Panturanizm axını böyüyüb siyasi düşüncənin bəlli sisteminə keçdikcə onda özəkçilərin romantik, federalistlərin gerçəkçi axını kimi iki yol göründü.
Birinci axının alman quramaçılarının ulusal baxışlarının bəlli etkisində olan öncülləri türk uluslarının qan qohumluğunu, dillərinin elliklə yaxınlığını, eləcə də din birliyini uyğun siyasi birləşdirmələrlə bir türk dövlətinin yaradılması üçün yetərli görürdülər.
Romantiklərin bu savaşçı-qat özəllikli, daha çox tutucuavtoritar toplumsal-siyasi baxışı demokratik ovqatlı, liberal düşüncəli aydınlar arasında geniş yayılamazdı.
Gerçəkci axın isə türkçülüyün yüksək idealları ilə çoşsa da, ondakı ulusal özünüanlamanın gerçəklərini romantik arzulardan daha çox dəyərləndirirdi. Türk uluslarının ulusal kültür çıxarlarının ortaqlığını anlayan gerçəkçi axın onları ortaq bir dövlətdə birləşdirməyin olmayacağını anlayırdı.
O, öncə ayrı-ayrı türk ellərinin bağımsız dövlətlər qurub özgürlüyə qovuşmasına çalışırdı. Yeri gəlmişkən, kəsin bir siyasi proqrama dönməyən ilk axının Azərbaycan türkçülərini özünə çox da çəkmədiyini deməliyik. Orta çağ dərəbəyliyinin dağıntıları üzərində gəlişən demokratik quruluşlu Azərbaycan toplumuna bütünlüklə tərs bir axının uğur qazanmayacağı bütünlüklə aydın idi.
Doğrudan da Azərbaycan siyasətçiləri, daha çox da «Müsavat»ın başçıları gerçəkdən uzaq, ayağı altında yer olmayan romantik panturanizmə qarşı idilər. Tərsinə, onların düşüncəsincə Qafqaz uluslarının konfederasiyası çağırışı Azərbaycanın, eləcə də bütün türk dünyasının gerçək istəklərinə daha uyğun idi.
Azərbaycan siyasətçilərinin bu baxışını panturanizmin praktik siyasətdə gücsüz bir sıra «ortodoksal» yandaşları ələşdirirdi.
Buna Zarevand ağanın da kitabında dediyi, türk curnalisti Əliheydər Əmir bəyin «Vaxt» qəzetində «Müsavat»ın siyasətinə qarşı çıxması, ona verdiyimiz cavab yaxşı örnəkdir.
Biz ona Azərbaycanın bağımsızlığı çağırışının Türkiyənin çıxarlarına, türklərin kültür birliyinə tərs olmadığını, Qafqaz Konfederasiyası ideyasının onun düşündüyü kimi, Türkiyənin yaxşı anladığımız çıxarlarına qarşı yönəlmədiyini anlatmalı olduq.
Əliheydər çağdaş Türkiyədə siyasətin gedişini azacıq da etkiləyə bilməsələr də, romantikanın qorxuducu duyğularından keflənib, dörd yanlarındakı bütünlüklə başqa şey deyən gerçəkləri görmək istəməyən, ya da bacarmayan, öz duyğularına qapılmış sayca az, qızğın başlardan biri idi. Mən ona ancaq Türkiyə siyasətinin çıxarlarına qarşı yağı aktı kimi işıqlandırdığı, oxucularda çoxlu yanlış duyğular oyada biləcək Qafqaz Konfederasiyası ideyasını qorumaq istəyilə cavab vermişəm.
Ayrı-ayırı axınlardan uzaq olub bu çəkişməni anlayan oxucular dediklərimizi doğrulamaya bilməzlər. Qarşıçıxan Qafqaz – Azərbaycan siyasətimizə görə bizi türk birliyinin yağıları sırasına qatmağa qalxıb, Azərbaycanın qardaş ulusunun uğradığı ağrı-acıdan xoşlandığını da gizlətmirsə, burada daha nə söz ola bilər. Bu adam beləcə deyir: «Azərbaycanda liberal, konservativ partiyalar yaransa da, Türkiyəyə birləşmək partiyası yaranmamışdır».
Əliheydərin sözlərinin çağdaş Türkiyədə də dəyərinin olmaması görkəmli türk curnalisti Məhyəddin bəyin atdığı atmacadan da görünür. Smirnə ayaqlanmasına baxan olanüstü məhkəmənin başçısı isə bir sıra suçlananlara onlara sevgilə qucaq açan Azərbaycana keçərək, qonşu, bağımsız bir dövlətin iç işlərinə sorumsuzluqla qarışdıqlarını demişdir.
***
Romantiklər panturanizmdən danışarkən çox ara onu klassik irq quraması – panalmanizmlə tutuşdururlar. Bu tutuş- durmadan necə olursa-olsun «Turan axını» ilə qorxuzmaq istəyən boşboğazlar da yapışırlar. Ancaq burada panalmanizmlə yox, panslavizmlə yanaşdırmaq düzgün olardı. Bəlli olduğu kimi, uzun illər çar Rusiyasının dış siyasətinin özül cizgisi olan panslavizm Rusiyada yox, Avstriya-Macarıstan monarxiyasının ağalığındakı slavyan ellərində yaranmışdır. Çexiya bu ideologiyanın beşiyidir. Panslavizmin Palatski, Şafarik kimi, eləcə də başqa böyük romantikləri bax, burada ortaya çıxmışlar. Bu, ilk çex panslavistlər dəstəsinin öncülləri böyük qardaş slavyan Rusiyasının ağrı-acı çəkən, bir parçası alman, başqası türk imperializminin ayaqları altında əzilən qardaşlarına yardıma gələcəyini, qurtulmuş slavyanların ikibaşlı rus qartalının başçılığında böyük slavyan imperiyası quracaqlarını düşünürdülər.
Bu ideologiya slavyan ellərini Avstriya-Macarıstan, eləcə də Osmanlı imperiyaları ilə çatışmağa umudlandırırdı. Onlar bu umudla içdən güc alırdılar.
Bundan başqa rus slavyanofillərinin etkisi, eləcə də çarların dövlət siyasəti slavyan ellərinin bu umudunu artırırdı. Panslavistlər özləri də panalmanist əzənlər adını qoyduqlarının öyrənənləri idilər. Onlar ideologiyalarının özəyini bütünlüklə onlardan alsalar da, gerçək sonucları başqa oldu. Panalmanizm Prussiyanın başçılığında bir alman imperiyasının yaranmasına gətirdi, slavyanların gələcəyi başqa oldu.
Ancaq çex romantiklərilə birgə yetənəkli çex gerçəkçiləri də yetişirdi. Onlardan Qavliçik kimiləri «slavyan gerçəkliyinin ancaq ayrı-ayrı slavyan ellərinin gerçəklərinə dayandığını» düşünürdülər. O, çexləri çalışmağa çağıraraq deyirdi: «Oturub, əllərimizi yanımıza salıb, Rusiyanın gəlib bizi qurtaracağını gözləmək asan işdir, ancaq ünsüzdür».
Qavliçik slavyan ideologiyasına çox yenilik gətirdi. O, «böyük slavyan dövləti» çağırışını, «slavyan federasiyası» ilə dəyişdi. Bu federasiya çağırışı sonralar çex demokratik ulusalçıların ideologiyasına çevrilib, slavyanofilliyə elə də sayğısı olmayan prezident Masarikin başçılığında bağımsız Çexoslovakiya Respublikasının yaranmasına gətirdi.
Panslavizmin Rusiyanın Polşanı üç yol bölməsinin qarşısını almadığını, özgürlüyündən dolayı Rusiyaya borclu olan Bolqarıstanın onunla savaşdığını deməyə dəyərmi?
Nə üçün, Almaniya birləşib dünya savaşının basqısına dözə bildi, slavyan elləri isə parçalandılar?… Bu ayrılıq nədəndir?
Bizə görə, Almaniyada kültür birliyi, iqtisadi gəlir, çıxarlar, coğrafi bütövlüklə Prussiya özəyinin birləşdiriciliyi göz qabağında idi. Slavyanlarda bu koşullar yox idi. Tək soy birliyi isə bir dövlətin yaradılması üçün yetərli deyildi.
Panslavizm idealı gerçəkləşməsə də, slavyan ellərində özgür ulusal yaşam duyğusunun oyanmasında böyük gerçək olub, özgür slavyan dövlətlərinin yaranmasını etkilədi.
Panturanizmlə də belə oldu. O da panalmanizmi yamsılamaqla başladı, ancaq gəlişdikcə panslavizm yolu ilə getdi, indi isə panslavizmin yetdiyi uğurlara çatır.
“Panturanizm və Qafqaz sorunu”
Paris, aprel 1930-cu il.