Ağaoğlu Əhməd bəyin şəxsində türk dünyası məşhur mütəfəkkir və mühərrirlərindən birini qeyb etdi.
Türk dünyasında türkçülük cərəyanının Ziya Göyalp, Yusif Akçura kimi məşhur simaları ilə bir sırada Ağaoğlu Əhməd bəyin adını bilməyən tək bir fikir adamı da yoxdur. Türkiyənin “gənc türklər” inqilabından bəri keçirdiyi otuz illik təlatümlü həyatında Ağaoğlunun fikir, mətbuat və siyasət sahəsində oynadığı hərəkətli rol vəfatı münasibəti ilə meydana çıxan yazılarda öz əksini tapıb.
Özünəməxsus hərarətli mücadilə və fikir toqquşmaları ilə Türkiyəyə idealist Avropa düşüncə tərzini və qəzetçilik ənənələrini gətirdiyinə görə yaxınları və dostları arasında “ustad” kimi nüfuz qazanan Əhməd bəyin ölkənin mədəni-mənəvi həyatındakı yerini təsbit etmək üçün Malta əsarəti dövründə qələmə aldığı “Üç mədəniyyət” risaləsinə müraciət etmək kifayətdir.
Osmanlı imperiyasının hərbi-ümumidə uğradığı dəhşətli məğlubiyyət Əhməd bəyi uzun illərdən bəri beynində daşıdığı düşüncə və mülahizələri müəyyən sistem halına salmağa təşviq etmişdi. Uzaq Şərq-Budda mədəniyyəti kimi Yaxın Şərq-İslam mədəniyyətinin də Qərb mədəniyyətinə qarşı mübarizədə tam məğlub olduğunu özünəməxsus kəskin dillə yazıb ortaya qoyan Əhməd bəy bu risaləsində qarşımıza təəssübkeş bir qərbli sifətində çıxmaqdadır.
Soydaşları 1894-cü ildə Fransada təhsilini bitirib Qafqaza dönən Əhməd bəyə əbəs yerə “firəng Əhməd” ləqəbini verməmişdilər. Yaddan çıxarmaq olmaz ki, bu ləqəb ona sadəcə “Firəngistanda” təhsil aldığına görə deyil, daha çox fransız fikir və ideallarını müsəlman məmləkətində yaymaq məsələsində göstərdiyi fəaliyyətə görə verilmişdi.
Bu arada rus və türk dillərində yazdığı əsərlərə istinadən biz Əhməd bəyi bir tərəfdən müsəlman qadınlarının məruz qaldıqları dözülməz vəziyyətə, digər tərəfdən isə islam dünyasının mənəvi tənəzzülünə və daxildən çürüməsinə səbəb olan din xadimlərinə qarşı bir hərəkat başlatdığını görürük.
Əhməd bəyin bu tipli hərəkatlar əsnasında həmişə səfərbərliyə alınan “firəngliyi” yuxarıda adını çəkdiyim “Üç mədəniyyət” əsərində özünü daha mükəmməl şəkildə büruzə vermiş, müəllifin bütün həyatı boyu əldə rəhbər tutduğu ideologiyanın sistemli ifadəsi kimi meydana çıxmışdı.
Həyatının sonlarında ümumən türkçü və türkiyəçi kimi tanınan Ağaoğlu ömür yoluna mənsub olduğu nəslin əksər nümayəndələri kimi özündə daha artıq dərəcədə islam birliyi ideyası daşıyan milliyyətçi kimi daxil olmuşdu.
Azərbaycanın Qarabağ mahalında, patriarxal bir ailə mühitində islami tərbiyə görən Əhməd bəy Parisdə prinsipləri əsasında təhsil aldığı Qərb metodu və yiyələndiyi liberal fikirlərlə məmləkətinə dönəndən az sonra mühüm bir tarixi hərəkatdan təsirlənməyə başlamışdı. Yaponiyanın Port-Arturdakı qələbəsi çarizmin qorxu saçan maskasını qoparıb atmışdı. Artıq yalnız Rusiya deyil, İran və Türkiyə də ölkə daxilində islahat və hürriyyət tələbi ilə çalxalanmaqda idi. Bütün Rusiya müsəlmanları kimi Qafqaz müsəlmanları üçün də bu proses milli və siyasi oyanış dövrünün başlanmasına işarə idi.
Çox keçmədi, Rusiyada 1905-ci il inqilabı başlandı. Qafqaz müsəlmanları arasında da geniş miqyasda nəşriyyat fəaliyyəti və təşkilatı işlər görmək üçün imkanlar yarandı.
Həmin vaxta qədər ciddi senzura nəzarəti altında, saysız-hesabsız çətinliklər bahasına meydana çıxan türkcə bəzi nəşrlər istisna olmaqla yalnız rusca yazıb yaratmaq məcburiyyətində qalan Əhməd bəy bir an da tərəddüd hissi keçirmədən milli mücadilə cəbhəsinə atıldı. 1904-1910-cu illəri əhatə edən dövrdə “Həyat”, “İrşad” və “Tərəqqi” kimi gündəlik türkcə qəzetlərdə onun qələmi ilə verdiyi mücadilə Azərbaycan istiqlalı və Azərbaycan dövlətçiliyi yolunda başlanan milli oyanış hərəkatımızın ən canlı və coşqun bir dövrünü təşkil etməkdədir.
Yuxarıda sadalanan qəzetlərin adlarından da göründüyü kimi, bu dövrdəki nəşriyyat işləri və siyasi fəaliyyət səmərəli proqram və milli məramı aydın olan mübarizə üsulundan daha çox müsəlman əfkari-ümumiyyəsini həyat uğrunda mübarizəyə səsləyən, gələcək tərəqqi yolunu aydınlaşdırmağı qarşısına məqsəd qoyan siyasi və elmi oyanış təbliğatı xarakteri daşıyırdı. Bugünkü azərbaycançılıq davası bir yana qalsın, hətta türkçülüyün ümumi şəkildə izah və şərhinə o dövrün mətbuatında çox az təsadüf olunur. Türk təbiri ilə müsəlman sözü şəxsən Əhməd bəyin özünün məqalələrində də hələ bugünkü təsnifini tapa bilməmişdi.
Amma bütün bunlara baxmayaraq, Ağaoğlu Əhməd bəyin o zamankı fəaliyyəti Azərbaycanın milli oyanış tarixində özünəməxsus bir hadisə idi.
Yalnız Qafqaz müsəlmanları və bütün Rusiyanın türk-tatarlarının məsələləri ilə deyil, qonşu İran və Türkiyədə cərəyan edən hadisələrlə də yaxından və cani-dildən maraqlanan Əhməd bəy sadəcə bir qəzetçi deyildir. O, eyni zamanda, ictimai xadim, maarifçi, siyasətçi və inqilabçıdır.
Əhməd bəy hər zaman doğma xalqının geriliyinə qarşı mübarizə edirdi. “Firəngsayağı fikirləri” ilə özünü təəssübkeş mollaların lənət və təkfirlərinin hədəfinə çevirirdi. Belə bir adam eyni zamanda, həm də “müsəlmanları hökumətə qarşı mücadiləyə təhrik” ittihamı ilə təqiblərə məruz qalırdı. Eyni zamanda, Bakı kimi amerikansayağı bir şəhərdə üz-üzə gələn fərqli nüfuz və rəqabət meyllərini dəf edərək meydana çıxmaqda olan milli iqtisadi gerçəkliyin həyati mənafelərini qoruduğu üçün müxalif düşüncə sahiblərinin şiddətli təqib və hücumlarına sinə gərməli olurdu. Bütün bunlarla bir sırada hətta öz millətinin hacılarına qıyan yabançı komitələrlə əlbir olub çar məmurlarına qarşı gizli terror təşkilatı yaratmaq işində iştirakdan da çəkinmirdi.
Geniş fəaliyyəti sırasında Əhməd bəy bir də hər zaman müsəlman əhalinin hüquqlarını rəsmi rus qurumlarının basqılarından qoruyan seçkin şəxslərdən biri olmuşdu. Rus mətbuatının səhifələrində Qafqaz müsəlmanlarını daim müdafiə etmək vəzifəsi də sanki təkcə onun boyuna biçilmişdi.
Rusiya türk və müsəlmanları arasında mədəniyyətə və tərəqqiyə doğru hər bir hərəkəti “ittihadi-islam təhlükəsi” şəklində göstərməkıə “liberal” rus ictimai fikrini bu “irtica” cərəyanına qarşı ayağa qaldırmaq taktikası yeridən düşmən qüvvələrin öz təbliğatlarında hər vasitə ilə qaraladıqları, ən çox vurduqları və saysız-hesabsız ittihamlara hədəf aldıqları şəxs yenə də Ağaoğlu Əhməd bəy idi.
Onunla əməkdaşlıq edən, necə qəhrəmancasına çalışıb-vuruşmasına yaxından bələd olan bir adam kimi, tam əminliklə deyə bilərəm ki, o dövrdə, o odlu-alovlu illərdə heç kəs Ağaoğlu Əhməd bəy qədər milli hərəkat və milli dava cəbhəsinin ön atəş xəttində olmamışdı.
1910-cu ildə Türkiyəyə mühacirətindən sonra İstanbuldan Bakı qəzetlərinə məqalələr göndərmək yolu ilə də olsa, Qafqaz mühiti ilə mənəvi əlaqəsini müntəzəm şəkildə davam etdirən Əhməd bəy ümumi hərbin başlanması nəticəsində bu əlaqəni də kəsmək məcburiyyətində qalmışdı.
Rusiyada yenidən azadlıq hərəkatı başladı. Qafqaz millətləri də öz müstəqilliklərini elan etdilər. Azərbaycan Cümhuriyyəti təşkil olundi. Bu təşəkkül prosesində Əhməd bəyin rolu ikinci dərəcəli və epizodikdir. Azərbaycanın sülh heyətinin nümayəndəsi kimi Bakıdan Parisə getdiyi zaman İstanbulda ingilislər tərəfindən həbs edilib Malta adasına sürgün olunmuşdu.
Sonrası artıq məlumdur. Əhməd bəy yenidən Türkiyənin xidmətindədir. Mətbuati-ümumi müdiridir. “Hakimiyyəti-milliyyə” qəzetinin baş yazarıdır. Türkiyə Böyük Millət Məclisinin üzvüdür. Tutduğu bu vəzifələr məlum səbəblərə görə ona Azərbaycan davası ilə yaxından maraqlanmağa imkan vermir. Əslində, bu dava ayrıca bir məsələ olaraq həmin dövrrdə onu fəal şəkildə çox da məşğul etməmişdi. Bu baxımdan da biz, istiqlalçılıq dövründən əvvəl ümummüsəlman və türk hərəkatı şəklində meydana çıxan milli oyanış həmləmizdə yanar bir vulkan kimi odu, alovu ilə hər tərəfi qarsalayıb-yaxan bu mücahidi qırmızı ruslara qarşı apardığımız indiki mübarizədə artıq nisbətən sönmüş və hərəkətsiz görürük.
Lakin ustadın hamımızı böyük bir təsir altında buraxan ölümü qarşısında Azərbaycan umu-küsüsündən söz açmaq niyyətində deyilik.
Onun xalis fransız məktəbinin bəhrəsi olan liberalizm düşüncəsi ilə mübahisəyə girişmək məqbul görünə bilər. Lakin milliyyət, hürriyyət və insan şərəfinə verdiyi yüksək dəyəri ən uca bir hiss kimi qəbul etmək lazımdır. Hələ ürəyinin dərinliklərindəki müqəddəs arzu ilə yetmiş illik həyatının son gününə qədər sönməyən atəşlə od tutub yanan və ətrafa nur səpələyən qələmini dəyərsizləşdirməyə, hörmətdən salmağa kimdə cəsarət tapıla bilər?
Əhməd bəyin şəxsində biz türk təfəkkür və mətbuat həyatının çox diri və həyəcanlı simasını, Avropa qəzetçiliyinin Şərqdəki çox qiymətli bir təmsilçisini və Yaxın Şərqin avropalılaşma, qərbləşmə tarixinin ən səmimi ideoloqunu itirdik.
Bu acı itki qarşısında yuxarıda qeyd etdiyim böyük xüsusiyyətləri təqdir edən hər kəsin duyduğu acı təəssürü biz bütün başqa cəhətlərlə birlikdə həm də Ustadın Azərbaycan intibahına verdiyi unudulmaz xidmətlərin şəxsən şahidi olmuş bir vətəndaş kimi bölüşməyi özümüzə borc hesab edirik.
May, 1939.