Kimlik siyasəti barədə

Kimlik siyasəti ümumi götürdükdə azlıqda olan sosial qruplarının maraqlarını reallaşdırmaq üçün qəbul etdiyi strategiyalarla bağlıdır. Bu məzmunda kimlik siyasəti, müəyyən kültürəl, irqi, etnik, cinsi və ya dini qrupların maraqlarının təmin edilməsi uğrunda mübarizəyə verilən addır. Bu cür siyasi fəaliyyət növü, xüsusilə, son 30 ildə çox məşhurlaşmışdır.

Kimlik siyasəti konsepsiyasının işlədilməsi Amerikada öz sivil və siyasi hüquqlarının bərpası üçün mübarizə aparmağa başlayan afroamerikalıların “Vətəndaş Hüquqları Hərəkatı”nı (1950-60-cı illər) formalaşdırması ilə başlamışdır. Bu hərəkat digər azlıqda olan qruplarla da müttəfiqlik edərək öz məqsədlərinə Amerikan cəmiyyətini inandırmağa çalışırdı (Duffy Toft, 2003, s. 55). Bu hadisədən sonra kimlik siyasəti sosial qrupların hiss etdiyi təzyiqləri yaymaq və bu mövzularda məlumatlılığı artırmaq üçün lazım olan siyasi strategiyaların hazırlanması üçün faydalı bir mexanizm kimi qəbul edilməyə başlandı (Calhoun, 1994, s. 15).

Qara həyatlar önəmlidir!

Qara dərili amerikalı vətəndaşların uzun illər boyunca qarşılaşdıqları ədalətsizliklərə qarşı son illərdə üzə çıxmış ən böyük təşəbbüs “Black Lives Matter” (hərfi tərcüməsi  – “qara həyatlar önəmlidir”) hərəkatı hesab olunur. Bu hərəkat 2010-cu illərin əvvəllərində ABŞ polisinin Afrika-Amerika icmasına qarşı həyata keçirdiyi böyük zorakılıq nəticəsində ortaya çıxdı. Əlavə olaraq bu hərəkat ABŞ-ın cinayət qanunvericiliyində mövcud olan irqi ayrı seçkilik barədə məsələləri də gün üzünə çıxardırdı. Bunu da nəzərə almaq lazımdır ki, “Black Lives Matter” hərəkatı afroamerikalıların haqlarının tanınması uğrunda mübarizədə istifadə etdiyi siyasi strategiya indiyə qədər mövcud olmuş eyni tipli hərəkatlardan fərqlənirdi. Bu hərəkat “indiyə qədər qaradərili hərəkatlar içərisində mövcud olan dar millətçilikdən ayrılaraq qaradərililəri təkcə Qara sevməyə, Qara yaşamağa, Qaradan almağa çağırmır. Eləcə də, bu hərəkat təkcə heteroseksual qaradərili kişilərin yox, həm də qaradərili qadınların, eləcə də qaradərili cinsi azlıqların ön planda mübarizə aparması üçün çalışır” (Black Lives Matter, 2017). Hərəkatın qurucularından olan Alisiya Qarza bu məsələ ilə bağlı bildirir ki, “İrqçilik bir-birinə qarışan dinamikada fəaliyyət göstərir: hər üç qara kişidən biri ömrünün bir qismində həbsxanaya düşür; ancaq hazırda həbsxana əhalisinin ən sürətlə böyüyən hissəsi qadınlardan ibarətdir və onların 30 faizi qaradərililərdir; eləcə də, qaradərili vətəndaşlar xalqın iqtisadi olaraq ən az qazanan hissəsinin içərisindədirlər” (Garza Eidelsonda, 2016). Bu o deməkdir ki, insanlar irqçiliyə sırf həmin irqdən olduqlarına görə (daha yaxşı ifadə etsək, sırf həmin irqdən olan başqa insanlar da mövcud olduğuna görə) məruz qalırlar. İrqçilik edən qarşı tərəf bunu etdiyi zaman heç bir digər kimlik onun üçün məhdudiyyət yaratmır. Bu səbəbdən “Black Lives Matter” hərəkatı əsas məsələnin irqdən qaynaqlandığını vurğulayır və digər bütün kimlikləri kənara qoyaraq hər bir qaradərilinin birlikdə mübarizə aparmalı olduğuna inanır.

“Black Lives Matter” hərəkatının əsas xüsusiyyətlərindən biri də hərəkatın çox yumşaq bir rəhbərlik formasında idarə olunması ilə bağlıdır. Hərəkatın qeyri-iyerarxik təşkili, milli liderlik məsələsində yerli fəaliyyətin vacibliyini vurğulamaq üçündür. Hərəkat daxilində vahid prinsiplər toplusu rəhbər tutulsa da, lokal təşkilatların həm ABŞ-da həm də digər ölkələrdə yayılmasına icazə verilir (Taylor, 2016, s. 30). “Black Lives Matter” hərəkatının gördüyü və görəcəyi işlər barədə ictimaiyyətin məlumatlandırılması üçün görülən işlərin çoxu internet vasitəsilə aparılır. Hərəkat internetdən, xüsusilə, sosial mediadan əsas ünsiyyət vasitəsi və hərəkatın fəlsəfi və əməli prinsiplərini yaymaq üçün istifadə edir. Sosial media haştaqlarından istifadə edərək “Black Lives Matter” Travyon Martin, Filando Kastle, Nataşa Makkenna və Maykl Braun cinayətlərində baş vermiş polis vəhşiliyini ictimaiyyətə yaymışdı. Bu hərəkat bu kimi xüsusi vəhşiliklərin olduğu cinayətləri davamlı olaraq sosial şəbəkələrdə xatırladaraq onların daim müzakirədə qalması üçün çalışır. Əlavə olaraq, “Black Lives Matter” hərəkatı bu kimi hallarla bağlı olan cinayət qanunverciliyi sisteminin sorğulanması ilə bağlı sosial şəbəkələrdə davamlı olaraq müzakirələr açır. Bir çox mütəxəssis son dövrlərdə həm ABŞ-ın, həm də digər dünya ölkələrinin hüquq sistemi müzakirələrində irqi ayrı seçkilik məsələsinin qabardılmasını “Black Lives Matter” hərəkatının insanlarda oyatdığı şüur ilə əlaqələndirirlər.

“Black Lives Matter” hərəkatı insanları həm də polis vəhşiliyinə etiraz etmək məqsədilə küçələrə də çağırır və aksiyalar həyata keçirirlər. Bunu hərəkatın aktivistlərinin 2015-ci ildə Missuri ştatının Ferquson şəhərində baş vermiş kütləvi etiraz aksiyalarındakı fəal iştirakından anlamaq mümkündür. Ümumi götürdükdə “Black Lives Matter” hərəkatının həyata keçirdiyi aktların müasir Amerikada afroamerikalılara qarşı edilən ayrıseçkiliyi vurğulamaqda çox təsirli olduğunu deyə bilərik.

Hərəkatın analizi

Əsas mövzu kimi seçilmiş bu hərəkat kimlik siyasəti və kültür məsələləri ilə sıx bağlıdır. “Black Lives Matter” hərəkatı qaradərili irqi qrupun qarşılaşdığı spesifik çətinliklərə işarə edərək afroamerikalıların acınacaqlı vəziyyətinə cəmiyyətin diqqətini və dəstəyini qazandıra bildi. Ancaq hərəkat qaradərili olmayan digər qruplardan aldığı bu dəstəyi daha çox qaradərililərin sivil və siyasi hüquqlarından danışdığı üçün yox, ümumilikdə Amerikan cəmiyyətində olan bəzi sosial ədalətsizlikləri qabartdıqları üçün qazandı (Bradford Edwards and Harris, 2015, s. 90). Strateji baxımdan bu addımı hərəkatın güclü tərəfi kimi göstərmək olar. Məsələn, yuxarıda qeyd edildiyi kimi, “Black Lives Matter” təkcə qaradərili kişilərin üzdə olduğu bir hərəkat deyil, o, həm də qaradərili qadınlardan və cinsi azlıqlardan da ciddi dəstək görür. Bu səbəbdən feminist və LGBT təşkilatları ilə yaxşı münasibətlər qurur, onlarla eyni ədalətsizliklərə qarşı vaxtaşırı mübarizə aparır. Bu, hərəkatın kütləviliyini və gücünü artırır.

Əlavə olaraq, bu hərəkat qaradərililərə qarşı edilən ədalətsizliklərə sadəcə kimlik siyasəti üzərindən baxmayaraq, həm də iqtisadi bərabərsizlik perspektivindən də yanaşmalar sərgiləyərək, əslində bu problemi daha yaxşı analiz edir. Çünki həqiqətən də qaradərililərə qarşı edilən diskriminasiyalar sadəcə irqi perspektivdən dəyərləndirilə bilməyəcək qədər çoxdur. Məsələn, “Black Lives Matter” bildirir ki, afroamerikalıların cəmiyyətin digər hissəsi ilə müqayisədə səhiyyə və təhsil imkanlarına bərabər dərəcədə sahib olması sistem tərəfindən mümkünsüz hala gətirilib (Duffy Toft, 2003, s. 50). Bu səbəbdən hərəkatın irqi kimlik məsələsini ümumilikdə ABŞ-a təsir edən sosial-iqtisadi məsələlərin tənqidi ilə əlaqələndirməsini uğurlu bir addım kimi qiymətləndirmək olar. Bu perspektivdən baxdığımızda “Black Lives Matter” hərəkatının “Vətəndaş Hüquqları Hərəkatı”-dan, eləcə də, digər afroamerikan köklü hərəkatlardan fərqli olaraq, cəmiyyətdəki ümumi problemləri daha yaxşı analiz etdiyini və bu məsələləri qaradərililərin problemləri ilə daha dolğun şəkildə əlaqələndirdiklərini söyləmək olar.

Bütün bu uğurlarına baxmayaraq “Black Lives Matter” hərəkatı müəyyən tənqidlərlə də üzləşir. Üzə çıxan əsas tənqidlərdən biri bu hərəkatın afroamerikalılarla əlaqəli qətl hadisələrinin əksəriyyətinin eyni irqi icma üzvləri tərəfindən həyata keçirilməsinin səbəbləri haqda çox danışmamaq istəməməsidir. Hərəkatın fikrincə, irqlərarası zorakılıq məsələsi ölkədə hökm sürən struktural sosial-iqtisadi bərabərsizliklərlə əlaqədardır (McWorther, 2015). Bu yanaşma “Black Lives Matter” hərəkatının özünü sorğulamayan və “hücum xarakterli” bir qaradərili bir hərəkat olduğunu göstərir.

Əlavə olaraq, hərəkat tərəfindən sosial-iqtisadi problemlərlə bağlı qoyulan yanaşma, sosial-iqtisadi ədalətsizliyə ancaq Afrika-Amerika cəmiyyətinə təsir göstərdiyi qədərdir. Kimlik siyasəti perspektivindən bu yanaşma doğru kimi görsənsə də, əslində sosial və iqtisadi ədalətsizliyin daha geniş bir mövzu olduğunu nəzərə alanda hərəkatın da bu məsələyə daha geniş səviyyədə baxmalı olduğunu anlaya bilərik. Bu yanaşma həm də hərəkatı cəmiyyətin içərisində olan və sosial-iqtisadi ədalətsizliklərə məruz qalan digər qruplardan və fərdlərdən uzaqlaşdırır. Bu məsələdə “Black Lives Matter” əvvəlcədən formalaşdırdığı cinsi kimlik strategiyasını formalaşdıra bilmir.

İstənilən halda, bu hərəkat Afrika-Amerika cəmiyyətinə qarşı edilən zorakılıq mövzusunun yayılmasında uğurlu oldu. Ancaq, Afrika-Amerika cəmiyyətinə təsir edən ictimai dinamikada dəyişiklik yarada biləcək bir vətəndaş hüquqları təşkilatı olmaq üçün bu hərəkatın konqres ilə daha ciddi bir münasibət qurması lazımdır. Qurulacaq münasibət həm də qanunvericilikdə baş verə biləcək potensial dəyişikliklərdə də aktiv rol oynamaq bacarığının artması demək olacaq. Xüsusilə, son günlərdə ABŞ-da George Floyd adlı qaradərili vətəndaşın polislər tərəfindən amansızca qətlə yetirilməsindən sonra bu münasibətin zəruriliyi daha da gözə çarpır. Hazırda ABŞ-ın dörd bir yanında əsasən qaradərililərin başlatdığı kütləvi etiraz aksiyaları davam edir. Hətta 3 gün öncə etirazçılar tərəfindən bir polis binasının belə yandırıldığı xəbərləri mətbuatda öz əksini tapdı. Bu tip etiraz aksiyaları spesifik bir hadisə ilə başlayıb qısa müddətdə uğurlu kimi görünsə də, uzun müddətdə uğurlu ola bilmir. Çünki əslində problemin daha geniş bir sistemli ədalətsizlik olduğu məsələsi avtomatik olaraq hər iki tərəf üçün ikinci plana atılır. Prezident Trampın etirazçıları “bandit” adlandırması, iqtidarda olan gücün məsələyə qoyduğu yanaşmanı da açıq şəkildə göstərir. Afroamerikalılar daha uzun müddətli və uğurlu nəticə üçün qanunverici orqanla birlikdə işləməyin yollarını tapmalı və daha struktural dəyişikliklər üçün mübarizə aparmalıdırlar.

İstinadlar

  • Alexander, M. (2012) The New Jim Crow: Mass Incarceration in the Age of Colorblindness, The New Press, New York
  • Black Lives Matter- www.blacklivesmatter.com – Accessed on February 5, 2017
  • Black Lives Matter – Twitter: https://twitter.com/Blklivesmatter
  • Facebook : https://www.facebook.com/blacklivesmatter1/
  • Bradford Edwards, S. and Harris, D. (2015) Black Lives Matter, Essential Library, New York
  • Calhoun, C. (1994) Social Theory and the Politics of Identity, Blackwell, Oxford
  • Campaign Zero – https://www.joincampaignzero.org/#vision – Accessed on February 3, 2017
  • Duffy Toft, M. (2003) The Geography of Ethnic Violence: Identity, Interests, and the Indivisibility of Territory, Princeton University Press, Princeton NJ
  • Eidelson, J. “Black Lives Matter Leader Says Even Great People Can Be Part of the Problem”, August 4, 2016, https://www.bloomberg.com/features/2016-alicia-garza-interview-issue/  – Accessed on February 2, 2017
  • List of Black Lives Matter demonstrations (2017)  –  https://elephrame.com/textbook/BLM/chart?name=protests – Accessed on February 3, 2017
  • McWorther, J., “Black Lives Matter should also take on black-on-black crime”, October 22, 2015 – www.chicagotribune.com/news/opinion/commentary/ct-black-lives-matter-black-on-black-crime-20151027-story.html –   Accessed on February 4, 2017
  • Taylor, K. (2016) From #BlackLivesMatter to Black Liberation, Haymarket Books, New York
  • Wiarda, H. (2016) Political Culture, Political Science, and Identity Politics: An Uneasy Alliance, Routledge, London
  • Younge, G. (2010) Who Are We – And Should It Matter in the 21st Century? Viking, London