Ankarada nəşr olunan “Mücahit” jurnalında Ceyhun bəy Hacıbəylinin Cümhuriyyətlə bağlı çap olunmuş xatirələri (aprel 1960-cı il)

Gənc Milli Azərbaycan Cümhuriyyətinin nümayəndə heyəti olaraq Parisdə toplanmış Versal sülh konfransında yeni qurulmuş olan Azərbaycan dövlətini digər millətlərə tanıtmaq məqsədilə 8 yanvar 1919-cu ildə Parisə çata bilmişdik. Səfərimizin belə çox çəkməsini qısaca belə təsvir edə bilərəm:

O dövrdə Batum və ətrafındakı ərazilər müttəfiq qoşunlarının işğalı altında idi.  Buna baxmayaraq, Batuma gələndə ingilis rəsmi dairələri bizə ən rahat və eyni zamanda gözəl qəbulu  göstərdikdə heç bir qüsura yol vermədilər. Hətta Qara dənizi keçməyimiz üçün ingilislər özlərinin 9 min tonluq “İndarra” adlı Transatlantik gəmilərində bizə qarşılıqsız xüsusi yerlər ayırdılar.

İstanbula gəldik və rəisimiz Əli Mərdan bəylə orada görüşdük. Şərqin bu gözəl guşəsi də müttəfiq qoşunlarının işğalı altında idi. Məmləkətə giriş və çıxışlar işğalçı ordu komandanlığının nəzarəti altında olmasına baxmayaraq, burada da Azərbaycan nümayəndə heyəti ingilis və italyan dairələri tərəfindən yaxşı qəbul edildi. Bütün hazrırlıqlarımız tamamlansa da, İstanbuldan sonra yolumuza davam etmək üçün hərəkət etməyimiz mümkün deyildi. Çünki fransız torpaqlarına girmək üçün viza ala bilməmişdik. Burada xüsusilə qeyd etmək məcburiyyətindəyəm ki, Azərbaycan nümayəndə heyətinə viza verməmək üçün İstanbuldakı əlaqədar fransız dairələri bir xeyli tərəddüd etdilər. Onların bu tərəddüdlərinin səbəbi bizə məlum idi. Belə ki, gənc Azərbaycan Cümhuriyyətini gözü götürməyən mənfi ruhlu bəzi zümrə və qrupların fransız dövlət xadimləri üzərindəki təsiri bizi İstanbulda dörd ay gözləməyə məcbur etdi.

Nəhayət vizalarımız gəldi. Və 28 apreldə bir italyan kapitanın komandanlığında olan 4 tonluq kiçik bir bolqar gəmisi ilə hərəkətə başladıq. 4 günlük yoldan sonra gəmimiz Napoli limanında lövbər saldı. Ertəsi gün Romaya doğru yola düzəldik. Bu gözəl və tarixi şəhərdə də bir həftə qaldıqdan sonra 9 mayda Parisə çatdıq.  Parisə gələn kimi ilk iş olaraq müttəfiqlərin dövlət xadimləri ilə təmasa keçməyə çalışdıq. Ancaq təşəbbüsümüzə müvəffəq olmaq çox da asan olmadı. Çünki müttəfiqlərin dövlət xadimləri son dərəcə ağır işlərlə məşğul idilər. Və bizim məsələlərimizlə məşğul olmaq üçün sıra gəlməmişdi. Bu arada mətbuat nümayəndələri və bəzi lazımlı şəxslərlə də təmasda idik.

Tarix: 28 may 1919-cu il. Paris gözəl və günəşli bir gününü daha yaşayırdı. Hamımız şən və məsud idik. Çünki bu gün Azərbaycan xalqının öz müqəddəratına hakim olmasının və istiqlalını dünyaya elan etməsinin ildönümü idi. Vətənimizin bu tarixi günü qəlblərimizdə daima böyük bir ümid və şərəflə yaşayacaqdır. Taleyin təsadüfünə baxın ki, bu müqəddəs gündə qardaş Şimali Qafqazın nümayəndə heyətinin rəhbəri mərhum Əbdülməcid bəy Çermo bizə xəbər verdi ki, bu gün prezident Vilson Azərbaycan və Şimali Qafqaz nümayəndələrini qəbul edəcəkdir. Bu təsadüf bizə simvolik görünməklə yanaşı qəlbimizdə çox böyük ümidlər oyandırdı.

Günortadan sonra saat 3 radələri idi. Hər iki qardaş dövlətin nümayəndə heyəti üzvləri prezident Vilson ilə görüşmək üçün o vaxt “Place des Etats Unis” meydanında yerləşən Amerika səfirliyinə gəldi. Pilləkənin kənarına düzülmüş və bizi salamlayan fəxri heyətin önündən keçdikdən sonra tabeliyindəki bir çox şəxslə bərabər bizi gözləyən prezident Vilsona yaxınlaşaraq onu hörmətlə salamladıq.

Milli Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşı tərcüməçi vasitəsilə hər iki qardaş millətin Amerika ilə siyasi münasibətlər qurmaq arzusunda olduğunu izah etdi. Əlimərdan bəy Topçubaşı müfəssəl danışığında prezident Vilsonun 14 maddəlik proqramından bəhs edərkən, xüsusilə böyük və kiçik millətlərin öz müqəddəratlarını özləri tərəfindən təyin edilməsi məsələsi haqqında əsaslı şəkildə dayandı. Əlimərdan bəyin danışığı əsnasında prezidentin bir ara qolundakı saatına baxması nəzərimizdən qaçmadı.  

Dünyanın vəziyyəti haqqında cavab olaraq qısaca izahat verdikdən sonra belə dedi: “Biz millətlərin haqq və hüququnu tanımaq və öz müqəddəratlarının təyinini öz iqtidarlarına verməklə yanaşı, indiki siyasi vəziyyətə görə dünyanı birləşdirmək niyyəti və təşəbbüsündəyik”.

Prezident Vilsonun cavabından da göründüyü kimi, təəssüflər olsun ki, o vaxt Amerika Çarlıq İmperatorluğunun boyunduruğu altında əzilən qeyri-rus millətlərin istiqlal mübarizələrini layiqincə dərk etməmişdi. Eyni zamanda ümumi vəziyyəti də nəzərə alsaq, bəlli olur ki, qalib böyük dövlətlər o vaxt Rusiyanı parçalamaq niyyətində deyildilər. Çünki ağzı bıçaqlı bolşeviklərin ağ rus generalları tərəfindən bir andaca məğlub olacaqlarına digər müttəfiqlərin dövlət xadimləri kimi Amerika Cümhuriyyəti də inanmışdı. Bizim mübarizəmizin mahiyyətini isə o vaxt heç kim anlamırdı. Qalib dövlətlər bizləri Rusiyada cərəyan edən vətəndaş müharibəsinin zərər çəkmişləri və ya qurbanları kimi qəbul edirdilər.

Burada əlavə edim ki, prezident Vilsonla olan görüşümüz rəsmi yox birbaşa şəxsi təşəbbüslər nəticəsində baş tutmuşdur. Belə ki, Parisdə müttəfiqlərin rəsmi dairələrinin bizi tanımaq istəmədikləri bir vaxtda bu görüş Əbdülməcid bəy Çermonun tanıdığı məşhur neft krallarının vasitəsilə təşkil edilmişdir. O vaxt Bakı və Qroznı neft mədənləri bir çox kapitalistləri maraqlandırırdı. Bununla yanaşı, böyük Amerika dövlətinin rəhbəri ilə görüşməyimiz, təbii ki, uğur sayıla bilərdi.

Milli istiqlalımızın elan edildiyi gün baş nazirimiz Fətəli xan Xoylunun prezident Vilsona göndərdiyi teleqraf göründüyü kimi lazımi qədər aydınlaşdırılmamışdı. Kim bilir, bəlkə də, üzrlü sayılardılar. Belə ki, ağır məsuliyyət tələb edən mühüm məsələlərin həlli ilə məşğul idilər. Müttəfiqlərin bizim mübarizəmizlə maraqlanmaları, təəssüflər olsun ki, çox gec oldu. Denikin qoşunlarının məğlubiyyətindən sonra və Qızıl Ordunun sərhədlərimizə yaxınlaşdığı və eyni zamanda qardaş Şimali Qafqaz işğal edildiyi vaxt Mavera-i Qafqaz (Güney Qafqaz – tərc.) cümhuriyyətlərini bolşeviklərə müqavimət göstərəcəkləri ümidilə de-fakto tanımağa məcbur oldular. Daha sonra ancaq Gürcüstanı de-yure tanıdılar. Gürcüstanın hüquqi cəhətdən tanımalarına səbəb gürcülərin əhəmiyyətsiz dərəcədə olsa belə, bolşevik ordusuna qarşı göstərdikləri müqavimətin böyük siyasi simalara zəmanət kimi görünməsi idi.

Burada xüsusən bu nöqtəni nəzərə almaq lazımdır ki, Çar Rusiyası İmperatorluğunda cərəyan edən milli problemlər və ixtilaflardan Amerikan dövlət xadimləri tamamilə xəbərsiz idilər. Və bu səbəbə görə bəzi böyük səhvlər edilir və verdikləri qərarlar da səhv olurdu. Bu baxış 25 il sonra prezident Ruzveltin Stalinə verdiyi cavabında bir daha özünü sübut edir.

Yalta konfransında Stalin Ruzveltə BMT-də daha çox səsə malik olmaq üçün Sovet İttifaqını təşkil edən 16 cümhuriyyətin təşkilata üzv olmasını təklif etmişdi. Stalinin təklifinə cavab olaraq Rusvelt demişdi ki: “Yaxşı belədirsə, siz də bizim 48 ştatımızın BMT-yə üzv olmasını qəbul edin”. Müqayisənin nə qədər yerində verildiyi, yəqin ki, hər kəsə aydın oldu.

Bu, bir həqiqətdir ki, cəsur və fədakar xalqımızın təbiətinə zidd olan 27 aprel müsibəti 28 may səadətini beynəlxalq sahədə məhv etmişdi. Bizləri tamamilə unutmuşdular. Amerikan rəsmi dairələri və ictimai fikri isə Qafqaz millətlərinin və xüsusilə oradakı türk və müsəlman əhali: azərbaycanlılar və dağlıların ruslardan ayrı və onlara zidd bir ünsür təşkil etdiklərini bilməyə və onların milli müqəddərat haqları ilə maraqlanmağa yalnız 1951-ci ildən etibarən, yəni Visbaden, Starenberq və Münhen müzakirələrinin nəticəsində başlamışdılar.

Bu əlaqəni genişləndirmək və ya söndürmək isə bizim hərəkət xəttimizdən asılıdır.

Rəcəb Həsənbəyov

Bütün yazıları göstər