Quzeydə (Azərbaycan Respublikası) son günlər güclü bir şəriətiçilik axını ortaya çıxmışdır. Şəriəti marksizmi islama qatıb qəribə bir məcun çıxarmışdı. Onun öz zamanında ona kəsin tənqidlər oldu, bu tənqidlərin nəticəsi olaraq Şəriəti: “mənim əsərlərimi iki böyük alim, Təbrizli əllamə Məhəmməd Tağı Cəfəri və Xorasanlı Məhəmməd Rza Həkimi islah edə bilərlər”, – yazdı. Sonralar “Yalnız Məhəmməd Rza Həkimi bu işlə məşğul ola bilər”, – dedi.
Son illərdə Məhəmməd Rza Həkimi ilə Qumda xüsusi bir iclasda görüşdük. Yoldaşlar: “Niyə Şəriətinin əsərlərini islah etmədiniz” – deyə soruşdular. Həkimi: “O əsərlərə müdaxilə etməyi məsləhət bilmədim”, – dedi. Ancaq eyhamlarla, dolayı yolla anlatdı ki, o əsərlər islah olunası deyildilər, çünki hər bir islah işi hər şeyi bir-birinə qarışdırardı. Həkimi bilirdi ki, Şəriətinin əsərlərinə əl apararsa, böyük bir tarixi xəta və anlaşılmazlıq ortaya çıxar.
Şəriəti son zamanlar özü də düşünmüşdü ki, aşırıcasına qəti nəzərlər verib, ağına-bozuna baxmadan beyninə hər nə yetişib hamısını yazıbdır. İndi İranda kimsə Şəriətini qəti şəkildə müdafiə edə bilmir. Ona başqa siyasi damğalar vuranlar da vardır. Mən burada heç bir ittiham və damğa vurmaq fikrində deyiləm. Ancaq bu odlu-alovlı şəriətiçilərə bir sözüm var: onlar gerçəkdən Şəriətini tanıyırlarmı? Şəriəti islam ümməti desə də, həyatının son anlarına kimi İran azərbaycanlısına edilən zülmləri görmədi, görmək istəmədi. Bəlkə bu da Azərbaycan şəriətiçilərinə önəmli olmaya bilər.
Şəriətinin əsərləri fars dilində məzhəbçi ədəbiyatın zirvələrindən sayılır. O, Əxəvan Salis, Şəfii Kədkəni kimi farsçılarla yaxından dostluq etmişdir. Şovinizm təfəkkürünün mərkəzlərindən biri olan Məşhədin Firdovsi universitetinin tələbəsi olmuş, orada ədəbi dərnəyin başçılığını öz üzərinə götürmüşdür.
Şəfii Kədkəni: “Fars şeirinin yeni özəlliklərini Şəriətidən öyrəndim… Əli ağa Şəriəti son zamanlar məzhəbçi işlərə baş qoşdu, o əvvəllər bir ədəbiyyatçı idi”, – deyir.
Şəriəti əsərlərində aşırı fars klassik şeirindən istifadə etmiş Şəriəti üçün dil çox önəmlidir. Azərbaycan şəriətiçiləri üçün də dil önəmlimidir?
Şəriəti Şəhid Bəlxi, Rudəki Səmərqəndi və özəlliklə, Nasir Xosrov kimi anti-türk və anti-oğuz bir şairin şeirlərini dərindən oxuyub, öyrənib, onlardakı tərkib, lüğət və sözləri bəzəyib İran gəncliyinə təsir etmişdir.
Azərbaycanın şəriətiçilərinə necə? Onlar da Alpərtonqa mənzuməsini oxuyub tanıyırlarmı? Onların nəzərində Qaraxanlı dönəmindəki Quran tərcümələri və habelə, Qutadqu-bilik önəm daşıyırmı? Onlar da klassik ədəbiyyatı dərindən oxuyub, öyrənib bugünkü məzhəbçi dilimizi zənginləşdirməkdədirlərmi? Əgər fars dilində Qutadqu-bilik kimi bir məzhəbçi, əxlaqi abidə olsaydı, Şəriəti də quzey (Azərbaycan) şəriətiçiləri kimi ona sərt yanaşardımı?
İndi İranda farsçılıq və fars ədəbiyyatı məzhəbçi qrupların əlindədir. Bunlar şiəçilik adına türkləri fars edib və din adına da fars dilində olan klassik sünni əsərləri dirildib, yenə də fars ədəbiyyatına və dilinə xidmət edirlər. Ayrıca olaraq, Şəriəti İranda artıq moddan düşmüş, sözləri insanların fikir və ruhuna təsir edəcək enerjisini itirmişdir.
Belə bir durumda quzeydə (Azərbaycan) baş qaldıran Şəriətiçilik axını yabancı istilasından başqa nə ola bilər?
Azərbaycanda məzhəbçi nəsr utancverici bir durumdadır. Bu nəsr yalnız tərcümələrə dayanır. Kimisi Şəriətini tərcümə edir, kimisi də Qumda əlli il öncə yazılmış passiv kitabları.
Məzhəb önəmli bir şeydir. Farsca yazdığım “Cumhuriye Azərbaycan və din” adlı yazımda “Azərbaycanda məzhəbi müdafiə etməliyik” demişəm. Ancaq bu məzhəb ona-buna bağlı və milli düşüncədən, dil düşüncəsindən ayrı olsa, onda o daha məzhəb deyil, xalqı məzhəb adına onun-bunun inanc və fikir köləsi etməkdir. Məzhəb adına millətə xəyanət etməkdir.