Bəşər tarixinin son əsrlərinin ən böyük reallıqlarından  biri də milli kimlikdir. Formalaşdığı dövrdən etibarən dünyanın hər yerində hakim olan və aid olduğu millətin taleyində həlledici rol oynayan milli kimliyin uzun dövrdür ki, sona çatacağını idda etsələr də, hələ də bu qədər güclü olmasının sirri nədədir?

Buna səbəb kimi göstərilənlərdən biri də mili kimliyin insanlarınşəxsən unudulma probleminə əsaslı cavab verməkdə olmasıdır. Dinin arxa plana salındığı və əsasən dünyəvi düşüncənin  hakim olduğu dünyada millətlə “birləşmə” ölümlə gələn son üzərində qələbə çalmanın və “ölümsüzlüyə” nail olmanın ən sağlam yolu hesab edilir. Dünyəvi insana çox az şey bunuvəd edə bilər.  Çox zaman yenidən inşa edilmiş və ya emal edilmiş olsa belə, millət uzaq keçmişə və ya tarixə sahib olmaqla qürur duyur və “qəhrəmanlıqlarla dolu tarixi”nə bənzər əzəmətdə gələcək vəd edir. Bu yolla o ona aid olan fərdləri sonrakı nəsillər tərəfindən reallaşdırılacaq ortaq taleyi izləmək üçün hərəkətə keçirə bilər – “çünki onlar bizim uşaqlarımızın nəslidir, hər hansısa sinif ya da partiyanın vəd edə biləcəyindən daha böyük bir şeydir, onlar mənəvi olmaqla yanaşı, bioloji olaraq da bizimdir”. Beləliklə, milli kimliyin əsl funksiyalarından biri də insanları şəxsən unudulmaqdan qurtarmaq və kollektiv fəaliyyəti təmin etmək üçün “tarixi və gələcəyi olan güclü cəmiyyət” duyğusu formalaşdırmaqdır. Bu cəmiyyət ən qədim dövrdən mövcud olmuş və ya ən qədim dövrlərdən bugünkü mütləq mövcudiyyətinə doğru inkişaf etmişdir. Bunun sübutu milli tarixdədir – milli tarix cəmiyyətin üzvlərini buna inandırır və onların əzəldən bəri bir olduğu fikrinə bir növ legitimlik qazandırır.

Millət sadəcə əbədiyyət vədinin dayandırılacağı uzaq keçmişlə fəxr etməklə kifayətlənmir, restavrasiya və yenidən güclü olacağıq vədinə insanları inandırmaq üçün qəhrəmanlarla, müqəddəslərlə və qələbələrlə dolu olan qızıl dövrü qabardır. Bu qızıl dövr mövcud deyilsə belə, ya təxəyyül əsasında miflərlə formalaşdırılır və ya yenidən kəşf edilir. Necəki ötən əsrlərdə bunu demək olar ki, bütün dünya millətləri etmişdilər. Bu tarix nə qədər köklü və əsaslı olarsa, insanların milli kimliyinə bir o qədər güclü təsir edir. Yəni bir millətə sahib olan şəxs keçmişə baxdığı zaman tarixin hər bir dövründə öz əcdadını, millətinin əcdadını görmək istəyir və ondan ilham alır. Bəs XXI əsrin azərbaycanlısı keçmişə baxdığı zaman keçmişindən ilham alıb gələcəyinə ümid edə bilirmi? Keçmişi ona gələcəkdəki qızıl dövrünə inam aşılaya bilirmi?

Milli kimliyin və millətin davamlılığı məsələsinin məhz bu yerində etno-tarix qavramı işə düşür. Biz bu yazımızda azərbaycanlıların milli kimliyinin formalaşdırılmasında iştirak edən tarix anlayışından (və ya etno-tarixdən), ona təsir edən məfhumlardan və bu dəyişkən anlayışın zaman-zaman yaratdığı problemlərdən bəhs edəcəyik.

Azərbaycanda rəsmi tarix narrativi quruluculuğuna sistemli şəkildə Sovet hakimiyyətindən sonra başlanılmışdır. Modernist millətquruculuğuna xidmət edən bu proses özü ilə hal-hazırkı Azərbaycanla heç bir əlaqəsi olmayan və bəzi məqamlarda problem yaradan hekayələrlə müşayiət olunurdu. Sovet hakimiyyəti yayıldığı böyük coğrafiyadakı çoxsaylı millətlər, etnoslar, etnik kateqoriyalar arasında kommunizm ideyalarına əsaslanan “milli tarix”i yazarkən özünün həmin qrupların tarixi qonşuları, qohumları ilə olan xarici münasibətlərini də diqqət mərkəzində saxlayır və “kəşf olunan milli tarix”dən körpü və ya istehkam kimi istifadə edirdi. Məsələn, 1930-cu illərdə Azərbaycanda tətbiq edilən stalinist millətquruculuğuna və tarix yazımına SSRİ-nin Türkiyə və İran ilə olan xarici münasibətləri çox dərindən təsir etmiş və hətta, bunu müəyyən edən əsas amil olmuşdur. Sovet rəhbərliyi bütün bunlarla yanaşı, özünün yaratdığı və ya əvvəldən olan millətin yerliliyini əsaslandırmalı idi, xüsusən də Cənubi Qafqaz kimi etnik düşmənliklərin pik həddə olduğu regionlarda. Ermənilərlə gürcülərin İberiya və Urartu dövlətləri vasitəsiylə hazırda olduqları yerlərdəki qədimlikləri təmin edilmişdi və bu, Azərbaycanla da belə olmasını tələb edirdi.

Bu prosesə SSRİ-də hakim olan tarixi düşüncə təsirinin də dəyişimi təsir göstərmişdi. 1930-cu illərin ikinci yarısına qədər SSRİ-də hakim olan marrist düşüncəyə görə, etnogenez o qədər də əhəmiyyətli faktor deyildi. Nikolay Marrın rəhbərlik etdiyi axına görə, müasir insanlar iqtisadi hərəkətlənmələr zamanı müxtəlif millətlərin qarışımından əmələ gəlmişdilər, yəni milli kimliklər iqtisadiyyatın və istehsal fəaliyyətinin bir növ nəticəsihesab olunur. Lakin yuxarıda qeyd etdiyimiz vaxtdan etibarən bu düşüncə öz əhəmiyyətini itirməyə başladı və Sovet tarixçiləri, etnoqrafları və arxeoloqlarının qarşısına hər bir millətin yerli və aborigen olmasını sübut etmək tapşırığı qoyuldu. Bu tapşırıq yerinə yetirilən zaman isə SSRİ-nin xarici siyasəti əsas götürülməli idi. Onsuzda həddindən artıq qarışıq və təsir edən faktorların çox olduğu bir şəraitdə, bu proses Azərbaycan formatında daha qarışıq bir hal almışdı.

Artıq azərbaycanlı adlandırılmağa başlanılan “Cənubi Qafqaz müsəlmanları” bu dövrə qədər müxtəlif adlandırılma ilə çağırılmışdılar, lakin bunlardan ən dayanıqlısı və hakim mövqedə olanı şübhəsiz ki, türk adlandırması idi. Bu adlandırma 1930-cu illərin ikinci yarısına qədər Sovet hakimiyyətini o qədər də narahat etmirdi, çünki bu dövrə qədər SSRİ-Türkiyə münasibətləri yaxşı idi və Azərbaycan Türkiyəyə kommunizmin sıçraması üçün körpü rolu oynaya bilərdi. İran ilə də məsələlər buna bənzər idi. İranın Nasist Almaniyası ilə yaxınlaşması, ari irqi nəzəriyyəsinin təbliğ edilməsi SSRİ ilə münasibətlərinin pozulmasına səbəb oldu. Hər iki dövlətlə olan münasibətlərin pozulması ümumittifaq səviyyəsində yeni millətquruculuq axını ilə üst-üstə düşdü. Deməli, Azərbaycan üçün elə bir etno-tarix və milli kimlik qurulmalı idi ki, o, Azərbaycanı həm Türkiyədən, həm də İrandan ayırsın, eyni zamanda da, qonşu erməni və gürcülər fonunda azərbaycanlıların da yerliliyini “sübut” etsin. Son qeyd etdiyimiz problem ümumtürk xalqları tarixi üçün dilemmaya çevrilmişdi. Sovet tarixçisi Şnirelmanın tatar-çuvaş tarixi barədə sözləri bizim mövzuya da aid edilə  bilər:

“Qəbul eidlmiş yerli mənşə ərazi iddiaları üçün təməl kimi də istifadə edilir və əksər insanların düşüncəsinə görə, dil kültürlə sıx bağlı olduğu üçün qədim kökləri olan dil fəxr hissi oyadır…Türk dilləri Volqa ərazisinin yerli dili deyil və o başqa haradansa gəlib. Beləliklə, seçim edilməli idi: ya yerli mənşə və dil dəyişimi, ya da orijinal türk dili və yerli olmayan mənşə..

Yəni, türk kökü Azərbaycanın XI əsrdən sonrakı tarixinə qanuni baxımdan iddia edə bilərdi və bu “stalinist millət”in yayıldığı ərazilərə primordial iddialarına ciddi şəkildə problem yaradırdı.

