Son günlərdə gündəmin ən həssas olduğumuz mövzularından biri də  İranda sosial-iqtisadi tələblərlə başlamış etiraz aksiyalarıdır. Oxucularımıza etiraz aksiyalarının başlaması səbəbləri, gedişi, indiyə qədər baş vermiş digər etirazlarla müqayisəsi kimi məsələləri aydınlaşdırmaq üçün yazar və siyasi aktivist İbrahim Savalandan müsahibə aldıq.

İbrahim Savalan Urmiya Universitetinin məzunudur və milli hərəkatının tanınmış nümayəndələrindəndir. O, Güney Azərbaycanın müxtəlif şəhərlərində ana dili, ədəbiyyat, sosiologiya dərsləri keçmək kimi mədəni və sosial işlərlə məşğul olmasına baxmayaraq, etdiyi işlər ölkə təhlükəsizliyini təhdid kimi qiymətləndirilmişdir. 2003-cü ildən bu yana dəfələrlə həbs olunub, Urmiya, Təbriz, Əhər, Ərdəbil, Xiyav və Tehran şəhərlərində həbsdə saxlanılıb. İbrahim Savalan “Şəhriyar” ədəbiyyat dərnəyinin qurucularındandır və yazıları  “BBC Farsca”, “Bayram”, “Laçın” və başqa bir çox dərgilərdə çap edilib.

Müsahibə

İbrahim bəy, siz İranda və xüsusilə də Güney Azərbaycanda bir çox siyasi proseslərin həm şahidi, həm də aktiv iştirakçısısınız. Son günlərdə İranda baş verən etirazların başlama səbəbi olaraq nəyi görürsünüz? Sizcə, baş verən etirazlar daha çox idarəetmənin teokratik pilləsinə, yoxsa hökumətə qarşı yönəlib?

Salam. Birinci sualınızda belə deməliyəm. İranda xalqın iqtisadi vəziyyəti günü-gündən geriləyir. İranda xalq iqtisadi vəziyyət baxımından çox pis günlər keçirir, desəm yanılmaram. Üç ay olar ki, qırır-qırıq, tikə-tikə etirazlar başlanıb, aksiyalar keçirilir. Təqaüdçülərin pulları verilmir, dövlət işçilərinin pulları vaxtında ödənilmir. Bir sıra banklar adamların pullarını götürüb, oğruluq, sui-istifadə edib. Dövlətin də belə bir işlərə veriləcək cavabı yoxdur. İnsanlar məhkəməyə müraciət edir, sənədlər hazırlayır, etirazlarını məhkəməyə verirlər, ancaq oradan da nəticə əldə edə bilmirlər. Bunlar İranda dəri altında bir etiraz kimi yerləşib və yaşamaqdadır.

Hələ bundan qıraqda başqa bir fərqlər, etiraz səbəbləri də vardır, ancaq bu etirazların ilk dayanacağı elə iqtisadi çətinliklər oldu. İlk olaraq Məşhəd şəhərindən başladı. Başlama səbəbləri iqtisadi olsa da, tezliklə, yəni iki gün əvvəl daha çox siyasi etirazlara və siyasi şüarlara çevrildi. Bu onu göstərir ki, xalqın bir çox siyasi etirazları da var. Şüarların içində “Suriyanı burax, bizim halımızı düşün”, “Pulları başqa yerdə xərcləmə”, buradakı insanların iş məsələsi, çörək məsələsi və bu kimi sözlər artıq dövlətdən tələb edilirdi. Bunun əsas səbəbini, məncə, başqa yerdə axtarmaq olmaz. İnsanların burada hökumətdən narazı olmağında axtarmaq olar. Bu narazılığın da ilk addımı iqtisadi vəziyyətdir. Ancaq bu etirazlar, bu şüarlar bu dəfə dövlətin bütünlüyünü əhatə edib. Bu etirazların bundan əvvəlki etirazlardan fərqi dövlətin bütün hissəsini əhatə etməyindədir. 2009-cu ildə Tehranda, 2006-cı ildə Təbrizdə olan etirazlarda konkret istəklər ortaya qoyulurdu, dövlətinin bütün hissəsini əhatə etmirdi. Burada etirazlar sadəcə Ruhaniyə qarşı yönəlməyib. Tehran Universitetində tələbələrin səsləndirdiyi şüarlar həm üsulçu, yəni Ruhaninin rəqibini, həm də islahatçılar, yəni Ruhanini hədəfə almışdı. Və deyirdi: Üsulçu, islahatçı oyun bitdi. Burada hər iki tərəfi əhatə ediblər.

xiran-protest-we-want-democracy1-685x320.jpg.pagespeed.ic.jRUOhGhIfv

***

Sizcə rejimin cavabı etirazçıların sosial-iqtisadi tələblərinin bütövlükdə və ya qismən təmin olunması, yoxsa daha da sərtləşməklə tələblərin boğulması yönündə olacaq?

Ən azı keçən 20 ildə rejim tərəfindən görünən budur: belə bir tələblərə cavab vermir və təmin etmir. Belə desək, İranda seçkilərdə insanlara bir sıra vədlər verilir. İnsanlar o vədlərə görə gəlir və səs verir, ancaq seçkilərdən sonra konstitusiya çərçivəsində olan tələblərə belə cavab verilmir və təmin edilmir. Hər dəfə də kimsə bu istəkləri tələb edirsə, onlara şiddətlə təzyiq olunur. Ona görə indi də bizim inandığımız belə bir şey olacaq ki, rejim bir həftə ərzində, uzun ya qısa bir zamanda, elə bu tələblərə görə ayağa qalxan insanları və etiraz edənləri təzyiqə məruz qoyub yerində oturtmağa çalışacaq. Ola bilsin ki, bu hadisələrdən, etirazlardan sonra bir sıra işləri bir az gecikdirsinlər, ancaq heç bir istək verilməyəcək. Bu çox dəqiq bir şey deyil. Bəlkə də rejim bəzi dəyişikliklər yaratdı, ancaq keçən 20 ilin içində görünən budur və bundan da fərqli bir dəyişiklik yoxdur ki, biz ona inanaq, güvənək və ona əsaslanaraq deyək ki, dəyişikliklər olacaq. Elə eyni şəkildə ki, bundan əvvəl rəftar etmişdilər, bundan sonra da elə rəftar edəcəklər və heç bir tələblərə müsbət addım atıb həll etmək, islahat aparmaq məqsədində olmayacaqlar.

4f183d847b554b9f9ad837971d539468_18

***

Keçmiş etirazlara rejimin münasibətindən danışdınız. Ümumi götürdükdə, baş verən etirazların Güney Azərbaycanda və İranda baş vermiş əvvəlki etirazlardan nə kimi fərqləri və oxşar cəhətləri vardı?

Burada gözə görünən fərqlərdən birincisi, bu etirazlarda etirazçılar rejimin bütünlüyünü hədəfə alıb, yəni bu dəfə, məsələn, konkret bir konstitusiya maddəsinin tələbinə, yoxsa bir işin yerinə yetməsinə etiraz etməyiblər. Bundan əvvəl olan etirazlarda, 2009-cu ildə Tehranda baş verən Yaşıl hərəkatında etirazçılar Mir Hüseyn Musəvi ilə Əhmədinejat arasında keçirilən seçkilərdən sonra səslərin sayılmasında təzyiq edildiyinə etiraz edirdilər. 2006-2007-ci illərdə Güney Azərbaycanda, Təbriz mərkəzli olmaqla baş verən etirazlarda türk kimliyinə, azərbaycanlılara qarşı olan təhqirlərə etirazlar var idi. Təhqirlərin aradan qaldırılması, türkcənin mədrəsələrdə tədris olunması tələb edilirdi, ancaq burada ortada bir istək yoxdur. Daha çox rejimi nəzərdə tutublar.

Bundan əvvəlki etirazlardan ikinci fərq, bu etirazlar İranın bütün hissəsini əhatə edib. Bundan əvvəl 2009-cu il etirazları təkcə Tehranda idi. Çox az yerlər Tehrana qoşuldu. O da qırıq-qırıq etirazlarla. 2006-cı ildə Azərbaycanda etirazlar var idi. Daha əvvələ getdikdə isə buna oxşar etirazlar 25 il əvvəl İslamşəhrdə və Qəzvində vardı. Bunların heç biri İranın bütün hissəsini əhatə edən etiraz olmadılar. 1979-cu il inqilabından bugünədək İranın bir çox yerlərini əhatə edə bilən tək etirazdır.

Başqa bir fərqi isə burada heç bir qrup və şəxs tərəfindən rəhbərlik edilməməsidir. Bundan əvvəlki etirazların çoxunda bir sıra şəxslər, təşkilatlar və cəmiyyətlər etirazları yönəldirdi. 2009-ci ildəki Tehran etirazları Mir Hüseyn Musəvi rəhbərliyində baş verdi. 2006-2007-ci ildəki Güney Azərbaycandakı etirazlar Azərbaycan Milli Hərəkatı deyilən bir cəmiyyət tərəfindən İranda azərbaycanlılara qarşı olan təhqirlərə qarşı meydana gəlmişdi. Buna baxmayaraq bu dəfə etirazlar rəhbərlər tərəfindən idarə olunmur. Bir çox şəhərlərdə xalq özbaşına və tamamilə öz sözləri ilə, səsləri ilə ortaya çıxıblar.

Dördüncü fərqi də elə bir mərkəzdən idarə olunmaması səbəbindən ortaya çıxır. Burada səslənən şüarlar çox fərqlidir. İran-fars milliyyətçiliyini dəstəkləyən şüarlardan, 1979-cu ildə İrandan qaçmış şahın övladı bir daha qayıtsın, bu hökumət getsin kimi fərqli şüarlaradək ortadadır. Buna baxmayaraq bundan əvvəlki etirazlarda ortada bəlli bir hədəf, bəlli bir məqsəd və bəlli bir şüarlar vardı.

Bu etirazlarla əvvəlki etirazlar arasında başqa bir fərq də Güney Azərbaycan etirazlarında xalqın bir üstünlük orta təbəqədə olması ilə yanaşı aşağı təbəqənin də iştirak etməsində idi. Buna baxmayaraq 2009-cu il Yaşıl hərəkatında Mir Hüseyin Musəvini dəstəkləyənlər orta və orta-yuxarı sinif idi. İndiki etirazların isə, ilk bir neçə günündə daha əvvəl iqtisadi vəziyyəti yaxşı olub indi aşağı sinif səviyyəsinə düşmüş adamlar idi, ancaq sonrakı günlərdə tamamilə aşağı sinfə aid hərəkat idi. Bu etirazların baş verdiyi şəhərlərdə əhali məişət qayğısı içindədir.

Oxşar cəhətlərin hamısında burada xalq sanki etiraz edə-edə, bu etirazların gedişində bir nəticə almağa ümidli deyil. Bu etirazların gec-tez şiddətlə yatırılacağına inanaraq ancaq öz etirazlarını bildirmək istəyir. Heç vaxt, bundan əvvəl etirazlarda da etirazçıların özü də onların etirazının nəticəsində bir şeyin dəyişiləcəyinə, islahatlar olunacağına inanmırdı. Bu əsas məsələdir ki, keçən 20 ildə insanları dövlətə qarşı ümidsiz edir. Məsələn, bəzən bir sıra namizədlər seçkilərdə mən dəyişiklik edəcəm deyə ortaya çıxır, o verdiyi vədlərə görə səslər qazanır, ya parlamentə gedir, ya prezident olur, ancaq dövlət onun verdiyi vədləri yerinə yetirməsinə icazə vermir. Bu da xalqda uzun müddətli ümidsizliyə səbəb olub, dövlətə qarşı şiddət və nifrət yaranıb. Bu etirazlarda da bu görünür.

Başqa etirazlarla olan oxşarlıqlarından biri, yenə də dövlət tərəfindən əl atılan şiddətdir. Hələ qısa müddət ərzində 20-dən artıq, 30-a yaxın adam ölübdür. Elə bu əvvəlki etirazlarda da belə idi. Güney Azərbaycan etirazlarında da 20-dən artıq insan öldü. Ondan əvvəlki etirazlarda da, sonrakı etirazlarda da tutulanlar, ölənlər çox olubdur.

***

Sırf xüsusi olaraq yanaşsaq, Güney Azərbaycanda xalq və milli fəallar bütün İranı əhatə edən etirazlara hansı mövqedən yanaşırlar? Sualı daha da aydınlaşdırsaq, Azərbaycan türkləri arasında bu etirazlar daha çox müstəqillik, siyasi muxtariyyət yoxsa milli-mədəni muxtariyyət (məsələn, ana dili haqlarının geri alınması) ümidlərini artırır? Yaxud Azərbaycan türkləri son yaşanan olaylarla bağlı mahiyyət etibarilə böyük bir dəyişiklik gözləmir?

Azərbaycan türkləri bu etirazlara ürək birliyini bildirir, ancaq bu etirazlardan konkret bir dəyişiklik gözləmir. Buna görə də Azərbaycan şəhərlərində bu etirazlar çox da isti qarşılanmayıb. Xüsusilə Azərbaycanın mərkəzi olaraq Təbrizdə heç bir etiraz olmadı. Bunu bu sətirləri oxuyan quzey azərbaycanlılara aydınlatmaq istəsəm, belə deməliyəm: 1903-1905-ci illər aralığında Rusiyada bir sıra partiyalar yaranırdı. İsmayıl Qaspıralı, Yusif Akçuralı rəhbərliyində İttifaq partiyası yarandığında Azərbaycandan Məhəmməd Əmin Rəsulzadə kimi və ya Əlimərdan bəy Topçubaşı kimi insanlar da onlara qoşuldu, ancaq Azərbaycan heyətinin belə bir toplantılarda əsas sözləri bu olurdu: Biz əvvəlcə Azərbaycan kimi yerlərin sərhədlərini müəyyən etməli, sonra başqa bir ittifaqlara girməliyik. Yəni belə desəm, 1915-1920-ci illər aralığında Azərbaycan xalqı hələ özünü bir millət kimi təsvir etmirdi. Bəlkə daha çox Qafqaz müsəlmanları kimi, tatarlar deyə, türklər deyə, bəzən erməni və gürcülərlə qarşı-qarşıya gələndə özlərini müsəlman anlayışı ilə təsvir edirdilər. Buna baxmayaraq 1918-ci ildə qurulan dövlət onları bir millət kimi ortaya qoydu və azərbaycanlıların o tarixdə özlərinin bir millət kimi əldə etdikləri 70 il Sovet dövründə onu qorudu, onları Sovet çərçivəsində əriyib itib batmaqdan müdafiə etdi. Bir halda ki, neçə-neçə respublika arasında yayılmış, örnək olaraq tatarlar bu müddətdə milli varlıqlarını əldən verdilər.

Bu gün Güney Azərbaycanda artıq belə bir mövqeyi Azərbaycan fəalları dəstəkləmək istəyir. Əvvəlcə Azərbaycan millətinin sərhədlərini, düşüncələrini və nələr əldə edəcəyini müəyyən eləsin, ondan sonra hər bir ittifaqa, hər bir etiraza girməyə hazır olsun. Yəni, burada özünü millət kimi ortaya qoymadan İranda gedən proseslərə qoşularsansa, İranda gedən millət prosesində, xüsusilə də şiə düşüncəsi içində əriyib itərsən. Sonralar özünü bir azərbaycanlı, bir türk kimi təqdim etmək əvəzinə, özünü bir iranlı, bir şiə kimi təqdim edən birinə çevrilərsən. Ona görə Azərbaycan insanları Azərbaycanla bağlı olan 2006-2007-ci il etirazlarında, Urmiya gölü ilə bağlı etirazlarda aktiv iştirak etsə də, bəzən İran bütünlüyündə baş verən, İran mərkəzli olan etirazlara çox girişmək istəmir, çünki İranın hər bir başqa yerləri ilə ortaq dərd, ortaq hiss onu bir daha özünə aid millətləşmədən, özünə aid bir milli kimlik ortaya qoymaqdan məhrum edər. Bu baxımdan Azərbaycan türkləri bu etirazlara özünə aid məsələlər kimi isti yanaşmır.

***

Bəs Güneyin bu etirazlarda əsasən daha passiv qalması etirazların gedişatına və güneyin öz kimlik məsələlərinə necə təsir göstərəcək?

İranda və Güney Azərbaycanda baş verən toplumsal hərəkatlarda  Azərbaycan fəallarına əsas məsələ budur ki, İranda reklam olunan hamıya bir kimlik, bir millət, bir kültürə aid olma düşüncəsinə qarşı bir reaksiyaları olsun. Yəni, belə deyə bilərəm ki, İranda baş verən ictimai bir hərəkatda, yoxsa Azərbaycanda başqa millətlər eyni hərəkatda eyni davranışda olurlarsa, burada sanki fars millətçiliyin ortaya qoyduğu hamının bir millət olduğu, bir kültür olduğu, bir davranışda olduğu sübutlanır. Amma burada, Azərbaycanda üzv verən hadisələrə, yoxsa, məsələn, fars hakim qüvvəsi və ya dövlət müsbət addım atmırsa, insanlarda bu hissi yaradır ki, türklər İranda ögey, özgə sanılırlar və bu insanların bir daha özlərinə müraciət etməsinə səbəb olur. Misal olaraq, burada Qaradağ bölgəsində  5 il öncə baş verən zəlzələdə xalq çoxlu çətinliklərə məruz qaldı, amma İranın başqa yerlərindən çox çox az oldu. Bu azərbaycanlıları bir daha xəbərdar etdi ki, İranda onları  iranın vətəndaşı kimi sayan azdır. Çünki ora köməyə gələn də çox az oldu, amma bunun tərsinə İrandan ora yardıma gələn çox olsa idi, insanlara bu sözü çatdıracaqdı ki, İranda sizə qardaş kimi yanaşırlar. Bu etirazlarda da Azərbaycanda baş verən, yoxsa baş verməyən etirazlar fars bölgələrində və İranın digər bölgələrindən  fərqlidirsə, yəni, burda fərqli düşüncəli millət yaşayır. Bu fərqli olmaq ola bilər ki,  etirazlara qatılmamaqla üzə gəlsin, ola bilər ki, burada baş verən etirazlar  şüarların, istəklərin hətta etirazların formalaşmasının fərqli olması ilə ortaya gəlsin. Hər halda azərbaycanlılar öz fərqlərini sərgiləməsələr, bir daha İranın başqa yerləri, yəni, bir fars, şiə kimliyi ilə eyni bir insan olduqlarını  sübutlayıb və assimlasiya edilmə prosesində bir addımda qabağa gedəcək. Burada fərqli bir davranış passiv qalma olur olsun, hadisələrə qatılmamaq olur olsun, fərqli üsullarla, fərqli şüarlarla fərqli sözlərlə ortaya çıxmaq olur olsun, Azərbaycanda gedən gedişin, düşüncənin, kimliyin fərqli olduğunu sərgiləyəcək. Bu Azərbaycan milli hərəkatına öz millətləşmə prosesinə böyük bir addımdır. Bu etirazlarda, məncə, qazanc bu ola bilər.

S.-Azerbaijan-Anti-racism-Demo-9

***

Etirazlar zamanı sosial şəbəkələrdə istər güney, istərsə də quzey azərbaycanlılar tərəfindən müxtəlif mübahisəli fikirlər səsləndirildi. Bəziləri İranda qeyri-stabilliyin olmasının ən çox Azərbaycana ziyan verəcəyini söylədi, bəziləri sekulyar İranın hər kəs üçün daha uğurlu bir model olacağını müdafiə etdi, bəziləri isə demokratik İranın ən yaxşı seçim olduğunu söylədi. Ümumiyyətlə, İranda sekulyar və ya demokratik rejim Azərbaycan türkləri və digər milli azlıqlar üçün nə vəd edir?

Bu sualı bir az rahat açıqlasam, daha yaxşı olar. Əlbəttə ki, sabitliyin, sakitliyin Azərbaycana qazancı var. Sabitlik, sakitlik olmayan halda Azərbaycan da ziyan görə bilər, çünki Güney  Azərbaycan keçən 27 ildə  bir gediş başlayıb. Bu gediş haradan başlanır? Şah dövründə heç bir işə imkan yox idi. İnqilab gəldi, şah devrildi. Şah devriləndən sonra yenicə qurulmuş İslam Respublikası dövründə bir sıra işlər güney azərbaycanlılar tərəfindən ortaya qoyuldu. Buna baxmayaraq İran-İraq müharibəsi başlanarkən dövlət bir daha bütün işləri müharibə vəziyyətində olduğumuz üçün qadağan etdi. Müharibə vəziyyətində sosial və mədəni işlərə yer vermədi. İranda müharibənin bitməsi, yavaş-yavaş azərbaycanlılara öz haqlarını tələb edib, bir hərəkatı ortaya gətirməyə zəmin yaratdı. Bununla yanaşı, Quzey Azərbaycan da azadlığını əldə etdi. Orada olan hadisələr, xüsusilə də Qarabağ hadisəsi bura da keçdi. Ona görə 25-27 il olar ki, Güney Azərbaycanda bir gediş başlanıb. Güney Azərbaycan dedikdə çox mücərrəd və sadə bir yerdən danışmırıq. Bunu başqa yerdən olanlar, məsələn quzey azərbaycanlılar yaxşı anlaya bilmirlər. Niyə? Quzey Azərbaycanda hər bir insan özünü azərbaycanlı bilir. Heç kim bundan çəkinmir, heç kim bundan ürkmür. Başqa ölkələrə gedərkən, onu azərbaycanlıdan başqa bir ifadə ilə səsləyərlərsə, reaksiya verir. Buna baxmayaraq buradakı insanlar üçün hələ azərbaycanlılıq hər kəs tərəfindən vətəndaş kimliyi kimi mənimsənilmiş bir şey deyil. Burada hələ dövlət dəstəkçiləri var, din və şiəçilik arxasınca gedənlər var, İran milliyyətçiliyi arxasınca gedənlər var, sol partiyaları və başqa-başqa düşüncələrin tərəfdarları da vardır. Bunların hamısı ilə yanaşı, bir də çoxluğu Azərbaycan kimliyini ön planda tutub, hər şeydən əvvəl onu əldə etmək istəyən milli hərəkat var. Buna baxmayaraq burada azərbaycanlı başqa bir hadisələrə qarışmaqdan çəkinir və onun içində assimilə olunmaqdan qorxur dedikdə deyə bilərəm ki, burada azərbaycanlılıq hamı tərəfindən qəbul olunmayıb. Burada insanlar vardır ki, onlarda şiəçilik azərbaycanlılıqdan çox-çox üstündür. Hətta onlar zaman-zaman Azərbaycan Respublikasına qarşı mənfi və uyğunsuz ifadələr işlədirlər. Ona görə də, burada bir hərəkat başlayıb və bu hərəkat insanların bir çoxunu bu düşüncəyə yaxınlaşdırır. Belə vaxtlarda hərə bir düşüncəyə və yanaşmaya gəlmədən, eyni 1918-ci il kimi hələ öz mövqeyimizi müəyyən etmədən başqa bir hadisələrə qoşuluruqsa, öz insanlarımızı başqa bir düşüncələrin, ideologiyaların yolunda itiririk.

Təbii ki, demokratik İran hamının xeyrinə ola bilər və demokratik sahədə biz öz istəklərimizi yaxşı əldə edə bilərik. Ən azı təzyiq olmadığı halda bizim dilimiz və mədəniyyətimiz yaxşı çiçəklənə bilər. Buna baxmayaraq sadə desəm, bu etirazlardan hələ bu gün rejimi devirə biləcək, yoxsa sekulyar İranı ortaya çıxara biləcək, demokratik İranı yaradacağı ümidi yoxdur. Belə desək, hələ də İranda dövlətin tərəfdarları güclü mövqedədirlər. Bir çox imkanlarından da bu etirazları yatırtmağa faydalanmayıblar. Buna görə də, demək olmaz ki, bu etirazlar son etirazlardır və biz tezliklə bir şey əldə edə bilərik, Sovetlərin dağılma dövrü ilə müqayisə etmək və ya buna tay sözlər demək, məncə, səhvdir. Ona görə də, indi meydana gələnlər bu gün iqtidarın ayaqları altında əzilər və yenicə ayaq tutmuş olan Azərbaycan milli düşüncəsinin aparıcıları da ağır itkilər verib, həbslərdə çürüyüb, öz gedişini əldə edə bilməz.

Eyni örnək Quzey Azərbaycandan olsun. 1920-ci ildən sonra biz Firudin bəy Köçərli kimi yazıçılarımızı itirdik. 1937-ci ildə bir çox şair və yazıçılarımız Sibirə sürgünə yollandı. Bu insanları itirməyimiz Azərbaycan milli-mədəni işlərində, ədəbiyyatında və hər bir şeyində öz təsirini qoydu. Bizim Güney Azərbaycan Quzey Azərbaycandan daha yoxsuldur. Belə bir vəziyyətdə İranda gedən siyasi proseslərdə iştirak edib, İranın iqtidarının çox qəddar çəkmələri altında ayaqlanmaq bizim varlığımızı hədələyər və bu günə qədər topladığımız gücümüzü dağıdar. Belə bir düşüncədə olduğumuz üçün, İranda hələ bu yaxınlarda nə sekulyar, nə də demokratik İran real olduğu üçün, belə bir meydana atılmaq özünə qəsddən başqa bir şey deyil. İranda bu gün ayaqlanmış şəhərlərdən bir çoxu şiddətlə yatırılır, təzyiqə məruz qalır. Nəticədə, bunun cəzasını xalq ödəyəcək. Təbii ki, bu istəklərin cəzası olacaq, ancaq bu cəzanı azərbaycanlı verəcəksə, eyni 2006-2007-ci il etirazları, eyni Urmiya gölü, eyni Fitilə kimi təhqirli verlişə etirazları kimi öz düşüncəsinin, öz ana dili tələblərinin yolunda verməlidir. Ona görə də, burada çox bir şey yolunda görünür kimi bir şey yoxdur. Etirazlar var, dövləti çətinliyə salıb. Dövləti bir çox sahələrdə cavab verməyə vadar edəcək, ancaq bu o demək deyil ki, bu gün dövləti məğlub edə biləcək və  ya öz gücünü ona tətbiq edə biləcək qədərdir.

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər