“Dünya işçiləri, birləşin – qandallarınızdan başqa itirəcəyiniz heç nəyiniz yoxdur!” şüarı ilə tanınan, müasir sosiologiya eliminin pionerlərindən olan habelə görüşləri ilə 20-ci əsr dünya dövlətlərinin üçdə-birinin siyasi idarəetməsinə güclü təsir göstərən Karl Marks özgələşmə konsepsiyasının yazarlarından biri olmuşdur (BBC Radio, 2015). Özgələşmə və əlaqəli konsepsiyaların bir neçə mütəfəkkirləri olmuşdur və buna misal olaraq Friedrix Hegeli, Emil Dörkhaym və s. göstərmək olar; lakin Marksı bu və digər həm-fikirlərindən fərqləndirən onun bu konsepsiyanı kapitalist sistemi altında işçi sinfinin hansı proseslərə məruz qalmasını ifşa etməsidir. Özgələşmə barəsində yazıları Marksın 1844-cü ildə yazılan “Paris Əlyazmaları” daha sonra isə “İqtisadi və Fəlsəfi Əlyazmalar” kimi tanınan mənbəsindən bizlərə gəlib çatmışdır (Conathan Uolf, 2017).
Karl Marksın kapitalist sisteminə qarşı yönlən qeyri-məmnunluğunu iki əsas müddəa üzərində qurur: 1) Kapitalizm iqtisadi cəhətdən istismar edir; 2) Kapitalist sistemi mahiyyət etibarilə özgələşdirir (Dan Loui, 2015). Bu yazının məqsədi isə özgələşdirmə konsepsiyasının təsviri analiz etməkdir.
İlk öncə Marksın istinad etdiyi bu termin, yəni özgələşmənin nə demək olduğunu aydınlaşdırmaq lazımdır. “Niyə Bugün Marksı Oxumalı?” əsərinin müəllifi Conathan Uolf (2017) özgələşməyə bu cür tərif verir: “insan oğlu həm mövcudiyyatdan həm də mahiyyətdən ibarətdir. Mövcudiyyat bizim həyatda sadəcə mövcud olmağımızı, mahiyyət isə nəyə görə mövcud olmağımızı səbəbləndirən amildir.” Hər bir insanın müəyyən bir yaşam mahiyyyəti vardır ki, bu da adi təbii, humanist şərait altında ideal bir həyat tərzinə çevrilməlidir. Kapitalizm iqtisadi rejimi altında isə insan öz insani şəxsi inkişafının ən üst səviyyəsinə ucala bilmir. Uolfun fikrinə görə Marks iddia edirdi ki, kapitalist iqtisadi quruluşu insan oğlunun mahiyyətini mövcudiyyatından uzaqlaşdırır. Burjuaya pul qarşılığında satılan əmək insani mahiyyətin təcəssümü deyil də, yalnız və yalnız mövcudiyyata xidmət edən qula çevrilir və aid olduğu insanı da bir növ qula çevirərək özgələşdirir. Daha primitv dildə desək, işçi həyatda qalmaqdan ötrü əməyini satmaqdan başqa heç nə edə bilmir və nəticə etibarilə öz insani mahiyyətini itirərək özgələşir.
Özgələşmə fərdin kapitalist sistem altında işindən, öz kimliyindən və cəmiyyətdən uzaqlaşmasına və ya yadlaşmasına istinad edir (Philosophy Tube, 2016). Bu özgələşmə özünü daha dərin dörd növdə göstərir:
- Məhsuldan Özgələşmə;
- Əməkdən və əmək prosesindən özgələşmə;
- “İnsani Mahiyyət”dən özgələşmə;
- İnsanın insandan özgələşməsi
Məhsuldan Özgələşmə
Marks 1844-cü ilin “İqtisadi və Fəlsəfi Əlyazmaları”nda iqtisadi faktdan öz fikirlərini belə izah etməyə başlayır:
“Daha çox maddi nemətlər istehsal edərək istehsalının həm gücünü həm də ölçüsünü artıran işçi özü daha da kasıblaşır. Daha çox əmtəə istehsal edən işçi özü də daha ucuz bir əmtəəyə çevirilir. İnsan oğlunun həyatının dəyərdən düşməsi əşyalara verilən dəyərin artması ilə birbaşa əlaqəlidir. Əmək təkcə əmtəəni deyil – həm özünü, həm də işçini də əmtəə kimi istehsal edir. Bu proses ümumilikdə əmtəələrin istehsal sürəti ilə eyni gedir.
Bu fakt onu göstərir ki, əməyin istehsal etdiyi ya əşya – yəni, əməyin məhsulu – istehsalçıdan tam müstəqil, yad bir güc şəkildə meydana çıxır. Nəhayət əməyin məhsulu hər hansı bir əşyada özünə yer tapır, obyektə çevrilərək materiallaşır: bu da əməyin əşyalaşması (dəyərdən düşməsi) deməkdir. Əmək əşyalaşdırıldıqdan sonra doğulur. Bu cür iqtisadi vəziyyət altında reallaşan əmək işçilər üçün bir itki; əşyalaşmanın özü əməyin sahibinə və eləcə də əməklə işçi arasındakı bağlılığa itki; mənimsənilməsi (işçidən ayrılması, müsadirə olunması) isə yadlaşma, özgələşmədir.”
Yuxarda Marksın öz yazısına nəzər salaraq deyə bilərik ki, hələ o, məhsuldan özgələşmənin necə meydana gəlməsindən öncə kapitalist istehsal sisteminin hansı iqtisadi fakt üzərində qurulduğunu işçiyə nisbətən münasibətdə izah etməyə çalışır. Bu sətirlərlə Marks onu deməyə çalışır ki, kapitalist iqtisadi strukturu daimi istehsala və emala yönəlir və bu istehsal isə işçilər olmadan mümkün deyil. İşçi öz əməyi ilə bu sistemə öz töhfısini verir və vaxt keçdikcə isə sistemin yaratdığı zərurət isə onu daha çox istehsala sövq edir. İşçi bu qədər çox maddi nemətlər istehsal etdikcə öz əməyini əşyalarda təcəssüm etdirir. Elə bu o andır ki, işçi də öz əməyini istehsal edir. Bu o deməkdir ki, primitiv dildə desək, işçi bunu istəyərək etmir – müəyyən maddi ehtiyacı oluğundan öz əməyini satır. Müstəqil şəkildə öz zövqü və həvəsi ilə çalışmır. Kapitalist istehsalı ayaqda tutmaq üçün müəyyən pul məvacib ilə əməyin elə məhz özünü də satın alır – o əmək ki, maddi nemətlər istehsal edir və satışa buraxılır. Beləliklə, əməyin özü də istehal etdiyi maddi nemətlərdən pul mahiyyəti etibarilə fərqlənə bilmir.
Bütün bunlar isə elə məhz gəlib çıxır əsas müddəaya ki, işçi öz əməyinin məhsuluna olan münasibəti, əlaqəsi hər hansı bir yad cismə olan bir əlaqəyə bənzəyir (Marks 1844):
“Bu yuxarıdakı müddəaya əsasən aydın olur ki, işçi özünü nə qədər çox sərf edirsə, onun özünə qarşı və öz üzərində yaratdığı özgələşmiş obyektlər (əşyalar və ya maddi nemətlər) dünyası daha da çox güclənir. Nəticə etibarilə, özü və iç dünyası daha da kasıblaşdıqca özünə qalan daha da azalır. … İşçi öz həyatını əşyaya, obyektə həsr edir, lakin elə buna görə də artıq onun həyatı özünə yox məhz elə o əşyaya aid olur. … Beləliklə istehsalı artdıqca özü daha da cılızlaşır.”
Məhsuldan özgələşmə təkcə o demək deyil ki, işçi hər hansı bir obyekti, cismi istehsal edir və onun əməyi özdən kənar bir cismə dönüşür. Özgələşmənin bu növü həm də o deməkdir ki, işçinin öz həyatını həsr etdiyi müstəqil şəkildə çıxış edən bu maddi obyektlər onunla bir yad və düşmən qismində üz-üzə dururlar (Marks 1844).
Marksın bir qədər qəliz fikirlərini anlaşıqlı etmək istəyən Conathan Uolf məhsuldan özgələşməni belə izah edir ki, işçi daha çox istehsal etdikcə, daha da maddi nemətlərdən asılı hala gəlir. Kapitalist burjua sinfi istehsal olunan əmtəələri mənimsəyir və yenidən onu proletariat sinfinin nümayəndələrinə satır. Bu da onu təcəssüm etdirir ki, işçinin öz zəhməti ilə hazırladığı məhsul onunla özgələşmiş şəkildə üz-üzə gəlir. Öz əməyi ilə yaratdığı məhsula sahiblənə bilmədikdə proletariat məhsuldan özgələşir.
İstehsal vasitələrini sahiblənən kapitalist sinfinin diktəsi altında proletariat nəinki özünün mənimsəyə bilmədiyi məhsulu istehsal edir, həm də əks sinfin gücünü də daha da artırır: məhsul istehsal olunur, sonra burjua sinfi tərəfində satış üçün mənimsənilir. Bu məhsulun istehlakçı kütləsi də elə məhz işçi sinfi olur. Bu prosesdə isə əlavə qazanc isə yenidən varlı kapitalist sinfinin əlində cəmlənir və öz yaratdığı məhsulu vasitəsiz mənimsəməkdən kənar düşən işçi sinfi isə özgələşir.
Əməkdən və əmək prosesindən özgələşmə
Özgələşmə təkcə istehsal olunan məhsulla işçi arasındakı əlaqə ilə limitlənmir. Məhsul öz-özlüyündə istehsal prosesinin bir nəticəsidir. Əgər bir prosesin nəticəsi özgələşmə meydana gətirirsə deməli elə prosesin özü də işçini özgələşdirməli, yadlaşdırmalıdır. İşçilər ona görə də istehsal etdikləri məhsullardan özgələşdikləri kimi istehsal (və ya əmək) prosesinə və ya bu prosesin təməli olan əməkdən də özgələşirlər (Marks 1844). Bəs sual oluna bilər ki, əməkdən özgələşmə nə deməkdir və ya necə baş verir. Marks (1844) belə izah edir:
“İlk növbədə fakt budur ki, əmək işçiyə kənar, xarici bir məhfumdur, yəni onun daxili dünyasına aid deyil; ona görə də işləyərkən işçi özünü təsdiq yox inkar edir, özünü xoşbəxt yox bədbəxt hiss edir, öz fiziki və əqli enerjisini sərbəst inkişaf etdirmək əvəzinə öz bədənini incidir və düşüncəsini korlayır. İşçi buna görə də özünü yalnız işdən kənarda olanda tam hiss edə bilir və işində olanda isə öz bədənindən və ruhundan kənara hiss edir. İşləməyəndə özünü evdəki kimi rahat hiss edir, lakin işləyəndə isə tam əksi. Onun muzdlu işi ona görə də könüllü yox məcburidir – məcburi əmək. Ona görə də bu (əmək) hər hansı bir ehtiyacın qane olunması deyildir; əməyin özünə yad olan hər hansı ehtiyacları ödəmək üçün eləcə bir vasitədir. Əməyin bu yad, özgələşmiş xüsusiyyəti özünü o zaman ifşa edir ki, hər hansı bir fiziki və ya başqa məcburiyyət olmadıqda bu əmək özünü ifadə etmir; yəni, bu əməyin sahibi ondan vəba xəstəliyi kimi boyun qaçırır. Xaricdən zorla qəbul etdirilən və insanı özgələşdirən bu əmək özünü-qurban vermə və ya incitmə əməyindən başqa heç nə deyil. Və sonda bu əmək ona görə zorla boynuna qoyulan adlanır ki, məhz bu əmək onu yaradan sahibinə yox, başqa birinə məxsusdur (kapitalist quruluşunda pulla satılan əmək faktına işarə edir).
Nəticə etibrilə, insan (işçi) özünü yalnız heyvani funksiyalarında – yemək, içmək, nəsil artırmaqda – və ya yaşamağında və geyinib-kecinməyində – azadcasına aktiv hiss edir. İnsani münasibətlərində isə heyvandan başqa heç nə kimi hiss edə bilmir. Heyvani olan nədirsə insani, insani olan nədirsə heyvani olur.
Əlbəttə ki, yemək, içmək, nəsil artırmaq və s. həmçinin təbii insani funksiyalardır, lakin mücərrəd şəkildə digər insani fəaliyyətlərdən ayrı salındıqda və yeganə və son məqsədlərə döndürüldükdə, onlar heyvani funksiyalardır.
Marksın əmək prosesindən özgələşmə ilə bağlı öz əlyazıları hər nə qədər çətin, bir az da fəlsəfi olsa da bunu izah etmək və günümüzün aktuallığında görmək elə də qəliz deyil. Əməkdən özgələşmə o zaman baş verir ki, işçi öz həqiqi istəklərindən dolayı olmayan səbəblərə görə işləməyə məhkum edilir. Əmək işçinin öz insani duyğusundan və şəxsi bacarığının göstərişindən deyil də yalnızca ehtiyacdan irəli gəlir. Daha sadə dillə desək, muzdlu əmək daxildən gələn hər hansı bir yaradıcılıq eşqi deyil, həyatda qalmağa xidmət edən bir vasitəyə çevrilir (Philosophy Tube, 2016). Maddi-həyati ehtiyacları ödəmək üçün maaş qarşılığında satılan bir vasitədən başqa heç bir rol oynamayan bu əmək öz sahibini əməyə özünü-aktualizasiya kimi deyil, sadəcə pula satıla bilən bir bilet kimi yanaşmağa sövq edir.
Müasir dövrdə də bunun şahidi olmaq mümkündür ki, işçilər öz istədikləri qaydalarla deyil, yuxarıdan əmr olunan şərtlər altında çalışırlar və bu, zaman keçdikcə işçinin həvəslə öz işini görməsinə mane olur. Nəticə etibarilə, işçi artıq robotlaşmış şəkildə işini görməyə davam edir. Bu iş öz növbəsində işçinin içində olan öz peşəsinə bəslədiyi yaradıcılığı və ehtirası tükəndirir. Həyati bir misal olaraq deyə bilərik ki, tələbə dərsdə iştirak etmədikdə ona qayıb yazmağa məcbur olunan və bundan dolayı bir çox mənasız bürokratik işləri görməyə sövq olunan professor nə vaxtsa öz əmək prosesində özgələşir və ya bu risk onu nə vaxtsa gözləyə bilər.
“İnsani Mahiyyət”dən özgələşmə
Marksın bəyənmədiyi kapitalist istehsal rejimi işçini öz əməyinin məhsulundan və istehsal prosesindən özgələşdirdiyi kimi daha geniş miqyasda insani mahiyyətindən və insan oğlunun bir-birindən də özgələşməsinə səbəb olur. Marks (1844) bu rejimin insan oğlunun öz insani-nəsli mahiyyətdən necə özgələşdirdiyini yazır: “… məhsuldar həyat məhz elə insan nəslinin, növünün həyat formasıdır. Bunun özü həyatı həyat edən, var edəndir. Təbiətdəki hər hansı bir növün bütöv xarakteristikası onun ancaq fəaliyyətindədir; amma azad və şüurlu fəaliyyət isə məhz insan cinsinin xarakterinə məxsusdur. … Heyvan yalnız və yalnız öz fəaliyyəti ilə xarakterizə olunur, meydana gəlir və ya bütün mövcudiyyatı anlaşılır. Heyvanın həyatı ancaq özünün həyat fəaliyyəti ilə sərhədlənir. Heyvan özünü öz fəaliyyətindən fərqləndirmir. İnsan isə öz həyat fəaliyyətini öz iradəsinin və şüurunun obyeltinə çevirir. Onun həyat fəaliyyəti (heyvanınkından fərqli olaraq) şüurludur. … Şüurlu həyat fəaliyyəti insan oğlunu dərhal heyvani həyat fəaliyyətindən və tərzindən fərqləndirir. Elə məhz buna görə də insan öz insani-nəsli mahiyyətinə malikdir. Yaxud, insan nəsilindən olduğuna görə şüurlu varlıqdır – yəni, öz həyatı özü üçün bir obyektdir. Məhz elə buna görə onun fəaliyyəti azaddır. Özgələşdirilmiş əmək bu əlaqəni tam əksinə edir ki, insan oğlu öz həyat fəaliyyətini, başqa sözlə desək, insani mahiyyətini yalnızca mövcudiyyatına xidmət edən bir vasitəyə çevirsin.”
Bu sətirlər ilə Karl Marks insanın həyat mahiyyətinin habelə əməyinin heyvanınkından necə fərqləndiyini izah edir. Daha sonra isə o, göstərir ki, heyvan ancaq öz ani fiziki ehtiyaclarını qarşılamaq üçün istehsal edərkən, insan oğlu bunun daha üstündə dayanır və özünün ehtiyacı olmayanda belə istehsal bacarığına malik olduğunu bildirir. Ən əsas vurğulanan da odur ki, insan universal olaraq bütün həm-növləri üçün istədiyi vaxt və istədiyi şəkildə – xüsusən də təbiətin gözəllik və bütöv harmoniya qaydalarına əsasən – istehsal edə bilir (Marx 1844). Marks bildirir ki, insan övladı kapitalist sistemi altında öz mahiyyətini istehsal etdiyi maddi məhsullar və nemətlər üzərində görür. Problem isə, yəni insani mahiyyətdən özgələşmə o zaman baş qaldırır ki, insan məcburən öz yaşamını sürdürmək üçün istehsal edir və istehsal etdiyi məhsullar onun əlindən alınaraq kapitalist sinfi tərəfindən inhisar olunur və bazarda onunla yad şəkildə üz-üzə gəlməli olur. Bax elə yaratdığı məhsuldan və əmək prosesindən özgələşmə bu an özünü insani-mahiyyətdən özgələşmə ilə bötövləşdirir. Sondakı işçinin digər işçilərdən özgələşməsi də elə məhz insani mahiyyətdən yadlaşma ilə sıx əlaqəlidir.
İnsanın insandan özgələşməsi
Nəhayət, insanın öz istehsal etdiyi məhsuldan və həyat fəaliyyətindən (insani mahiyyət) özgələşməsi özünü insanın insandan yadlaşmasına gətirib çıxarır. Thompson (1979) bu mövzu ilə bağlı bildirir ki, maaş qarşılığında görülən muzdlu iş işçini öz istehsal etdiyi məhsuldan və əmək prosesindən və insani mahiyyətdən ayırdığı kapitalist quruluşunda da bu özünü insanların bir-birinə münasibətində də göstərir (səhifə 28). O, bildirir ki, pul insanlar arasında bir güc rolu oynayır – başqa sözlə desək, pulun özü sosial bağlılığa çevrilərək insanı insandan özgələşdirir. İnsanlar bir-birini artıq müəyyən keyfiyyətlərə sahib həm-fərdlər kimi görmür. Pul artıq insan oğlunun hər hansı bir qabiliyyətini özgələşdirilmiş şəkildə pulun sahibinin əlində cəmləyir (Thompson 1979).
Marksın özü də bununla bağlı belə bir nəticəyə gəlir:
“… İnsan oğlunun öz işinə, əməyinin məhsuluna və özünə münasibəti eləcə də başqa insanlara olan münasibəti onların əməyi və əmək məhsulu ilə xarakterizə olunur.
…
Özgələşdirilmiş əməyin hakim olduğu münasibətlərdə hər bir kəs digərini öz-özünə bəslədiyi işçi münasibəti və standartları ilə qiymətləndirir.”
Bu sətirlərdə Marks (1844) onu demək istəyir ki, kapitalist istehsal növü altında insanlar bir-birilərini, sanki eyni bir gəmidə batan fərdlər kimi deyil, sadəcə maddi standartların diktəsi altında işçi kimi görürlər və anlayırlar.
Bundan savayı demək olar ki, işçilərin digər işçilərdən özgələşməsi kapitalizm iqtisadi sisteminin yaratdığı rəqabət əsasında da baş verir. Bu sistemin diktəsi ilə proletariat üzvlər nəinki təkcə öz mənafelərini güdür, hətta bir-biriləri ilə amansız rəqib kimi mübarizə aparırlar. Buna bir misal olaraq daimi şəkildə Qərbə doğru işçi axınını göstərmək olar. Xarici qərb ölkələrinə təşrif buyuran işçilər nəinki kapitalist sisteminin altında əzilir, habelə həmin ölkələrdə olan kompatrioit, əsasən də ağ-yaxalı yuxarı-orta, işçi sinfi tərəfindən də həm pis rəftara, həm də ki, çətin rəqabətə məruz qalırlar (Philosophy Tube, 2016). Səbəb isə odur ki, işçi qismində olan bütün fərdlər bir-birilərini yalnız işçi gözü ilə görə bilirlər – daha doğrusu, bu cür görməyə məhkum olunmuşdurlar. Bu amansız rəqabətin və qarşılaşmanın işçi sinfinə deyil, ancaq kapitalist sinfinə xidmət etməsi faktı daha geniş bir müzakirə mövzusu ola bilər, lakin bu hal bir daha sübut edir ki, Karl Marksın 1844-cü ildə qələmə aldığı Özgələşdirilmiş Əmək konsepsiyası hələ də öz aktuallığını qorumaqdadır.
Sonda bir çoxumuz onu deyə bilərik ki, Marksın bu fikirləri çox radikaldır və bugünkü müasir reallığımızla üst-üstə düşmür. Təbii ki, nəzərə alsaq ki, Karl Marksın Özgələşmə nəzəriyyəsi onun akademik dünyaya ilk addım atdığı vaxtlarda qələmə alınmışdı və bunun verdiyi romantiklik bu şübhələrimizə hardasa haqq qazandıra bilər. Buna baxmayaraq onu da nəzərə almaq lazımdır ki, əsər 19-cü əsrin ortalarında sənaye inqilabının öz inkişafının pik nöqtəsinə çatdığı, habelə kasıb işçi sinfinin əməyindən qeyri-insani şəkildə istismar olunduğu bir dövrdə qələmə alınmışdır. İkinci bir tərəfdən yanaşdıqda isə müasir dövrümüzdə insan hüquqlarının tanındığı və bu hüquqların aliliyinin hər bir kəsə eləcə də bütün işçilərə şamil olunmasının praktiki şəkildə yerinə yetirilməsinə şahid oluruq. Ancaq bütün bu texnoloji və humanitar irəliləyişlərin kapitalizmin bu cür sürətləndiyi bir vaxtda potensial özgələşmə faktlarını yox etməsinə inanmaq bir azca kapitalist sistemindəki qeyri-mükəmməllikləri gözməzdən gəlmək olardı. Sonda bəlkə də, hər birimiz fərdi şəkildə özümüzü sorğulamalıyıq: nə vaxtsa sadalanan özgələşmə formalarının hansınınsa qurbanı olmuşuq mu?
İstifadə olunmuş mənbələr:
Karl Marx, 1844. Economic and Philosophical Manuscripts of 1844Economic and Philosophic Manuscripts of 1844; Apple Books.
Lanny Ace Thompson, University of Kansas. The Development of Marx’s Concept of Alienation: An Introduction. Mid-American Review of Sociology, 1979, Vol. IV, No. 1:23-38
Dan Lowe, 2015. Karl Marx’s Conception of Alienation
Exploring Economics, Karl Marx on Alienation, BBC Radio 2015
https://www.exploring-economics.org/en/discover/karl-marx-on-alienation/
Jonathan Wolf, 2017. Marx on Alienation. Philosophy Overdose
https://www.youtube.com/watch?v=yIg-THMBzsU
Alienation, 2015. Sociology Live! https://www.youtube.com/watch?v=30HeJvE9KCg
Philosophy Tube, 2016. Capitalism’s Consequences.
https://www.youtube.com/watch?v=yynYFEp8H6w
Oliver Christ, 2015. The Concept of Alienation in the Early Works of Karl Marx. European Scientific Journal. Edition vol.11, No. 7. ISSN: 1857 – 7881 (Print) e – ISSN 1857 – 7431
Laurie Taylor explores the meaning and relevance of Karl Marx’s theory of “alienation”. (Lauri Teylr Karl Marksın “Özgələşmə” nəzəriyyəsinin mənasını və uyğunluğunu araşdırır) Əldə olundu bu link vasitəsilə: https://www.bbc.co.uk/sounds/play/b00tgf11
Qeydlər:
- Karl Marksın yazıdakı gənclik şəkli internetdən açıq mənbədən əldə olunmuşdur.
- İkinici şəkil Çarli Çaplinin də yer aldığı “Modern Times” (Müasir Dövr) adlı 1936-ci il drama filmindən götürülmüşdür.
- Karl Marksın ikinci şəkli isə Bakı Dövlət Universitetinin Sosial Fəlsəsfə Kafedrasının Sosial Problemlər Laboratoriyasındakı portretindən çəkilmişdir (Müəllif Ülvi Şiralıyev, 2018).