Sovet Sosialist Respublikaları İttifaqı, yəqin ki, bəzən yaşamaq üçün nə qədər darıxdırıcı bir məkan olduğunu öz pionerlərinə sübut edirdi.
Yanvar 1985-də Kommunist Partiyasının hazırladığı siyahıya əsasən, qərb rok-pank qruplarının SSRİ radiolarında səsləndirilməsi qadağan edilmişdi.
“Repertuarlarında ideoloji cəhətdən zərərli kompozisiyalar ehtiva edən musiqi qrupları və ifaçıların təqribi siyahısı”.
- tərcümə olunub – Alexei Yurchak-ın “Everything Was Forever, Until It Was No More” kitabında
Amerika Birləşmiş Ştatları və SSRİ arasında davam edən soyuq müharibənin qəzəbi gənclərin başına qaldı desək, yanılmarıq.
Filmlərdən, musiqi kliplərindən, sənədli filmlərdən müşahidə etdiyimiz qədərilə, diskoteka anlayışı bir xeyli inkişaf etmiş respublika üçün ölkə hüdudları çərçivəsində dövrünün ən qabaqcıl musiqi qruplarına senzura tətbiq etmək bir o qədər nəzakətli hərəkət kimi görünmür. Amma unutmamaq lazımdır ki, biz Sovet Sosialist Respublikasından danışırıq. Senzuranın sığallandıb bağrına basıldığı diyar.
Təsəvvür edin ki, 20-22 yaşınız var, amma yaşıdlarınızı qısqandıracaq kasediniz yoxdur, hansı ki, orada siz AC/DC-dən, Pink Floyd-dan, 10CC-dən, yaxud Alice Cooper-dən mahnılar yazmısınız. Bəlkə də, yazmısınız! Amma bu, illegaldı, çünki partiyanın ürəyi belə istəyir. Kiss-in milliyətçi, Black Sabbath-ın zorakılıqla bağlı musiqilər istehsal etdiyini müdafiə etmək xeyli qəribə səslənir.
Kommunist partiyası üçün, yəqin ki, “Cənnət və Cəhənnəm” adlı musiqini nəinki eşitmək, uzaqdan qapaq şəklini belə görmək faciəvi idi.
Hələ Judas Priest-in antikommunist və rasist damğası almasının səbəbi, əlbəttə ki, “Sad Wings of Destiny“, “Killing Machine” və s. adlı albom adlarının olması deyil!
Əminliklə də qeyd edə bilərik ki, heç bir SSRİ hökumət başçısı bu mahnının (Judas Priest – Tyrant) sözlərini öz üzərinə götürməyib!
Hələ bu cür şirin mahnı istehsal edən qrupdan neofaşist davranışlar müşahidə etmək?!
Şotlandiyanın Milli qəzeti olan “The Scotsman” bu məsələ ilə bağlı müsahibələr alıb. Həmin müsahibələrin tərcüməsini təqdim edirik.
Yuxarıdakı tərcümə olunmuş siyahı Alexei Yurchak-ın “Everything Was Forever, Until It Was No More” kitabında yerləşdirilib. Kaliforniya Universitetinin antropologiya kafedrasının dosenti Yurchak bu siyasətin əks təsir göstərdiyini qeyd edir: “Qərb musiqisinin qarşısının alınması üçün bütün görülən tədbirlər, əksinə həmin musiqinin daha da genişlənməsinə səbəb oldu”.
Qlasqov Universitetinin rusşünaslıq üzrə müəllimi Andrei Rogatchevski deyir: “Hər hansı şəkildə dinə mənsub olan kimsə dini ədəbsizliklə günahlandırılırdı (siyahıdakı Black Sabbath, Nazareth kimi). Allaha, şeytana, yoxsa Qara Magiyaya və yaxud başqa nəyəsə inanmağının onlar üçün heç bir fərqi yox idi – inanmalı olduğun yeganə məfhum partiya idi. Həmçinin Sovet nizam-intizamını poza biləcəyi üçün şiddət və zorakılıq ehtiva edən sözləri də sevmirdilər (Alice Cooper, Scorpions, UFO, Sex Pistols, B-52, Madness, Kiss, Iron Maiden və sairə). Faşizmlə əlaqədar hansısa sətiraltı mesajlara gələsi olsaq, bunlar milyonlarla insanın ölümünə səbəb olurdu”.
Müəllim əlavə edir: “Bu qadağa bir o qədər effektiv olmamışdı. Yadımdadır, gənc vaxtlarımda orada yaşadığım illərdə qadağan olduğunu bilə-bilə AC/DC-nin və digər qrupların albom surətlərini dinləyirdim”.
Ukraynanın Edinburqdakı konsulu Vitalii Pantus qadağaya baxmayaraq, Qərb musiqisinin Sovet Kommunizmini məhv etməkdə rol oynadığını etiraf edir.
O deyir: “İnsanlar nə istəyirlərsə onu öyrənmək, onun haqqında təhsil almaq, o haqda danışmaq və onu dinləmək istəyirdilər”.
Amerikan-ingilis radio aparıcısı DJ Paul Gambaccini qeyd edir ki, bu dövr “Sun (tabloid, qəzet)”-ın The Smiths-i qadağan etməyimizi istədiyi dövrlə üst-üstə düşür.
Iron Maiden-in bu qara siyahıda yer almasının əsas səbəbi kimi onların bəzi mahnılarında Tövrat-a və ikinci həyata göndərmələrin olmasıdır: “Live After Death” (albom), “Number of the Beast” (albom, mahnı) və sairə.
AC/DC isə başqa məsələlərlə mühakimə olunurdu. Məsələn adlarının açılışının “Anti Christ/Devil Child” olması. Bu isə əfsanənin ən böyüyüdür. Çünki AC/DC öz adını “alternating current/direct current” (alternativ/birbaşa cərəyan) kimi açıqlayır. Bundan başqa, canlı ifalarında qrup üzvlərinin daim sərxoş olması SSRİ hökumət üzvlərini əsəbləşdirən digər punktdu (aramızda qalsın, amma onda gərək The Doors qrupunun vokalisti Jim Morrisonu çarmıxa çəksinlər. İnanıram ki, qrup 1978-də dağılmasaydı, onların da adını qara siyahımızda mütləq görərdik).
Və beləliklə, uğursuzluğa uğramış bu siyasət ilə SSRİ gəncləri rokdan uzaqlaşdıra bilmədi. Gizli-gizli surətlərinin dinlənilməsi, kasetlərin yazılması və başqa digər “passiv-anarxistliklər”.
Mənbə: The Scotsman – They were banned in the USSR
ULTIMATE GUITAR – 15 Famous Bands That Were Banned from the USSR Because of Funny Made-up Reasons
Əlavə baxış: Banned in USSR – Spotify playlist