Məqaləmizin birinci hissəsi “İranda millətçilik və millətquruculuq – Qacarlar dövrü” adlanırdı. Birinci hissədə biz milli kimlik və millətçiliyin nə olması, İranda bu məfhumların modernizmdən əvvəlki kökləri barədə səthi məlumat verdikdən sonra Qacarlar sülaləsi dövründə bu çox etnoslu imperiyada modern hadisə kimi millətçiliyin meydana çıxmasından bəhs etmişdik. Onu şərti olaraq üç təkamül mərhələsinə bölmüş, sonda isə Qacarların Pəhləvilərlə əvəz edilməsi məsələsinə toxunmuşduq. Lakin I hissədə bəhs olunan hadisələrin dövr etdiyi zaman ərzində millətçilik cərəyanı sistemli olaraq millətquruculuq prosesinə çevrilməyi bacara bilməmişdir.

Bu məsələdə Pəhləvilər Qacarlardan xeyli fərqlənirdi. 1911-ci ildə məclis binasının yadellilər tərəfində bombardman edilməsi, Birinci Dünya müharibəsi dövründə ölkə ərazisinin qonşu imperiyaların işğalına məruz qalması (halbuki Qacarlar rəsmi olaraq bitərəfliklərini elan etmişdilər) ziyalıların dünyagörüşündə böyük dəyişikliklərə səbəb oldu. Nəticədə dini hisslərdən uzaq, dünyəvi, dünyagörüşü baxımından Qərbə daha yaxın olan ziyalılar tərəfindən də dəstəklənən Pəhləvilər İranın kimlik sütunlarından biri olan islamiyyətdən imtina edərək millətquruculuq proseslərində tamamilə “irqə”[1] əsaslanan kimlik inşasına başladılar. Dövlət  bu prosesin hərtərəfli və uğurlu olması üçün əlindən gələni əsirgəməməkdə idi. İranda yaşayan, demək olar ki, bütün etnosların ari soyundan olmasını “sübuta” yetirmək üçün tarixçilər həvəsləndirilir, onların rəqibləri aradan götürülür, rəqib ideologiyaların “yaşaya bilməsi” faktiki olaraq qeyri-mümkünə çevrilirdi. Xülasə, Pəhləvilər dövründə artıq millətçilik əməli olaraq millətquruculuq edə biləcək səviyyəyə yetdi. Buna görədir ki, məqalənin birinci hissəsində, əsasən, İrandakı millətçilikdən, ikinci mərhələdə isə millətquruculuqdan bəhs edilmişdir.

Biz bu yazımızda Pəhləvilər dövründə millətçiliyin hakim dövlət ideologiyasına və modernləşmə, monarxiyanı legitimləşdirmə alətinə çevrilməsindən, daxildəki millətquruculuq prosesi ilə qarşılıqlı əlaqədə olaraq regional xarici siyasətin əsas prinsiplərinin təhlilindən, millətquruculuq prosesində tarix elmindən (xüsusən İslam öncəsi dövrün işlənilməsi baxımından) necə istifadə edilməsindən, İslam öncəsi dövrün dövlət tərəfindən necə qəbul edilib, təbliğ edilməsindən bəhs edəcəyik. Son məsələlərin daha da aydın olması üçün tarix və millətçilik/millətquruculuq məfhumlarının qarşılıqlı əlaqəsi məsələsinə də geniş yer veriləcəkdir.

                                     Millətçilik – modernləşmə aləti və hakim ideologiya kimi

Akademik sahədə millət məfhumundan bəhs edərək, yeni bir millət düşüncəsinin meydana çıxmasında fərqlənənlərdən biri də Ernest Renandır. Ernest Renan özünün məşhur “Millət nədir?” adlanan məqaləsində bildirirdi ki, bir millətin varlığı məcazi mənada referendumdur, yəni həmrəylik və birgəyaşayış üçün hər gün keçirilən referendum.[2] Bəs bu birgəyaşayış və həmrəylik, biz bütün bu “yarışda” təkik düşüncəsi necə formalaşdırılır? Yəqin ki, bu geniş cavab tələb edən suala ən yaxşı qısa cavab belə ola bilər: “bu insan toplusuna millətçi elita/intelgensiya tərəfindən aşılanan düşüncələr vasitəsilə”. Bizim nümunəmizdə bu motivlərə əlavə olaraq Pəhləvi sülaləsinin öz hakimiyyətini legitimləşdirmə istəyi də əlavə oluna bilər.[3] Çünki modernləşmə və son nəticədə millət-dövlət qurmaq istəyən şah dini motivlərlə legitimləşmə seçimindən məhrum idi. Çünki dini modernləşməyə qarşı maneə kimi dəyərləndirirdi. Bu zaman sual oluna bilər ki, modernləşmə üçün niyə millətçilik (həm də etnik millətçilik) seçildi?

Millət və millətçilik sahəsində seçilən alimlərdən biri olmuş Entoni D. Smit “Millət: real, yoxsa xəyali?” adlanan məqaləsində sivil və etnik millətçilik arasında fərq qoyarkən sivil milətçiliyin milləti eyni qanunlar altında yaşayan və kütləvi, ictimai kültürü bölüşən vətəndaşların ərazi assosiasiyasi kimi, etnik millətçiliyin isə millətə geneoloji kök, milli kültür, yerli tarix və toplu mobiliziasiya birliyi kimi yanaşdığını bildirir. Smit əlavə edərək bildirir ki, sivil millətçilik nizam və idarəetmənin millətçiliyidir və bu Avropanın qərbinə uyğun gəlir. Lakin bunun keçmiş imperiyalara və ya imperiyaların varis dövlətlərinə təklif edə biləcək çox az şeyi vardır. Çünki belələrində bir qayda olaraq, nizam və idareetmə millət-dövlətlə müqayisədə çox aşağı səviyyədə olur. Belə olduğu halda, modernləşmə etməyə çalışan şəxs/qrup cəmiyyəti səfərbər edə bilmək üçün hansısa ortaq bir şey tapmalıdır. Qacarlar sülaləsini yenicə yola salmış imperiyada isə belə bir şey hansısa etnosa əsaslanan millətçilik ola bilərdi və Rza şah da bunu etdi.

Beləliklə, Pəhləvilər dövründə millətçilik dövlətin dominant ideologiyası halına gəldi. Bu dövr I Dünya müharibəsinin bitdiyi və yeni yaranmış/yeni cür təşkil edilmiş dövlətlərin (biz onları bundan sonra “bağban dövlətlər” adlandıracağıq)  meydana çıxdığı tarix idi. Artıq böyük imperiyalar – çoxu sözün əsl mənasında “xalqlar həbsxanası” idi – parçalanmış və yerlərində çoxlu kiçik millət-dövlətlər və ya millət-dövlət olma iddiası olan qurumlar meydana çıxmışdı. Pəhləvilərin təhvil aldıqları İran imperiya idi, o müharibədə iştirak etməsə də, faktiki olaraq bir neçə il idi ki, bir sıra əraziləri üzərində hakimiyyətini itirmişdi. Pəhləvilərdən ilk şah olan Rza xanın ilk hədəfi dövlətin konsolidasiyasını, modernləşməsini həyata keçirmək idi. Bütün bunları həyata keçirmək üçün görünən ən uyğun alət isə millətçilik vasitəsiylə dünənə qədər “ra’aya” olan insanlardan millət düzəltmək idi. Türkiyə də daxil olmaqla, demək olar ki, bütün “bağban dövlətlər” bu yoldan irəliləməkdə idilər. Türkiyənin təxminən bir neçə il “gerisində” olan Pəhləvi İranında millətçilik belə bir şəraitdə hakim dövlət ideologiyası halına gəldi və imperiyadan millət dövlətə transformasiyanı təmin etməyə başladı.

Millətçi sentiment üçün təməl, güclü mərkəzləşdirilmiş dövlət qurmağı məqsədləyən teritoriallıq idi. Ordu komandanlığından şahlığa yüksələrkən Rza xanın diqqətini yönəltdiyi məsələ yarımmüstəqil feodal qurumları, hakimiyyətin nəzarətindən çıxmış üsyankar bölgələri mərkəzi hakimiyyətə tabe etmək oldu. Belə qurumlara misal olaraq şimaldakı kommunist Gilanı və cənubda Britaniyanın nəzarətində olan Muhamara şeyxliklərini göstərmək olar. Fars körfəzində və Bəhreyndə də üstünlük uğrunda mübarizə aparan Rza şah bununla paralel ölkədə  fars etnik mənsubiyyətinə əsaslanan etnik baxımdan homogen dövlət yaratmaq üçün də çalışırdı. Bu proses, əsasən, islamdan öncəki fars tarixinin qabardılması ilə yeni tarix narrativinin formalaşdırılması, müxtəlif simvol və mərasimlərin təşkili vasitəsi ilə həyata keçirilirdi. Görülən tədbirlər siyahısına farscanın ərəb və türk dillərindən[4] alınmış sözlərdən “təmizlənilməsi”, keçmiş imperiya boyunca çox saylı etnosların danışdığı ana dillərinin qadağan edilməsi, xarici məktəblərin qapadılması, fars ədəbiyyatının ucaldılması da daxil idi. Bütün bu tədbirlər sayəsində çox etnoslu imperiyanı fars etnosuna, dilinə və hekayəsinə əsaslanan homogen millətə çevirə biləcəyini düşünən Rza şah bir çox zaman bu etnosların bu və ya digər formada müqaviməti ilə də qarşılaşmalı olurdu. Elə buna görədir ki, 1941-ci ildə Rza şah taxtdan imtina etdikdən sonra Azərbaycan türklərinin və kürdlərin mərkəzi hakimiyyətə qarşı çıxışları başladı. Burada Sovet İttifaqının dəstəyi önəmli və bəzən həlledici rol oynasa da, insanların bu yeni qrupları dəstəkləməsinin əsas səbəblərindən biri də Rza şahın izlədiyi və etnik azlıqlara təzyiqlə müşayiət olunan siyasəti idi. Kürd və Azərbaycan türklərinin ayrılma istəkləri mərkəzi aparatın konstruksiya etdiyi və əyalətlərdə güclə yeritməyə çalışdığı siyasətin xalq arasında kövrəkliyinin və alt-dövlət qurumların nəzərə çarpanlığının sübutu idi.[5]

Şahın millətquruculuq sahəsində ilk səs-küylü hadisələrdən biri də ölkə adının rəsmi olaraq dəyişdirilməsi və bu barədə dünya ölkələrinə məlumatların verilməsi oldu. 1935-ci ilin Novruz bayramı günü Rza şah ölkədəki xarici ölkə nümayəndələrinə müraciət edərək ölkə adı üçün endonim olaraq artıq İran sözünün istifadə olunacağı məlumatını verdi.[6] Buna qədər isə, ölkəyə Persia deyilirdi və bu adlandırmanın tarixi kökü İran-Yunan müharibələrinə qədər gedib çıxmaqdadır. Bunda məqsəd, təkcə farslıq üzərində (ən azından adlandırma olaraq) millətquruculuq aparmamaq, ölkənin digər etnoslarını da (istər ariyan kökənli, istər türk kökənli[7]) özündə rahatlıqla birləşdirə biləcək bir adın işlənilməsi idi. Lakin bu qanun 1959-cu ildə Rza şahın oğlu Məhəmməd Rza şah tərəfindən qismən dəyişdirildi. Belə ki, şahın əmri ilə bildirildi ki, hər iki adlandırma paralel olaraq istifadə oluna bilər.[8] Bu məsələ hələ də müzakirə olunmaqdadır.[9]

Proses boyunca bəzi məsələlərdə Rza şahın millətqurucu intelligensiyası arasında fikir uyuşmazlıqları var idi. Bunlara misal olaraq, dilin alınma sözlərdən (əsasən, türk və ərəb dillərindən) təmizlədilməsində, irq və millət deyəndə tam olaraq nəyin nəzərdə tutulduğunu göstərmək olar. Bəziləri hazırda dildə istifadə edilən və hamı tərəfindən başa düşülən sözlərin atılmasına, onun əvəzinə farscadan saf fars sözü tapılmasının əleyhinə idilər. Belə fikir səsləndirən ilk ziyalılardan biri də Məhəmmədəli Füruği (1877-1942) olmuşdur. Füruği Rza şahın tac geyinmə mərasimində şahı “saf irani irqdən doğulmuş” deyərək vəsf etsə də, irq terminin istifadəsindən, onun millətlə fərqli olmasından xəbərdar idi. 1934-cü ildə Firdovsinin doğum gününün 1000-ci ildönümündə çıxış etmə imkanı əldə edən Füruği bu məsələlərə aydınlıq gətirməyə çalışdı:

“Milliyyət birliyi nədir? Ziyalılar bu möhtəşəm mövzunu çox müzakirə edib və sonda müxtəlif nəticəyə gəliblər. Onların gəldiyi nəticəyə görə milliyyət irqəmi əsaslanır? O [milliyyət birliyi] bir monarxiyaya aid olmağamı əsaslanır? O ortaq əyalət, şəhər və ya torpağlamı əlaqəlidir? O ortaq dindənmi gəlir? O ortaq danışılan dildənmi gəlir? Yoxsa, o bütün bunların hamısıdır? Əlbətdə, bütün bunların hamısı milli birlikdə rol oynayır, lakin bunların heç biri təklikdə milli birliyin, etik qrupun və ya əslində, bir irqin yaradıcısı deyildirlər. Biz 12 nəsildən artıq geriyə gedə bilmərik, o zaman haradan bilə bilərik ki, hansı irqdən gəlirik? Əlbətdə, ağ irqlə qara irq arasında xeyli fərq vardır, sarı irq də bu ikisindən xeyli fərqlidir, lakin milyon illər boyunca gedən qan qarışımı nəticəsində bəmbəyaz bir rəngdə ikən, hansı qoldan gəldiyini müəyyən etmək necə mümkün ola bilər? Bu otaqdakı hər bir kəsin bir irqdən olduğunu demək mümkündürmü? Yox!”[10]

Bu çıxışı ilə Füruği İranda irqlə millətin qarışdırılması məsələsinə Avropa yanaşmasına bənzər tərzdə həll yolu tapmağa çalışarkən həm də iranlılar olaraq gördükləri insanların beynində yaranan bir başqa suala cavab tapmağa çalışmaqda idilər – “axı sonuncu böyük və saf fars və ya İran dövləti olan Sasanilər uzun müddət əvvəl ərəblər tərəfindən dağıdılmışdı, ondan sonra ölkə əsrlərlə ərəb, türk, monqol işğalında qaldı, hansı irqdən və irqi təmizlikdən danışmaq olar?” Füruği simasında, digər millətqurucular xalqa əslində bunun problem olmadığını, bütün millətlərin qarışıq olduğunu, onlarla müqayisədə iranlıların o qədər də qarışmadıqlarını sübut etməyə çalışırdılar. Əslində, yuxarıda da qeyd etdiyimiz kimi, məsələ irqə əsaslanma deyildi, farsların da aid olduğu ariyan köklərinə əsaslanaraq Avropada yaradılmış hazir narrativi götürmək, Pəhləvi səltənətində ona əsaslanan millət qurmaq idi. Bununla da, dövlətin, xalqın modernləşəcəyi düşünülürdü. Onsuz da Füruğinin “Biz niyə İranı sevməliyik?” məqaləsindən də göründüyü kimi əsas problem təhsildə idi, nəinki irqi qarışıqlıqda.

İkinci Dünya müharibəsi dövründə Almaniya ilə yaxınlığına görə Böyük Britaniya və Sovet İttifaqının işğalına məruz qalan İran müharibədən sonra faktiki olaraq parçalanmanın bir addımlığında idi. Lakin Qərb dünyasının artıq Sovet İttifaqına güzəştə getmək istəməməsinin və İranın parçalanmasına şiddətli qarşı çıxışları nəticəsində bu baş tutmadı.[11] Atasının taxtdan imtina etməsindən sonra taxta çıxan Məhəmməd Rza şah (1941-1979) hakimiyyəti dövründə atasının izlədiyi millətçilik vasitəsiylə millət-dövlətin qurulması və dövlətin modern səviyyədə mərkəzləşdirilməsi siyasəti iki qat sürətləndirildi. Bunun səbəblərindən biri də, onun hakimiyyəti dövrünün millətçiliyin dövlət təhlükəsizliyi ilə əlaqələndirildiyi soyuq müharibənin ən qızğın dövrü ilə üst-üstə düşməsidir.

Məhəmməd Rza şah hərarətlə dünyəvi millətçiliyə vurğu etmək və İranın islamdan öncəki tarixini ucaltmaqla monarxiyanın şiəliyi marginallaşdırmaqla qarşılaşdığı legitimlik problemini aradan qaldırmağı,  şəhər və şəhər ətrafı bölgələrdə yayılmış radikal siyasi ideologiyaları zəiflətməyi məqsədləyirdi. Monarxiyanın  dünyəvi iranlı millət-dövlətini qəlpləşdirmə  cəhdləri ilə yanaşı, yuxarıdan aşağıya doğru sürətli modernləşmə və dövlət mərkəzləşdirilməsinə çalışılırdı, bunun, rəsmi dövlət çıxışlarında yeni İranı yeni nizama – Böyük Mədəniyyətə (Tamaddon-e Bozorg) – aparacağı bildirilirdi. Millətçi nəzəriyyəçi Tom Neirnin elmə gətirdiyi “millətçiliyin Yanus üzü”[12] ifadəsini yada salmaq burada yerinə düşər: Pəhləvi millətçiliyi İranın keçmiş möhtəşəmliyini bərpa etməkdən bəhs edərkən, monarxiya ənənəsi ilə modernliyi  modern, dünyəvi iranlı millət-dövlətinə inteqrasiya etmək istəyirdi. Ən altdakı məqsədlərdən biri isə, millət-dövlət olmuş iranlıya islami mədəniyyətə mənsubluğu hissi ilə rəqabət apara biləcək aura təmin etmək idi. Həm Rza, həm də Məhəmməd Rza şahların dövründə şiəliyin marjinallaşdırıldığını və təqiblərə məruz qalındığını nəzərə alsaq, insanlara rəqabət hissi aşılama cəhdləri başa düşüləndir.

Lakin hər bir halda, bu inteqrasiya cəhdlərinin nəticəsi islahatlarla sosial rihaf səviyyəsinin yüksəlməsi vədi kimi o qədər də uğurlu olmadı.[13] 1963-cü ildə başladılan və rəsmi olaraq “Ağ inqilab” adlandırılan islahatlarda məqsəd Qərblə İran arasında olan hər cür fərqi minimuma endirmək və ikitərəfli əlaqələri daha da möhkəmləndirmək idi. Lakin bu islahatlar nəticəsində yaşanan sosial narazılıqlar, güclü və idarəolunması çətin olan urbanizasiya Pəhləvilərin hakimiyyətinin laxlamasında mühüm rol oynadı.

Həmçinin şahın etnik azlıqları fars mədəniyyəti ətrafında konsolidasiya etmə cəhdlərinin də bir o qədər uğurlu olduğu deyilə bilməz. Belə ki, şahın mərkəzi bölgələrə yönəlmiş kapitalist siyasəti mərkəzlə  əhalisinin çoxu etnik azlıqlardan təşkil olunmuş əyalətlər arasında onsuzda zəif olan əlaqələrdə boşluqların yaranmasına səbəb oldu. Bu boşluqların əyalətlərin ölkənin əsas tranzit yollarından kənarda qalmasının, yoxsa bu bölgələrdə etnik azlıqların yaşadığına görə tranzit yollarının bu bölgələrdən uzaqdan keçməsinin nəticəsi olduğu mübahisəsi edilə bilər, lakin nəticə odur ki, Pəhləvilərin kapitalistləşmə siyasətləri ölkədəki etnik bölünməni nəinki aradan qaldırdı, hətta daha artırdı. 1960-cı illərdə siyasi elit təbəqə yalnız Tehran mərkəzli idi və ora etnik azlıqlardan yalnız Azərbaycan türkləri daxil idilər.[14] Bu şəxslərin də bir çoxu ya Qacarlar dövründə tutduqları yüksək dövlət vəzifələrini əllərində saxlamağa nail olmuş, ya da fars mərkəzli etnik dominantlığı qəbul etmiş Azərbaycan türkləri idilər. Bundan əlavə, qeyri-şiə azlıqlar olan yəhudilər və bəhailər bənzərsiz formada rifah içərisində yaşamaqda idilər.

İranın islamdan öncəki tarixinin ucaldılmasının zirvəsi 1971-ci ildə Persopolisdə fars monarxiyasının 2500 illiyinin keçirilməsi oldu. Bu həddindən artıq ehtişamlı mərasimin keçirilməsində məqsəd Məhəmməd Rza şahı Böyük Kirin varisi olaraq təqdim etmək, monarxiyanın iranlı kollektiv kimliyinin tarix boyunca əsas kilid daşı olduğunu insanlara aşılamaq idi. İranlı/fars kimliyinin əsrlərdir davam etdiyini vurğulanmaqla yanaşı, bu kimliyin sahib olduğu imperiyaların tolerantlıq, mədəniyyət mücəssiməsi olduğu və bu dəyərləri tarix boyunca digər xalqlara, dövlətlərə aşıladığı bildirilirdi.[15]  Lakin bu mərasim gözlənilənin tam əksi ilə nəticələndi. Rejimdən narazı dindarlar monarxiyanı reallığı əks etdirməməkdə, xalqın sərvətini boşa sərf etməkdə və ən əsası, iranlı kimliyinin əsasına islamdan öncəki keçmişi yerləşdirməkdə ittiham edirdilər. Başqa müxalif qruplar da şahı mərasim boyunca İranın tarix boyunca insan hüquqlarına olan rəğbətindən və digər dövlətlərin bu məsələlərdə İrandan çox şey öyrənməsindən bəhs etməsinə baxmayaraq, ölkədə repressiv sistem qurmaqda və ikiüzlülükdə ittiham edirdilər. Başqa sözlə, bu müxalif qruplar monarxiyanı millətçilikdən manipulyasiya aləti kimi istifadə edərək öz hakimiyyətini möhkəmlətmək istəyinə görə tənqid edirdilər, özü-özlüyündə millətçilik onlar üçün bir problem və ya tənqid obyekti kimi görünmürdü.

1953-cü ildə Müsəddiqin devrilməsindən 1979-cu ildəki İslam inqilabına qədər hakim Pəhləvi millətçiliyinə müxalif olan və özündə dini qrupları da birləşdirən fərqli narrativə əsaslanan millətçi cərəyan da formalaşmışdı. Məhz 1950-ci illərdə monarxiyanın millətçiliklə həyata keçirilən qərbliləşmə prosesi müxtəlif qrupların qıcıqlanmasına, yerli adət-ənənələrin, həyat tərzinin aradan qaldırılacağı qorxusu ilə bu proses tərəfdarlarına ikrahla qərbzadegi (qərb heyranları) ləqəbini taxmalarına səbəb olmuşdu. İranın öz ənənəvi görünüşünü və həyat tərzini itirməsi şahın ABŞ meyilli siyasəti ilə də əlaqələndirilirdi və bunun sonda İranın ABŞ-ın tam asılılığına keçməsi ilə nəticələnəcəyindən qorxulurdu. Bu anti-qərb cərəyanını Merhzad Borucerdi “dirilişə, köhnə halına qayıtmaya və yerli mədəni adətlərin, ənənələrin, inancların və dəyərlərin davam etdirilməsinə olan çağırış” kimi xarakterizə edir.[16] Məsələn, rejimə müxalif mötədil dini qruplardan olan İran Azadlıq Hərəkatı dini modernizmlə və mülayim millətçiliyin sintezini yaratmışdılar. 1964-cü ildə sürgünə gedənə qədər Xomeyni belə şaha qarşı müxalif arqumentlərini millətçi diskurs üzərində qururdu.[17] Kamran Ağayi iddia edir ki, şahın millətçi diskursu ilə razılaşmayanlar belə iran millətinin primordial qavramını qəbul edirdilər, onların narazı olduqları və qəbul etmədikləri məqam isə iranlı kimliyində islam öncəsinə daha çox vurğu edilməsi idi.[18]

                                                Millətçiliyin İranın xarici siyasətinə təsiri

              İlk öncə qeyd etmək lazımdır ki, Pəhləvilərin millətçilik və millətquruculuq siyasəti hər şeydən əvvəl daxili məqsədlərə hədəflənmişdi; daxildəki çoxetnoslu və çoxdilli cəmiyyəti homogenləşdirmək, öz sülalə hakimiyyətlərini legitimləşdirmək və cəmiyyəti modernləşdirmək idi. Lakin yeri gəldikdə ondan xarici siyasətin də bir aləti kimi istifadə edilirdi. Bunu, xüsusən 1950-ci illərin əvvəllərindən İranın qonşusu olan Orta Şərqin ərəb dövlətlərində Nasirçi hərəkatların güclənməsi və bir növ ərəb millətçiliyinin bayraqdarına çevrilməsi, onun anti-qərb siyasəti nəticəsində regionda Qərbin ən yaxın müttəfiqlərindən biri olan İrana yaratdığı təhlükəni zərərsizləşdirmək kimi örnəklərlə göstərə bilərik.[19] Həmçinin, 1940-cı illərin sonunda yaxın coğrafi bölgədə yaranmış ariyan dövləti olan Pakistanla da münasibətlərdə daxili millətçilik faktorlarından qismən istifadə edilmişdir.

1974-cü ildə Məhəmməd Rza şah alman “Der Spiegel” qəzetinə verdiyi müsahibədə müsəlman həmrəyliyinin[20] o qədər də ciddiyə alınası məsələ olmadığını, ərəb dövlətlərinin arasındakı həmrəyliyin müsəlman olmalarından çox, etnik baxımdan ərəb olmaları ilə əlaqələndirmişdi. Həmçinin, bu müsahibədə Qərbin gözündə ərəblərlə özlərinin eyni olmadığını vurğulamaq[21] üçün ərəblərin sami, iranlıların isə ariyan olduqlarını bildirmişdir.[22]

Yuxarıda da dediyimiz kimi İran 1950-ci illərdən qonşu respublikalarda yayılan ərəb millətçisi, anti-imperiyalist nasirçi axıma qarşı öz xarici siyasətini daha da fəallaşdırdı. Daxildə onsuz da İslam simasında ərəblər canlandırılır, “qədim və möhtəşəm” İranı darmadağın edənlər olaraq onlar dağmalanmaqda idilər. Bu düşüncə dövlətin mətbu orqanlarında, şəxsi danışıqlarda yüksək rütbəli dövlət xadimlərinin ağızlarından eşidilirdi. 1950-ci illərdə, İranda qəzetlərin senzura olmadan karikatura çap etmə icazəsi olan zaman ərəblər tez-tez ilan kimi təsvir edilirdi.[23] Ərəblərin ariyanlardan aşağı irq kimi görülməsi təkcə İranda yaşayanlarla müqayisədə belə deyildi. Məsələn, 1958-ci ildə İraq kürdlərinin lideri Mustafa Bərzani ilə Camal Əbdül Nasirin görüşü barədə xəbər yayımlayan gündəlik Cahan qəzeti əlavə edirdi ki, kürdlər ariyan xalq olaraq ərəblərdən çox-çox daha ağıllıdırlar və hansısa 50 il öncə yaradılmış bir ərəb dövlətinin tərkibində ola bilməzlər. 1960-cı ildə Misirlə İranın münasibətləri əməlli-başlı pisləşdikdən sonra bütün İran mediası ərəblərə kin bəsləməyə başladı. Müxtəlif cür alçaldılan ərəblər qəzetlərdə “kərtənkələ yeyənlər, “geridəqalmış insanlar” kimi qələmə verilirdi.  Şəxsən Şah Məhəmməd Rza 1962-ci ildə ABŞ dövlət katibi ilə olan görüşməsi zamanı ərəblərə qarşı şəxsi kin hissinin olduğunu bildirmiş və “bəlkə də, bu, qərəzdir [ön yarqı], amma mən sadəcə onları xoşlamıram”, – deyə əlavə etmişdir.[24] Vaxtilə İsrailin İrandakı səfiri olmuş Meir Ezriyə görə, yüksək rütbəli İran rəsmilərindən biri İrana məsləhətçi kimi gəlmiş israilli müşavir İtzhak Bar-Moşeyə demişdir ki, biz nə günah işləmişik ki, Allah Quranı fars yox, ərəb dilində göndərmişdir?.[25]

Lakin daxildə ərəblərə bu cür münasibət sərgilənsə də, xaricdə Nasirin təsirinə qarşı mübarizə apara bilmək üçün köhnə ərəb rejimləri ilə əlaqələr qurmaq lazım idi. Buna görə də, İran ərəb dünyası və ərəblər barədə irqi hesablamalara əsaslanan düşüncələrini geri plana atmağa məcbur oldu. 1960-cı illərin ortalarından artıq ərəb dünyası və ərəblər Nasirin siyasətindən ayrı tutulmağa başlandı, İranın əsas hədəfi kimi isə Nasir və onun ərəb dünyasına “şəri” yayan siyasəti seçildi. Məsələn, bu tarixlərdə dövlətə yaxın “Ettela’at” qəzetində çıxan yazılarda Nasir ərəblərlə iranlıların arasını vurmaqda, İslam dünyasını bölməkdə lənətlənirdi və növbəti günkü yazıda müsəlmanlar arasında heç bir sərhədin olmadığı bildirilirdi. Bunun hekayəsi isə tarixdən Sasani şahları ilə ərəb qəbilə başçılarının müttəfiqliyi, Roma ordularına qarşı birgə mübarizə hekayələri ilə uydurulurdu. 1950-1960-cı illərdə olan ərəblər arasında birləşmə tendensiyasına isə İran qəzetləri İranın ərəblərin birləşməsinə qarşı olmadıqlarını, sadəcə bu birləşmənin ərəbləri özünün qulu etməyə çalışan Nasirin başçılığı ilə olmamasını arzuladığını bildirdilər. Nasirçi Misirin rəhbərliyi altında ərəblərin birlik qurma iddaları gün keçdikcə daha real olmağa başlamışdı. Belə bir şəraitdə Pakistan 1958-ci ildə İrana birləşmə təklifi etdi. Bu təklifin reallaşağacağı halda 100 milyon əhalisi olan ariyan kökənli dövlət meydana çıxa bilərdi. Həmçinin, İraqın Bağdad paktından çıxmasından sonra bu birləşmə İranın daha yüksək səviyyədə olan Pakistan ordusu sayəsində hərbi təhlükəsizlik də təmin edə bilərdi. İlk dəfə Pakistan prezidenti İsgəndər Mirzə tərəfindən ortalığa atılan təklif 1959-cu ildə İrana səfər edən Məhəmməd Əyyub Xanla şahın görüşündə də müzakirə edildi. Şah prezidentin qarşılanma mərasimində iki xalqın ortaq köklərindən, mədəni, tarixi yaxınlığından uzun-uzadı danışdı.[26] Pakistanın bir qədər etinasız yanaşmasından sonra bu düşüncə 1963-cü ildə Misir, Suriya və İraqın bir federasiyada birləşmə istəyinin meydana çıxmasından sonra İran tərəfindən gündəmə gətirildi. Əlavə olaraq, bura Əfqanıstan da əlavə edildi. Ərəblərin birləşməsinə qarşılıq İran-Əfqanıstan-Pakistanı əhatə edən ariyan oxu yaradılması planlanırdı. Lakin ərəblərin birləşməsinin gündəmdən düşməsindən sonra bu iddia bu dəfə İran tərəfindən dəstəklənmədi. Bu özü-özlüyündə İranın bu birliyə yalnız ərəbləri balanslaşdırma vasitəsi kimi yanaşdığının göstəricisidir. Həmçinin, neftdən böyük pullar qazanan İranın öz sərvətini kasıb Əfqanıstan və böyük bir dövlətlə – Hindistanla müharibə şəraitində olan Pakistanla bölüşmək istəməməsi də öz rolunu oynamışdı.

İranın bu dövrdəki xarici siyasətinin maraqlı tərəflərindən biri də onun daxildəki diskursdan fərqli olaraq, yeri gəldikdə həddindən artıq islami motivli olmasıdır. Belə ki, İran əsas rəqibi Misiri Yəməndəki müharibədə müsəlmanları qırmaqda, Yəməndə kimyəvi silah istifadə etməkdə, müsəlman dövləti olan Türkiyəni Kipr münaqişəsində dəstəkləməməkdə, Kəşmir münaqişəsində Hindistana tərəf olmaqda ittiham edirdi. 1966-cı ildə “Müsəlman Qardaşları” islami təşkilatının bir çox üzvünün, o cümlədən baş ideoloq və aparıcı şəxsi olan Seyid Qütbün edam olunması İran tərəfindən şiddətli formada islami motivlərlə əsaslandırılaraq tənqid olunmuşdu. İranın dövlətə yaxın qəzetlərindən olan “Fərman” qəzeti Misiri və Nasiri kommunist Çindən və Şərqi Avropa ölkələrindən aldığı silahlarla müsəlmanları öldürməkdə ittiham edirdi. Halbuki təxminən bununla eyni zamanda İranda dini müxaliflər də daxil olmaqla, xeyli sayda fərqli yönümlü müxalif şəxsləri edam etdirmiş və ya uzun müddətli həbsə göndərmişdi.

Misirə qarşı mübarizə çərçivəsində İranın yaxınlaşdığı dövlətlərdən bir də Misirlə münasibətləri pis olan və İran kimi monarxiya tərəfindən idarə olunan Səudiyə Ərəbistanı idi. 1966-cı ildə Kral Feysəlin islami birliyə çağırışı və Misirin bunu tənqidi yenidən İran mətbuatında Nasirin güclü tənqidi gerçəkləşməsinə rəvac verdi. İran Nasirin müsəlman Orta Şərqinə olan təsirini azaltmağa çalışmaq üçün bu birliyə razı olsa da, yüksək rütbəli dövlət rəsmiləri bu birliyin islami bloka çevrilməsini istəmirdilər. İsrailin XİN nümayəndəsi Mordexay Gazitlə görüşündə İran Baş naziri Əmir Abbas Hüveydə dinə əsaslanan birliyin keçmişə xas bir şey olduğunu bildirmişdi.[27]

Ərəb dövlətləri ilə olan münasibətində İran öz islami keçmişindən istifadə edirdisə də, bu proses zamanı həmin ölkələrin şiə əhalisi varsa, bundan geniş ölçüdə istifadə etməyi də unutmurdu. Şahın bu siyasəti də digər sahələrdə olduğu kimi Nasirin qonşu ölkələr üzərində təsirini azaltmağa yönəlmişdi. Şah 1960-cı illərin ortalarında Livanda Nasirin təsirinin yüksəldiyi və ölkənin dəyişikliyə qədəm qoyduğu düşüncəsində idi. Bu zaman şah öz dövlət maraqlarını həyata keçirmək üçün Livandakı şiə azlıqla işləmək qərarına gəldi.[28] 1960-cı ildən etibarən İran Livanın şiə icmasına SAVAK (Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı) vasitəsiylə illik 330.000 dollar pul yardımı etməkdə idi.[29] Musa Sədrlə əməkdaşlıq edən İran onun tez bir zamanda icma içərisindəki yüksəlişinə də yardım etdi. İrandan maliyyə yardımı almaqla fəaliyyət sərbəstliyi qazanacağını düşünən Sədr 1962-ci ildə İranın maliyyə yardımı artımı qarşılığında birbaşa asılılıq təklifini rədd etdi və 1963-cü ildə başladılan islahatlara görə Pəhləviləri tənqid etməyə başladı. Buna baxmayaraq, İranın Musa Sədrə maliyyə yardımı uzun müddət davam etdi.[30]

İranın şiəlikdən istifadə edərək siyasətini daha da asanlaşdırmağa çalışdığı dövlətlərdən biri də İraq idi. Lakin Livan nümunəsindən fərqli olaraq, İraqın ali şiə rəhbərləri ilə münasibətlərin saxlanmasında Nasirə qarşı mübarizədən əlavə[31], bu ali dini rəhbərlərin İranın narazı şiə əhalisinə olan təsirini minimuma endirmə istəyi idi. Bu dövrdə İraqda səfir kimi çalışmış Mehdi Pirasteh təklifi qəbul etməmişdən qabaq dövlət qarşısına İraqdakı şiələri təşkilatlandırmaq üçün xüsusi büdcə ayrılmasını şərt kimi irəli sürmüşdür. Bu baş verdikdən sonra Nəcəfə və Kərbəlaya getmiş, dini rəhbərlərə özünü şiə dindar kimi tanıtmış, kiçik ölçülü ianələr edərək onları özünə inandırmışdır. Məqsəd isə şiəliyi güc kimi təşkilatlandırmaq və ondan İraq dövlətinə təzyiq vasitəsi kimi istifadə etmək idi.

Həmçinin, maraqlı nüanslardan biri də şahın xarici siyasət tələb etdiyi müddətcə özünü dünya şiəliyinin qoruyucusu kimi qələmə verməsidir. Parisdə mətbuat konfransı zamanı Şah Nasirin Fars körfəzi ərəblərinə hücum edəcəyi təqdirdə bunun müharibə ilə nəticələnəcəyini, çünki burada yaşayanların ərəb olsalar belə, şiə olduqlarına görə iranlı olduqlarını bildirmişdi.[32]

Bu bölmədə İranın xarici siyasətinin onun millətquruculuq prosesi fonunda qısa icmalını verməyə çalışdıq. Göründüyü kimi, Pəhləvi İranı regional milli maraqlarını təmin etmək üçün 1950-1960-cı illər boyunca öz milli kimliyinin bütün komponentlərindən yararlanmağa çalışmışdır. O, bəzən Nasiri tənqid etmək üçün, ona qarşı olan dövlətlərlə ümumi istinad nöqtəsi qura bilmək üçün öz müsəlmanlığından, dövlətlərin daxilində o dövlətlərə təsir vasitəsi yarada bilmək üçün şiəlikdən, artan ərəb birliyi təhlükəsinə qarşı isə ariyanlıqdan yararlanmışdır. Halbuki həm müsəlmanlıq, həm şiəlik Pəhləvi millətquruculuğunda marjinallaşdırılmış və görməzdən gəlinmiş kompanentlər olaraq dəyərləndirilməkdə idi, əsas sütun olaraq dəyərləndirilən ariyanlıq əsasında Pakistanla (həm də Əfqanıstanla) birlik isə siyasi baxımdan öz əhəmiyyətini itirən kimi,  Pəhləvi İranı üçün də əhəmiyyətini itirmiş, bu layihə görməzdən gəlinmişdi.  Qısası, tamamilə realpolitikə əsaslanan İran xarici siyasətni qurarkən öz dini və kültürəl kompanentlərindən yararlanmışdısa da, bunlar sadəcə ən yaxşı halda İranla Ərəb dünyası arasında gedən siyasi strateji mübarizəni pərdələmək üçün istifadə olunmuşdu.[33]

                                                                            Nəticə                                                                                            

İranlı kimliyinin əsas sütunlarından olaraq qəbul edilən iraniyyatla islamiyyətin mübarizəsi fonunda gedən Pəhləvi dövrü millətçiliyi və millətquruculuğu faktiki olaraq öz məqsədlərinə çata bilmədi. Sonda o islamiyyət tərəfdarları tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı. Buna qədər isə bu proses qarşısına qoyduğu məqsədlərə: monarxiyanı xalqın gözündə legitimləşdirməyə, onu insan hüquqlarının təminatı kimi qələmə verməyə və ölkəni mərkəzlə əyalətlər arasında fərqliliklərin aradan qalxdığı, xeyli sayda olan etnik azlıqların assimilyasiyasına nail ola bilmədi. Vaxtilə Pəhləvi millətçiliyinin əsas alimlərindən biri olan Mahmud Əfşarın fars etnosu əsaslı iranlı kimliyinə əsas təhlükənin Azərbaycan türklərindən gələcəyi[34] proqnozu özünü doğrultdu.[35] Həmçinin, bunu digər etnik azlıqlara da aid etmək olar.

İslam inqilabından sonra da kimlik quruculuğu üzərindəki yarışma sona çatmadı, başqa bir formaya büründü. İraniyyat və islamiyyət arasındakı konflikt yoxa çıxmaqdan çox uzaq idi, lakin yeni narrativ dialektik proseslə meydana çıxarıldı, dini millətçiliyin islami və islamdan öncəki kültürlə qarışığı və iranlı millətinin primordial[36] tərzdə qavranılmasının əməkdaşlığı fonunda müşayiət olundu. Belə ki, Malaşevic islam respublikasında dominant normativ ideologiyanın universal islam, operativ səviyyədə isə millətçilik kimi izah etmişdir.[37]

Yuxarida Pəhləvi millətçiliyinin qarşısına qoyduğu məqsədləri sadalamışdıq. Monarxiyanın bu məqsədlərə çatmağa çalışarkən izlədiyi siyasətin əsasən tarix narrativi vasitəsilə olduğunun şahidi oluruq. Bu narrativ bundan əvvəlki abzasda da bəhs etdiyimiz kimi, islam inqilabından sonra da tam aradan qaldırılmamış, sadəcə müəyyən dəyişikliklərə məruz qalmışdır. Belə bir sual ortaya çıxır. Bu tarix narrativi nə idi, nələrdən təsirlənmişdi? Məqalənin növbəti hissəsində bu məsələlərdən bəhs edəcəyik, həmçinin problemin daha da aydın olması üçün, tarixin millətin formalaşdırılmasındakı rolu barədə də məlumat verməyə çalışacağıq.

Qeyd: Məqaləmizin bu II hissəsinin tam hissəsi bu qədər deyil. Bu hissənin ardında millətquruculuq prosesində tarix elmindən (xüsusən İslam öncəsi dövrün işlənilməsi baxımından) necə istifadə edilməsindən, islam öncəsi dövrün dövlət tərəfindən necə qəbul edilib, təbliğ edilməsindən bəhs edəcəyik. Son məsələlərin daha da aydın olması üçün tarix və millətçilik/millətquruculuq məfhumlarının qarşılıqlı əlaqəsi məsələsinə də geniş yer veriləcəkdir.


[1] Lakin bu irqə əsaslanma Qərbdəki irqçilikdən fərqlənməkdə idi. Daha ətraflə məlumat üçün baxın: Ali M. Ansari – “Iranian nationalism and the question of race”.

[2] Ernest Renan, Millət nədir? (Tərc. Nəriman Seyidov). Millət və Millətçilik, 2020, s. 24.

[3] Etnoslar üstü, dini xarizma avtoritet kimi imperial hakimiyyətin universal prinsipləri öz yerini milli özü-özünü idarə etməyə verdi. Bununla isə, əhalinin homogenləşdirilməsi planlanırdı.

[4] Burada Azərbaycan dili və ya digər adı ilə Azərbaycan türkcəsi nəzərdə tutulur.

[5] Farideh Koohi-Kamali, The Political Development of The Kurds in Iran Pastoral Nationalism. Nyu-York: Palgrave, 2003. 89-125.

[6]

[7] Məsələn, ölkənin türk soylu təbəələrinə millətquruculuq prosesi nəticəsində fars olduğunu aşılamaq çox çətin olardı, halbuki irani-aryan kökənli olsa da, sonradan türkləşmiş olduğunu aşılamaq isə daha asan görünürdü.

[8]Ehsan Yarshater, “Persia or Iran”, Iranian Studies, 1989. (Link:https://web.archive.org/web/20101024033230/http://www.iran-heritage.org/interestgroups/language article5.htm)

[9] Hooman Majd, The Ayatollah Begs to Differ: The Paradox of Modern Iran,

[10] Mohammad Ali Ziya al-Mulk, “Maqam-e arjomand-e Ferdoüsi”, 317-318.

[11] Buna bənzər tendensiya Türkiyə ilə də baş vermiş, lakin İran məsələsində qəti mövqe qoyan ABŞ-ın rəhbərlik etdiyi Qərb dünyası Türkiyə məsələsində də ona qarşı çıxmış, Sovet İttifaqının Boğazlar və Şərqi Anadolu iddialarının əməl ifəaliyyətə keçməsinə əngəl olmuşdur. Daha ətraflı məlumat üçün baxın: Nuri Karakaş,

[12] Janus qədim Roma ilahlarından biridir. Janus heykəllərdə bir üzü gələcəyə baxarkən, o biri keçmişə baxan formada əsk etdirilmişdir.  “Millətçiliyin Janus üzü” deyərkən isə, millətçiliyin gələcəyə gedərkən, keçmişə “boylanması” nəzərdə tutulur.

[13] Meir Litvak, Construction of Iranian National Identidy – An overview. Routledge, 2017. 15.

[14] Marvin Zonis, The Political Elite of Iran. Princeton: Princeto University Press, 1971. 179-180.

[15] Bu məsələ barədə daha ətraflı məlumat üçün Menahem Merhavinin “National Historical Awareness in Iran during the Reign of Muhammed Reza Shah” əsərini oxuya bilərsiniz.

[16] Merhzad Boroujerdi, Iranian Intelectuals and the West: The Tormented Triumph of Nativism. Syracuse: Syracuse University Press, 1996. 14.

[17] Fakhraddin Azimi, Khomeini and the ‘White Revolution’. Cambridge: Cambridge University Press, 2014. 49.

[18] Daha ətraflı məlumat üçün baxın: Kamran Aghaie. “Islam and Nationalist Historiography: Competing Historical Narratives of Iran in the Pahlavi Period”, Studies on Contemporary Islam, 2000. 20-46.

[19] Monarxiyanı inqilabla devirərək hakimiyyətə gələn Cama Əbdül Nasir anti-imperialist hərəkatlardan və şəxslərdən təsirlənmişdi. Odur ki, hakimiyyəti dövründə Qərb dünyası ilə münasibətləri pis olmuş, onlara qarşı SSRİ tərəfindən dəstəklənmişdir. Onun İranla münasibətlərini pis edən əsas amillərdən biri də məhz bu məqam idi.

[20] Bu tarix Fələstin uğrunda Ərəb dövlətləri ilə İsrail arasında üçüncü irimiqyaslı müharibənin – Yom-Kippur müharibəsinin yenicə bitdiyi ərəfəyə təsadüf edir. Müharibə nəticəsində Qərbə neft ixracatına embarqolar qoyulmuş və bu böyük iqtisadi problemlərə səbəb olmuşdu. Şah da bu müsahibəsində “müsəlman həmrəyliyi” deyərkən bunu nəzərdə tutub.

[21] Şah Qərb mətbuat orqanlarına verdiyi çox sayda müsahibədə özlərinin (yəni ariyan İranlıların) əslində Avropalı olduqlarını, tarixin çilvəsi nəticəsində yerlərinin səhv düşdüklərini bildirmiş, özlərini Asiyanın avropalısı adlandırmışdır.

[22] Ministry of Information and Tourism Publication Department, Texts of Interviews granted by H.I.M the Shahnshah Aryamehr to Speigel (Tehran, 1974), 15.

[23] A.L.P Burdett and A. Seay, Iran in the Persian Gulf, 1820-1966, Slough: Archive Editions, 2000.

[24] Nina J. Noring, Foreign Relations of the United States, 1961-1963, Vol 7, Washington, DC: United States Government Printing Office, 1994, 613.

[25] Meir Ezri, Anyone of His People among You, 2001, 613.

[26]

[27] Tehran Radio, 24 February 1966. FBIS – Daily Report

[28] A. W. Samii, “The Security Relationship between Lebanon and Pre-Revolutionary Iran”, London: I.B. Tauris, 2006. 168

[29] Yenə orada., 169

[30] H.E. Chehabi və Majid Tafreshi, “Musa Sadr and Iran”, 154-155.

[31] İraqda böyüyən Nasirin təsirindən təşvişə düşən şah hətta orada üsyan planı belə hazırlamışdı.

[32] AFP, 29 fevral 1964, FBIS – Daily Report

[33] Bu siyasət İslam İnqilabından sonra da davam etməkdədir. Müxtəlif kimlik kompanentləri ilə pərdələnən dövlət xarici siyasəti realpolitik qaydalara əsaslanmaqdadər.

[34] Bu məqalədə Azərbaycan türklərinin Pəhləvi millətçiliyinə reaksiyasından, bu prosesdə iştiraklarından və hakim millətçi tarix qavramının onları öz daxilində əritmək üçün istehsal etdiyi tarix narrativindən bəhs olunmadı. Çünki sırf Azərbaycan türklərinə həsr olunacaq məqalənin III hissəsində bu barədə ətraflı bəhs olunacaqdır.

[35] Ali M. Ansari – “Iranian nationalism and the question of race”, 2017. 110.

[36] Millət araşdırmalarında yayğın düşüncəyə görə millətlər modern dövrün məhsuludur. Modernist və etnosimvolist məktəblər, əsasən, bu məsələdə həmfikir olsalar da, primordialist məktəbin tərəfdarları millətlərin tarix boyunca var olduğunu iddia edirlər. Burada da primordial tərzdə qavranılması dedikdə iranlı millətinin 3 min il əvvəldən bəri var olduğu iddiası nəzərdə tutulur.

[37] Sinisa Malsevic, “Nationalism and the Power of Ideology”. The SAGE Handbook, 458-459.

Qulamhüseyn Məmmədov

Bütün yazıları göstər