28 ildən çox erməni işğalında qalan və 30 ilə yaxın bir müddətdə Azərbaycanın nəzarətində olmayan Laçın şəhəri, nəhayət ki, azadlığına qovuşacaqdır. Bu məqalənin yazılmasında əsas məqsəd bu mühüm tarixi anda Laçın şəhərinin yaxın keçmişdəki tarixinə, müharibədən əvvəlki danışıqlar prosesi zamanı onun gələcəyinin necə görüldüyünə, ümumiyyətlə, münaqişə zamanı tutduğu mövqeyə nəzər salmaqdır.
Qısa tarix. Tarixi Zəngəzur mahalının/qəzasının Abdallar kəndi böyüyərək 1923-cü ildə şəhər statusu almış, 1926-cı ildən isə adı dəyişdirilərək Laçın adlandırılmışdır. Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşən Laçın şəhəri 1930-cu ildə yaradılan Laçın inzibati rayonunun mərkəzinə çevrilmişdir.
2017-ci ilə qədər Dağlıq Qarabağ və Ermənistan arasındakı əlaqəni təmin edən yeganə* yol Laçından keçdiyinə görə şəhərin strateji əhəmiyyəti çox idi.
I Qarabağ müharibəsi və atəşkəs. 1988-ci ildə Qarabağ ermənilərinin DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi tələbi ilə başlayan nümayişlərdən sonra yaranan münaqişə zamanı və xüsusilə alovlandıqdan sonra Laçın rayonu, həmin yola (sonradan dəhliz adlandırılacaq) bitişik şəhər münaqişə tərəfləri üçün ən önəmli bir yerə çevrilmişdi. Robert Köçəryan öz xatirələrində buranın onlar üçün həyati əhəmiyyəti olduğunu vurğulamışdır. Qarabağ erməniləri üçün Laçın “nəfəslik” idi. Eyni zamanda, o, Şuşanın müqavimət göstərməsi üçün də çox önəmli idi. Çünki Xankəndi-Ağdam yolunun təhlükəsizlik səbəbindən bağlanması nəticəsində uzun müddət qismən blokada şəraitində qalan Şuşa şəhərinin Azərbaycanın digər rayonları ilə quru əlaqəsi də məhz Laçın şəhərindən keçməklə təmin olunurdu.
1992-ci il 18 mayda Laçının demək olar ki, müqavimətsiz ələ keçirilməsi I Qarabağ müharibəsi tarixində dönüş nöqtəsi oldu desək, yanılmış olmarıq. Şuşanın işğal edilməsindən cəmi 10 gün sonra Laçının itirilməsi Azərbaycan xalqı üçün müqayisəyəgəlməz bir itki, sarsıdıcı zərbə idi. Həm döyüş cəbhəsində, həm cəmiyyət arasında.
1994-cü ildə tərəflər arasında imzalanan Bişkek protokolunun imzalanması ilə hərbi əməliyyatlar müvəqqəti də olsa səngidi və bundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində “danışıqlar prosesi” dönəmi başlamışdır. Danışıqlar zamanı Dağlıq Qarabağın statusu ilə yanaşı, Laçın dəhlizi, həm də şəhəri (çünki şəhər dəhliz üzərində yerləşir) məsələsinə ayrılıqda baxılmışdır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi bura o zamanlar DQMV-ni Ermənistanla birləşdirən yeganə yol idi.
Təkliflər. ATƏT-in Lissabon zirvə görüşündən sonra Rusiya ilə yanaşı, Fransa və ABŞ nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olunur. 1997-2007-ci il zaman fasiləsində ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı tərəflərə 5 təklif təqdim etmişdir. 1997-ci ilin ikinci yarısından başlayaraq Minsk qrupunun həmsədrlərinin Lissabon prinsiplərinə əsaslanaraq etdiyi təkliflər iki hissədən ibarət idi: Dağlıq Qarabağa bitişik 7 işğal olunmuş rayonun azad edilməsi və Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi.
Gəlin, bu təkliflərdə Laçın şəhəri və eyniadlı dəhliz məsələsinə necə toxunulduğuna baxaq:
- Paket həlli
1997-ci ilin iyununda təqdim edilən ilk təklifdə Dağlıq Qarabağın Azərbaycan tərkibində dövlət-ərazi qurumu tanındığına görə Ermənistan tərəfindən rədd edilən bu variantda Azərbaycan tərəfinin Laçın dəhlizini ATƏT-ə icarəyə verəcəyi və Dağlıq Qarabağ hakimiyyəti tərəfindən müstəsna istifadə olunması ilə razılaşacağı təklif olunur.
“ATƏT Laçın şəhərindən yan keçən yolun tikintisini həyata keçirir, bundan sonra şəhər dəhliz ərazisindən çıxarılır və Azərbaycanın nəzarətinə qaytarılır və onun əvvəlki sakinləri şəhərə geri dönür”. Bu həll versiyasında dəhlizdə daimi yaşayış məntəqələrinin və silahlı qüvvələrin olmasına icazə verilmir.
“Paket” həllində Dağlıq Qarabağın statusu və digər məsələlərin eyni zamanda razılaşdırılması nəzərdə tutulurdu. Azərbaycan tərəfi bu təkliflə tam olaraq razılaşmasa da, bu təklifi qəbul etmişdir.
- Mərhələli həll
Həmin ilin sentyabrında təqdim olunan bu təklifdə erməni silahlı qüvvələri Laçın rayonu da daxil olmaqla, keçmiş DQMV sərhədləri içərisinə qalır. Bu variantda Azərbaycan tərəfinin Dağlıq Qarabağın statusunun qeyri-müəyyən gələcəkdə müəyyən olunacağı nəzərdə tutulduğundan Azərbaycan tərəfi bu təklif üzrə danışıqların davam etdirilməsinə razılıq vermişdi.
Mərhələli həll təklifinə əsasən, 4.4 min kv.km ərazisi olan keçmiş DQMV və 1835 kv.km ərazisi olan Laçın rayonu erməni nəzarətinə verilirdi. Bu isə ümumilikdə 6.2 min kv.km-dən çox edir. Müqayisə üçün deyək ki, bu rəqəm hal-hazırda qanunsuz erməni silahlı birləşmələrin mövcud olduğu, eyni zamanda, Rusiya sülhməramlı kontingentinin müvəqqəti dislokasiya edildiyi ərazinin sahəsindən təqribən iki dəfə çoxdur.
- Ümumi dövlət
1998-ci ilin noyabrında təqdim edilən bu təklifdə Dağlıq Qarabağın Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bir dövlət və ərazi qurumu kimi, respublika formasında qalması təklif olunur. Bu təklifdə dəhlizlə bağlı aşağıdakı kimi yazılmışdır: “Dağlıq Qarabağ və Ermənistan arasında təhlükəsiz kommunikasiyanın təmin edilməsi məqsədilə Laçın dəhlizi ayrıca razılaşma subyektidir. Əgər Laçın rayonunun xüsusi rejimi ilə bağlı Azərbaycan və Dağlıq Qarabağ tərəfindən başqa qərarlar qəbul edilməzsə, onda Laçın rayonu həmişəlik olaraq demilitarizasiya olunmuş bölgə kimi qalmalıdır”.
“Ümumi dövlət” həll üsulu dünya praktikasında görülməmiş bir ideya idi. Bu təklif həm də bundan əvvəl qəbul edilmiş sənədlərlə ziddiyət təşkil edirdi. Qeyd edək ki, Azərbaycan tərəfi bu təklifi qətiyyətli surətdə rədd etmişdir.
- Ki-Vest
2000-2001-ci illərdə ABŞ-ın Ki-Vest şəhərində baş tutan görüşlərdə müzakirə olunmuş bu həll üsulu ərazi mübadiləsi məsələsini rəhbər tutur. Bu təklifin detalları ilə bağlı ictimaiyyətə bir o qədər də məlumat verilməsə də, məlumdur ki, bu versiyaya görə Dağlıq Qarabağ Laçın dəhlizi ilə birlikdə Ermənistanın bir hissəsi olur. Mehri rayonu ərazisində yaradılan dar zolaq Azərbaycanın tərkib hissəsi olmaqla, Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının əsas hissəsi arasında maneəsiz əlaqəni bərpa edir. Bundan başqa, Laçın dəhlizinin ərazisi qədər hissə Dağlıq Qarabağ ərazisindən (burada keçmiş DQMV ərazisi nəzərdə tutulur) Azərbaycana verilir.
- Madrid prinsipi
“Praqa prosesi” kimi tanınan danışıqlar mərhələsi Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi ilə dalana dirəndi.
Bundan sonra 2007-ci ilin noyabrında ATƏT-in Madrid sammitində Azərbaycan və Ermənistan rəhbərlərinə 14 maddəni özündə ehtiva edən baza prinsipləri təqdim edildi. Bu təklifin ilkin təqdim edilən formasında Ermənistan Qoşunlarının mərhələli şəkildə, əvvəlcə, 5 rayondan, daha sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən 2 rayon, Laçın və Kəlbəcərdən çıxarılması nəzərdə tutulmuşdu. Böyük səkkizliyin (G8) 2009-cu il iyul ayında baş vermiş İtaliya Sammitində ABŞ, Rusiya və Fransa prezidentləri həmsədrlərdən Azərbaycan və Ermənistan prezidentlərinə təqdim olunması üçün Madrid Prinsiplərinin yenilənmiş versiyasının hazırlanmasını xahiş etmişdilər. Onlar qeyd edirdi ki, bu prinsiplər bir tərəfdən xalqların bərabər hüquqları və öz müqəddəratını təyinetmə prinsipləri, digər tərəfdən isə ərazi bütövlüyü və gücdən istifadə etməmək prinsipləri arasında “ağıllı kompromis”i təmin edir. ATƏT-in bu iyul bəyanatına əsas prinsiplərin qısa xülasəsi də əlavə olunmuşdur. Bu xülasə ilə daha əvvəllər ictimaiyyətə açıqlanan orijinal versiya arasında kiçik uyğunsuzluqlar var idi. Belə ki, ilkin prinsiplərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş rayonlarından “mərhələli” çıxarılması nəzərdə tutulsa da, 2009-cu ildə əlavə edilmiş xülasədə “mərhələli” yazılmamışdır, bu da qoşunların Laçın və Kəlbəcərdən çıxarılma məsələsində hansısa gecikdirilmənin həyata keçməsinə imkan vermirdi. Qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi isə israr edirdi ki, regionun yekun statusu müəyyən olunana qədər bu iki rayon Azərbaycanın nəzarətinə qaytarılmamalıdır.
Madrid Prinsiplərində dəhlizlə bağlı belə qeyd olunmuşdur: “Razılaşdırılmış enlikdə dəhliz Dağlıq Qarabağı Ermənistanla birləşdirməlidir. Sülh Sazişi qüvvəyə minib Dağlıq Qarabağın yekun hüquqi statusu müəyyən olunana qədər mövcud status-kvo şərtləri ilə bu dəhliz Dağlıq Qarabağın müvəqqəti hakimiyyət orqanlarının nəzarətində olacaq. Dağlıq Qarabağın yekun hüquqi statusu müəyyən edildikdən sonra dəhlizdən istifadə prosesi Dağlıq Qarabağın yekun statusu nəzərə alınmaqla tənzimlənəcək”.
II Qarabağ müharibəsi və nəticələri. Ermənistan tərəfin davamlı olaraq qeyri-konstruktiv mövqe göstərsə də, danışıqlar prosesinə sadiq qalmış, ölkə rəhbərləri münaqişənin həllində maraqlı olduqlarını imitasiya etmişdilər. Halbuki erməni tərəfi Madrid Prinsipləri əsasında həll edilməsinə razılaşmaqdansa, status-kvonu daha məqbul hesab edirdi. 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan sonrakı ziddiyətli açıqlamaları ilə danışıqlar prosesini faktiki olaraq iflic etmişdir. Nəhayət ki, 2020-ci ilin sentyabrında Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsini azad etməsilə nəticələnən 44 günlük II Qarabağ müharibəsi başlamışdır. Rusiya, Azərbaycan və Ermənistan tərəfinin imzaladığı 9/10 Noyabr üçtərəfli bəyanatı ilə atəşkəs elan olunmuşdur. Ermənistan tərəfin üzərinə götürdüyü öhdəliyə əsasən, 2020-ci ilin 1 dekabr tarixində öz silahlı qüvvələrini Laçın rayonundan (dəhliz istisna olmaqla) çıxarmışdır. Bu bəyanatın 6-cı bəndində qeyd olunmuşdur. Bundan başqa, dəhlizin eni 5 km müəyyən edilmişdir ki, müharibəyə qədərki danışıqlar masasında bu barədə yekun razılığa gəlinməmişdi. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun (Laçın şəhərindən yan keçməklə) inşası planı müəyyən edilməsi nəzərdə tutulur. Bununla da Laçın şəhəri və dəhlizdəki yaşayış məntəqələri (Zabux və Sus kəndləri) Azərbaycanın nəzarətinə keçəcəkdir.
Azərbaycan tərəfi yazılanlara uyğun olaraq 2021-ci ilin iyul ayında dəhlizə alternativ yeni yolun tikintisinə başlamış və avqust ayında onu bitirmişdir. Qarabağda yaşayan ermənilər Rusiya sülhməramlıları vasitəsilə Azərbaycan tərəfinə müraciət ünvanlayaraq 25 avqust tarixinədək dəhlizin boşaldılması üçün vaxt istəmişlər.
Nəhayət ki, Laçın şəhəri 30 ildən sonra Azərbaycanın nəzarətinə qayıdır.
*2017-ci ildə Kəlbəcər ərazisindən keçməklə, keçmiş DQMV-in Ağdərə rayonunu Ermənistanla birləşdirən yeni yol çəkilmişdir. Bu yol işğal altında olan Azərbaycan ərazilərini Ermənistanla bağlayan ikinci yol hesab olunur. Başlanğıcını Cəbrayıl rayonu ərazisindən götürəcək və bununla da Dağlıq Qarabağla Ermənistanı birləşdirəcək 3-cü yolun çəkilməsi layihəsi II Qarabağ müharibəsi səbəbi ilə həyata keçirilə bilməmişdir.
- Роберт Кочарян, Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха, (2019)
- Qarabağ müzakirə olunur, Humanitar Tədqiqatlar Cəmiyyəti, Coincilation Resources, Baku, 2006
- Elçin Əhmədov, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir, Xalq qəzeti, 2009, 3 dekabr.
- 1997-ի փուլայինով պահում էինք Լաչինի ամբողջ շրջանը, Թաթուլ Հակոբյան (2022) https://www.aliqmedia.am/2022/08/10/76166/
- Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı https://www.bbc.com/azeri/azerbaijan-54878139, 10 Noyabr 2020
- Armenian, Azerbaijani Presidents Agree on Preamble To ‘Madrid Principles’, 26 Jan 2010, https://reliefweb.int/report/armenia/armenian-azerbaijani-presidents-agree-preamble-madrid-principles?OpenDocument=
- Laçın dəhlizinə alternativ yol hazırdır, 11 avqust 2022, https://qafqazinfo.az/news/detail/lacin-dehlizine-alternativ-yol-hazirdir-video-372404
- Բացվել է Վարդենիս- Մարտակերտ ավտոճանապարհը, 2017 https://www.civilnet.am/news/176773/%D5%A2%D5%A1%D6%81%D5%BE%D5%A5%D5%AC-%D5%A7-%D5%BE%D5%A1%D6%80%D5%A4%D5%A5%D5%B6%D5%AB%D5%BD-%D5%B4%D5%A1%D6%80%D5%BF%D5%A1%D5%AF%D5%A5%D6%80%D5%BF-%D5%A1%D5%BE%D5%BF%D5%B8%D5%B3%D5%A1%D5%B6%D5%A1%D5%BA%D5%A1%D6%80%D5%B0%D5%A8/