Etnik Kimlik Qrupları və ABŞ Xarici Siyasətinin Qısa Tarixi

ABŞ-ın yaranmasından bu yana etnik kimlik qrupları onun xarici siyasətində rol oynayıblar. Assimilyasiya cəhdlərinə baxmayaraq bir çox fərdlərin öz etnik mənsubiyyətlərinə və Amerika xaricindəki tarixi vətənlərinə güclü bağlılıqları qalmışdı. Misalçün, Alexander DeConde ABŞ xarici siyasətinin 1-ci Dünya Müharibəsinə qədər anqlo-sakson mərkəzli olduğunu qeyd edirdi.(1) Bu amerikan milli kimliyində anqlo-saksonluğun dominant olduğu və bu kimliklə ABŞ-ı ikili sivilizasiya və inkişafa aparan böyük anqlo-sakson dünyasına bağladığı dövr idi. Lakin əsasən 1840-cı illərdə olan İrland Kartof Qıtlığı dövründə böyük immiqrasiyalar nəticəsində Amerika öz kimliyini dəyişdi. İrlandiyanı Britaniya hakimiyyətindən azad etməyə çalışan fenianlar 2 dəfə Amerika torpaqlarından Kanadaya hücum təşkil edərək Britaniyanı zəiflətməyə və Amerikanı müharibəyə sürükləməyə çalışmışdılar. Etnik kimlik qruplarının Amerika xarici siyasətini anqlo-sakson və irland olmaqla ikiyönlü etmək cəhdlərinə baxmayaraq “etnik faktor” 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində baş verən kütləvi immiqrasiya axınlarından sonra daha böyük rol oynamağa başlayır.

Amerikan etnik kimlik qrupları ABŞ-ın 1-ci Dünya Müharibəsində iştirakında dərindən maraqlı idilər. Tony Smithin də iddia etdiyi kimi demək olar ki, Amerika əhalisinin üçdə birinin necəsə müharibə ilə əlaqəsi var idi: əhalinin 13%-i müharibədə iştirak edən ölkələrdə doğulmuşdu və 17%-i isə müharibədə iştirak edən dövlətlərdən olan ən az 1 valideyni var idi.(2)  Bir tərəfdən alman və irland əsilli olanlar Amerikanın tərəfsizliyindən yana olarkən, digər tərəfdən italiyanlar, polyaklar, ingilislər, çexlər, slovaklar, ermənilər və cənub slavyanları ABŞ-ın konfliktdə təcili və aktiv iştirakı üçün təzyiq göstərirdilər. Əlavə olaraq xarici liderlər və milliyyətçi aktivistlər ölkədə yaşayan qruplarla etnik bağlarından istifadə edərək ABŞ xarici siyasətinə təsir etməyə çalışırdılar. DeConde gözəl şəkildə 1-ci Dünya Müharibəsi və ABŞ xarici siyasəti arasındakı əlaqəni izah edir: “Dünya Müharibəsi azlıqların etnik şüurunu gücləndirdi. Onlar Avropada döyüşən vətənlərinə kömək üçün təcili şəkildə qurumlar yaratdılar. Mümkün olan bütün vasitələrlə onlar Vaşinqtonı öz etnik bağlılıqları olan dövlətlərlə yaxınlaşmağa sövq edirdilər və ABŞ-ı müharibəyə emosional duyğularla bağlanmış lobbilərin döyüş meydanına çevirmişdilər”.(3)

Müharibənin zəifləyən illərində və sonradan etnik qrup səfərbərlikləri davam etdi. Territorial azadlıqları olmayan millətlər ABŞ-a özlərinin etnik bağları olduqları ərazilər üçün təhlükəsiz dövlətçiliyi dəstəkləməsi üçün təzyiqlər edirdi. Məsələn, Amerika yəhudiləri yəhudilərə Fələstində torpaq sözü verən 1917-ci il Balfur Bəyannaməsinin qəbul edilməsində olduqca maraqlı idilər, Amerika erməniləri isə ABŞ-ın Ermənistan Respublikasını Sovet işğalından qoruya bilməməsinə görə məyus olmuşdular.

2-ci Dünya Müharibəsi ABŞ xarici siyasətində dönüş nöqtəsi oldu. Müharibə boyunca ABŞ heç olmadığı qədər birləşmişdi. Sonralar Sovetlərə qarşı olan qlobal mübarizə ABŞ-a milli hədəf verdi. İronik şəkildə bu həmçinin etnik qrupların ABŞ xarici siyasətindəki rolunu da dəyişdi: Sovetlər Birliyinə qarşı olan mübarizə özünütəcrid sistemini beynəlmiləlçilik sistemi ilə əvəz etdi və kommunizm ABŞ-ın beynəlxalq arenada daha aktiv rol alması mənasına gəldi. Bu rol ABŞ-dakı etnik kimlik qrupları tərəfindən müəyyən ediləcəkdi. Məsələn, həm Şərqi, həm də Qərbi Avropa mənşəli amerikalılar Sovetlərin Şərqi Avropanı işğalına qarşı birləşdilər və yeni yaranan Qərb demokratiyasına dəstək verdilər. Onlar əsasən İşğal Olunmuş Avropa Millətləri Birliyi (ACEN) üzərindən ABŞ-a təsir edərək Sovetlər Birliyinə qarşı qəti tədbirlər görməyə çağırırdılar.(4) ABŞ-ın milli maraqları bəzən o qədər ACEN ilə üst-üstə düşürdü ki, ACEN-in ABŞ üzərindəki təsirini qiymətləndirmək çətin olur. Yenə də ACEN-in ABŞ üzərindəki təsiri Sovetlər Birliyi ilə mümkün bütün yaxınlaşmaların qarşısını aldı.

Soyuq Müharibə dövründə onların nəzərə çarpacaq dərəcədəki fəallıqlarına baxmayaraq Stephen Garrett Şərqi Avropa lobbilərinin ABŞ xarici siyasətinə təsirlərini bir neçə səbəbə görə sorğulayır:

  • xarici siyasət quruluşlarının nisbətən bağlı (exclusive) və təcrid edilmiş olması
  • icraedici orqanların xarici siyasətdəki dominant təsirləri
  • xarici siyasətə təsir edən mənfəət qruplarının ümumi ehtiyatlılıqları
  • bu lobbilərin hansı dərəcədə ümumi Amerika maraqlarına xidmət etməsi
  • WASP (Ağdərili Anqlo-Sakson Protestant) kültürünün dominantlığı və Cənubi və Şərqi Avropalılara qarşı tarixi qərəz
  • Avropanın ABŞ üçün geopolitik önəmi və ABŞ-SSRİ əlaqələri.(5)

Garrettə görə bu faktorların hər biri Soyuq Müharibə dövründə etnik qrupların təsirlərini məhdudlaşdırmışdı.

Amerikanın Soyuq Müharibə dövrü siyasəti “2-ci Dünya Müharibəsi zamanı güc strukturlarına yüksələn kiçik və bir-birinə bağlı olan akademiklər dərnəyindən, maliyyəçilər, hüquqşunaslar, diplomatlar və siyasətçilər tərəfindən yaradılırdı”.(6) Xarici siyasət elitlərinin çoxu konqresin nəzarətindən kənarda olan icraedici orqanlarda cəmlənmişdilər, həm də etnik qruplar prezident seçkilərində effektivliyi az olur deyə onların da təsirlərindən ayrı idilər.(7) Əlavə olaraq Soyuq Müharibə dövrünün təhlükəsi yüksək idi, əsasən də, Avropada. Nəticə etibarilə cəmiyyət xarici siyasət elitasına daha geniş azadlıq verir və fikirlərinə böyük inam bəsləyirdi. Vyetnam müharibəsi, Uotergeyt qalmaqalı və sivil hüquqlar hərəkatlarının Soyuq Müharibəyə yönəlik fikir birliyini və elit-mərkəzli xarici siyasət prosesini pozmasına baxmayaraq ABŞ xarici siyasətinin əsas trayektorası Soyuq Müharibə dövrünün ilk 20 illik periodunda cızılmışdı. Nəticədə, etnik kimlik qrupları Amerika maraqlarını fundamental olaraq dəyişməkdə çətinlik çəkdilər.

Müəyyən mənfəət qruplarının ABŞ xarici siyasətinə təsirləri qanunsuz sayılsa da, – çünki ABŞ xarici siyasəti bütün xalqın maraqlarını əks etdirməlidir – etnik qruplarla bağlı qanunsuzluqlar daha kəskin hiss edilirdi. “Defis”(hyphen) fikri Soyuq Müharibı dövrüncə sədaqətin bölünməsi və hətta ABŞ milli maraqlarına sədaqətsizlik kimi cəmiyyətdə qəbul edilmişdi. Üstəlik, 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərindəki miqrasiyalarla ABŞ-a gələnlər ABŞ maraqlarını ancaq özlərinin təyin etməyə haqqları olduğunu düşünən Şimal və Qərbi Avropalılar tərəfindən hələ də kənar adamlar kimi qəbul edilirdi

Bütün bunlar etnik kimlik qruplarının Soyuq Müharibə dövründə ABŞ siyasətinə heç bir təsiri yoxdur demək deyil. Əslində, onların təsiri 1960 və 1970-ci illərdə o qədər yüksəlmişdi ki, media, akademiklər və siyasətçilər onlara xüsusi diqqət ayırmışdı. Glazer və Moynihanın “ABŞ xarici siyasətinin yeganə dominant təyinedicisi etnik tərkibdir” bəyanı göstərir ki, etnik qrupların təsirləri 1970-ci illərin ortasında da hiss edilmişdir. 1981-ci ildə Foreign Affairsdə yazdığı məqalədə Maryland senatoru Charles McCurdy etnik qrup lobbilərinin zərərli təsirlərindən şikayətlənirdi.(8) Əlavə olaraq Foreign Affairs xüsusi 3 məqaləlik “Yeni Etnik Səslər” adlı tənqidi buraxılış da dərc etmişdi.(9)

Garrettin təsvir etdiyi limitlərə baxmayaraq müəyyən miqdardakı etnik qruplar ABŞ siyasətinə Soyuq Müharibə dövründə belə təsir etmişdilər. İsrailin qurulmasından İsrail-ABŞ əlaqələrinin müttəfiq səviyyəsində yaxşılaşdırılmasına qədər Amerika yəhudiləri ABŞ siyasətinə təsir edən ən güclü lobbi idilər. İsrailliləri Fələstinlilərə qarşı qoyan 1980-ci illər İntifada üsyanları da Amerika yəhudilərinin təşkilatlanmasını daha da sürətləndirmiş və gecikmiş Amerikalı ərəb birliklərinin qurulmasına səbəb olmuşdur. Afroamerikalıların milli şüurlarının yüksəlməsi, sivil hüquqlar hərəkatının afroamerikalıların təşkilati birliyinə və ABŞ siyasətinə təsirini artırması, Cənubi Afrikanın irqçi rejiminin beynəlxalq dərəcədə qınanması afroamerikalıların xarici siyasət prosesində rolunu artırmışdır. Amerika kubalıları Soyuq Müharibə dövründə ABŞ-ın anti-Kastro siyasətinin dəyişməməsinə səbəb oldular. Son olaraq Kipr konflikti Amerika yunanlarını ABŞ-ın Türkiyəyə silah embarqosu qoyması üçün təzyiqlər etmək uğrunda təşkilatlandırdı.

Soyuq müharibə dövründə etnik kimlik qruplarının təsiri beynəlxalq sistemin və ABŞ xarici siyasət prosesinin təbiətindən asılı olaraq müəyyən mənada limitlənmişdi. 1980-ci illərin əvvəllərində artıq etnik kimlik qruplarının xarici siyasətdə önəmli rol oynadıqlarının işarələri görülməkdə idi və gələcəkdə daha böyük rol oynayacaqları da təxmin edilirdi. Soyuq Müharibə dövrünün bitməsi ABŞ milli maraqlarının və ABŞ etnik kimlik qrupları arasındakı əlaqələrin dərinləşməsində sürətləndirici rol oynadı.

 

Etnik Kimlik Qruplarının Soyuq Müharibə Sonrası Təsirləri

Sovetlərin 1991-ci ildə çöküşü beynəlxalq sistemi və Amerikanın əsas strategiyasına fundamentindən dəyişdi. Soyuq Müharibənin məntiqi nisbətən daha sadə idi: böyük və kiçik qarşıdurmalara və Vaşinqtonun sərhədləmə siyasətindən qaynaqlanan yanlış siyasətlərə baxmayaraq ABŞ və müttəfiqləri Sovetlər və onun müttəfiqlərindən gələcək kommunist təhlükəsinə qarşı birləşmişdilər. Sovetlərin düşmən görüntüsünü yaranmasında etnik qrupların müəyyən rolları olsa da, nisbətən qətiliyə malik ABŞ siyasəti etnik qrupların təsirini azaltmışdı. Üstəlik, bir çox hallarda ABŞ və etnik qrupların maraqları üst-üstə düşürdü, bu əsasən İsrail məsələsində və Sovetlərin Şərqi Avropanı işğalında özünü göstərirdi.

Digər tərəfdən, Soyuq Müharibə sonrası beynəlxalq sistem daha dəyişkən idi və ABŞ milli maraqlarına yön verəcək yol xəritələri daha az idi. Klinton adminstrasiyasının 1999-cu ildə verdiyi Yeni Yüzillik üçün Milli Təhlükəsizlik Strategiyası raportu da ABŞ milli təhlükəsizliyinə açıq bir təhlükə olmadığından anlaşılmaz və qeyri-müəyyən idi.(10) Soyuq Müharibədən sonrakı periodda ABŞ tutarlı bir siyasət izləməyə çalışarkən gözlənilməyən şərtlərlə qarşı-qarşıya qaldı. Nəticədə, beynəlxalq sistemdəki dominantlığı ABŞ-ı təktərəfli siyasət izləmək üçün daha sərbəst etdi. Beləliklə, ABŞ xarici siyasəti yavaş-yavaş daxili siyasi debatlar üzərinə qurulmağa başladı. Soyuq Müharibənin sonu ümumilikdə mənfəət qrupları və xüsusilikdə etnik qruplar üçün xarici siyasətin formalaşmasına və tətbiq edilməsinə təsir etmək üçün görünməmiş imkanlar təklif edirdi. Etnik qruplar bu qarışıqlıqdan ustalıqla yararlanaraq öz milli vətənlərinin maraqlarını təbliğ etdilər. Amerika Erməni Məclisinin keçmiş icraçı direktoru Ross Vartianın da dediyi kimi: “Hədəf Soyuq Müharibəni qazanmaq deyil, hədəf Soyuq Müharibə sonrasını qazanmaqdır”.(11)

Beynəlxalq sistemdə yaranmış dəyişkənlik etnik qrupların ABŞ xarici siyasətindəki rolunun qəbul edilməsini gücləndirdi. Xüsusən 1990-cı illərdə ABŞ hökümətinin multietnik tərkibi siyasi əzm qazandı. Demoqrafik olaraq Avropa mənşəli amerikanların dominant olmasına baxmayaraq, Avropalı olmayanlar da gözə çarpacaq dərəcədə artdı və artmaqda da davam edəcəyi gözlənilir.(12) Bu hərakat Yossi Shainin Amerikanın “multikultural xarici siyasəti” adlandırdığı şeyi daha doğrulayır.(13) Rəqəmlərdən daha da önəmlisi isə assimilyasiyanın rədd edilməsi və etnik fərqliliklərin qabardılmasıdır. Bunun amerikan milli kimliyində neqativ yoxsa pozitiv təsiri olmasından asılı olmayaraq böyük demoqrafik dəyişikliklər bir reallıqdır və insanların öz etnik mirasını təbliğ etmələrinə daha tolerant yanaşan milli kimliyi təbliğ edir. Əlavə olaraq artıq amerikanlar kiminsə xaricdəki etnik kimliyinə bağlılığını və tutdaqları mövqelərlə milli vətənlərinin maraqlarını müdafiə etməsini sədaqətsizlik kimi mühakimə edə bilmirlər.

Soyuq Müharibə sonrası etnik konfliktlərin çoxalması etnik qrupların işində də aktivliyi artırırdı. Etnik qrupun vətənindəki soydaşlarının azadlıq, həyatda qalma və ümumi rifahına təhlükələr artdıqca etnik qrupun aktivliyi də bir o qədər sürətləndi. Dövlətlərarası müharibələrin nadir olmasına baxmayaraq, dövlətdaxili müharibələr etnik qruplara aktiv olmaq üçün səbəb verdi. Keçmiş Yuqoslaviyanın çöküşü Amerika mərkəzli müsəlmanları, serbləri və xorvatları bir-birinə qarşı qoydu.(14) ABŞ-ın öncülüyünü etdiyi NATO-un Kosovodakı müharibəsi Amerika höküməti ilə ortodoks xristianların arasını vurdu .(15) İkinci İntifada dövründə İsrail tərəfindən işğal edilmiş bölgələrlə İsrail arasındakı mübarizə Amerika yəhudiləri və ərəblərini səfərbər etdi.(16) Cənubi Qafqazda ermənilər və azərbaycanlılar arasındakı konflikt hər iki qrupun lobbi işlərini artırdı.(17) Hətta, 1990-cı illərdə Haitidəki çevriliş və miqrant böhranı kimi etnik olmayan hadisələr belə Amerika afrikalılarını hərəkətə gətirdi.(18)

ABŞ xarici siyasət prosesinin daxilindəki faktorlar özləri belə etnik kimlik qruplarının təsirinə daha çox imkan yaratdı. Son 10 illik xarici siyasət quruluşlarında həm elit-mərkəzli, həm də icra qurumlarının dominant olduğu xarici siyasətin radikal dəyişikliklərinə şahid oldu.(19) John Dietrichin bu sözləri məsələni gözəl şəkildə izah edir:

70-ci illərin sonundan başlayaraq Soyuq Müharibənin sonlarına doğru ABŞ siyasəti qapalı, prezident dominantlı sistemdən daha açıq, mübahisələrlə bol, pluralist bir sistemə çevrildi. Prezident hələ də ən önəmli oyunçu olaraq qalır ancaq o artıq daha aktiv Konqreslə yarışmalı, mürəkkəb icra bürokratiyasına nəzarət etməli və media, fikir tankları, cəmiyyət fikri tərəfindən gələn təzyiqlərə və fikirlərə cavab verməlidir. Bu period ərzində ABŞ xarici siyasətinə təsir etmək istəyən qrupların sayında da çoxalma müşahidə edildi. Bu mənfəət qrupları müxtəlif biznes, işçi, etnik, insan hüquqları, çevrəçi və digər qruplardan təşkil olunmuşdur. Beləliklə, müasir xarici siyasi qərarvermə müxtəlif yollarla siyasi seçimlərə təsir etməyə çalışan daxili siyasi qərarvermə oxşarlıq təşkil edir.(20)

Bütün bunlar Soyuq Müharibə dövrünün bitməsi ilə yaranan, milli maraqlara qarşı olan və təyin edilə bilməyən təhlükədən qaynaqlanır ki, bu da ABŞ-ın əsas xarici siyasəti istəklərini tapmağı çətinləşdirir.

Etnik qrupların çoxlu digər xüsusi mənfəət qrupları ilə mübarizə etmələrinə bamayaraq yüksələn pluralizm siyasətə təsir etmə imkanlarını artırır. Üstəlik konqres nəzarətinin artması və xarici siyasət prosesində daha böyük gücə malik olması etnik lobbilər üçün xeyirlidir.(21) Demoqrafik olaraq cəmlənmiş etnik qrupların Konqres üzvləri arasında bərabər olmayan təsirləri var və bu Konqres üzvləri özləri də ABŞ xaricində etnik bağlılıqları olan insanların vəkili halına gəlir. Təmsilçi Lee Hamiltona görə Konqres üzvləri və xarici siyasət quruluşunun digər bölümləri “şose yoluna pul ayrılması üçün lobbiçilik etməklə müəyyən bir mənfəət qrupunun xeyrinə xarici siyasətdə lobbiçilik etmək arasında bir fərq görmürlər”.(22)

Əlavə olaraq, xarici və daxili siyasətin bir-birindən asılı olduğu “intermestik” sistemdə prezidentin də xarici siyasətdəki müstəqilliyi azalıb və xarici siyasətin təşkili və tətbiqinə müdaxilədə daxili güclərə yol açılıb.(23) Keçən onilliyin böyük bir hissəsində respublikaçı Konqres və demokrat Ağ Ev arasındakı qəddar mübarizə konqresin aktivliyini artırdı: “Respublikaçı qanunvericilər və prezidentliyə namizədlər xarici siyasət təkliflərinin Klinton adminstrasiyasının mövqesindən fərqlənməsini tələb edirdilər”.(24) Bu vəziyyət daxili problemlərə xarici məsələlərdən daha çox diqqət ayıran prezident Klinton tərəfindən daha da şiddətləndirildi.(25) Bu qanunauyğunluq qalmaqallı seçki ilə və kiçik xarici siyasət təcrübəsi ilə Corc Buşla da davam etdi və Konqresdə respublikaçılar və emokratlar arasındakı sayca bərabərlik də vahid xarici siyasətin aparılmasına imkan vermədi.(26)

Nəticə etibarilə mənfəət qrupları bölünmüş hökümətin yaratdığı imkanlardan lazımınca istifadə etdilər.

Bu faktorlar hamısı birlikdə etnik kimlik qruplarının daha çox keçid, daha çox legitimlik və ABŞ-da xarici siyasətə daha çox təsir imkanları qazanmağına gətirib çıxartdı. Mənfəət qrupları kimi bütün etnik kimlik qrupları da eyni gücə malik deyillər. Sonrakı bölmə etnik kimlik qruplarının effektivliyi haqqında danışacaq.

 

Etnik Kimlik Qruplarının Dəyişkən Gücləri

Patrick Haney və Walt Vanderbush etnik mənfəət qrupları ilə bağlı ədəbiyyat icmallarında bu cür qrupların güclərinə təsir edən faktorlarını göstərir.(27) Bu faktorlar aşağıdakılardır:

  • təşkilatlanma gücü – “təşkilati birlik, lazımlı informasiyaları ötürən effektiv lobbi aparatları və maliyyə resursları”
  • üzv birliyi, yerləşdirmə və seçici iştirakı – “qrupun seçki sisteminə uyğun olaraq”
  • göndərilən mesajın əzmi və yaratdığı rezonans – “ictimai rəyə təsir etmək qabiliyyəti”
  • kilitli olmayan qapını itələmək – “etnik qruplar hökümətin öncədən də dəstəklədiyi siyasəti təbliğ etdikdə daha uğurlu olurlar”
  • müxalifətin gücü
  • hökümət icazəsi və hökümətə keçid – “etnik qruplar problemləri konqres rəyi tələb etdikdə uğurlu olmaq ehtimalları daha böyük olur çünki konqresdə boşluqlar daha çoxdur
  • qarşılıqlı dəstək əlaqələri – “etnik qrupların siyasətçiyə ehtiyacı olduqları kimi, siyasətçilərin də etnik qruplara ehtiyacı olur. Etnik mənfəət qrupları siyasətçilərə informasiya, səs və kompaniyada kömək kimi lazımlı resursları verə bilərlər”

Bütün bu faktorlar etnik qrupların xarici siyasət prosesinə təsirlərinin təyin edilməsində böyük rol oynayırlar.

 

Təşkilati güc

Mənfəət qrupları hər zamankından daha yaxşı təşkilatlanıb, daha effektivdirlər və daha çox təsirə malikdirlər.(28) Üstəlik, texnologiyanın inkişafı və Konqres üzvlərinə keçid asanlaşdığından lobbiçiliyin xərcləri də azalıb.(29) Bir neçə onillik boyunca aktiv lobbiçiliklə məşğul olmuş lobbi qrupları yeni daxil olanlar üçün bir yol xəritəsi rolunu da oynayır. Ədəbiyyat xüsusi olaraq Amerikan İsrail İctimai Əlaqələr Komitəsinin, geniş şəkildə isə Yəhudi lobbisinin ABŞ-dakı ən əsas etnik qrup olduğu haqqında həmfikirdir.(30) Onların uğuru əsasən digər qruplar tərəfindən yarışmağa çalışdıqları bir nümunədir. Kubalı Amerikan Milli Quruluşu və Amerika Erməni Məclisi kimi digər güclü lobbilər də nümunə kimi qəbul edilir.(31)

 

Seçici təsirləri

Etnik kimlik qruplarının çoxu konqres bölgələri və seçici quruluşları ilə bol olan bölgələrdə yerləşiblər. Məsələn Nyu York, Nyu Cersi, Kaliforniya, Florida və İllinois ştatları hər biri etnik qrup siyasətində önəmli rol oynayır və birlikdə Konqres üzvlərinin üçdə birini təşkil edir. Müəyyən bir namizədin əleyhinə və ya lehinə yönəlmiş kompaniya töhfəsi seçkilərdə böyük əhəmiyyətə malik ola bilər. Üstəlik Tony Smithin də müşahidə etdiyi kimi “etnik pul siyasi təsir alır” və “siyasi təsir etnik pul tələb edir”.(32) Siyasətçilər bəzən etnik qrupların maraqlarına uyğun hərəkət edir ki, “etnik pul” qazana bilsin və daha çox səs qazansın. Məsələn, etnik siyasət Prezident Klintonun seçki ilində NATO genişlənməsini dəstəkləmək qərarında ən azından müəyyən rol oynadı.(33)

 

Cəmiyyət rəyi

Etnik kimlik qrupları əsasən cəmiyyətin xarici məsələlərdəki informasiya azlığından mənfəət götürür. Etnik qruplarn maraqlı olduğu bir çox məsələlərdə ya ortalama bir amerikanın bilgisi yoxdur, ya da bu məsələyə çox az önəm verir deyə fikrinin ümumi ictimai rəy yaradacaq dəyəri yoxdur. Nəticə olaraq etnik qruplar cəmiyyətin əks münasibəti qorxusu olmadan xarici siyasət prosesinə qeyri-mütənasib şəkildə təsir edə bilirlər. “Etnik qrupları maraqlandıran məsələlər 1000-də 1 adamın heç eşitmədiyi məsələ olur…Buna görə də, konqres üzvlərinin çoxunun bu məsələlərdəki səsləri heç nədən verilmiş səslər kimi olur”.(34) Digər bir sözlə, bir siyasətçi öz seçicilərini qəzəbləndirmədən etnik qrupların maraqlarını ödəyə bilər.

Cəmiyyət rəyinin reallığında bəzi qruplar keçmiş faciəvi hadisələrdən yararlanır: ermənilər 1-ci Dünya Müharibəsindəki soyqırımdan və yəhudilərsə 2-ci Dünya Müharibəsindəki soyqırımdan yararlanaraq cəmiyyətin simpatiyasını və nəzərə çarpacaq dərəcədə mənəvi legitimliyi qazanaraq xarici siyasət prosesində böyük təsir etmək gücünə yiyələnirlər. Məsələn, Dağlıq Qarabağ konflikti boyunca ermənilər Amerika erməni lobbisi türkdilli, müsəlman azərbaycanlıların erməni soyqırımını davam etdirdiklərini göstərərək anti-Azərbaycan siyasəti üçün konqres rəyini qazanmağa çalışdılar.(35) Kosovo konflikti zamanı Kosovo Qurtuluş Ordusu serblərin vəhşiliklərini “soyqırım” olaraq qiymətləndirməkdə gecikmədilər.(36) Bütün kütləvi cinayətlərin və soyqırımların mübahisə edilməz olaraq faciəvi olmasına baxmayaraq onlar həmçinin etnik qrupların əlində effektiv şəkildə istifadə edəcəkləri siyasi resursdur.

 

Açıq Qapı

Bir öncəki bölmədə Soyuq Müharibənin başa çatmasının etnik kimlik qruplarının ABŞ xarici siyasətində aktiv önəm qazanmasında əsas səbəblərdən olduğundan danışdıq. 1990-cu illərin böyük bir hissəsində ABŞ siyasəti ali məqsədin olmamağından və milli maraqlara qarşı müəyyən oluna bilməyən təhlükə nəticəsində nisbətən qarışıqlıq içindəydi. Bu vəziyyət etnik qrupların öz vətənlərinin xeyrinə doldurmağa çalışdıqları siyasi vakuum yaratdı. Qapının açıq olmağından əlavə bəziləri hətta qapının var olub-olmadığını da mübahisə mövzusu edə bilər. Digər vəziyyətlərdə isə ABŞ milli maraqları və etnik qrup maraqları üst-üstə düşdüyündən sonrakı dövrlərdə gücün artmasına gətirib çıxartdı.

 

Müxalifət

Aydındır ki, mənfəət qrupunun gücü ona müxalif olanların gücü ilə tərs mütənasibdir. ABŞ xarici siyasət prosesindəki son dəyişikliklər etnik kimlik qruplarına imkanlar yaratdısa da, həmçinin, müxalif güclərin də bu təsirə və təşkilatlara qarşı savaşmasına vəziyyət yaratdı. Üstəlik mənfəət qruplarının maraqları saysız-hesabsız xüsusi mənfəətlərin cəmindən əmələ gəlir. Azərbaycanlı-erməni konflikti yalnızca bu iki etnik qrupdan ibarət deyildi. Əksinə Xəzər dənizindəki neft ehtiyatlarından yaranan mümkün iqtisadi partlayış, Qafqaz regionunun coğrafi-siyasi önəmi, İsrailin Türkiyə ilə artan müttəfiqliyi, 1990-cı illərin ortalarında Türkiyənin Amerika erməni lobbisinə meydan oxumaq üçün “neft şirkətləri, idarəetmə rəsmiləri, Amerika yəhudiləri və Türkiyə meyilli millət vəkilləri” koalisiyası yaratmaq üçün Azərbaycanla yaxınlığı məsələnin digər tərəfləridir.(37) Beləliklə bir qrupun böyük imkanları həmin qrupun rəqibləri üçün də böyük imkanlar deməkdir.

Keçid və Əməkdaşlıq

Konqresin də Soyuq Müharibə dövründən sonra ABŞ xarici siyasi prosesində xüsusi mövqeyə malik olduğu düşünülür. Bununla birlikdə konqres üzvləri və etnik qruplar arasında da “simbiotik əlaqələr” qurulur. Paul Watanabein də dediyi kimi, “(Konqresin) təmsilçiliyi və ona keçid imkanları etnik qruplar üçün çox cəzbedici potensial əməkdaşlıq imkanı yaradır. Bu meyillilik konqres aktivliyi və etnik qrup aktivliyi arasında önəmli bağ yaradır. Etnik təşkilatlar Konqresin siyasət prosesindəki məsuliyyət və qanunverici gücündən istifadə edərək müəyyən siyasi məsələləri qabartmağa çalışır. Konqres əsasən effektiv olmaq və özünün xarici siyasət rolunu artırmaq üçün informasiyalı etnik aktivistlərdən formalaşan qeyri-hökümət təşkilatının fikrinə əsaslanır.(38) Üstəlik xarici siyasətlə maraqlanan və xarici siyasət komitəsində oturan üzvlərin çoxu əsasən etnik müxtəlifliyə malik bölgələri təmsil edir.(39) Nəticə etibarilə etnik lobbilər birbaşa olaraq Konqresin ABŞ xarici siyasətinə təsirini yönləndirirlər.

ABŞ 21-ci əsrə daxil olarkən özünü qibtə ediləcək bir vəziyyətdə tapır. O, heçbir dövlətin onunla siyasi, iqtisadi və hərbi güc baxımından yarışa bilmədiyi bir supergücdür.(40) Bu, ABŞ-a öz xarici siyasət hədəflərini formalaşdırmaq və həyata keçirmək üçün görünülməmiş azadlıqlar verir. Etnik kimlik qruplarının ABŞ xarici siyasətinə uzun müddət təsir etməklərinə baxmayaraq onların rolu heç vaxt indiki qədər böyük olmamışdır və getdikcə də böyüməyə davam edəcəkdir.

 

Mənbələr və qeydlər:

  1. Alexander DeConde, Ethnicity, Race, and American Foreign Policy (Boston, North-eastern University Press, 1992), chap.2.
  1. Smith, Foreign Attachments, 51.
  1. DeConde, Ethnicity, Race, and American Foreign Policy, 82.
  1. Garrett, “ Eastern European Ethnic Groups and American Foreign Policy,” 305-6.
  1. Eyni mənbədə., bir çox hissədən istifadə edilmişdir.
  1. Michael Clough, “Grass-Roots Policymaking: Say Good-bye to the”Wise Men,” Foreign Affairs 73, no.1 (1994): 2-7.
  1. Bu etnik siyasətin prezident seçkilərində önəmi yoxdur demək deyil. Əksinə etnik qruplar konqres seçkilərində olduqca təsirə malikdirlər çünki onlar müəyyən seçki dairələrində məskunlaşıblar (əsasən şəhər ərazilərində). Bir neçə istisna olmasına baxmayaraq prezident seçkilərində fərdi etnik qrupların gücü daha səpələnmiş halda olur (məsələn ABŞ-ın şimal şərqində irlandlar). Buna baxmayaraq ABŞ xarici siyasəti əsasən icraedici qurumların üzərində olduğundan etnik qrupların konqresə təsiri xarici siyasət prosesinə o qədər də təsir etmir.
  1. Charles McCurdy Mathias Jr., “Ethnic Groups and Foreign Policy,” Foreign Affairs 59 (1981): 975-98.
  1. “New Ethnic Voices”, Foreign Policy 60 (1985): 3-39.
  1. Yeganə istisna beynəlxalq terrorizmdir. 10-cu bölmədəki 11 Sentyabr 2001 hissəsinə baxın.
  1. Dick Kirshtendən sitat gətirilmişdir, “Ethnics Resurging,” National Journal 27, no.8 (1995): 484.
  1. U.S. Bureau of the Census, “Population Projections of the United States by Age, Sex, Race, and Hispanic Origin: 1995-2050, “Current Population Reports P25-1130, February 1996.
  1. Yossi Shain, “Multicultural Foreign Policy”, Foreign Policy 100 (1995): 69-87.
  1. Dick Kirschten, “Sarajevo’s Saviors”, National Journal 26, no.12 (1994): 655.
  1. Richard Whitt, “Serbs in Atlanta See Bombing as Unjust,” Atlanta Journal and Constitution, 13 May 1999, 8A.
  1. Tom Tugend, “US Jewish-Muslim Relations Grow Dim,” Jerusalem Post, 30 September 2001, 7.
  1. Mahir Ibrahimov and Erjan Kurbanov, “The Armenian-Azerbaijani Dispute as Seen from the U.S.: An Experienced Armenian Lobby Opposes Azerbaijan,” Washington Report on Middle East Affairs 13, no.4 (1995): 28
  1. Art Pine, “Rice Plays Part in Haiti Policy, U.S. Aide Says,” Los Angeles Times, 11 July 1994, A1.
  1. Clough, “Grass-Roots Policymaking,” 2-7: I.M. Destler, Leslie H. Gelb, and Anthony Lake, “Breakdown: The Impacts of Domestic Politics on American Foreign Policy,” in The Domestic Sources of American Foreign Policy: Insights and Evidence, ed. Charles W. Kegley. Jr., and Eugene R. Wittkopf (New York: St. Martin’s Press, 1988), 17-29.
  1. Dietrich, “Interest Groups and Foreign Policy.”
  1. Anthony Eksterowicz and Glenn Hastedt, “Congress, the Presidency, and World Order: The Interplay of International and Domestic Politics,” Journal of Social, Political, and Economic Studies 19, no. 3 (1994): 359-80; James M. Lindsay, Congress and The Politics of U.S. Foreign Policy (Baltimore: Johns Hopkins University Press, 1994).
  1. Steven Mufsondan sitat gətirilib, “Local Politics is Global as Hill Turns to Armenia,” Washington Post, 9 October 2000, A1.
  1. Glenn P. Hastedt and Anthony J. Eksterowicz, “ Presidential Leadership in the Post Cold War Era,” Presidential Studies Quarterly 23 (1993): 445-59.
  1. Greve, “ Ethnic Lobby Powers Up,” 16.
  1. James M. Lindsay, “Looking for Leadership,” Brookings Review 18, no.1 (2000): 43.
  1.  Mümkün istisna terrorizmlə savaş ola bilər. Lakin, prezident Buş açıq şəkildə ifadə etdi ki, “terrora qarşı savaş” digər savaşlar kimi olmayacaq. Beləliklə, hədəf bəlli olsa da ABŞ-ın izləyəcəyi yol bəlli deyil.
  1. Patrick J. Haney and Walt Vanderbush, “ The Role of Ethnic Interest Groups in U.S. Foreign Policy: The Case of the Cuban American National Foundation,” International Studies Quarterly 43, (1999): 344-45.
  1. Allan J. Cigler and Burdett A. Loomis, Interest Group Politics, 5th ed. (Washington DC: Congressional Quarterly Press, 1998). Əsasən, etnik kimlik qrupları və ABŞ xarici siyasəti, bax Eric M. Uslaner’s contribution, “All Politics Are Global: Interest Groups And The Making of Foreign Policy,” 369-89.
  1. Məsələn Congressional Quarterly redaktorları lobbi oyununun parçası olmaqda maraqlı olanlar üçün bələdçilik yazısı paylaşmışdılar. Bax Bruce C. Wolpe and Bertram J. Levine, Lobbying Congress: How the System Works, 2d ed. (Washington DC: Congressional Quarterly, 1996).
  1. Fortune mağazasının raportu Amerika İsrail İctimai Əlaqələr Birliyini Azad Biznesin Milli Federasiyası, Milli Silah Birliyi və AFL-CİO-dan daha öndə 2-ci yerdə qeyd etmişdi. Yalnız Amerika Təqaüdçülər Birliyi onlardan irəlidə qeyd edilmişdi. “The Influence Merchants,” Fortune 138, no.11 (1998): 134.
  1. John Auerbach, “Scattered, a Community Bonds,” Boston Globe, 23 April 1995,1.
  1. Smith, Foreign Attachments, 108.
  1. James M. Goldgeier, Not Whether But When: The U.S. Decision to Enlarge NATO (Washington DC: Brookings Institution Press, 1999), 61-62; Dick Kirschten, “Ethnics Resurging,” R.C.Longworth, “One Nation, Many Voices,” Chicago Tribune, 13 April 1998, 1.
  1. Greve, “Ethnic Lobby Powers Up,” 16.
  1. Thomas Ambrosio, “Congressional Perceptions of Ethnic Cleansing: Reactions to the Nagorno-Karabakh War and the Influence of Ethnic Interests Groups,” The Review of International Affairs (forthcoming).
  1. John Pilger, “US and British Officials Told Us That at Least 100,000 Were Murdered in Kosovo,” New Statesman 129, 4502 (2000): 13.
  1. “Petro-Politics Greases the Way for a Different US Approach to Nagorno-Karabakh Dispute,” Congressional Quarterly Weekly Report, 27 June 1998, 1783.
  1. Paul Y.Watanabe, Ethnic Groups, Congress, and American Foreign Policy: The Politics of the Turkish Arms Embargo (Westport, CT: Greenwood Press, 1984), 40-41.
  1. Andrew Napoli (legislative director for Congressman Chris Smith), telephone interview by author, 17 July 2000.
  1. William C. Wohlforth, “The Stability of a Unipolar World,” International Security 24, no.1 (1999): 7.

 

Tərcümə Tomas Ambrosionun 

“Etnik kimlik qrupları və ABŞ xarici siyasəti” kitabındandır.

Tərlan Əliyev

Bütün yazıları göstər