Aporetik[1] Xarakterli Bir Əsər: Üç Mədəniyyət

Giriş

Jil Deloz[2] (1925-1995) və Feliks Qvattari (1930-1992) “Qu’est-ce la que la Philosophie” (1991) [Fəlsəfə Nədir?] adlı əsərlərində problemlerin qavranmasında qavramların (concept) əhəmiyyətini vurğulamışlar[3]. Yəni bir mədəniyyətin, millətin və sairin qarşılaşdığı problemlərin anlaşılmağı üçün konseptual (conceptual) baxış olduqça əhəmiyyətlidir. Bu çərçivədə Əhməd Ağaoğlunun (1869-1939) “Üç Mədəniyyət” (1919) adlı əsəri Çağdaş Türk düşüncəsində problemə[4] [Mədəniyyət] qavrayış (concept) çərçivəsində yanaşan ilkin əsərlərdən birisi olmuştur. Bu əsər ictimai, siyasi və s. yaxşının ancaq dəyişikliklə mümkün olacağını irəli sürmüşdür. Bu mənada Leo Ştraus (1889-1973) Qüdsdə “What is Political Philosophy” (1954)[5] [Siyasi Fəlsəfə Nədir?] adlı çıxışında siyasətin Afinada ortaya çıxdığından bəri siyasi yaxşının əldə olunmasının mühafizə və dəyişiklik şəklində davam etdiyini yazmışdır. Bu çərçivədə “Üç Mədəniyyət” əsəri müsəlmanlar üçün yaxşının dəyişikliklə ortaya çıxacağını iddia etmişdir. Əsər üç mədəniyyətin (Qərb, İslam və Budda) müqasiyəsi ilə başlayır və sonradan İslam mədəniyyətinin Qərb mədəniyyəti qarşısındakı məğlubiyyətini müxtəlif (din, əxlaq, fərd, ailə, cəmiyyət, dövlət və hökümət) anlayışlarla izah etmişdir. Yəni “Üç Mədəniyyət” əsəri Ağaoğlunun düşüncəsində problemə anlayışlar çərçivəsində yanaşmanın ilkin örnəyi olmuşdur. Əsər əsasən İslam mədəniyyətinin (müsəlmanların) xilasının qalib olan Qərb mədəniyyətinin tamamilə mənimsənilməsi ilə mümkün olacağı fikrindən hərəkət etmişdir.

Din

Hegel (1770-1831) “Vorlesungen Über Die Philosophie der Geschichte” (1805-1806) [Tarix Fəlsəfəsi] adlı əsərində modern çağın kilsənin gücünü itirməsindən sonra ortaya çıxdığını yazmışdır[6]. Bu dəyişiklik düşüncədə, siyasətdə, iqtisadiyyatda və sairdə bir sıra inqilabi dəyişikliklərə səbəb olmuşdur. Ağaoğlunun İslam mədəniyyətinə yanaşmasının çıxış nöqtəsi məhz Avropada kilsənin gücünü itirməsi olmuşdur. Bu mənada Ağaoğlu müsəlmanların dinə yanaşmalarının hələ Orta Əsr səviyyəsində qaldığını, yəni dinin (İslam) insan həyatında vicdani bir məsələ olmalı olduğu halda həyatın bütün sahələrini müəyyən etdiyini iddia etmişdir[7]. Yəni çağdaş Fransız düşüncəsində ortaya çıxan əmək bölgüsü yanaşmasından çıxış etmişdir. Yəni “Üç Mədəniyyət” əsərində din tərəqqi edə bilmək üçün reforma tabe tutulmalı olan bir obyektdir. Ağaoğlunun məqsədi dinin və ya din adamlarının insanın həm ruhu, həm də vücudu üzərindəki hakimiyyətini azaltmaq olmuşdur. O, qurtuluşu məscidin xaricində axtarmaq istəmiş və cəmiyyətdə iş bölgüsünün tətbiq edilərək dini də öz iş bölgüsü sərhədində (ibadət və.s) tutmaq istəyirdi. Bu çərçivədə Ağaoğlunun dinə qarşı yanaşması liberal prinsiplərə əsaslanmışdır. Nəticə etibarilə, Ağaoğlunun din tənqidi dini zümrənin ənənəyə həddindən artıq bağlı qalaraq dünya işlərinin tərəqqisinə mane olmaqlarındadır. Eyni zamanda bir zamanlar oxşar problemi yaşayan Avropanın həll etdiyi problemi biz [müsəlmanlar] də həll edə bilərik deməkdədir. Lakin Ağaoğlu burada bir çox çağdaşından fərqlənərək Qərbin metodlarını olduğu kimi qəbul etməli olduqlarını irəli sürmüşdür. Ağaoğlu yeni anlayışın fərdə daha çox vəzifə yüklədiyini, əhəmiyyət verdiyini irəli sürərək İslam din alimlərinin fərdi görmədiklərini irəli sürmüşdür. Dində dəyişməz olan inanc və ibadət mühafizə olunmaqla dinin dünya işlərinə dair yanaşması dəyişməlidir. Bu mənada Ağaoğlunun din problemində müəyyən etdiyi prinsip belədir:

İnanclar və ibadətlərdə dinə bağlı olduğumuz halda, dünyəvi işlərdə tamamilə sərbəstik. Dünya işlərində istədiyimiz kimi qərar verə bilərik. Maddi həyatımızın ümumi mənfəətini nəzərə alaraq dünyəvi işlərimizdə istədiyimiz dəyişiklikləri edə bilərik[8].

Əxlaq

Ağaoğlu əsərdə müsəlmanların əxlaq anlayışının artıq tərəqqi üçün yaxşı bir şey istehsal edə bilmədiyini irəli sürərək İslam mədəniyyətinin klasik əsərlərindən hesab olunan Sədinin “Gülüstün” əsəri üzərindən Qərb mədəniyyətinin modern əxlaq anlayışını tərifləmişdir. Ağaoğlu əsərdə Qərb mədəniyyətinin qalib gəldiyini irəli sürərkən eyni zamanda Qərb anlayışlarının (concepts) qalib gəldiyini də iddia etmişdir. Bu mənada artıq Qərbin əxlaqının da alınmalı olduğunu irəli sürmüşdür.

Fərd

Əsərin fərd alt başlığı belə başlamaqdadır:

Cahil, özünün qul olduğuna təvəkkül edən bir qadının ətrafında böyüyən, ailə içərisində atanın maddi gücün simvolu olduğundan hər xüsusda haqlı, üstün, qalib  olduğunu davamlı olaraq görən bir uşağın ruhunda fərdiyyətlə bağlı ən mənfi düşüncə uşaqlıqdan etibarən formalaşmağa başlamazmı? Bizdəki ruhi nöqsanların kökünü uşaqlıq dövründə axtarmaq lazımdır[9].

İslam mədəniyyəti olaraq Osmanlı nəzərdə tutulmaqdadır. Tərəqqinin əsas prinsiplərindən olan fərdiyyətçiliyin ola bilməməyində Ağaoğlu Osmanlı dövlət anlayışını tənqid etməkdədir[10]. Əsərin yazılma tarixini (1919) nəzərə alındıqda Ağaoğlu və çağdaşlarının artıq zehinlərində Osmanlını bitirdikləri görülməkdədir. Yəni Ağaoğlunun fərdlə  bağlı dəyərləndirməsi Osmanlının tənqidi və yeni qurulacaq Cümhuriyyətə ideoloji bir təməl hazırlamaq təşəbbüsündən ibarətdir. Müasir Qərb mədəniyyətinin nailiyyətlərindən birinin insana fərd olmaq imkanı verdiyini düşünməkdədir. Bu çərçivədə Birinci Dünya Müharibəsindəki məğlubiyyətini Osmanlı cəmiyyətinin zamanla ayaqlaşmayan prinsiplərdə təkid etməyinə bağlamışdır. Ağaoğlu Qərb mədəniyyətinin fərdiyyətçilik müstəvisindəki nailiyyətini “hər kəs üçün hər şey olmaq imkanı” şəklində tərif etmişdir.

Ailə və Cəmiyyət

Yazar bu alt başlıqda digər problemlərdə olduğu kimi ailə institutunun da milli-dövlətdə (Türkiyə Cümhuriyyəti) hansı şəkildə təşəkkül etməli olduğu problemini işləmişdir. Ailə institutunun qəbilə forması ilə modern dövlətdəki forması arasındakı fərqi əmək bölgüsü çərçivəsində incələmişdir. Yəni milli-dövlətdə ailə sadəcə kişinin hakimiyyətinə əsaslana bilməz. Çünki qadın ictimai işlərdə fəal yer almaq haqqına və sair haqlara sahib olur. Digər tərəfdən türk ailə institutunun Osmanlı dövründə türklərə xas olmayan adətlərlə zədələndiyini irəli sürmüşdür. Buna göre türk ailəsinin (Türkiyə nəzərdə tutulmaqdadır) bərabərsizliyə əsaslandığından haqq və vəzifələrin bölgüsü düzgün aparılmamışdır. Ağaoğlu ailə institutuna ictimai, milli varlığın əsası kimi baxmışdır. İçərisində yaşadığı əsrin tələb etdiyi şərtlərdən ötrü türk ailəsini düşdüyü səfalətdən xilas etmək lazım gəldiyini yazmışdır[11].

Ağaoğlu fransızcadan adlığı “societe” anlayışını milli varlığın yaradılmağı üçün ciddi qəbul etmişdi. Çünki cəmiyyət müəyyən və ortaq düşüncələri, zövqləri, həyəcanları olan bir toplum deməkdir.[12] Bu mənada Ağaoğlu bir cəmiyyətin yaranmağında vacib olan ailə, din, fəlsəfə, ədəbiyyat, təhsil, musiqi, teatr kimi qurumların türk cəmiyyətində ya olmadığını və ya zaman və məkana yəni bir cəmiyyət yaradacaq səviyyədə inkişaf etmədiyini irəli sürmüşdür. Nəticə olaraq, Ağaoğlu qurtuluşun ancaq Qərb mədəniyyətini mənimsəməklə mümkün olacağını iddia etmişdir.

Dövlət və Hökumət

“Dövlət” alt başlığı Çağdaş Türk düşüncəsindəki problemin qavrayış [concept] çərçivəsində ilkin dəyərləndirmələrindən birisi olmuşdur. Yazar ilkin olaraq türklərdə və müsəlmanlarda dövlət anlayışının dövlətin modern qavrayışından fərqləndiyini və geridə qaldığını göstərmək üçün “hökümət”, “sülalə” və “dövlət” anlayışlarının fərqli olduqlarını ələ almışdır. Anlayışların izahı verildikdən sonra ciddi Osmanlı tənqidi ortaya qoyulmuş və Osmanlının qurucu ünsürü olan türklərə və qeyri-müsəlmanlara qarşı düzgün münasibət içərisində olmadığını irəli sürmüşdür. Bu çərçivədə Ağaoğlu bir növ qurulacaq yeni dövlətin (Türkiyə Cümhuriyyəti) prinsiplərini (milli dövlət) hazırlamışdır. Ağaoğlunun fikrinə görə, müsəlman həyatına tamamilə qalib gələn Qərb mədəniyyəti həm maddi, həm də mənəvi cəhətdən mənimsənilmədir.

Son söz əvəzi

Nəticə etibarilə, Ağaoğlu İslam mədəniyyətinin dəyişməyən dini qaynaqdan bəhrələndiyini irəli sürərək Qərb mədəniyyətinin Platon, Aristotel kimi ağıl və zəka sahiblərinə dayandığı halda İslam mədəniyyətinin rəvayətlərdən, hədislərdən ibarət olduğunu irəli sürmüşdür[13].”Üç Mədəniyyət” çağdaş İslam və ya Türk düşüncəsinin bir başlanğıcıdır. Ancaq bir çox tədqiqatçının problemə ideoloji yanaşmasından və ya tədqiqatçıların Ağaoğlunun bəhs etdiyi fəlsəfədən xəbərləri olmadığından əsərin  “aporetik”[14] (həlli mümkün olmayan) xarakterli olduğu bəhs olunmayıb. Ağaoğlu Fransada təhsil aldığından XIX-cu əsr fransız düşüncəsinin təsiri nəzərə çarpmaqdadır. Misal üçün, “əmək bölgüsü” Dürkheym sosiologiyasında istifadə olunan bir anlayışdır. Əsərdəki bəzi dəyərləndirmələr yazarın millətçi, türkçü olduğu təəssüratını oyatsa da, ümuma baxdıqda, Ağaoğlunun liberal dəyərləri mənimsədiyindən digər türkçülərdən fərqləndiyini söyləmək mümkündür.


[1] Fəlsəfə tarixində Platonun əsərləri İlk, Orta və Gec dövr dialoqlar olmaqla üç mərhələyə ayrılır və ilk mərhələdəki dialoqlar üçün aporetik anlayışı istifadə olunur. İlk dövr dialoqlar həm qoyduğu problemlər baxımından, həm də problemləri həll olunmamış bitirməsi baxımından aporetik dialoqlar adlandırılmışdır. Geniş bilgi üçün bxn., Otfried Höffe, (2008). Felsefenin Kısa Tarihi. Tər. Okşan Nemlioğlu Aytolu. İstanbul: İnkilap Yayınları. s. 43.

[2] Əsərləri Azərbaycan dilinə tərcümə edilməmiş yazarların oxucuların daha asan tapa bilməsi (internet) üçün adlarını və əsərlərini orijinal dillərdə yazılmışdır.

[3] Deleuze ve Guattari (2013). Felsefe Nedir? Çev. Turhan Ilgaz. İstanbul: Yapı Kredi Yayınları. s. 23.

[4] Bu mənada Hilmi Ziya Ülken “Türkiye’de Çağdaş Düşünce Tarihi” (1966) adlı əsərinin Önsözündə “Türkiyədəki çağdaş düşüncə tarixi yeni fikirlər və dünya üçün yeni görüşlərin tarixi deyildir. Ancaq Türkiyə üçün yeni və gerçək yaradılışın tarixini hazırlayan əsərlərin tarixidir” yazmışdır. Hilmi Ziya Ülken (2019) “Türkiye’de Çağdaş Düşünce Tarihi”. İstanbul: İş Bankası. Önsöz. Bu mənada düşüncə terminini istifadə edərkən Ağaoğlunun bir filosof olduğunu iddia etmirik. Yazarımızın siyasi, hərbi və.s təlatümlərin, yox oluşların yaşandığı bir dövrdə problemlərə anlayış çərçivəsində baxmaq cəsarəti göstərməyini yüksək qiymətləndiririk. Çünki anlayış demək problemin mahiyyətinə toxunmaq deməkdir. Halbuki bütün Türk düşüncə tarixi zaman və məkanın də zorlamasından ötrü mahiyyətdən məhrum şəkildə propaqanda xarakterli olmuşdur. Digər tərəfdən Ağaoğlunun tədqiq olunan əsərinin də bir fəlsəfə ortaya qoyduğu iddia olunmur. Çünki çağdaş Türk düşüncəsi bir filosof çıxara bilməmişdir.

[5] 1959-cu ildə ingilis dilində nəşr edilmişdir. Bu qeyd aşağıdakı nəşrdən alınmışdır: Leo Strauss, (2000). Politik Felsefe Nedir?. Çev. İstanbul: Paradigma Yayınları. s. 32.

[6] Hegel, (2010). Tarih Felsefesi. Çev. Aziz Yardımlı. İstanbul: İdea Yayınları. s. 301.

[7] Ahmet Ağaoğlu, (2013). Üç Medeniyet. İstanbul: Doğu Kitabevi. s. 29.

[8] e.ə. s. 42.

[9] e.ə. s. 63.

[10] e.ə. s. 64.

[11] e.ə. s. 74.

[12] e.ə. s. 80.

[13] e.ə.s.108.

[14][14] Fəlsəfə tarixində Platonun əsərləri ilk, orta və gec dialoqlar olmaqla üç mərhələyə ayrılır və ilk mərhələdəki dialoqlar üçün aporetik anlayışı istifadə olunur. Geniş bilgi üçün bxn., Otfried Höffe, (2008). Felsefenin Kısa Tarihi. Tər. Okşan Nemlioğlu Aytolu. İstanbul: İnkilap Yayınları. s. 43.

Orxan Vəliyev

Dr. Politologiya və Beynəlxalq Münasibətlər, Qərbi Kaspi Universiteti. orxan.veliyev@wcu.edu.az

Bütün yazıları göstər