20-ci əsrin əvvəllərində liberalizmin Azərbaycan milliyətçiliyinə təsirləri
20-ci əsrin əvvəllərində Rusiya liberalizmi əsasən Kadetlər olaraq bilinən Konstitusiyalı Demokrat Partiya ilə təmsil olunurdu. Alexander Herzen kimi 19-cu əsr liberallarından təsirlənmiş Kadetlər xalqların suverenliyinin individualların azadlıqları üzərində qurulmalı olduğunu iddia edirdilər. (1)
Richard Pipes Rusiyadakı liberal düşüncənin formalaşmasını Rusiya və qərb intellektual təsirlərinin kəskin dəyişməsi ilə açıqlayır (2). Liberallar mütləqiyyətçi istismarı Rusiyanın gələcək inkişafındakı əsas maneə kimi görərək qarşı çıxırdılar. Onlar Rusiyanın sosial sinifləri arasında spesifik maraqlardan daha çox ümumi maraqların qoruyucusu olaraq tanınırdılar. Onlara görə, dünya rəqabətçi milli mübarizə arenası idi. Onlar qorxurdular ki, Rusiya öz geridə qalmışlığına görə məğlub edilə bilər. Bu perspektivdən baxdıqda, Çar avtoritariyasının müxalifləri əsasən dövlətin güclənməsini və Rusiyanın öz beynəlxalq mövqeyini qorumasını istəyirdilər. Onlar əsasən siyasi reformların keçirilməsini və ideal konstitusiyalı sistemin qəbul edilməli olduğunu müdafiə edirdilər. William G. Rosenbergə görə
bu ideal konstitusiyalı sistem bir sosial qrupun digəri üzərində hakimlik qurmasının qarşısını almalı; qanunun aliliyi həm fiziki şəxslərin, həm də dövlət işçilərinin özbaşınalıqlarının qarşısını almalı idi … Partiyanın əsas məqsədi vicdan azadlığı, mətbuat azadlığı, məclis azadlığı, torpağa təhkimçiliyin ləğv edilməsi, mülkiyyət azadlığı, sosial sinifə mənsubiyyətinə görə olan məhdudiyyətlərin sonlandırılması, milli və dini azadlıqların qorunması kimi əsas sivil azadlıqları bütün Rusiya vətəndaşları üçün təmin etmək idi. (3)
1905-ci ilin oktyabrında Çar II Nikolay Rusiya vətəndaşlarının əsas sivil haqlarının qorunacağı, Dövlət Dumasına toxunulmaz qanunverici səlahiyyətlər veriləcəyi və səsvermə imtiyazlarının artırılacağı bir bəyannamə çıxardı. Konstitusiya Bəyannaməsi şəxsi toxunulmazlığı, vicdan, söz, sərbəst toplaşma və birlik qurma azadlıqlarını təmin etdi, Dövlət Dumasına onların razılığı olmadan heç bir qanunun qüvvəyə minməməsi və seçilən namizədlərə seçildikləri məntəqəyə təyin olunmuş dövlət işçilərinin işlərinə nəzarət etmə kimi haqqlar tanıdı. (4)
Liberallar kimi, digər Rusiya vətəndaşları da Konstitusiya Bəyannaməsini öz ölkələrinin siyasi tarixində yeni proqressiv eranın simvolu kimi görürdülər. Bəyannamənin yayımlandığı vaxt, Çar tərəfindən verilmiş yeni məclis ideyasını qəbul etməyib yeni demokratik rejim əsasında qurulmuş konstitusiyalı məclisə ehtiyac olduğunu bildirən Kadetlərin ilk konqresi ilə bir zamana düşürdü. Bu konqresdə vətəndaşların əsas haqqlarını göstərən 57 maddəlik proqram qəbul edildi və milli problemlərin mütləqiyyətçi zülmün yan təsirləri olduğu müzakirə edildi. Pipes Kadetlərin 1906-cı il yanvar proqramının aşağıdakı maddələrini xüsusi olaraq vurğulayır:
- Cinsiyyətindən, dinindən və milliyyətindən asılı olmayaraq bütün Rusiya vətəndaşları qanun qarşısında bərabərdir. Polyakların, yəhudilərin və əhalinin digər etnik qruplarının qarşılaşdıqları bütün sinif bərabərsizlikləri, insan haqqları pozuntuları və mülkiyyət haqqları pozuntuları aradan qaldırılmalıdır.
- Bütün digər sivil və siyasi haqlarla bərabər, Rusiya imperiyası bütün vətəndaşlarına öz milli, mədəni taleyini həll etmə; digər dillərdə və dialektllərdə danışan insanları işə götürmə; təhsil institutları və birlikləri yaratma; dili qoruma və inkişaf etdirmə cəmiyyətləri və institutları təsis etmə; insanların ədəbiyyat və mədəniyyətlərini yaşama və digər azadlıqlarını təmin etməlidir.
- Rus dili mərkəzi institutların, ordunun və donanmanın dili olmalıdır. Yerli dillərin hökümət və sosial institutlarda və məktəblərdə işlədilməsi mərkəzi və yerli özünü idarə orqanları tərəfindən təmin edilməlidir. Hər bir bölgənin insanlarına elementar və irəlidə mümkünsə, ali təhsillərini öz ana dillərində ala bilmək imkanı yaradılmalıdır. (5)
Azərbaycanın türk elitası Konstitusiya Bəyannaməsini xoş qarşıladı və Rusiya liberalları ilə işbirliyinin onların başlıca hədəflərinə çatmalarına kömək edə biləcəyini gördü. Bakı Şəhər Konsulunun mədəni və sosial sahələrində onsuz da aktiv olan yuxarı sinif azərbaycanlılar öz yenilikçi səylərini siyasi arenaya da gətirdilər. Əlimərdan bəy Topçubaşov kimi ictimaiyyət liderləri özlərini yerli özünü idarəetmə haqlarının artırılması və konstitusiyalı rejimə pilləli keçidi dəstəkləyən liberallar kimi təqdim edirdilər.
Azərbaycan elitası 1905-ci ilin siyasi atmosferini anti-müstəmləkə mədəni mübarizəsini siyasi mübarizəyə çevirmə şansı kimi görürdü. Uzun müddət onları diskriminasiya və assimilasiya etmiş imperiyanın müstəmləkəsi olaraq, onlar gündəliklərinə yeni siyasi mövzular əlavə etdilər. Audrey L. Altstadt bu mövzuları sivil haqqlar, sosial ədalət, hüquqi bərabərlik və hökümətdə təmsilçiyə sahib olmaq kimi sıralayır. (6) Onlar çarın konstitusiyalı məclis sözünü böyük optimizmlə qarşılamış və hökümətə yazılan ərizə kampaniyalarındakı siyasi işlərini genişləndirmişdilər. Topçubaşov bu əmri bürokratik qəyyumluğun sonu və həmçinin daha geniş liberal perspektivdə cəmiyyətin iqtisadi, siyasi və mədəni inkişafının qarşısını alan məhdudiyyətlərin sonlandırılması kimi görürdü. (7)
Cənubi Qafqaz canişini Vorontsov-Daşkov və Rusiya Baş Naziri Sergey Vitteyə göndərilmiş ərizələr Azərbaycan elitasının liberal tələblərinin ən bariz nümunələrindəndir. Swietochowski yazır:
Cənubi Qafqazın Rusiyanın digər bölgələri ilə müqayisədə bank və özünü idarə orqanları cəhətdən daha az haqlara sahib olmasını nəzərə alaraq, liberallar Zemstvo yığıncaqlarının (əsasən ruslar tərəfindən məskunlaşılmış kənd bölgələrindən olan nümayəndə orqanları) bölgədə də qurulmasını, Zadəganlar Bankı və Kəndli Banklarının bölgədəki fəaliyyətlərinin genişləndirilməsini tələb edirdilər. Xüsusi olaraq Azərbaycan cəmiyyəti ilə əlaqəli mövzu isə müsəlmanlara dövlət qulluğu işlərində işləmək haqqı verilməsi, Xristian dini seminariyaları ilə eyni hüquqlara malik mədrəsələr açmağa imkan yaradılması və bütün növ məktəblərdə öz ana dilində təhsil almağa icazə verilməsi tələbləri idi. Ərizənin sosial problemlərlə bağlı hissəsində isə, Rusiya kəndlilərinin immiqrasiyasını dayandırmaq və xəzinə torpaqları ilə böyük mülklərin kəndlilərə kreditlə verilməsi idi. (8)
Bu tələblər Cənubi Qafqaz sakinlərinin haqlarının Rusiyanın iç bölgələrindəki sakinlərinin haqları ilə bərabərləşdirilməsi demək idi. Topçubaşov və onun liberal dostlarının Azərbaycan xalqını yeni açılmış siyasi məkanda iştirak etməyə çağırmasına baxmayaraq, təhsilli insanlardan başqa yerdə qalan kütlənin iştirakı çox aşağı səviyyələrdə idi. İsmayıl Qaspıralı bu vəziyyəti köhnə müsəlman adəti olan səs çıxarmadan əzab çəkməyin bir növü olaraq şərh edirdi. (9) Üzeyir Hacıbəyov yerli əhalinin bu cür tənbəlliyini və cəhalətini İrşad qəzetində yayımlanmış Qafqaz Müsəlmanlarına Açıq Məktubunda tənqid edirdi:
Ay, Qafqaz Müsəlmanları! Dövlət Dumasına seçkilər yaxınlaşır. Ruslar, ermənilər, gürcülər, polyaklar çalışır ki, ən yaxşı adamları Dumaya seçilsin. Ancaq siz, müsəlmanlar, heç bu haqda fikirləşmirsiniz də. Sizə maraqlı deyil ki, Dumaya adam göndərəsiz ki, ruslar və ermənilərlə bir yerdə otursun. Duma hara, siz hara? … onlar (ruslar və ermənilər) elə xəstə və utanmaz millətlərdir ki, hamamda peştəmalsız çimir … və istəyirlər ki, hökmdarla hökm eləsinlər, ministirlə ministirlik eləsinlər, generalla komandirlik eləsinlər. Ancaq, bunun sizə dəxli yoxdur. … Və bir gün, yəqin ki, ordan bir şeytan gələcək və sonra o şeytan onların rəhbəri olacaq. Mən bunu sizin öz yaxşılığınız üçün deyirəm. … Seçkilər günü evinizdən çölə çıxmayın. Həmin gün, səhərdən axşama kimi uzanın yatağınızda, elə bilin ki, oruc tutursunuz. (10)
Azərbaycan liberalları Dumanın qanunverici prosesində iştirak etməyə hazırlaşmaqla bərabər, Kadetlərin Bakı filialına bağlı Müsəlman Konstitutiyalı Partiyasını da təsis etdilər. Onlar Cənubi Qafqazın öz qanunvericiliyi olan avtonom region kimi tanınmasını və idarəetmədə etnik olaraq alt bölümlərə bölünməsini tələb edirdilər.
1906-ci ilin may ayında Cənubi Qafqazda Birinci Dumaya seçkilər başa çatdı, müsəlmanlar Dumaya 6 nəfər çıxarda bildilər və onlar Rusiyanın müxtəlif bölgələrindən olan 19 müsəlmanla birləşdilər. Dumanın Müsəlman Fraksiyasının üzvləri əsasən ya Kadetlərin üzvü, ya da Kadetlərə simpatiyası olan şəxslər idi. Rusiya Konstitusiyalı Demokratlar Partiyasının Dumada ən böyük partiya olmağına bxmayaraq, Dumanı idarə etmək üçün onlara Müsəlman Fraksiyasının da dəstəyi lazım idi. Topçubaşov fraksiyanın sədri və təşkilatçısı seçildi. Kadetlərlə əməkdaşlıq edən fraksiya, Cənubi Qafqazın müstəmləkə statusu haqqındakı narazılıqlarını dilə gətirərək, bölgəyə Zemstvo yığıncaqları və digər hüquqları tələb edirdilər. (11) Birinci Dövlət Duması hökümət tərəfindən aqrar məsələ ilə bağlı artan təzyiqlərə görə ləğv edildi. Buna cavab olaraq, Kadetlərin başçılıq etdiyi nümayəndələr Vyborg şəhərində toplanaraq bəyannamə imzaladılar. Dilyara M. Usmanova yazır:
Bəyannamə bütün Rusiya vətəndaşlarını Duma yenidən toplanana qədər xəzinəyə bir qəpik belə verməməyə və orduya bir əsgər belə göndərməməyə çağırırdı. Bəyannamənin məqsədi Dumanın ləğv edilməsi səbəbi ilə xalq arasında yarana biləcək üsyana mane olmaq və xalqın hirsini demokratik kanala yönəltmək idi (12).
Vyborg Bəyannaməsini imzalayan 230 deputatın 6-sı Müsəlman Fraksiyasından idi və onların 2-si də Azərbaycandan olan nümayəndələr idi (Əlimərdan bəy Topçubaşov və İsmayıl xan Ziyadxanov). (13) Bəyannaməni imzalayan hərkəs daha sonra 3 aylıq həbsə məhkum edildi və bütün siyasi haqqlarını itirdi. Usmanova bildirir ki, bu məhkəmə Müsəlman Fraksiyasına böyük zərbə vurdu və onun mövqeyini zəiflətdi. (14)
İkinci Dumaya seçkilər 1906-cı ilin sonlarında baş tutdu. Seçki qaydaları dəyişdiyindən azərbaycanlılar Dumaya yalnızca 4 nümayəndə göndərə bildi. 36 müsəlman nümayəndə arasında yenə də çoxluq Kadetlərlə daha yaxın idi. Topçubaşov, formal olaraq deputat olmadığına baxmayaraq, yenə də Müsəlman Fraksiyasının sədri idi və müsəlman deputatlar arasında böyük təsirə malik idi. (15) Azərbaycanlı deputatlar torpaqların məcburi paylanmasını ədalətli qaydada aparılması üçün çalışır, (16) təhsil və imperiyanın müsəlman əhalisinin vəziyyəti haqqında vərəqələr hazırlayırdılar. İkinci Duma da bir müddət sonra rus olmayan nümayəndələrin sayının azaldılması ilə əlaqədar olaraq ləğv edildi və qurulan Üçüncü Dumada azərbaycanlılar yalnız 1 nümayəndə ilə təmsil olundular. (17)
Kadetlər Dördüncü Dumada da Oktyabristlərlə birlikdə böyük təsirə malik idilər. Lakin, 1-ci dünya müharibəsinin başlaması Kadetlərin liberal düşüncələrinin aşınmasına səbəb oldu. Sözdə patriotik narahatlıq onları başlıca vədlərindən olan xalqın siyasətdə iştirakını genişləndirməkdən yayındırdı. Rosenberqin də dediyi kimi, onlar düşünürdü ki, xalqın siyasətdə iştirakı Rusiyanın hərbi səylərini poza bilər və universal seçki hüquqları və ya digər konstitusiya dəyişiklikləri yalnızca daxili qütbləşmələrə səbəb olacaqdır. Kadetlərin daha sonra imperiyanın “anti-türk” siyasətini və unitar dövlətin önəmini vurğulamaqları nəticəsində onlar azərbaycanlı liberalların simpatiyasını itirdilər.
Birinci dünya müharibəsinin başlanğıcından 1917-ci il fevral və oktyabr inqilablarına qədər azərbaycanlı liberallar, Topçubaşov və Fətəli xan Xoyski kimi prestijli şəxslər tərəfindən rəhbərlik edilən Azad Demokratik Qrupda təmsil olundular. Azad Demokratik Qrupdan başqa Müsavat Partiyası da liberal düşüncədən təsirlənmiş sayıla bilər. Rəsulzadənin vurğuladığı yerli qurumların tanınması və yerli özünü idarəetmə prinsipləri bu yanaşmanın ən yaxşı örnəkləridir. Müsavatın 26 oktyabr 1917-ci ildə qəbul etdiyi proqramda söz, vicdan, mətbuat, toplaşma və mitinq kimi siyasi azadlıqların tanınması da bunun bir nümunəsidir. (18) 28 may 1918-ci ildə qurulan azad dövlət də etnik kimliyindən, dinindən, sinfindən, peşəsindən və cinsindən asılı olmayaraq hər bir vətəndaşına bütün sivil və siyasi haqları tanımış və öz sərhədləri daxilində yaşayan hər bir millətin azad inkişafını dəstəkləyəcəyinə söz vermişdi. (19) Azadlıq dövründə müxtəlif hökümət koalisiyaları dövləti idarə etmiş və liberal demokrat konseptlərin təsiri ilə qadınlara siyasi hüquqlar vermiş, sekulyarizmi təbliğ etmiş, ilkin təhsili pulsuz və məcburi hala gətirmiş, iş standardlarında Avropa standardlarını mənimsəmiş parlament Azərbaycan siyasi həyatının mərkəzinə çevrilmişdir.
Sosializmin Azərbaycan milliyətçiliyinə təsirləri
Azərbaycanda milliyyətçilik həmçinin sosializmlə sıx əlaqələr əsasında inkişaf edirdi. Bakının demoqrafik strukturunu nəzərə alaraq müşahidə edirik ki, 1903-cü ildə əhalinin 3-də 1-i rus əsilli idi. (20) Rus hökmranlığı altında yaşamaqlarını nəzərə alarsaq, ruslar tərəfindən həyata keçirilən sosialist fəaliyyətlər Azərbaycan əhalisinə də təsir etmişdir. Şəhər idarəçiləri, bəzi sənayeçilər, tacirlər, ixtisaslı və yaxşı maaş alan kadrlar əsasən ruslardan ibarət idi. Digər xristian qrup olan ermənilər də ticarətdə önəmli mövqedə idilər. Onlar həmçinin, neft sahəsində də böyük sənayeçilər və peşəkar işçilərlə təmsil olunurdular. H.Z.Tağıyev kimi böyük təsirə malik sənayeçilərin olmasına baxmayaraq azərbaycanlılar əsasən çətin fiziki işlərdə və daha aşağı maaşlarla işləyirdilər. (21)
Bakıdakı fəhlə nümayişləri Rusiyanın digər hissələrindən daha gec başlamasına baxmayaraq qısa zamanda böyük kütlə hərəkatına çevrildi. Rusiya Sosialist Demokrat İşçi Partiyası (RSDİP) Bakıda da 1898-ci ildə kiçik sosialist çevrə yaradaraq öz gizli fəaliyyətinə başladı. Bu dövrdəki dini və dil problemlərinə görə, azərbaycanlılar, sosial demokrat propaqandanı dəyərləndirə bilmirdilər. (22) Bu hal həmçinin heç bir yerli üzvü olmayan Sosial Demokrat Partiyanın müsəlmanlar arasında siyasi təşviqat aparmamaqları ilə də izah olunur. (23) Buna baxmayaraq, bəzi sosial demokratlara simpatiyası olan azərbaycanlı intelektuallar öz şəxsi cəhdləri sayəsində xalqı bu inqilabi fikirlərlə tanış etməyə çalışırdı. Onlar ilk dəfə 1903-cü ildə debat çevrəsi yaradaraq müsəlman azərbaycanlılar arasında propaqandaya başladılar. Bu liderlərdən bəziləri RSDİP üzvləri, bəziləri isə Hümmət üzvü olan M.Ə.Rəsulzadə və M.H.Hacınski kimilər idi. Rəsulzadə, müsəlmanlar arasında sosializmi yayan, Azərbaycan işçilərinin kapitalist istismara qarşı birləşməyə çağıran şəxslər arasında başlıca yeri tutur. (24)
Sosialist fəaliyyət 1905 inqilabından öncə Bakıda əsasən ermənilər və ruslar arasında yayılmışdı. Dəhşətli iş şəraitləri sosialistlər lazımınca istifadə edərək xalqı tətillər və nümayişlər üçün bir yerə yığmışdı. Paylanan vərəqələr və qəzetlər limitsiz iş saatları, əmək müqaviləsinin olmaması və yetərsiz maaş kimi problemləri vurğulayırdılar. 1 May günü bayram başladı, ictimai müzakirələr daha da artdı, Avropa işçi sinifi ilə əlaqələr quruldu, işçi sinifi Bakıda öz mədəniyyətini formalaşdırmağa başladı. Ronald Grigor Suny bunları yazır:
Bakıdakı ilk sosial demokratlar işçiləri yalnız işlədikləri pis vəziyyət və az maaş haqqında bilgiləndirməklə yanaşı, həm də onların gündəlik həyatlarından başqa daha yaxşı həyatlarının ola biləcəyi fikrini formalaşdırdılar. Fiziki işdən başqa bir şey bilməyən bir insan artıq düşünməyə başlamış və vəziyyətinin daha da yaxşı ola biləcəyini anlamışdı. (25)
Suny həmçinin Balaxanı və Bibiheybət İşçiləri Təşkilatının, onların təşkilatına qoşulmuş işçilərin necə dəyişməkləri haqqındakı dediklərini də belə ifadə edir:
Bizim təşkilatımıza qoşulan işçi yüksək mədəniyyətdə yaşamağa can atır, dünyagörüşü genişlənir, düşüncəsi dərinləşir və mənəvi dəyərləri yüksəlir. Və bu həmçinin onun görünüşündə də özünü büruzə verir. (26)
1903 və 1904-cü illərdə nümayişlər və tətillər bir-birinin ardınca gəlməyə başladı. 1903-cü ildə Bakı işçiləri, digər şəhərlərin də köməyi və dəstəyi ilə, 50.000 nəfərlə ilk ümumi tətili keçirdilər. Bu dövr RSDİP içərisindəki sosial demokratların bolşevik və menşevik olaraq bölünməkləri dövrünə təsadüf edirdi. Lenin konspiratorların köməyi ilə partiyada avtoritar siyasi quruluş tətbiq etməyə çalışırdı, digər tərəfdən isə Martov, Martınov və digərləri onun bu planına etiraz edərək mərkəzdən bəzi azadlıqlar alacaq yarı-avtonom kənd hissələri yaratmaq istəyirdilər. (27) Bölünmə Bakı komitəsində də hiss edildi, iki qardaş, Lev və İlya Şendrikov (Balaxanı və Bibiheybət qruplarının liderləri) menşeviklərə simpatiyaları olduğu bəhanəsi ilə partiyadan uzaqlaşdırıldılar, lakin onlar Bakının kənar bölgələrinə gedərək buradakı işçiləri təşkilatlamağa davam etdilər. (28) Hər iki qrup da neft sənayesində çalışan işçilərin rəğbətini qazanmaq üçün çalışırdılar, bunlara müsəlman işçilər də daxil idi.
1904-cü ilin dekabrında Bolşeviklər Şendrikovlara qoşularaq neft sənayesinə, emal zavodlarına təsir edəcək böyük bir tətili təşkilatlamağa başladılar. Tətil Hümmət üzvləri tərəfindən də dəstəkləndi və bir ay sonra işçi sinifi üçün böyük bir qələbə ilə başa çatdı. İşçilər Rusiya tarixində ilk dəfə 8-9 saatlıq iş günü, 3 aya qədər xəstəlik pulu və maaşlarda böyük artım kimi şərtlər daxil olan yazılı əmək müqaviləsini imzaladılar. (29)
Swietochowski ilkin Azərbaycan sosializmini tətillərdə uğurlu olmasına baxmayaraq, güclü Marksist ideologiya əskikliyi və yerli reformizmlə iç-içə vəziyyətdə təsvir edir. Hümmət Partiyasının da özünəməxsusluğunu əsas gətirərək, o yazır:
Hümmətin propaqandası özündən öncəki sayılan Azərbaycan intelektuallarına nisbətən daha inqilabi məqsəd daşıyırdı. Hər şeydən öncə çağırış, inkişafın və rifahın yeganə yolu olan təhsilin yayılması, ana dilində təhsil və qadınların statusunu artırmaq üçün idi. (30)
Faktiki olaraq, Hümmətin sosializmi, Marksist olmayan Müsavat partiyasının yaradılışına qədər, sosializm və milliyyətçiliyin qarışımı kimi görünürdü. Bu kontekstdə, Audrey L. Altstadt regionda və imperiya ərazisində özlərinin mövqeyi haqqında ilk düşünənin və enerjilərini öz vətənlərində xərcləyənlərin Azərbaycan türkləri olduğunu deyir. O yazır:
Beləliklə, yaranmış milliyyətçilik həmin dövrdə olan bölgəçilik anlayışının Türk və İslam konteksində reformist, konstitusionalist ruhda və sosial ritorikası ilə birləşməsindən yaranmışdı.. Marksizm və milliyyətçilik, ən azından üzdə, bir-biri ilə birlikdə hərəkət edirmiş kimi görünürdülər. Praktiki olaraq, Marksizmin bərabərlik və inqilabi doktrinləri açıq olaraq milliyyətçi hədəflər üçün istifadə edilirdi. Əslinə qalanda, sosialist və milliyyətçi “düşərgələr” də bir-birindən termin olaraq açıq şəkildə fərqlənmirdilər. (31)
Dahası, yalnız milliyyətçiliyə yaxın olan azərbaycanlı sosialistlər deyil, Azərbaycan əsilli kapitalistlərin də inqilabi hərəkata simpatiyası var idi. E.L. Keenan yazır ki, rus olmayan burjuaziyanın da bəzi hissəsinin sosialistlərə simpatiyası var idi. (32) O dövrün görkəmli liberallarından Topçubaşov da sosialistlərin istirahət günü, fabrik komitələrinin yaradılması və digər millətlərdən olan işçilərin eyni işə görə eyni miqdarda pul alması kimi tələblərini dəstəkləyirdi. (33)
Sosialist və milliyətçi ideyaların qarışımının bəlkə də ən yaxşı nümunəsi Azərbaycanlı şair və siyasi şərhçi Məhəmməd Hadidir (1879-1920). Bariz bir Marksist olaraq Hadi, Hümmətçi qəzetlər olan Təkamül və Yaddaş qəzetlərinə, lakin milliyyətçi olaraq isə burjuaziya qəzetləri olan Həyat və Tazə Həyat qəzetlərinə davamlı olaraq yazılar yazırdı. Despotik rejimin kriminal azlığına (burjuaziya və onların köməkçiləri) qarşı üsyana çağırış onun poeziyasında ən çox işlənən mövzu idi. (34) Hadi hətta kriminal azlığın ortadan qaldırılmasını da təklif edirdi:
Fikrim yaşayır məniyi rənalar içində,
ruhum uçuyor cənnət-i ülyalar içində,
iç, iç nə kadar istər isən qanımı, zalim!
Bir gün görərəm qanını səhbalar içində! (35)
Bununla yanaşı, Hadi öz vətənini və millətini də vəsf edirdi.
Bu ağır yük çəkilməz,
bu ağular içilməz,
sənsiz a parlaq dilək
qaranlıqlar keçilməz!
məyus olma amandır,
məyus olmaq yamandır,
gör haq diləksiz yaşar
millətim qəhrəmandır!
(…)
ey vətən, ey beşik həyatım üçün!
Yenə sən aç qucaq nemətim üçün
… qürbət ellər gərçi oldu yerim,
sənə aid bütün düşüncələrim
… ey xəzanı gözümdə fəsl-i bahar
ey gözəl torpaq, sevimli diyar! (36)
İdeoloji səviyyədə baxıldıqda, sosializm əzilən xalqın bərabərliyini vəd edirdi. Həmin dövrün ideologiyaları arasında, sosializm kasıb və geridə qalmış millətlərə inkişaf və bərabərlik ideyaları ilə xalqa olduqca cəzbedici gəlirdi. Azərbaycanlılar kiçik bir millət olaraq birbaşa olaraq Rusiya ilə qarşılaşmaq iqtidarında deyildilər. Menşeviklərin federalist prinsipləri və Sosial-inqilabçılar kiçik millətlərin işbirliyi içində mərkəzlə olan bağları yumşaltmağına kömək edirdi. Menşeviklər burjuaziyanın, kəndlilərin və ziyalıların birliyinin tərəfində idisə, Sosial-inqilabçılar kəndlilərin, proletarların və ziyalıların burjuaziya və bürokratiya ilə mübarizə etməli olduğunu iddia edirdi. Azərbaycanlılar da Cənubi Qafqazda mütləq üstünlüyə malik olmadıqlarına görə ruslar və ermənilər arasında özlərinə tərəfdaşlar axtarırdılar.
Bennigsen and Lemercier-Quelquejayun da vurğuladığı kimi sosializm Rusiya ərazisində yaşayan müsəlmanlara böyük perspektivlər təklif edirdilər (37). Rusiya sosialistləri də ilk öncə Çarlıq rejimini, ikinci olaraq isə kapitalizmi yıxmağı planlayırdılar. Bunu etmək üçün imperiyanın hər yerindən yerli dəstəyə ehtiyacları var idi. Bəzi Azərbaycan milliyyətçiləri bu məqamda Rusiya sosialistləri ilə əməkdaşlıq qurmaq üçün şans gördülər. Bəzi tarixi faktlar onların bu ümidlərini daha da gücləndirirdi: Osmanlıda Gənc Türklər Fransa sosialistləri tərəfindən xoş qarşılanmışdı, erməni sosialistlər (Daşnaklar və Hınçaklar), qatı milliyyətçi olmaqlarına baxmayaraq, 3-cü İnternasionala qəbul edilmişdilər. (38)
Rəsulzadəyə görə, İslam da sosializm ilə uyğunluq içərisində idi. Hümmət partiyası yəqin ki, bunun ən yaxşı örnəyidir. Onların ilk yayımlarında, partiyanın adı Hümmət Müsəlman Sosialist Partiyası olaraq yazılırdı. Əslində burada dini etiket azərbaycanlıları xristian olmayan toplum kimi göstərmək üçün istifadə edilirdi. Din həm də milli məqsədlər üçün də istifadə edilir də deyə bilərik, çünki Hümmət məhəlli deyil, etnik bazada fəaliyyət göstərirdi. Dahası, 20-ci əsrin əvvəlində sosializm və milliyyətçilik bütün dünyada eyni dərəcədə məşhur idi və bu da dünyanın fərqli yerlərində partiya ideologiyalarına təsir göstərirdi.
Demək olar ki, hamı tərəfindən Bauer-Renner tip sosializmin Azərbaycan kimi çox millətli imperiya tərkibində yaşayan kiçik millətlərin tələblərinə uyğun olduğu qəbul edilir. Altstadt yazır:
Bu reformçu ruh, həmçinin avstriyalı marksistlərin onların problemlərini təklif etdiyi həll yolu Azərbaycan və digər türk elitalarını Rusiyanın digər hissələrindəki kimi konstitusiya, sivil haqlar və səsvermə haqlarını tələb etməyə yönəltdi. Onlar həmçinin polyaklar, ukraynalılar və yəhudilər kimi azad hökümət və mədəni avtonomiya tələb edirdilər. Marksizmdən alınmış tələb isə əzilən kütlənin haqlarının qorunması idi. Azərbaycan türk elitasının tərkibindəki marksistlər isə heç bir zaman milliyyətçilərdən ayrılmamış və İslamı təhqir etməmişdir. (39)
Azərbaycan milliyyətçiləri və Bolşeviklərə gəldikdə isə, burada tamam fərqli proseslər gedirdi. Lenin açıq şəkildə Renner-Bauer formulunu və federalizmi rədd edir və fərqli nəzəriyyə ortaya atırdı: milli müqəddəratını təyinetmə. (40) Walker Connora görə, Lenin milli problemə instrumentalist gözü ilə baxırdı: lazım gəldikdə milliyyətçiliklə mübarizə aparılmalı və mümkün olduqca onu internasionalist hərəkatda öz xeyrinə istifadə etməli. (41) O iddia edir ki,
Leninin milliyyətçiləri əldə etmək üçün strategiyasını 3 təməl hissəyə bölmək olar:
1 – Hakimiyyət müqabilində bütün millətlərə öz müqəddəratını təyin etmə və ölkə daxilində qalmaq istəyənlərə isə milli bərabərlik sözü verilməli
2 – Hakimiyyətə gəldikdə isə, ölkələrin ayrılma haqqını faktiki olaraq ləğv etməli və kompakt halda yaşayan millətlərin uzun assimilasiya prosesinə başlanmalı
3 – Partiyanı mərkəzləşdirilmiş və bütün milliyyətçi meyillərdən təmiz saxlamalı. (42)
Stepan Şaumyanın başçılıq etdiyi Bakı Soveti Hümmətlə yaxşı əlaqələr içərisində idi. Lakin 1917-ci il inqilabında Müsavat eks-Hümmətçi liderləri ilə birlikdə müsəlmanlar arasında ən böyük dəstəyə sahib partiya idi. (43) Bolşeviklər milli ayrımı ləğv etməyə çalışarkən, Müsavat sosial inkişaf şüarlarına milli detallar da əlavə edərək regiondakı əsas siyasi gücə çevrildi. Paradoksal olan isə Müsavat nə Sovetlərdə, nə də Fevral inqilabından sonra yaradılan İctimai Təşkilatları İcraiyyə Komitəsində təmsil edilməmişdi. Bolşeviklərin müsəlmanları əks-inqilabçı və mədəni olaraq aşağı səviyyədə görməsinə baxmayaraq, Rəsulzadənin başçılığı ilə Müsavat Bütün Rusiya Müsəlmanlarının Konqresində federalist prinsipləri tətbiq etmiş və Hümmətçilər və sol Sosial-İnqilabçılarla birgə Müsəlman Milli Konsulunu yaratmağı bacarmışdır. Müsavat liderləri Leninin millətlərin müqəddəratını həll etmə prinsipini Azərbaycan üçün daha geniş bölgə avtonomiyası kimi şərh edirdilər. Hətta Hacınski Müsəlman Konsulunda insanları və siyasi partiyaları heç bir milli ayrıseçkilik etməyən bu müsəlman dostları ilə əl-ələ getməyə səsləyirdi. (44) Ancaq Şaumyan Leninin strategiyasının heç 1-ci təməl hissəsini belə qəbul etmək istəmirdi, Müsavatla keçici tərəfdaşlıqdan sonra o, ermənilərin “anti-inqilabi düşmənlər”ə qarşı zorakılığını dəstəkləməyə başladı. İkinci addım proletarların diktatorluğunu elan etmək oldu. Demokratik olaraq qazandıqları hüquqi haqları çevrilişlə itirən Müsavatçılar Osmanlı dəstəyinə ehtiyac duydular. (45)
Sonrakı 2 il ərzində Hümmət kimi siyasi partiyalarla birgə Azərbaycanı yenə də Müsavatçılar idarə etdi. Azərbaycanın Qırmızı Ordu tərəfindən işğalı isə həm azadlığı, həm də uğursuz milliyyətçi sosialist əməkdaşlığını sonlandırdı. (46)
Mənbələr:
1. Hans Kohn, Le Panslavisme, Son Histoire et Son Ide´ologie (Paris: Payot, 1963), p 148.
2. Richard Pipes, The Formation of the Soviet Union: Communism and Nationalism, rev edn (Cambridge, MA: Harvard University Press, 1964), p 8.
3. William G. Rosenberg, Liberals in the Russian Revolution, The Constitutional Democratic Party (1917– 1921) (Princeton, NJ: Princeton University Press, 1974), p 15.
4. James A. Malloy and Jane E. Good, ‘The Constitutional Manifesto of 1905’, in Joseph L. Wiecynski (ed.), The Modern Encyclopedia of Russian and Soviet History (London: Academic International Press, 1989), Vol 8, p 44–45.
5. Pipes, op cit, note 2, p 29.
6. Audrey L. Altstadt, The Azerbaijani Turks, Power and Identity Under Russian Rule (Stanford, CS: Hoover Institution Press, 1992), p 64.
7. Ibid, p 65.
8. Swietochowski, op cit, note 6, pp 46–47
9. Tercüman, No 41, 1905.
10. See Uzeyir Hacõbeyov, in Mirabbas Aslanov (ed.), Ordan Burdan (Baku: Yazici, 1981), pp 37–38, quoted in Alstadt, op cit, note 7, p 66.
11. Altstadt, op cit, note 7, p 68.
12. Dilyara M. Usmanova, ‘The activity of the Muslim faction of the state Duma and its signi cance in the formation of a political culture among the Muslim peoples of Russia (1906–1917)’, in Anke von Kugelgen, Michael Kemper and Allen J. Franck (eds), Muslim Culture in Russia and Central Asia from the 18th to the Early 20th Centuries, Vol 2: Inter-Regional and Inter-Ethnic Relations (Berlin: Klaus Schwarz, 1998), p 419.
13. See Table 2 in Usmanova, op cit, note 13, pp 450–451.
14. Usmanova, op cit, note 13, p 420.
15. Ibid, p 422.
16. Swietochowski, op cit, note 6, p 51.
17. Usmanova, op cit, note 13, p 424.
18. Mirza Bala Mehmetzade, Milli Azerbaycan Hareketi (Ankara: Azerbaycan Kültür Derneği, 1991), p 52.
19. Ibid, p 90
20. E. L. Keenan gives us the population of Baku and its suburbs in 1903 as following:
Russians: 74.254
Azerbaijanis: 53.872
Armenians: 34.256
Persians (southern Azerbaijanis): 18.572
Jews: 5.859
VolgaTurks: 4.157
Total: 206.751
See E.L. Keenan, ‘L’histoire du mouvement re´volutionnaire a` Bakou (1904–1905)’, Cahiers du Monde Russe et Sovie´tique, Vol 3, No 2, April–June 1962, p 227.
21. See ibid, pp 228–229.
22. For the early steps of the labour movement in Baku, see Tadeus Swietochowski, ‘The Himmat Party, socialism and the national question in Russian Azerbaijan’, Ch. M. R. S., Vol 19, No I–2, January–June 1978, pp 119–120.
23. Ibid, p 119.
24. For the origins of the Himmet, see S.M. Efendiyef, ‘Himmet’in Yaranmasi’, Azerbaycan Ilmi Savhasõ, No I–2, 1932, pp 83–89.
25. Ronald Grigor Suny, The Baku Commune (1917–1918), Class and Nationality in the Russian Revolution (Princeton, NJ: Princeton University Press, 1972), p 31.
26. Eva Broido, Memoirs of a Revolutionary (trans. and ed. by Vera Broido) (New York, 1967), p 74 quoted in Suny, op cit, note 33, p 31.
27. Alfred G. Meyer, ‘Menshevik Party’, in Wieczynski (ed.), 1989, Vol 50, p 58.
28. Suny, op cit, note 33, pp 33–34.
29. Ibid, pp 36–37.
30. Swietochowski, op cit, note 28, p 120.
31. Audrey L. Altstadt, ‘Azerbaijani Turks’ response to Russian conquest’, Studies in Comparative Commu- nism, Vol 19, No 314, Autumn–Winter 1986, p 279.
32. Keenan, op cit, note 26, p 233. 120 INFLUENCES ON AZERBAIJANI NATIONALISM
33. Suny, op cit, note 33, p 39.
34. In several poems and articles Hadi directly attacked the bourgeois class, expressed his animosity towards it as oppressor and called for solidarity with the revolutionary struggle. No 1, 2 April 1907.
35. This poem is entitled ‘Zemzemat-õ Tehessu¨rat’ quoted by Aziz Mir Ahmedov in his ‘Mukaddime’ to Muhammed Hadi, in A. Zamanov (ed.), Sec¸ilmis¸ Eserleri (Baku: Azerbaycan Üniversitesi Nes¸riyatõ, 1957), p 20. The original printing date and area remained unknown to the author.
36. ‘Vahtin Sesi ve Hayatın Sözü’, Basiret, No 205, 11 January 1909. According to Hadi, the greatest happiness was to give one’s life for his homeland. For romantic and nationalist aspirations of Hadi, see Feridun Kocerli, Marxizm–Leninizm ve Azerbaycan’da Sosyalist Fikirler (Baku, Elm, 1976), pp 48–49.
37. Alexander Bennigsen and Chantal Lemercier-Quelquejay , Sultan Galiyev, le Pe`re de la Re´volution Tiers-Mondiste (Paris: Fayard, 1986), p 52.
38. Ibid, p 53.
39. Altstadt, op cit, note 39, p 281.
40. Pipes argues that it was a clever way to limit the possibility of secession: on one hand the right to self-determination and even secession is recognized; by so doing the support of the nationalist movements is assured. On the other hand, by proffering equality among nations and broad cultural autonomy, the possibility of secession is discouraged. See Pipes, op cit, note 2, pp 37–38.
41. Walker Connor, The National Question in Marxist–Leninist Theory and Strategy (Princeton, NJ, Princeton University
42. Ibid, p 38.
43. Swietochowski, op cit, note 28, p 126.
44. Quoted in Suny, op cit, note 33, p 87 from Kaspiy, No 142, 28 June 1917.
45. The assistance of Ottoman troops in retaking Baku and the short-lived Ottoman tutelage over the Musavat government caused controversial interpretations. Edward Hallet Carr called the Musavatists ‘puppets of the Turkish military command’. See E.H. Carr, The History of the Bolshevik Revolution (Baltimore, Penguin, 1966), Vol 1, p 343. Serge A. Zenkovsky evaluates this judgement as ‘too severe’. See S.A. Zenkovsky, Pan-Turkism and Islam in Russia (Cambridge, MA: Harvard University Press, 1960), p 261. In fact, being deprived of military service for a long time, the Azeris had no other choice but collaborating with Turkish generals. However, in Carr’s judgement, risks to undermine both the conflicts appeared in the Ottoman– Azeri alliance and young Azerbaijan’s state-making process.
46. Other attempts to reconcile the Soviet regime with Turkish nationalist and Muslim movements appeared in different regions including the activities lead by Tatar communist Mirseyit Sultan Galiyev and Bashkurd leader Zeki Velidi Togan (Zeki Velidov); they were crushed one by one. See A. Bennigsen and C. Lemercier-Quelquejay, Les Mouvements Nationaux chez les Musulmans de Russie—Le Sultangaliyevisme au Tatarstan (Lahey: Mouton, Paris, 1960); Bennigsen and Lemercier-Quelquejay, op cit, note 56; Zeki Velidi Togan, Hatõralar (Istanbul, 1969).