Ana səhifə / Fəlsəfə / Siyasi və ictimai kimlik zəifləməsi

Siyasi və ictimai kimlik zəifləməsi

Giriş

Çox vaxt kimlik sözünü istifadə etdiyimiz zaman əksər insanların ağlına öz adları, peşəsi və s.  gəlir və fərdi müstəvidən kənara çıxmır. Bəs həqiqətən kimlik nə deməkdir? Etimolojik olaraq kimlik qədim Latın dilində olan identitas (eynilik) sözü ilə əlaqədardır. Hal-hazırda bu söz ingilis dilində identity kimi işlədilir və çox vaxt dilimizə, eynilik, bənzərlik, identifilik, kimlik kimi tərcümə olunur.

Ancaq kimlik məsələsinə həm fəlsəfi, həm psixolojik, həm də sosial müstəvidən də yanaşmaq mümkündür. Fəlsəfi olaraq kimlik məsələsi insan varlığı ilə və onun fərqlilikləri ilə maraqlanır. Mən nəyəm, kiməm? Mən həyata nə zaman, necə başladım? Mən öldükdən sonra mənə və sağ qalanların başına nə gələcək? Bu suallar kimlik anlayışına fəlsəfi perspektivdən baxdığımız zaman ortaya çıxan suallardır. Psixolojik olaraq kimlik isə insanın ağıl və hissləri ilə özünü təsvirindən ibarətdir. Sosiolojik kimlik isə insanın ağıl və hissləri ilə özünü təsviri və əlavə olaraq da digər insanların onu necə təsvir etdiyi ilə əlaqədardır. Fərdlərin müxtəlif kimliklərə sahib olması (məs: cinsi, irqi, etnik, milli, dini və s.) və bu kimliklərin onların cəmiyyət həyatına təsir etməsi artıq sosial elmlər tərəfindən qəbul edilmiş bir aksiomaya çevrilib.

İnsanlar bəzən özlərini necə adlandırırsa və öz kimliklərini necə açıqlayırlarsa, cəmiyyət tərəfindən də elə qəbul edilirlər. Bəzən isə insanlar özlərini adlandırdıqları kimi insanlar tərəfindən qəbul edilmirlər və ya kimliklərinə görə onlara müxtəlif kültürəl, dini, statistik diskriminasiyalar edilir. Birinci halda insanlar ictimai kimlik güclənməsi, ikinci halda isə ictimai kimlik zəifləməsi yaşamış olurlar. Yəni, əslində insanlar ictimai kimlik güclənməsi yaşamadığı halda ictimai kimlik zəifləməsi yaşamış olur (Valentini, 2017: s.5). 

Bu yazı yuxarıda qeyd edilən iki termini analiz edib sonda o nəticəyə gələcək ki, sosial kimliklər sadəcə cəmiyyət həyatında formalaşmır, bu səbəbdən də sosial kimliklərin zəifləməsi də sadəcə cəmiyyət həyatı ilə bağlı deyil, həm də siyasi faktorlarla da əlaqəlidir (Sandel, 1996: s.72). Əslində bu sosial kimliklər hamısı həm də müəyyən dərəcədə siyasiləşmiş kimliklərdir və sosial kimliklə siyasi kimlik arasındakı münasibət qarşılıqlı olaraq bir-birinə təsir edə bilir. Çünki, siyasətin işi birbaşa cəmiyyətlədir və cəmiyyətdəki kimliklərdən doğan ictimai zəifləmə və güclənmədə siyasətin təsiri qaçınılmazdır (eləcə də, sosial kimliklərin zəifləməsi və güclənməsi də siyasi kimliklərin zəifləməsinə və ya güclənməsinə təsir edir). Xülasə, bu yazı müxtəlif kimliklərdən olan nümunələrlə iddia edəcək ki, ictimai kimlik zəifləməsinə ən çox məruz qalan fərdlər və qruplar həm də siyasi olaraq zəif olan kimliklərə sahib fərdlər və qruplardır. Ona görə də, ictimai kimlik zəifləməsini aradan qaldırmaq üçün siyasi bu zəifləməyə məruz qalan kimliklərdən olan insanlar öz ölkələrinin siyasi arenasında daha güclü vəziyyətə gəlməlidirlər.

