Siyasət sahəsində fransız inqilabının elan etdiyi «İnsan Haqları Bəyannaməsi»ndə, iqtisad sahəsində dəxi Mançestr okuluna mənsub iqtisadçıların «burax keçsin, burax etsin» şəklindəki formulları ilə əsaslandırılan bu prinsiplər burjua inqilablarında qəhrəmanlıqlar yaradan liberal düşünüş sisteminin əsasını təşkil etmişlər.
İnsanı Orta zaman geriliyinin siyasi, dini və iqtisadi üç-qatlı zərurət və əsarət qayıtlarından (şərtlərindən) qurtaran və fərdə cəmiyyət içində layiq olduğu vətəndaş mövqeyini verən qüvvə liberalizmin zəfəri olmuşdur.
Liberalizm, dövlətin vətəndaş üzərindəki hakimiyyətini ən az dərəcəyə endirib, onu yalnız daxili asayiş ilə xarici əmniyyəti təmin edən, cəmiyyət xidmətində və nəzarətində bu müəssisə görmək istəmiş; dinin dünya işlərindən ayrılığını tələb edərək, vicdanların hər türlü təzyiqdən azadəliyini gözə almış; iqtisadi sahədə dəxi satış təşəbbüsünün istiqlalına hörmətlə mülkiyyətin qutsallığını elan etmişdir.
Liberalizmdə əsas ideal fərdin ən çox hürriyyəti və dövlətin vətəndaşlar arasındakı qarşılıqlı münasibətə ən az müdaxiləsidir. Şəxsi təşəbbüslərlə mülkiyyət haqqını tapdayan və təhdid edən hər hankı dövlət müdaxiləsi, bu sistemin klassik baxışına qətiyyən uyğun deyildir.
Liberal dövlət müəyyən bir zamana qədər tarixi vəzifəsini müvəffəqiyyətlə görmüş, feodalizm sisteminə bağlı qalan qüvvələrinin hər sahədə açılaraq irəlilələməsini təmin etmişdir.
Fəqət, hər tarixi cəmiyyət növü kimi, zəncirlərini qıraraq böyük bir sürətlə irəliləyən liberal cəmiyyət dəxi, içindəki əks qüvvələrin böyüməsi ilə yeni ictimai təzadlar qarşısında qalmışdır.
Başıboş rəqabət əsasına dayanan liberal istehsal sistemi təşəbbüskar və eqoist fərdlər arasında hüdud və ölçübilməz bir mücadiləyə meydan vermişdir. Bu isə bildiyimiz kapitalizmi doğurmuş və ona bağlı bütün sosial təzadları qanadlandırmışdır. Sözdə siyasətən hürr, mənən hürr və iqtisadən hürr olan vətəndaşlar, beləcə yarını məchul, bir dilim çörək qazancının əsiri bir hala gəlmişlər. Zahirdə hakimiyyət «ümumun rəyinə» dayanan parlament içindən doğmuş «məsul hökumətlər»də isə də, həqiqətdə əsil hakimiyyət yeni para aristokratiyası deyilən bankirlərlə fabrikaçıların əlində. Bir tərəfdə gözqamaşdırıcı əfsanəvi zənginlik, o biri tərəfdə isə ürək yaxan bir fərqü səfalət. Sinfə qarşı sinif. Daxili mücadilə. Vətəndaşlar bıçaq-bıçağa.
Liberal dövlət şəxsən öz sisteminin məhsulu olan kapitalizmin doğurduğu böhranla mücadilədən acizdir. Bu təzada yenə cəmiyyət içərisində doğulan yeni qüvvələr qarşı gəlirlər. Kapitalizmin doğurduğu proletariat sinfinə dayanan inqilabçı sosializm ideologiyası doğulur. Digər adı kommunizm olan bu ideologiyaya görə, burjua cəmiyyətini iztirablar içində tutan şey liberalizmin istehsal sahəsindəki anarxiyaya izn verən fərdiyyətçiliyidir. İstehsal alətləri üzərindəki satış mülkiyyəti haqqı dəyişməz qaldıqca – kommunistlərə görə – insan cəmiyyətinin iztirabına son gəlməz. Cəmiyyətlərin bir millət və dövlət içində vəhdətləri onlarca bəhs mövzusu ola bilməz. «Nə millət var, nə dövlət. Bu ancaq çalışan kütlələri qullanmaq üçün kapitalist ideoloqları tərəfindən uydurulmuş bir yalandır. Var olan siniflərdir. Liberal dövlət kapitalistlərin hakimiyyətini örtmək üçün üzünə vətən, istiqlal və vətəndaş hürriyyəti maskası taxmış sinif hakimiyyətindən başqa bir şey deyildir». Hökumət demək, Leninin təbirincə, həddi zatında (özlüyündə) bir sinfin digər sinifləri əzmək və özünə tabe etmək üçün qurmuş olduğu cəbr maşınından başqa bir şey deyildir. Bunun üçün də Marksa görə, fəhlənin nə vətəni var, nə də milləti. Vətən və millət hissindən məhrum olan bu yeni insanlar zümrəsi proletariat «burjua diktatorluqlarını» devirərək, öz hakimiyyətini quracaq və tədriclə bütün sinifləri ortadan qaldıraraq sinifsiz və təzadsız bir cəmiyyət yaradacaqmış.
Hürriyyət və mülkiyyət prinsipləri üzərinə qurulan mədəniyyəti bütün əsərləri ilə inkara qalxan bu müfrit (aşırı radikal) cərəyan, yeni bir absolyutizm [mütləqiyyət] idealı doğurur ki, onun ən kamil və ən amansız müməssili (təmsilçisi, nümunəsi) kommunizm və Rusiyadakı misalı ilə bolşevizmdir.
Hüdudsuz liberalizmin təzadlarla dolu, özünü içindən gəmirən anarxist kapitalist sisteminə döndüyünü müasir liberallardan və liberal demokratiya ideoloqlarından bir çoxu belə etiraf etməkdədirlər. Dövlətin sadə, bir “gecə gözətçisi” rolunda olmayıb, cəmiyyətin tənzimində aktiv rol oynayan əsri, ən mükəmməl bir müəssisə halında olmasını istəyən mütəfəkkirlərin başında Hegel kimi keçən əsrin (XIX) parlaq beyinləri durmaqdadır.
Anarxist kapitalizmdən doğan təzadları islah üçün, millət və dövlət fikrini kökündən baltalayan marksizmin təlqin etdiyi kommunizm inqilabına qətiyyət lüzum yoxdur. Kötülük şəxsən hürriyyət və mülkiyyət prinsiplərində deyildir. Necə ki, bu prinsiplərə hərb elan etmiş olan kommunizm inqilabının Rusiyada vücuda gətirdiyi cəhənnəmlik həyat mütləq kollektivizmin mütləq liberalizmdən müqayisə edilməyəcək dərəcədə vasid bir sistem olduğunu meydana qoydu.
Bu təqdirdə nəticə öz-özünə doğur: Nə fərdi hürriyyətlə şəxsi mülkiyyətin mütləqiyyətindən doğan kapitalist anarxiyası ilə sərmayə istibdadı, nə də insanları mənliyindən çıxararaq bir kölə və maşın halına gətirən kommunizm əsarəti! Nə mütləq liberalizm, nə də mütləq kollektivizm! O halda:
İkisini təlif (uzlaşdıran) edən solidarizm = təsanüd.
Təsanüdçülükdə əsri mədəniyyətin əsasını təşkil edən hürriyyət, şəxsi təşəbbüs və mülkiyyət əsasları dəyişməzdir. Fəqət, eyni zamanda dövlət, mütləq liberalizmdə olduğu kimi, fərdlər, siniflər və zümrələr arasındakı münasibət və mücadilələrə laqeyd, sırf polis vəzifəsi ilə borclu bir müəssisə deyildir. Bu sistemdə hürriyyət də, mülkiyyət də mütləq deyil şərtidirlər. Şərt isə ümuminin mənfəəti və dövlətlə millətin salamatlığıdır. Şəxsin olsun, zümrə və ya sinfin olsun hürriyyəti, topluluğun yüksək mənfəətləri və hürriyyətini pozmamaq şərtləri ilə çərçivələnmişdir. Liberalizm, bu hüdudu bir şəxsin hürriyəti ilə digər şəxsin hürriyyəti arasında etibar edirdi, bunun üçün də dövlətin vəzifəsini sadə, bir zabitə və məhkəmə dərəcəsinə endirmək istəyirdi. Solidarizmdə isə, dövlət millətin təmsilçisi və cəmiyyətdəki münasibətlərin nizamlayıcısıdır.
Bu surətlə solidarizm, hürriyyət və mülkiyyət müəssisələrində qoyulmuş təbii təşəbbüs və irəliləmə həmlələrini zədələmədən, kapitalizmin liberal sistemdə ümumi mənfəət zərərinə işləyən ifratlarının önünə keçmək vəzifəsini dövlətə verir.
Sinifləri əsas olaraq alan kommunizm kimi, fərdləri nəzəri etibara alan liberalizm dəxi kosmopolit və internasionaldır, solidarizm isə millidir. Çünki sadə şəxslərin və siniflərin maddi mənfəətə bağlı xüsusiyyətlərinə deyil, siniflər və fərdləri bir cəmiyyət halına gətirən mənəvi qüvvələrə böyük qiymət verir. Bu mənəvi qüvvələr isə, millət və dövlətlərin gerçəkləşməsində birləşdirici amil olaraq təsir edən dil, din, tarix, ümumiyyətlə kültür və ortaq ideal kimi mənəvi və ruhi qüvvələrdir. Liberalizm mədəniyyətin ruhunu fərdin yaradıcı eqoizmində görür. Kommunizm isə bunu sinif eqoizmi ilə dəyişdirir; solidarizm isə, mədəniyyəti fərd eqoizmi ilə cəmiyyət mənfəətləri arasındakı ahəngdən ibarət bitir. Liberal cəmiyyətdə qeyri düşünmək [altruizm] qəhrəmanlıqdır. Solidarizmdə isə bu bir vəzifədir. Kültür və tarix bağları ilə mənəvi birlik təşkil edən bir millətin fərdləri, topluluğun ortaq mənfəətlərini qorumaq üçün öz şəxsi hırs (sonsuz arzu) və mənfəətlərini hüdudlandırmaq məcburiyyətindədirlər. Topluluğun mənfəətlərini təmsil edən müəssisə dövlətdir. Fərdin mənəvi mənliyini təşkil edən ortaqlı bütün qiymətlərin qaynağı milli cəmiyyət, onu təmsil edən də dövlətdir. Fərd, digər fərdlərlə ortaq olduğu bu mənəvi mənliklə özünə məxsus mənfəətlərdən ibarət maddi mənlik arasında ixtilaf çıxınca, maddiliyini mənəviliyinə fəda etmək məcburiyyətindədir. Hürr və kamil insan olmaq fəzilətinin hökmü bundan başqa ola bilməz. Dövlətlər, millətlər və cəmiyyətlər ancaq «canlarını cananlarına fəda edə bilən» bu kimi əzaya (üzvlərə) malik olduqları zaman paydar uzunömürlü ola bilirlər.
Madam ki, milliyyətçiyik, deyirik; madam ki, milli dövlət istiqlalını müdafiə edirik, o halda bizim üçün nə kosmopolit liberalizmə və nə də kommunizmə yönəlmə düzgün ola bilməz. Bizcə, müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir.
“Azərbaycan”, il 1, sayı 12, 1 mart 1952, Ankara.