Bu günlərdə millətçilik pis nüfuza sahibdir. O, bir çox savadlı Qərb sakinlərinin fikirlərində təhlükəli bir ideologiya kimi formalaşıb. Bəzi insanlar onu vətənpərvərliyin müsbət keyfiyyəti və bir insanın öz vətəninə duyduğu zərərsiz sevgi kimi başa düşür. Eyni zamanda, onlar millətçiliyi dardüşüncəli, əxlaq qaydalarına zidd hesab edirlər və bu fikirlərində onun ədalət və bəşəriyyətlə bağlı daha dərin öhdəliklər üzərindən ölkəyə qarşı kor sədaqətə təşviq etməsinə əsaslanırlar. 2019-cu ilin yanvar ayında alman prezident Frank-Valter Ştaynmayer ölkəsinin diplomatik korpusundakı çıxışında bu fikri kəskin şəkildə dilə gətirdi: “Millətçilik ideoloji zəhərdir”.
Son illərdə, Qərbdəki populistlər bu əxlaqi iyerarxiyanı tərsinə çevirmək istəyirdilər. Onlar fəxrlə millətçinin səlahiyyətini izah edərək bildirirdilər ki, o, çoxluğun maraqlarını immiqrant azlıqlara və fərqli ideyalara sahib elitalara qarşı müdafiə etmək sözü verir. Bununla belə, onları tənqid edənlər öz fikirlərində bədxah millətçilik və dəyərli millətçilik arasında müəyyən olunmuş fərqə əsaslanırlar. Keçən ilin (2018) noyabrında Fransa prezidenti Emmanuel Makron özünü millətçi kimi təsvir edən ABŞ prezidenti Donald Trampı nəzərdə tutaraq üstüörtülü şəkildə “millətçilik vətənpərvərliyə xəyanətdir” fikrini bildirib.
Vətənpərvərlik və millətçilik arasındakı geniş yayılmış fərqlərdən biri, alimlər tərəfindən əks etdirilən bütün vətəndaşları mədəni mənşələrini nəzərə almayaraq, ümumilikdə, millətin fərdi hesab edən “vətəndaş” millətçiliyi ilə kök və dilin müəyyənləşdirdiyi milli kimlik nəticəsində formalaşan “etnik” millətçiliyinin qarşılaşdırılmasıdır. İndiyədək, yaxşı vətəndaş vətənpərvərliyi ilə pis etnik millətçilik arasındakı müəyyənləşdirilməsi çətin olan sərhədi çəkmək cəhdləri hər ikisinin ortaq köklərə sahib olması faktorunu gözdən qaçırır. Vətənpərvərlik millətçiliyin bir növüdür. Onlar ideoloji qardaşlardır, uzaq qohumlar yox.
Mahiyyət etibarilə millətçiliyin bütün formaları iki eyni prinsipi bölüşür: birincisi odur ki, ortaq tarix və gələcək siyasi taleyə sahib olaraq bərabərhüquqlu vətəndaşların bir qrupu kimi başa düşülən millətin fərdləri dövləti idarə etməlidir, ikinci isə, onların bunu millətin maraqları naminə etməli olmalısıdır. Beləliklə, millətçilik müstəmləkə imperiyalarında və bir çox sülaləyə əsaslanan krallıqlarda xarici qüvvələrin – yəni başqa millətlərin nümayəndələrinin dövləti idarə etməsinə qarşıdır. O, həmçinin çoxluğun ehtiyac və perspektivlərini nəzərə almayan idarəçilərə qarşı da əks mövqe tutur.