“Qızıl insan” və Nobel mükafatı laureatı

Əsas arqumentimizə keçmədən öncə bu yazının ümumi məğzinə istisna olaraq görülə biləcək bəzi nümunələrdən danışmaq vacibdir. Yuxarıda da qeyd edildiyi kimi bu yazıda müxtəlif kimliklərinə görə, etnik, irqi, dini, milli, cinsi, məsələn, qaradərililər, müsəlmanlar və ya yəhudilər, qadınlar və s. kimi nümunələrdən bəhs ediləcək. Çünki bu kimliklər həqiqətən də bir çox cəmiyyətdə müxtəlif növ diskriminasiyalara məruz qala bilər və ictimai kimlik zəifləməsi yaşaya bilərlər. Bu növdən olan kimlik zəifləməsinin ən önəmli xüsusiyyəti onun ictimai, kollektiv xarakter daşımasıdır. Çünki bu kimliklərin zəifləməsi fərdin özündən asılı olmayan faktorlara dayanır və çox vaxt qrup kimliklərinə görə baş verir. Yəni, bir fərd sırf qara dərili olduğu üçün yox, ondan başqa qara dərililər də dünyada mövcud olduğu üçün cəmiyyətdə diskriminasiyaya uğrayır (Ibrahim and Alkire, 2007: s.383), (Dowding, 2008: s.23), (Mishra, 2013: s.1396). Yenə yuxarıda qeyd edildiyi kimi bu nümunələrdə olan kimliklər təkcə ictimai olaraq yox, siyasi olaraq da zəifdirlər.

Gəlin indi istisna təşkil edən nümunələrimizə diqqət yetirək. Beynimizdə bir çox cəmiyyət tərəfindən sevilmə ehtimalı yüksək olan bir “qızıl insan” obrazı yaradaq: “ağdərili, yaxşı fiziki görünüşü olan, rəngli gözlü, təhsil həyatında yaxşı nəticələr əldə etmiş və ümumən də sakit, mədəni davranışlara sahib olan bir insan”. Bu qızıl insan nümunəsindən başqa dünyaca məşhur bir Nobel mükafatı laureatını və ya bir akademiki də istisna kimi qəbul etmək olar. Bu nümunələr yuxarıda qeyd edilən kimliklərdən fərqlənirlər, çünki bunlar kollektiv yox, fərdi xarakter daşıyırlar. Ancaq bu kimliklər də yuxarıda qeyd edilən kimliklər kimi ictimai kimlik zəifləməsi və ya güclənməsi yaşaya bilirlər.

Məsələn, bu nümunədə olan insanlar çox zaman cəmiyyətin çoxluğu tərəfindən hətta yanlış mövqedə olsalar belə doğru hesab edilirlər. Valentini inanır ki, bu hal əslində həmin insanların da ictimai kimlik zəifləməsinə məruz qalması deməkdir, çünki bu halda həmin insan yanlış etdiyi halda doğru hesab edilir, yəni, özünü olduğu kimi cəmiyyətdə tanıda bilmir. Çünki o artıq varlığı etibarilə yaxşı hesab olunur. Ancaq yenə də bəzi hallarda bu həmin “qızıl insanın” ictimai kimliyinin güclənməsinə də gətirib çıxara bilər. Əgər həmin insan daima doğru hesab edildiyini anlasa, bundan öz fərdi kimliyi üçün istifadə edə bilər. Əlavə olaraq yüksək reputasiyalı akademik də belə bir halda ictimai kimlik zəifləməsi yaşayır. Çünki bir akademik kimi həmin insanın hər zaman akademik xəta etmək və akademik tənqidə məruz qalmaq kimi bir şansı olmalıdır. Ancaq həmin insan da nə yazdığından və dediyindən asılı olmayaraq cəmiyyət tərəfindən doğru hesab edilirsə, əslində o da qızıl insan nümunəsindəki kimi öz həqiqi varlığının əksini cəmiyyətdə tapmadığı mənasına gəlir (Valentini, 2017: p.18-20). Göründüyü kimi hər iki nümunədə insanlar ictimai kimlik zəifləməsi yaşaya bilərlər, ancaq bu iki kimlik zəifləməsinin yuxarıda qeyd edilən etnik, dini, milli, cinsi ictimai kimlik zəifləməsindən əsas fərqi ondan ibarətdir ki, bu insanlar hər hansısa bir siyasi kimlik zəfiləməsi yaşamırlar. Yəni, bir qızıl insan və ya akademik əslində yanlış olduğu halda cəmiyyət tərəfindən doğru qəbul edilsə, bu hal onların siyasi zəmində əlverişsiz (disadvantaged) vəziyyətə düşdüyü mənasına gəlmir.

