Milliyyətçilik tarix boyunca haqqında ən çox danışılan məfhumlardan biridir. Siyasi və iqtisadi inkişaf yeni mərhələlərə doğru qalxdıqca kimlərin milliyyətçi olması məsələsi gün keçdikcə daha çox önəm qazanmaqdadır. Çünki “talehdə-fərəhdə-dərddə” ortaq olası insanların həyat şəraitləri başqa-başqa şərtlər altında formalaşmaqdadır. Bir ölkənin qırx min kəndi məktəbsiz, yolsuz və işıqsızdırsızsa, insanları xəstəxana qapılarında qıvrana-qıvrana ölürsə, işçiləri Qərb ölkələrinin işıqlı şəhərlərində küçə süpürürsə, kimlərin gerçək milliyyətçi olduğu çox, amma çox önəmlidir.
Milliyyətçilik milli sərhədlər daxilində yaşayan vətəndaşların insan kimi yaşaya bilməyi üçün aparılan mübarizənin adıdır. Yoxsa istismarçı torpaq ağaları ilə əcnəbi şirkətlərin, beyinlərində seçki sandığı daşıyan siyasətçilərlə Mkrtıç Şellefyanların* və Konya müftilərinin quruluşu deyil. Çünki istismarçıların milliyyəti olmur, onlar üçün önəmli olan sadəcə sinfi və şəxsi mənfəətlərdir.
Kapitalizm əsl internasionalizmdir. Bugün dünya iqtisadiyyatı beynəlxalq sərmaye təşkilatlarına bağlıdır. Avropa iqtisadiyyatı belə şirkət payları yolu ilə Amerikan kapitalizminin əlinə keçmişdir. Hansısa dollar və ya mark böhranının bütün dünya iqtisadiyyatına təsir etdiyi bir siyasi dövrdə kapitalizmin əsl gücünü çox yaxından izləmək lazımdır. Bu gücün “milliyyətçi” deyil, “internasional” bir həmrəylik yaratdığı iqtisadi bir fakt olaraq qəbul edilməkdədir. Türkiyədə bəyənilən belə bir günahlandırma ilə ifadə etsək, deyə bilərik ki, həqiqətən, kökü kənarda olan qüvvələrin hamısı beynəlxalq sərmayədən güc alan siyasi mühit və təşkilatlardır.
“Milliyyətçilik”, xalqını daxili ve xarici istismarçıların osminoq kimi hər tərəfə uzanan qollarından qurtulmaq istəyənlərin bağlı olduğu ideologiyadır. “Xalqçılıq” isə milliyyətçiliyin ictimai istiqamətini müəyyən edir. Milliyyətçi olmayan bir xalqçılıq ola bilməz, ancaq xalqçı olmayan bir milliyyətçilik də gərəkdir ki, müzakirə mövzusu olmaya. Xalqçı olmayan bir miliyətçilik sadəcə siyasi fırıldaqçılıqdır və adı “faşizm”dir!
“Xalq” bir çoxlarının zənn etdiyi kimi marksist bir anlayış deyil. Marksizm “sinif” qavramına əsaslanır. Xalq marksizmdə bir məna daşımır, çünki ayrılıqda bir sinif kimi təyin olunmaqdadır. “Xalq” milli qurtuluş savaşlarının terminologiyasındandır. “Xalqçılıq” xarici istismara əsaslanan mövcud bir şəraitdə milliyyətçiliyin söykəndiyi sosial təməldir.
Daxili və xarici sərmayəçilərin (kapitalistlərin) suverenliyini müdafiə edənlər, imam əmmamələrini seçki sandıqlarına sarıyıb siyasət meydanlarına çıxanlar, əcnəbi neft şirkətlərinin vəkilliyini edənlər milliyyətçi ola bilərmi? Beynəlxalq sərmayənin açıq bazarında əcnəbi sərmayəçilərlə işbirliyi edənlər milliyyətçilik bayrağına sığına bilərmi? Boğaziçinin bahalı qumar salonlarında bənövşəyi minlikləri kart kimi səpənlər məktəbsiz, yolsuz və işıqsız kəndlərlə dolu bu yurdun milliyyətçisi sayıla bilərmi? Babalarımızın dörd qitədə at çapmağından danışıb Münhen küçələrində zibil toplayan Anadolu övladlarından utanmayanlar milliyyətçi adlandırıla bilərmi?
Budur, belə bir sistemdə yaşayırıq. Millət düşmənlərinin milliyyətçi, Atatürk düşmənlərinin atatürkçü, xalq düşmənlərinin xalqçı sayıldığı bir ölkədə həqiqi milliyyətçilərə düşən vəzifə, qorxmadan, çəkinmədən, yorulmadan türk xalqının mənafelərini qorumaqdır. Bu məmləkət əcnəbi sərmayə qulluqçularının, din istismarçılarının, siyasət oyunbazlarının deyil, bütün türk xalqınındır. “Milliyyətçilik” isə istismarçıların deyil, Mustafa Kamal inqilabçılarının bayrağıdır.
Uğur Mumcu (Ortam, Həftəlik Jurnal, 20-27 Sentyabr, 1971).
*erməni əsilli Türkiyəli siyasətçidir. 1970-ci illərin önəmli fiqurlarından biri və qaçaqmalçılıqda, dövlətə qarşı dələduzluq məsələlərində adı hallanmışdır