İnsanlar müxtəlif qruplarda birləşdikləri vaxtdan özlərini başqalarından ayırmağa, qorumağa çalışıb. Bu davranışın təməlində bəsit bir fərqləndirmə istəyi dayansa da, zamanla irqçilik böyük fəlakətlərə yol açdı. Yazımda öncəliklə irq anlayışı, bu mövzuda olan elmi araşdırmalar və türklərin millət kimi varlığı üzərində dayanacam. Əvvəlcədən qeyd edim ki,  məqsədim mövzu haqqında təsəvvür yaratmaqdır.

İrq nədir?

Məşhur genetik Theodosius Dobzhansky irqin bioloji olaraq 1944-cü ildə ilk izahını verən elm insanı oldu. Dobzansky irqlərə bəzi gen, yaxud genlərin tezlikləri yönündən fərqlilik göstərən populyasiyalar olaraq tərif verdi, eyni zamanda qarşılıqlı keçid potensialı olan genlərin sərhədlərinin irqləri ayırdığını vurğuladı. Bu izaha görə irqlər aktiv qruplar idi və dəyişməyə də uyğun idi (Dobzhansky T, 1963). Beləcə, “irq bioloji bir anlayışdır” nəticəsinə gəlib çıxırıq. İrq bir sıra izolyasiyalar (təcrid olma, maneələr, bariyerlər) səbəbi ilə bir-birindən ayrı yaşayan alt populyasiyaları kateqoriyalaşdırmaq üçün istifadə edilir. Yəni, irq kimi xarakterizə edilmə üçün ən önəmli faktor təcridolunmadır. Örnəklə izah edək: Eyni arı növünün Toros dağlarının quzeyində qalan qrupu ilə Toros dağlarının güneyində qalan qrupu heç bir şəkildə əlaqəyə girə bilmir və cütləşmirsə artıq ayrı bioloji irqlər sayılırlar. Bu 2 irq eyni arı növünə aiddir, lakin izolyasiyaları yetərli müddətdə davam etsə və təkamül keçirsələr yeni arı növlərinə çevrilə bilərlər (Çağrı M. B. , 2012).

İnsanlar üçün məsələ nə yerdədir?

Aydındır ki, insanları irqlərə bölərək kateqoriyalaşdırmağın təməlində 18-ci və 19-cu əsrlərdə daha da artan müstəmləkəçiliyin izləri var. Özündən olmayanı bəsit bir şəkildə təsvir etmək meyili – ağ dərili, qara dərili kimi, məsələn. Fiziki özəlliklər və zəka göstəricilərinə əsasən insanları irqlər şəklində qruplara bölmək paralel olaraq irqçiliyin də yüksək hədlərə çatmasına səbəb oldu. Çünki sonralar dövrün alimləri bu fərqlilikləri genetik faktorlarla əlaqələndirdilər. Təbiət elmlərindən sosial elmlərə sıçradıqda isə irq qavramı daha da işlək və problemli hal aldı. Ona görə də irqin sosial elmlər baxımdan izahını kənara qoyub, əsasən təbiət elmləri üzərindən aparılan araşdırmalar çərçivəsində ələ almağa çalışacağam.

Akademik çevrələrdə bioloji mənada insan irqlərinin və bundan doğan irqi üstünlüyün elmi olub-olmaması həmişə fikir ayrılıqlarının, müzakirələrin özülündə dayanıb. “Political correctness” (siyasi doğruluq, sosial baxımdan üstünlüksüz, fərqli irq, dil, din, kültür, cinsiyyətdən insanları incitməmək, aşağılamamaq üçün özənlə seçilən ifadə, davranış və düşüncələri bildirən bir termindir) səbəbi ilə bir çox elm adamının irq anlayışından imtina etdiyi düşünülsə də, əslində öz mövqelərini dəstəkləyən ciddi arqumentləri, araşdırmaları vardır. Qarşı tərəfin bu qrupa etdiyi əsas ittiham, irqlərin var olduğu gerçəyindən qorxduqlarıdır. Belə ki, insanların genetik fərqliliklərə görə irqlərə ayrılması bir insan qrupunun digərinə müqayisədə zəka, fiziki qabiliyyətlər kimi üstünlüklərini/zəifliklərini də qəbul etmək məcburiyyəti yaradacaqdır.