Son iki əsrdə millətçilik digər siyasi ideologiyalarla hər tərzdə birləşdi. On doqquzuncu əsrin Avropa və Latın Amerikasında liberal millətçilik inkişaf etdi. Müharibələrarası dövrdə İtaliya və Almaniyada faşist millətçiliyi üstünlüyü ələ aldı. Marksist millətçiliyi isə II Dünya müharibəsindən sonra “Üçüncü dünya – Qlobal cənub”da yayılan anti-müstəmləkə hərəkatlarını daha da qızışdırdı. Bu günlərdə, demək olar ki, hər kəs – həm solçu, həm də sağçılar millətçiliyin yuxarıda qeyd olunan iki əsas prinsipinin legitimliyini qəbul edir. Bu, millətçiliyi dövlət legitimliyinin digər doktrinaları ilə qarşılaşdırdıqda daha aydın görünür. Teokratiyalarda dövlət Vatikan və Ərəb xilafətində olduğu kimi Tanrı adından idarə olunmalıdır. Sülaləyə əsaslanan krallıqlarda (məsələn, Səudiyyə Ərəbistan) bir ailə dövlətə sahib olur və onu idarə edir. SSRİ-də isə dövlət sinfin adından idarə edilirdi: dünya zəhmətkeşləri (proletar internasyonalizm).
SSRİ-nin süqutundan bəri dünya millətçi prinsiplərə əsaslanaraq idarə olunan milli dövlətlərdən ibarətdir. Millətçiliyi yalnız siyasi hüquqla eyniləşdirmək millətçiliyin mahiyyətini səhv başa düşmək və onun təqribən bütün müasir siyasi ideologiyaları, o cümlədən liberal və mütərəqqi olanları necə dərindən formalaşdırdığını nəzərə almamaq deməkdir. O, demokratiya, sosial dövlət və ictimai təhsil kimi təsisatları ideloji təməl ilə təmin etmişdir. Belə ki, bunların hamısına ortaq məqsəd və qarşılıqlı öhdəlik hissinə sahib olan vahid şəkildə birləşmiş insanların adından haqq qazandırılıb. Millətçilik Nasist Almaniyası və Yaponiya imperiyasını geri oturtmağa köməklik göstərən əsas qüvvələrdən biri idi və millətçilər də öz növbəsində bəşəriyyətin böyük bir hissəsini Avropanın müstəmləkə hökmranlığından azad etdilər.
Millətçilik maarifləndirici təhsil vasitəsilə müasir siyasətdən uzaqlaşdırılması mümkün olan irrasional fikir deyildir. O, müasir dünyanın təməl prinsiplərindən biridir və onu tənqid edənlərin etiraf etdiyindən daha geniş şəkildə qəbul olunur. Amerika Birləşmiş Ştatlarında kim fransız zədəganlar tərəfindən idarə olunmağa razı olardı? Nigeriyada kim ictimaiyyət önündə britaniyalıları geri qayıtmaları üçün səsləyərdi?
Bir neçə istisna olsa da, bu günlərdə hamımız millətçiyik.
Millət doğulur
Millətçilik nisbətən son zamanların ixtirasıdır. 1750-ci ildə nəhəng çoxmillətli imperiyalar – Avstriya, Böyük Britaniya, Çin, Fransa, Osmanlı, Rusiya və İspaniya dünyanın əksər hissələrini idarə edirdi. Lakin daha sonra 1775-ci ildə Amerika, 1789-cu ildə isə Fransa inqilabı baş verdi. Millətçiliyin doktrinası – yəni milli səviyyədə müəyyən olunmuş insanların adından idarəetmə tədricən bütün dünyaya yayıldı. Növbəti iki əsr boyunca imperiyalar ard-arda milli dövlətlərə parçalandı. 1900-cü ildə Yer kürəsinin təqribən 35%-i milli dövlətlər tərəfindən idarə olunurdusa, 1950-ci ilə qədər bu göstərici artıq 70%-ə çatmışdı. Bu günlərdə sülaləyə əsaslanan krallıqlar və teokratiyalar ümumilikdə yalnız 6% təşkil edir.
Millətçilik haradan əmələ gəldi və niyə bu qədər məşhurlaşdı? Onun kökləri erkən müasir Avropaya gedib çatır. Bu dövrdə – təqribən XVI-XVIII əsrlərdə Avropa siyasəti getdikcə mərkəzləşən bürökratik dövlətlər arasındakı şiddətlli müharibələrlə xarakterizə olunurdu. XVIII əsrin sonlarına qədər bu dövlətlər öz ərazilərində ictimai məhsulların əsas təminatçısına çevrilərək digər qurumları (məsələn, kilsələr) böyük ölçüdə əvəz etmişdilər və müstəqil zədəganlıq kimi hakimiyyətin rəqabət mərkəzlərini ya aradan qaldırmış, ya da kooptasiya etmişdilər (seçki olmadan öz heyətinə yeni üzv daxil etmək). Bunlardan əlavə, hakimiyyətin mərkəzləşməsi hər ölkə daxilində ən azından təhsilli kütlə arasında vahid dilin yayılmasına təkan verdi və yeni-yeni meydana çıxan, daha sonra isə dövlət məsələlərinə qarışmaqda maraqlı olan vətəndaş cəmiyyəti təşkilatları üçün ortaq diqqət mərkəzi yaratdı.
Avropanın rəqabətli və müharibəyə meyilli çoxdövlətli sistemi, idarəçiləri öz əhalilərindən daha çox vergi almağa və hərbi sahədə sıravi vətəndaşların (sadə xalq kütlələrinin) rolunu daha da genişləndirməyə məcbur etdi. Bu da, öz növbəsində, sıravi vətəndaşlara öz idarəçilərindən daha çox siyasi iştirak hüququ, qanun qarşısında bərabərlik və ictimai məhsulların daha yaxşı təminatını tələb etmək imkanı verdi. Nəticədə yeni anlaşma meydana gəldi: belə ki, rəhbərlər idarəçilikdə əhalinin maraqlarını nəzərə almalıdırlar və onlar belə etdiyi müddətcə hakimiyyətə tabe olanlar idarəçilərə siyasi sədaqətlə, əsgər və vergi verməklə qarşılıq göstərirlər. Millətçilik dərhal bu yeni razılığı özündə əks etdirdi və haqq qazandırdı. O, bununla idarəçilərin və onlara tabe olanların eyni millətə mənsubluğunu və beləliklə, onların həm ortaq tarixi köklərə sahib olmasını, həm də gələcək siyasi taleyi bölüşməsini ifadə edirdi. Siyasi elitalar öz sülalələrinin maraqlarından çox sadə xalq kütlələrinin maraqlarının qayğısına qalacaqdılar.
Dövlətçiliyin bu yeni modeli nəyə görə bu qədər cəlbedici oldu? Erkən milli dövlətlər – Fransa, Niderland, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları tezliklə, keçmiş sülaləyə əsaslanan krallıq və imperiyalardan daha güclü oldular. Millətçilik idarəçilərə onlara tabe olan insanlardan daha çox vergi almaq və onların siyasi sədaqətinə arxalanmaq fürsəti verirdi. Bəlkə də ən vacib məsələ milli dövlətlərin imperiyaları döyüş meydanında məğlub etmək qabiliyyətində olduqlarını sübut etmələri idi. Fransa inqilabi hökuməti tərəfindən əsası qoyulmuş ümumdünya hərbi mükəlləfiyyəti, milli dövlətlərin öz Vətənləri uğrunda döyüşmək motivasiyasına sahib əsgərlərdən ibarət böyük ordular yaratmasına imkan verdi. 1816-cı ildən 2001-ci ilə qədər baş verən döyüşlərin 70% və 90% arasında olan müəyyən bir hissəsində milli dövlətlər imperiyalar və ya sülaləyə əsaslanan krallıqlar üzərində qələbə qazanıb.
Qərbi Avropanın milli dövlətləri və Amerika Birləşmiş Ştatları beynəlxalq sistemin idarəsini ələ aldığı zaman dünyanın hər yerindən iddialı elitalar Qərbin iqtisadi və hərbi gücü ilə ayaqlaşmaq üçün onun millətçi siyasi modelini təkrarlamağa çalışdılar. Ola bilsin ki, bu məsələdə ən məşhur nümunə Yaponiyadır. Burada 1868-ci ildə bir qrup yapon zədəgan imperatorun hakimiyyəti altında mərkəzləşdirilmiş feodal aristokratiyasını devirdi və Yaponiyanı Meyci islahatı kimi tanınan inkişaf yolu seçərək müasir, sənayeləşmiş milli dövlətə çevirdilər. Yalnız bir nəsil sonra Yaponiya Şərqi Asiyada Qərb hərbi gücünə meydan oxumağı bacardı.
Halbuki millətçilik yalnız iddialı siyasi elitalara müraciət etdiyi üçün geniş yayılmadı. O, həmçinin sadə xalq kütlələri üçün də cəzbedici idi, çünki milli dövlət istənilən əvvəlki dövlətçilik modelləri ilə müqayisədə daha yaxşı mübadilə münasibətləri təklif edirdi. Dövrünü tamamlamış sosial statusa əsaslanan hüquqların əvəzinə millətçilik bütün vətəndaşların qanun qarşısında bərabərliyinə vəd verirdi. Siyasi rəhbərliyi zədəganlarla məhdudlaşdırmaq əvəzinə o, sadə xalq kütlələrindən çıxmış istedadlılara siyasi karyeraya sahib olmaq fürsəti verdi. İctimai məhsulların təchizatını gildiya, kənd və dini müəssisələrin öhdəliyinə buraxmaq əvəzinə millətçilik ümumi məhsul anlayışını irəli çəkmə prosesinə tab gətirmək üçün müasir dövlət gücü məsələsini təqdim etdi. Və elitanın mədəniyyət cəhətdən tam formalaşmamış sadə xalq kütlələrinə qarşı nifrətini davam etdirmək əvəzinə millətçilik bu insanları suverenliyin yeni mənbəsi edərək və populyar mədəniyyəti simvolik kainatın mərkəzinə keçirərək onların statusunu irəli çəkdi.
Millətçiliyin faydaları
Bir neçə istisna ilə bu günlərdə hamımız millətçiyik
İdarə edənlər və olunanlar arasındakı millətçi təsirin qavrandığı ölkələrdə əhali millətin öz üzvlərinin bir-birlərinə sədaqət və dəstək borcu olduğu geniş bir ailə olması ideyasını müəyyənləşdirməyə cəhd etdi. Yəni, idarəçilər razılaşmanın gedişatı və sonluğunu öz əllərində saxlayarkən vətəndaşlar dünyanın millətçilik nəticəsində inkişafını xəyal edən fikri qucaqlayırdılar. Bu, sonrakı dövrdə digər müsbət inkişaflar üçün təməl rolunu oynamışdır.
Bunlardan biri demokratiyadır. Hətta demokratiya milli kimliyin digər kimlikləri, o cümlədən dini etnik və qəbilə icmalarında mərkəzləşmiş olanları sıxışdırıb aradan çıxarmaq qabiliyyətində olduğu zaman daha da çiçəklənmişdir. Millətçilik demokratiyanın sərhəddində duran klassik suala da cavab vermişdir: Hakimiyyətin ölkəni adından idarə etməli olduğu insanlar kimdir? Millətin nümayəndələrinin səs hüququnu məhdudlaşdıraraq və xarici vətəndaşları səsvermə hüququndan məhrum edərək demokratiya və millətçilik sarsılmaz bir evliliyə qədəm qoydu.
Eyni zamanda millətçilik millətin üzvləri (vətəndaşlar) və qeyri-üzvləri (əcnəbilər) arasında hüquq ierarxiyasının əsasını qoyduğu zaman o, millətin öz içində də bərabərliyi irəli çəkmək məqsədi güdürdü. Millətçilik ideologiyası insanların status fərqi olmadan vahid qrupu təmsil etdiyi fikrini özündə ehtiva etdiyi üçün o, vətəndaşların qanun qarşısında bərabər olmasını irəli sürən maarifləndirmə idealını gücləndirdi. Başqa cür desək, millətçilik bərabərlik prinsipi ilə ortaq (simbiyotik) əlaqəyə girdi. Xüsusilədə Avropada sülalə idarəçiliyindən milli dövlətə keçid tez-tez hakimiyyətin təmsilçi forması və qanunla idarəsinə keçidlə harmoniya təşkil edirdi. Bu ilkin demokratiyalar ilk başda bütün qanuni və səsvermə hüquqlarını mülkiyyət sahibi kişilərlə məhdudlaşdırmışdı , lakin zaman keçdikcə bu hüquqlar millətin bütün vətəndaşlarına aid edildi – məsələn, ABŞ-da ilk əvvəl ağ kasıb kişilərə, daha sonra isə ağ qadınlara və digər irq sahiblərinə.
Millətçilik, həmçinin müasir rifah dövlətlərinin yaranmasına da kömək etmişdir. Qarşılıqlı öhdəlik hissi və ortaq siyasi tale milətin üzvlərinin – hətta mükəmməl yadların – çətin vəziyyətdə qaldıqları zamanlarda bir-birlərinə dəstək olmaq ideyasını kütləviləşdirdi. İlk müasir rifah dövləti 19-cu əsrin sonlarında Almaniyada işçi sinfinin beynəlxalq proletariat əvəzinə alman millətinə sadiqliyini təmin etmək məqsədilə yaranmışdır. Halbuki Avropanın əksər rifah dövlətləri millətçi istək dövrlərindən sonra, əksərən II Dünya Müharibəsindən sonra ortaq əzab və fəda hissinin oyanması ilə bağlı milli həmrəylik üçün çağırışlara cavab olaraq, yaranmışdır.
Qanlı şüarlar
Bununla belə, tarix oxuyan hər kəsin bildiyi kimi millətçiliyin, həmçinin qaranlıq tərəfi də vardır. Millətə sədaqət başqalarının – əcnəbilər və deyilənə görə, sadiq olmayan yerli azlıqların pis görünməsinə səbəb ola bilər. Qlobal şəkildə millətçiliyin inkişafı müharibələrin daha tez-tez yaranmasına səbəb olmuşdur: son iki əsr ərzində, ölkədə ilk millətçi təşkilatın əsasının qoyulmasının həmin ölkənin tam miqyaslı müharibə ilə qarşılaşmasındakı illik ehtimal artımı ilə əlaqəsi vardır. Bu artım 1.4%-ə bərabərdir. (1.1%-dən 2.5%-ə)
Müasir dövlətlərin təqribən üçdə biri imperiya ordularına qarşı müstəqillik üçün baş verən millətçi müharibələr nəticəsində meydana gəlmişdir. Yeni milli dövlətlərin yaranması, həmçinin tarixin ən qəddar etnik təmizləmələri ilə müşayiət olunmuşdur. Bu təmizləmələr, ümumi olaraq, millətə sədaqətsizlikdə və düşmənlərlə əlaqə yaratmasında şübhəli bilinən azlıqlara qarşı baş vermişdir. I Dünya Müharibəsindən əvvəl baş vermik iki Balkan müharibəsi zamanı yenicə müstəqillik qazanmış Bolqarıstan, Yunanıstan və Serbiya Osmanlı İmperiyasının Avropa hissələrini öz aralarında bölüşdürmüş və bu zaman yeni sərhədlər boyunca yaşayan milyonlarla müsəlmanı imperiyanın digər hissələrinə qovmuşdur. Daha sonra I Dünya Müharibəsi zamanı Osmanlı hakimiyyətinin adı erməni mülki şəxslərin kütləvi öldürülməsi ilə hallandı. II Dünya Müharibəsi zamanı Hitlerin bolşevizmin inkişafına səbəb olmaqda günahlandırdığı və bunu Almaniya İmperiyasının Şərqi Avropada planları təhlükə olaraq gördüyü yəhudiləri təhqir etməsi sonda kütləvi qırğın (Holokost) ilə nəticələndi. Bu müharibə başa çatdıqdan sonra milyonlarla alman mülki şəxs yenidən qurulmuş Çexoslovakiya və Polşa dövlətlərindən qovuldu. Və 1947-ci ildə Hindistan və Pakistan müstəqil dövlətlərə çevrilən zaman çoxsaylı hindus və müsəlman ictimai zorakılıqla qətlə yetirildi. Etnik təmizləmələr, ola bilsin ki, millətçi zorakılığın ən pis və eyni zamanda ən nadir rastlanan formasıdır. Daha çox baş verənlər isə vətəndaş müharibələri, millətçi azlıqların mövcud dövlətdən ayrılmaq cəhdləri ilə bağlı və ya yeni yaranmış müstəqil dövlətə hökmranlıq etmək üçün etnik qruplar arasında baş verən döyüşlərdir. 1945-ci ildən bəri 31 ölkə seperatizm nəticəsində meydana gələn zorakılıqlarla, 28 ölkə isə milli hökumətin etnik tərkibi ilə bağlı silahlı müqavimətlə üzləşmişdir.
İnklüziv və eksklüziv
Millətçiliyin zorakılığa meyli olmasına baxmayaraq, bu zorakılıq qeyri-bərabər bölünmüşdür. Bir çox ölkələr milli dövlətə çevrildikdən sonra sülhsevər mövqe tutmaqda davam etmişdir. Bunun nəyə görə baş verdiyini başa düşmək idarəedici koalisiyaların necə meydana gəldiyinə və millətin sərhədlərinin necə qurulduğuna diqqət yetirməyi tələb edir. Bəzi ölkələrdə çoxluqlar və azlıqlar ilk başdan milli hakimiyyətin ən yüksək mərtəbələrində təmsil edilir. Məsələn, İsveçrə fransızca, almanca və italyanca danışan qrupları müasir dövlətin əsası qoyulduğundan bəri (1848) heç kimin şübhə etmədiyi davamlı güc paylaşma ittifaqı şəklində birləşdirdi. Buna uyğun olaraq İsveçrədə millətçi müzakirələr bu üç dil qrupunun hamısını milli ailənin dəyərli və bərabər üzvləri kimi canlandırır. İsveçrə tarixində indiyədək heç vaxt fransızca və ya italyanca danışan azlıqlar tərəfindən seperatçılıq cəhdləri olmamışdır.
Halbuki digər ölkələrdə dövlət xüsusi bir etnik qrupun elitaları tərəfindən ələ keçirilmişdir və onlar digər qrupların siyasi güclərini əllərindən almaq məqsədi güdmüşlər. Bu, yalnızca paranoid dövlət elitaları tərəfindən həyata keçirilən etnik təmizləmələri deyil, həmçinin dövlətdə legitimliyin çatışmadığını hiss edən xarici qruplar tərəfindən seperatizm və vətəndaş müharibəsinin baş vermə hallarını da artırır, çünki bu qruplar həmin çatışmazlığın özünüidarənin millətçi prinsipini pozduğunu düşünürlər. Bu ssenarinin ifrat nüməsinə müasir Suriya dövlətini misal göstərmək olar: prezidentlik, nazirlər kabineti, ordu, gizli servis və bürokratiyanın daha yüksək səviyyələri – bunların hamısı əhalinin yalnız 12%-dən ibarət olan nüseyrilərin hakimiyyəti altındadır. Beləliklə, Suriyanın sünni ərəb çoxluğunun əksər üzvlərinin yad qayda hesab etdiklərinə qarşı uzun müddət vuruşmağa və vətəndaş müharibəsi meydana çıxarmasına istəkli olması heç kimə təəccüblü görünməməlidir.
Müəyyən bir ölkədə hakimiyyət konfiqurasiyanın daha inklüziv, yoxsa eksklüziv isitqamətdə inkişaf etməsi müasir milli dövlətlərin yüksəlişindən əvvələ təsadüf edən tarixi məsələdir. İnklüziv idarəedici koalisiyalar, müvafiq olaraq əhatəedici millətçilik, mərkəzi və bürokratik uzunmüddətli dövlətçilik tarixinə sahib ölkələrdə yaranmağa daha meyilli olmuşdur. Bu günlərdə belə dövlətlər əhalisini ictimai məhsullarla daha yaxşı təmin etmək qabiliyyətinə malikdir. Bu, onları ittifaq yoldaşı kimi öz siyasi sədaqətini etnik, dini və qəbilə başçılarından dövlətə tərəf çevirən və beləliklə, daha müxtəlif ittifaqların meydana gəlməsinə səbəb olan adi vətəndaşlar üçün daha cəlbedici vəziyyətə gətirir. Mərkəzləşdirilmiş dövlətçiliyin uzun tarixi, həmçinin vahid dilin qəbulunu da meydana gətirmişdir və bu, yenidən etnik bölünmələr arasında siyasi ittifaqlar yaranmasını daha asan edir. Nəticədə, vətəndaş cəmiyyətinin nisbətən daha erkən inkişaf etdiyi dövlətlərdə (İsveçrədə olduğu kimi) ortaq maraqları irəli çəkən çoxetnoslu ittifaqlar yaranmağa daha meyilli olmuşdur və bu, sonda çoxetnoslu idaredici elitlaların və daha əhatəedici milli kimliklərin meydana gəlməsinə səbəb olur.
Daha yaxşı millətçiliyin əsasını qoymaq
Təəssüf ki, bu dərin tarixi köklərin verdiyi mənaya görə, inkişaf etməkdə olan dünyanın bir çox hissəsində olduğu kimi ölkənin mövcudluğu üçün lazımi şərait çatışmadıqda inklüziv idarəedici koalisiyaları irəli çəkmək, xüsusən də gəlmələr üçün kifayət qədər çətindir. Qərbdəki hökumətlər və Dünya Bankı kimi beynəlxalq təşkilatlar belə şəraitin yaranmasına hökumətlərin ictimai məhsulları təchiz etmək qabiliyyətini artırmaq, vətəndaş cəmiyyəti təşkilatlarının inkişaf etməsinə təkan vermək və dil inteqrasiyasına təşviq etmək kimi uzunmüddətli siyasətlər yeritməklə kömək edə bilərlər. Lakin belə siyasətlər dövləti gücləndirməlidir, onların fəliyyətinə mane olmaq və ya onların vəzifələrini yerinə yetirmək məqsədi güdməməlidir. Birbaşa xarici kömək milli hökumətlərin legitimliyini dəstəkləmək əvəzinə zəiflədə bilər. Əfqanıstanda 2006-2015 illər arasında Asiya Fondu tərəfindən həyata keçirilən sorğuların təhlili göstərir ki, əfqanlar, əcnəbilərin onların ərazilərində ictimai məhsuların təchizatı üçün hazırlanmış layihələrə sponsorluq etməsindən sonra Talibanın zorakılığına daha müsbət yanaşmağa başladı.
Amerika Birləşmiş Ştatları və bir çox digər qədim demokratiyalarda inklüziv idarəedici koalisiya və milli kimliklərin inkişaf problemləri fərqlidir. Bu ölkələrdə mərkəz sol partiyaları immiqrasiya və azad ticarəti dəstəkləməyə başlayan zaman ağdərili işçi siniflərinin təbəqələri bu partiyaları tərk etdi. Ağdərili işçi sinifləri, həmçinin ağdərililəri, heteroseksualları və kişiləri inkişafın düşməni kimi qələmə verərkən eyni zamanda müxtəlifliyi müdafiə edən liberal elitalar tərəfindən mədəni marjinallaşmaya məruz qalmalarına hiddətlənirlər. Ağdərili işçi sinifləri üçün populist millətçilik daha cəlbedici idi, çünki o, həmin siniflərin maraqlarını prioritetləşdirməyi, onları xaricdən gələn immiqrant və ya aşağı gəlirli işçilərlə rəqabətdə qorumağı və onların milli mədəniyyətdəki mərkəzi və yüksək yerini bərpa etməyi vəd edir. Populistlər, ilk növbədə, millətin əsas üzvlərinin dövlət tərəfindən qayğısına qalınması üçün heç bir ideya kəşf etməli olmamışdılar.
Bu vətəndaşların yad hiss etməsi problemini və onların qəzəbini aradan qaldırmaq həm mədəni, həm də iqtisadi həll yolları tələb edəcəkdir. Qərb hökumətləri bütün irq, din və siniflərə daxil olan insanlara xeyir verəcək ictimai məhsul layihələri hazırlamalıdır, buna görə də etnik və siyasi favoritizmin zəhərli qavramından çəkinməlidirlər. İşçi sinfini, iqtisadi cəhətdən marjinallaşmış əhalini inandırırlar ki, onlar öz toplumlarının qəzəbə əsaslanan, anti-immiqrant populizmə müraciətini azaltmaq yolunda uzun məsafə qət edə biləcək daha zəngin, rəqabətcil gənc vətəndaşların həmrəyliyinə arxalana bilər. Bu, inklüziv millətçiliyin yeni forması ilə harmoniya təşkil etməlidir. ABŞ-da intellektual tarixçi Mark Lilla kimi liberallar və siyasi alim Fransis Fukuyama kimi mülayim (mötədil) mühafizəkarlar bu yaxınlarda belə bir milli hekayəni necə qurmaq lazım olduğunu izah etdi: bu günlərdə tərəqqipərvər insanlar və populist millətçilər tərəfindən edildiyi kimi ağdərili insanları azlıqların koalisiyalarına qarşı qızışdırmaq əvəzinə həm çoxluq, həm də azlıqların ortaq maraqlarını vurğulayaraq onları özündə eyni dərəcədə əhatə etmək yolu ilə.
Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dünyada millətçilik burada qalmaqdadır. Hal-hazırda beynəlxalq dövlət sisteminə əsaslanmaq üçün başqa prinsip yoxdur. (Məsələn, universal kosmopolitizm Qərb universitetlərin fəlsəfə kafedraları xaricində çox az alışa (dəyərə) sahibdir.) Və Avropa İttifaqı kimi transmilli təşkilatlar tərəfindən milli hökumətlərin rifah və müdafiə kimi özlərinə populyar legitimlik əldə etmək fürsəti verən əsas vəzifələrinin qəbul edilib-edilməyəcəyi aydın deyildir.
Həm qədim, həm də müasir milli dövlətlər üçün çətinlik, idarə edən və idarə olunan arasında onları bir-birinə bağlayan inklüziv koalisiyalar yaratmaqla – və ya yenidən qurmaqla – milli müqavilələri yeniləməkdir. Populyar millətçiliyin zərərsiz formaları siyasi iştirak nəticəsində meydana gəlir. Bunlar nə yuxarıdan ideoloji tənzimləmə ilə, nə də vətəndaşlara nəyi onların əsl maraqları kimi qəbul etməli olduqlarını öyrətməyə cəhd etmə ilə insanlara qəbul etdirilə bilməz. Millətçiliyin daha yaxşı formalarını tanıtmaq üçün liderlər daha yaxşı millətçi olmalı və bütün insanların maraqlarına diqqət yetirməyi öyrənməlidir.