Valentininin verdiyi bu nümunələrlə bağlı iki məsələni qeyd etmək lazımdır. İlkin olaraq, ümumiyyətlə “qızıl insan” və Nobel mükafatı laureratı və ya akademik nümunələri müqayisə olunmamalıdır. Çünki cəmiyyətdə məşhur olmuş bir “qızıl insanın” larureat və akademik kimi tənqid olunmaq istəyi və ya ehtiyacı yoxdur. Valentini qeyd edir ki, “qızıl insanın” ictimai kimlik zəifləməsi onun cəmiyyət içərisində əslində olduğu kimi tanınmamasından irəli gəlir. Ancaq bir akademikin ictimai kimlik zəifləməsi isə bundan tamam fərqli səbəblərə görə, tənqid olunma istəyinə görə, səhv etmə bacarığının üzə çıxma arzusuna görədir.

Birinci məsələ ikinci məsələnin də başlanğıcıdır. Yuxarıda qeyd edildi ki, saydığımız üç nümunə, “qızıl insan”, laurerat və akademik digər kimliklərdən siyasi xarakter daşımamaqlarına görə fərqlənirlər. Ancaq “qızıl insan” olduğunu dərk edən bir “qızıl insan” asanlıqla bu kimliyin cəmiyyətdəki gücündən istifadə edərək fərd olaraq siyasi zəmində də güclənə bilər. Bu gücləniş də özü ilə birlikdə digər kimliklərin zəifləməsinə gətirib çıxara bilər. Çünki “qızıl insan” çox nadir hallarda yanlış hesab edildiyi üçün, yanlış bir akt etsə belə davamlı əzilən bir kimlik qarşısında əlverişli vəziyyətə düşmüş olur. Məsələn, bir “qızıl insan” qaradərili müsəlman bir qadına təcavüz etsə və xalq və məhkəmə həmin qadına qarşı qərəzli mövqedən yanaşa bilər.

Siyasi əlverişsizlik və ictimai kimlik zəifləməsi

Deməli, biz görürük ki, kimliklərin güclənmə və zəiflənmə məsələsi daha çox sosial aspektdən analiz edilir. Ancaq əvvəl də qeyd etdiyimiz kimi bu məsələ siyasi aspektdən də analiz edilməlidir. BMT-nin İnkişaf Proqramının 1995-ci ilki İnsan inkişafı raportunda qeyd edilir ki, “Bütün insanlar, kişilər və qadınlar öz həyatlarının şəkillənməsində mühim rol oynayan qərarların təşkil olunmasında iştirak etməlidirlər” (UNDP, Human Development Report, 1995: s.12). Məsələn, fərdi inkişaf məsələləri (təhsil, incəsənət və s.), azad və bərabər məhkəmə hüququ, seçkidən öncəki şərtlər (söz azadlığı, azad toplaşma hüququ, media azadlığı və s.) və seçki zamanı şəffaflığın qorunması bütün insanların ayrı-ayrı kimliklərinin güclənməsi üçün təmin olunması gərəkən məsələlərdir. Bu cümləni daha detallı şəkildə incələsək və kimliklərin güclənməsinə tərif verməyə çalışsaq deyə bilərik ki, “kimliklərin güclənməsi sahib olduqları müxtəlif kimliklərə görə əlverişsiz vəziyyətə salınmış qrupların və fərdlərin önündəki bütün sosial, siyasi və hüquqi sərhədləri aradan qaldıraraq onların siyasi həyatda iştirak etmək qabiliyyətini, gücünü artırmaqdan keçir” (Ibrahim and Alkire, 2007: s.383-5). Çünki bu üç sərhəd çox vaxt bir-biri ilə qarşılıqlı əlaqədə olur və bir-birinə təsir edir. Nəticə etibarilə, bunu iddia etmək mümkündür ki, ictimai kimlik güclənməsi daha çox ədalətli sistem, azad seçki, hüququn aliliyinin qorunması, şəffaflıq və marginallaşdırılmış kimliklərin yüksək səviyyədə sosial və xüsusilə də, siyasi həyatda təmsil olunmasıyla sıx bağlıdır.

Əvvəlki yazımızda iqtisadi və sosial ədalət mövzusundan danışarkən sadəcə maddi məhsulların yox, həm də qeyri-maddi məhsulların da cəmiyyət içərisində ədalətli şəkildə paylanmasının əhəmiyyətindən danışmışdıq. Bilirik ki, hal-hazırda dünyada maddi məhsulların önəmi həddən artıq çoxdur, hətta dünyanın bir çox ölkəsində yaxşı təhsil almaq (qeyri-maddi məhsul) üçün belə müəyyən miqdarda maddiyata sahib olmalısan. Ona görə də bir çox cəmiyyətdə iqtisadi ədalətin üstündə daha çox müzakirələr aparılır. Ancaq Yunq qeyd edir ki, “sosial ədalət cəmiyyətdə sistematik olaraq baş verən dominantlıqlara və əsarətə son verməklə təmin oluna bilər” (Young, 1990: s.23, 26).  Bu səbəbdən əgər siyasi hakimiyyətlər fərqli kimliklərin güclənməsini istəyirsə, sadəcə maddi məhsullarla bağlı olan məsələlərə yox, həm də qeyri-maddi məhsullarla bağlı məsələlərə də diqqət ayırmalıdır (məs: müxtəlif növ diskriminasiyaların qarşısının alınması, təbii, hüquqi və siyasi azadlıqların təmin olunması, qorunması və s.). Çünki bəzi hallarda hətta bir insan kifayət qədər maddi məhsula sahib olsa, özünü inkişaf etdirib yaxşı təhsil alıb yaxşı işə yiyələnsə belə sahib olduğu kimliklərə görə həm iş yerində, həm küçədə, hətta ailədə belə diskriminasiyayla, ədalətsizliklə üzləşə bilər.

İndi isə bir neçə xüsusi nümunəni analiz edərək bu yazının əsas arqumentini daha da əsaslandırmağa çalışaq. Birinci nümunə Fransada müsəlman kimliyinə görə zəifləyən insanlarla bağlıdır. Əvvəla onu qeyd etmək lazımdır ki, demək olar ki, hər cəmiyyətdə “yad və ya başqalaşmış” bir qrup olur ki, hər zaman dominant qrup tərəfindən təcrid edilir (Davis, 2015: s.224-5). Fransadakı müsəlmanlar bu yad və ya başqalaşmış qrup kimi qəbul edilə bilər, çünki onlar dominant qrup tərəfindən Fransa vətəndaşlığına layiq hesab edilmirlər. Nəticə etibarilə onlar hər üç sərhəddən doğan, həm ictimai, həm siyasi, həm də hüquqi marginallaşdırma ilə üzləşirlər. Demək olar ki, Fransadakı bütün siyasi vəzifələrin, müvəffəqiyyətli və güclü işlərin (məsələn, media institut sahibliyi kimi) hamısında fransız elit qrup sayılan, eyni təhsil keçmişinə sahib (bax: grandes écoles) insanlar əyləşiblər və əksərən bu insanlar həm qaradərililərə qarşı, həm də müsəlmanlara qarşı qərəzli mövqeyə sahibdirlər. Fransız elitizminin bu mərkəzləşmiş sistemi və qüvvəsi müsəlman və qaradərililərin güclənib siyasi idarəetmədə birbaşa söz sahibi olmaqlarını və ya çox ciddi media gücünə sahib olmaqlarını demək olar ki mümkünsüz hala salır (Fredette, 2014: s.29-30). Fransız siyasətçilər öz ifadələrində çox tez-tez xüsusilə müsəlmanları inteqrasiya uğursuzluğu olaraq göstərirlər. Xüsusilə, müsəlmanların fransızlara xas olan sekulyar bir dəyər hesab edilən laikliyi (laïcité) qəbul edə bilməmələrindən şikayət edilir. Bu səbəbdən müsəlmanların bu dəyərə inteqrasiyası fərqli vaxtlarda fərqli kontekslərdə müzakirə səbəbi olur. Bu müzakirələrdən biri də müsəlmanların xüsusi geyimlərindən olan hicab və niqabla bağlıdır. Fransa Milli Assembliyası 2003-cü ildən bu yana davamlı olaraq fərqli vaxtlarda bu məsələni müzakirəyə çıxardır. Maraqlısı odur ki, 2003-də baş tutan hicab müzakirəsində “müsəlmanlar” sözü yüz dəfələrlə istifadə olunur. Ancaq ümumilikdə həmin müzakirəyə qədər Fransa Milli Assembliyasında “müsəlmanlar” ifadəsi cəmi 81 dəfə raportlarda istifadə edilib. Bu da onu sübut edir ki, Fransa Milli Assembliyasının da müsəlmanlara baxışı əsasən inteqrasiya problemi çərçivəsindəndir (Fredette, 2014: s.36). Hicab və niqab məsələsi Fransanın kimlik krizisinin ən pik nöqtələrindən biri hesab edilir. Fransadakı müsəlmanların əksəriyyəti bəzi yerlərdə hicab və niqaba qadağaları din azadlığının sərhədlənməsi kimi təhlil edir və cəmiyyətdəki özlərini bərabər hiss etmədiklərini gətirib çıxartdığını dilə gətirir. Təbii ki, bu qadağanı bir çox perspektivdən analiz etmək lazımdır, ancaq bu da bir faktdır ki, bu qanunlardan sonra müsəlmanlar özlərini cəmiyyətdə digər kimliklərə qarşı (xüsusilə, ağ fransız kimliyinə qarşı) əlverişsiz vəziyyətdə hiss edir (ola bilər ki, əvvəl də hiss edirdi, amma indi daha çox hiss edir). Statistikalar da onu göstərir ki, dövlət səviyyəsində çıxan bu qadağadan sonra cəmiyyət daxilində də müsəlmanlara qarşı olan diskriminasiyaların, qısnamaların, marginallaşdırmanın və s. səviyyəsi də artıb. Xülasə, Fransadakı müsəlmanlar siyasi idarəetmə və qərarvermədə gücləri olmadığı üçün fransız elitləri ilə müqayisədə çox əlverişsiz siyasi mövqeyə sahibdirlər. Əlavə olaraq hicab və niqab siyasi qadağaları ilə birlikdə onlar cəmiyyətdə də əlverişsiz vəziyyətə düşdülər və ictimai kimlik zəifləməsi yaşadılar.