Həm bu, həm də yuxarıda qeyd etdiyimiz xarici siyasət məsələlərinə görə, türk kimliyindən və etnogenezin türk əsaslı izahından imtina edildi. Azərbaycan üçün onu İranla tarixi yaxınlığını inkar edən və İranla tarixi düşmənçiliyi özündə əks etdirən, həmçinin Türkiyə ilə etnik qohumluğu rədd edən tarix yazılmasına və milli kimlik quruculuğuna başlanıldı. Artıq azərbaycanlı adlanan qrupun formalaşmasında ya türk elementlərinin heç iştirak etmədiyi, ya da demək olar ki, iştirak etmədiyi barədə yazılar yazılmağa başlanıldı.

Bu dövrdə Azərbaycan tarixinin və milli kimliyinin türklük baxımından təfsirinin tərəfdarı olan və Bakıda yaşayan türkoloqlar var idi. Bunlara misal olaraq, Qubaydullini, Xuluflunu və Çobanzadəni göstərmək olar. Onlar bu baxımdan çıxış edərkən, ulu babalarının regiona nisbətən gec gəlmələrini qəbul edirdilər və bunda elə bir problem görmürdülər. Böyük rus tarixçisi Petruşevskini də onların sırasına qoşmaq olar. Bu türkoloqlara görə, Səlcuqlu dövləti Azərbaycan türklərinin tarixində xüsusi yer tuturdu və Azərbaycanın türkləşməsi də XI-XIII əsrləri əhatə edirdi.

Onlara qarşı olan ikinci qrupa isə Qulam Bağırov və Artur Zifeldt-Simumyaqi başçılıq edirdi. Bu qrupun düşüncəsinin xülasəsini Zifeldtin fikirləri ilə çatdıra bilərik:

“Onlar Azərbaycan ədəbiyyatını, qrammatikasını, terminologiya və orfoqrafiyasını osmanlılaşdırmış və pantürkistləşdirmişdilər. Çobanzadə öz “Türk qrameri” əsərində utanmadan çox irəli getmiş və Azərbaycan dili də daxil olmaqla, bütün türk-tatar dillərini hətta “dialekt” kimi yox, birləşmiş türk dillərinin “şivəsi” kimi adlandırıb..

“Son illərdə Çobanzadə azərbaycanlıların on birinci əsrin sonlarında Azərbaycanda böyük ərazidə məskunlaşan Səlcuqların nəslindən olduğu nəzəriyyəsini dəstəkləyir. Hətta, osmanlıların Səlcuqların nəslindən gəldiyinə inanırlar. Beləliklə, görünür bu nəzəriyyə azərbaycanlıların və osmanlıların qan qardaşlığının “tarixi” əsasını vurğulayır..

Bir sözlə, bu qrup Azərbaycan milli kimliyinin formalaşmasına türk iştirakını görməzdən gəlirdilər. Onlara görə, azərbaycanlılar erməni, gürcü, kaspi, qafqaz xalqları və s.-nin qarışığından ibarət idi. Dil dəyişimi isə çox azsaylı türk qövmləri hesabına hansısa təsadüfdən baş vermişdi. Bununla da, Azərbaycandakı tarix elminin ən böyük “sancı”larından birinin əsası qoyulmuş oldu.

 Buna bənzər proses Midiya tarixi ilə bağlı sahədə də gedirdi. Bütün Sovet iranşünasları və qabaqcıl dünya tarixçilərinin Midiya dövlətinin ari kökənli dövlət olması məsələsində yekdil fikirdə olmasına rəğmən, azərbaycanlılar midiyalıların birbaşa varisi elan edildilər. Azərbaycanlıların ulu ucdadı Midiyanın ariyan və indiki İranın sələfi kimi təqdim edilən (həm SSRİ-də, həm də İranın özündə) Əhəməni imperiyasına qarşı mübarizəsı ön plana çıxarıldı və hər bir sahədə qabardıldı. Bununla guya yüzillər davam edən mübarizənin əsasının qoyulduğu iddia edilirdi. Bu “elmi tapıntı”nın istinadı kimi isə Stalinin özü göstərilirdi:

“Azərbaycanlıların törəmələri haqqında yeganə doğru fikir yoldaş Stalin tərəfindən təmin edilib və o, çağdaş azərbaycanlıları əcdadları olan midiyalılarla bağlayır”.

Bu sitatdan sonra buna qədər bu iddiani tənqid edən bir çox görkəmli Sovet tarixçilərindən hansı buna qarşı çıxa bilərdi ? Təbii ki, heç kim. Səməd Vurğun kimi xalq şairləri isə dərhal bunu dəstəkləməyə başladılar. Səməd Vurğun Moskvadakı çıxışında demişdi:

“Azərbaycan milləti iki min ildən çox tarixə malikdir. Onun əcdadları qəhrəman midiyalılardır”.

Gümanki, müasir dövrdə bir çox yerdə rastlaşdığımız və çox zaman millətçi qruplar tərəfindən iddia olunan Midiya qədim “Türk-Azərbaycan dövlətidir” səfsətələrinin kökü buradan qaynaqlanır və müasir Azərbaycan tarixinin “sancı”larından biridir.

Bununla da, Azərbaycan milli tarixində və tarix şüurunda, milli kimliyində dərin problemlər yaradan, qarışıqlıqlara səbəb olan problemlərin əsası qoyuldu. Sovet İttifaqının hər xalqın yerliliyinin “sübut edilməsi”nin lazımlılığı diktəsi zamanla əks təsir göstərdi. Müxtəlif xalqlar bunu zamanla mənasız kompleksə çevirdilər. Misal olaraq, Azərbaycanı göstərə bilərik. Müstəqillik qazandıqdan sonra bəlkə də, hər şey zamanla qaydasına düşə bilərdi, lakin ermənilərlə müharibənin meydana çıxması və münaqişənin uzun müddət davam etməsi hər iki millətin “qədimlik və yerlilik mübarizəsi”nə səbəb oldu. Azərbaycanda bir çox insan düşünür ki, buraların XI-XIII əsrdə türkləşməsinin etirafı avtomatik “Qarabağ tarixi erməni torpağıdır” deməyə bərabərdir. Halbuki, əgər məsələ sırf tarixə əsaslanaraq iddia etməkdirsə, min illik tarix kifayət etməlidir. Necə ki bu başqa millətlərdə heç bir kompleksə, yersiz müzakirələrə səbəb olmur.

Azərbaycan tarixçiləri və bu sahəyə rəhbərlik edən AMEA Tarix İnistitutu bu məsələni həll etməlidir. Çünki milləti və milli kimliyi formalaşdıran əsas faktorlardan biri də fərdlərin ortaq tarixidir. Bu tarixin təməl sahələri beyinlərdə nə qədər fərqlənərsə, bu milli kimliyin möhkəmliyinə bir o qədər təsir edər. İnsanlar böyük fars ailələrindən birinin üzvü olan Ariovastınmı, Oroysunmu, Cavanşirinmi,  yoxsa Kültiginin, Bilgə və Qapağan xaqanların “igid türk oğlu” olduğuna qərar verməlidir – paralel formada bu iki qrupun hər ikisinə iddia etmək isə, kənardan çox gülünc görünür və insanların bunlarla eyni zamanda özlərini identifikasiya etmədikləri ortadadır. Hər iki qrupa birgə iddianın, əgər əvvəldən planlanmış şəkildə edilmişdisə, baş tutmaması 30 il keçdikdən sonra gün kimi ortadadır. Azərbaycan tarixinin bu sancıları azərbaycanlı və ya türk – nə adlandırılmasının o qədər də fərqi yoxdur – milli kimliyində də sancılara səbəb olur. Qərar verməliyik – biz təxminən 2500 il  farslara, yunanlara, ərəblərə, bizanslılara, ruslara tabe olaraq yaşayan|formalaşan millətin nümayəndəsiyik, yoxsa bu regiona fateh kimi gələn və min ildə demək olar ki, məğlub olmayan millətin nümayəndəsiyik ? Hələ-hələ tarixi həqiqətlər də bunu təstiq edirsə.

Bütün bu xüsusiyyətləri ilə Azərbaycan Respublikası insana “Şlemil”i xatırladır. Şlemil Napoleon dövründə Almaniyada yaşamağa məcbur olan fransız Şamissonunəsərinin baş qəhrəmanıdır. Onun “Kölgəsini itirən insan” adlanan əsərində bir gün baş qəhrəmanın kölgəsinin olmadığı digər insanlar tərəfindən kəşf edilir və onu görməzdən gəlməyə başlayırlar. Bu əsərdə müəllifin demək istədiyi müxtəlif cür yozula bilər və bir çoxu burada milli kimliyi olmayan insanın ətrafı tərəfindən məruz qaldığı münasibətə işarə edildiyini düşünür. Məğzi bir qədər dəyişdirsək, Azərbaycan da sırf milli tarix baxımından kölgəsini itirmiş və ya heç vaxt kölgəsini “qura bilməmiş”, “kəşf edə bilməmiş” dövlətdir.  Ən pisi isə odur ki, bunun uğrunda heç bir iş də görülmür.

Azərbaycan tarixçiləri eynilə 1930-cu illərdəki prosesləri yenidən başlatmalıdırlar – tamamilə fərqli istiqamətdə. “Ya yerli mənşə və dil dəyişimi, ya da orijinal türk dili və yerli olmayan mənşə” – bunların hər ikisinə eyni anda iddia etmək ən yaxşı halda savadsızlıq, ən pis halda isə axmaqlıqdır.


Qulamhüseyn Məmmədov

Bütün yazıları göstər