Magna Karta 1215 [1] (Böyük azadlıqlar xartiyası)

Başlama nöqtəm Magna Cartadır. Hamının haqqında eşitdiyi Böyük Xartiya. Bəzilərimiz isə Britaniya Muzeyində, Soulzberidə, yaxud da Linkolnda onun bugünədək gəlib çıxmış üç nüsxəsindən birini yaxud digərlərini gözlərimizlə görmüşük. Orijinal mətn latıncadır və deşifrə olunması çox çətindir. Hətta tərcüməsində belə mətnin əksər hissəsi başa düşülməsi çətin və anlaşılmazdır. Ancaq tərcümədə də 39 və 40-cı fəsillərdəki ifadələr məsələni daha da canlandırır:

39. Ölkənin qanunları əsasında və bərabərləri tərəfindən çıxarılmış qanuni hökmdən başqa  heç bir azad adam tutula, həbsə alına, hüquqlarından və əmlakından məhrum edilə, qanundan kənar elan edilə və ya sürgün edilə, yaxud vəzifəsindən heç bir şəkildə məhrum edilə bilməz, nə də biz bunları etmək üçün güc tətbiq edəcək və ya başqalarını bu məqsədlə göndərəcəyik.

40. Heç kimə hüquqlar satmayacaq, kimsənin hüquqlarını inkar etməyəcək və ya ədaləti ertələməyəcəyik (təxirə salmayacağıq).

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin məktublarında yazılan məzmunsuz şüarlardansa, yazışmalarda məktubların və ya zərflərin üzərinə bax bu sözlər həkk olunmalıdır.

                 Magna Karta bir neçə aydan sonra Kral Conun (King John) təzyiqi ilə qəbul etdirilməsi səbəbiylə Papa tərəfindən ləğv olundu və bu daha pis tarixi hadisələrə yol açdı. O mərhələdə bu sənəd qanun sayılmırdı, çünki o zaman parlament kimi tanınan bir qurum yox idi. Bu, o dövrdə hələ başlanğıcda olan münsiflər məhkəməsi prinsiplərini, yaxud müasir formasının hələ yaranmadığı habeas korpusu-u ehtiva etmirdi. 39-cu fəslin dili “qeyri-müəyyən və qeyri-qənaətbəxş” olması tənqidilə üzləşdi və həmçinin 40-cı Fəsil haqqında isə “elə şərh edilmişdi ki, onun tərtibatçılarını da heyrətləndirmiş olardı” deyilirdi. Eləcə də bu, altruist (özgəçi) liberalların dünyanı daha yaxşı bir yerə çevirmək istəyi nəticəsində Ranimididə Kral Cona qarşı çıxan baronlarla[2] bağlı tarixin yanlış təqdimatı da ola bilərdi. Amma hər şeyə rəğmən, Magna Cartanın qəbul olunması bu ölkənin, zaman keçdikcə isə dünyanın konstitusional mənzərəsini dəyişən bir hadisə oldu.

Maqna Kartanın qəbul edilməsinin dörd səbəbi var. Birincisi, Macarıstanın 1222-ci il Qızıl Bull[3]-u da daxil olmaqla həmin dövrdəki Avropa xartiyalarından fərqli olaraq, bu ölkə ərazisindəki bütün azad adamlara verilmiş imtiyaz idi. Təbii ki, o dövrdə bütün kişilər (və ya qadınlar) azad deyildi. Lakin Maqna Kartanın qəbulu, müstəsna dərəcədə bütün azad adamlar arasında hüquq bərabərliyi hesab olundu. Beləliklə, bəlkə də, Maqna Karta Britaniyada cəmiyyət duyğusunun yaranmasına töhvə verərək vətəndaş müharibəsindən 350 il sonra bu ölkənin qanlı inqilablardan xoşbəxt azadlığını izah etməyə kömək edə bilər.                   

İkincisi, bəzi elementar tarix kitablarının da irəli sürdüyü fikirlərin əksinə olaraq Xartiya zalım kralın təzyiqinə və yığımlarına (vergilərinə) ani cavab kimi qəbul edilmiş sənəd deyildi. Doğrudur, Kral Conun hakimiyyəti dönəmində ölkə sonralar “sarsılmaz hökumətin şillələnməsi” adlanacaq bir dövr yaşadı. Orası da doğrudur ki, onun kilsəylə olan ixtilafları və hərbi uğursuzluqları daxildəki çətinlikləri də kəskinləşdirmişdi. Ancaq Magna Kartanın kökləri daha dərinə gedirdi. Bu daha çox Kral I Henrinin azadlıqlar xartiyası və əvvəlki kralların tacqoyma zamanı andiçmələri əsasında yazılmışdı. Belə ki, Kral I Henri 1100-cü ildə taxta çıxanda bir növ qeyri-seçki manifesti çıxarmışdı. O, burada əvvəlki hakimiyyətin pis əməllərini (adətlərini) və qəddar (əzici) vergilərini yüngülləşdirməyi vədi verirdi. Eləcə də həddən artıq (aşırı) ağır cəzaların verilməsini qadağan edir, cəzaların cinayətə uyğun olmasını və hüquq pozuntusunun təbiətini əks etdirməsini tələb edirdi. Tacqoyma zamanı andiçmələr isə 1688-ci il tarixli Tacqoyma Andı Aktının 3-cü maddəsində (xırda dəyişikliklərlə) əksini tapmış və 1953-cü ildə Kraliça II Yelizavetanın da and içdiyi – bütün hökmlərdə ədalətin və mərhəmətin tətbiq ediləcəyini ehtiva edirdi. Dr McKechnie (Doktor MakKeçni) yazırdı:

Kral Conun Böyük Xartiyasının həm məzmununun, həm də rəsmiyyətinin quruluşuna baxdıqda əminliklə demək olar ki,  İngiltərə Konstitusiyasında[4] olduğu kimi, bu, elementlərini birdən çox irqdən götürmüş qarışıq köklərdən ibarətdir; bundan başqa, bu, Kral I Henrinin Xartiyası vasitəsilə Anqlo-Sakson krallarının fərmanları və andlarından gələn və inkar edilə bilməyən ənənəvi bir xətdir.

Eynilə Xartiya mövzusunda möhtəşəm nüfuza malik müasir – Ser Ceyms Holt yazırdı: “Magna Karta ingilis cəmiyyəti və siyasətinə qəfil müdaxilə deyildi. Əksinə, o elə onlardan əmələ gəlmişdi (cücərmişdi)… Adi insanlar Magna Cartanın prinsiplərini hələ 1215-ci ildən çox qabaq qəbul edir, müzakirə və tətbiq edirdilər. Onlar bunu kifayət qədər yaxşı qavramış olmalı idilər”. Bu çox vacibdir. Tarixin də dəfələrlə göstərdiyi kimi Magna Karta qəfil ortaya çıxmış böhranı qarşılamaq və çıxış yolu vermək üçün bərbad sülh razılaşması deyildi. Onun özünəxas gücü vardı, çünki o, xalqın iradəsini ifadə edirdi.

Üçüncüsü, hətta ali hakimiyyətin də müəyyən əsas qaydalara uymalı olduğu iddiasında olan Xartiya azğınlaşmış, məsuliyyətsiz kral hakimiyyətindən aşkar imtinanı təmsil və ifadə etdiyi üçün önəmli idi. Bunun necə böyük bir addım olduğunu yalnız özümüzü xəyali olaraq XIII əsrin əvvəlinə səyahət etdirərək qiymətləndirə bilərik. Bu gün biz Birləşmiş Krallıqda ali qanunverici hakimiyyət kimi Parlamenti, icraedici hakimiyyət kimi Ülyahəzrətin nazirlərini və məhkəmə hakimiyyəti kimi isə Ülyahəzrətin hakimlərini bilirik və bu, hüquqi olaraq doğrudur. Ancaq eyni zamanda bilirik ki, Kraliçanın müvafiq qaydada qarşısına qoyulmuş qanunları təsdiqləməkdən başqa seçimi, həmçinin hakimləri və nazirləri işə götürmək, yaxud işdən qovmaq kimi səlahiyyəti yoxdur. 1215-ci ildə isə bu fərqli idi. Qanunverci, icraedici və məhkəmə səlahiyyətləri Kralın – Tanrının Yerdəki nümayəndəsinin əlində cəmlənmişdi. Lakin o, qanunun məhdudiyyətlərinə məruz qaldı. Elə buna görə də Magna Karta çox əhəmiyyətli dönüş nöqtəsi idi. Açıq-aşkar nəzərə çarpır ki, həmin dövrdə hüququn aliliyi rüşeym vəziyyətində idi.

Dördüncüsü, Magna Cartanın əhəmiyyəti təkcə onun dedikərində yox, daha geniş mənada, növbəti nəsillərin onun nə dediyini iddia etməsi və bunlara inanmasındadır. Bəzən mif gerçəklikdən daha önəmlidir. Deyirlər, “Öz tarixini yanlış anlamaq millət kimi formalaşmağın bir hissəsidir”. Bu Magna Karta-ya münasibətdə də belə idi. Bu mif gələcək əsrlər üçün birləşmə nöqtəsini sübut etdi –  hələ də etməkdədir, məsələn, hökumətin münsiflər məhkəməsinə bəzi məhdudiyyətlər qoymağı təklif etməsi halındakı kimi.[5] Həmçinin, Magna Kartanın təsiri təkcə lokal deyildi. 1991-ci ildə bir Amerikan müəllif yazırdı ki, hesablamalara görə Birləşmiş Ştatların 900-dən çox federal və ştat məhkəmələri Magna Kartaya istinadlar veriblər. 1940-1990-cı illər arasındakı yarım əsrlik bir dövrdə Ali Məhkəmə eynisini 60-dan çox məhkəmə işində etmişdi.


[1] Dilimizdə “Böyük Azadlıqlar Xartiyası”

[2] 1215-ci ildə Kral Con yarıtmaz idarəçiliyi nəticəsində baronlarla vətəndaş müharibəsi vəziyyətində idi. Kral Vindsor qəsrində, baronlar isə Steynisdə (Staines) yerləşmişdilər. Ranimidi (Runnymede) isə onların ortasında idi. Kral və baronlar arasında Ranimedidə bağlanan anlaşma Magna Carta idi.

[3] Golden Bull 1222 – Kral II Andryu tərəfindən zadəganların basqısıyla qəbul edilən (və həm də daha çox zadəganlara əlavə azadlıqlar verən) və Avropada monarxın hakimiyyətinə konstitusional limitlər qoyan ilk sənədlərdəndir. Bull– Roma Papalarının rəsmi məktub və ya sənədləri. Bull adı belə sənədlərə vurulan, əsas möhür mənasını verən bulla sözündən yaranıb.

[4] İngiltərənin yazılı konstitusiyası yoxdur

[5] Əsrin əvvəlində münsiflər məhkəməsinə qoyulması təklif olunan məhdudiyyətlər və onlara qarşı olan etirazlar barədə oxu –http://news.bbc.co.uk/2/hi/uk_news/1588246.stm

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər