“Nə üçün Azərbaycan millətçiliyi?” başlığı oxucuda ilk baxışda məqalənin sorğusuz-sualsız millətçilik müdafiəsi olduğu təəssüratını yarada bilər. Eyni zamanda “millətçiliyi” sözünün qarşısındakı “Azərbaycan” sifətinin müəyyən tənqidlər doğuracağını da bilirəm. Bəzi tədqiqatçılara görə modern sistem “dövlət”, “bazar” və “xalq/cəmiyyət” əsasında formalaşmışdır. Bu üç elementin eyni anda varlığı və qarşılıqlı əlaqəsi yetkin siyasi sistemin inşası üçün zəruridir. Millətçilik isə bu əsasda modern siyasi sistemin ayaqda durmasına digər ideologiyalarla müqayisədə daha çox fayda verir. Azərbaycanın modern hekayəsi də millətçi ideologiyanın təsirində formalaşmışdır. Bu yazı daha çox müstəqillik dövrü ilə məhdudlaşacaqdır. Müstəqillik dövründə bu mənada Azərbaycançılıq kontekstində dövlətçilik inşası tamamlanmışdır.[1] Ancaq sistemin legitimliyinin təmin edilməsi üçün zəruri olan millətin xəyalı mümkün olmamışdır. Belə olduğu təqdirdə millətçiliyi Azərbaycan konteksində düşünmək zərurəti ortaya çıxmaqdadır. Bu esseni yazmağımda məqsəd yaşadığımız çağın aparıcı ideologiyası olan millətçiliyə dair Azərbaycan dilində qavrayışın yaranmasına və akademik, intellektual müzakirənin başlamasına müəyyən tövhə verməkdir. Çünki içində yaşadığımız çağdaş dövlətlər[2] siyasi varlıqlarını mühafizə edə bilmək üçün müəyyən qədər millətçi olmalıdırlar.
Problemi Azərbaycan kontekstində qavramaq və şərh etmək üçün modern Qərb fəlsəfəsində baş vermiş, millətləri və millətçiliyi şərtləndirən transformasiyaya qısa nəzər yetirmək lazımdır. Kantdan və digər filosoflardan bildiyimiz kimi modern fəlsəfi qavrayış ağıl sahibi olan fərd əsasında inşa edilmişdir. Bu qavrayışın əsasında azadlıq anlayışı olduğu filosoflar tərəfindən əsaslandırılmışdır.[3] Bu mənada insanın modern ontologiyanın əsas subyekti kimi xəyal edildiyini ifadə etmək mümkündür. İnsanın bu çərçivədə həm fəlsəfi qavrayışın, həm də modern siyasi sistemin mərkəzi subyetki kimi ortaya çıxması ənənəvi/iyerarxik cəmiyyətin transformasiyası nəticəsində mümkün olmuşdur. Belə olduğu təqdirdə “mən kiməm ?” sualının modern insana xas olduğunu əsaslandırmaq mümkündür.[4] Nəticə etibarilə modern kimlik bəzi tədqiqatçılara görə azadlıq və bərabərlik haqqı hüquq çərçivəsində təmin edilən insan/fərd əsasında formalaşdırılmışdır.[5] Çünki modern siyasi sistemin çarxının dönməsi üçün insan/millət legitimlik mənbəyi kimi xəyal edilmişdir. Yəni modern siyasi sistem bərabərliyin Afina və Orta əsrdən fərqli olaraq “etibar” (dignity) anlayışı çərçivəsində vətəndaş ola(bilən)n hər kəsə hüququn rəhbərliyində şamil edilməsiylə varlığını təmin etmişdir. Renessansda Dante, Luter və digərlərinin “səssizcə” Latın dilinə baxmayaraq lokal dillərə müraciəti, Dekartın insanı şübhə edən (əslində bilən) subyekt kimi qavraması, Fransız inqilabı və digər inqilabların isə insanın (millətlər) legitimlik qaynağı olan modern siyasi sistemi yaratması millətçiliyi (tarixi) zəruri bir ideologiya olaraq ortaya çıxarmışdır.[6] İstər Con Lokkda olduğu kimi fərdin seçimi əsasında olsun, istərsə də Russoda olduğu kimi “ümumi iradə” fərdin azadlığını təmin etsin, millətçilik ümumi bir qavrayışı ehtiva etməkdədir. Belə olduğu təqdirdə insanın bilmə prosesinin ehtiva edən iki disiplindən biri olan tarix ortaya çıxır.[7] Çünki millətçiliyin əsasında tarix dayanır. Bununla belə, millətçiliyin ehtiyac duyduğu tarixi qavrayışı bilik mənbəyi kimi qəbul etməyən Dekartı[8] millətçiliklə əlaqələndirmək mümkün deyil. Modernizmin “başlanğıc”[9] filosofu Dekartın “şübhəsi”[10] (bilik) ancaq millətlərin tarixinin yazıldığı on doqquzuncu əsrdə tarixin qənaəti (opinion) ilə əvəz edilmişdir.[11] Xülasə, millətçilik Qərb siyasi və fəlsəfi düşüncəsindəki uzun transformasiyanın nəticəsi olaraq mümkün olmuş və modern milli-dövlətləri ayaqda saxlayan bir ideologiya kimi əhəmiyyətini qorumuşdur. Siyasi, iqtisadi və s. aspektlərdən yeni bir dünyanın konturlarının hazırlandığı hazırkı dövrdə millətçiliyin bu qədər rəvacda olmağı da başa düşüləndir. Axı millətçilik qurulma prosesində daha çox ehtiyac duyulan bir ideologiyadır.
Tarixçilərin qənaətinə əsasən Azərbaycanın coğrafi olaraq qədimliyini əsaslandırmaq mümkün olsa da, coğrafiyanın siyasiləşməsini (Azərbaycan dövləti) ancaq ondoqquzuncu əsrdə “kolonialist modernizasiya”[12] çərçivəsində başlayan və cümhuriyyətlə yekunlaşan milli hərəkatda axtarmaq daha doğru olacaqdır.[13] Ancaq, həm milllətquruculuğunun müstəmləkə altında başlamasından, həm də ilk modern dövlət olan cümhuriyyətin tamamlanmadan tarixə qovuşması Azərbaycanda millətçliyin, milli kimliyin sifətinin siyasət, hüquq və akademik səviyyədə müəyyən edilməsini gecikdirmişdir.
Millətçiliyin bu mənada subyekti olduğumuz çağda millətlərin ictimai müqavilə əsasında siyasi varlıqlarını inşa və davam etdirməkləri üçün əldəki əsas instrument/ideologiya olaraq qalmağa davam etdiyi aydın olur. Belə olduğu təqdirdə Avrasiyanın kiçik bölgəsində (Cənubi Qafqaz) “böyük” təhdidlərlə yaşamalı olan Azərbaycan millətinin öz millətçiliyini formalaşdırmaq zərurəti ortaya çıxır. Müsqətilliyin bərpası dövləti geri qazandırmaqla bərabər “işğal” təcrübəsindən ötrü millətin xəyal edilməsini ləngitmişdir.[14] Eyni zamanda millətçilik, millət, milli kimlik anlayışları kifayət qədər müzakirə edilməmişdir. Azərbaycanda milli kimlik inşası və ya millətin xəyal edilməsi əsasən Sovet dövründə başlamışdır.[15] Müstəqilliyin bərpasından sonra, dövlətin inşasından əvvəl millət və milli kimlik “türklük” konteksində inşa edilməyə çalışıldı. Lakin, türklük müstəqilliyin bərpasında (türklərin titul/dominant etnik qrup olmasına görə) aparıcı bir cərəyan olmaqla bərabər dövlətin və milli kimliyin inşasında birbaşa aparıcı ideologiya ola bilmədi. Yəni türklük birbaşa milli kimliyin sifəti ola bilmədi. Müqayisə üçün deyək ki, Atatürk də yaratdığı Respublika üçün milləti xəyal edərkən milli mübarizəyə əsas təşkil edən pantürkizmdən imtina etmiş və Türkiyə ilə məhdudlaşan bir türk milli kimliyindən çıxış etmişdir. Eyni şəkildə Azərbaycanda dövlətin və millətin/kimliyin inşası da milli hərəkata əsas təşkil edən ideologiyanın məhdudlaşdırılması və rasionallaşdırılması çərçivəsində olmalıdır. Dövlətin və dövlətçiliyin (statehood) inşası üçün “Azərbaycançılıq” fikri/ideologiyası müəyyən edildi. Bununla belə, suverenliyin hüquqi mənbəyi olan millətin, milli kimliyin inşası tamamlana bilmədi.
Millətçilik və ya millətlərin formalaşmasında zəfər hekayəsinin (İngilis: Kralın kilisə üzərində; Fransız: yeninin köhnə [ancient regime] üzərində; Türkiyə: düşmən üzərində qələbəsi) rolu nəzərə alındıqda Azərbaycanın hekayəsinin tamamlanmadan (1918; 1991) yarımçıq qaldığı ifadə edilə bilər. Qarabağda əldə edilən zəfər bu mənada Azərbaycan xalqına millət olmaq yolunda tarixi imkan yaratmışdır. 1828-ci ildə Qarabağ Xanlığının (bütöv Azərbaycanın deyil) bir parçası olaraq işğal edilən Şuşada ilk dəfə Azərbaycan dövləti suverenliyini təmin etmişdir. Bu modern dövlətin əsas xüsusiyyətlərindən olan məkana (ölkə) olan suverenliyini təmin etmişdir. 2020-ci ildə əldə edilən hərbi zəfər bu mənada millətin xəyal edilməsi üçün imkan/fürsət yaratmışdır. Belə olduğu təqdirdə titul/dominant etnik qrupu türk etnosu olan Azərbaycan milləti və ya milli kimliyi Azərbaycan kontekstində daha ardıcıl bir milli kimlik siyasəti ola bilər.
Müharibə adətən Aristofenesin “Sülh” komediyasında yazdığı kimi musiqinin belə müharibənin kölgəsində/təsirində qaldığı bir dövr olur. Yəni qavrayışımız adətən coşğu çərçivəsindədir. Daha dəqiq ifadə etsək, Platonun əşyaya dair bilik sahibi olaraq qəbul etmədiyi şairlərin/şeirin[16] rəvacda olduğu dövrdür. Bilməyə deyil, inanmağa ehtiyac vardır. Çünki orduya irəli komandası verilmişdir və zəfər qazanmaq üçün bilən azlığa deyil, inam sahibi çoxluğa ehtiyac vardır. Modern dövrün bütün milli kimliklərinin təxminən bu prinsiplə inşa edildiyini söyləmək mümkündür. Bunu Vətən müharibəsi dövründə və sonrasında Azərbaycan və Türk bayraqlarının yanaşı dövlət və özəl mülklərində nümayiş etdirilməsində görmək olar. Türk etnosu Azərbaycan milli kimliyinin titul/dominant etnik qrupudur. Bununla bərabər milli kimlik inşası ölkənin kontekstini (Türk, Rus və İran təsiri kimi) nəzər almalıdır.
İnşa prosesi Ernest Renanın ifadə etdiyi üzrə müəyyən bir iradə göstərməyi tələb edir. İradə isə keçmişi unutmağı və indiki zaman kontekstində gələcək inşa etməyi nəzərdə tutur.[17] Müqayisə üçün Vətən müharibəsində düşmən olaraq məğlub edilən erməni tərəfi ilə post müharibə dövründə diplomatik danışıqlar aparılmağa başlanmışdır. Yaşadığımız çağda insanın siyasi icmaya olan bağlılıq və aidiyyatını formalaşdıran aparıcı ideologiya olması etibarilə millətçilikdən də imtina etməmək lazımdır. Multikulturalizm belə son təhlildə milliləşdirilmişdir.[18] Azərbaycan kontekstində aparılan multikultural siyasətin də Azərbaycançılığa (dövlətçiliyə) xidməti nəzərdə tutulmuşdur.[19] Yəni dövlətin müdaxil olmasını istisna etmir.
Azərbaycan sifəti Azərbaycanda millətçiliyin və hədəflərinin rasionallaşdırılmasını və standartlaşdırılmasını nəzərdə tutur. Azərbaycan millətçiliyi türk millətçiliyinin xüsusi formu olduğunu və ya türk millətçiliyi ilə bağının olduğunu inkar etmir. Bununla bərabər türk etnosu Azərbaycan milli kimliyinin, millətçiliyinin dominant etnik qrubu olmaqla bərabər milli kimliyin sifəti olaraq xəyal edilə bilməmişdir. Yazının başında qeyd etdiyim kimi millətçilik son təhlildə tarix qavrayışından ibarətdir. Azərbaycan kontekstində tarix bu mənada Azərbaycan sifəti ilə xəyal edilə bilər.
Qeyd etməliyəm ki, Azərbaycan cəmiyyətində bayrağın rəngindən hərəkətlə üç qrup, ideologiya (türkçülük, Azərbaycançılıq və müasirlik (liberallar, solçular və.s)) vardır. Düşüncəm və qənaətim belədir ki, bu qrupların hər hansı birisi Azərbaycan siyasətinə təkbaşına hakim ola bilməz. Belə olduğu təqdirdə Azərbaycan millətçiliyi rasional və davam etdirilməsi ən mümkün sifət kimi görünür. Qaldı ki, türklük siyasi nöqteyi-nəzərdən Azərbaycanda Türkiyədə olduğu kimi qədimliyə sahib də deyildir.[20] Mənə gəldikdə isə Azərbaycanın siyasi, tarixi, coğrafi/geosiyasi kontekstini nəzərə alaraq milli/siyasi düşüncənin imkanları/mümkünlüyü üzərində düşünməkdəyəm.
Millətçiliyin beynəlxalq səviyyədə bu qədər legitimlik qazanmasının arxasında dövlətlərin iyirmi birinci əsri inşa etməkləri durur. Təbii olaraq quruluş mərhələsində dövlətlər ön planda olur.[21] Modern dövlətlər isə siyasi birliyi, legitimliyi xalq üzərindən aparmalıdır. Bununla bərabər millətçiliyin bu qədər rəvacda olması Azərbaycanda millətçiliyin irredentist bir iddianı mənimsəməsinə səbəb olmamalıdır. Şuşa işğaldan azad edilməklə bərabər Şuşa bəyannaməsi və Xankəndində (müvəqqəti) Rus qoşunlarının yerləşməsi Azərbaycan üçün birbaşa Təbrizə birləşmək xəyalını qurmağın mümkünsüzlüyünü göstərir. Beynəlxalq siyasətin dövlətlərin millətçiləşərək transformasiya edilməsindən Azərbaycana düşən pay Qarabağ üzərində siyasi hakimiyyətin, suverenliyin bərpası və Zəngəzur dəhlizinin reallaşdırılması olmuşdur. Bu prosesi dərk edən Azərbaycan siyasəti bu minvalda siyasət nümayiş etdirməkdədir. Təbrizə dair irredenist bir millətçilik iddiası Qarabağda dost olan Türkiyə və balanslı bir qonşuluq siyasəti aparılan İran və Rusiya ilə siyasi bir rəqabət demək olacaqdır. Çünki Azərbaycan millətçiliyinin Təbrizə dair açıq bir siyasi diskurs dost olan Türkiyəni belə Qərb qarşısında balanslaşdırıcı liman olaraq baxdığı/sığındığı Rusiya və onun İranla olan münasibətlərinə kölgə sala bilər. Xülasə hazırkı şərait Azərbaycan millətçiliyi üçün Şuşa qüruru və Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşməyin mümkünlüyünü yaratmaqdadır.
Son olaraq 19-cu əsrin sonlarında Kəşkül qəzetinin sütunlarında kimliklə bağlı ortaya çıxan Sokratik dialoqu aşağıdakı kimi revizasiya etmək mümkündür:
- Mən kiməm?
- Etnik mənsubiyyət: türk (sizdə fərqli ola bilər)
- Din: müsəlman (sizdə fərqli ola bilər)
- Region: Qafqaz
- Dil: ana dil türk (sizdə fərqli ola bilər); rəsmi/milli (dövlət) dil Azərbaycan
- Vətəndaşlıq: Azərbaycan
- Milli kimlik: Azərbaycan
- Yekun: Mən Azərbaycanlıyam
[1] Ətraflı baxın: Ergun Ayca, “Citizenship, National Identity, and Nation-Building in Azerbaijan: Between the Legacy of the Past and the Spirit of Independence”, Nationalities Papers, 2021, s. 1-18.
[2] Ətraflı baxın: Öner Buçukçu, “Devletler Sistemini Yeniden Düşünmek: Klasik Vestfalyan Devletten Neovestfalyan Devlete”, İnsan ve Toplum, s. 11(1), 2021, s. 235-265.
[3] Ətraflı baxın: Immanuel Kant, “Aydınlanma Nədir?”. Tərc. Zülfiyyə Əbdürrəhimova. https://bakuresearchinstitute.org/en/immanuel-kant-aydinlanma-n%C9%99dir/
[4] Ətraflı baxın: Charles Taylor, “Tanınma Politikası”. Içində. Çokkültürcülük. haz. Amy Gutmann. tər. Y. Salman. YKY, 2014, s. 46-94.
[5] Modern kimliyə dair ətraflı baxın: Charles Taylor, Modern Benliğin Kaynaları, Tərc. G. Küre Yayınları, 2012; Liah Greenfeld, Milliyetçilik, tərc. A. Yılmaz, Alfa Yayınları, 2021, s. 7-21.
[6] Şübhəsiz milli kimlik tək seçim olmadığı kimi millətçilik də tək ideologiya deyil.
[7] Nebi Mehdiyev, Bir Bilme Teorisi, Dergah Yayınları. 2019, s. 15-28.
[8] R. G. Collingwood, Tarih Tasarımı, tər. K. Dinçer, Doğu Batı. 2019, s. 91-96.
[9] Edmund Husserl, “Başlangıç”, Cogito, № 10, 1997, s. 131-135.
[10] Rene Descartes, Felsefenin İlkeleri, tər. M. Akın, Say Yayınları, 2020, s. 65-115.
[11] Yalın Alpay, “Fuat Köprülü’nün Muhafazakâr Ulusal Tarih Tezi Kurgusu”, Muhafazakar Düşünce Dergisi, s. 10(38), 2013, s. 83-116.
[12] Orkhan Valiyev, “Milletini ve Devletini Arayan Bir Etnik Grup: 1850-1920”. Uluslararası Politik Araştırmalar Dergisi. 6(1). 2020, s. 1-15.
[13] Orkhan Valiyev, Azerbaycan’da Milliyetçilik. Türkiye Notları Yayınevi, 2020;Orxan Vəliyev, Azərbaycan Millətçiliyi. Tər. Q. Məmmədov və Ə. Məmmədov, Milliyyət Araşdırmalar Mərkəzi, 2021.
[14] Müstəqillik dövründəki milli kimlik məsələsi ilə bağlı ətraflı baxın: Ayca Ergun, “Citizenship, National Identity, and National-Building in Azerbaijan: Between the Legacy of the Past and the Spirit of Idependence”, Nationalities Papers, 2021, 1-18.
[15] Ətraflı baxın: Harun Yilmaz, “The Soviet Union and the Construction of Azerbaijani National Identity in the 1930s”, Iranian Studies. 46(4). 2013. 51-533.
[16] Platon, İon, tərc. N. P. Boyacı, Kabalcı Yayınları, 2011.
[17] Ernest Renan, Ulus Nedir?, tər. G. Yavaş, Pinhan Yayınları, 2016.
[18] Bu müzakirə üçün ətrafı baxın: Tariq Modood, “A Multicultural Nationalism?”, Brown Journal of World Affairs, 25(2), 2019, 233-46; Clayton Chin, “Multiculturalism and nationalism: Models of belonging to diverse political community”, Nations and Nationalism, 27(1). 2020, 112-129.
[19] Bakı Multikulturalizm Mərkəzinin Nizamnaməsi, maddə, 2.1. http://multikulturalizm.gov.az/az/post/755/baki-beynelxalq-multikulturalizm-merkezinin-nizamnamesi.html
[20] Ətraflı baxın: Bernard Lewis, Modern Türkiye’nin Doğuşu, tərc. M. Kıratlı, Türk Tarih Kurumu Basımevi, 1993, s. 1-21.
[21] Bünyamin Bezci, “Jeopolitik Kaderimiz: Merkez Ülke Olarak TÜRKİYE”, 2021
https://sabite.org/jeopolitik-kaderimiz-merkez-ulke-olarak-turkiye?fbclid=IwAR1AyW_DlSta_5VfisOA7T4QtAk5QhfEPgcbe5VWDF8mFqYjNECu9LF5sP8