Bildiyimiz kimi qlobalistlər dünyanın vahid bir varlıq olduğunu və heç bir ölkənin qlobal kapitala inteqrasiyadan və beynəlxalq əmək bölgüsündə iştirakdan qaça bilməyəcəyini düşünürlər. Qlobalistlərə görə, dünya vahid bir sistemdir və heç bir ölkə öz ehtiyaclarını təkbaşına ödəyə bilmədiyindən dünya sisteminə bağlanmalıdır.

Bu düşüncənin əksinə olaraq, təcridçilər bu dünyadan ayrılacağına inanırlar və hər şeyin sərhədlərimiz daxilində təmin edilməli olduğunu və yalnız ölkənin milli çıxarlarına güvənilməli olduğunu düşünürlər. Buna görə də mübadilə və qarşılıqlı ehtiyacını sıfıra endirməyi düşünürlər.

İndi soruşmalıyıq ki, İran bu iki yolun hansını seçməlidir? Bir tərəfdən, İran təcrid oluna bilmir, çünki iqtisadiyyatı neft ixracına əsaslanır, ikincisi, neft, qaz və digər sənaye inkişafı kimi məsələlərdə texnoloji cəhətdən çoxmillətli ölkələrlə əməkdaşlığa ehtiyac duyur. Digər tərəfdən, qlobalist də ola bilmir, çünki bu ölkə keçən 42 ildə beynəlxalq hüquq və müqavilələri qəbul etməmiş və onları qəbul etmək fikrində də deyil. Bunlardan əlavə, İrana görə, başqa ölkələrin həmişə qloballaşma məntiqi altında təhlükəsizlik əməkdaşlığı tələbləri olacaqdır və bu İran tərəfindən mütləq qəbul edilməyən tələbdir.

Belə bir vəziyyətdə İran ASEAN, Avropa Birliyi, Şanxay Əməkdaşlığı, NEFTA kimi birlikləri nəzərə alaraq, əvvəlcə, eyni səviyyədə və oxşarlığı olan ölkələrlə regional müqavilələr bağlamalıdır. Bu ölkələrin əlaqəsindən və təşkilatlanmasından tədricən bir iqtisadi blok yaradıb və bir müddət sonra bu bloku dünyaya bağlamağı düşünür. İranın belə bir koalisiyalarda, müqavilələrdə və təşkilatlarda yalnız və yalnız ortaq bazar qurmaq istəyi vardır və özünə aid hüquq sistemini zərrə də dəyişmək istəmir, ona görə Batı ölkələrilə bir araya gəlməsi mümkün deyil.

İran əvvəllər belə bir bloku müsəlman və ərəb ölkələri ilə qurmağı düşünürdü, amma Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan ədavətlər bu arzunu birdəfəlik boşa çıxartdı. İran sonralar ölkələri bir-bir yoxlayaraq Rusiya və Türkiyə versiyasında dayandı. Bunlarla yanaşı, keçən il Türkiyə prezidentinin bölgə ölkələri arasında koalisiya qurmaq təklifini müsbət qarşıladı. İran xarici işlər naziri, Cavad Zərif İranın belə bir təklifə qatılacağını dedi. Amma elə həmin günlərdə, Azərbaycan ordusunun Qarabağdakı qələbəsi münasibətilə cənab Ərdoğan Bakıya gələrək qoşunların paradını seyr edib Araz-Araz şeirini oxudu. Bu şeir İranda mübahisələrə səbəb olub Türkiyə Prezidentinin bölgə ölkələri arasında koalisiya qurmaq təklifini kölgəyə aldı. Bu heç də təsadüfi deyildi, çünki sözü gedən blokun bir təhlükəsizlik paktını yaratması nəzərdə tutmasa da, ancaq ortaq bir sərhəd və ya qonşuluq üzərində qurulan blok, ilk növbədə sülhü, sabitliyi və ortaq təhlükəsizliyi təşviq etmək və regional təhlükələri azaltmağa çalışmalıdlr. Əslində, cənab Ərdoğana görə, AB modeli seçilib lokallaşdırılıb və regional gərginliyi azaldıb və iqtisadi əməkdaşlığı çoxalda bilərdi. Amma İran əslində ölkədə yaşayan milyonlarla türkün ayağa qalxmasından qorxaraq özünü bu lokal əməkdaşlıqdan da məhrum etdi və indi bütün bölgədə tək tənha qalaraq İsrail, ABŞ və Səudiyyə Ərəbistanı yox, bəlkə Türkiyə, Azərbaycan və ölkədə yaşayan türkləri bu tənhalığın suçlusu hesab edir ki, Azərbaycan dövlət başçısı iki gün öncə bu məsələni belə açıqladı: “Hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam”.

Azərbaycan Respublikası Prezidenti isə qeyd etdi ki, bu əməkdaşlıq müharibənin hər hansı bir riskini aradan qaldırmaq üçün lazımdır: “Yəni, bizim üçün bu format kifayətdir: Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz”. Son günlərdə İran Xarici İşlər nazirinin Rusiya Federasiyasına səfəri də bu bloka qoşula bilməklə əlaqədar idi. Çox güman ki, İranı bölgədəki siyasi danışıqlara cəlb etmək qarşılığında Rusiyanın da ayrı istək və gözləntiləri olacaq.

Ümumiyyətlə, İranın Quzey sərhədləri boyunca olan hərbi təlimlərinin, ədavət dolu siyası açıqlamalarının səbəbini də burada axtarmaq lazımdır: Nə İran istədiyi kimi qloballaşa bilmir, nə də qlobalizmə alternativ təcridçilik siyasəti arzu etdiyi qaydada inkişaf edir. Vaxtilə müsəlman birliyini qurmağa çalışan, Səudiyyə Ərəbistanı ilə düşmənçiliyə görə uğursuz olan İran yeni istəklərini də reallaşdıra bilmədi. Türkiyə kimi qonşu və güclü dövlətlə qlobalizmə alternativ yeni bir təcridçi siyasət xəttini seçən İran artıq sözün əsl mənasında regiondakı proseslərdən kənarda qalıb. Artıq regionda siyasi oyunçu kimi iştirak etmək istəyən İranın seyirçi olmaqdan başqa şansı yoxdur. İranı əsəbiləşdirən də elə budur.

İbrahim Savalan

Bütün yazıları göstər