1989-cu ildə kommunizimin çöküşü ilə birlikdə 1789-cu il Fransız İnqilabı ilə başlayan inqilablar dövrü də sona çatdı. Bununla da modernizmin əsas qavramlarından biri olan inqilab mahiyyət etibarı ilə forma və məna dəyişdirərək yeni mərhələyə qədəm qoyur. İnqilab fəaliyyət mərkəzli hadisədən, özündə hekayə və anları ehtiva edən yeni formaya – mifə çevrilir. Mahiyyət etibarilə müstəqil kültürəl forma kimi inqilab mifi potensial inqilabi fəaliyyətlərin zəminini təşkil etməkdə rol oynamağa davam edir. Müxtəlif faktorların ardıcıllığı, eyni zamanda ziddiyətinin ortaya çıxardığı inqilab qavramı 1789-cu ildən bəri modern dövrün əsas tədqiqat və istinad mövzularından biridir. Artıq iki yüz ildir, modernizmin əsas mexanizmlərindən biri kimi modern insanın formalaşmasında inqilab əsas parameterlerdən biri kimi aktuallığını qoruyur. Odur ki, təkrar-təkrar inqilabların tarixi, siyasi və ictimai təsiri müxtəlif nəzəri və metodoloji kontekstlərdə ələ alınır və yenidən işlənilir. Son iyirmi, otuz ilin tədqiqatlarına nəzər saldıqda əvvəlki on illiklərlə müqayisədə inqilabların mistik tərəfinin təbliğatının getdikcə azaldığını görmək olar. Təbii ki, burada kommunizmin çöküşü prosesinin rolu olsa da, nəzəri və metodoloji prinsipiallıq ideoloji doktrinaların önünə keçir. Məhz buna görə də mövcud trendlərin vacibliyini əsas götürərək bu yazıda inqilab və onun mahiyyətinin Azərbaycanın tarixində aktualığı və mümkün təsirlərinə nəzər salınacaq. Daha da dəqiqləşdirəsi olsaq, 20-ci əsrin əvvəlində Rusiya, İran və Osmanlı İmperatorluğundakı inqilabi hərəkatların bizim üçün vacibliyi və bu prosesdə azərbaycanlıların fəaliyyəti və rolu təsvir ediləcək. Burada əsas məqsəd həmin dövrün bizim bu günümüz üçün aktuallığını başa düşmək, milli kimliyin formalaşma prosesinə nəzər salmaq və ən nəhayət sosioloji çərçivədən nəzəri mexanizmin mümkünlüyünü təqdim etməkdir.
***
İnqilablar haqqında yazılan elmi və populyar ədəbiyyata nəzər saldıqda, təbii ki, akademik disiplin kimi tarixçiliyin ön plana çıxdığını görürürük. Sosial elmlər öz növbəsində nəzəri modellər təklif etsə də, hələ ki fundamental nəzəri konsepsiyaların təklif edilməsində axsadığı görülməkdədir. Sosiologiya burada fərqli rol oynamağa çalışsa da, avrosentrik (avro-mərkəzçi) mövqedən kənara çıxa bilmir. Lakin digər tərəfdən də bütün modern inqilabların Qərb məhsulu olduğunu faktını nəzərə aldıqda bu, başa düşülən bir vəziyyətdir. Amerikalı sosioloqlar Randall Kollins, Çarlez Tilli, Teda Skoçpolun bu sahəni əhatə edən işləri də fransız fikir adamı Aleksis de Tokvillin dövlət mərkəzli nəzəri paradiqmasının davamıdır (1). Həmin paradiqmada isə “inqilab” orijinal mənasını itirərək modern cəmiyyətdəki baş verən hər hansı böyük dəyişikliyi, daha doğrusu hadisəni təmsil edir. Bununla belə inqilabın böyük dəyişiklik və ya hadisə kimi nəzəri olaraq qavramsallaşdırılması və daha qlobal təqdimatı hələ də aktuallığını saxlamaqdadır. Bu məqsədlə son dövrlərdə təklif edilən modellər içərisində iranlı sosioloq Səid Əmir Ərcüməndin inqilabın nəticələrinin sosioloji vacibiliyinə diqqət çəkməsi qeyd edilməlidir. İnqilabın nəticələrinin cəmiyyətin yeni məna ilə tanış olması, o vaxta qədər mövcud olmayan institut və qurumların meydana çıxması, fikrin və kimliyin yenidən inşasında inqilabın rolu məsələsi bizim üçün də çox aktualdır. Bundan başqa Səid Əmir Ərcüməndin “inteqrativ inqilab” adlandırdığı nəzəri anlayış böyük inqilabların nəticələrinə daha lokal kontekstdə baxmağa imkan verir (2).
Tarixilik çərçivəsində ələ alındıqda inqilab orqanik və ardıcıl implusların ortaya çıxardığı hadisə olub bir siyasi quruluşun digəri ilə əvəzlənməsi ilə nəticələnir. Burada proseslər, tarixi şərtlər kimi bir çox element ayrı ayrılıqda siyasi mobilizasiyasının dinamikasını müəyyən edir. Sosiologiya isə inqilabın cəmiyyətin formalaşmasındakı rolu, özünü ifadə axtarışlarını və inqilab sonrası dövrdə formalaşan yeni strukturu təsvir etməyə çalışır. Cəmiyyətin axtarışı, dəyişən struktur və rollar öz növbəsində güc münasibətlərinin yenidən təyin edilməsi və ictimai-siyasi çevrələrin genişlənməsini təmin edir. Məsələyə bu çərçivədən baxdığımız zaman 1905-ci il Rusiya İnqilabının azərbaycanlıların modern inqilabla ilk tanışlığı olduğunu deyə bilərik. İlk başlarda mərkəzdəki proseslərə məsafə saxlamağa çalışan azərbaycanlılar imperiya miqyasında inqilabi hərəkatda rol oynamağa başladılar. Milli axtarış içərisində olan azərbaycanlı intelegensiya yüksələn erməni-müsəlman antoqonizminə həllədici cavab tapmadan Rusiya İmperiyası müsəlmanlarının əsas sözçüsü, təmsilçisinə çevrildi. Özlərinin müsəlman, digər millətlərin isə tatar adlandırdığı azərbaycanlılar arasında davam edən ənənəvi etiqad fərqliliyi, tayfa və icma rəqabəti xalqın həmrəyliyi ilə əvəzləndi. Daşnaksutyunun prototipi olan “Difai” təşkilatının bu dövrdə yaranması və təmsilçilərinin çoxluğu da inteqrativ prosesin nəticəsidir. Rusiya İmperiyasının mərkəzində başlayan inqilabi hərəkata periferiyada çox çevik cavab verə bilən azərbaycanlıların silahlı və sivil mübarizəni paralel davam etdirə bilməsini də vurğulamaq lazımdır. Şeyx Şamil hərəkatının süqutundan bəri çar rejiminə qarşı bu cür təşkilatlanmanın başlanğıc nöqtəsinin erməni – müsəlman davasından başlanmasına diqqət yönəltmək lazımdır. Millət kimi formalaşan ermənilərin siyasi təşkilatlanma modelini izləyən azərbaycanlıların Rusiya İmperiyasının digər müsəlman xalqlarından bir çox məsələdə daha prinsipial davranmasının səbəblərindən biri də məhz elə ermənilər ilə amansız rəqabət və bunun nəticəsində yaranan milli kimlik axtarışıdır.
***
Rusiya İnqilabının bizim üçün digər səciyyəvi cəhəti xalqa hamilik edən, bu və ya digər şəkildə qorumağa çalışan, müəyyən imkanlar yaradan neft milyonçuları, sənayeçilərin tədricən intelegensiya tərəfindən təklif edilən strategiyanı qəbul etməsi oldu. “Çörək verən kişi” imicinin təmsilçisi olan neft milyonçularının milli kimlik axtarışında olan intelegensiya ilə rəqabətdə geri qalması inqilabın dinamikasınından irəli gəlir. Çünki inqilab özü ilə bərabərində cəmiyyətdə güc münasibətlərinin dəyişməsinə, yenidən formalşmasına və şəkil dəyişməsinə səbəb olur. Bu proses adətən iki istiqamətdə davam edir: vertikal və horizontal. Vertikal güc dəyişikliyi dedikdə müəyyən bir qrupun, sosial sinifin inqilabi hərəkatın lokomotivinə çevrilməsi nəzərdə tutulur. Lakin eyni qrup daxilində gedən rəqabət həm inteqrativ prosesə şərait yaradır, həm də fərqli mərkəzlərin horizontal şəkildə bir – birinin formalaşmasını təmin edir. Bu qəbildən Rusiya İnqilabı yerli intelegensiyanı müstəqil qrup kimi ön plana çıxarmaqla bərabər iki fərqli istiqamətin formalaşmasına da təkan verdi. Belə ki, Gəncə mərkəzli proto-millətçi intelegensiya ilə Bakı mərkəzli liberal qanadın qrup daxili rəqabəti milli axtarışın ilk mərhələsini təşkil edir. Ona görə də Rusiya İmperiyasındakı digər müsəlman xalqlarla müqayisədə azərbaycanlı intelegensiyanın istər dövlət Dumasında, istərsə də Rusiya Müsəlmanları İttifaqı daxilində mövqeyi daha qətiyyətli oldu. Bunu da qeyd etməkdə fayda var ki, Azərbaycandan olan müsəlmanlar azərbaycanlı kimliyinə daha da bağlanmasının digər bir səbəbi də hər şeydən əvvəl Rusiya İmperiyasından olan digər müsəlman xalqlardan fərqli prioritetlərinin olmasından irəli gəlirdi.
Konstitusional hərəkatla Rusiya İnqilabı zamanı tanış olan azərbaycanlı intelegensiya Rusiya müsəlmanları ilə birgə fəaliyyət strategiyasındən tədricən uzaqlaşdıqdan sonra diqqətini Qafqaza yönəldir. Milli kimlik axtarışları ilə bərabər haqq və azadlıqlar, səlahiyyətlərin müəyyən edilməsi məsələsi də gündəmə çevrilir. İnqilabla ortaya çıxan yeni zümrə fərqli ideoloji istiqamətlərdə müəyyən fikirlər səsləndirsə də, daxildə gözlənilən təsir formalaşdıra bilmirdi. Amma İranda başlayan Məşrutə (Konstitusiya) İnqilabı fərqli qrupların səfərbərliyini sürətləndirdi. 1906-1911-ci illəri əhatə edən İran Məşrutə İnqilabı əsasında 19-cu əsrin sonlarından başlayan daxili narazılıq, davamlı və sistemli etirazın (misal kimi anti-tütün hərəkatı) kuliminasiyası kimi ortaya çıxsa da, Rusiya İnqilabından bir başa təsirləndiyi də nəzərə alınmalıdır. Azərbaycanlıların bu inqilabda daha aktiv iştirakını hər şeydən əvvəl Rusiya İnqilabında əldə etdikləri təcrübə ilə əlaqələndirməklə bərabər Rusiya İmperiyasının İranın şimal əyalətlərindəki de fakto hakimiyyətinin də təsirli olduğunu qeyd etmək lazımdır. Rusiya İmperiyasına qarşı inqilabi fəaliyyəti İran üzərindən davam etdirmək həm intelegensiyanın, həm də silahlı inqilabçıların əsas strategiyasına çevrildi. İran Məşrutə İnqilabının radikal siyasi mərkəzinə çevrilən Təbrizə Qafqazdan silahların daşınmasını təşkil edən Nəriman Nərimanov, İranda bir başa aktiv fəaliyyətdə olan Məmməd Əmin Rəsulzadə, inqilabçıların ilham mənbəyinə çevrilən və imperializmə qarşı əzilən millətlərin haqq səsi olan Mirzə Ələkbər Sabir bu prosesdə aktiv rol oynayan azərbaycanlıların sadəcə bir neçəsidir. Bundan başqa Cəmaləddin Əfqani ilə başlayan pan-islamist hərəkatın da Azərbaycanda da qarşılıq gördüyünü unutmamaqda fayda var. Çünki bizim milli axtarışımızın imperializm mühitində yarandığı və bir neçə fərqli məntəqədə formalaşdığı bilinən bir gerçəklikdir. Odur ki, İran Məşrutə İnqilabının 1908-ci ildən sonra din və şəriət əsaslı mərhələyə qədəm qoyması azərbaycanlı intelegensiya arasında ciddi sorğulanmağa başlandı və bu modelin bizim axtarışımıza uyğun olmayacağına əminlik yarandı.
Rusiya və İran inqilablarının əskinə, Osmanlıda hərbi çevriliş nəticəsində Sultan II Əbdülhəmid taxtdan endirilir və 24 iyul 1908-ci ildə konstitusional rejim bərpa edilir. Gənc Türklər Hərəkatının öncülüyünü etdiyi bu inqilab həm də yeni bir ideoloji xəttin, pantürkizmin geniş yayılmasına təkan verdi. Sekulyarlıq və millətçiliyi özündə ehtiva edən pantürkizm qısa bir zamanda azərbaycanlı intellektuallar arasında da qarşılıq görməyə başladı. Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun da öncülüyünü etdiyi türkçülük ideyalarının azərbaycanlı intellektuallar arasında dominant diskursa çevrilməsi Rusiya İnqilabından bəri başlayan milli kimlik axtarışının növbəti mərhələsini təşkil edirdi. Əhməd bəy Ağaoğlu əsrlərdən bəri davam edən şiə-sünni ayrılığına baxmayaraq türkçülüyün hələ də milləti bir araya gətirməkdə vacib rol oynayacağına inanırdı. Məmməd Əmin Rəsulzadə və Bakı mərkəzli digər intellektuallar isə Gənc Türklər İnqilabının ortaya çıxardığı digər bir anlayışı “millət” məfhumunu daha çox sahibləndilər. Ziya Göyalp fransız sosioloq Emil Dürkheymin “conscience collective” (kollektiv şüur) fikrinin əsasını təşkil edən kollektiv, cəmiyyət anlayışını millət ideyası ilə əvəz etməsi pantürkizmin yeni mərhələyə qədəm qoymasını sürətləndirir. Məhəmməd Əmin Rəsulzadə də öz yazılarında ümmət və millət məfhumlarını qarşı qarşıya gətirərək bizim nə üçün millət yolunu seçməli olduğumuzu da göstərməyə çalışırdı. Məhz bu mərhələdən etibarən Məhəmməd Əmin Rəsulzadə milli məfkurənin öndərinə çevriləcək, çox keçmədən Azərbaycan Xalq Cümhuriyyəti qurulacaqdı.
***
Beləliklə, 20-ci əsrin əvvəllərində aid olduğu coğrafiyada üç inqilabi hərəkatda bu və ya digər şəkildə iştirak edən və paralel olaraq axtarış içində olan azərbaycanlılar bununla da suverenliyin tək yol olduğunu idrak etdilər. Modern mənada həmin inqilablar azərbaycanlılar üçün sadəcə bir hadisə deyil, həm də milli kimliyin formalaşmasının başlanğıcını da təşkil edir. Digər diqqət edilməli olan məqam azərbaycanlı intelegensiyanın bu inqilablara bir hazırlıq prosesi kimi baxması və cəmiyyətin digər zümrələrinə də bunu təbliğ və təşviq etməsidir. İnteqrativ xarakter daşıyan digər inqilablarda olduğu kimi intelegensiya cəmiyyət öndərliyində ön plana çıxır və sıraları genişlənir. İstər ermənilərlə başlayan ədavət, istərsə də haqq və azadlıqların təmin edilməsi zərurəti o günə qədər bir-birinə məsafəli olan qrupların yaxınlaşmasını təmin etdi. Bundan başqa Gənc Türklər İnqilabının bizim üçün Rusiya və İran Məşrutə İnqilabından daha qalıcı təsirinin olduğunu qeyd etməkdə fayda var. Bu nüansı həm pantürkizmə yaxınlıqla, həm də digər iki inqilabın çatışmayan tərəfləri ilə də əlaqələndirmək olar. İstənilan halda, hər üç inqilabın bizim üçün faydalı tərəflərinin oluğu aşkardır. İnqilab modernist meyilləri daha da gücləndirərək intelegensiyanın səfərbər edilməsini təmin etmiş oldu. İnqilabın modern bir hadisə kimi bizim üçün hansı məna daşıdığına nəzər yetirərək milli kimlik axtarışımıza olan töhfələrini başa düşmək olar. Sosiologiyanın da bir disiplin kimi bu prosesdə rolu həmin mərhələləri düzgün nəzəriyyələşdirmək və bunun müzakirəsini təmin etməkdir.
Qeydlər