Azərbaycanın ərazi bütövlüyünün ordumuz tərəfindən təmin edilməsindən sonra qarşıda dayanan əsas məqsəd Cənubi Qafqazda daimi sülhə nail olmaqdır. Davamlı sülhün regionun inkişafına, xalqların rifahına, insanların tərəqqisinə töhfələr verəcəyinə çox böyük ümid bəslənməkdədir. Bu ümidə inananlar, bunun üçün çalışanlar (xüsusən də Azərbaycan dövləti nümunəsində) haqsız da sayılmaz. Çünki torpaqlarımızın işğalı, otuz il ərzində iki böyük müharibə həm resurslarımızı, həm də vaxtımızı aldı. Bundan başqa özümüz haqqında naümidliyə qapıldıq, potensialımızın nə olduğunu düzgün qavraya bilmədik, ən əsası isə tariximizə, kimliyimizə baxışda gözü kölgəli olduq. Vətən Müharibəsində (2020-2023-ci illər ərzində aparılan əməliyyatlar da buraya daxildir) qazanılan qələbə bizə bir çox məsələyə yenidən baxmaq, bir çox şeyi yenidən oxumaq fürsəti verdi. Müharibə dövrü və arxada qalan zaman bizə göstərdi ki, nə Ermənistan uzun illər şişirdildiyi qədər güclü deyil, nə də erməni diasporunun lazimi təsir gücü var. Bundan başqa, torpaqlarımızın azad edilməsi bizi fikri olaraq başqalarının yazdığı və bizə diqtə etdiyi hekayədən azad olmağın zəruriliyini göstərdi. Azərbaycan bu gün yeni çağırışlarla üz-üzədir. İntellektual olaraq isə bizi gözləyən əsas çağırış tariximizin yenidən oxunması, hekayəmizin yenidən yazılmasıdır.

Birinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğal edilməsi, insanlarımızın öz yurd-yuvasından didərgin düşməsi, dövlətin resurslarının tükənməsi intellektual, elmi məsələlərə də təsirsiz ötüşmədi. “Böyük Ermənistan” doktirinasına qarşı “Qədim Azərbaycan” fikrinin güclənməsi, Dağlıq Qarabağ və işğal edilən ətraf ərazilərimizin tarixən Azərbaycana aid olması fikrini isbat etmək və bunu dünya ictimaiyyətinə çatdırmaq səyləri də Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizlə əlaqəlidir. Reaktiv mövqeyə sıxışdırıldığımız üçün hekayəmiz bir tərəfli şəkildə yazıldı.  Burada hər hansı bir səbəbkar axtarmağa, kimisə ittiham etməyə ehtiyac yoxdur. Tarixi şərtlər, reallıqlar, əlimizdə qalan resurslarımız bunu tələb edirdi, və bu cür mövqe təkmilləşdirildi. Bu prosesə töhfə vermiş, məsələni daima ayaqda tutmağa çalışan hər kəsə fədakarlıqlarına görə təşəkkür etmək borcumuzdur. Lakin mövcud reallıqlar son otuz ildə yaratdığımız hekayəni (və bu hekayənin formalaşdıran elmi ənənəni) yenidən diqqətlə nəzərdən keçirməyi tələb edir. Burada qarşımızda duran əsas çağırış məsələlərə fərqli baxa bilmək istəyi və bunun üçün məqsədyönlü işləmək həvəsidir.

Gəlin başdan bir şeyi aydınlaşdıraq: “məsələlərə fərqli baxa bilmək istəyi” özümüzdən nələrisə uydurmaq olaraq başa düşülməməlidir. Biz nə gizli tarixi faktlar axtarışındayıq, nə də ki, yazılı tarixin doğruluğunu sorğulayırıq. Burada əsas qayəmiz hər kəsin bildiyi məsələlərin ortaya çıxmasını, formalaşmasını, dinamikasını fərqli prespektivlərdən oxuyaraq intellektual üfüqümüzü genişləndirməkdir. Dünyada sosial elmlərin inkişaf trendi də bu istiqamətdə davam edir. Fikir istehsalı sistemli olaraq rekonstruksiya edilir və Qərb mənşəli dominant nəzəriyələrin əsaslılığı dekolonial perspektivdən sorğulanır. Biz bu tendensiyanı öz lehimizə dəyərləndirərək həm Azərbaycanın hekayəsini dünyaya yenidən təqdim edə bilərik, həm də Cənubi Qafqazda (hətta Mərkəzi Asiyada) intellektual müzakirələrin istiqamətini müəyyənləşdirə bilərik.

Burada bizi məşğul edən əsas məsələ Azərbaycan Respublikasını ortaya çıxaran proseslərin inkişaf dinamikasıdır. 19-cu əsrin başlarına qədər uzun müddətli və qalıcı mərkəzi dövlət mexanizmi mövcud olmayan Arazdan şimaldakı Azərbaycan torpaqlarında xalqın tarixi şərtləri düzgün dəyərləndirməsi nədənsə tarixşunaslıqdada gözardı edilir. Halbuki bizi maraqlandıran əsas məsələ məhz son iki yüz ildə yaşadığımız təcrübə, hadisələrə verdiyimiz reaksiya, yerləşdiyimiz coğrafiyada davamlı dəyişən ictimai-siyasi quruluşlarda ayaqda dura bilmək bacarığımız olmalıdır.  Şübhəsiz ki, modernləşmə prosesini (və ya modernitə, hər iki cür adlandırıla bilər) başa düşmədən bütün bunları əhatəli şərh etmək mümkün deyil. Təəssüflər olsun ki, bu günə qədər ölkəmizdə akademik və intellektual çevrələrdə istər dünyada, istərsə də Azərbacanda modernləşmə prosesi haqqında ciddi müzakirələr aparılmayıb. Biz modernləşmə ilə hansı şərtlərdə qarşılaşdıq, buna reaksiyamız necə oldu, nələri əldə etdik, aid olduğumuz coğrafiyada modernləşmənin əsas elementləri nələr idi, gürcü və ermənilərdən fərqimiz nə oldu kimi suallar da hələ də cavablandırılmayıb. Elə buna görədir ki, uzun illər başqalarının yaratdığı fikrin bir parçasına çevrilmiş və reaktiv mövqeyə məhkum olunmuşuq. Gəlin, etiraf edək ki, bu tendensiya hələ də davam etməkdədir və bunu ayaqda saxlayan əsas sütunlardan biri Sovet tarixşünaslığı (və ya marksist tarixşünaslıq) və bu ənənənin yaratdığı diskursun hələ də davam etməsidir.

O zaman ortaya belə bir sual çıxır: Sovet tarixşünaslığı (histioqrafiya) necə bir Azərbaycan (siyasi, iqtisadi, kültürəl) formalaşdırmışdı və nələr yenidən nəzərdən keçirilməlidir?

Bilindiyi kimi klassik mənada marksist tarixşünaslığın əsas müddəalarını sosial sinfin əsaslığı, yəni bir-biri ilə mübarizə aparan siniflərə bölünmüş cəmiyyətlərdə sosial istehsal münasibətləri və tarixi nəticələrin müəyyən edilməsində iqtisadi hadisələrin (tarixi materializmin) mərkəziliyi təşkil edir. Lakin Sovet İttifaqındakı tarixşünaslığa nəzər saldığımız zaman ən azından marksizmin bu yanaşmasının ya dəyişdiyini, ya da ona başqa müddəaların da əlavə edildiyinə şahidlik edirik. Bizim kontekstimizdə isə əlavə edilən müddəalara SSRİ-nin həm daxildəki millətlərarası münasibətlərə, həm də xaricdəki dövlətlərlə əlaqələrinin tarixşünaslığa təsiri daxildir.

Belə ki, 1920-ci illərdə SSRİ Sovet Azərbaycanını bütün müsəlman şərqində, xüsusən də Türkiyə və İranda marksizmin yayılmasına, ən azından yarı-feodal Şərq millətləri üçün ən yaxşı idarəetmə forması olmağa inandırma vasitəsi kimi ələ alırdı. Bunun üçün SSRİ özlərinə qədərki millətçilər tərəfindən inşa edilən Türk kimliyinə toxunmamış, Sovet Azərbaycanını İran ilə əlaqələrinin önəmli parçası halına gətirmiş, onu şərqşünaslığın və türkologiyanın önəmli mərkəzinə çevirməyə çalışmışdır. Lakin 1930-cu illərin ikinci yarısından dünyanın sürətlə qlobal müharibəyə doğru sürüklənməsi, paraleldə də Türkiyə və İran ilə münasibətlərin pisləşməsi, Leninin proqnozlaşdırdığı “Avropada inqilab” və “Asiyada inqilabın” baş verməməsi bu siyasətin dəyişdirilməsi ilə nəticələndi. Beləliklə, SSRİ artıq Sovet Azərbaycanını Şərqə sərgidən Şərqdəki istehkama çevirmək qərarına gəldi. Bunun ilkin təzahürülərindən biri də elə məhz tarixşünaslıqda hiss edildi. Bir digər amil isə Qafqazda çox da uzaq keçmişdə baş verməyən və təsiri hələ də hiss edilən milli qarşıdurmalara qarşı sığortalama mahiyyətli addımlar atmaq zəruriyyəti idi.

Beləliklə, 1930-cu illərin ikinci yarısında cəmiyyətdə önəmli rol oynayan ziyalı təbəqəsinin kütləvi repressiyası ilə birlikdə, tarixşünaslıq və tarixə yanaşma da böyük dəyişikliyə məruz qaldı. Azərbaycandakı hakim millətin Türk kimliyi inkar edildi, azərbaycanlılar XI əsrdə bölgəyə gəlmiş türklərin varisi kimi yox, bölgədə min illərdir yaşayan xalqların qarışımının nəticəsi kimi təqdim edilməyə başlandı. Bununla da həm artıq imperialistlərin köməkçisi kimi dəyərləndirilən Türkiyəyə qarşı narrativ olaraq intellektual sədd çəkildi, həm də Qafqazdakı millətlərin hər birinin yerliliyi sübut edildi. Beləliklə də, ortaya türk olmayan, lakin azsaylı türkün gəlişi ilə yalnız linqivistik olaraq türkləşən, yerli müxtəlif köklü tayfaların qarışığından formalaşan, Fars-İranlılar tərəfindən qədimdə böyük imperiyası/mədəniyyəti məhv edilən Azərbaycanın tarixşünaslığı formalaşdırıldı.

İkinci Dünya müharibəsindən sonra İranın Qərb düşərgəsində yer alması ilə vəziyyət bir qədər dəyişdi. Artıq Bütöv Azərbaycana vurğu edilməklə yanaşı, ortaq imperiyalar uğrunda mübarizə başladıldı. Bu dövrdə İranın özündə də xüsusi diqqət İslamdan öncəki dövlətllərə köklənmiş, İslamdan sonrakı dövr, eləcə də İranda türklərin hakimiyyət dövrü diqqətdən kənarda qalmışdı. Pəhləvi şahı üçün yumşaq desək “sevilməyən bu dövr”, Sovet Azərbaycanında daha fərqli çərçivədən araşdırılmaqda idi. İrandakı Türk hökmdarları “imperializmin köməkçisi olmaqla ittiham edilən bir başqa dövlət olan Türkiyə” ilə assosiasiya edilə biləcəyinə görə türklükləri geri plana atılaraq, daha çox azərbaycanlılaşdırılaraq təqdim edilirdi. Sovet İttifaqının ucqarlarda sərhəd boyunca irredentist lokal millətçiliyə göz yumduğu üçün bu azərbaycanlılaşdırma prosesi Bütöv Azərbaycan narrativinin daha da kök atmasına yol açdı. Bu narrativ 1991-ci ildə Azərbaycanın müstəqilləşmə hərəkatında mühüm rol oynadıqdan sonra öz yerini “qədimlik konstruksiyasına” buraxdı. 1991-ci ilə qədər Azərbaycan tarixşünaslığının hekayəsini əsasən Sovet İttifaqının daxili və xarici siyasəti müəyyən edirdisə, bu ildən sonra Qarabağ münaqişəsi fonunda Qafqazda hansı xalqın daha qədim [ermənilər ilə müqayisədə] – beləliklə də torpağa daha çox kimin haqq iddia edə biləcəyi müzakirə edilməyə başladı. Bununla da əvvəllər Midiyanın azərbaycanlılaşdırılması kimi absurd proses daha da qədimə aparıldı və e.ə. III minilliyin sonlarında Urmiya gölü ətrafında formalaşn “dövlət qurumlarının” türkləşdirilməsi və ya türk olma ehtimallarının müzakirə edilməsi ilə davam etdi.

Qarabağ münaqişəsi fonunda bu cür addımların atılması bəlkə də kimlər üçün isə anlaşılan ola bilər, amma 2020-ci ildən sonra artıq bu məsələyə qayıtmağa və yenidən gözdən keçirməyə ehtiyac var. Həm Sovet daxili-xarici siyasəti, həm də Qarabağ münaqişəsi fonunda formalaşan həm “qədimlik məsələsi”, həm də bundan qaynaqlanan ayrı-ayrı məsələlərə yanaşma yenidən formalaşdırılmalıdır. Sovet tarixçiliyinin qısa analizi göstərir ki, ilk əvvəl Leninist bolşevik tarixçiliyi, ardınca Stalinist sovet tarixçiliyi Azərbaycanın tarixini spesifik məqsədlər üçün formalaşdırmışdı. Nəticədə tariximizə, keçmişimizə baxışımız planlı şəkildə karikaturalaşdırılıb, gülüncləşdirilib. Bundan başqa, hadisələrin inkişaf dinamikasına səthi yanaşan bu cür tarixşünaslıq planlı şəkildə azərbaycanlıların modernləşmə prosesini də gözardı etmişdi. Bu da təsadüfi deyil. Bolşevik rəhbərliyinə görə  azərbaycanlılar da daxil olmaqla az inkişaf etmiş, cahil hesab edilən xalqlar  inqilabın dəyərlərini mənimsəməkdən çox uzaq olduqları üçün rusları, ukraynalıları, hətta gürcüləri nümunə götürməli idilər. Odur ki, Azərbaycanda xalqın inkişaf dinamikası hər zaman gözardı edildi. Əvəzində isə maarifçilik hərəkatı (Tiflis mərkəzli), mətbuat, teatr kimi məsələlər qabardıldı. Hətta bu kimi mövzuların tədqiqatı da bir ovuc adam haqqında yazı-pozudan uzağa getmir. Burada təlqin edilən fikir isə əslində xalqın məhdud sayda nümayəndəsinin mütərəqqi fikirlərə açıq olduğunu göstərməkdir. Bu gün də bu tendensiya davam etməkdədir. Tədqiqatların xronoloji müxtəlifliyi artsa da, hadisələrə baxış olduğu kimi qalmaqdadır. Bu da nəticə etibarı ilə bizi sovet tarixçiliyinin əsirinə çevirib. Ona görə də son iki yüz ilimizə də sovet tarixşünaslığının çərçivəsindən baxırıq və burada azərbaycanlıların tarixi şərtlər çərçivəsində nail olduğu uğurlu modernləşmə prosesi diqqətdən kənar qalır. Hətta milli kimlik axtarışı, milliyətçilik haqqında aparılan tədqiqatlar belə sovet tarixşünaslığının diskursundan xilas ola bilmir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, bu cür diskurs həm də Rusiya İmperiyasının Qafqazda və Mərkəzi Asiyada genişlənərkən izlədiyi sivilizasiyanı yaymaq və qorumaq ideyalarının ayaqda qalmasını təmin edir. Rusiya İmperiyası və onun xələfi Sovet İttifaqı bütün modern imperiyalar kimi sivilizasiya yaymaq, geridə qalmış xalqları “maarifləndirmək” və islah etmək adı altında imperialist siyasətlərini həyata keçirdilər. Ona görə də xalqların tarixi inkişafını maarifçiliyə qədər və maarifçilikdən sonra olaraq yazılması da birbaşa olaraq imperialist siyasətə xidmət edir. Bu cür tarixşünaslıq xalqın tarixi keçmişini ancaq xronoloji ardıcıllıqla sadaladıqdan sonra bir yerdən sonrakı dəyişikliyi imperializm ilə gələn maarifçiliklə açıqlamağa çalışır. Azərbaycanda da bu tendensiya davam etməkdədir və intellektual mühitimiz bu əsarətdən xilas ola bilmir. Çünki bir xalqın inkişafını imperialist maarifçilik ənənəsi ilə əsaslandırmağa çalışmaq həmin xalqın əmək münasibətlərini, mədəni-kültürəl ənənəsini, ictimai-siyasi dinamikasını görməzdən gəlir, planlı şəkildə arxa plana atır və bir çox əhəmiyyətli məsələ nəzərdən qaçır. Marksist terminologiya təbirincə desək, fikir istehsalımıza yadlaşırıq.

Bu əsarətdən xilas olmağın yolu məsələlərə müstəqil və müasir Azərbaycan prizmasından baxa bilmək istəyindən, intellektual skeptisizmdən və fikrin dekolonizasiyasından keçir. Bunun üçün Azərbaycanın son 200 ilinə yenidən, xüsusən də modernləşmə prosesi çərçivəsindən baxmaq lazımdır. Çünki bizə diqtə edilən maarifçilik anlayışı da modernləşmənin bir elementidir. Bir böyük xalqın son 200 ildəki keçdiyi yolu maarifçilikdən başlatmaq da elə modernləşmə prosesini düzgün qavramadığımızın göstəricisidir. Elə buna görə də Azərbaycanda olduğu kimi, Avropada da modernləşmənin maarifçilik (və ya Aydınlanma) hərəkatı ilə ortaya çıxdığını düşünürük. Əslində olan isə modernləşmə prosesinin əsasını fərqli elita qruplarının dövlətlə müxtəlif məsələlərdə əməkdaşlığı, dialoqu, dövlətin isə həmin qrupları siyasi, iqtisadi, intellektual məqsədlər üçün mobilizasiyası təşkil edir. Bu prosesi tənzimləyən qanunvericilik, yazılı və şifahi standardlar tərəflərin bir-birləri qarşısında öhdəlik və gözləntilərini təmin edən əsas mexanizm kimi başa düşülməlidir. Beləliklə, mərkəzi dövlət aparatı legitimliyini qəbul etdirmək üçün tərəflərin, maraq qruplarının gözləntilərini nəzərdə saxlayıb təmin etmək öhdəliyini öz üzərinə götürmüş olur. Bizim bu təsnifatla ilk tanışlığımız Rusiya İmperiyası tərəfindən ilhaq edildikdən sonra başlayır. Burada çıxış nöqtəsi isə Rusiya İmperiyasının yerli imtiyazlı təbəqənin mövcüdluğunu tanıması və yerli ağalar, bəylərin mülkiyyət hüququnu təsdiqləməsi oldu. Təbii ki, bu özlüyündən baş vermədi. Türkmənçay müqaviləsindən sonra Azərbaycanda baş verən üsyanlar Rusiya İmperiyasının yerli reallıqları nəzərə almasında əsas rol oynadı. Həmin üsyanlar Sovet tarixşunaslığı prizmasından kəndli üsyanları kimi təqim edilsə də, əslində isə yerli elitanın gücünün göstəricisi kimi başa düşülməlidir. Elə buna görə də 1846-cı ildə Çar tərəfindən yerli elitanın mülkiyyət hüququnu təsdiqləyən fərman imzalanır. Bu fərmanın mahiyyəti çoxları tərəfindən gözardı edilsə də, məsələnin əsli elə də göründüyü kimi deyil.

Arazdan şimaldakı Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən ilhaq edilməsindən qısa müddət sonra başlanan üsyanlar hər şeydən öncə yeni sistemə qarşı şübhə ilə yanaşan zümrələrin başlatdığı üsyanlar idi. Köhnə sistem ilə de fakto irsi, de yure isə xidmət qarşılığında istifadələrində olan tiyul torpaqlarının üzərindəki mülkiyyət hüququnun artıq qeyri-müəyyən olması və Rusiya imperiyasının, ümumiyyətlə, mülkiyyət hüququnu tanımamaq istiqamətində addımlar atması elit təbəqənin narahat olmasına yol açmışdı. Rusiya hakim dairələri də inzibati sistemdə yol verdikləri yanlışlıqlarla birlikdə mülkiyyət hüququ məsələsindəki siyasətlərinin müqavimətin meydana çıxmasındakı əsas amil kimi dəyərləndirdikləri ortaya çıxmaqdadır. Bunu ortadan qaldırmaq üçün 1840-cı illərdə həyata keçirilən proqram nəticəsində “ali müsəlman silki” ilə Rusiya arasında entente cordiale (qarşılıqlı qəbullanma) formalaşdırıldı və təsadüfi deyil ki bundan sonra Rusiya imperiyasına qarşı 1830-lardakı kimi üsyanlar dalğası yaşanmadı. 1861-ci ildən etibarən Rusiyada təhkimçilikdən qolçomaqlığa, torpaqdan şəhər idarəetməsinə, məhkəmədən sənayeyə qədər sahələrdə islahatlarla xarakterizə edilən bir dövr kimi yadda qaldı. Bütün bunlar Şimali Azərbaycanda kənddə və şəhərdə münasibətlərin yenidən tənzimlənməsinə yol açmaqla birlikdə, ənənəvi olaraq torpağa bağlı elitanın yerinə kapitala bağlı elitanın daha dolğun bir formada ortaya çıxmasına zəmin yaratdı. Beləliklə əsrin sonlarına gəlindikdə öz nüfuzlarını ancien régime-ə (köhnə rejim) borclu olan və yeni rejimə də qəbullandırmağı bacaran, keçən 60-70 il boyunca sosial münasibətlərin yenidən tənzimlənməsi nəticəsində transformasiya keçirib, feodal torpaq sahibindən kapitalist burjua sinfinə çevrilən yerli elitlər[1]  eyni zamanda bu dövr ərzində baş verən təhsil yeniliklərindən də yararlanmış, bu və ya digər dərəcədə Rusiya və Osmanlı imperiyaları vasitəsiylə Avropada gedən məsələlərdən də xəbərdar olmuşdular. Bu dövr Azərbaycan inteligentsiyasının da mühüm bir hissəsi bu və ya digər yollarla  elit təbəqə ilə təbii əlaqə içində idi, ya da elə həm də istehsal vasitəsi mənasında oraya da aid idi.

Beləliklə, mülkiyyət hüququnun təsdiqi Azərbaycanda modern dövlət haqqında anlayışın formalaşmasını və cəmiyyətin gələcək dinamikasını təyin etdi. Cümhuriyyətimizi ortaya çıxaran həmin dinamika qurumları, insanları, fikirləri və dəyərləri formalaşdırdı. Mülkiyyət hüququ və modernləşmə arasındakı əlaqə hadisələrə fərqli baxa bilmək mümkünlüyünün bir nümunəsidir. Bizim qarşımızda duran əsas vəzifə modernləşmə prosesinin bütün elementlərini yenidən rekonstruksiya etmək və bunun metodoloji çərçivəsini təyin etməkdir. Bunun üçün tarixi hadisələri aktuallığını itirmiş sovet tarixşünaslığı ilə deyil, yeni interdisipliner (fərqli disiplinlərin cəmi) model ilə işləmək lazımdır. Sosial elmlərin rolu burada zəruridir. Çünki sosial elmlər bizə cəmiyyətin müxtəlif qatlarını öyrənməkdə, sonrakı nəticələrini analiz etməkdə faydalı olacaq. Belə olduğu halda biz Azərbaycanın son iki yüz illik modernləşmə prosesini həm bütöv bir anlayış kimi qavraya bilərik, həm də hər ictimai quruluşda yaşadığı təcrübəni daha əhatəli ələ ala bilərik. Birinci halda qarşımıza mərkəzləşmiş, dövlət qurumları formalaşmış, regional agendası olan müstəqil Azərbaycan, ikincisində isə fərqli quruluşlarda qarşılaşdığı təlatümlərə baxmayaraq, ayaqda dura bilən Azərbaycanı görürük. Sonuncu halda reaktiv mövqedə dayanan bir Azərbaycan görünsə də, əslində o da öz içində pro-aktiv elementlər ehtiva edir. Bunları daha aydın qavraya bilmək üçün siyasi, ictimai və fikir tariximizin süni şəkildə qəlibləşdirildiyini qəbul etməyimiz qaçınılmazdır. Çünki istifadə etdiyimiz anlayışlar natamamdır, metaforik olaraq ifadə etsək, böyük bir tablonu tək gözümüzlə incələməyə çalışırıq və bunun ancaq belə olacağına inandırılmışıq. Buna görə də bir çox əhəmiyyətli hadisə, dəyişiklik empirik məlumat statusundan xilas ola bilmir. Burada əsas əngəl sovet tarixşünaslığı və onun bizə diqtə etdiyi istiqamətlərdir. Sovet tarixşünaslığı sinfi mübarizə, əzilən xalqların faciəsi, Qərb burjuaziyasının deqredasiyası və bu kimi məsələlərdə müfəssəl analizlər ilə narrativ formalaşdıraraq, azərbaycanlılar da daxil olmaqla keçmiş ittifaq xalqlarının məsələlərə fərqli baxa bilmək niyyətinin qarşısında intellektual sədd olaraq qalmaqdadır. Bizim əsas vəzifəmiz müstəqil Azərbaycanın ictimai-siyasi tarixini dekolonial prespektivdən yenidən nəzərdən keçirmək və hekayəmizi başdan qurmaqdır. Təkmilləşdiriləcək interdisipliner model sosioloji və antropoloji çərçivə təklif etməklə bərabər, həm də beynəlxalq münasibətlər prespektivindən yeni anlayışlar formalaşdırmaqda faydalı olacaq. Bu cür yanaşama bizə həm daxildəki məsələlərə fərqli baxa bilməkdə kömək edəcək, həm də ki müstəqil Azərbaycanın xarici siyasət diskursunun genişlənməsinə töhfə verə bilər. Çünki qədim olmaq yarışının Cənubi Qafqazda bir qarşılığının olmayacağını müasir və müstəqil Azərbaycan arxada qalan zaman ərzində hər kəsə göstərdi. Hal-hazırda Ermənistanda gedən müzakirələr də bunu göstərir ki, onlar da artıq qədimlik narrativini sorğulamağa başlayıb. Azərbaycan bu reallığı artıq təyin edib. Bizim qarşımızda duran əsas vəzifə bunun konsepsiyalaşdırılması, akademik, ictimai və siyasi müzakirələrinin aparılmasıdır. İnanırıq ki, çağırışımız qarşılıq görəcək və fikir istehsalımızın istiqamətləri şaxələnəcək. Azərbaycan Respublikasının qalibiyyəti intellektual olaraq taclandırılmalıdır. Bu zamanın tələbi, tarixin isə hökmüdür!

*Qulamhüseyn Məmmədov – Tarix üzrə doktorant, Ege Universiteti, Türkiyə

*Tural Abdullazadə – Sosiologiya  üzrə doktorant, Antverpen Universiteti, Belçika


[1] Buraya həmçinin 1870-ci illər kəndli islahatlarından sonra ortaya çıxan və əvvəlki elitada olmayan qolçomaq sinfi də daxildir. Qolçomaqlar xan və bəylərdən fərqli olaraq, hansısa “mavi qan” daşıyıcısı deyildilər və kənddə kapitalist münasibətlərin yayılmasından yararlanaraq ortaya çıxmışdılar.

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər