Bəlkə də hələlik çox fərqində olmasaq da, Marksizmin və Marksist hərəkatların tarixində baş verən əsaslı bir dəyişiklik üstümüzə çökmüş vəziyyətədir. Bunun başlıca göstəricisi Vyetnam, Kamboca və Çin arasında baş verən savaşlardır. Azadlıqları və inqilabçı cəhətləri mübahisəsiz olan rejimlər arasında baş verdiyindən və haqqında danışılan bu rejimlər tökülən qanı açıq-aşkar Marksist olan bir nəzəri perspektivdən çıxış edərək qanuniləşdirmək üçün könülsüz bir neçə cəhddən başqa nəsə etmədiklərindən bu savaşların dünya tarixində xüsusi yerləri vardır. 1969-cu ildəki Çin-SSRİ toqquşmalarını və SSRİ-nin Almaniya (1953), Macarıstan (1956), Çexoslovakiya (1968) və Əfqanıstandakı (1980) hərbi müdaxilələrini hələ də seçimə görə “sosial imperializm”dən “sosializmi qorumağa” qədər şərh etmək mümkündür, ancaq bu terminlərin Hindi-Çində baş verənlərlə bağlılığı olduğuna doğrudan da inanan kimsə olduğunu düşünmürəm.
Əgər Vyetnamın 1978-ci ilin dekabrından 1979-cu ilin yanvarına qədərki müddət ərzində Kambocanı işğal etməsi inqilabçı Marksist bir rejimin digərinə qarşı girişdiyi ilk genişmiqyaslı şərti savaşdısa, Çinin fevral ayında Vyetnama qarşı başlatdığı hücum bunun tək örnək olaraq qalmamasına səbəb oldu. Bu gün artıq ancaq inamı sarsılmaz olanlar bu yüzilliyin sonlarında baş verməsi ehtimal olunan savaşlarda kiçik sosialist dövlətlər bir qırağa, SSRİ ilə ÇXR-ın eyni tərəfdə savaşacağı ya da eyni tərəfi dəstəkləyəcəkləri ilə bağlı iddialarla çıxış edə bilərlər. Bir gün Yuqoslaviya ilə Albaniyanın müharibə mərhələsinə keçməyəcəyini kim iddia edə bilər? Qırmızı ordunun Şərqi Avropadakı mövqelərindən geri çəkilməsini tələb edən çeşidli qruplar, Qırmızı ordunun 1945-ci ildən bu yana buradakı mövcudluğunun bölgənin Marksist rejimləri arasındakı silahlı toqquşmaları gündəmdən kənarlaşdırmalarındakı rolunu xatırlasalar yaxşı olardı.
Bu cür dəyərləndirmələr İkinci dünya müharibəsindən bu yana uğur qazanmış bütün inqilabların özlərini milli terminlərlə (Çin Xalq Respublikası, Sosialist Vyetnam Respublikası və b.) tərif etdikləri və bu yolla inqilabdan əvvəlki keçmişdən qazanılan bölgə və toplum məkanına sıx şəkildə kök atmış olduqları gerçəyini də vurğulamağa yarayır. SSRİ-nin isə bunun əksinə olaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə birlikdə adında milli bir terminə yer verməyən nadir dövlətlərdən biri olmağı, ona 21-ci yüzilliyin beynəlxalq nizamının öncüsü olması ilə yanaşı, 19-cu yüzilliyin millətdən əvvəlki xanədanlıq dövlətlərinin də bir mirasçısı olması imtiyazını da qazandırır.
Erik Hobsbaum “Marksist hərəkat və dövlətlər təkcə formaları baxımından milli olmadılar, özlüyündə də elə, yəni milliyyətçi oldular. Bu meylin davam etməyəcəyini düşündürəcək heç bir işarə yoxdur” deməkdə tamamilə haqlıdır. Üstəlik bu meylilik sosialist dünya ilə məhdudlaşmır. Hardasa hər il Birləşmiş Millətlər yeni üzvlər qazanır. Əvvəllər birliklərini tamamilə möhkəmləndirmiş olduqlarını düşünən neçə-neçə “qədim millətlər” özlərini sərhədləri içində yaranan “alt” milliyyətçiliklər tərəfindən meydan oxunan bir mövqedə tapırlar. Bu milliyyətçiliklər əlbəttə bir gün “alt”lıqdan qurtulacaqlarını xəyal edirlər. Həqiqət olduqca açıq-aşkardır: “Bu vaxta qədər öncəgörməsi edilən “milliyyətçilik dövrünün sonu” həqiqətdən çox uzaqdır. Hətta milliyyət dövrümüzün siyasi həyatının ən universal şəkildə qəbul edilən dəyəridir.
Hadisələr açıq olmaqla birlikdə necə izah ediləcəyi uzun zamandır davam edən bir mübahisənin mövzusudur. Millət, milliyyət və milliyyətçiliyin izah olunması bir qırağa, hər birinin təyin olunması baxımından pis şöhrəti vardır. Milliyyətçiliyin çağdaş dünya üzərindəki təsiri ilə müqayisə olunduğunda bu mövzudakı qəbul oluna bilən nəzəriyyələrin sayı çox məhduddur. Böyük bir liberal tarixçilik və cəmiyyət elmləri ənənəsini alan və milliyyətçiliklə bağlı ingiliscə ən yaxşı və əhatəli yazını yazan Huq Siton-Uatson təəssüf hissi ilə yazırdı: “Dolayısı ilə, millət üçün hər hansı bir elmi izah edilə bilməyəcəyini söyləməyə məcburam. Buna baxmayaraq ortada bir fenomen var və mövcud olmağa davam edir”. Liberal ənənədən heç də kiçik olmayan Marksist tarixçilik və cəmiyyət elmləri ənənəsini alan və böyük bir yenilik olan “The Break-up of Britain”-in yazıçısı Tom Neyrn böyük açıqsözlülüklə milliyyətçilik nəzəriyyəsinin Marksizmin böyük tarixi uğursuzluğunu təmsil etdiyini deyirdi. Ancaq nəzəri şəffaflıq uğrunda sərf edilən uzun və şüurlu bir səyin kədərli nəticəsini üstüörtülü şəkildə göstərməsi ilə yanaşı əslində bu etiraf yanıldıcıdır. Milliyyətçiliyin Marksist nəzəriyyə üçün narahatlıq yaradan bir anomaliya olduğunu və elə bu səbəbdən nəzərə alınmaqdan daha çox gizlədildiyini demək daha düzgün olar. Karl Marksın 1848-ci ilki klassik formulunda mövcud olan kritik əvəzliyi izahdakı uğursuzluğu başqa necə izah oluna bilər ki: “Əlbəttə hər ölkənin zəhmətkeşləri öz sahibkarları ilə problemlərini həll etmək məcburiyyətindədir?” Ya da yüz ildən çox müddətdir ki, davam edən “milli burjuaziya” anlayışının “milli” tərəfinin statusunu nəzəri olaraq əsaslandırma yönündə ciddi heç bir cəhd edilmədən istifadə olunması necə başa düşülməlidir? İstehsal münasibətlərindən çıxış edərək təsvir edildiyində bir dünya sinfi olan burjuaziyanın içindəki bu bölünmə nəzəri baxımdan niyə önəmli olsun ki?
Tərcümə Benedikt Andersonun
“Xəyali İcmalar” əsərinin giriş hissəsindəndir