmənlərdən xilas ilə bu günkü şanlı günləri görməyə müvəffəq etdilər.
Ey cəsur Türk qəhrəmanları! Sizə layiq bir söz vardır ki, onu da Bakının alınması münasibətilə Nuru Paşa həzrətlərinə Baş vəkilimiz yazmışdır. Ondan daha münasib bir təbir tapmadığımdan onu mən də təkrar edirəm və zənn edirəm ki, üç kəlmədən ibarət olan bu cümləni Azərbaycan durduqca hər bir azərbaycanlı türk qəlbində yaşayacaq və təkrar edəcəkdir:
Millət Sizə minnətdardır.
İndi Sizə, ey Azərbaycan dəliqanlıları, sizə müraciət edirəm. Üzərinizdə nə qədər böyük və ağır vəzifə olduğunu bilirsinizmi, artıq meydanda heç bir bəhanə qalmadı. Vətənimiz düşməndən xilas oldu və olur. Silah istəyirsiniz, qardaşlarınız sizin üçün tədarük edir, top istəyirsiniz hazır, digər ləvazimat istəyirsiz hazır, hərbi məktəb istəyirsiniz hazır, müəllimlər və zabitlər istəyirsiniz o da hazır, para, iaşə, əlbisə, fişəng zavodları, daha sənə nə lazım isə hamısı hazır. O halda artıq nə düşünürsünüz, haydı yavrularım, haydı silah başına. Baxsana ədib şəhirin Əlibəy Hüseynzadə bir neçə həftə əvvəl olmuş bir məclisdə nə demişdi: “Ey azərbaycanlılar! Siz bir bahadırsınız ki, inşallah tez bir zamanda bir əlinizə Osmanlı dövlətini alıb, o biri əlinizə Türküstanı götürəcəksiniz. Hər ikisini yüksəldib öz başınıza tac qoyacaqsınız”. İndi vəzifəni anlayırsanmı, oğlum. Haydı, silah başına. Üç aya qədər səndən 100 min əsgər istərəm və görəcəyəm. Haydı övladlarım, düşmən dörd gözlə fürsət axtarır, bir şey edə bilməyəcəklər – deyə düşünür, sənin istiqlaliyyətini qəbul etmək istəmir, sənin paytaxtına göz dikir. Varsınlar qəbul etməsinlər! Sən işində ol! Silaha sarıl! 100 min qəhrəman omuz-omuza versin, Tanrı uludur.
Varsın, düşünsünlər: istədikləri kimi düşünsünlər, yalnız söylənməsinlər. Söylərlər isə tariximizi varaqlaram və bir çox göz çıxaracaq barmaqlar buluram. Ta əski zamanlardan başlaram… Miladi İsadan 530 sənə əvvəl sənin vətənin olan Qafqaziyada böyük müharibə və qələbədən sonra kainatın ən böyük qan tökücülərindən məşhur Keyxosrovun başını öz əli ilə kəsib qanla dolu bir qabın içərisinə atıb “Ömrün olalı qan içməkdən doymadın, indi doy” – deyən böyük türk qadın xanlarından “Tomris Xanı” göstərim. Miladdan 310 il əvvəl məşhur Çin səddini aşıb Çinin yarısını öz istilasına keçirən türk “Tomrus” xaqanı göstərim. V əsrin ortalarında Fransanın içərilərinə, Reyn çayına qədər irəliləmiş Balamir və Atilla kimi dünyaca məşhur xanları göstərirəm.
Qara dənizdən bəhri-mühiti-kəbirə qədər mümtədd bir imperatorluq təşkil edən Çingiz xanımızı göstərirəm. Dünyanı lərzəyə salan Teymur xanımızı göstərirəm. Və ya Sivrinə bayrağını rəmz edən Süleyman Sultanımızı göstərirəm. Soruşaq onlardan: nə üçün dünyaya sahib olan türklər indi öz mülklərinə malik olmasınlar. Nə üçün şansız, şərəfsiz, tarixsiz, mazisiz millətlərin istiqlaliyyətə haqları olsun ki, dünyaya ağalıq etmiş nəcib, şanlı, şərəfli, mazili, istiqlallı türk millətimizin istiqlala haqqı olmasın?! Başqalarını idarə etməyi, həm də insancasına idarə etməyi bilən türk milləti kimi bir millət dünyada tapılmadığı halda, nə üçün öz-özünə idarə etməyə həsəd edirsiniz? Bax XIV əsrin əvvəllərində Rusiyada hökmran olan Adil xanlarımızdan Özbək xanın əmrini dinlə: “Böyük və bülənd olunan Allah-təalanın mərhəməti, iradə və qüvvətli əmri ilə mən Özbək özümün təsəvvürümdə olan cümlə böyük, həm orta, həm kiçik knyazlar ki, cümlə vəzirlər, əmirlər və dəftərçi və basqaq və bazuçi və ilcələr və hər bir hökm yürkan tərəflərin xəlqlərinə fərman edəmən: nəsari və qeyrilərinin cümlə ruhaniləri, popları, rahibləri, kənisələr və ibadət ürünləri və işbu kənisədə ibadət ürünlərinə təxsis edilqən mülklər vəqflər cümləsi xəracdan və miri işlərinin cümləsindən məafdır. Bularqa heç bir qul tikəzəcək olmasın. Çünki bular Allah üçün hazırlanqanlar, bular bizgə və biznin ailəmizgə dua qılsınlar. Əgər bizə və bularqa təərrüz edib bulardan bir nərsə alacaq bulsa ondan üç misli tulatulur. Əgər birə və bularnı əza edəcək olsa Allahın qəhri ona bulsun!
Yazıldı qoyun jilində, göz fəslindən birinci ayının dördüncü günündə”.
Bu fərmanı biz türklüyümüz və islamlığımız üçün məhv etmək fikrində olanların gözünə soxar və söylərəm ki, dünyada yaşamaq haqqı, istiqlaliyyət haqqı bizdədir. Çünki insaf bizdə, alicənablıq bizdə, mərhəmət bizdə, cəsarət bizdədir. Elə isə nə üçün biz məhv olaq və siz qalasınız? İştə təkrar edirəm, övladlarım! Türk ordusu bizim üçün cənnət qapılarını açmışdır, oraya vasil olmaq üçün dəstə-dəstə toplanın, yüz min, iki yüz min toplanın, evinizi, kəndinizi, şəhərinizi, paytaxtınızı, Azərbaycanınızı, türk ellərinizi, islam məmləkətlərinizi mühafizə üçün köksünüzü sipər edin. O vaxt bizim istiqlaliyyətimizi tanımayan tanısın.
Haydı, oğullarım, haydı silah başına!
1 sentyabr 1918.
Azərbaycan qəzeti, pəncşənbə 26 zilhiccə (oktyabr) sənə 1336, 1918 N5.