İnsan irqlərinin var olduğunu dəstəkləyən araşdırmalar

Hələ 2018-ci ilin mart ayında Harvard Universitetindən məşhur genetik David Reich bir fikir (opinion) yazısı yayınlayaraq müzakirələri yenidən alovlandırmış oldu. Qısaca, populasiya genetikası sahəsindəki araşdırmalarının irq anlayışını dəstəkləyəcək yaxud paralel nəticələri ola biləcəyini bildirdi (Reich, 2018). Buradan da başa düşülür ki, müzakirələr, fikir ayrılıqları hələ də var və irqçilik fikrini bəsləyirlər. Digər araşdırmalardan Çikaqo Universitetindən Bruce Lahn və bəzi həmkarları “Science” dərgisində bir məqalə paylaşaraq genetik variantların beyin inkişafı ilə bağlı olduğunu və bu variantların insan mədəniyyətinin formalaşmasında birbaşa rol aldığını da irəli sürdülər. Çikaqo Universiteti Prof.Bruce Lahn`ın DNA təməlli zəka (IQ) araşdırmasını test məqsədli istifadə edərək həmin genetik variantların avropalılarda sıxlıqla, afrikalılarda isə nadirən ortaya çıxdığını göstərdi (Lahn, 2005). Zamanla professorun üzərində təzyiq artmağa başladığından o, araşdırmasını dayandırmaq məcburiyyətində qaldı. Öz müsahibəsində: “Çox mübahisəli olmağa başladı” dedi və əlavə etdi, “Bəzi gerçəklər var ki, onlara sahib çıxmağa dəyməz”.

Nobel mükafatı almış məşhur molekulyar bioloq James Watson belə 2007-ci ildə “Afrikalılar avropalılardan daha az zəkalıdır” ifadəsini işlədib, tənqidlərlə üz-üzə qalmışdı (Cahal Milmo, 2007).

İrqlər haqqında araşdırmaları ilə tanınan Western Ontario Universitetindən Philippe Rusthon adlı bir psixoloq, beyin ölçüsü və zəka arasında bilinən bir bağlılıq olduğuna diqqət çəkdi və beynin böyüklüyünün insanı daha ağıllı etdiyini irəli sürdü. Professor Magnetic Resonance Imaging (MRI) texnologiyasından istifadə edərək asiyalı və avropalıların önəmli miqyasda afrikalılardan və ya aborigenlərdən daha geniş bir beyinə sahib olduqlarını göstərməyə çalışdı. Qrafik 1-də də görəbiləcəyiniz kimi misal olaraq, çinlilər kenyalılardan 200 ml daha çox beyin mayesinə sahibdirlər ki, bu hardasa bir stəkan qədər böyük bir miqdardır. Araşdırma qısaca irqlər arası ortalama zəka fərqliliklərinin var olduğunu irəli sürür (Rusthon, 1996).

2018-09-10_221131

[Qrafik 1]

İndi baxdığınız Qrafik 2 isə Deleware Universitetindən Linda Gottfredsonun araşdırmasındandır. Bu çalışma bizə irqlər arası zəka fərqliliklərinin sosial nəticələri haqqında fikir verir. 2 əyri xətt qaradərililərin (black yazılan) və ağların (white yazılan xətt) zəka fərqliliklərini ifadə edir. Altdakı IQ nisbətlərinə baxsaq qaradərililərin ağlara görə 4 qat daha çox 75-dən aşağı IQ-ya, bəyazların isə asiyalılardan 2 qat daha çox 75-dən aşağı IQ-ya sahib olma ehtimalı var. Sağda ağların qaradərililərə görə 30 qat daha çox 125-dən yuxarı IQ-ya sahib olduğunu, hispaniklərdən isə 5 qat daha çox olduğunu görürük. Fotonun orta hissəsində sıralanan peşə örnəklərində isə ümumilikdə 125 və ya daha yüksək IQ göstəricilərinə sahib olmağı tələb edən peşələrə –  hüquqşünas, kimyagər, idarəçi kimi nümunələr verilib (Gottferdson, 2006).

2018-09-10_221250

[Qrafik 2]

İnsanların irqlərə ayrılmasına qarşı çıxan araşdırmalar nələrdir?

20-ci əsrin ilk yarısında belə irqi ayrılmağa və kateqoriyalaşdırmağa qarşı çıxan araşdırmalar və fikirlər mövcud idi. Hələ 1939-cu ildə təkamül bioloqu olan Julian Huxley Ari irqi anlayışını tənqid edərək insanı zooloji bir növ kimi alt populyasiyalara ayırmağın mənasız olduğunu vurğulamışdı (Huxley, 1939). Sonra isə məşhur antropoloq Ashley Montagu  irq anlayışının qarışıq insan çeşidliliyini açıqlamaqda yetərsiz qaldığını irəli sürüb irq əvəzinə etnik qrup terminini təklif etdi. Etnik qrupu isə coğrafi və sosial maneələr kimi ayırıcı mexanizmlər səbəbi ilə fiziki və kültürəl fərqliliklər daşıyan topluluq olaraq izah etdi (Montagu, 1942).

1972-ci ildə məşhur təkamül genetiki olan Richard Lewontin inqilabi nəticələr doğuran bir məqalə yazdı. 17 genetik işarətləyici üçün zülal polimorfizmlərinə baxan Lewontin, müşahidə etdikləri genetik çeşidliliyin 85%-in populasiyalar içərisində, fərdlər arasında müşahidə edildiyini, 8%-lik qismin isə qitə populasiyaları arasında paylaşıldığını, genetik variasiyanın ancaq 6% kimi kiçik bir qisminin qitə populasiyaları arasındakı genetik fərqliliyə işarə etdiyini göstərdi (Lewontin, 1972). Xülasə, qruplar arası (yəni irqlər arası) fərq, qrup içindəki (irq içindəki) fərqdən çox daha kiçikdir. Biraz da sadələşdirsək, Azərbaycan və Almaniya arasındakı boy uzunluğu ortalamasına görə almanlar daha uzun sayılır, ancaq Azərbaycanda yaşayan türklər arasında uzun, qısa, hər cür boyda insan mövcuddur. Yəni bizim öz çeşidliliyimiz almanlarla olan fərqimizdən daha çoxdur. Bu reallıq demək olar ki, bütün insan özəllikləri (göz rəngi, üz forması və s.) üçün keçərlidir və bu səbəblə biz irq sayıla bilmirik, həmçinin də almanlar. Xülasə, məqalə irqlərin nə genetik, nə də bioloji təməlinin olmadığını ortaya qoymağa çalışdı.

Sonrakı araşdırmalar da göstərilən nəticəni doğrulamaqla birlikdə, genetik fərqliliklərin daha da az olduğunu sübut etdi. Belə ki, genomumuz 3 milyard baz cütündən, yəni DNA olaraq bilinən genlərdəki kiçicik kimyəvi hissələrdən təşkil olunur. Bu hər hansı 2 insan arasında 2.999 milyard baz cütünün eyni olduğu mənasına gəlir. Başqa sözlə, DNA-nızı yazdırsanız təqribi 262.000 səhifə tutacaq kitabın səhifələrindən yalnız 500-ü sizin digər insanlardan fərqinizi ortaya qoya bilər (Ashley Hammer, 2017). Hal-hazırda 2 insanın genomunu qarşılaşdırsaq, aralarında 0.01% fərq gözə çarpacaqdır.

Genom Araşdırma İnstitutunun qurucusu, bioloq John Craig Venter, 2000-ci ildə Ağ Evdə təşkil olunmuş tədbirdə araşdırmalarının nəticəsini açıqladı və vurğuladı ki, “İnsan irqinin nə genetik, nə də digər elmi təməli yoxdur” (Angier, A. , 2000).

Bəzi irqlərin zəka baxımından digər irqlərdən üstün yaxud zəif olduğunu irqi dəstəkləyən araşdırmalarda nəzərdən keçirdik. Bəs zəka ilə bağlı nə deyə bilərik, zəka insan irqlərinin genetik fərqlilikləri ilə bağlıdırmı? Türkiyədə 2013-cü ildə araşdırma mərkəzi [n]Beyin`i quran Prof.Dr.Sinan Canan Özer Koça verdiyi müsahibəsində qeyd edir ki, ən bəsit ifadə ilə zəka problem həll edə bilmə qabiliyyətidir, amma insan təkcə mexaniki problem həll etmir. Duyğulu, fəlsəfi, texniki, bədən dili zəkası ilə hər paradiqmanın öz problemlərini həll edir. Məktəblərdə ölçülən daha çox analitik zəkadır. Zəkaya tərif verə bilərik, amma insan zəkasını bunların birinin içərisinə birbaşa aid etmək çətindir. Çünki insan zəkası daha kompleks və çeşidlidir.

IQ testləri də məhz bu səbəblərə görə daim mübahisəli və yetərsiz qarşılanıb. Ölçülənin konkret olaraq insan zəkasını əhatə edib etmədiyi sualı ortaya çıxır. Ümumi şəkildə bu testlər, təhsil sistemi və o testi yaradan insanla bağlıdır ki, həmin təhsil sistemində sizə nə öyrədiblərsə, qarşınıza da o simvolik dünya çıxır, yaxud testi quran insanın suallarına uyğunluğunuz görünür. Nəticənin sizin həyatdakı uğurunuzla heç bir əlaqəsi olmur. Nobel mükafatı qazanmış elm adamlarının IQ-ları ortalamadan azca yüksəkdir, lakin bu fərq elə də böyüdüləcək dərəcədə deyil. Hətta çox zaman IQ-ları yuxarı olan insanlar ciddi uğursuzluqlarla üzləşib xoşbəxt yaşaya bilmirlər. Çünki insanın etdiklərinin keyfiyyətini müxtəlif zəka tiplərinin harmoniyası müəyyən edir. Bir testin nəticəsinə görə insanların irqlərə bölündüyünü və bu səbəblə zəka fərqlilikləri olduğunu demək, elmi yanaşma baxımdan doğru olmaz. Ən önəmlisi, iqtisadi və sosial faktorlar araşdırıldığında IQ test nəticələri ortadan qalxır (Michael Balter, 2011). Zamanla zəka testləri dəyərini itirəcək yaxud mahiyyətini dəyişəcək kimi görünür.

Hər iki tərəfin bəzi arqumentlərinə, əsaslandırmalarına nəzər saldıq. İnsan irqlərinin var olmadığını ortaya qoyan araşdırmaların kifayət qədər əhatəli və detallı olduğu, şübhəyə yer buraxmadığı aşkardır. Həm də uzun müddətdir ki, “insan irqi” sözü elmi ədəbiyyatdan da silinməyə başlayıb. Məsələn, bir sıra araşdırmaçılarla birlikdə Türkiyə Genom Proyektini aparan Ömer Gökçümen, Hazal Özvarışa verdiyi müsahibəsində deyir ki, bir bioloqdan soruşsanız cavab qısa və konkretdir: İnsan irqi yoxdur.

Başqa bir nümunə verək. Lieberman və bəzi həmkarları ən elit fiziki antropologiya dərgilərdən olan American Journal of Physical Antropology`də 1918-2002 illər arasında yazılan irq mərkəzli məqalələri araşdırıb və bir nəticəyə gəlib. Nəticəyə görə, 1918-1943-cü illər arasında 61%, 1945-1973-cü illər arasında 42%, 1975-2001-ci illər arasında isə sadəcə 4% məqalələrdə irq klassik mənasında istifadə edilib. Bu anlayışın zamanla fiziki antropologiyadan necə silindiyini Qrafik 3-dən də görə bilərsiz (Lieberman, 2002).

2018-09-10_221422

[Qrafik 3]

Türklərin varlığı

İrq və millət anlayışlarının başa düşülməməsi, xüsusilə, türklərin çoxluq təşkil etdiyi  coğrafiyalarda həssas bir problemə çevrilir. Belə ki, millət və milliyyətçilik haqqında danışan şəxslərə irqçi, hətta faşist damğası belə vurulur. Birinin italyan olduğuna əmin olmadan onu faşistlikdə ittiham etmək sadəcə ifrat bilgisizliyin bir nəticəsi sayıla bilər. 1923-cü ildə yayınlanan kitabında Ziya Gökalp millətin nə irqə, nə qövmə, nə coğrafiyaya, nə siyasətə, nə də iradəyə bağlı bir topluluq olmadığı düşüncəsini ortaya qoyur (Gökalp, 1923). Dəyərli türk ideoloqumuz Əli bəy Hüseynzadənin tələbəsi olan Mustafa Kamal Atatürkün isə “fikrimin atası” deyə bəhs etdiyi Ziya Gökalp türk millətinə irqdən və buna paralel irqçilikdən uzaq və müstəqil bir izah verməklə günümüz gərginliklərinə də işıq tutmuş oldu.

Türklərə məhz dil və kültür faktorları çərçivəsində bir millət olaraq tərif vermək daha uğurlu və yararlı yanaşmadır. Çünki türklər deyə adlandıra biləcəyimiz bir kültür qrupunun eradan əvvəlki tarix səhnəsində ortaya çıxdığı məlum məsələdir. Bu zamanı biz ən az hunlarla da başlada bilərik. Hunlardan göytürklərə, sonra isə digər türk dövlətlərinə də bir kültürün mirası qaldığı aydındır. Türk dili dediyimiz o dilin də formalaşması üçün digər qrup insanlardan müəyyən müddət təcrid olmaq, qarışmamaq kimi bir izolyasiya lazım idi. Bu məsələyə amerikalı dilçi Mario Pei belə yanaşaraq deyir ki, Amerikanın şərq və qərb hissəsinin əlaqəsini 10 il kəsin, bir-birilərini anlamaqda çətinlik çəkəcəklər (Pei, 1949). Demək ki, bizim türk dili və kültürü dediyimiz o faktorların formalaşması üçün yetərli zamanımız olub. Lakin irqin formalaşması üçün minlərlə il davam edən izolyasiya lazımdır. Sırf buna görə də biz dil və kültür ətrafında türklərin varlığından danışa bilərik, irq yox millət anlayışı üzərindən. Bu dediklərim digər bütün millətlər üçün də keçərlidir. Nəticə olaraq, yer üzündə heç bir insan irqi yoxdur, sadəcə millətlər var.

Yazını yekunlaşdıraq. Təəssüf ki, irqlər haqda müzakirələr 21-ci əsrdə də bitmədi və qarşıdurmaları qızışdırmağa dəvam edir. İrqlər şəklində kateqoriyalaşdırmanın elmi təməli olduğunu irəli sürən bu şəxslərin nələrdən motivasiya aldıqları, niyyətləri az-çox bəllidir. Həm də müasir elmi reallıqlardan xəbərsiz qaldıqlarını qəbul etmək istəmirlər, yəqin ki. İnsanları təbiət elmləri üzərindən irqlərə bölmək əvəzinə, onlara üstünlüklü sistemlər yaratmaq gərəklidir. O zaman anlaşılacaq ki, əslində normal təhsil və təlimlə hər insan müxtəlif cür uğurlar qazana bilər, istər sənətdə, istər yazıçılıqda, istər təhsildə, istərsə də idman oyunlarında..

 

Qaynaqlar:

Angier, A. (2000, August 22) ‘Do Races Differ? Not Really DNA Shows’, New York Times.

Ashley Hammer (2017, November 6) ‘When It Comes to Genes, We’re All (Much!) More Alike Than Different’, Curiosity.

Çağrı Mert Bakırcı (2012, 4 Aprel), ‘Irklar ve İzolasyon: Biyolojik Olarak Irk Nedir?’, Evrim Ağacı.

David Reich (23 March 2018) How Genetics Is Changing Our Understanding of ‘Race’.

Dobzhansky T (1963) Possibility that Homo sapiens evolved independently 5 times is vanishingly small. Current Anthropology, 4:360, 364-367.

Fury at DNA pioneer’s theory: Africans are less intelligent than Westerners,  Indepentend october 17, 2007. Cahal Milmo.

Gottferdson, L. S. (2006). Social Concequences of group differences in cognitive ability.

Huxley J. (1939) “Race” in Europe. Oxford: Calerendon Press.

Lewontin, R.C. (1972). The apportionment of human diversity. Evolutionary Biology, 6 (s. 381-398). Springer, Boston, MA.

Lieberman L, Kirk RC, Corcoran M. (2002). The decline of race in American physical anthropology. Anthropological Review.

Mario Pei, The Story of Language, 1949

Michael Balter (2011, April 25) ‘What Does IQ Really Measure?’, Science.

Microcephalin, a Gene Regulating Brain Size, Continues to Evolve Adaptively in Humans, Science, September 9, 2005: Vol. 309 no. 5741 pp. 1717-1720. Patrick D. Evans, Sandra L. Gilbert, Bruce T. Lahn, et. al.

Montagu A (1942) The genetical theory of race, and anthropological method. American Anthropologist.

Rusthon, J. P. & Ankey, C. D. (1996). Brain Size and Cognitive Ability: Correlations with Age, Sex, Social Class and Race. Psychonomic Bulletin & Review, 3, 21-26.

Ziya Gökalp (1923), “Türkçülüyün Əsasları”.

 

İrəli oxumalar:

Çağrı M. Bakırcı, “İnsan növü tək bir irqmidir?”.

Barış Özener, “İnsan Çeşidliliyi – İrqi fərqliliklərmi, Təkamül Adaptasiyalarımı?”.

Özgül Yahyaoğlu, Pınar Uğurcan, və b. , “Təkamül, İrq və İrqçilik”.

Ergi Deniz Özsoy, “Təkamül, Genetika və İrq: Təkamül Biyologiyasının İşığında İnsan İrqinin Anlamsızlığı”.

Ömer Gökçümen, Timur Gültekin, “Genetik ve Kamusal Alan”.