Digər bir spesifik nümunə isə ABŞ-da yaşayan qaradərili insanlarla bağlıdır. Qaradərili insanlar cəmiyyət tərəfindən digər kimliklərə sahib insanlarla müqayisədə daha çox şiddətə və cinayətə meyilli insanlar kimi görülürlər. Təkcə cəmiyyət yox, həm də media da bu məsələdə qaradərililərə qarşı çox vaxt qərəzli mövqe qoyur. Qaradərili vətəndaşlar mediada, televizorda, filmlərdə, seriallarda daha çox cinayətkar kimi göstərilir, çox nadir hallarda biz bir qaradərilini mediada hakimiyyətdə olan, varlı və fəzilətli biri kimi görürük (Young, 1990: s.27). Cəmiyyət içərisində və mediada qaradərililərə qarşı olan bu stereotiplər və qərəzli mövqe polis və məhkəmə əməkdaşlarına da mənfi təsir göstərir və onların da bir çox nümayəndəsi qaradərililərə cinayətə və şiddətə meyilli insanlar kimi rəftar göstərirlər (Armour, 1994: s.788). Bollinger qeyd edir ki, əgər ki cəmiyyətdə bir qrupa qarşı qərəzli mövqe həddindən artıq çox yayılıbdırsa, bu yanlışı məhkəmə səviyyəsində də düzəltmək həddindən artıq çətin olur. Çünki çox vaxt bəzi spesifik hallarda hakimlər və jüri (hakimlər kollegiyası, normal vətəndaşlar daxilindən seçilmiş məhkəmə əməkdaşları. Onlar da iştirak etdikləri məhkəmədə fikir bildirirlər və qərar vermədə birbaşa iştirak edirlər) situasiyalara öz fərdi mövqelərindən yanaşa bilirlər. Onlar nə qədər də ədalətli mühakimə aparmağa çalışsalar da, unutmamaq lazımdır ki, xüsusilə jürilər xalqın içindən olan, cəmiyyətin bir parçası olan insanlardır və ictimai münasibətlərdə qaradərililərə qarşı yanlış mövqedə duran insanlar kimi onların da qərəzli mövqedə olmaq ehtimalları yüksəkdir. Məhkəmə prosseslərində bu kimi qərəzdən doğan haqsızlıqlar daha çox özünü müdafiə keyslərində baş verir və əsasən iki xarakter daşıyır: “öz irqinə iltimas göstərmək və ya başqa irqə qarşı düşmənçilik göstərmək”. Hər iki növ yanaşma faktların araşdırılması və qərarın verilməsi prossesində rasionallığı pozur və ədalətsizliyə səbəb olur (Armour, 1994: s.795). Bu nümunədən də biz bir daha o nəticəyə gələ bilərik ki, ictimai kimlik zəifləməsi həm də bu kimliklərin siyasi dəyərinə də təsir edir və insanları dövlət institutları qarşısında və hətta məhkəmə qarşısında da əlverişsiz situasiyada qoya bilir. Bu səbəbdən biz yenidən iddia edə bilərik ki, bu iki zəifləmə bir-birləri ilə qarşılıqlı əlaqə içərisindədir.

Biz cəmiyyət və media tərəfindən qaradərili kimliyinin necə qərəzli şəkildə formalaşdığından və bunun siyasətə necə təsir etdiyindən danışdıq. İndi isə diskriminasiyaya səbəb olan bəzi statistik məlumatlardan danışacağıq. Bu statistik məlumatlar bu xarakteri daşıyır: məsələn, “Kaliforniyada 2014-cü ilin birinci rübündə edilən cinayətlərin 56 faizini qaradərili vətəndaşlar edib”.  Valentini qeyd edir ki, bu xarakterdə olan statistik faktlar cəmiyyətdə olan diskriminasiyalardan fərqlidir, çünki o diskriminasiyalar irrasional olan qərəzlərlə əlaqəlidir, ancaq statistik faktlar hesablanmış, güvənilir mənbələr və məlumatlar əsasında formalaşıb. Valentini statistikadan doğan diskriminasiyaları da əxlaqi olaraq problemli hesab edir, ancaq inanır ki, bəzi hallarda bu statistik məlumatlardan istifadə etmək cəmiyyətin ümumi mənafeyi üçün lazım olan nəticələrə çata bilmək üçün mühim önəm kəsb edir. Məsələn, o inanır ki, terror aktı şübhəsi olduğu zaman bu statistikalar polisə yardımçı ola bilər. Daha da spesifikləşdirsək, Valentini inanır ki, qaradərili və müsəlman bir şəxsi heç bir əlavə izahat vermədən saxlayıb bir cinayət və ya terror hadisəsi ilə bağlı sorğu-sual etmək bəzi hallarda lazımlı ola bilər. Əgər həmin adam günahkar deyilsə, təbii ki bu sorğulanma onun üçün incidici olacaq, belə olduqda dövlət onlardan üzr istəməli və hətta lazım gələrsə, kompensasiya ödəməlidir (Valentini, 2017: s.21-3). Bəs həqiqətən Valentinin düşündüyü kimi bu üzr və kompensasiya onların özünü yaxşı hiss etməsi üçün kifayət edirmi? Statistik olaraq “günahkar” hesab edilən kimliklərə sahib olan insanlara qarşı baş tutan polis sorğuları və məhkəmə haqsızlıqları əslində cəmiyyətdə bu kimliklərdən olan insanlara qarşı olan qərəzli mövqeni, diskriminasiyanı leqitimləşdirmiş olur. Bu tezis yenidən sübut edir ki, əgər ki insanlar vətəndaş olaraq siyasi perspektivdən bərabər olmasalar, haqları eyni dərəcədə dövlət tərəfindən qorunmasa, bu, həm də ictimai kimlik zəifləməsinə də səbəb olacaq. Dövlətlər cinayət hadisələrinə fərdlərin irqi, etnik, dini, cinsi və s. kimlikləri üzərindən yox, fərdlərə ayrı-ayrı yanaşaraq nəzər yetirməlidir ki, siyasi bərabərliyi, dolayısıyla ictimai bərabərliyi pozmasın (Colyvan, et.al, 2001: s.172), (Rasmussen, 2007: s.393-4). 

Əlavə olaraq bəzən qadınlar da məhkəmələrdə ədalətsiz hökmlərlə üzləşə bilirlər. Bu kimi hökmlər əsasən təcavüz və cinsi istismar hallarında özünü daha çox biruzə verir. Bəzi hallarda hakimlər və jürilər qadının kişiyə “yox” cavabı verməsini kifayət qədər qəti bir cavab kimi qəbul etmirlər. “Əgər qadınsansa, sadəcə yox cavabı vermək kifayət etmir, gərək həqiqətən yox cavabı verdiyini tamamilə göstərəsən” (Hornsby, 1995: s. 136-7). Ancaq təbii ki, bu ziddiyətlidir, bir qadın yox cavabı verməkdən daha artıq nə etməlidir ki, niyyətini açıq şəkildə göstərmiş olsun? Bu hal qadınların da ictimai kimlik zəifləməsinə məruz qaldıqlarına dair bir nümunədir. İndi bu nümunəni bir az daha incələyəcək. Məsələn, demək olar ki, bütün cəmiyyətlərdə “fahişə”  damğası çox asanlıqla bir qadına qoyula bilər və eləcə də bu söz fərqli bölgələrdə çox fərqli səbəblərdən istifadə edilə bilər. Bu kimi hallar da qadınların cəmiyyətdə bir ictimai rol qazanmaqları prossesində onların gücünü və şansını azaldır (Valentini, 2017: s.11). Cəmiyyət tərəfindən qadınlara qarşı sərgilənən bu mövqe də məhkəmə prosseslərinə mənfi təsir göstərə bilir. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi bir kimliyin güclənməsi də başqa bir kimliyin zəifləməsinə, əzilməsinə, ədalətsizliyə uğramasına səbəb ola bilir (məs: “qızıl insan” qaradərili müsəlman bir qadına qarşı məhkəmə prossesində olsa).

Nəticə

Bu xüsusi nümunələrdən də göründüyü kimi bir dominant qrup həm cəmiyyət həyatını, həm də siyasi və iqtisadi həyatı idarə etdiyi zaman bu qrup ayrı-ayrı fərdlərə və qruplara qarşı təcrid etmə siyasəti həyata keçirə bilir və bu da nəticədə ictimai kimlik formalaşmasına da təsir edir. Belə olduğu halda da marginallaşdırılmış və basqıya məruz qalan qruplar və kimliklər həm ictimai həyatda müxtəlif növ diskriminasiyalara məruz qalırlar həm də siyasi qərarvermə prossesindən də uzaqlaşdırılmış olurlar. Dominant qrup isə bu fərqli kimliklərdən olan insanları öz gücünə təhdid olaraq gördüyü üçün də heç vaxt bu basqı istəyindən uzaqlaşmır (Davis, 2015: s.224-5). Bu səbəbdən onu iddia etmək olar ki, kimliklərin zəifləməsi sosio-siyasi fenomendir və eyni zamanda həm ictimai kimlik zəifləməsinə həm də siyasi əlverişsizliyə səbəb olur. Bu situasiyadan qurtulmaq üçün ilkin növbədə bu zəif qrup və insanların siyasi gücünü təmin etmək lazımdır. Çünki “siyasi güc iqtisadi və sosial gücə təsir edir (eləcə də onlar da siyasi gücə təsir edir), bir sahədə əldə edilən güc digər sahələrdə də güclənməyə səbəb ola bilir” (McCleskey, 1989). Əgər ki bu qruplar siyasi güc əldə etsələr, siyasi qərarvermə və idarəetmədə iştirak etsələr onda bu, onların cəmiyyətdəki kimliklərinə də təsir edəcək. Yəni, siyasi güc əldə etmək ictimai “normallaşma”-ya aparacaq.

Bibliography

Alkire, S and Ibrahim, S. (2007). Agency and Empowerment: A Proposal for Internationally Comparable Indicators. Oxford Development Studies. 35 (4), pp. 379-403.

Armour, J.D. (1994). “Race Ipsa Loquitur: Of Reasonable Racists, Intelligent

Bayesians, and Involuntary Negrophobes.” Stanford Law Review 46 (4): pp. 781–816.

Bolinger, J Renee. (forthcoming). “Reasonable Mistakes and Regulative Norms: Racial Bias in Defensive Harm.” Journal of Political Philosophy.

Colyvan, M, Regan H.M., and Ferson, S. (2001). “Is It a Crime to Belong to a Reference Class.” Journal of Political Philosophy 9 (2): pp. 168–81.

Davis, T.J. (2015). The “Politics of Inclusion” Revisited: The Implications for Politics in Black and White in America. The Western Journal of Black Studies. 39 (3), pp. 223-237.

Dowding, K. (2008). “Agency and Structure: Interpreting Power Relationships.” Journal of Power 1 (1): pp. 21–36.

Fredette, J (2014). Constructing Muslims in France: Discourse, Public Identity and the politics of citizenship. New York: Temple University Press.

Hornsby, J. (1995). “Disempowered Speech.” Philosophical Topics 23 (2): pp. 127– 147.

McCleskey, C. (1989) Political Power and American Democracy. California: Brooks/Cole Publishing Co. chapter 12.

Mishra, A. (2013). Multidimensional Measures of Female Disempowerment. Springer Science+Business . 119 (1), pp. 1393–1410.

Rasmussen, K.L., (2007). “Nothing Personal: On Statistical Discrimination.” Journal of Political Philosophy 15 (4): 385–403.

Sandel, M. (1996). The Politics of Public Identity. The Hedherog Review. 1 (1), pp. 72-

88.

United Nations (1995). Human Development Report 1995. New York: Oxford University Press.

Valentini, L. (forthcoming) (2017). On public-identity disempowerment. pp. 1-26.

Weigert, A.J. (1987). The Social Production of Identity: Metatheoretical Foundations. The Sociological Quarterly. 27 (2), pp. 165-183.

Wolff, J and de-Shalit, A (2007). Disadvantage. Oxford: Oxford University Press.

Haqqında Tural Hüseyn

Tural Hüseyn

Həmçinin bax

Səfəvilər dövründə Azərbaycan dili

Öncə qeyd etmək lazımdır ki, XVI-XVII əsrin əvvəllərinə aid  tarixi mənbələrdə və həmçinin müasir dövr ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *